Nizami Gəncəvinin mərhəmət
- sosial dövlət anlayışı
"Yeddi gözəl"
məsnəvisinin "Quraqlıq ilinin təsviri və
Bəhramın şəfqəti" adlı bölməsinin
şərhi
(Əvvəli burada)
Qırx doqquzuncu beytin şərhi:
bir dəstə verdi
Müxtəlif
şəhərlərdən bir yerə yığıb,
Hər qəsəbəyə
onlardan bir dəstə verdi.
Bəhram
mərhəmət hərəkatının zəfərini
bayram edir, bayram böyük saleh əməli xalqın
yaddaşına, tarixə yazan, onun unudulmasına imkan verməyən,
onu örnəyə çevirən, minnətdarlıq,
şükür, sevgi duyğularını ayaq tutan, sağlam
düşüncə, tarix şüuru inşa edən, duaya
yol açan, birləşdirən, qoruyan, ənənəyə
bağlı nəsillər yetişdirən, mərhəməti
dövlət idarəçiliyinin, ictimai münasibətlərin
əsasına qoymağın xeyrini göstərən, sevinmə
mədəniyyətini öyrədən dəyərdir. Bayram
şərdən qurtulub xeyrə qovuşmağı, ümidi
ifadə edir, elə buna görə də hər bayramın
içində qurtuluş /xilaskarlıq anlamı var. Bəhramın
bayram siyasəti xalqa deyir ki, o, ağıllıdır, cəsurdur,
sizi sevir, xilaskardır, sizi ölümün əlindən mərhəmətlə
qurtardı...
- Nizami də
bu anlayışa uyğun olaraq Bəhramı mərkəzə
qoyur, hər işi ona bağlayır: "o topladı",
"o verdi";
- Altı
minlik sənətkarlar ordusunu topladı, sayın çox
olmasını istədi ki, hər kəs bayramı
yaşasın, mərhəmətin, mərhəmətli
şahın dəyərini bilsin, mərhəmət insani,
milli, siyasi dəyərə çevrilsin, bayramın əli ilə
xalqın düşüncəsinə, əməlinə, əxlaqına
daşınsın;
- Altı
min sənətkarı (söz, səs, rəqs, teatr
ustasını) haradan topladı? Hər bir şəhərdən/ətrafından:
a) çoxluğu təmin etmək bu yolla mümkündür;
b) sənətkarlar şəhərlərdə olurlar; c) Bəhram
hər bir şəhərin bayramda iştirakını istəyir
ki, say artsın, məkan böyüsün, nəticədə,
bayram siyasi anlam qazansın, kütləviləşsin; d) o,
çox mərhəmətlidir, hər kəsin sevinməsini
istəyir;
- Sonra o
altı minlik sənətkarlar ordusunu dəstələrə
ayırdı (içində hər çeşid sənətkar
olan qruplar - söz ustaları Bəhramı tərifləyəcək,
səs ustaları oxuyacaq, rəqqaslar oynayacaq, aktyorlar
tamaşa göstərəcəklər);
- O dəstələri
"hər yerə" ("boğe"), hər məkana (tərcümədə
"hər qəsəbəyə") göndərdi / verdi - istisnaya yer qoymadı, bütün
xalqı əhatə etdi, sayı çoxaltdı, məkanı
böyütdü ki, mənəvi, siyasi hədəf gerçəkləşsin;
- Niyə
göndərdi / verdi? Ondan - o sənətkarlardan
xeyir görsünlər, gerçək bayram yaşasınlar,
sözsüz, səssiz, rəqssiz, tamaşasız bayram
olarmı?;
- Xalqa
gerçək bayram yaşatmaq Bəhramın mərhəmətinin
göstəricisidir, o, bayramın həm maddi (bolluq, bərəkət,
güvənlik, zənginlik), həm də mənəvi
yönünü təmin etdi (söz, səs, hərəkət/rəqs,tamaşa, ümid, sevinc);
- Beytdə
iki "hər" əvəzliyi var, məkanı
böyüdərək Bəhramın mərhəmətinin dərəcəsini
ifadə edir;
- İki
feil var, misraların başındadır, ikisi də
şühudi keçmiş zamandadır, qətilik, əminlik,
şahidlik bildirir, Bəhrama aiddir: "topladı",
"verdi" - o, dediyini yerinə yetirdi, milli bayram təşkil
etdi, hər kəsi sevindirdi, saleh əməlini mərhəmətinə
şahid tutdu;
Əllinci beytin şərhi:
xoş olsunlar
Ki, getdiyi
yerlərdə,
Həm
xalqı xoşlandırsınlar,
həm də
özləri xoş olsunlar.
Nizami "ta" deyir, Bəhramın hər bir (fərqli)
şəhərlərdən altı min sənətkar
toplamasının, onları dəstələrə
ayırmasının, ölkənin hər bölgəsinə
göndərməsinin məqsədini açıqlayır. Şahın iki məqsədi
var, ikisi də onun mərhəmətini, dövlət, vəzifə,
sərvət xalq üçündür
anlayışını göstərir:
a) "Hər/hansı
yerə getsələr" ("paltarlarını harada
çıxarmış olsalar") - istisna, yerin fərqi
yoxdur, iş dəyişməyəcək;
b)
Xalqı (bayram hamını əhatə etməlidir) xoş edəcək
- sevindirəcəklər (özləri də, sənətkarlar
da) xoş olacaqlar, nəticədə, bütün ölkə
bayramı hiss edəcək, yaşayacaq, mərhəmət
adlı dəyəri, mərhəmətli şahı
yaddaşına, tarixinə yazacaq, unutmayacaq, əmanət kimi
nəsillərə ötürəcək;
-
"Ş" səsi beş dəfə təkrar
olunmuş, xoş/bayram demiş, beytə bayram libası
geyindirmişdir;
- Beytdə
iki "xoş" sözü var, ölkə, hər insan
bayram havasındadır deyir;
- Beytin rədifi
var, "olsunlar" ("başənd" feilidir, əmr
biçimindədir, şahın buyruğunu göstərir, ey
sənətkarlar, elə bayram təşkil edin ki, xalq
xoş/razı, məmnun olsun;
-
Üç feil var, üçü də əmr biçimindədir:
mərhəmət hərəkatının nəticələrini
bayram etmək, xalqa bayram yaşatmaq şahın əmridir,
dövlət siyasəti, proqramıdır;
Əlli birinci beytin şərhi:
Zöhrə dövrün sahibi idi
Zamanın
dövr taleyi Öküz (Bürcündə) idi,
Onun sahibi Zöhrə, Zöhrə isə dövrün
sahibi idi.
Bəhramın
hər kəsə mərhəmət hərəkatı
ölkədə bayram havası yaratdı, şah milli
bayramın dövlət səviyyəsində keçirilməsini
buyurdu, plan hazırladı, onu gerçəkləşdirdi.
Nizami mərhəmət bayrama yol açar, mərhəmət,
mərhəmətli şah, mərhəmətli (sosial)
dövlət nemətdir, dəyərdir, bayramdır
ölçüsünü tanıtmaq üçün
astronomiya (nücum) elminin imkanlarından yararlanır:
- Bəhramın
dövrünü tanıdır: "zamanın
dövrü" - böyük zamanın bu dövrü/bu vaxt
dilimi, zamanın dövr taleyi Öküz idi - Öküz
bürcündə idi;
-
Öküz/Sour-Buğa bürcünün bu özəllikləri
var: ilin yaz fəslinə, ən gözəl
çağına uyğundur - 21 aprel-21 may, mərhəmətin,
ədalətin olduğu dövr ən gözəl zaman
dilimidir, köklü dəyişiklik dövrüdür - dəyişimin
əsası mərhəmət və ədalətdir, Bəhram
ölkəni bu dəyərlərlə dəyişdirdi,
inkişafı tətikləyir - mərhəmət, ədalət
varsa, inkişaf olacaq, bu bürcün təsirində olanlar
iradəli, çalışqan, sağlam, səbirlidirlər -
Bəhram böyük ağlı, sarsılmaz iradəsi, ciddi əməyi,
dirəniş gücü ilə ölkəni xilas etdi - əməksiz
bayram yoxdur;
- Onun -
Öküz bürcünün sahibi Zöhrə idi. Zöhrə
bir ulduzdur, bu adları da var: Nahid, Çoban ulduzu, Venus, ona
"kiçik xoşbəxtlik" də deyirlər. Bu ulduzun
təsiri altındakı bürclərdə doğulanlar
gözəl, incə, zövqlü, zəki, bacarıqlı, sənətkar
olurlar, çox duyğuludurlar, üçüncü fələk
- göy üzünün üçüncü qatına
Zöhrə hakimdir, cümə günü onun təsiri
altındadır, yaşıl, parlaq rənglər ona aiddir, fələyin
sazəndəsi - musiqiçisidir, əfsanəyə görə
eşq, musiqi ilahəsidir, göy ilə gündüzün
qızıdır, kim bu ulduza baxsa, könlü sevinclə
dolar, ruhu dincələr, harada Zöhrə varsa, orada sevgi,
gözəllik, sevinc, musiqi - bayram var;
- Zöhrə
(ulduzu) Öküzün (bürcünün) sahibi idi - iki
gözəllik, bolluq, bərəkət, zənginlik, bayram
qaynağı birləşmişdi - Bəhramın
dövrü - mərhəmətin, ədalətin, insan
sevgisinin Zöhrə dövrü - bayram çağı idi,
dünya/ölkə, dövlət, şah mərhəmət, ədalət
bürcündə olsa, xalqın bayramı olar;
- Zöhrə
dövrün sahibi idi - bütün gözəlliklərin
yaşandığı zaman dilimi idi - Bəhram mərhəməti,
ədaləti, insan sevgisini dövlət idarəçiliyinin əsasına
qoyaraq xalqa bayram yaşatdı - göy üzünün sevinc
qaynağı Zöhrə, yer üzünün sevinc
qaynağı ədalət, mərhəmət, sosial dövlətdir;
- Beytdə
Zöhrə sözünə iki dəfə yer verilmişdir,
deyir ki, bayramın anası, mayası, qaynağı mərhəmətdir,
mərhəməti siyasi, iqtisadi, sosial, mənəvi bürcə/əsasa,
ölçüyə çevirin ki, xalq bayram etsin;
- Beytdə
iki "sahib" sözü var, ikisi də Zöhrəyə
aiddir - Zöhrə/mərhəmət hər işinizə
sahib/hakim olsa, bayram olacaq;
- Nizami
Zöhrə ulduzunu mərhəmətin simvolu kimi
tanıdır;
- Beytdə
iki "dövr" sözü var, deyir ki,
zamanınızı - Allahın sizə verdiyi ömür nemətini
mərhəmətə həsr edin, dövrünüzün /
ömrünüzün mənasını mərhəmət
mayalasa, həyatınıza mərhəmət hakim olsa, bayram
olacaq;
- Beytdə
Zöhrənin işığı ilə nurlanmış,
sonsuz göy üzü var. Deyir ki, mərhəmət
ucalıq, genişlik, nur, sevincdir;
- Beytdə
sahiblik bildirən üç söz var: "daşt"
("malik olmaq"), "sahib" (bu söz iki dəfə
işlənmişdir: mərhəmətə - Zöhrəyə
sahib çıxın, dəyərini bilin, qoruyun ki, o da sizə
yiyə dursun, sizi qorusun, mərhəmət öz-özünə
var olmaz, var edilər, əmək, zaman, qaynaq, sevgi,
ağıl, iradə, səbir, vicdan tələb edər;
Əlli ikinci beytin şərhi:
qəm ola bilər?
O
dövrdə ki Zöhrə hökmran olsun,
Belə
bir dövrdə qəm harada ola bilər?
Bu, məsnəvinin sonuncu beytidir - orijinalda misraların
yeri dəyişikdir. Nizami mərhəmət varsa, qəm yoxdur
ölçüsünü təqdim edir, bu vasitələri
seçir:
- Bəhramın
dövrünü tanıdır, seçir, bu məqsədlə
"dər çenan dour" ("belə dövrdə")
deyir. Bu dövrün özəlliyi nədir? Onun xarakterini mərhəmət müəyyən
edir, hər işin əsasında mərhəmət, ədalət
var, mərhəmət, mərhəmətli şah, sosial (mərhəmətli)
dövlət xalqın xidmətindədir;
- Nizami bədii
suala yer verir: qəm harada olsun/ola bilər? Bədii sual
imkansızlığı göstərir, deyir ki, dövrə/ölkəyə
mərhəmət hakimdirsə, qəmə yer yoxdur, onun
varlığı imkansızdır - mərhəmət qəmin
kökünü kəsər;
-
"Ke" / "ki" - ikinci misranın başındakı
bağlayıcı bu vəzfələri yerinə yetirir: a)
misraları bir-birinə bağlayır; b) Bəhramın
dövründə niyə qəmə yer yox idi sualına cavab
imkanı açır;
- O
dövrün kəndxudası Zöhrə idi / bir
dövrün kəndxudası / hakimi - sahibi Zöhrə olsa, o
dövrdə qəmə yer olarmı / qəm harada olar?;
- Beytdə
Zöhrə mərhəməti, ucalığı,
genişliyi, xeyri, ədaləti, nuru, qəm isə
zülmü, şəri, darlığı,
qaranlığı təmsil edir (Zöhrə ilə qəm
leksik antonimdir, bədii təzadın tərəfləridir),
deyir ki, mərhəmət qaranlığı (zülmü)
yox edən nurdur, hər işinizin, o sıradan dövlət
idarəçiliyinizin mayası mərhəmət olsa,
zülmə yer qalmayacaq, barış, sevgi, inkişaf, birlik, zənginlik,
paylaşma, güvən, hüzur, ümid olacaq;
- Nizami
öncə maraq yaradır, bu məqsədlə sual verir, Bəhramın
dövründə qəm harada ola bilər
ki, deyir, sonra da təsbitini əsaslandırır;
- Beytin rədifi
var, "olsun"/ "olsa", dövrün hakimi mərhəmət
olsa, qəm harada olsun ki / ona yer qalarmı ki, mərhəmət
olsa, qəm harada (var) ol bilər ki, heç işıqla
qaranlıq bir arada yaşayarmı?;
(Davamı var)
Siracəddin Hacı
Ədəbiyyat qəzeti 2024.- 29 iyun, ¹23-24.- S.30.