Dəniz mövzusuyla başlayan
yazı...
Azərbaycan
nəqliyyat sektorunda ESC prinsipləri - ətraf mühitin
qorunması, sosial məsuliyyət və şəffaf idarəetməyə
keçid
İllər öncə qələmə
almışdım "Gəl, dərdləşək, dənizim..."i.
Publisistik yazı yarışmasında ikinci yeri tutaraq
mükafata da layiq görülmüşdü. Dənizlə
dərdləşirdim orda; qəlbən
inciyib-sıxıldığım sosial-ictimai, mənəvi
ağrı-acılarımı bölüşürdüm
onunla. Hərdən də
könül-sularının niyə belə bulanıq,
çirkli olmasını soruşurdum "qəlb-sirdaşım"dan.
O isə nitqi qurumuş, həyəcandan dili tutulmuş
uşaq kimi hey susurdu. Bilmirəm, bəlkə də
dalğa-qanadlarıyla sahilə sakit-sakit sığal çəkən
"dostum" "baxışları" ilə hər
şeyi anlatmağa çalışırdı, sanki heç
məni eşitmirdi; mənəviyyatı
zəlillərin əməlləri ucbatından öz
ağrısında qovrulurdu - "qanı"na yeridilən
çirkab, zəhər, "sinəsi"ni parçalayan
çeşidli tullantılar, daha nələr, nələr... Təkcə bir toxunuş bəs idi "məni bu
hala siz insanlar salmısınız", -
pıçıltısıyla "hönkürsün".
O zaman həqiqətən, çox da fərqinə varmamış,
dərindən duymamışdım onun bu
narahatlığını. Bu səbəbdən
suallarım qarşılığında saatlarla
susqunluğunu özümə biganəlik, laqeydlik kimi dəyərləndirmişdim
həmdəm-dənizimin. Lap sonralar nə qədər
yanıldığımın, səhv
düşündüyümün fərqinə vardım...
Çünki əslində dəniz mənim deyil, mən dənizin
dərya dərdinə səssiz-sakit qalmışdım...
Sonradansa sahilində dayanıb halına acımağım,
onunla birgə ağrımağım,
"bağışla", - deyə "arxadan atılan
daş" effektli etirafım şütüyüb gözdən
itən qatarın arxasınca yüyürməyə bənzəyirdi
- yanılmışdım, çox gecikmişdim onu anlamaqda...
Dəniz də, yaşıllıqlar da, təbiətin
bütün gözəllikləri də ulu Yaradanın bizə
payıdır.
Bu gözəlliyi isə normal
yaşantımız, səhhətimiz, sağlam
sabahımız naminə qoruyub saxlamalıyıq. Və
sözsüz ki, möhtərəm prezidentimiz İlham
Əliyevin elan etdiyi "Yaşıl dünya naminə həmrəylik
ili"ni nümunəvi işimiz, təqdir
olunacaq əməlimizlə dəstəkləməliyik ki,
sonradan gecikmiş etirafa uğramayaq...
Haşiyə:
Yazımı bu tərzdə başlamağım - "dənizin
sözügedən mövzu ilə nə əlaqəsi?" -
deyə mövzudan kənarlaşmam kimi də
dəyərləndirilər bəlkə, bəzi
oxucularımız tərəfindən. Amma məncə,
seçdiyim istiqamətdə "ətraf mühitin
qorunması" varsa, burada, təkcə nəqliyyat sektoru ilə
kifayətlənmək düzgün olmazdı. Ona görə
düşündüm, istər nəqliyyat, istər
yaşıllıq, istər digər sahələrin də
insan sağlamlığı üçün ekoloji tərəflərinə
dəniz mövzusunda olduğu kimi həssas
yanaşmağımla doğru seçim etmiş olaram. Eyni zamanda bu yanaşmam ekoloji tarazlığın
bütün sahələrdə qorunmasına bir
çağırış kimi səslənər. Hər halda bu mənim qənaətim, bəhs etdiyim
mövzuya baxışımdır.
Ulu Yaradanın bizə yetirdiyi gözəllikləri, bəxş
etdiyi nemətləri hər zaman lazımınca dəyərləndirməli,
bu gözəlliklərə əl qaldırıb qətlinə
fərman verməməliyik. Yaşıllıqları, oksigen mənbəyimiz
sayılan hər növ bitkiləri qırıb, əvəzində
bina ucaltmaqla, həyatımız üçün nə qədər
dəyərli olan ağacların dibini betonlayaraq
yaşamına son verməklə, yerində özümüzə
"şəhərcik" salmaqla nə əldə edib, nə
qazanırıq? - Əlbəttə, ildən-ilə artıb
çoxalan, mənşəyinin haradan, nədən
qaynaqlandığı məlum olmayan ölümcül xəstəliklər...
Ətraf mühit, salınan yaşıllıq
zolaqları, meşələr məlum məsələdir ki,
hər zaman, mütəmadi olaraq diqqətdə olmalı,
qorunmalıdır. Neqativ hallara, çatışmazlıqlara qarşı
ciddi mübarizə
aparmaq, həmçinin təbliğatı gücləndirmək,
layihələr həyata keçirmək... məncə,
çatmaq istədiyimiz şəffaf məqsədə
yalnız bu yollarla daha çox yaxınlaşmış
olarıq. Çünki
sağlamlığımız, normal yaşamımız
tarazlığını qoyurub saxlaya biləcəyimiz
ekologiydan asılıdır.
Ekologiyanın, atmosferin çirklənməsinin
qarşısını almaq, zərərli, zəhərli maddələri
kənarlaşdırmaqdan ötrü söz yox, bəzi sahələrdə
olduğu kimi, nəqliyyat sahəsində də, sözün
müsbət anlamında, yeniliklərə, uğurlara imza
atılıb.
Lakin buna baxmayaraq adıçəkilən sahədə
də hələ çatışmazlıqlar qalmaqdadır.
Bu mənada, yararsız, istehsal tarixi köhnə, istismar
müddətini artıq çoxdan başa vurmuş avtomobillər,
sərnişin avtobusları ətraf mühitin çirklənməsinə,
atmosferin korlanmasına real şərait yaradır; avtonəqliyyat
vasitələrindən atılan zərərli maddələr
havanın zəhərlənməsinə səbəb olur, bu
da öz növbəsində, insan sağlamlığına, təbiətə
mənfi təsir göstərir. Bəs bunun
üçün hansı sərt tədbirləri görmək
olar? Məsələn, utilizasiya sadalanan
çatışmazlıqların qarşısını almaq
üçün məncə, ən zəruri tədbirlərdən
biridir; xəttə yararsız olan nəqliyyat vasitələrinin
utilizasiyası mütləq şəkildə vacibdir. Özü də bu, xarici ölkələrdə
olduğu kimi, bizdə də məcburi xarakter
daşımalıdır, yəni köhnə avtomobillərin
utilizasiyası gündəm olmalı və
könüllülük prinsipi əsasında deyil, dediyim kimi,
məcburi qaydada aparılmalıdır. Çünki
bu prosesin kökündə insan sağlamlığının
qorunması amili dayanırsa, artıq utilizasiya
könüllü olmamalıdır.
Bəzi avtomobillər hərəkətdə olarkən
xoşagəlməz səsi ilə narahatlıq yaradır,
insanın birbaşa əsəbinə toxunur, onun ovqatına, səhhətinə
təsir edir.
Bütün bunların fonunda isə haqlı
narazılıqlar yaranır. Avtomobildəki
sözügedən problemin nədən
qaynaqlandığını araşdırmaq məqsədilə
həmsöhbət olduğum sürücülərin bəzisi
bunu nəqliyyat vasitəsinə tökülən benzinin, ya
keyfiyyətsizliyi, ya da benzin uyğunsuzluğu ilə, bir qismi
isə səsboğucunun yararsız hala düşən kimi,
onu yeniləmək əvəzinə, əksinə, ləğv
edilməsi ilə əlaqələndirdilər.
***
Paytaxtda nəqliyyat parkının yenidən salınaraq
müasir hala gətirilməsi, sərnişinlərin marşrut
avtobuslarından təhlükəsiz istifadəsini təşkil
etmək məqsədilə bir neçə layihələr həyata
keçirilib.
İctimai nəqliyyatda infrastruktur yenilənib, xəttə
iritutumlu avtobuslar buraxılıb. Bu mənada, günün tələblərinə
cavab verən elektrik mühərrikli nəqliyyat vasitələrinin
xəttə buraxılmasını, zənnimcə, həm
büdcə, həm də ekoloji baxımdan nəqliyyyat
sektorunun uğuru kimi dəyərləndirmək olar. Bu tipli avtobuslar ətraf mühitin qorunması və
havanın çirklənməsinin qarşısının
alınması baxımından mühüm rol oynayır.
Lakin bu prosesin davamlı olması, özü də
elektriklə işləyən marşrut avtobuslarının
çoxaldılması daha uyğun olardı. Çünki uzun məsafə qət edən bəzi
avtobuslar hələ də azdır. Yəni
onların xəttə məhdud sayda buraxılması əksər
hallarda sərnişinlərin haqlı narazılığına
səbəb olur; sürücü-sərnişin münasibətləri
korlanır, saatlarla dayanacaqlarda gözləmək, gediləcək
yerə (iş, tədbir, məclis və s.) vaxtında
yetişə bilməmək xoşagəlməz nəticələr
doğurur. Üstəlik də, bir yandan yaranan yol
tıxacları... Əgər hər şey
insanın fiziki, ruhi sağlamlığına hesablanırsa,
bu nüanslar da nəzərə alınmalıdır.
Düşünürəm
ki, marşrut avtobuslarının say artımı bəhsikeçən
mövzuda bəzi problemlərin həllinə töhfə
vermiş olardı (məsələn, xəttə buraxılan
205 saylı marşrut avtobusunun çoxaldılması məqsədilə
Bakı Nəqliyyat Agentliyinin qaynar xəttinə müraciət
etmişəm, nəzərə alınacağını
söyləyiblər...)
Təqdirəlayiq addımlardan biridir ki, Bakımızda,
eləcə də bölgələrimizdə müasir
üslublu avtovağzal kompleksləri inşa olunub və beynəlxalq
marşrutlarda yeni avtobus xətləri açılıb. Bu isə sərnişinlərin
təhlükəsiz mənzil başına
çatdırılması baxımından çox önəmlidir.
***
Dövlət başçımız, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında ordumuz 44
günlük döyüşlə torpaqlarımızı
işğaldan azad edərək böyük şanlı zəfərə,
tarixi qalibiyyətə imza atdı. İndi artıq həmin
ərazilərimizdə yaşayış üçün zəruri
olan lazımi infrastruktur qurulur, yurdundan illərdir didərgin
düşmüş soydaşlarımızın doğma
ocaqlarında yenidən məskunlaşması və
işgüzar fəaliyyəti üçün hər cür
şərait yaradılır. Bu isə dövlət siyasətinin
başlıca
prioritet məsələlərindəndir.
Bəli, məqsəd həmin ərazilərdə
insanlarımızın öz yurd yerlərinə
köçürülməsinin qısa zaman kəsiyində təmin
edilməsidir.
Bu istiqamətdə görülən işlərdən
biri də işğaldan azad olunmuş ərazilərə Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi tərəfindən avtobus
marşrutlarının açılmasıdır.
Artıq Şuşa və Ağdam şəhərlərinə
ilk müntəzəm avtobus marşrutları ötən ildən
(24.1.2022) istismara verilib.
Xatırladaq
ki, Bakı - Şuşa, Bakı - Ağdam, Bərdə -
Ağdam, Əhmədbəyli (Füzuli) - Şuşa, Tərtər
şəhəri - Talış kəndi, Horadiz (Füzuli) -
Ağalı (Zəngilan), Horadiz - Laçın, Horadiz -
Əhmədbəyli - Hadrut istiqamətlərində avtobus
marşrutları fəaliyyətdədir.
Bütün bu uğurların fonunda söyləyə
bilərik ki, Azərbaycanın nəqliyyat sektoru durmadan
inkişaf edir, yaranan çatışmazlıqların aradan
qaldırılması baxımından səy və səfərbərliyini
əsirgəmir. Ən başlıcası isə
"Yaşıl dünya naminə həmrəylik ili"nə
öz dəyərli töhfəsini verir.
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlər"ə uyğun olaraq "təmiz ətraf
mühit və yaşıl artım ölkəsi" prioriteti
2030-cu ilədək Azərbaycan üçün əsas
istiqamətlərdən biri olaraq təsdiqini tapıb. Həmçinin
"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf
Strategiyası"nda təbii resurslardan dayanıqlı və
davamlı istifadənin təmin olunması, elektrik enerjisi
istehsalının qoyuluş gücündə bərpa edilən enerji mənbələrinin
payının artırılması (2026-cı ilədək
24%-ə çatdırılması) ilə bağlı hədəflər
də əsas məsələ olaraq nəzərdə tutulur.
P.S. Bir
daha xatırladım ki, yazımın əvvəlinə dəniz
mövzusu ilə giriş verməyim heç də təsadüfi
deyildi. Çünki istər nəqliyyat
sektorundan, istərsə də, hər hansı bir sahədən
bəhs ediriksə, həmin mövzunun daxilində mütləq
şəkildə ətraf mühit, ekologiya ilə
bağlı amilləri axtarıb üzə
çıxarmalıyıq. Bu mənada tam
məsuliyyətimizlə bu günümüzün, gələcəyimizin
sağlamlığı naminə əlimizdən gələni,
əlbəttə ki, əsirgəməməliyik.
Yazı "Azərbaycan Dəmir
Yolları" QSC və Azərbaycan Mətbuat
Şurasının
kütləvi informasiya vasitələrinin təmsilçiləri
arasında keçirdiyi iqlim
təşəbbüsləri
müsabiqəsinə təqdim olunur.
Yeganə Məmmədova
Ədəbiyyat qəzeti 2024.- 29 iyun, ¹23-24.- S.28.