Qəlbin qanunu, yoxsa qanunun qəlibi

 

Hüseynbala Mirələmovun "Bəyaz buludlar üstdə" romanı üzərinə filoloji-fəlsəfi notlar

 

Ünlü yazar Hüseynbala Mirələmovun "Bəyaz buludlar üstdə" romanı qədimdən qədim bir mövzuya - məhəbbətə həsr olunub. Amma "günahkar" məhəbbətdən danışan romanda bu əzəli-əbədi mövzu çağdaş yöndən, orijinal rakursdan verilir və bunu elə epiqrafdanca görmək xoşbəxt ola bilməz. Hamının öz taleyi vardır..." Dünyaca ünlü qırğız yazarı Çingiz Aytmatovun "Əlvida, Gülsarı" povestindən gətirilən bu epiqrafın orijinallığa, özünəməxsusluğa nə dəxli var? - deyə soruşa bilərsiniz və bu sualı cavablandırmaq üçün bir az uzaqdan başlamalı olacam.

Öncə onu vurğulayım ki, əgər bu romanı mən yazası və hökmən epiqraf verəsi olsam, heç bir tərəddüd-filan göstərmədən minlərlə nümunə arasından Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanının qəhrəmanı Təhminənin məşhur aforizmini seçərdim: "Dünyada yalnız bir həqiqət var - qəlbin həqiqəti və səadət, xoşbəxtlik də elə budur." Çünki "Bəyaz buludlar üstdə" romanında qoyulan başlıca sorun insanın səadəti, ona çatmağın yolu isə cismani və mənəvi təminatdan doğan könül rahatlığıdır.

Platon "Ziyafət" dialoqunda yazırdı ki, insan ruhu dünyaya gələndə iki yerə bölünür və hər kəs öz yar(ıs)ını axtarır, tapsa, bütövləşib xoşbəxt olur, tapmasa, bədbəxt! Ağız ədəbiyyatı bu fikri bir qədər sadə şəkildə belə yaşadır - taylı tayını tapmasa, günü ah-vayla keçər. İnsan ailə quranda, ya zəlzələdən, ya vəlvələdən yanlışlığa yol veribsə, öz tayını tapmayıbsa, günü ah-vayla keçməli, bir dəfə yol verdiyi yanlışın acısını ömrü boyu çəkməli, yoxsa, öz yar(ıs)ını, özünün bütövlüyünü tapmaq üçün yeni çabalarda bulunmalıdır? Hüseynbala Mirələmovun son romanında cavablandırdığı ana sual budur. Bu sualla, bildiyimiz kimi, sevmədiyi Manafa fərqinə varmadan, ictimai rəy xatirinə, el gözünə ərə gedən Təhminə də qarşılaşır. Amma Hüseynbala Mirələmov epiqrafı                  Aytmatovdan verib, çünki qırğız yazarının povesti də, "Bəyaz buludlar üstdə" romanı da, Anarın əsərindən fərqli olaraq tragik sonluqla deyil, "bəşəri komediya" finalıyla, yəni qəhrəmanların vüsalıyla bitir. Təhminə Zaurun şəxsində öz yarısını tapmır, Aytmatovun qarşılıqlı məhəbbətlə bir-birini sevən Cəmilə və Danyarı, Mirələmovun Ayan və Vüqarı isə bir-birini tapır, təkcə cismlər deyil, yer üzünə gələndən bəri bir-birini axtaran ruhlar da qovuşur, bütövləşirlər.

Burda zahirən mətləbdən uzaqlaşmaq kimi görünən, əslində isə onu daha da genişləndirən bir haşiyə çıxmalı olacam. Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı milli nəsrimizin ən geniş rezonans doğuran əsərlərindən biridir və poetik təfəkkürümüz bir neçə yüzildir Füzuli orbitində fırlandığı kimi, bədii nəsrimizin önəmli bir qismi də onillərdir ki, bu əsərə, ya təqlidi, ya da tənqidi, ya birbaşa, ya da dolayısı ilə münasibət üzərində yazılır və yazılmaqdadır. Yeni nəsil yazarlardan Cavid Zeynallının "Günəşi gözləyənlər" romanından tutmuş, ta Hüseynbala Mirələmovun haqqında söz açdığım romanına qədər bu məhz belədir. "Beşmərtəbəli evin altıncı mərtəbəsi" ölçüyə, miqyasa, etalona, məhək daşına, Qordu düyününə çevrilib və hələ ki İsa Muğannanın "dünyada bir qadına münasibətdən qat-qat ciddi məsələlər var" deyən "İdeal" romanından başqa bu düyünü çözən olmayıb. İsa Muğannanın romanında isə düyünün çözülməsindən daha çox, ondan yan keçməkdən danışmaq olar. Beləcə, Azərbaycan nəsri 50 ilə yaxındır ki, bu düyünü çözəcək İsgəndər gözləyir.

Anar öz romanını Füzulinin "Leyli və Məcnun"unun modern qarşılığı kimi yazıb, hazırkı bir çox romanlarımız isə "Təhminə və Zaur"a cavab olaraq yazılır. "Bəyaz buludlar üstdə" də bu yöndən istisna deyil və mənə elə gəlir ki, roman ya məqsədyönlü, ya da şüuraltı olaraq "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndəki düyünü çözmək, düşdüyü ümidsiz durumdan təhminələri xilas etmək istəyi ilə yazılıb.

Təkcə yazıçılarımz deyil, oxucularımızın də "Təhminə və Zaur" dastanının duvaqqapma ilə bitməməsindən doğan yarım əsrlik acısı var və mənə elə gəlir ki, müsbət sonluqlu məhəbbət romanları yazan bir çox yazarlarımız həm də bu amili nəzərə alır, taleyin Təhminəyə qarşı ədalətsizliyini kompensasiya eləmək, bununla da, çoxmilyonlu oxucu auditoriyasının yarasına məlhəm qoymaq istəyirlər. Yeri gəlmişkən, klassik dövrdə də belə gecikmiş səadət yaşayan ədəbi qəhrəmanımız olub - Nizaminin "Xosrov və Şirin"inin nakam taleli Fərhadı! Arif Ərdəbilinin "Fərhadnamə"si və Əlişir Nəvainin "Fərhad və Şirin"indən tutmuş, Səməd Vurğunun "Fərhad və Şirin"inə qədərki bir çox əsərlərdə Fərhadın baş qəhrəmana çevrilməsi sadəcə, ədəbi yenilik naminə deyildi, həm də və daha çox "Xosrov və Şirin"ində epizodik yer tutan Fərhada qarşı "ədalətsizliyi" kompensasiya eləmək məqsədi daşıyırdı.

"Bəyaz buludlar üstdə"nin epiqrafı bir neçə anlam daşıyır və bu anlamlardan bəziləri anındaca aydın olur, yetər ki, Hüseynbala Mirələmovun yaradıcılıq yoluna ən ümumi şəkildə bələd olasan. Birincisi budur iki, "Bəyaz buludlar üstdə" qırğız yazarının gənclik illərində yazdığı, 60-cı illər və sonrakı onillərdə çox populyar olan və öz müəllifinin sənət vəsiqəsi sayılan "Cəmilə"siylə anologiya üstündə yazılıb, məsələn, Orxan Pamukun "Mənim adım qırmızı"sı Nizaminin "Xosrov və Şirin"iylə qarşılaşdırmada yazıldığı kimi. Amma bir vacib fərqlə: türk yazıçısı ilkin mətnə dekonstruktiv yanaşır, klassik əsərdəki ilahi eşqi göylərdən yerə endirir, hər cür ali dəyərdən, metafizik mənadan məhrum edir, qutsallıq haləsindən çıxarır, adi, gündəlik seksual duyğunun ədəbiyyatdakı sublimasiyası kimi təsvir edir, bir sözlə, postmodernist əsər yazır; Hüseynbala Mirələmov isə ilkin mətnə konstruktiv yanaşır, eşqə Nizami, Füzuli tərzində metafizik anlam verməsə də, onu yerlərdən göylərə qaldırır, həyatın ali mənası kimi dəyərləndirir, yəni postmodernist əsər yazmır. Düzdür, bu əsərdə də "dekonstruktivlik" var, amma gizlidir, Çingiz Aytmatova deyil, Tolstoya münasibətdədir və olsun ki, qeyri-ixtiyaridir, yəni müəllifin özü bunun fərqində deyil. Amma fikrin ardıcıllığı qırılmasın deyə, özəl incələmə istəyən bu məsələ barədə indi deyil, bir qədər sonra danışacam.

"Cəmilə" ilkin, "Bəyaz buludlar üstdə" törəmə mətn statusu daşıyır və Hüseynbala Mirələmov bunu nəinki gizləmir, ört-basdır eləməyə çalışmır, əksinə, bütün əsər boyu dönə-dönə, özəl bir ehtiramla vurğulayır, yada salır. Amma anologiya hər iki əsərin məhəbbət mövzusunda yazılmasıyla bitmir. Həm də hər iki əsərdə məhəbbət, yoxsa, kəbin sədaqəti məsələsi qoyulur və məhəbbətə üstünlük verilir - birincidə Cəmiləylə Danyar, ikincidə isə, Ayanla Vüqar arasındakı sevginin timsalında!

"Əlvida, Gülsarı" əsərindən gətirilən sitat-epiqrafın bir anlamı da budur ki, Hüseynbala Mirələmov görkəmli qırğız yazıçısı ilə eyni vaxtda, 60-cı illərdə bədii yaradıcılığa başlayıb, yəni onlar eyni zamanın övladları, mənəvi qardaşlardır. Nədən ki, insanlar ata-analarından daha çox, zəmanələrinə bənzəyirlər və zamandaşlıq onlarda fikir ortaqlığı, duyğu doğmalığı yaradır. Üstəlik də, bu iki yazıçı birbaşa dost olublar. Qırğız yazarı Azərbaycan nasirinin yaradıcılığını, özəlliklə də, Qarabağ mövzusundakı "Xəcalət" əsərini yüksək qiymətləndirib və öz ana dilinə çevirtdirib. Hüseynbala Mirələmovun "Cəza" povesti ilə Çingiz Aytmatovun "Qiyamət" romanının ideya doğmalığı var. Hər iki əsər realist-psixoloji üslubda yazılıb. Hər iki əsərdə insanın təbiətlə harmoniyası, onun ali missiyasının bu harmoniyanı qoruyub saxlamaqdan ibarət olması ideyası irəli sürülür. Hər iki əsərin müəllifi yer üzündəki qlobal fəlakətlərin məhz bu adi və ali həqiqətin unudulmasından irəli gəlməsiylə bağlı xəbərdarlıq edir. Bu, ünlü qırğız yazıçısının çoxşaxəli romanında ideya qollarından sadəcə, biri, Azərbaycan yazıçısının povestində isə əsas fikir, aparıcı qayə, ana ideyadır.

"Bəyaz buludlar üstdə"nin aysberqi xatırladan sitat-epiqrafının birbaşa mətnin üzünə çıxmayan, sətiraltı, amma yenə də anındaca oxunan başqa, gizli bir anlamı da var. Söhbət, çox ünlü bir əsər və onun özündən də ünlü ilk cümləsindən gedir. Yəni "Bəyaz buludlar üstdə"nin epiqrafı həm də Lev Tolstoyun "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələr isə hərəsi bir cür bədbəxtdir" cümləsilə başlayan "Anna Karenina" romanına mesaj göndərir. Hüseynbala Mirələmov qırğız yazıçısından açıq, rus yazıçısından isə üstüörtülü sitat gətirir, birinciyə açıq-aşkar əl eləyir, ikincini isə gizli işarələyir. Amma ola da bilsin ki, bu işarə birbaşa deyil, dolayısıyladır, yəni müəllif bunu fərqinə varmadan, Çingiz Aytmatov vasitəsilə eləyib, ən düzünü, şübhəsiz ki, o özü bilir. Çingiz Aytmatovun rus dahisiylə fikir qarşıdurmasına getməsinə, daşa-tərəziyə girməsinə isə şübhə yoxdur.

Ailəli kişi və ərli qadının məhəbbətindən danışan "Bəyaz buludlar üstdə" istər bilərəkdən, istərsə də, bilməyərəkdən, ən ümumi ideya baxımından da Tolstoyun romanında irəli sürülən fikrə qarşıdır. Dahi rus yazıçısının dünyalarca ünlü romanını oxumayan çətin ki, tapılsın və odur ki, söz konusunun dərhal anlaşıldığına şübhəm yoxdur: toxunulmaz ailə bağları, yoxsa, dayanılmaz sevgi; ağılın çərçivəsi, yoxsa, duyğunun azadlığı; qanunun qəlibi, yoxsa, qəlbin qanunu? Tolstoy bu məsələdə ilahi-təbii qanunların tərəfindədir və bu qanunları heç vaxt pozmayan təbiəti insana örnək gətirir. "Bəyaz buludlar üstdə" romanı müəllifinin fikrincə isə, əsas qəlbin istəyidir. Və elə epiqrafdanca gizli konflikt başlayır: kim haqlıdır, Tolstoy, yoxsa, qəhrəmanlarının ardından boylanıb onun klassik mövqeyinə qarşı çıxan qırğız yazıçısı və ünlü qırğızla həmrəylik göstərən Azərbaycan yazarı?

Tolstoya görə, ilahi əsaslara dayanan əzəli-əbədi ailə dəyərlərini keçici ehtirasa qurban vermək fəlakətə aparır və bircə yol qalır - bu əsasları heç vaxt pozmayan, öz şüuru ilə varlığa müdaxilə eləməyən və şüursuzluğu ilə aram tapan təbiətin özü kimi dinc olmaq, təbiətin qanunları (və onların arxasında dayanan Tanrı) ilə harmoniyada yaşamaq! Eqoist əzablardan, dayanılmaz ehtiraslardan qurtulmağın yolu özünü bu ahəngin, bu harmoniyanın içində əritmək, yox eləmək, sufiyanə desək, fənafillahdan keçir! Füzuli demişkən, "Rahi-eşq içrə mənə ancaq fəna məqsud idi/Şükr kim məqsudə yetdim, intizarım qalmadı". Bütün acılar məhz bu birliyin, ahəngin, harmoniyanın pozulması, "şüurlu" insanın özünü "şüursuz" təbiətdən ayırması, individualizm, fərdiyyətçilikdən başlayır! Əlbəttə, Tolstoy yaxşı başa düşürdü ki, xoşbəxtlik illüziyadır, Turgenevin dediyi kimi, onun ancaq müəyyən anları var, "təbiiləşməklə" xoşbəxtliyə çatmaq fikri isə, sadəcə, özünü aldatmaqdır. Çünki insan ikinci minilliyin sonlarına doğru gəlib çatdığı sivilizasiyanın zirvəsindən geri dönüb yenidən "şüursuz" ola bilməz, bu durumu ancaq oynamaq, özünü şüursuz təbiətin yerinə qoymaq olar. Amma təbiətlə harmoniya insana ən azı, sakitlik, hüzur gətirər, onu zaman qatarının altına atılmaq kimi faciəli sonuclardan qoruya bilər. Təbiətdə şüur olmadığından, sanki zaman da donub, gəlişmə dayanıb, Platonun dediyi kimi, hər şey neçə minillərdir ki, vahid ilahi proqram üzrə çevrə boyunca təkrar olunur. Çünki təbiətdə insana məxsus ağıl, bu ağıldan doğan fərdiyyətçi eqo və onun doğurduğu bəlalar yoxdur. Sabahlar eyni cür açılır, axşamlar eyni cür düşür, günəşin doğuşu-batışı təkrar olur, buludlar eyni cür dolur, yağışlar eyni cür yağır, otlar eyni cür cücərir, çiçəklər eyni cür açır. Yazıçı fəlakətə aparan yolun acı sonuclarını urbanistik mühitdə fırtınalı, tragik eşq romanı yaşayan Anna və Vronskinin, "səadətə" aparan yolun mötədil nəticələrini isə, təbiətin qoynundakı malikanəsinə sığınan Levin və onun zövcəsi Ketin sakit, təvazökar, iddiasız, hüzurlu ailə həyatının timsalında göstərir.

Tolstoyun zamanında individualizm, insanın özünü nəinki təbiət, hətta Allahdan da ayırıb əlahiddə bir varlıq kimi dərk eləməsi pik həddə çatmışdı - ateizmin dövlət ideologiyası səviyyəsinə qalxması, cahan savaşları, inqilablar və kosmosun fəthi ilə tarixə düşən iyirminci yüz il yaxınlaşırdı. İnsanlığın gələcəyi ilə bağlı əndişələnən ən ağıllı başlar, ən müdrik zəkalar bu şeytani gedişi dayandırmağın yollarını arayıb-axtarırdılar. Dünya hara üz tutmuşdu? Zaman hara fırlanırdı? İnsan hara gedirdi? Dostoyevski sorundan çıxış yolunu Tanrıya, Tolstoy isə təbiətə qayıtmaqda görürdü. Annanın altına atıldığı qatar ilahi əsasları da, onun minillərdən bəri müəyyən elədiyi dəyərləri də darmadağın eləyən yeni zamanın rəmzi-simvolik işarəsi idi. Anna özünü sadəcə, qatarın deyil, acımasız sürətlə insanlığın üstünə gələn yeni zamanın altına atmışdı. Zamanın gətirdiyi liberalizm min illərin patriarxal düşüncəsinə söykənən dəyərləri dağıdır, rus dahisi bu kor gedişə qarşı çıxaraq, bütün zamanların fövqündə və dışında duran ilahi-təbii qanunların bərpasına çağırırdı. Dostoyevskiyə görə, sorunun çözümü üçün insan superşüurlu ruha, Tolstoya görə isə "şüursuz" təbiətə çevrilməliydi. Dostoyevski aliyə, Tolstoy isə adiyə çağırırdı. Amma hər iki halda insan şüurunun yaratdığı süni və məhdud çərçivədən çıxmaqdan söz gedirdi. Hər iki halda faciənin mənbəyi ağıl idi və ağıldan bəla problemi yaşanırdı. Hər iki dahi Qriboyedovun əsrin başlanğıcında qoyduğu suala cavab axtarır, Dostoyevski çıxış yolunu ağıldan imtina edib, ilahi intellektə yüksəlməkdə, Tolstoy isə təbii anti-intellektə enməkdə görürdü. Hər iki dahi üçüncü bir dahinin - Füzulinin yüzillər öncə dediyi bu fikri təsdiqləyirdi: "Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul/ Əql tədbiridir ol, sanma ki bir bünyadı var!" İndi - süni intellekt erasında "ağıldan bəla" sorunu qat-qat kəskinləşib və Hüseynbala Mirələmov da öz romanını problemin daha da kəskinləşdiyi bir dövrdə yazıb. Sual isə öz qüvvəsində qalır: Yolumuz hayanadır?

Kimsə etiraz edə bilər ki, mən məsələni çox net qoyur, radikallaşdırıram, çünki eyni durumda olan milyonlarla digər qadınlar kimi Anna, eləcə də dünya ədəbiyyatı və milli bədii nəsrimizdən yaxşı tanıdığımız emmalar, indianalar, katerinalar, afətlər, təhminələr... intihar eləməyə də bilərdi. Amma eləyirlər, çünki sevginin olmadığı bir durumda cismən sağ qalmaq bu qadınların mənən yaşaması demək olmayacaqdı. Öz dönəmlərinin qabacıl dünyagörüşünü təmsil eləyən bu qadınların heç biri sıravi, boz adam deyildi. Onların sevgidən umduqlarını yerdəki kişilər verə bilmirdi, göydəki kişiyə isə inamları güclü deyildi və ya yox idi. Bircə yol qalırdı - yerlə göy arasındakı qeyri-müəyyənliyə, heçliyə atılmaq, yox olmaq, ölüm!

Hüseynbala Mirələmovun qəhrəmanı - Ayan intihar eləmir: təkcə ona görə yox ki, müəllif belə istəyir; həm də ona görə ki, eşq üzündən intihar dönəmi artıq çoxdandır tarixə qovuşub. Daha saralar özlərini sellərin ağuşuna atmır, "bisutunlar çapılmır, bəzən böyük bir ölkədə bir məcnun da tapılmır." Yəqin, bu üzdən ötən yüzilin sonlarında Hidayət Orucovun "Məhəbbət yaşayır hələ" əsərini Milli Teatrda "Məhəbbət yaşayırmı, hələ?" adıyla səhnələşdirmiş, çağdaş dönəmdə sevginin varlığını sual işarəsi altına almışdılar. Ayan belə bir dönəmin övladıdır, qatar deyil, təyyarə dönəminin qadınıdır və problemi öz zamanına uyğun çözür - sevgilisi Vüqarla birlikdə təyyarəyə bilet alıb, Türkiyəyə, ordan da Avropaya gedir və beləcə, həm də "yolumuz hayanadır?" sualına öz düşüncəsi üzrə praktik cavab verir. Təyyarənin altına atılmaq olmur, onun üstünə çıxmaq, ordan bəyaz buludları seyr eləmək olar.

Ayan kimdir? Hüseynbala Mirələmov öz qəhrəmanının dəqiq xarakteristika və sosial təyinatını vermək üçün romanda daha iki qadın obrazı yaradır - Vəsilə və Lalə. Hər biri öz xarakteriylə seçilmək baxımından bu obrazlar bir qədər də Üzeyir Hacıbəylinin Gülçöhrə, Asya, Telli üçlüyünü xatırladır. Eşqi təmsil edən Ayan bu qadınlar arasında mərkəzdə durur. Ehtirası rəmzləşdirən, Tamerlan adlı ailəli bir kişiylə roman yaşayan rəfiqəsi Vəsilə Ayanın sağında, Vüqarın qanunu təmsil edən gözəl, lakin sərt, quru, təbəssümsüz arvadı Lalə isə solunda qərar tuturlar. Mirələmovun təqdimində Ayan gözəllik, ağıl və ehtirasın vəhdətinin təcəssümüdür. Yazıçı onun dedi-qodu eləmək, hiyləgərlik və sair kimi qadınlara məxsus zəiflik və nöqsanlarına da göz yummur, ideal deyil, real, amma sevimli qadın obrazı yaradır, onun Vəsilənin mənzili, yaxud İsmayıllıda - təbiətin qoynunda Vüqarla sevgi səhnələrini xüsusi ilhamla, bütün anadangəlmə gözəllikləri, naturalistik incəliklərinə qədər təsvir eləyir. Lakin o, ehtirası öz qəhrəmanlarının münasibətinin sadəcə, qaçılmaz başlanğıcı kimi verir, onların eşqin təsiriylə fasiləsiz daxili gəlişməsi, müxtəlif dönəmlərdən keçməsi, finalda ülviyyətə yüksəlməsini də gözdən qaçırmır. 

Bütün roman boyu, özəlliklə də, şərq mentalitetinin daşıyıcısı olan oxucunu bir sual düşündürür: ərli qadının ailəli kişiylə məhrəm münasibəti nə dərəcədə təqdirəlayiqdir? Yazıçı öz qəhrəmanlarının qanunazidd hərəkətinə qanunların ən alisi saydığı sevgi vasitəsilə bəraət verir. Ayan xəsis, etinasız, nəzakətsiz, kitaba, ədəbiyyata ironik yanaşan, mənən dayaz əri Həsəni sevmir, hətta ondan dünyaya övlad belə gətirmək istəmir, onun gözəlliyi və ağlına pərəstiş eləyən, onu hətta ərinə belə qısqanan Vüqarı sevir! Ayana görə, həyatda yalnız bir qanun var - eşqin qanunu! Bir hökm var - qəlbin hökmü! İnsan dünyaya bir dəfə gəlir və bir dəfə verilmiş ömrü qəlbinin istəyincə yaşamalı, həyatı sevmədiyi adamla birgə yaşamaqdan doğan zindana çevirməməlidir! Xoşbəxtlik onun haqqıdır! "Ailə ocağı da o zaman isti olur ki, içində yaşayanların bir-birinə sevgisi qarşılıqlı olsun".

Taleyin qəfil hökmüylə tapdığı səadətindən az qala, ağlını itirən Ayan həyatına rəng qatan, məna verən bu eşqə görə hər şeyindən - tənha, qoca anasından, ev-eşiyindən, ailəsindən, vətənindən, bir sözlə, bütün keçmiş həyatından vaz keçərək sevgilisi ilə birlikdə dünyanın o başına belə getməyə hazırdır! Onun Anna kimi qatarın altına atılmağa, Emma və Afət kimi özünü zəhərləməyə, İndiana və Katerina kimi sularda boğulmağa, Təhminə kimi intiharın ən orijinal yolunu seçməyə - serroz ola-ola şərab içməyə ehtiyacı qalmır. Çünki onun sevgilisi "mələyi fahişə eləyən" Vronski, Rudolf, Raymon, Boris, Qaratay, Zaurun bacarmadığını eləyir - "fahişəni mələyə çevirir!" Və burdan da roman müəllifinin başlıca qənaətlərindən biri hasil olur: hər bir xoşbəxt qadının arxasında onun yolunda hər cür fədakarlığa hazır olan kişi dayanır. Yəni əsas qəhrəmanının qadın olmasına baxmayaraq, Mirələmov nəinki feminist roman yazmayıb, əksinə, feminist zamana qarşı müxalif mövqedə durur.

Zaman demişkən, romanda Aytmatovun ünlü povestindən gələn və taleyi işarələyən Gülsarı obrazı haqqında da danışmaq lazımdır. Gülsarı Ayanın atıdır və bu qiymətli hədiyyəni ona Aytmatovun pərəstişkarı olan babası bağışlayıb. Ayan öz muradına da bu at vasitəsilə çatır - dəniz sahilində gəzəndə hürkmüş at onu belindən yerə vurmaq istəyir, təsadüfən orda olan Vüqar qadını xilas edir və məlum hadisələr də bundan sonra başlayır... Tale qaçılmazdır, amma insanın iradəsi, gücü, istəyi, hətta taleyin hökmünə belə üstün gələ bilər. Romanın rəmzi-simvolik səciyyə daşıyan bu ekspozisiyasından doğan qənaət budur. Romanın bütün sonrakı olayları ekspozisiyada işarə olunan bu ideyanın açılışı və təsdiqindən ibarətdir. Əsəri oxuduqca görürük ki, Vüqar Ayanı təkcə atdan yıxılmaqdan deyil, taleyin atından yıxılmaqdan xilas edir.

Romanda rəmzi-simvolik səciyyə daşıyan daha bir epizod təbiətlə bağlıdır və konfliktin kuliminasiya məqamını əks etdirir. Qəhrəmanlar - Vüqar və Ayan öz ailələri ilə birlikdə təbiətin qoynuna - İsmayıllıya gedirlər və Tolstoyun dediyinin əksinə, təbiət onların sorunlarını nəinki çözmür, məsələlərə nəinki hüzur gətirmir, əksinə, konflikti daha da kəskinləşdirib pik həddinə çatdırır - hər iki tərəf rəsmi boşanma qərarı verir. Təbiət saf, təmiz, bərraq bir aynadır və insanı necə varsa, elə də göstərir, onun beynini, qəlbini artıq informasiya yükündən təmizləyir, bir sözlə, onu özünə qaytarır və bununla da verəcəyi qərarı qətiləşdirir. İsmayıllı epizodu bunu deyir.

Romanda daha bir simvol təyyarədir və finalla bağlıdır. Qəhrəmanların romanın sonunda təyyarəylə xaricə üz tutması, sadəcə, bir ölkədən başqasına getmək deyil, eyni zamanda eşqin gücüylə həm məişət dedi-qoduları, həm də ümumən cismanilikdən, yerin cazibəsindən xilas olub, yüksəlməsi, ucalması, ülviyyət rəmzi olan səmalardakı ruhani vəhdəti, iki təndə bir can olması anlamına gəlir. Əlbəttə, ədəbiyyatımızda belə vəhdət örnəkləri çox olub - Füzulinin Leyli və Məcnununun cənnətdəki görüşündən tutmuş, Cavidin özünü uca qayaların zirvəsindən atan Sənan və Xumarının ruhlarının vüsalına qədər. Hüseynbala Mirələmovun romanının özəlliyi ondadır ki, onun qəhrəmanları bir dünyadan digərinə getmir, dünyanın bir yerindən digər yerinə gedir, Adəm və Həvvanın cənnət səadətini bu dünyanın özündəcə yaşamağa qərar verirlər. Bu, müasir insan düşüncəsinin vertikaldan horizontala keçməsi, yəni şaquli deyil, üfüqi düşünməsi, bir sözlə, Haydeggerin dediyi kimi, metafizikadan imtinası anlamına gəlir. Lakin nə anlama gəlirsə-gəlsin, Xəyyamın "Burda cənnət yapalım badə ilə, nəmə lazım o varılmaz cənnət", yaxud da Səməd Vurğunun "bütün cənnətləri quracaq insan" fikrini təsdiq edir.

Kaş ki, insanın öz səadətinin ardınca nəinki başqa dünyaya, heç dünyanın başqa yerinə getməyə də ehtiyacı olmayaydı. Və bir də kim təminat verə bilər ki, altı aydan, bir ildən, uzağı, iki ildən sonra qəhrəmanları bir-birinə bağlayan ehtiras atəşi sönməyəcək? Bəs, sonra nə olacaq? Yeni sevgi, yeni səadət axtarışlarımı başlayacaq? Məncə, möhtərəm yazıçımız bu sualın cavabını qəhrəmanların bəyaz buludların üstündən yerə enəndən sonrakı həyatını əks etdirən növbəti romanında verə bilər...

 

Əsəd Cahangir

 

Ədəbiyyat qəzeti  2024.- 29 iyun, ¹23-24.- S.18-19.