Ümumtürk kontekstinin
türksoylu dövlətlərin ədəbiyyatına təsiri
məsələsi
Müasir
dövrdə türk dövlətləri arasındakı əlaqələrin
və münasibətlərin inkişaf dinamikasını izləsək,
görərik ki, müstəqil türk dövlətlərinin
başçıları türk xalqları arasında əlaqələrin
genişlənməsinə, ölkələrarası münasibətlərin
müsbət yöndə inkişaf etdirilməsinə
xüsusi diqqət və qayğı göstərməkdədirlər.
Son
dövrlərdə türk dövlətləri arasında mədəni
əlaqələrin genişlənməsi istiqamətində
atılan addımlar da özünü ən geniş şəkildə
elm, ədəbiyyat sahəsində göstərir. Belə ki, müxtəlif
türk ədiblərinin əsərlərinin digər türk
dillərinə tərcüməsi, ümumtürk ədəbiyyatının
müxtəlif türk dövlətlərinin ədəbiyyatında
təzahürü məsəllərinə həsr olunmuş
tədqiqat işlərinin aparılması, qardaş
xalqların ədəbiyyatının köklü şəkildə
araşdırılması, elmi işlərin yazılması və
s. proseslər dediklərimizin əyani sübutu ola
bilər.
Xüsusilə, sovet hakimiyyətinin parçalanması
ilə 1990-cı illərin əvvəllərində Azərbaycan,
Qazaxıstan, Özbəkistan, Qırğızıstan,
Türkmənistanın müstəqillik qazanması, 1923-cü
ildən öz müstəqilliyini elan edərək sürətli
inkişaf yoluna qədəm qoyan Türkiyənin fəaliyyəti
türksoylu xalqlar arasında hərtərəfli əlaqələrin
genişlənməsinə şərait yaratmışdır. Onu da qeyd etmək
lazımdır ki, həmin müstəqil dövlətlərin
bir-birinin tarixini və ədəbiyyatını tədqiq etmək,
onları ümumtürk ədəbiyyatı fonunda dəyərləndirmək
həyata keçirilən tədbirlər planının əsasını
təşkil edən məsələlərdəndir.
Təməli
hələ Ümummilli Lider Heydər Əliyevin "Kitabi-Dədə
Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə
bağlı Sərəncamının verilməsi və
dastanın ümumtürk abidəsi elan olunması ilə
atılan türkçülük ideyalarının təbliği
məsələsi eyni zamanda bütün dünyaya
türkün gücünün, humanizminin, sədaqətinin,
dostluğunun, vətənpərvərliyinin nümayişi
idi.
Hazırda türk dövlətlərinin, xüsusilə,
müstəqil dövlət quruculuğuna malik olmayan, Rusiya və
Çinin tabeliyində muxtariyyətlərini əldə etməyi
bacaran türk dövlətlərinin ədəbiyyatı tədqiqata
cəlb olunması mühüm məsələlərdən
biridir.
Fikrimizcə, bu istiqamətdə tədqiqat işlərinin
aparılması türksoylu xalqların zəngin ədəbiyyatının
müəyyən dərəcədə
araşdırılmasına, onların tarixinin öyrənilməsinə
və müasir dövrdə qarşılıqlı şəkildə
inkişaf etdirilməsinə kömək edəcəkdir.
Azərbaycan ədəbiyyatı tarixində kifayət qədər
çox tədqiq olunan mövzulardan biri də Türk
xalqlarının ədəbiyyatı, fərqli türk kökənli
soyların ümumtürk kontekstində yeri, mövqeyi
mövzusudur.
Qədim tarixə və ənənələrə
malik olan türk qövmünün ədəbiyyatı əslində
sonu bilinməyən xəzinədir. Bu xəzinənin
araşdırılması və müxtəlifyönümlü
tədqiqatlara cəlb olunması həm bu xalqların qədim
tarixini, dövlətçilik ənənələrini, həm
mədəniyyətini, milli xüsusiyyətlərini, dünya
tarixindəki rolunu müəyyənləşdirir, digər
millətlərdə türklər haqqında olan fikirlərini
aydınlaşdırır.
Bəşəriyyət
tarixində yaşayan ilk türklərin tarixi kökləri təqribən
5000 il əvvəl tarixin ən qaranlıq
səhifələrində özünü göstərməkdədir.
Türk xalqlarının ilk vətəni isə Orta Asiya ərazisi
hesab olunmasına baxmayaraq, hazırda türk xalqları ən əlverişli-coğrafi
mövqeyə malik olan ərazilərdə - "Ön Asiya, Mərkəzi Asiya,
Qafqaz regionları, Kiçik Asiya yarımadası, Sayan-Altay
dağlarının şimal-qərb bölgəsi, Talas vadisi,
Ordos vilayəti, Orxon-Yenisey ətrafı ərazilərdə,
Urmiya gölü hövzəsi, Qara dəniz sahili ərazilərində
məskunlaşmışlar".
Ulu
türk qövmünün yayılma arealı Asiya və
Avropanın da az bir hissəsi
olmağına baxmayaraq, mədəniyyəti və ədəbiyyatı
bütün dünya xalqlarının mədəniyyətinə,
incəsənətinə təsir etmişdir. Elə
bu səbəbdən də Türk xalqalarının ədəbiyyatını
dünya ədəbiyyatının bir hissəsi kimi, dünya ədəbiyyatını
isə ümumtürk ədəbiyyatı fonunda
araşdırmaq və təhlil etmək daha maraqlı tədqiqatların
meydana çıxmasına rəvac vermişdir.
Azərbaycan ədəbiyyat tarixinə nəzər
salsaq, görərik ki, türk xalqlarının ədəbiyyatı
ilə qarşılıqlı əlaqələr hələ
orta əsrlərdə özünü göstərsə də,
bu məsələ hələ qədim dövrlərdəki
proseslərin nəticəsi idi. Belə ki, sadəcə
bir çox türk xalqlarının folklorunu tutuşdurmaq bu
qövmün bütövlükdə eyni qədim toplumdan
törəməsini deməyə əsas verir. Bədii ədəbiyyat, daha dəqiqi folklor hər
bir xalqın pünhan olan xüsusiyyətlərini bəlli edən
əsas qaynaqdır desək, hər halda yanılmarıq.
Qeyd etmək
lazımdır ki, XX əsrin sonlarından başlayaraq türk ölkələrinin və
xalqlarının tarixi və mədəniyyətinin
araşdırılması məsələsi daha prioritet məsələyə
çevirilmişdir. Türklər və tarixi
haqqında məlumatlar, Bizans, Çin, İran, ərəb və
hind qaynaqlarında öyrənilməktədir. Türklərin öz qaynaqlarının böyük
bir qismi Monqol işğalları əsnasında yox
olmuşdur. Bir qismi də hələ də
ortaya çıxarılmamışdır.
Hazırda
Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan,
Türkmənistan, Qırğızıstan kimi 6 müstəqil,
Şimali Kipr Türk Respublikası de-fakto müstəqil,
Sincan-Uyğur, Başqırdıstan, Tatarıstan, İli-Qazax
Muxtar dairəsi, Krım Muxtar Respublikası, Qaraqalpaqıstan,
Çuvaşıstan, Saxa, Kabarda-Balkariya, Xakasiya,
Qızılsu-Qırğız Muxtar dairəsi,
Qaraçay-Çərkəz, Naxçıvan, Tuva, Altay,
Qaqauziya, Taymır-Dolqan-Nenes rayonu kimi muxtar respublikalar və ərazilər
bütövlükdə qədim türk ulusunun
soy-kökündən gələn nəsillərin,
xalqların yaratdığı dövlət və ya dövlət
birlikləridir. Yuxarıdakı siyahıdan da
göründüyü kimi muxtariyyət şəraitində
yaşayan türk toplumlarının əksəriyyəti
Rusiya və Çinin
tərkibindədir. Bu isə onu deməyə əsas
verir ki, sözü gedən xalqların mədəniyyətinə,
tarixinə, düşüncə tərzinə və
dolayısı ilə ədəbiyyatına başqa ölkələrin
təsiri və təzyiqi az
olmamışdır. Təbii ki, müstəqil şəkildə
türklüyü və türkçülük
ideyalarının təbliğatını aparmaq, soy-kökdən
qaynaqlanan qədim ümumtürk mədəniyyətini ictimaiyyətə
aşılamaqda müəyyən hüdudlara, çərçivəyə
sığdırılan türk qövmləri hətta bəzi
hallarda daha ağır şiddətə, etnik təcavüzlərə
də məruz qalmaqdadırlar. Lakin bu sahədə aparılan işlər müstəqilliyini
əldə etmiş türk kökənli ölkələrdə
daha da qənaətbəxşdir.
Bildiyimiz
kimi, türk xalqlarının ortaq dastanlarının -
"Alpamış", "Ergenokan", "Törəyiş",
"Köç", "Oğuz Kağan", "Kitabi-Dədə
Qorqud", "Koroğlu" və s. kimi folklor nümunələrinin mövcud olması tarixən eyni
kökdən törəmiş ayrı-ayrı qolların
bir-biri ilə mədəni, tarixi əlaqələrinin davam
etməsinin bariz nümunəsi idi. Lakin onu da qeyd etmək
lazımdır ki, türk xalqları əsrlər boyu davam edən
güclü dövlətçilik ənənələrinin
daxili və xarici səbəblər nəticəsində zəifləməsindən
sonra zaman-zaman müxtəlif xalqların, dövlətlərin
vassallığını qəbul etməyə də məcbur
olmuşlar. Hətta bəzən yalnış
olsa da, daxili müdaxilələrin və xəyanətin
öhdəsindən gəlmək üçün
qeyri-türk kökənli toplumlarla birləşmiş,
mübarizə aparmışlar. Nümunə
üçün XIX əsrin müxtəlif dövrlərində
juzların - qazaxların digərləri üzərində
üstünlük əldə etmək istəyi nəticəsində
ruslarla, çinlə, monqollarla və hətta vəhşi
köçəri tayfalar hesab olunan juanjuanlarla
ittifaqlarını, yaxud Azərbaycanda xanlıqlar dövründə
bəzi xanlıqların rus və iran meyilliliyini xatırlatmaq
kifayətdir.
Orta əsrlərdə
qərbdə qüdrətli iki türk dövlətinin -
Osmanlı və Səfəvi dövlətlərinin hakimiyyətinin
qüdrətli vaxtlarında şərqdə yaşayan
türk toplumları rusların, çinlilərin,
monqolların siyasi hiylələrinin qurbanına
çevirilirdi. Çar Rusiyası tarixi ideyasını - " parçala və hökm sür"
ideyasını əsas götürərək azsaylı və lidersiz qalan türk
tayfalarını özünə birləşdirirdi.
Lakin bütün bunlara baxmayaraq, müxtəlif türk
xalqlarının ən qüdrətli siyasi liderləri sayəsində
türklər Böyük Turan ideyasını zaman-zaman
gündəm mövzusu etməyi də bacarmışlar. Təbii ki,
haqqında danışdığımız türk
xalqları arasındakı ədəbi-mədəni əlaqələr
məsələsi etnosun yayılma arealından da asılı
olaraq dəyişir. Elmi araşdırmalar
zamanı tədqiq ediləcək əsas maraqlı məsələlərdən
biri də ərazi baxımından bir-birindən uzaq olan
türk qövmlərinin ədəbiyyatının ortaq
mövzuları və ya detalların nə dərəcədə
olmasıdır.
Müstəmləkə şəraitində yaşayan
xalqın vəziyyəti bizə bəllidir. Çar Rusiyasının Azərbaycan
xalqını tabeliyində olduğu müddətcə etnik,
milli və dini ayrı seçkiliyə məruz qoyması,
sovet imperiyasının isə köklü şəkildə
yadlaşdırma, tariximizdən, soy - kökümüzdən,
milli mənsubiyyətimizdən, dilimizdən, dinimizdən
uzaqlaşdırma siyasəti yuxarıda haqqında
danışdığımız müstəmləkə siyasətinin
iç üzünü açmağa kifayət edir. Odur ki, türk xalqlarının əksəriyyətinin
hələ də dünyaya hegemonluq etmək iddiasını
yeritməyə çalışan, dünyada ən
böyük əraziyə sahib olan dövlət olmasına
baxmayaraq, hələ də qonşu ölkələrdə
gözü olan, bütün siyasi münaqişələrdə
bu və ya başqa şəkildə müdaxiləsi ilə
diqqət çəkən böyük ölkələrin təbəəliyində
olması heç də ürəkaçan məqam deyildir.
Eyni zamanda dünya tarixində təbəəliyində
yaşayan xalqlara qarşı, xüsusilə, uyğur
türklərinə qarşı qatı münasibəti ilə
seçilən ÇXR-nin tərkibində muxtariyyət
qazanan türk xalqlarının çox ağır şərtlərdə
yaşaması diqqətdən kənarda qalan məsələ
deyildir.
Beləliklə,
ərazi baxımından qruplaşmadan başqa muxtar respublika
kimi digər dövlətlərin tərkibində mövcud
olan türk dövlətlərini belə qruplaşdırmaq
olar:
1.
Rusiyanın tərkibində: Başqırdıstan,
Tatarıstan, Krım Muxtar Respublikası ,
Çuvaşıstan, Saxa, Kabarda-Balkariya, Xakasiya,
Qaraçay-Çərkəz, Tuva, Altay, Qaqauziya,
Taymır-Dolqan-Nenes rayonu,
2.
Çin və Monqolustanın tərkibində: Sincan-Uyğur,
İli-Qazax Muxtar dairəsi, Qızılsu-Qırğız
Muxtar dairəsi,
3.
Türk ölkələrinin tərkibində:
Qaraqalpaqıstan, Naxçıvan.
Ümumtürk
kontekstinin türksoylu dövlətlərin ədəbiyyatına
təsiri məsələsi ərazi baxımından təhlil
olunduğu kimi, müxtəlif siyasi, dini rəhbərliyin
tabeliyində olmasının da fərqli təsirləri məsələsi
hazırda araşdırılması mühüm olan məsələlərdəndir.
Belə ki, ən əsas məsələ olan
dini və irqi məsələlər müstəmləkə
xalqların tarixində, məişətində, mədəniyyətində
və təbii ki, birbaşa ədəbiyyatında
özünü göstərməkdədir. Yuxarıdakı qruplaşdırmadan da aydın
olduğu kimi, muxtariyyət əldə etmiş türksoylu
xalqların yaratdığı dövlətlər daha
çox Rusiya Federasiyasının ərazisindədir. Məhz bu səbəbdən də ən əsas məqamlardan
biri dil məsələsidir. Məsələn, tarixi
baxımından ən qədim türk xalqlarından biri olan,
Ural dağlarının ərazisində, əsasən də cənub
hissələrində hələ Paleolit dövründən məskunlaşmaları
haqqında mənbələrdə məlumat olan, VII əsrdən
adları qaynaqlarda çəkilən başqırdların
1992-ci ildə muxtariyyət alaraq Rusiya tarixində ilk muxtar
respublika olan Başqırdıstan Respublikasının iki
dövlət dilindən birinin rus dilinin olması heç də
təsadüfi deyil. Ədəbiyyatla
yanaşı teatr, publisistikanın da əsas dili rus dilidir.
Bu hal yalnız sözügedən xalqın ədəbiyyatında
iz qoymamışdır.
XX əsrin əvvəllərindən başlayaraq əsərlərdə
milli məfkurə məsələləri daha qabarıq şəkildə
təzahür etməyə başladı. Sovet hakimiyyəti
illərində yenidən bütün türk
xalqlarının ədəbiyyatında olduğu kimi,
başqırd ədəbiyyatında da buxovlar özünü
göstərməyə başladı.
Çin əsarətində qalan Uyğur dövlətinin
də ədəbiyyatı çar və ya sovet rejimindən
heç də geri qalmırdı. Baş verən siyasi
proseslər digər türk xalqlarının ədəbiyyatında
olduğu kimi, uyğur ədəbiyyatında fərqli
mövzuları ana mövzuya çevirirdi. Belə ki, əsrin əvvəllərində
azadlığı nur, işıq kimi vəsf edən, vətənpərvərlik
ideyalarını əks etdirən əsərlər yazmağa
başlayan uyğur yazarları, çində baş verən
siyasi məsələlərin nəticəsində ciddi
müstəmləkəçilik siyasətinin qurbanına
çevirilirlər.
Bu kimi məqamların demək olar ki, bütün digər
türk xalqlarının ədəbiyyatında müşahidə
etmək onların bədii ədəbiyyatının əlaqələrini
bir daha göstərən nüanslardandır.
Aytən Qurbanova
Ədəbiyyat qəzeti 2024.- 29 iyun, ¹23-24.- S.26.