Doğma institut: xatirələr, düşüncələr
Ədəbiyyat İnstitutu-90
Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illiyi
ölkəmizdə xidmətlərinə, fəaliyyətinə
və keçdiyi tarixi yola layiq bir şəkildə qeyd
edildi.
Filoloq
həmkarlarımın çoxu kimi bu mühüm elm, mədəniyyət
və mənəviyyat ocağı mənim də həyatımda
unudulmaz izlər buraxıb. Tərəddüdsüz deyə
bilərəm ki, həyatda
qazandığım uğurların
əksəriyyəti üçün
iki unudulmaz alma-materimə - Bakı universitetinə və Ədəbiyyat İnstitutuna
borcluyam.
Əgər universiteti ilk cəhddən
"fəth edə"
bilmişdimsə, İnstituta
gedən yolum bir az macəralı
olmuşdu. Bəlkə
də qanqaraldıcı
macəra inciyib səmti dəyişməyə
əsas verə bilərdi. Amma böyük
məqsədə aparan
yol həmişə hamar olmur.
1977-ci ilin payızında iki illik icbari
müəllimlik fəaliyyətindən
sonra sənədlərimi
İnstitutun əyani aspiranturasına vermişdim.
Filologiya fakültəsindən
məzun olduğum o zamankı ADU-da saxlanmaqdan söhbət gedə bilməzdi. Əvvəla, nəticələrim elə
parlaq deyildi (sonralar dostlaşdığımız
mərhum dosent Raifə xanım Həsənova indi özümü az-çox
mütəxəssisi saydığım
XIX əsr Azərbaycan
ədəbiyyatı ilə
bağlı biliklərimi
böyük minnətlə
"kafi" sayıb
3 yazmışdı). O biri
tərəfdən isə,
həqiqətən, seçim
və potensial baxımından kadr bolluğu vardı. Yəni fərqlənmək
elə də asan məsələ deyildi.
Belə
şəraitdə əyani
aspirantura rəsmən
paytaxta köçüb
elmi fəaliyyətlə
uğraşmağın yeganə
yolu idi. Ona görə də bu yol həmişə
tünlük olurdu.
Mən sənədlərimi verdiyim
il Ədəbiyyat İnstitutunda
əyani aspiranturaya cəmisi bir yer vardı. Bir yer uğrunda səhv etmirəmsə, yeddi nəfər rəqabət aparırdı.
Doğrusu, namizədlərin
çoxluğundan qorxmurdum.
İnanırdım ki, qəbul
prosesi, Məhəmməd
Hadi demişkən,
"Elmin, hünərin,
mərifətin varsa, buyur, gəl! Yoxdursa, bu elm aləminə olma bir əngəl!" prinsipi ilə aparılacaq və ən güclü qalib sayılacaq.
Amma həqiqətən narahatlıq
keçirdiyim, hətta
arzulamadığım bir
məqam vardı. Tələbəlik həyatının
ilk günlərindən dostluq
elədiyim Teymur Kərimov (indi akademik Teymur Kərimli) da iddiaçılar
arasında idi. Yəqin ki, o da eyni dərəcədə narahatlıq
hissi keçirirdi. Digər tərəfdən
heç kəsin geri çəkilmək fikri yox idi.
İxtisas imtahanından
sonra məlum oldu ki, bir yerin
davası ikimizin arasında gedəcək.
İki imtahandan sonra hər ikimiz 10 mümkün baldan 10 bal toplamışdıq - yəni iki 5 almışdıq. Aspirantlığın
taleyini xarici dil imtahanı həll edəcəkdi. Mən hələ o dövrdə ingilis dili ilə ciddi
məşğul olurdum.
Ona görə də növbəti imtahandan da uğurla çıxacağıma
inanırdım. Teymur
isə fars dili təmayüllü məktəbi bitirmişdi.
Rəsmi imtahan fənləri sayılan ingilis, alman, fransız dillərindən heç birini orta məktəbdə
öyrənməmişdi. Azərbaycan
Cümhuriyyətinin qurucularından
birinin - Həsən bəy Ağayevin qızı olduğunu sonralar öyrəndiyim kafedra müdiri Nəzakət xanım Ağazadə gələcək
alimlərin xarici dilə yiyələnməsi
məsələsində çox
prinsipial idi. Bu məsələdə heç
kimə güşzəştə
getmir, xahişə, tapşırığa baxmırdı...
İngilis dilindən də
uğurla imtahan verib 5 aldım. Dostum üçün mənəvi
zərbə olacağını
bilsəm də, artıq özümü İnstitutun aspirantı sayırdım. Amma Anadolu türk
qardaşlarımızın sözü olmasın, derkən... elə həmin gün öyrəndim ki, İnstitut
rəhbərliyi kadrlar
və aspirantura şöbəsinə məktub
göndərib Teymur Kərimovun nizamişünaslıq
sahəsində ixtisaslaşacağını
və buna görə
də fars dilindən imtahan verməsinin daha məqbul olacağını
bildirib və məsələ ilə bağlı müsbət qərar verilib.
Əslində bir az məntiqsiz görünürdü.
Eyni əsasla deyək ki, Nazim Hikmət yaradıcılığından yazan aspirant, yaxud dissertantdan da xarici dil kimi Anadolu türkcəsindən imtahan
götürülə bilərdi.
Amma axı məqsəd
tədqiqat sahəsindən
asılı olmayaraq gələcək alimin Avropa dillərindən birində elmi ədəbiyyatdan istifadə
tələbi idi. Çünki nizamişünasın,
ümumiyyətlə farsdilli
klassik poeziyamızın
tədqiqatçısınının farsca bilmə zərurəti 2X2-nin 4-ə bərabər
olması qədər
sadə həqiqət,
aksiom idi. Əgər fars dilinə bələd deyildisə, bu mənbələri necə
araşdıracaqdı? Amma artıq qərar verilmişdi və təbii ki, onu dəyişməyə qadir
deyildim...
Doğrusu, Teymurun da uğurla
imtahan verib 5 almasından üzülmədim.
Düşünürdüm ki, bəlkə EA aspiranturasına
qəbul tarixində unikal bir hadisə
baş verib. İki nəfər mümkün olan ən yüksək bal toplayıb. Belə şəraitdə
onlardan birini çıxdaş edib geri qaytarmaq, haqqına girmək nə dərəcədə
düzgün olardı?
Bizə universitetdə
klassik Azərbaycan ədəbiyyatından dərs
demiş mərhum Firuz Sadıqzadənin sözü olmasın,
"ağır, səngin
başlı alimlər"
belə haqsızlığa,
ədalətsizliyə necə
razılıq verə
bilərlər? Düşünürdüm
ki, yəqin əlavə
yer alar, ikimizi də qəbul edərlər.
Artıq
aspiranturaya qəbul imtahanlarının nəticəsini,
eləcə də
yeni aspirantın dissertasiya
mövzusunu və rəhbərini Elmi Şurada təsdiq edib Rəyasət Heyətinə göndərmək
zamanı çatmışdı.
Bu arada İnstitutun direktoru professor Mirzağa Quluzadənin məni axtardığını dedilər.
Yaxşı xəbər
eşitmək ümidi
ilə sevincək qəbula tələsdim.
Amma ümidlərim suya
düşdü. Mirzağa
müəllim lopa bığlarını sığallayıb
əlini parlaq, daz başına çəkəndən sonra
həlim səslə dedi:
- Oğul, yaxşı imtahan verdin. Təbrik edirəm. Amma bildiyin kimi, bir yerimiz
var. Onu da klassik ədəbiyyat üçün
nəzərdə tutmuşuq.
Sənsə müasir
dövr ədəbiyyatı
ilə maraqlanırsan.
Baxıb görürəm
ki, yaz qəbuluna qədər gözləməli
olacaqsan.
Bir müddət deməyə
söz tapmadım.
Sonra aramızda belə
söhbət oldu.
- Bəs bütün imtahanlardan 5 alıb aspiranturaya düşə
bilməməyimi eşidib-bilənə
necə izah edəcəyəm? Ümidim
sizədir, çox xahiş edirəm, mənə köməklik
göstərin.
- İndi
heç nə eləmək mümkün
deyil. Qoy bir müddət keçsin, gələrsən,
səni İnstitutda işə götürərəm,
mövzu təsdiq eləyərik.
- Axı şəhər qeydiyyatım yoxdur.
- Səni öz evimə propiska elətdirərəm.
- Bəlkə Akademiyanın
rəhbərliyinə vəziyyəti
olduğu kimi çatdırasınız? Bəlkə
başqa institutlarda boş qalmış yerlərdən birini verərlər?
- Ay bala, bu sən
dediyin kimi asan məsələ deyil. Gərək Akademiyanın Rəyasət
Heyətinin qərarı
çıxa. Sonra Qosplana
göndərələr. Nazirlər
Sovetində baxıla.
Çünki ortada ştat vahidi, pul məsələsi var. Ondansa, otur, yaz qəbulunu gözlə. Papağını
fırladacaqsan, 3-4 ay keçəcək. Söz
verirəm ki, heç
səndən imtahan da
götürməyəcəyik...
- Bəlkə özüm Akademiyanın prezidentinə
məktub yazım, izah eləyim...
- Nə yazacaqsan? Bizdən şikayət eləyəcəksən? Normal imtahan
götürülüb, layiq
olduğun qiymət verilib. İndi nə edək ki, vəziyyət belə gətirib...
Mirzəağa müəllimin yanından
kədərlə ayrıldım.
Teymurla birlikdə içməyə getdik. Yəqin ki, o sevincdən, mən də dərddən içirdim.
Amma qəribədir ki, aspirantlıq
iddiasından könüllü
əl çəkmək
müqabilində məni
hətta "evinə
propiska eləməyə
hazır olan" Mirzağa müəllimə
qarşı ürəyimdə
heç bir kin, inciklik yox idi.
Bir neçə il sonra
xalq yazıçısı
Elçin Azərbaycanın
görkəmli elm və
ədəbiyyat xadimləri
haqda esselərdən ibarət "Fikrin karvanı" populyar kitabını hazırlayanda
və mənə Mirzağa Quluzadə haqda yazmağı təklif edəndə tərəddüdsüz razılaşdım.
Sonralar alimin oğlu, taleyin hökmü ilə artıq xarici siyasət sahəsində həmkar olduğumuz, güzəştsiz və prinsipial Vəfa Quluzadə bir söhbət zamanı həmin esseni "atam haqqında ən yaxşı yazı" adlandırdı
və təşəkkürünü
bildirdi...
Bilmirəm, bəlkə də
o vaxt mübarizə aparsam, nə bilim Mərkəzi Komitəyə, Leninin mavzoleyinə, ya da elə "Kirpi" jurnalına şikayət ərizələri göndərsəm
nəyi isə dəyişmək mümkün
olardı? Amma doğrusu,
bunu Ədəbiyyat İnstitutunun qüdsiyyəti,
orada çalışan
həqiqi alimlərin şəxsiyyəti ilə
bir araya sığışdırmırdım. Haqq etdiyimi ala bilməsəm də elm məbədinə
donosbazlıqla ayaq basmaq istəmirdim.
Beləcə, əla qiymətlərə
baxmayaraq qəbul imtahanından "kəsilmiş"
uğursuz abituriyentlər
kimi əli ətəyindən uzun halda işlədiyim məktəbə qayıtdım.
Bu hadisə təbiətcə
impulsiv adam olan direktorumuz Sərbaz müəllimə
yaman yer eləmişdi. Toyda, yasda söhbəti fırlayıb mütləq
mənim "məsələmin"
üstünə gətirirdi:
- Ayə, bu zülmü
Allah götürməz. Sən
bədbəxt oğlu
day nə eləməliydin?
Başından yuxarı
tullanmayacaqdın ki? Bütün
imtahanlardan beş almışdın də. Nə deyib qəbul
eləmədilər? Vallah,
sovet hökumətinin
tarixində belə hadisə olmayıb - deyirdi.
Növbəti ilin yaz qəbulunda imtahanlarda altı ay əvvəlki rekord nəticəni göstərib əyani
aspirant adını qazandım.
Rəhbərlik səviyyəsində
özümü də,
kədərli tarixçəmi
də artıq unutmuşdular. İxtisas imtahanında "həmin
oğlan" olmağımın
fərqinə yalnız
akademik Məmməd Cəfər vardı. Məmnuniyyət və minnətdarlıqla onun aspirantı olmaq, rəhbərliyi altında
dissertasiya yazmaq təklifini qəbul etdim.
İnstitut qısa müddətdə
doğma evimə, Bakıda ən çox mənəvi rahatlıq tapdığım
yerə çevrildi. Təbii ki, Teymur Kərimovla da arada heç bir umu-küsü yox idi. Hətta bir müddət Şərifzadə küçəsindəki
Aspirantlar Evində eyni otağı paylaşmışdıq.
Və bundan sonra uğur
hekayəsi başlandı.
1982-ci ildə namizədlik,
1990-cı ildə doktorluq
dissertasiyası müdafiə
elədim. Tədricən
elmi-ədəbi mühitdə
tanındım, kitab və
məqalələrim çap
olundu. 1987-ci ildə
EA rəhbərliyinin böyük
etimadı sayəsində
İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli
çəkildim. Həyatımın
20 ildən çoxunu
keçirdiyim doğma
kollektivi fiziki mənada 1999-cu ildə - mühüm dövlət vəzifəsinə təyin
olunanda tərk etdim. Mənən isə özümü həmişə İnstitutla
bağlı sayırdım
və sayıram. Bu
elm ocağının son rəhbərlərindən
biri, unudulmaz Bəkir müəllim -akademik Bəkir Nəbiyev həmişə
məni görəndə
səmimiyyətlə deyirdi:
"Ehtiyatda bir ştat vahidi saxlayıram. Nə vaxt qayıtsan, yerin hazırdır!"
Rus dilində məşhur ifadə var: "vozvrahenie
na kruqi svoi" - yəni öz yerinə, yaxud mühitinə dönüş, qayıdış...
Ömür vəfa eləsə nə vaxtsa "öz yerimə" - Ədəbiyyat
İnstitutunun divarları
arasına qayıtmaq fikrimdə yaşatdığım
arzulardan biridir.
***
Son iki-üç həftə
ərzində mətbuatda,
xüsuilə də
"Ədəbiyyat qəzeti"ndə
Ədəbiyyat İnstitutunun
dünəni və bu günü, milli mədəniyyət və
ədəbi-ictimai fikir
tariximizdəki yeri, həyatlarını ünlü
elm məbədi ilə
bağlamış korifey
alimlər, görülmüş
işlər və
yeni tədqiqat istiqamətləri,
uğurlar və gözləntilər barəsində
kifayət qədər
yazılıb. Bu fikirlərə
şərik çıxmaqla
bir sırada 90 yaşlı elm ocağımızın
bir özəlliyi - onun daim aydın
ifadə olunan ictimai-siyasi siqləti üzərində dayanmaq istərdim.
Ədəbiyyat institutu mövcudluğu
dövründə daim
milli-mənəvi fikir
mərkəzi, ləyaqət
və vətəndaşlıq
məktəbi kimi tanınıb. İctimai həyatda cərəyan edən taleyüklü hadisələrə, cəmiyyətdə
baş verən mürəkkəb proseslərə
münasibətdə əksər
hallarda obyektiv və prinsipial elmi-siyasi mövqe nümayişi ilə seçilib.
İnstitutun tarixində bunun
çoxsaylı nümunələri
mövcuddur.
1950-ci ildə Mircəfər Bağırovun qəzəbinə
tuş gəlmiş akademik Heydər Hüseynova qarşı təqib və qarayaxma kampaniyası başlananda "respublika xozeyinin" bütün basqılarına baxmayaraq Ədəbiyyat İnstitutunun
direktoru Məmməd Arif Dadaşzadə saxta ittihamçılar xoruna qoşulmamışdı.
1957-ci ildə keçmiş Azərbaycan SSR-də bütün idarə və müəssisələrdə
Azərbaycan dilinin dövlət dili kimi işlənməsi məsələsi ortaya çıxanda o zaman respublika
Ali Sovetinə rəhbərlik
edən xalq yazıçısı, akademik
Mirzə İbrahimov başda
olmaqla Ədəbiyyat
və Dil İnstitutunun kollektivi prinsipial məsələdə
milli-vətəndaşlıq mövqeyi nümayiş etdirmişdi.
Təbii
ki, şahidi və bir sıra hadisələrin
iştirakçısı olduğum
yaxın tarixi keçmişdən daha çox misallar gətirə bilərəm.
Indi artıq rəzil və bədnam müəllifi ilə birlikdə tarixin zibilliyinə atılmış
"Ocaq" adlı məkrli düşmən
cızmaqarasına ilk kəskin
ictimai reaksiya verən elmi mərkəzlərdən biri,
bəlkə də birincisi Nizami İnstitutu oldu. Bu münasibətlə keçirilən
ümuminstitut toplantısında
sonralar məqalələrə
çevrilən sərt
çıxışlar, direktor
Əziz Mirəhmədovun
köhnə dostu,
professor Kamran Məmmədovla kəskin mübahisəsi və sonuncunun əsəbiləşərək deyinə-deyinə iclası
yarımçıq tərk
etməsi indiyə qədər qulaqlarımda
səslənir, gözlərim
önündən çəkilmir.
Yaxud tariximizin "açılmamış
səhifələrini" - Azərbaycanda XX əsrin
ilk iki onilliyindəki
milli-mədəni və
siyasi oyanışı,
"islam ümmətindən
türk millətinə"
çevrilmək yolundakı
mübarizəni, Cümhuriyyətin
gizli tarixini öyrənmək məqsədi
ilə ölkəmizə
gələn amerikalı
tarixçi Tadeuş Svientexovski daha çox bizim İnstitutda lövbər salmışdı. Tarixi əsər yazsa da, məsləhət-məlumatı ədəbiyyat və mətbuat araşdırmaçılarından
almaq istəyirdi. Indi yəqin bu barədə
açıq danışmaq
olar - hətta ona nəzarət üçün ayırılan
"seksotu" da kollektivimizin
arasından seçmişdilər...
"Dəmir pərdə" dövründə ölkəmizin
azsaylı elmi-tədqiqat
müəssisələri kimi
Ədəbiyyat İnstitutu
da özünəməxsus "nəfəslik" rolunu oynayırdı. Bəzən
əcnəbi alimlər
qonağımız olurdu.
Bəzənsə tanınmış
mütəxəssislərimiz konfrans və simpoziumlarda iştirak məqsədi ilə xarici ölkələrə
yollanırdılar. İmkan
daxilində mütləq
gözümüzə "yad dünyanın" elçiləri
kimi görünən
bu insanlarla görüş keçirilirdi.
Yadımdadır, mərhum
mifoloq-alim Mirəli Seyidov Ankaradan qayıdandan sonra onun Türkiyə xatirələrinə qulaq
asmaq istəyənlərin
sayı elə çox oldu ki, görüşü EA-nın
Əsas binasının
8-ci mərtəbəsində, bir neçə yüz nəfər adam tutan zalda
keçirmək lazım
gəldi.
Sonu, xüsusən də, xalqımıza çoxlu fəlakət və məhrumiyyətlər gətirən
"aşkarlıq və
yenidənqurma" dövrünün
müsbət, gərəkli
çağırışlarına ilk pozitiv reaksiya verən elm mərkəzlərindən
biri, bəlkə də birincisi Ədəbiyyat İnstitutu
idi. Hətta direktor Yaşar Qarayev indi artıq
arxaizmə çevrilmiş
makina bürosunun əməkdaşları ilə
iclasda tələb edirdi ki, "gərək sizin makinalarınızın
klavişləri yenidənqurmanın
tempi və diapozonu ilə həmahəng səslənsin!" Həmin
həmahənglik isə
ilk növbədə alimlərin
ortaya qoyduğu əsərlərdən asılı
idi. 1980-ci illərin ikinci yarısından etibarən "unudulmuşlar"
haqda meydana çıxan məqalə
və kitablar, onların öz əsərlərinin nəşri
Ədəbiyyat İnstitutunun
fəaliyyətində aparıcı
istiqamətlərdən birinə
çevrilmişdi.
O zaman artıq tarixi sonunu yaşamaqda olan kommunist bürokratiyası - Mərkəzi
Komitə bizim İnstituta "millətçilik
yuvası" kimi baxırdı. Hətta iş o yerə gəlib çatmışdı
ki, görünür, müxtəlif
qaynaqlardan məlumatlar
alan MK-nın birinci katibi Ə.Vəzirov günlərin
birində heç kəsə xəbər vermədən səhər
saat 10-da yazıçı
Cəmil Əlibəyovun
müşayiəti ilə
bu "yuvanın"
nə olduğunu öyrənmək üçün
şəxsən durub
Ədəbiyyat İnstitutuna
gəlmişdi. EA prezidenti
Eldar Salayev məsələdən xəbər
tutub özünü çatdıranda müzakirə
artıq bir saatdan çox idi ki, davam edirdi.
Doğrudur, nəticə
etibarı ilə İnstitutun xalq və dövlət üçün o qədər
də qorxulu yer olmadığını
birinci katibə izah edə bildik.
Amma istənilən halda
şübhə və
xof yenə tamamilə çəkilmədi.
Qarabağa əsassız erməni
iddiaları ortaya çıxanda və bu zəmində xalq hərəkatı başlayanda Ədəbiyyat
İnstitutu sözün
həqiqi mənasında
arı pətəyini
xatırladırdı. Təcili
şəkildə bir sıra tarixi qaynaqlar (məsələn,
"Qarabağnamə"lər) hazırlanıb nəşr
edildi. Gündəlik mətbuatın hər sayında, radio və televiziya verilişlərində,
müxtəlif agentliklərin
xəbər bülletenlərində
əməkdaşlarımızın səsi və sözü eşidilirdi. Müxtəlif "samizdat" nəşrlərin
hazırlanmasında fəallıq
göstərirdilər.
İnstitutun mənəvi-siyasi tarixində
bir epizodu xüsusilə yaxşı
xatırlayıram. 1990-cı ilin qanlı yanvarından sonra ölkəmizdə Kommunist
partiyasına üzvlük
biletlərindən kütləvi
imtina başlanmışdı.
Bəzi yerlərdə
partiya biletləri nümayişkaranə şəkildə
yandırılırdı. Belə
bir vəziyyətdə
yanvarın axırında
kollektivdə sonuncu partiya iclası keçirildi. Bir zamanlar keçmiş Azərbaycan
KP MK-da məsul vəzifə
daşımış EA-nın
müxbir üzvü Əziz Mirəhmədovdan
tutmuş cavan kommunistlərə qədər
xeyli əməkdaş
cinayətkar partiyanın
sıralarından çıxdığını
bildirdi. Həm də bunu ali
partiya orqanlarına ünvanladığımız kollektiv
məktubla ifadə etdik. Əlbəttə, böyük qəhrəmanlıq
deyildi. Amma istənilən
halda milli-mənəvi
mövqeyimizin ifadəsi
idi.
Ədəbiyyat İnstitutu təkcə
ədəbi-mədəni deyil,
siyasi-dövlətçilik irsimizin, gerçək tariximizin dirçəldilməsinə
də ciddi töhfələr verib. Türk-islam dünyasında
ilk demokratik respublikanın
- Azərbaycan Cümhuriyyətinin
yaddaşımıza və
tariximizə qaytarılmasında
elm ocağımızın mühüm rolu olub. Ölkəmizin tarixində ilk dəfə
1990-cı ilin may ayında
İnstitut rəhbərliyinin
təşəbbüsü ilə "Azərbaycan Demokratik Respublikası: tarix, mədəniyyət və siyasət" adlı elmi konfrans keçirilib. Növbəti il isə onun materialları "Azərnəşr"də kitab şəklində çap
edilib. Bu Cümhuriyyət
haqqında tanıtım
xarakterli ilk elmi yayınlardan biri idi. Cümhuriyyət xadimlərinin zəngin irsinin öyrənilməsi,
nəşri və təbliği, Cümhuriyyət
dövrü ədəbiyyatı
və mətbuatı artıq dörddə bir əsrə yaxındır ki, İnstitutun
fəaliyyətinin əsas
istiqamətlərindən birini
təşkil edir.
Kitablara
mövzu olan böyük tarixi yolu bir məqaləyə
sığışdırmaq imkansızdır. Mövcudluğu
ərzində Ədəbiyyat
İnstitutu daim dövlətimizin yanında
olub, onun elm, mədəniyyət, milli-mənəvi
tərbiyə, Azərbaycanı
öz vətəndaşına
və dünyaya tanıtmaq siyasətinin həyata keçirilməsinə
böyük töhfələr
verib. Fikrimcə, indi yaşadığımız
dövr alimlərimizin
qarşısına daha
iri miqyaslı vəzifələr qoyur. Azərbaycan Renessansının
sistemli şəkildə
öyrənilməsi (vaxtı
ilə mərhum
professor Arif Hacıyev
bu istiqamətdə
ilk uğurlu təşəbbüs
göstərmişdi), söz
sənətimizin ümumtürk
ədəbiyyatı kontekstində
araşdırılması, türk sivilizasiyasının
tədqiqi belə vəzifələr sırasındadır.
Qarşıdan daha böyük
hesabat dövrü -
100 illik şərəfli
yubiley gəlir.
Vilayət Quliyev
Ədəbiyyat qəzeti.- 2024.- 16 mart, №10.- S.6-7.