Türküstan Piri -
Türküstan mifi Əhməd Yəsəvi
Fuad
Köprülü barədə ötən həftə
"Ədəbiyyat qəzeti"ndə dərc olunmuş
yazımda belə bir fikir var idi: "Türküstan piri
Əhməd Yəsəvini unutqanlıq tozanağından xilas
edib türk düşüncəsinin təməl
qaynaqlarından biri kimi ilk dəfə tədqiqata o cəlb
etdi. Əhməd
Yəsəvinin türk mədəniyyətinə irfan və
Turan müstəvisindən cəlb olunması
Köprülünün simasında bütün türklərin
milli və elmi zəfəri oldu".
Bu dəfə fikirlərimi Yəsəvi mövzusunda
davam etdirmək istəyirəm. Bəllidir ki, Əhməd
Yəsəviyə qədər türk dünyasının və
türk ədəbiyyatının sistemli bir irfanı və təsəvvüfü
olmayıb.
Annemarie
Schimmelin "İslamın mistik boyutları" əsərində
yazdığı kimi "təsəvvüfi türk ədəbiyyatının
ilk böyük təmsilçisi Əhməd Yəsəvidir".
Yəsəvi
Hacı Bəktaş Vəlinin, Bayrami Vəlinin, Yunus Əmrənin,
Mövlana Cəlaləddin Ruminin... Anadoluya,
oradan da İstanbula uzanan yollarını açıb.
Bir insan böyük bir coğrafiyanın pirinə, qədim
bir millətin mürşidinə necə çevrilib? Yəsəvi kim
idi ki, Əmir Teymur onun məzarını ziyarət edir,
ustündə bu günəcən əzəmətini qoruyan
"ali bir imarət yapılmasını əmr edir"di?
O, min ilə
yaxındır ki, belə davam edib, min il
boyunca türklərin və Turan düşüncəsinin
istinad nöqtəsi olub.
Əhməd Yəsəvi müridlərinin, dərvişlərinin
səmtini Türküstandan Anadoluya və Qafqazlara yönəldirdi. Niyazi Yıldırım Gəncosmanoğlu
demişkən: "Dilədi Ulu Yaradan/ Dağlar çəkildi
aradan.../ Və yürüdü Mavəradan / Neçə
Əhməd Yəsəvi". Bu mənada, onun
nəfəslərinin məcmusu olan "Divani-Hikmət"
siyasi məntiqi və gücüylə Anadolunu özlərinə
vətən qılanları özünün məfkurəvi
varisinə çevirməyi bacarmışdı.
Yəsəviyyə təriqətinin qoynunda türk mənəviyyatının
qaynaqları fəvvarələnirdi. Səlcuqluların da,
Osmanlının da məhvərində, mayasında Yəsəvi
görüşləri dayanır. Səlcuqlular tarixinin
böyük araşdırıcısı Osman Turanın
yazdığı kimi, "Səlcuqlu dövrü də, XII əsrdə
artıq türkcə məhsullarını verməyə
başlayır.... Hoca Əhməd
Yəsəvinin "Divani-hikmət" adını alan şeirləri
təsəvvüfü türklər arasında geniş bir
şəkildə yayır". Deməli,
Əhməd Yəsəvi təkcə təkyə ədəbiyyatını
yaratmış ilk türk mütəsəvvüfü deyil, o
həm də türkcənin təəssübünü
çəkən böyük bir türk şairidir. Sufiyanə nəfəslərini, ilahilərini
türkcə söyləyib, irfan işıqlarını
Türküstanda, türk dünyasında türk dilində
alışdırıb. XI-XII yüzilliklərdə
bundan da böyük türkçülük dalğası təsəvvürə
gətirmək mümkün deyil. Məhz Yəsəvi
mövzusu ətrafında müzakirələrdən hasil olan
qənaətlərdən biri də budur ki, ərəblər
vasitəsilə geniş bir areala yayılmaqda olan mədəniyyət
ərəb mədəniyyəti deyil, islam
mədəniyyətidir. İslam üslubunu
türkcələşdirən, köçəbə və
oturaq türklərin ruh və təfəkkür aləmini
Quranın və Hz. Məhəmmədin ilahi
işıqlarıyla donatan da Əhməd Yəsəvidir.
Yəsəviyyə
təriqəti gəlib keçmiş islam
təriqətləri arasında daha çox türk təriqəti
adı ilə tanınır. Köprülü bildirir ki, Yəsəvi
qüvvətli şəxsiyyəti ilə türklər
arasında əsrlərcə yaşayan böyük bir təriqət
qurdu ki, bu, bir türk tərəfindən və türklər
arasında qurulmuş olan ilk təriqətdir... Əsrlər
boyunca təşəkkül etmiş olan çeşidli təriqətlər
arasında türk xüsusiyyətinə ən çox malik təriqət
Yəsəvilikdir". Beləliklə, Yəsəvilik
türk təsəvvüfünün ilk şəklidir.
Anadolunun türklərə vətən olmasında Yəsəvinin
irfani təlqinləri başlıca səbəbdir. Fuad
Köprülüyə görə nəqşbəndilik ilə
bəktaşilik kimi bir-birinə zidd təriqətlərin, hələ
üstəlik, Bayramiliyin, Heydəriliyin də mayası Yəsəvilikdən
qaynaqlanır. Türk dünyasında
bütün təsəvvüf təriqətlərinin
yaranmasında Yəsəvi kultu həlledici amil olub. Annemarie Schimmelin bildirdiyi kimi, Nəqşbəndilik Yəsəviyyə
ilə eyni kökdəndir. Təriqətin
əsas prinsipləri Xoca Əhməd Yəsəvi müridlərindən
Hakim Atanın vasitəsi ilə Bahəddin Nəqşbəndiyə
keçib. Yaxud, yayğın bir inanca
görə, Hacı Bəktaşi Vəli Əhməd Yəsəvinin
müridlərindəndir. Aralarında zaman
fərqi olsa da, ümumi qənaət belədir. Hər halda, onu Anadoluya göndərən Yəsəvinin
xəlifələri olub. Bu isə, "Bilinməyən
Osmanlı" kitabında yazılıb: "Xorasanda Xoca
Əhməd Yəsəvinin xəlifəsi olduğu söylənən
Şeyx Loğmandan zahiri və batini elmləri təhsil edən
və xəlifəlik məqamına qədər gələn
Hacı Bəktaşi Vəli Osmanlı dövlətinin
nüvəsinin atıldığı günlərdə
Anadoluya gəlmiş"dir.
Nəqşbəndilikdən söz düşmüşkən,
"Herman Vamberi. Yəhudi əsilli macar professoru, "Nəqşbəndi
şeyxi", yaxud panturanizmin qurucusu" adlı məqaləmdə Vamberinin Türküstana Nəqşbəndi
şeyxi kimi daxil olduğunu yazmışdım. Əhməd Yəsəvinin Avropada tanınması da
Vamberinin adı ilə bağlıdır. Yəsəvi
divanını Avropaya aparan "saxta dərviş"
adlandırdıqları həmin bu Vamberi olmuşdu. Amma Fuad Köprülü başqadır. Az qala, 900 ildən sonra Əhməd Yəsəvinin
həm mənqəbəvi, əfsanəvi, həm də tarixi
həyatına istinadən onun bioqrafiyasını bərpa
edib. Yəsəvi haqqında kim nə
yazırsa, Köprülünün "Türk ədəbiyyatında
ilk mütəsəvvüflər" kitabında
yazdıqlarını təkrar etmiş olur. Köprülü
onun təkcə ədəbi şəxsiyyətini deyil, Yəsəviyyə
təriqətinin bütün aspektərini təhlil edib.
Yəsəvinin ədəbi çəkisi nədirsə,
təsəvvüfi miqyası da odur. Məsələn,
o, ilk türk təriqətini qurub, türkcə irfani şeirlər
yazıb, özü də heca vəznində yazıb, eyni
zamanda, bütün Şərq aləmində təsəvvüf
zikrləri arasında ən çox maraq dairəsinə
qatılan zikri-ərrə
(zikri-hərrə), yaxud zikri-minşari (zikri-mişar) deyilən
zikrin də yaradıcısı odur. Zikri-ərrədə
zikr zamanı sözlər dayanır, yaxud sözlər hərrə,
yaxid mişar səsi çıxaran xüsusi səsə
çevrilib davam edir və s. Bu, 1929-cu ildə də davam
edirmiş. Qordlevski 1929-cu ildə Yəsəvi dərgahında
gördüklərini belə təsvir edir: "Cümə namazından və
zikrxanədəki təkbirlərdən sonra mehrabın
yanına zakirlər toplaşır və iki-üç saat
boyunca "hərrə zikr" icra olunur. Şövqlə və bəlli məqamla
oxunan dua və
hikmətlərlə nəfəslərini
çıxardıqca zakirlər tamamən özlərindən
gedir və titrəməyə
başlayırlar. Sanki hərrə ağacı kəsmək
üçün irəli-geri hərəkət edərkən çıxan səslər
gəlir. Yəsəvi hikmətlərindən təsirlənən
zakirlər ağlayır və başlarını
yanındakının sinəsnə qoyub bir-birlərini
qucaqlayırlar. Zikr Fatihə surəsini
oxumaqla tamamlanır." Qaynaqlar 1929-cu ildə
də davam edən bu zikr növünün Yəsəvi ilə
Hz. Zəkəriyyənin ruhsal irtibatları zamanında
yarandığını qeyd edir.
Yəsəviyyə təriqəti qadınlara da
açıq idi. Zikr edən zümrədə qadınlar
da vardı. "Darülmöminin" kitabımda (2012)
bu barədə geniş yazmışdım: "Tarixdə Yəsəvi
təriqətinə mənsub olan qadınlar zümrəsi bəllidir.
Qadın dərvişlər. Onlara "təriqətə girən qadınlar"
mənasında bacı deyirdilər. Yəsəvinin
təkkələrindəki zikrlərdə qadınlar da
iştirak edirdi".
Azərbaycan kökənli, Yəsəvi dərvişi
Əxi Evrənin bacısı Fatimənin qurduğu təsisat
- Cəm və savaş meydanına kişilərlə bir yerdə
girən Baciyani-Rumlar, zənən dərvişlər
olmuşdu.
Bacı-zənənlər, "Baciyani-Rumlar" barədə
Nihat Sami Banarlı "Rəsmli türk ədəbiyyatı
tarixi" kitabında bildirir ki, "Yəsəvidən bəri,
türk təriqət və təkkələrində
qadınların da bulunduğu bilinməkdədir. Bu təkkələrdə
qadınların zikrə qarışdıqları söylənməkdədir...
Bacı sözüylə təriqətlər, təkkələrdəki
qadınlara bacı gözüylə baxdıqlarını ifadə
etmişlər.
Yəsəvini araşdırmaq Fuad Köprülüyə
Yəhya Kamal Bayatlının tövsiyəsidir. "Yahya Kemalın
hatıraları" kitabında onun belə xatirəsi
var: "Fuad Köprülü
bütün dil və ədəbiyyatların müqayisəsi
mövzulu bir əsər yazmaq müddəasında idi. Mən
ona demişdim ki: - Bu böyük mövzuya girməyin. Bizim daha mühüm mövzularımız vardır.
Məsələn, bu Əhməd Yəsəvi nədir,
kimdir? Bir araşdırınız. Baxınız, bizim millətimizi əsl orda
tapacaqsınız".
Doğrudan
da, kim idi bu adam? Bir adam
niyə bu qədər vüsətlidir? Onun toxuduğu
mənəvi tor bütün türk dünyasını
bir-birinə bağlayıb. Türk
dünyasının hansı səmtinə baxırsan bax, orda
Əhməd Yəsəvi görünür.
Hətta Qordlevski Yəsəvi kultunun izlərinə
1923-cü ildə Krımda - Qaspıralının şəhərində
- Baxçasarayın Aziziyə səmtində zikr halında
olan dərvişlərin simasında rast gəldiyini deyirdi.
Söz Krımdan düşmüşkən,
krımlı İsmayıl bəy Qaspıralı da Yəsəvi
heyranlarından idi.
1911-ci
ilin martında Rusiya Dövlət Dumasının
Türküstan məktəblərində dərslərin
yalnız rusca keçiriləcəyinə dair qəbul etdiyi qərara
qarşı İsmayıl bəy Qaspıralı "Əhməd
Yəsəviləri vücuda gətirmiş Türküstan
necə dilsiz, ədəbiyyatsız hesab olunur?" - deyə bu qərara səs verən deputatlara
etirazını bildirmişdi.
1937-ci ildə
güllələnən özbək şairi Abdurauf
Fitrətin burjua millətçi görüşləri
1934-cü ildə Moskvada keçirilən SSRİ
Yazıçılarının I qurultayında xüsusi
müzakirə mövzusuna çevriləndə Fitrətin
tarixilik pərdəsi altında Əhməd Yəsəvi
dünyasına yönəlməsi sovet
yazıçıları tərəfindən kəskin tənqid
olunurdu.
Fitrət isə 1928-ci ildə dərc olunmuş
"Özbək ədəbiyyatı nümunələri"
əsərində "Yazdığı ruhoxşayıcı
hikmətlərin cazibədarlığı səbəbilə
Yəsəvi Orta Asiya köçəbələri arasında
yeni bir məktəb qurmağa müvəffəq
olmuşdur" - demişdi.
Əhməd Yəsəvinin böyük sufiliyi onun
böyük siyasiliyinin bir qolu, bir istiqaməti olub. Kim idi bu adam?
Sirri nədir? Yazdıqları
XI yüzildən başlayaraq dillərdə, ağızlarda,
yaddaşlarda dolaşıb. Yazıya
köçürülüncə haldan-hala düşüb, əsli
hansıdır, bilinməz hala gəlib. Türkcənin
hansı qolunda yazıb, bu barədə fərqli hipotezlər
irəli sürülüb. Vamberi bunu Hokant, Baskakov
karluk-xarəzm ədəbi şivəsinə, Fyodr Korş
Cağatay ədəbi dilinə, Menzel "Qutadqu Bilik" və
Orhun yazıları çevrəsinə, Fuad
Köprülü isə Yəsəvinin Argu boyundan olduğunu
irəli sürərək, "Divani-Hikmət" dilini
"Qutadqu Bilik" dairəsinə aid edir. Ehtimallar
çoxdur və bu barədə Əhməd Cəfəroğlu
"Türk dili tarixi" əsərinin "Əhməd Yəsəvi
və hikmətləri" qismində geniş məlumat verir.
Amma bütün bu hipotezlərə rəğmən, Yəsəvi
ümumi türk dilinin böyük xadimidir. Yəsəvi
şeirlərində "türk dili yapısı içərisində,
böyük bir külfət təşkil edən
yabançı ünsürlərin və kəlimə
bolluğunun əriməsi və türk qrameri qəliblərinə
tökülməsi ən mühüm nöqtələrdən
biridir". (Ə.Cəfəroğlu)
Yəsəvinin həyatı mifə çevrilib. İndi o,
yalnız Türküstan piri deyil, həm də bir
Türküstan mifidir. Həyatı mənqəbələrdən
öyrənilir...
Əsrlər boyu mifləşdirilsə də, sükuta
qərq olmuş türbəsi də milli kimlik simvoluna
çevrilib.
Osman Turan bildirir ki, "Hoca Əhməd Yəsəvinin
türbəsi tam milli bir məna qazanmışdır".
Çünki bu türbədə
"bütün türklərin vəlisi, türk təsəvvüfü
və ədəbiyyatının başı" olan Əhməd
Yəsəvi uyuyur. Yəsəvinin məzarı barədə
Köprülü haqqındakı yazımda xatırlatdığım bir
fikri burda yenidən təkrar edirəm: "Timur zamanında -
hətta daha əvvəl və daha sonra bu müqəddəs məzar
civarında gömülmək özbək-qazaxlar
üçün bir idealdır. Bilhassə böyük və
orta ordalara mənsub özbək-qazax zənginləri, hələ
sağlıqlarında, türbə yaxınlığında
bir parça torpaq alır; qışda ölsələr belə,
cəsədləri bir keçəyə salınaraq bir
ağaca asılır və ilk baharda Yəsiyə
aparılaraq Əhməd Yəsəvinin məzarı
civarına dəfn olunurlar"
Rus alimi Qordlevski 1929-cu ildə Türküstana səfər
edib "Xoca Əhməd Yəsəvi" adlı məqalə
yazır. Fuad Köprülüzadənin əsərindəki
boşluqları doldurmaq niyyətində olduğunu bildirir.
Yəsəvi kultunu heç bir elmi arqumentə və
fakta söykənmədən, İslamdan əvvəlki bir
İran kultunun davamı kimi təqdim edir və "Xoca
Əhməd kultu özündə İslam öncəsi
İran inanclarını yaşadır" deyirdi.
Köprülü isə dərhal Qordlevskinin fikrini təkzib
etdi: "Rus alimi Qordlevski buradakı Yəsəvi kultunda şəhərin
türkləşməsindən əvvəlki irani bir kultun
davamını görmək istəyirsə də, bu iddia
heç bir dəlilə söykənməməkdədir".
Əhməd
Yəsəvi Türküstanda Hz. Məhəmmədin zəfər
bayrağını dalğalandıran türk mənşəli
ilk mənəvi islam xəlifəsi kimi
davrandı. Türküstandakı ümməti
türkcə söylədiyi nəfəslərlə, şeirlərlə
yetişdirdi. Türk dilində
yazdığı şeirləriylə Quranı şərh
etdi.
Milləti öz irfanına yönəltdi. Türk dili üzərində
gəlmə ünsürləri zərərsizləşdirdi, fars və ərəb təsirinin
qarşısını əhəmiyyətli dərəcədə
aldı və azaltdı.
Əhməd Yəsəvi Qaraxanlı dövlətinin ərazisində
yerləşən Sayram (Yəsi, Türküstan) şəhərində
dünyaya gəlib. Bu dövlət tarixdə islam dinini
qəbul etmiş ilk türk dövlətdir. Bu mənada,
Əhməd Yəsəvinin tarixdəki yeri
qaraxanlıların ilk müsəlman hökmdarı Satuq
Buğra xan qədər müstəsnadır.
Xalq
yazıçısı Anar yazır ki, "Bu gün
kiçik istisnalarla türklər müsəlmandırlarsa,
bunun əsas səbəbi İslamın türk
xalqlarının İslamdan öncəki gələnəksəl,
ənənəvi inanclarına - Tək Tanrı zehniyyətinə
uyğun olmasıdır. Və bu inancları bir-birinə
bağlayan, üzvi şəkildə birləşdirən
böyük fikir adamlarının sırasında ilk öncə Əhməd
Yəsəvinin adını çəkmək
lazımdır". Anar, "Min beş yüz ilin Oğuz
şeiri" antologiyasında Orhon-Yenisey
yazılarını,
"Kitabi-Dədəm Qorqud"u, Mahmud Kaşğarinin
"Divani Luğat it türk", Balasaqunlu Yusifin
"Qutadğu bilig" və Yəsəvinin "Divani-hikmət"ini
ümumtürk ədəbiyyatının ortaq təməl
kitabları kimi dəyərləndirir
və fərqləndirir...
Mavəraünnəhr,
Xarəzm, Xorasan, Azərbaycan, Anadolu, ta ki, qıpçaqlara,
noğaylara, Krıma, Kazana, bulqarlara qədər insanların
daxili, mənəvi halını dəyişən,
böyük bir ulus üçün torpağı Vətən
qılan, özü demişkən, "Allah, Allah yer astıda vətən
qıldı" deyən Əhməd Yəsəvidir.
Bu məqamda Yəsəvi çevrəsində olan
başqa bir abidəni də xatırlatmaq yerinə
düşür. Bu gün Xarəzmdən Azərbaycana, Kazana qədər,
tatarların, çuvaşların, başqırdların,
özbəklərin, azərbaycanlıların, bir sözlə,
türk olan hər kəsin sahiblənmək istədiyi Qul
Əli Tatarıstanın da böyük şairi hesab olunur,
eyni zamanda onun xarəzmli bir Oğuz türkü olduğu qənaətinə
gələnlər də var. 1233-cü ildə
yazdığı "Qisseyi-Yusif" əsəri 1839-cu ildə
Kazanda tatar şairinin, 1995-ci ildə Bakıda Azərbaycan
şairinin əsəri kimi nəşr olunur. Kazanda
da, Ulyanovskda da (Simbirsk) əzəmətli heykəlləri var.
Bütün hallarda isə əksər qaynaqlar
"Qisseyi-Yusif"in struktur baxımından "Divani-Hikmət"
tərzində yazıldığını, Qul Əlinin isə
türk ədəbiyyatında Yəsəvi təsirinin
davamı olduğunu birmənalı şəkildə etiraf
edir.
Yəni Əhməd Yəsəvi ümumtürk
düşüncəsinə bu miqyasda sirayət edib.
Bəzən Həzrəti Türküstan
adlandırılan Əhməd Yəsəvi
yaşadığı və əbədi uyuduğu şəhəri
qutsal qıldı. Yəsi, ümumiyyətlə,
ümumtürk zehniyyəti üçün hər zaman qutsal
olub. Mənqəbələrdə Yəsəvinin
şəhəri həm də Oğuz xanın şəhəridir.
"Yəsi
bugünkü adı ilə Türküstan şəhəri
Oğuz xanın hökumət mərkəzi olması
dolayısıyla, türk mənqəbələrinə
qarışmış məşhur bir yerdir"
(F.Köprülü). Və o da maraqlıdır
ki, Oğuz xanın şəcərəsini yazan
"Oğuznamə"lərdən birinin müəllifi
XV-XVI əsrlərdə yaşamış Yəsəvi
şeyxlərindən, türkmən övliyalarından Dana
Ata İhsan Şeyx olub.
Osman
Turanın qənaətinə görə, Yəsinin sonralar
Türküstan adlanması da Əhməd Yəsəviyə ehtiramın ifadəsiydi və
bu, "Yəsəvinin türklər arasında nə dərəcə
milli və dini bir qüdsiyyətlə
yaşadığını göstərir" (Osman Turan).
Bir dəfə
Yəsəvini ziyarət etmək üçün Çimkənd
- Qızıl Orda yolu ilə Yəsiyə -
Türküstana getmişdim. At
ilxılarının otladığı düzlərə qar
yağırdı. Maşında yanaşı əyləşdiyim
tarixçi Şöhrət Barlasa "Yəsəvi, sanki
Türküstanın peyğəmbəridir" - dedim. Tarixçi Barlas inanclı bir adamdır.
"Əstəğfürullah deyin!" - söylədi.
Mən də "əstəğfürullah" dedim. Amma
yolboyu min ildir ki, yuxarıda xatırlatdığım türk
məmləkətlərində və türk ellərində
yaşayan türklər üçün "könül Kəbəsi"
düşüncəsini yaradan Əhməd Yəsəvi
peyğəmbər olmasa da, Türküstanın Piridir və
tarixdə də elə bu adla tanınır. Hətta
"Mantikut-tayr" (Quş dili) əsərində Fəridəddin
Əttar da quşların diliylə onu bu adla xatırlayır:
"Türküstan Piri öz halından xəbər verdi..."
("Divani-hikmət"də Yəsəvi bildirir ki, on doqquz
yaşında o, təsəvvüfün yetmiş sirrini və
Quş dilini öyrənib).
Əhməd Yəsəvi ortaq türk mədəniyyətinin
- bütün Turanın övliyasıdır.
Hətta Əmir Teymur da Yəsəvi təriqətindəndir. Yəsəviyyə
təriqətində olan Xoca Bəyazidin müridlərindən
biridir. Elə bu səbəbdən də,
yuxarıda xatırlatdığım fikri yenidən təkrarlamaq
istəyirəm. Fuad Köprülü "Türk ədəbiyyatında
ilk mütəsəvviflər" kitabında "Zəfərnamə"yə
istinadən yazır ki, "Teymurləng, H. 700 (1396) tarixində
Dilguşə bağını yapdırdıqdan sonra Daşkənd
tərəfinə doğru getdi. Seyhun nəhrini
keçib o civardakı qəsəbələrdə ordunun
qışlamasını əmr etdi və kəndisi də
Türküstanda və Qırğız bozkırlarında
böyük şöhrəti olan Əhməd Yəsəvi məzarını
ziyarət üçün Yəsiyə gəldi. "Zəfərnamə"
müəllifi Şərafəddin Yəzdinin rəvayətinə
görə, "Məhəmməd Hanəfi evladından bu
din ulusuna hörmətən məzarı üzərində ali bir imarət yapılmasını əmr və
fərman etdi. Hüseyn Şirazi adlı bir memar
mərifətiylə işə başlandı".
Türküstan
Pirindən iki yüz il sonra pərvəriş tapan Hacı
Bayrami Vəlinin müridi Ağşəmsəddin vasitəsi ilə Fatehə
sirayət edən də Yəsəvidir.
"Xətai biçarə quldur şahına, /
Hünkar Hacı Bəktaş nəzərgahına".
Şah İsmayıl özünü Bəktaşi
Vəlinin silsiləsində görürdü. Sultan Səlim
isə qulağının birinə "Bəktaşi mənkuşu"
adlandırılan sırğa-küpə
taxırdı.
Əhməd
Yəsəvi üsulunda şeirlər yazan Xətai kimi, onun rəqibi,
əslən Batı xanın nəslindən olan və
özünü Şah Bəxt adlandıran Bəktaşi
Şeybani xan (Şibək xan) da incə zövqlü şair
idi, şeirlərində Yəsəvinin ruhuna və şəhərinə
ehtiramını bu şəkildə izhar edirdi:
Övliyalar
sərvəri ol şəhri-Türkistan imiş,
Yer
üzünün nuru türkan mahi-Türkistan imiş, -
İbn Bəzzazın
1350-ci ildə yazdığı "Səfvətüs-Səfa"
əsərində Şeyx Səfi də Türk Piri
adlandırılır: "Bir gün həzrət Şeyx
oturur ikən gördi kim, mehrabun divarı
yarılub bir kimsə çıxub, həzrət Şeyxə
xitab etdi kim, ey türk piri və ol çağ Şeyxə
"türk piri" derlərdi..."
Bəllidir
ki, Əmir Teymur 1402-ci ildə Ankara savaşına yola düşərkən
Yəsiyə gəlib Əhməd Yəsəvinin məzarını
ziyarət etmişdi. Bu, tarixdə bilinən məsələdir.
Amma bu sualın cavabı hələlik verilməyib
ki, Teymur zəfər çaldığı savaşdan dönərkən,
hansı səbəbdən Şeyx Səfi türbəsini
ziyarət etmək üçün yolunu Ərdəbildən
salıb Şeyx Səfiəddinin nəvəsi Şeyx Xoca
Əlini ziyarət etmişdi? Professor Mehmet Sarayın
bildirdiyinə görə, bu görüşdən sonra Teymur
Ankara müharibəsində əsir götürdüyü
türkmənləri - əsasən, Təkə və Qaraman
boylarından oluşan osmanlı əsgərlərini kəramətli
Xoca Əlinin istəyinə uyğun olaraq azad etmiş və
onları Ərdəbil təkkəsinin müridliyinə
vermişdi.
Bu faktları, sadəcə, assosiasiya etdi deyə xatırlatdım. Türkün
və Turanın ilk Piri Əhməd Yəsəvidir. Sultanlar da, şahlar da, əmirlər də, şeyxlər
də, yüzillər boyu Yəsəvi irfanına, mərifətinə
və ədəbinə təzim ediblər.
Yəsəvinin "Divani-hikmət"indəki həsb-hallar,
əslində, sufizmin, təsəvvüfün təmkin və
təlvin məqamı, Kamil İnsan, İlahi Eşq barədə
ilk türkdilli izharlardır. Yəsəvi
"Divani-hikmət"də təlvin və təmkin məqamları
arasında çırpınıb, nəhayət, Kamil
İnsana çevrilənlərin psixoloji halını
dünyanın, bəlkə də heç bir kitabında
görə bilməyəcəyimiz bir gərginlikdə və
dərinlikdə təqdim edib. Gah fanidir,
gah sevdalıdır, gah ibadətsizdir, gah Hz. Xızırla həmrahdır.
Gah günahkardır, gah tövbəkardır.
Gah ərşdədir, gah yerdədir.
Yəsəvinin mistik tərəfləri bitib-tükənmir. Gerçək
həyatı metafizik pərdənin arxasında əriyib, əbədiləşib.
Karaçuk dağını yerindən
qaldıran sel onun kəramətlərindəndir. Yaxud tutaq ki, bu yazıda Aslan Baba mənqəbəsinə
toxunmadım. Əhməd Yəsəvinin Hz. Peyğəmbərlə
mənəvi irtibatını yaradan bu Aslan Baba örnəyi, yəni
peyğəmbərin Əhmədə çatdırmaq
üçün neçə yüz il əvvəl
ona verdiyi xurmanı Əhməd Yəsəviyə təqdim
etməsi mənqəbələrdə yazılıb. Əhməd Yəsəvinin "Divani-Hikmət"ində
də Aslan Baba xatırlanır. Qaradərili Aslan
Babanın tarixi obrazında məvali cizgiləri də
sezilir. Yaxud, Əhməd Yəsəvi peyğəmbərdən
çox yaşadığı üçün 63
yaşında hatifdən gələn "Qul, yerə gir",
canınam, cananınam, canını ver" nidasıyla
özünə məzar qismində bir hücrə
qazdırıb və ömrünün sonunacan orda zikr
halında yaşayıb. "Divani-hikmət"i
də həmin çiləxanada (bəlkə çəkildiyi
xəlvətdə) yazıb. Elə buna
görə də, "Divani-hikmət" o dünyadan,
Əhməd Yəsəvinin bu dünyaya göndərdiyi xəbərlərə
bənzəyir. Özü barədə,
mistik aləmlər barədə gerçəkləri o biri
dünyadan söyləyir. Yaxud onları da
yazmadım ki, Türküstan rus işğalına məruz qalmazdan
öncə adamların gözünə Yəsəvinin qeybi
surəti məqbərəsinin çatısında
sarığını açmış, yəni
başıaçıq vəziyyətdə
görünüb. Oğlu İbrahimin
qatilinə qızını ərə verib, alaca rəngli
atını bağışlayıb. Və bu
ağılalmaz sorağı onu ilk dəfə
"Türküstan Piri" adlandıran Fəridəddin
Əttar "Mantikut-tayr" əsərində quşların
dilindən - "Quşların bəhanə gətirmələri"
hissəsində yazıb: "Türküstan Piri öz
halından xəbər verdi və dedi: Mən
iki şeyi çox sevirəm. Birisi alaca rəngli
atımdır. Digəri də, oğlumdan
başqası deyildir. Əgər biri
oğlumun ölüm xəbərini gətirərsə, bu xəbərin
müjdəsi olaraq ona atımı bağışlaram".
Bu təsəvvüfdə zöhdün ən
yüksək pilləsidir. Haqqa yönəlmək
üçün dünyanın bütün gözəlliklərindən
imtina etməkdir. Yaxud sufi onun
üçün ən əziz olanın yoxluğunu xəbər
verənə ikinci əziz olanı müjdə olaraq verir, necə
ki oğlunun qatilinə qızını verib onu dünyaya
bağlayan hər şeylə əlaqəsini kəsib. Dünya tamamlanıb. Əttar isə
Türküstan Pirinin hikmətindəki sirri izah edərkən
təsəvvüfün ənginliklərində qanad
çalır: "Şam kimi yanıb yaxılmadıqca
heç kimsənin yanında təmizlikdən bəhs etmə".
Yəsəvinin hikmətləri aləmə
yayıldıqca onun Kamil İnsan anlayışına Bəktaşi
Vəlinin ilahi eşq təlimləri, daha sonra, Bayrami Vəlinin
könül arxetipi əlavə olundu. Annemarie Schimmelin təbirincə,
"Əhməd Yəsəvi ənənəsini yaşadan
sufilərin arasında yetişmiş Yunus Əmrə, Orta
Asiyadakı Yəsəviyyənin etkilədiyi Bəktaşi Vəli,
Mövlana, Bayrami Vəli" türk ədəbiyyatının
və cəmiyyətinin mənəvi ahəngini
yaratdılar.
Hansı tərəfdən baxsan, Yəsəvi
bütün türklərin ortaq dəyəridir. Türküstanın
Piri olduğu kimi, Azərbaycanın da Piridir. Türkiyənin də Piridir. Yəsəvinin
mürşidi Yusif Həmədani azərbaycanlıdır.
Yəsəvi dərvişləri zaman keçdikcə, Azərbaycana
da sirayət edib... Həm ədəbiyyatımıza,
həm cəmiyyət həyatına, həm də
düşüncə dünyamıza. Bursanın
fəthində Orxan Qazinin yanında olan Yəsəvi dərvişlərindən
Geyikli Baba azərbaycanlıdır. Əxi
təriqətini qurmuş Yəsəvi müridi Əxi Evrənin
uşaqlığı Azərbaycanda keçmişdir.
Azərbaycan türkcəsində yazılmış ilk
şeirlərin müəllifi Həsənoğlu da Əhməd
Yəsəvi müridlərinin silsiləsindəndir. "Azərbaycan
ədəbiyyatı tarixi" əsərində
İsmayıl Hikmət yazır ki, Həsənoğlunun məşhur
türk mütəsəvvifi Əhməd Yəsəvinin təsiri
altında yetişdiyi, onun "Hikmət"lərini oxuyaraq
ilham aldığı mühəqqəqdir". Həsənoğlu
sonralar Yəsəvi müridlərindən Əli Lalanın
müridi olmuş
Şeyx Cəmaləddin
Zakirin mürididir. Fuad Köprülü isə bildirirdi
ki, "Bizim osmanlı təzkirəçilərinin XVI
yüzildə - mütləqa xalq ədəbiyyatını təqlidlə
heca vəzniylə yazıldığı üçün olacaq - biraz küçümsəyərək
söz etdikləri ünlü Həsənoğlu
türküləri əgər bu zata aidsə... o zaman onlarda Yəsəvi
təsirinin bulunduğuna kəsinliklə hökm edə biləriz".
"Əbədi
Turan" (2001) kitabımın "Böyük çöl və
mavi röyalar" hissəsində yazmışdım: "Fəthlərdən,
müharibələrdən yorulmayan Əmir Teymur da yol
üstündə, ani dinclik və nəfəs
dərimi üçün ağacların deyil, Əhməd Yəsəvinin
kölgəsinə çəkilirdi".
İndi isə Türküstanın mərkəzində
Əhməd Yəsəvi türbəsi Əmir Teymur
küçəsindədir.
"Dünyaya gələr-gəlməz göylər aləminə
uçub getmiş, ərşi qucaqlayıb, fənafillah məqamına
çatmış" Əhməd Yəsəvinin məzarının
başucunda dayanmışdıq. Şöhrət Barlas Yəsəvinin
ruhu üçün Quran oxuyurdu...
Azər Turan
Ədəbiyyat qəzeti 2024.- 29 iyun, ¹23-24.- S.16-17.