İssık-Kul
festivalından qeydlər
9-cu
Uluslararası Türk Dünyası Şeir və Musiqi
festivalına hazırlıqlar hələ 2023-cü ilin
dekabrından başlanmışdır. Türkiyə
Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş 8-ci
festival Çukurova Ədəbiyyatçılar Dərnəyi
tərəfindən 2023-cü ilin oktyabr ayında yavru vətəndə
- Qüzey Kıbrıs Türk Cümhuriyyətində düzənlənmişdir.
7-15 iyun 2024-cü ildə düzənlənən 9-cu festival
isə Qırğızıstan Respublikasının
yaradılmasının 100 illiyinə həsr edilmişdir.
Məlumat
üçün deyim ki, türk xalqlarının ədəbi-mədəni
əlaqələrinə, birlik və bərabərliyinə
xidmət edən bu festivalların 7-si Türkiyədə
keçirilmişdir. Sonralar böyük türk ailəsini
özündə birləşdirən bu qəbildən olan
festivalların digər türk respublikalarında da
keçirilməsi qərara alındı. Eyni zamanda 9-cu
festivalın gedişatında qərara alındı ki, 10-cu
Uluslararası Türk Dünyası Şeir və Musiqi
Festivalı Qazaxıstan Respublikasının dövlət
quruluşunun 800 illik yubileyi çərçivəsində
2025-ci ilin mart ayında Almatıda keçirilsin.
Uzun
illərdir ki, qutsal bir missiyanı uğurla davam etdirən
Çukurova Ədəbiyyatçılar Dərnəyi və
onun əvəzsiz lideri Halise Tekbaşın xidmətlərini
xüsusilə qeyd etmək istəyirəm. Konyuktur və
korporativ maraqlardan uzaq olan bu təşkilatın əksər
türk bölgələri üzrə seçilmiş təmsilçiləri
fəaliyyət göstərir. ÇED onursal başqanı,
eləcə də, Dünya Türklərinin Koordinasiya rəhbəri
olaraq Orta Asiya respublikalarından olan dostlarımızla
qurduğumuz əlaqələr ildən-ilə yüksələn
xətlə davam edir. İllər öncə Adanada düzənlənən
festivala Qırğızıstandan qatılan böyük
nümayəndə heyətinin rəhbəri Joldoşbek
Monoldorov, Qazaxıstandan Erjan Alaştuqan, Özbəkistandan
Utkirbek Muxamedov, Türkmənistandan Rəcəb Rəcəbov,
İrak-Kərkükdən Eyyub Hikmət, Tatarıstan
Yazıçılar Birliyi başqanı Rkail Zəydulla və
digərləri bu qurumu öz ölkələrində yüksək
səviyyədə təmsil edirlər.
8-10
il əvvələdək düzənlənən festivallara
Türkiyənin dövlət qurumları, bələdiyyə
başqanları xüsusi diqqət ayırır, xərclərin
böyük hissəsini qarşılayırdılar. Türkiyədə
başlayan iqtisadi geriləmələr, lirənin kəskin
ucuzlaşması sonralar bu xərclərin azalmasına gətirib
çıxardı. Bütün bunlar türk insanının
bu festivallarda iştirakına mane ola bilmədi, əksinə,
onların sayı daha da çoxaldı. Bu festival isə,
ÇED-in 2016-cı ildə baş tutan böyük tədbirindən
- "Bakı görüşü"ndən sonra müstəqilliyini
qazanmış keçmiş türk respublikaları
sırasında bir ilk idi. Qırğızıstanın
Çolpan-Ata bölgəsində - İssık-Kulda düzənlənən
festivala maraq həddən çox idi. Rəsmi dəvətlilərin
sayı 135 nəfər olmasına baxmayaraq, festivala 168 nəfər
təşrif buyurmuşdu. Hava limanında qarşılanan
iştirakçılar xüsusi avtobuslarla polis avtomobillərinin
müşayiətilə İssık-Kula Gold-Assn otelinə gətirildi.
Festivalın
açılışı festivala ev sahibliyi edən
Qırğızıstan təmsilçimiz Joldoşbek
Monoldorovun və keçmiş Mədəniyyət naziri Kayrat
İmanəliyevin giriş sözləri ilə başladı
və Qırğızıstanın dövlət himni səsləndirildi.
Ardınca Manas Dövlət teatrının rəhbəri Aziz
Baymırzanın ifasında "Manas" oxundu. Festivalda şəxsən
iştirak edən özünün və dövlət
başçısı - prezident Sadır Japarovun təbriklərini
çatdıran Qırğızıstan respublikasının
dövlət katibi Süyünbek Kasmambetovun
çıxışı alqışlarla
qarşılandı. Sonra söz festivalın rəhbəri,
ÇED başqanı Halise Tekbaşa verildi.
Qarşılıqlı təbrik və təltiflərdən
sonra Qırğızıstan Milli Yazarlar Birliyinin
keçmiş rəhbəri Nurlan Kalıbekov,
Qırğızıstan Ədəbiyyat Fondunun rəhbəri,
xalq şairi Jediger Saalayev, Azərbaycan Yazıçılar
Birliyinin katibi Elçin Hüseynbəyli, Özbəkistan
Yazıçılar Birliyinin təmsilçisi, "Şərq
Ulduzu" dərgisinin rəhbəri Sirojiddin Rauf,
Qırğızıstan Xalq artisi Esen İsmailov, Tatarıstan
Yazıçılar Birliyinin sədri, millət vəkili Rkail
Zəydulla, Başqırdıstan Yazıçılar
Birliyinin sədri, millət vəkili Ayqiz Baymuxamedov,
Tatarıstan Yazıçılar Birliyinin katibi, "Kazan
odları" jurnalının baş redaktoru Rüstəm
Qaliullin, Qırğızıstandakı Azərbaycan Diasporunun
- "Azəri" İctimai Birliyinin sədri Əzizağa
Əliyev və digərləri çıxış etdi.
Çıxışlardan sonra tədbirin
aparıcılığı ÇED onursal başqanı
İlqar Türkoğluna həvalə edildi.
Festivalın
proqramına uyğun olaraq, Qırğızıstanın
tarixi yerlərinə - Daşlar qoruğuna, Muxtar Auezovun
ev-muzeyinə, Çolpan-Ata tarix muzeyinə və digər yerlərə
səfərlər təşkil edildi. Səfərlərin ən
maraqlısı isə, ətrafı dağlar və meşələrlə
bəzənmiş İssık-Kulun şimal sahilində yerləşən
Kırçın yaylağı idi. Əvvəllər bu
bölgə Qriqoryev dərəsi kimi tanınsa da, sonradan
adı qırğızcaya dəyişdirilərək
Çon Ak-Suu adlandırılmışdır.
Böz-üy-yurtlarda yerləşdikdən dərhal sonra
özbəkistanlı qardaş və bacılarımız
öz aşpazlıq məharətlərini işə
saldılar. Qonaqlar üçün qoyunlar kəsildi, yüz nəfərdən
artıq qonaq üçün özbək plovu
hazırlandı. Musiqi sədaları altında
deyib-güldük, rəqs etdik, xatirə şəkilləri
çəkdirdik. Bir sözlə, festivalın dadını bu
yaylaqda çıxara bildik.
Qırğızlar
çox qonaqpərvərdirlər. Qonaqların
qarşılanması xüsusi ayinlərlə icra olunur.
İlk qarşılanma milli geyimlərdə olan
qızların əllərində tutduğu sinilərdəki
şirniyyatları kasalardakı qaymağa batırıb yeməklə
başlandı. Festivalın demək olar ki, bütün
ağırlığını təkbaşına öz
üzərinə götürən "Yanqi Ovoz" Orta Asiya
Yazıçılar və Tarixçilər Birliyinin sədri,
ÇED onursal başqanı Joldoşbek Monoldorovun fəaliyyətini
xüsusilə qeyd etmək istəyirəm. Baxmayaraq ki, onun fəaliyyətinə
həsəd aparan, əleyhinə işləyən,
gördüyü işlərə şərik çıxmaq
istəyənlər də var idi. Türkiyə və Azərbaycanda,
eləcə də Orta Asiyada yaxından tanınan, sadə və
səmimi olan Joldoşbek qardaşımıza olan sevgi bu
insanları hərəkətlərində korrektə etməyə
məcbur etdi.
Festivaldan
iki gün öncə gələn qonaqları, eləcə də,
gecikən və yaxud bir gün tez gedən qonaqları hava
limanına uğurlayan Joldoşbekin fiziki dözümünə
heyrət etməmək mümkünsüz idi. Yeri gəlmişkən,
deyim ki, böyük türk sevdalı qardaşımın -
Joldoşbek Monoldorovun 2023-cü ildə dilimizə
çevirdiyim "O qızı axtarmayın" adlı
kitabının Azərbaycan Yazıçılar Birliyində
təqdimatı keçirilməklə eyni vaxtda ona Azərbaycan
Yazıçılar Birliyinin üzvlük bileti təqdim
edilmişdi. Onun türk insanlarının bir araya gəlişi,
birlik və bərabərliyi üçün
çalışmaları çox təqdirəlayiqdir.
Festivalın
proqramına uyğun olaraq, bəzi müəlliflərin
müxtəlif türk dillərinə çevrilmiş
kitablarının təqdimatı, Nəvai Mətinin rəhbərliyində
Azərbaycan rəssamlarının rəsm sərgiləri,
şeir və musiqi axşamları, Ayaz Arabaçının
Qırğızıstan haqqında poeması, Aşıq Azər
Fərmayıloğlunun ifaları festivalın unudulmaz
anları kimi yaddaqalan oldu.
Biz
bir arada, bir yerdə olanda güclüyük. Bu güc Türk
Dövlətləri Təşkilatının
apardığı siyasətdir. Bu güc Turana açılan
böyük qapıdır. Bu güc Böyük Türk Ailəsi
- Turandır! Yaşasın Böyük Türk Ailəsi -
Turan!
İlqar
Türkoğlu
Ədəbiyyat qəzeti 2024.- 29 iyun, №23-24.- S.27.