Rəfail İncəyurdun
"Bu da belə..." kitabı haqqında
İşıq
üzü görən ilk kitablarından indikinə qədər,
az qala, bütün yaradıcılığı ilə kifayət
qədər dərindən tanış olduğuma görə
heç bir tərəddüd etmədən deyə bilərəm
ki, Rəfail İncəyurdun son beş ildə qələmə
aldığı şeirlərdən ibarət bu kitabı həm
ideya-məzmun, həm də ifadə-üslub
axtarışları baxımından Azərbaycan
poeziyasının bugünkü imkanlarını
nümayiş etdirmək iqtidarındadır. Əlbəttə, söhbət
ondan getmir ki, "Bu da belə..."nin müəllifi bilavasitə
mövcud olmaqdan daha çox, sadəlövh nəzəri
iddialarla özünü təsdiq eləməyə son dərəcə
emosional cəhdlər göstərən, özündən (mətnindən)
daha çox adı olan poetik təmayüllərin əksəriyyətini
yaradıcılığında ehtiva edir, ilk növbədə,
ondan gedir ki, şairin əbədi mövzulara həsr
olunmuş, formaca ən tarixi-etnoqrafik koloritli şeirləri
belə, günümüzün insanının xarakterini,
ovqatını əks etdirmək mənasında olduqca
müasir səslənir. Və Rəfail İncəyurdun
şeirlərində ən azı dörd ideya-estetik istiqamətin
bir-biri ilə qarşılıqlı əlaqədə təzahürünü
müşahidə etməmək mümkün deyil ki, onlardan
birincisi, əgər belə adlandırmaq olarsa, neosufizmdir.
Şair özünü dədələrin, ərənlərin,
piranların bilavasitə varisi sayır və bu yarımistik
duyğu ona ruh verir, onu ilhamlandırır, arxasında
çox zəngin bir irsin dayandığını
düşünüb sözünü daha inamla, daha cəsarətlə
(və ərklə!) deyir:
Qibləgahım,
ulum, ucam,
Əmanətdi
yollar, Xocam!
Yox
körpü, yox addamacam,
Hər kəs məndən
keçə bilməz.
Varam Olum
həvəsində,
Ruhum
İmrə nəfəsində,
Yol gedir
can qəfəsində,
Gündüz bilməz, gecə bilməz.
Qadir
Allah, o Bir Allah,
Bölənləri
bölür Allah...
İncəyurdu
bilir Allah -
Aşiqləri necə bilməz?!
Heç
şübhəsiz, sufizm özünün müxtəlif
üslub təzahürlərində Azərbaycan poeziyası
üçün çoxdan keçilmiş mərhələdir,
ancaq mənbəyini xalq-aşıq şeirindən alan neosufizmin bir istiqamət, hətta ədəbi
cərəyan kimi müasirliyi göz qabağındadır. Və
onun bir üstünlüyü də odur ki, sovet dövründə
ideoloji təzyiqlə etnik-mədəni yaddaşdan
silinmiş zəngin tarixi irsi - Yasəviləri, Yunus Əmrələri
zərrə-zərrə xalqa qaytarır. Doğrudur, bəzilərinin
düşündüyünün əksinə olaraq, burada hər
hansı mükəmməl (və perspektivli) bir nəzəri-fəlsəfi
sistem axtarışından danışmaq üçün elə
bir əsas yoxdur, ancaq sufizmin etik-estetik imkanlarının
tamamilə tükəndiyini (və neosufizmin ədəbiyyatda
yalnız "quru bir səs" olduğunu) düşünmək
də həqiqətdən uzaqdır...
Rəfail
İncəyurdun şeirlərində ikinci ideya-estetik istiqamət
etnoqrafizmdir: dünyaya gəldiyi Kəmərli kəndindən,
İncə dərəsindən başlayan bu etnoqrafizm sadəcə,
yurd, el-oba təəssüratlarıyla yekunlaşmayıb,
çox geniş bir coğrafi miqyas alır. Ancaq
çıxış (və istinad) nöqtəsi yenə də
İncə dərəsidir:
O
dağın döşündə, gömgöy talada,
ala
kölgəsində yemşan
kolunun
kimdi
dirsəklənib yola boylanan?
Deyəsən,
onu da yorub kərənti,
Deyəsən, gecikir kimsə arannan.
...Bu nə
şayırrama, nə gurhagurdu?
Elə
bil beyqafıl dolan buludun
dəhnəsi qırılıb
şaqqanax çəkir.
Sanki onnar
üçün carranır leysan,
İlahi,
ağaclar nə gözəl çimir!
...Vəsfinə
çatmasa sözün qüdrəti -
O
hüsnü bu qəlbə yığmaqdan ötrü, -
səni
görəsiyəm, səni görəsi!
Bu, yaz
tablosudu sənsizliklərin, -
Necəsən, gözəlim İncə dərəsi?!
İncə
dərəsi yalnız dağ-daş, çayır-çəmən,
bağ-bağat, bulaq-çay deyil; İncə dərəsi qədim bir yurd yeri, mədəni-mənəvi
məkan, dədə-babaların müqəddəs
ruhlarının heç vaxt tərk
etmədiyi səcdəgahdı. Və Rəfail İncəyurdun
yurda bağlılığının ən həssas məqamlarından
biri də özünü daim İncəli söz
adamlarının əhatəsində, "mühit"ində
hiss (və dərk!) eləməsidir ki, bu stixiya onun
etnoqrafizmini daha da canlandırır, şəxsləndirir, hətta
intellektuallaşdırır:
Aslan
torpaq sevgisinə soyrulub,
Ağamalı
qınından tez
sıyrılıb,
Məmməd
İlqar yaddaşından ayrılıb,
Akif gedib,
Məmməd gedib... Öndə - sən,
Can, ay
şair, nə halda, nə gündəsən?!
Qoy
qazaxlı saf qəlbinə qul olsun,
Mahmud,
Avdı, Mübariz... düz yol olsun,
İbrahimin
haqq ödülü bol olsun...
Bəs niyə sən onlardan gendəsən?
Can, ay
şair, nə halda, nə gündəsən?!
...Verəmmədi
saf könüllər burda boy,
Gəl əlinin arxasını yerə qoy.
Olammazsan
bu şəhərdə "delavoy", -
Bir
kümə qur, baş götür qaç kəndə sən,
Can, ay
şair, nə halda, nə gündəsən?!
Özünü
İncə dərəsi "mühiti"nin,
cəmiyyətinin mütəvazö bir üzvü saymaqla fəxr
eləsə də, şeirdən göründüyü kimi,
şairin qüruru, iddiası elə də kiçik deyil. Və
bu, Rəfail İncəyurdun sadəcə, subyektiv istəklərindən,
yaşantılarından irəli gəlmir, həm də
mənsub olduğu
etnoqrafik-intellektual (yaradıcı!) mühitin xarakterinin ifadəsidir...
Bir kümə qurub kəndə qayıtmaq məsələsinə
gəldikdə isə, bizə elə gəlir ki, bu, ciddi söhbət
deyil, etnoqrafik həssaslığı olan şairin
başındakı "kənd havası"dır ki, hərdən
gəlib-gedir. Və əgər belə demək
mümkünsə, bir növ, təskinlik, daha doğrusu, təskinliyin
özünəməxsus obrazıdır ki, onun poetik təhkiyəsinə
xəfif bir idilliya (və ya estetik sərinlik!) gətirir.
İllərlə
yaşadığı, uğurları, yüksəlişi
üçün minnətdar
olduğu şəhəri bəzən atıb
üzünü kəndə tutmaq istəsə də,
şeirlərinin ümumi ideya-məzmunu bütün
aydınlığı ilə diqtə edir ki, onu artıq kənddə
də gözləmirlər,
yaxud başqa sözlə, onun qoyub gəldiyi kənd də
artıq o kənd deyil... Bununla belə, Kəmərlinin,
İncə dərəsinin etnoqrafik ab-havası, yəqin ki, Rəfail
İncəyurdun
ruhundan, yaddaşından (və poeziyasından)
heç vaxt çıxmayacaq, o, zaman-zaman bu şirin "kəndə
qayıtmaq" illüziyasından ləzzət alacaq.
Şairin
şeirlərində etnoqrafizmin
ifadə-üslub baxımından ən mühüm göstəricilərindən
biri ekzotik və ya məhəlli leksikadır ki, buraya
aşağıdakılar daxildir: süyüşmək,
zinrik, itik, çığnamaq, düymək, dişəmək
(kərəntini), yığval, irdələmək, uralanmaq, döşürmək,
höləki, addamac, şırvanmaq, tüyünmək,
hürsümək, yanımaq, öləş, kümə, oysanmaq, sıxvarılmaq, görənək,
höyüş, şitəngi, carradan, dönəlgə, bələnmək,
idim, çəkərək və s.
Məsələ
təkcə onda deyil ki, şair bu sözləri bol-bol şeirə
gətirir, maraqlı (və mühüm) olan odur ki, həmin leksikon hansısa
"dialektoloji praktika"da yığılmayıb, onlar
şairin etnolinqvistik təfəkkürünün üzvi tərkib
hissələridir, şeirlərinə
də məhz buradan gəldiyinə görə çox elastik
işlənmə maneraları ilə yanaşı, təsirli
məna çalarlarına malikdir.
Rəfail
İncəyurdun şeirlərində üçüncü
ideya-məzmun istiqaməti türkçülük -
turançılıqdır ki, keçən əsrin sonlarından etibarən
Azərbaycan ictimai fikrində nəinki öz layiqli yerini
tutmuş, eyni zamanda xüsusilə ədəbiyyatın sayəsində bir xeyli dərəcədə romantik
vüsət qazanmışdır. Əlbəttə, bir mənbədən
törəmiş türk xalqları, ədəbiyyatları,
dilləri arasındakı əlaqələrin müəyyən imperialist-müstəmləkəçi
məqsədlərlə son dərəcə məhdudlaşması milli bir fəlakət
idi. Artıq neçə illərdir ki, bu məhrumiyyət aradan qalxmış, müstəqilliyini əldə
edən əsas türk xalqları arasında ardıcıl, hərtərəfli
inteqrasiya prosesləri sürət
almışdır. Lakin təəssüf ki, hər cür
eyforiyada olduğu kimi, türklük-turanlıq eyforiyası da
ictimai düşüncədə müəyyən əqli-zehni ziddiyyətlərə
gətirib çıxarır...
Türk-Turan inteqrasiyasına münasibətindəki səmimilik
heç bir şübhə doğurmayan Rəfail İncəyurd
şeirlərindən birində deyir:
Dərdi
dərin olur eşqi ucanın,
Əsarət altında ötürdük dili.
Etnosa
"can" deyən Azərbaycanın
Dili
Türk dilidi - qədim Türk dili!
...Doğudan
Batıya ayrı düşsə də,
Qədim
Türküstanın özü buradı.
Sərhəddi
kiçilib çox dəyişsə də,
Türkün saf yerinin gözü buradı.
...Aslan da
uduzar tənhasa, təksə,
Niyə təklənirsən, nədi məqsədin?
Əgər
"iki dövlət, bir millət"iksə,
Dili də
bir olsun eyni millətin!
Əvvəla,
"bir millət, iki dövlət" (artıq "bir millət,
beş dövlət"!) ifadəsi siyasi bir metaforadır. Və
burada söhbət millətdən və dövlətdən
gedir, dildən yox... İkincisi, ən geci orta əsrlərin
sonu, yeni dövrün əvvəllərindən müxtəlif
türk dilləri mövcuddur ki, onların biri bizim
şairimizin də yazdığı Azərbaycan dilidir. Və belə
bir dilin mövcudluğu nə türk (Türkiyə türkcəsi),
nə türkmən, nə də digər türk dillərinin
müstəqilliyinə kölgə salmır...
Üçüncüsü isə, Azərbaycan şairi hissə
qapılıb öz dilini "qədim Türk dili", öz
yurdunu "qədim Türküstan", "türkün saf
yeri" adlandırmamışdan əvvəl
düşünməlidir ki, bu, türk həmrəyliyinin
xeyrinədir, ya ziyanına...
Türkçülük-turançılıq
ideyasının məqsədi türk xalqlarının dil
birliyi yox, çoxdan gözlənilən mədəni-mənəvi,
iqtisadi və siyasi dilbirliyidir...
Rəfail
İncəyurdun
şeirlərində (və ümumən
yaradıcılığında) neosufizm, etnoqrafizm və
türklük-turançılıqla yanaşı,
sözün geniş mənasında, bir publisistik ruh var ki, onu əvvəlki
ideya-estetik istiqamətlərin "metafizika"sından
qoruyur. Və hərdən
mənə elə gəlir ki, bu sonuncu istiqamət xüsusi
bir mahiyyət halını alaraq şairin düşüncə
(və hissiyyatlarının) yönəldiyi müxtəlif
istiqamətləri idarə edən son dərəcə real, təmkinli,
mühafizəkar (və strateji!) sosial-ədəbi hadisədir.
Burada uşaqlığın unudulmaz xatirələri,
gəncliyin xəyalları, ailə-məişət
qayğıları, ata-anaya hörmət - ehtiram, övladlara
qayğı - kömək motivləri, heç şübhəsiz,
birinci yerdədir. Sonra qocalıq gəlir.
Və yetmiş yaşına yenicə çatsa
da, Rəfail İncəyurd qocalıqdan elə
danışır ki, buna xalq dilində "qabaqdangəlmişlik"
deyirlər.
Hər nə qədər hər şeyi subyektiv, ailə-məişət
qayğıları zəminində hiss (və dərk!) etməyə
meyilli olsa da, şairin, məsələn, pandemiyaya, ölkəmizin
ərazi bütövlüyü uğrunda mübarizəyə
(və tarixi Zəfərə!) həsr olunmuş şeirləri
ürəkdən (və həqiqi bir şair istedadı ilə!)
qələmə alınmışdır. Məsələn,
adının Şuşa səfərinə gedən
yazıçıların siyahısına salınmaması,
Vaqifin ziyarətinə gedə bilməməsi barədə bəhs
edən şeirləri o qədər təsirli, şairin Vaqif
(və Şuşa) məhəbbətini əks etdirmək
baxımından o qədər səciyyəvidir
ki, bəlkə də, haqlı olaraq qəzəbləndiyi həmin
siyahıya salınsaydı, belə gözəl əsərlər
yaranmazdı.
Rəfail
İncəyurdun dövrdən, zəmanədən şikayətləri
klassik sələflərinin əsr-əsr təqdim etdikləri
standartların (və
stereotiplərin) səciyyəvi davamıdır. Və bu halda da onun gücü mövqeyini, ilk
növbədə, sözdə təzahür edən "mənalar
mənzərəsi"nə müraciət eləməkdə
tapır. Dilin etnoqrafik köklərindən boy atıb
öz poetik leksikonunun əsaslarını formalaşdıran
şair eyni həssaslıq, publisistik realistliklə ideya-estetik
baxımdan fərqli bir leksik layı da şeirə gətirir:
"pas", limit, qlobal, mandat, milyon, milyoner, bumeranq, sayt,
virus, tunel, labirint, pandemiya, karona, estafet, "kruq", mer,
ofis, eskalator, jest, "putka", biznes, diktor, komandan,
sürpriz, rejim, masqa, virtual, robotlaşma, akt, kapital, bankir,
"delavoy" və s.
Kim bu
sözlərə şairin dilinin adi üslub əlaməti
kimi baxırsa, çox böyük səhv eləyir - bu, dilin
yox, şairin bədii təfəkkürünün
üslubudur, onun ətrafında baş verən sosial proseslərə
reaksiyası kristallaşmış şəkildə məhz
bu sözlərdə, bəlkə də, daha çox cəmiyyətimizin
həmin sözlərə verdiyi məna nüanslarının
çeşidlənərək şeirə gətirilməsində
əks olunur.
Demək olar ki, bütün incəli şairlərin
poetik yaradıcılığında ideya-məzmunla ifadə-üslub
arasında ikincisinin xeyrinə elə bir təbii əlaqə
var ki, bir çox hallarda ideya-məzmun öz
funksiyasını məhz formaya güzəştə gedir. Fonetik, leksik və qrammatik təkrarların
bütöv bir sistemini özündə cəmləyən Rəfail
İncəyurd şeirinin dili xalq dilinin müasir poeziyaya təsir
gücünün heç vaxt azalmayacağına ən
etibarlı sübutlardan biridir: Köylünün də
köy öyü var... Mən də Kəmərliyəm, sən
də Kəmərli; Yarı o tayda, yarı bu tayda... Dünya
evimizdi, ay ev yiyəsi, Ev-eşik bu qədər zay olarmı
heç?.. Bu dünyanın gedişatı
bilinmir, Heç bilmirəm kiməm, kimdən qorxuram...
Çox can atır, çöl adamı çöllüyə...
Hər şeyi Allahın boynuna qoyan öləşi əyənlər
düz əydi, dostum... Əzəl başdan kəsməyə
baş axtarır Baş sındıran baş ofisi
dünyanın... Büründükcə düz donuna əyrilər
Düz də düşür adamların gözündən...
Yağmalı yağışlar hələ ki yağmır...
Baş verənlər başa gəlsə, baş
sındırma, boş ver, getsin... Kimiydi? Kim olasıydı? Kim elədin, zalım fələk...
Şairin
poetik təkrarlarının ifadə-üslub
hüdudlarını aşıb, bilavasitə məzmun-mündərəcəyə
təsir göstərməsinin bir faktı da bu və ya digər
ovqatı bu yolla təlqin etməsidir:
Ya
bürküdə, ya boranda,
Yorğun-yorğun
yol yoranda,
Dırnaq
ilə ev quranda
Zülümdü, ancaq gözəldi.
Nazlı
xanım, igid ərən,
Piran olub
zaman görən,
Nəfəsi
süd ətri verən
Bələkli uşaq gözəldi.
Ay İncəyurd,
sınma, düzəl,
Əzəl sondu, hər son əzəl.
Yenə həyat
eşqi gözəl,
Yenə yaşamaq gözəldi.
...Gözəldi,
vallah, gözəldi!
Rəfail İncəyurdun maraqlı janr eksperimentləri
barədə danışmamaq olmaz. Və bu eksperimentlərin
meydanı, əslində, xeyli genişdir. Xüsusilə
cinas (təcnis) yaratmaq məharəti diqqəti cəlb etsə
də, bunun üzərində ona görə dayanmaq istəmirəm
ki, incəli şairlərin əksəriyyəti
üçün səciyyəvidir. Ancaq
onun yaratdığı şeirli-nəsrli mətnlər (məsələn,
"Essevari ağır şeir", Səməd Vurğunun
ruhunu incidənlərə müraciətən deyilmiş
"Yetər!" şeiri, "Sərbəst (sərməst)"
şeiri və s.) bu qəbildəndir. Həmin mətnlərdə
müəllif poetik dilin yeni laylarını
açmağın uğurlu cəhdlərini nümayiş
etdirir... Bütün yumoristik tərəflərilə
yanaşı, bütövlükdə də maraq doğuran
daha bir eksperiment isə Şair Moşunun "xoşbaxtlıq"
sözünə axtardığı qafiyəni (əslində,
qafiyələri) tapmasıdır:
Kim nə
deyir, desin, neynək, deyir də,
Hamı gərək Qıratını səyirdə?
Şair
Moşu, öz hökmü var, şeiridə
Hər şairin bir sultanlıq, bir taxtlıq.
... Bir incəli
dərin fikrə qapıldı,
Kim deyir ki, söz açılmır, qıfıldı?
Gözün
aydın qafiyəsi tapıldı -
Qismət oldu bu qoşmaya "xoşbaxtlıq".
Görürsənmi,
gəlib çıxdı bir yiyən,
"Millət", "narod" sözlərinə
söz deyən.
İndi gərək
təsdiqlənə mən deyən -
İşimiz var bir yığnaqlıq, bir aktlıq.
Rəfail
İncəyurdun əvvəlki kitabları da onun poetik
istedadının imkanlarını göstərirdi, barəsində
söhbət açdığımız hazırkı
kitabı isə şairin yaradıcılığının keyfiyyətcə yeni
dövrə daxil olduğunu təsdiq edir.
Nizami Cəfərov
Ədəbiyyat qəzeti 2024.- 29 iyun, ¹23-24.- S.24-25.