"Hekayəti-Kərəm" dastanının əlyazma nüsxəsi

 

"Əsli və Kərəm" xalq dastanının "Hekayəti-Kərəm" adı ilə Hüseyn əfəndi Qayıbovun kolleksiyasından çağdaş dövrümüzə gəlib çatmış yeganə əlyazma nüsxəsi hal-hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda B-7264 şifrilə mühafizə olunur. Vaxtilə görkəmli folklor tədqiqatçısı Şamil Cəmşidov bu əlyazmanın aşkara çıxması haqqında belə yazırdı: "Bu günlərdə böyük maarifpərvərin (Hüseyn əfəndi Qayıbovun - Ə.M.) nəvəsi, Azərbaycan Pedaqoji Universitetinin dosenti, Zülfüqar Qayıbovun böyük qayğı ilə öz evində sevə-sevə saxladığı, babasının ələ keçən arxiv materialları ilə tanış olduq. Arxivdə H.Ə.Qayıbovun bir sıra avtoqraf əlyazmaları, məktubları, mütərəqqi ideyalı məqalələrlə çıxış etdiyi "Səda" qəzetinin bəzi nömrələri, Sədinin, Caminin əsərlərinin qədim əlyazmaları, Abbas ağa Nazirin bir neçə əlyazması və s. qiymətli materiallar vardır. Bu materiallar içərisində bizim üçün ən böyük tapıntı "Əsli və Kərəm" dastanının 1867-ci ildə köçürülmüş bütöv əlyazması oldu. Dastan H.Ə.Qayıbovun tərtib etdiyi 420 vərəqlik böyük bir ədəbi əlyazma məcmuəsinin sonunda yerləşmişdir" [Ş.Cəmşidov, 2010, 122]. Nəstəliq xəttilə köçürülən dastanın mətni əlyazma məcmuəsinin 345b-382b səhifələrindədir. Orta əsr kitab tərtibatı ənənəsinə əsasən əlyazmaların katibi, harada, nə vaxt və kimin sifarişilə köçürülməsi haqqında paleoqrafik məlumatlar çox hallarda mətnin sonunda elmi ədəbiyyatda kolofon adlanan katib qeydində yazılır. Ancaq "Hekayəti-Kərəm"in mətninin sonunda əlyazmanın harada köçürüldüyü, katibi qeyd olunmur və yalnız əksər əlyazmalarımız üçün ənənəvi olmayan şəkildə köçürülmə tarixi hicrilə deyil, miladi tarixilə "Təmmət, fi-yövm 4 mahi-iyun 1867" yazılmışdır. Burada birmənalı olaraq deyə bilərik ki, tarixi miladi ilə yazılmış bu əlyazmanın köçürüldüyü yer, XIX əsrdə Azərbaycanın Rusiya tərəfindən ilhaq edilmiş quzey hissəsinə aiddir. Məlumdur ki, hicri tarix Azərbaycan əlyazmalarında ta qədimdən - İslamın qəbulundan sonra başlayaraq, XX yüzilliyin əvvəllərinədək istifadə olunsa da, XIX əsrin əvvəllərindən etibarən, Azərbaycan türkcəsinin ədəbi və danışıq dilinə rus sözləri keçdiyi kimi, həm çap olunan dövri mətbuatda, rəsmi sənədlərdə, həm də arabir əlyazma mətnlərində miladi tarixin yazıldığını görürük.

Əlyazmada dastanın kim tərəfindən qələmə alınması və sifarişçisi haqqında məlumat yoxdur. Əlyazmaşünaslıqda qəbul olunmuş qaydalara görə, əlyazmanın paleoqrafiyası ilə bağlı tam, dolğun məlumat əldə etmək mümkün olmadıqda, bu boşluğu doldurmaq üçün, o cümlədən, mətnin kim tərəfindən köçürüldüyü müəyyənləşdirilərkən əlyazmaçı mütəxəssis bu məqsədlə lazım olan informasiyanı əlyazmanın ayrı-ayrı yerlərində axtarmalı olur. Burada isə əlyazma məcmuəsinin ilk səhifəsinin yuxarısında, sol küncdə "Müfti Hüseyn əfəndinin təməllükatıdır" qeydinin çox kiçik xətlə yazıldığını müşahidə etdik. Buna istinadən də, bizə qədər bəzi mütəxəssislər əlyazmanı görkəmli maarifpərvər, təzkirəçi Hüseyn əfəndi Qayıbovun köçürdüyü fikrini ortaya çıxarmışlar. Qeyd edək ki, əlyazma məcmuəsi üzərində apardığımız paleoqrafik araşdırmaya əsasən, həcminin böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, buraya cəmi 84 əsərin köçürüldüyünü müəyyən etmişik. Amma əlyazma kitabına köçürülmüş çoxsaylı ədəbi-bədii və ayrı-ayrı elm sahələrinə aid mətnlərin xəttinin müxtəlifliyini və bu əlyazmanı elmi-paleoqrafik cəhətdən təsvir etmiş professor Azadə Musabəylinin qənaətincə, məcmuədəki əlyazma mətnlərindən 13-nün müxtəlif müəlliflərə aid avtoqraf olmasını da [A.Musabəyli, 2018] nəzərə alsaq, toplunun bütövlüklə bir katib tərəfindən köçürüldüyü fikri yanlış olar. Belə hesab edirik ki, burada ayrı-ayrı katiblərin, əsər müəlliflərinin dəftər şəklində köçürdüyü mətnlər sonradan bloklanıb və bir kitab halına gətirilərək cildə tutulmuşdur. Dastanın mətninin ilk səhifəsində yazılan qeydlə bağlı isə onu deyə bilərik ki, bu əlyazma kitabı görkəmli maarifpərvər, ədəbiyyatşünas, xəttat Hüseyn əfəndi Qayıbovun kitabxanasına məxsus olmuşdur. Necə ki, əlyazmada yazılmış "Müfti Hüseyn əfəndinin təməllükatıdır", yəni əlyazma məcmuəsi "Müfti Hüseyn əfəndinin şəxsi malı, mülküdür" qeydi də bu fikri bir daha təsdiq edir. Beləliklə, belə düşünürük ki, "Hekayəti-Kərəm" dastanı, oradakı avtoqraf nüsxələri ilə birlikdə, görkəmli maarif xadimi Hüseyn əfəndi Qayıbov özünün də köçürdüyü bəzi mətnlərin daxil edildiyi əlyazma kitabının sahibi olmuş və uzun müddət bu qiymətli əlyazma məcmuəsi onun şəxsi kitabxanasında qorunub saxlanılmışdır.

"Hekayəti-Kərəm"in adı bizə məlum olmayan katibi başqa bir qeydində isə dastanın əlyazmasının hazırkı təkmil nüsxəsini daha qədim tarixə aid mənbə əsasında tərtib edib hazırladığını yazmışdır: "Təvatür ilə məşhur və mütəarif olan Aşıq Kərəm hekayəsinin təkmil nüsxəsidir". Buradan bir daha aydın olur ki, katibin əlinin altında istifadə etdiyi qədim bir əlyazma olmuşdur.

"Hekayəti-Kərəm" yazılı dastan abidəsində katibin aydın yazı dəst-xətti, imla qaydalarına ciddi şəkildə riayət etməsi açıq-aşkar görünür. Mətn aid olduğu dövr üçün vahid orfoqrafik, dil-üslub normaları çərçivəsində və əhvalatların ardıcıllığı gözlənilməklə köçürülüb. Dastanın mətnində həm şifahi danışığın orfoepik, həm də yazılı ədəbiyyatın qrafik dil xüsusiyyətləri əks olunmuşdur. Bir sözlə, yazılı dastan abidəsinin mətni bütünlüklə şifahi xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatın sintez olunmuş dil xüsusiyyətlərini müştərək şəkildə özündə təzahür etdirir.

Qeyd edək ki, hər hansı yazılı mənbə ilk dəfə nəşrə hazırlanarkən mütəxəssisin qarşısında iki vacib məsələ durur. İlk növbədə, əlyazma düzgün oxunmalı, sonra isə əgər, nə vaxtsa səhvə yol verilmişdirsə, yanlışlıq aradan qaldırılmalıdır. "Hekayəti-Kərəm"in hazırkı əlyazmasına yaxın ikinci oxşar əlyazma nüsxəsi hələ ki əldə olunmamışdır. Ancaq Qayıbov nüsxəsinə çox yaxın olan dastanın 1888 və 1911-ci illər İstanbul və 1913-cü ildə Bakıda Orucov qardaşlarının elektrik mətbəəsində Rza Zakinin tərtib etdiyi nəşr variantları mövcuddur. Yazılı abidənin bir nüsxədən ibarət olmasına baxmayaraq, əsərin folklor ədəbiyyatımız üçün mühümlüyünü, əhəmiyyətini nəzərə alıb, biz bu yazıda əlyazmaya istinad edib, yeri gəldikcə dastanın əlyazma mətni ilə nəşr variantları arasında müqayisəli-tekstoloji araşdırma aparıb bəzi yanlışlıqlara aydınlıq gətirməyi vacib bilirik.

"Əsli və Kərəm" dastanının müxtəlif aşıqların dilindən toplanmış variantları hələ sovet dövründə tədqiqatçılar tərəfindən tərtib olunaraq, dəfələrlə nəşr olunmuş və bu nəşrlərin mətni demək olar ki, bir-birindən çox da fərqlənmir. "Variantların süjet, təfərrüat fərqləri çox cüzidir. Hətta birinin nisbətən mükəmməl, digərinin nisbətən müxtəsər olması nəzərə alınmazsa, süjet fərqi, demək olar ki, heç yoxdur" [Az. dastanları, II c., 1966, 411]. Amma çağdaş Azərbaycan oxucusu əsərin əlyazma mətni ilə indiyədək tanış olmadığına görə, dastanın nəşrinin mətnindəki bir sıra naqisliklərdən, yanlışlıqlardan, bəlkə də düşünülmüş şəkildə folklor əsərinin mətninə kimlərinsə təzyiqi ilə edilmiş müdaxilələrdən xəbərsizdir.

Dastanın nəşr variantında bəhs olunur ki, Kərəm Tiflisdə gənclərin toplaşdığı bir məclisə gəlib çıxır. Onun aşıq olduğunu bilən gənclərdən biri xahiş edir ki, bir ağız oxusun. Kərəm də sazı sinəsinə basıb oxuyur, Fərhadın Şirinə, Xurşidin Maha, Aşıq Qəribin Şahsənəmə, Şah İsmayılın Ərəbzəngiyə, Məcnunun Leyliyə məhəbbətindən söz açır. Eyni zamanda burada oxunan qoşmada belə bir misra getmişdir: "Ağ Qovaq qız Yüri bəyin dəngi" [Az. dastanları, II c., 1966, 31]. Qeyd olunan məhəbbət dastanlarındakı qəhrəmanların adları hamıya bəllidir. Amma "Ağ Qovaq qız ilə Yüri bəy"in kim olduğu məlum olmur. Dastanın mükəmməl sayılan 1966-cı ilə aid akademik nəşrinin sonunda folklor materialının şifahi dildən toplanma olduğu haqqında yazılıb: "Bu dastanın müxtəlif illərdə müxtəlif aşıqlardan toplanmış bir neçə variantı vardır... Variantlar süjet etibarı ilə bir-birindən çox da fərqlənmir. Əsaslı fərq yalnız bundan ibarətdir ki, Kərəm bəzən gəncəli, bəzən isfahanlı, bəzən Ziyad xan oğlu, bəzən şah oğlu, bəzən isə, sadəcə, bir molla oğlu kimi göstərilir" [Az. dastanları, II c., 1966, 411]. Burada belə bir sual ortaya çıxır: Əgər dastanın nəşr variantı tərtibçilərin qeyd etdiyi kimi, aşıqların dilindən toplanmışdırsa, kimliyi bilinməyən, klassik və xalq ədəbiyyatında adına heç bir yerdə rast gəlinməyən "Ağ Qovaq qız ilə Yüri bəy" kimi naməlum "qəhrəmanlar"ı el sənətkarı olan aşıqlar necə dilə gətirib, vəsf edə bilərdilər? Bizcə, dastanı nəşrə hazırlayan tədqiqatçıların əlinin altında folklor informatorlarının dilindən toplanmış mətnlərlə yanaşı, çox güman ki, nə vaxtsa katiblər tərəfindən köçürülmüş və xətti aydın oxunmayan bir əlyazma da olmuşdur. Dastanı tərtib edib, nəşrə hazırlayarkən tərtibçilər məhz həmin əlyazma mətnindən yeri gəldikcə də istifadə etmişlər. Və əlyazma mətni aydın oxunmadığına görə həmin misra təhrif olunmuşdur. Əlbəttə, bu, bizim bir ehtimalımızdır. Ya da ki, tərtibçilər dastanın İstanbul nəşrlərindən faydalanarkən həmin nəşrlərdə yol verilmiş yanlışlıqları olduğu kimi təkrar etmişlər. Bəs haqqında sözügedən misra Qayıbov əlyazmasında necədir? Orada belə yazılıb: "Aq qızıdır bəg Bögrəgin dəngi" [Hekayəti-Kərəm, 363b]. Burada "Aq qız"ın kimliyini müəyyənləşdirmək üçün "Kitabi-Dədə Qorqud"a nəzər yetirək. Eposun "Bayburanın oğlu Bamsı Beyrək boyunu bəyan edər" boyunda Beyrək ovda olarkən bir geyiki qova-qova gəlib nişanlısı Banıçiçəyin çadırının önünə çıxır. Bir müddət sonra onun gəlişindən xəbər tutan düşmənlər Beyrəyi əsir alıb on altı il dustaq saxlayır. "Məgər kafir bəyinin bir bikr qızı vardı (Beyrəyi sevər idi). Hər gün Beyrəyi görməyə gəlirdi" ["Kitabi-Dədə Qorqud", 1978, 59]. Əsirlikdən Beyrəyi elə həmin düşmən qızı xilas edir. Beyrək də söz verir ki, İç Oğuza gedib, qayıdandan sonra onu halallığa alacaq. Xatırladaq ki, Beyrəyi xilas edən qıpçak qızı Ağ qızın özüdür. Bu da məlumdur ki, xalq arasında yaranan dini təsəvvürə görə "Ağ qız", ümumiyyətlə xristian qızına və yaxud bu söz İsa peyğəmbərin anası, müqəddəs Məryəmə də aid edilir. Ağoğlan dedikdə isə, İsa peyğəmbərin özü nəzərdə tutulur. Bu antroponimlər bu gün Azərbaycanın qərb zonasında olan Ağqız, Ağoğlan kimi alban-xristian dini abidələrinin adında qalmaqdadır. Dastandan göründüyü kimi, qıpçaklarla oğuzlar arasında dil, soy yaxınlığının olmasına baxmayaraq, onlar din etibarilə ayrıdırlar, aralarında düşmənçilik də vardır. Amma buna baxmayaraq, kafir qızı Beyrəyi sevir, onun xilaskarı, dəyər verəni, həmtayı və bir sözlə, dastanın əlyazmasında yazıldığı kimi, onun dəngidir.

Beləliklə, qayıdaq nəşrdə misranın təhrif olunmasına. Çox güman ki, dastanın mətnini tərtib edən folklorçu alimlər nəşrin bəzi məqamlarında bir çox yanlışlıqlara yol verdikləri kimi, "Aq qızıdır bəg Bögrəgin dəngi" misrasını heç bir əsas olmadan məzmunsuz "Ağ Qovaq qız Yüri bəyin dəngi" şəklində mətnə daxil etmişlər.

"Hekayəti-Kərəm"də Kərəm ilə Sofinin Əsli sorağı ilə getdikləri yerlərdən biri də Rəvan şəhəridir. "Rəvan" toponimi əlyazmanın mətnində dilin orfoepik normalarına uyğun olaraq, fonetik hadisəyə məruz qalmadan, yəni sözün ilk hərfinin əvvəlinə sait artırılmadan yazılmışdır. Qeyd edək ki, "Rəvan" toponiminin bugünkü forması şifahi nitqdə olduğu kimi, yazıda da dilin orfoepiyasından irəli gələrək, "İrəvan"dır. Dastanın əlyazmasında bu toponim bir neçə dəfə işlənsə də, əsərin nəşrlərində, ümumiyyətlə Rəvanın adı belə çəkilmir. Bura onu da əlavə edək ki, toponimin "Rəvan" kimi işlənməsi dastanın bu variantının şifahi deyil, məhz yazılı şəkildə meydana gəldiyini sübut edir.

Dastanın əlyazmasında işlənən "Gürcüstan" toponimi isə nəşrdə "Hayastan"la əvəz olunmuşdur. Dastanın nəşrindəki həmin hissəyə diqqət yetirək. Kərəm bir qızın Əsliyə bənzədiyini görüb, Sofiyə üz tutaraq deyir ki, Sofi, dayan, bir qatar söz deyim, bu qız mənim Xan Əslimə bənzəyir:

 

Eşqin badəsini içdim,

Bulanıq çaylardan keçdim,

Bir qız gördüm, dərdə düşdüm,

Duruşu Əslimə bənzər.

 

Qız Kərəmə belə cavab verir:

 

Sözünü qanmışam əzəl,

Bağıma dəyməyib xəzəl,

Hayastana getdi gözəl,

Sənin Əslin mən deyiləm

 

[Az. dastanları, II c.,1966, 45].

 

Son bənd əlyazmada belədir:

Sözündən anladım əzəl,

Bağıma düşmüş xəzəl,

Gürcüstana getdi gözəl,

Sənin Əslin bən degiləm

 

[Hekayəti-Kərəm, 359a].

 

Əlyazmanın əlimizdə olması çox tutarlı dəlil-sübut olaraq bir daha təsdiq edir ki, "Gürcüstana getdi gözəl" misrası "Hayastana getdi gözəl" misrası ilə əvəzlənərək, dastanın nəşr variantına sonradan əlavə olunmuşdur. Burada yol verilmiş saxtakarlıq açıq-aydın göz qabağındadır. Qeyd edək ki, uzun illərdən bəri düşmən, nəinki yalnız torpaqlarımıza göz dikib, ələ keçirməyi düşünürmüş, həm də yazılı ədəbiyyatımıza, folklorumuza yersiz müdaxilələr etməklə, özünün də bu torpaqlarda qədim zamanlardan bəri varlığını, mövcud olduğunu göstərməyə çalışmışdır. Təəssüf ki, bu cür saxtakarlıqlar Bakıda sovet dövründə nəşr olunan kitablarda özümüzünkülərin əlilə icra olunmuşdur. Əlavə olaraq qeyd edək ki, "Əsli və Kərəm" dastanının kiril əlifbası ilə nəşrlərindən fərqli olaraq, müstəqillik dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli məlum Sərəncamından sonra dastan latın qrafikasında yenidən nəşr olunanda, görünür, həmin misra yeni nəşrə görə məsul olan redaktorun diqqətini cəlb etmiş, o da təəssübkeşlik göstərərək "Hayastana getdi gözəl" misrasını "Yad elinə getdi gözəl" misrası ilə əvəz etmişdir:

 

Sözümü qanmışam əzəl,

Bağıma dəyməyib xəzəl,

Yad elinə getdi gözəl,

Sənin Əslin mən deyiləm

 

[Az. dastanları, II c., 2005, 42].

 

"Hekayəti-Kərəm" yazılı dastan abidəsində yer alan və mübahisəyə səbəb olan epizodlardan biri də Əslinin daim əldə gəzdirib, dəsmal toxuduğu kərgəf aləti ilə bağlıdır. Dastandan aydın görünür ki, dəsmal toxumaq Əslinin ən sevimli peşəsidir. Nəşrdən fərqli olaraq, dastanın əlyazmasında mövzunun əsas elementlərindən biri olan dəsmal motivi barədə daha geniş surətdə söz açılır və Əslinin dəsmalın haşiyələrini əlvan, nəbati naxışlarla kərgəf alətində necə toxumasından bəhs olunur. Kərəm Əslinin yaylığı (dastanda dəsmal bəzən yaylıq, bəzən də çevrə adlandırılır) necə bəzəyib-toxumasını belə ifadə edir:

 

Bu yayluqı yar işləmiş,

Ətrafını naxışlamış,

Əslim bana bağışlamış,

Nə yapayım, yayluq, səni?

[Hekayəti-Kərəm, 369b].

 

Dəsmal dastanda qəhrəmanların bir-birini axtararkən tanımaqda başlıca nişanverici əlamətlərdən biri kimi iştirak edir. Kərəm çay kənarında bir qıza dəsmalını verib yumasını xahiş edərkən qız deyir ki, belə bir dəsmalı buradan keçən bir keşiş ilə qızı bizə hədiyyə etdi. Dastanın əlyazmasından aydın olur ki, Əsli dəsmal toxuyarkən kərgəf alətindən istifadə edir. Bir daha qeyd edək ki, kərgəf toxucu alətinin adı olub və bu məfhum leksik vahid kimi dildə artıq çoxdan unudulmuş, arxaikləşmişdir. Nəticədə, dastanı həm Türkiyədə nəşr edən, həm də Azərbaycanda nəşrə hazırlamaq təşəbbüsündə olan tədqiqatçılar sözü təhrif etmişlər. Əski anlamda "kərgəf" parça toxumaq üçün bir alətdir. Əsli kərgəfdə toxuduğu dəsmallardan birini də ilk görüşü zamanı Kərəmə hədiyyə edir.

Dastanın əlyazmasının əvvəlində nəql olunur ki, Əsli gecə ikən atası ilə Zəngidən köçüb gedəndən sonra, ondan yaşadığı evdə qalan naxışları hələ tamamlanmayan dəsmal, üstünü toz basmış kərgəf və "bəlli yarın kərgəfində əl yeri"dir [Hekayəti-Kərəm, 250a]. Kərəm dastan boyu Əslinin ilk görüşdə ona bağışladığı dəsmalı həmişə qoynunda gəzdirir və arabir bu dəsmal motivi dastanda xatırlanmaqla onun özünün kimliyini aşkara çıxarır. Dəsmal ilə bağlı daha bir epizodu Kərəmin diş çəkdirməsi zamanı görürük. Dastanın sonuna yaxın Kərəm Əslini görmək üçün dişini çəkdirmək bəhanəsilə onun yaşadığı evə gəlir. Əsli onu ilk anda tanımır. Ancaq anası Kərəmin dişini çəkdikdən sonra o, dəsmalını çıxarıb ağzının qanını siləndə Əsli onu tanıyır. Dəsmal motivi haqqında burada ətraflı məlumat verməkdə məqsədimiz budur ki, bu mövzu ilə bağlı işlənmiş "kərgəf" sözünün üzərində dayanıb, əsərin nəşrində yol verilmiş yanlışlığa aydınlıq gətirək. Çünki burada dəsmalın toxunduğu kərgəf alətinə diqqəti bir daha yönləndirməklə bildirmək istəyirik ki, "kərgəf" sözü dastanın nəşr variantlarında nədənsə, təhrif olunaraq "kəfən" kimi yazılmışdır:

 

Çağırıram gecə-gündüz mən Cəlil,

Üstümüzdə qadir mövlam həm dəlil,

Ağ kəfəni qəmli, iynəsi məlul,

Bəlli yarın kəfənində əl yeri

 

[Az.dastanları. II c., 1966, 18].

 

Bəndin son iki misrasına fikir verdikdə, "Ağ kəfəni qəmli", "iynəsi məlul", "kəfənində əl yeri" kimi söz birləşmələri arasında heç bir poetik və məntiqi əlaqəni, bağlılığı görmürük. Burada bir məzmunsuzluq vardır ki, şeirin bəndindən heç nə anlaşılmır.

 

Gələk, bəndin əlyazmasına:

Gecə-gündüz çağırıram, ya Cəlil,

Qadir mövlam üstümüzdə həm dəlil,

Kərgəfin örtmüş, ignəsi məlul,

Bəlli yarın kərgəfində əl yeri

 

[Hekayəti-Kərəm, 250a].

 

"Kərgəf" arxaikləşmiş türk sözü olub, bir daha xatırladırıq ki, mənası parça toxumaq üçün alət və yaxud toxuculuq sənəti mənasını bildirməsi haqqında qədim türk sözlərinə aid, mötəbər leksikoqrafik məxəzlərdə məlumat verilir. Mənbələrin bir neçəsini nəzərdən keçirək: 1) gergef - pəlüı [D.Maqazanik, 1945, 207]; 2) (qarqafğ) - vışivalğnoe remeslo [P.Üvetkov, 1902, 726]; 3) karqaf. (Osm.Z.) - prəlka, pəlğüı - der Webestuhl, Stick rahmen [V.Radlov, 1899, 1101]. Bütün bunlarla bərabər, onu da əlavə edək ki, alətin hansı funksiyanı yerinə yetirməsinə dair görkəmli rus dilçisi S.İ.Ojeqov belə şərh vermişdir: pəlğüı - pama dlə natəqivaniə tkani, na kotoroy vışivaöt (tarım çəkilmiş parçada naxış toxumaq üçün çərçivə) [Ojeqov, 2018, 953]. Çağdaş leksikoqrafik mənbələrimizdən yalnız "Rusca-Azərbaycanca" lüğətin ikinci cildində "pəlğüı" lekseminin sonu fərqlənməklə "kərgah" şəklində yazılmışdır [Russko-Azerbaydjanskiy slovarğ, 1975, 711]. Müxtəlif leksikoqrafik məxəzlərdən göründüyü kimi, "kərgəf" deyəndə, "tarım çəkilmiş parça üzərində əlvan rəngli saplarla naxışlar toxumaq üçün istifadə olunan çərçivə" nəzərdə tutulur. Nəhayət, dastanın əlyazmasından bir daha aydın olur ki, Kərəm Əslinin yaşadığı mənzilə gələndə görür ki, keşiş Əslini də götürüb, gecə ikən qaçıb və Əslidən sonra orada yalnız üstünü toz basmış və üzərində əl yeri (əl izi) olan kərgəfi qalmışdır.

Dastanın baş qəhrəmanlarından biri olan Əslinin əsil-nəcabəti, milli kimliyi oxucuları daim maraqlandırmış, eyni zamanda uzun müddət bu mövzu folklorşünaslığın da bir tədqiqat obyektinə çevrilmişdir. Bəlkə də, bu məsələyə milli, dini baxımdan nə vaxtsa heç o qədər də diqqət yetirilməmişdir. Ancaq son dövrlər millətlərarası münasibətlərin gərginləşdiyi mərhələdə Əsli ilə bağlı müxtəlif mübahisəli mülahizələr yaranmaqla ziddiyyətli fikirlər ortaya çıxmışdır. Son vaxtlar tədqiqatçılar belə qənaətə gəlirlər ki, Əslinin ermənilərə heç bir aidiyyəti yoxdur. O, xristian məzhəbli, türk əsilli alban qızıdır. Dastanın bizə gəlib çatmış əlimizdəki əlyazması mötəbər bir yazılı mənbə olduğu üçün məhz bəhs olunan məsələ ilə bağlı bəzi fikirləri qeyd etməyi vacib bilirik.

Dastanın əvvəlində İsfahan padşahı və onun xəzinədarı olan keşiş arasında Əsli ilə Kərəmin izdivacından söz düşəndə keşiş bunun dini ayrılığa görə baş tuta bilməyəcəyini bildirir. Keşiş bu söhbətdən sonra qızını da götürüb, diyarbədiyar gəzib Kərəmdən qaçır. Kərəm də sərasər yeddi il sevdiyi Əslinin ardına düşüb, onu axtarır və hər dəfə rast gəldikdə müsəlman olmağı təklif edir. Nəhayət, dastanın əlyazma variantında finala yaxın Kərəmin "Gəl, qız, müsəlman ol, qalma erməni" müraciətindən sonra Əsli İslamı qəbul edərək müsəlman olur:

 

Mədəd! Mədəd! Əslim, sənin əlindən,

Gəl, qız, müsəlman ol, qalma erməni!

Bənim bir dərdimi binə yetirdün,

Gəl, qız, müsəlman ol, qalma erməni!

 

Əl-ələ alayım şəhrə girəlim,

İncili, Fürqanı başa tutalım,

Hansı din həqq isə anatıyalım,

Gəl, qız, müsəlman ol, qalma erməni!..

 

[Hekayəti-Kərəm, 374a].

 

Qeyd edək ki, şeirdən də göründüyü kimi, Kərəm Əsliyə "müsəlman ol, qalma erməni" deməklə onu öz dininə, məzhəbinə dəvət edir. Aydın məsələdir ki, insanlara din-məzhəb seçməkdə qadağalar qoyulmur. Bu gün xristian olan, sabah müsəlman ola bilər və yaxud bu, əksinə də baş tuta bilər. Şeirdən də əyani olaraq göründüyü kimi, nəticədə Əsli ermənilikdən - xristianlıqdan imtina edib, müsəlmanlığı - İslamı qəbul edir. Burada Əslinin əsil-kökündən, milli kimliyindən və ondan imtina etməkdən söhbət belə getmir. O, dinayrı olduğu üçün İslama dəvət olunur. "Erməni" etnonimi şeirdə, ümumiyyətlə, dastan boyu dini mənsubluğu bildirmək mənasındadır. Məlumdur ki, insan milli kimliyini, ya da dilini dəyişə bilməz. O, yalnız bu və ya digər səbəblərdən, könüllü, ya da zor gücünə dini inancını dəyişmək məcburiyyətində qala bilər. Ona görə də, şeirdə müsəlmanlıq İslam dininə mənsubluğu bildirdiyi kimi, Əslinin də erməni olmağı onun xristian dinində olduğunu ifadə edir. Bu mənada, dastanda Əslinin dini mənsubluğu bəlli olduğu halda, etnik kimliyi məsələsi açıq şəkildə təzahür etmir. Burada belə bir müqayisə də apara bilərik: "Kitabi-Dədə Qorqud" eposunda Beyrəyi on altı ildən sonra əsirlikdən xilas edən kafir qızı da başqa dində, məzhəbdədir. Oğuzlarla qıpçakların arasında etnik, dil yaxınlığı olsa da, onlar dinayrı qardaşlardır. Bu dini ayrılıq onların mənsub olduğu tayfaların arasında daim didişmələrə, müharibələrə səbəb olur. "Hekayəti-Kərəm"də qəhrəmanların yalnız ayrı-ayrı dinlərə mənsub olmasından söhbət gedir. Dini ayrılığın Əsli ilə Kərəmin izdivacına əngəl olacağı dastanın hələ əvvəlində ortaya çıxanda, bundan çıxış yolu olaraq Kərəmin atası deyir ki, "müsəlman edərəm". Nəhayət, bu məsələ ilə bağlı onu da əlavə edək ki, dastanın Qayıbov əlyazmasının nəşr variantlarından ən mühüm, başlıca fərqləndirici məqamlarından biri - Əsli anadan olanda ona Məryəm deyil, türk adı - Qara Sultan adının verilməsidir.

"Hekayəti-Kərəm" yazılı dastan abidəsi özündə zəngin arxaik dil xüsusiyyətlərini qoruyub saxlayan, rəvan, aydın yazı dəst-xəttinə malik bir folklor mətni olaraq, Azərbaycan xalq ədəbiyyatının bizə gəlib çatmış ən nadir nümunələrindən biridir. Burada biz yazılı folklor əsərinin şifahi variantlarla yalnız bəzi fərqli məziyyətlərindən söz açdıq. Elə güman edirik ki, uzun illər əlyazma şəklində qalan bu əsərin mətninin nəşri oxucular üçün daha maraqlı olacaqdır.

 

Əli Məmmədbağıroğlu

 

Ədəbiyyat qəzeti  2024.- 29 iyun, №23-24.- S.22-23.