Mifik
ağacın oyanış
bəyannaməsi
Orxon-Yenisey
əlifbasının ətrini
verən adam - Yazıçı
Anar bəyin 86 illiyinə
ərkyanə
və sevgilərlə...
Derlər,
Bəzən xatırlandıqca gecəylə
gündüzün bərabər
olduğuna inanan, Unudulmuş oxucu,
Mən onun haqqında yazı yazmıram. Mən onun haqqında
bütün məlum qaydaları pozuram ki, yerlə göyün arasında yorğunluğunu
çıxarmaq istəyən
yazıçımızın əzalarında oturuşmuş
milli azarımızdan əsər-əlamət
qalmasın. Çünki
yazının azar-bezarı
çəkib aparacağı
inancının ən
təmiz güzgülərin
boşluğunda hakim qıldığı,
məhkum etdiyi cəmiyyətin qurtuluşa
aşina yerini nişan verə bilər. ancaq.
Derlər,
Canı
sıxıntı gətirəndə
yatıb yuxular aləmində qurdla canavarı ayrıd edən, Unudulmuş
oxucu,
Nazim Hikmətin "ceviz ağacı" mətnini
hər dəfə oxuyanda, ya xatırlayanda,
onun kimliyi yaddaşımda işıq
yandırır, zülməti
qovur, uzaqda-yaxında arabir görünüb-itən
və itib görünən qaraltıları
daha net olaraq şübhələrimdən çıxarır.
Bütün bu prosesləri o, yalnız bir yazar kimliyi
ilə kifayət qədər, tale üslubunda
sıralayır. İstər-istəməz
Nazimin o məşhur şeiri ilə onun kimlik obrazındakı
simsarlıq mənim varlığıma nədən,
nə üçün,
necə olub ki, doğmalıq ağırlığı
ilə təmas məsuliyyətini boynuna qoya bilmişdir? Bəli, ceviz ağacından danışırdım.
Sanki nağıllardan, əfsanələrdən
çıxıb gələn
bu ağacın mifik hikməti yaşadığım dönəmin
ictimai-siyasi-ideoloji hikmətinə
fürsət verməz
özəllik sərgiləyən
ictihadıyla daxilimdə
yanğı oyadır,
məni bir az da ətrafımda baş verənlərə
qarşı oyaq saxlayır. Ceviz ağacının ölümsaçan,
yatmışları oyadaraq
ətrafında cərəyan
edən oyunların gedişatına Tanrısal
xeyir-bərəkətini bəyəndirən
hərarəti şüuraltı
aləmimizdə daima səngimək bilməyən
alov dilləriylə qamçıdan betərdir.
Bu ağac, dövranı
qırmaclama çabasıyla
yaxasını ələ
vermir ki, vermir. Onun tanış olduğum bütün yazılarında oxucusuna sunduğu, üz tutduğu bir mesajı var: "Əsla,
uyumayacaqsan! Bu coğrafiyada,
daha geniş anlamda bu dünyada
heç vaxt uyumayacaqsan! Çünki bu fanilikdə sənin hər an başına hörüləsi
böyük corablar vardır. O corabları başında görmək
istəməyən insan,
yaşadığı ömür
sürəcində etinasız
bir ədayla baş verən ictimai-siyasi-sosial və fərdi münasibətlər
kontekstində ayıqlığını
şah elan etməli, ağlını, zəkasını,
dünyagörüşünü, duyğularını qurban
verməməlidir. Əks
təqdirdə, səni
ölüm gözləyəcəkdir.
O ölüm ki, bu dünyada min il də yaşasan, haqqında danışdığımız köləliyin caynağında
əsir-yesir olub itəcəksən." Mənim
anladığım yazıçı
Anarın mətnlərinin
şüuraltı işarətləri,
bu agahetmə manevrlərilə milli heysiyyat
atmosferində səni,
məni, onu qurtarmağa çalışır.
Bizdə
dəyərli böyüklər
hörmət və sayğı, üstəlik,
sevgi əlaməti olaraq palıda, çinara bənzədərək,
həm obyektin, həm də ifadənin məsuliyyətindən
necə rahatlıqla qurtulma ədası sərgiləmək dəbinə
yoluxmaları aşkar
və məlumdur. Ancaq o, sizin də diksinəcəyiniz
(bir) ağacın obrazında mənim şüuraltıma, dünyagörüşümə
keçid törənini
çoxlarının ağılalmaz
məziyyətindən uzaq,
hələ də hıçqırıqlarını içindən tam çıxarmamış
ötkəmliklə gerçəkləşdirə
bilmişdir.
Derlər,
Urmu gölündə süzən
sonaları yadına saldıqca gözləri dolub-daşan, Unudulmuş oxucu,
Hərdən mənə elə
gəlir ki, Anar adı "yazıçı"
sözünə daha xoş gəlir, daha çox uyğunluq yaradır. Anar adının "yazmaq" feilində oturuşmuş klassik kimlik yaradan səriştəsindən ilhamlanaraq,
cəsarət qazanaraq
çoxlarımız hələ
də ağzımızın
isti yerdə olduğunun fərqinə varmadıq, varamadıq. Onun, Anarın yazıçılığa, yazmaq
əyləminə yaraşması
çoxlarının simasında
maskalarının cırılmadan
necə naşılıq
sərgilədiklərini üzə
çıxardı. Ancaq
bu əskik kəm-kümlər himayədarlarını
Anar heç vaxtı sındırmadı,
onların daha da ənginliklərdə, səmanın
şeytani qatında pərvazlanmasına imkan verdi. Bax, onun
ən dözülməz,
ən çəkilməz,
ən məharətli
yazı manerasının,
bəlkə də tərkib hissəsini oluşduran ustalığı,
həm də hər nəslə mənsub ədiblərin idbar burjua ayamasından
çəkinərək məkrli
kəmfürsətçilliklərini dilə gətirmələrinə
imkan verdi.
Belə
bir müşahidə
mövcuddur ki, xarakter
insanın öz üzərində, istedad isə - başqaları üzərində hakim olmasıdır.
Onun illərdir Azərbaycan ədəbi mühitində hakim rol oynaya bilməsindəki gerçəkliyin kökü
istedadıyla bağlıdır.
Bu istedad ona mükəmməl əsərlər
yazdırıb. Bu istedadın
nəticəsində o qiymətli
əsərlərin saysız-hesabsız
oxucuları yetişdi,
bu əsərlər oxucu ünvanına ulaşa bildi. Bu istedad əsasında o öz oxucularını seçib yetişdirməklə
birgə, həm də xalqın əsas hissəsinə: - oxuma-yazma bilən, düşünməyi bacaran
kəsimi üzərində
hakim kəsildi. "Dədə
Qorqud" filmi bəs
edir ki, bu hakimlik bu günün
çərçivəsindən çıxıb gələcək
zamanların "biz" olma
varlığımızın zehinsəl, ruhsal, mədəniyyət üzərindəki
hakimlik ehkamına metafiziksəl nəzakətən
təminatını vermiş
olsun. Çoxları hələ çox "dədə qorqudlar" yazacaq. Ancaq Anarın milli mədəniyyət
bəyanlı Qorqud
Ata muradından hasil olan andı kimliyimizə daha uyğun olaraq heç vaxt pozulmayacaq.
Derlər,
Zərərdən fayda əldə
etməyin xülyasına
qapılan, Unudulmuş
oxucu,
Aşkara
çıxardıqları ədəbi-bədii-obraz tutumlu
mətnləri sonsuz daxili dialoq və
müzakirəsindən doğan
"sənə verilən
ömrünə muğayat
ol" səsiylə,
sanki təkbaşına
icra edilən bir ayinə dönüşdü. Aşkara
çıxarılmayanlarının gizlilik haqqına da xilaf çıxmayan bir yazıçı kübarlığını çağın
qırğınlarından, qarşıdurmalarından, çarpışmalarından
qoruyub yazıya vermədiklərini öz şəxsində, varlığının
tale harmoniyasının həyati
təlatümlərində hər kəsin gözü önündəcə,
uğurla sınaqdan çıxardı. Onun yaradıcılığının yazmadığı, mətnə
çevirmədiyi ballistik
raketlərinin sınaq
gedişatı onu sevənlərin və anlayanların bir daha "mənimsən, bizimsən, bizimləsən"
nidasıyla sahiblənmə
yetənəyini də
üzə çıxardı.
Bu son zaman kəsimi çoxlarına,
elə mənim özümə də Anarı anlamağın fürsətini və dəyərləndirməyin cəsarətini
verdi.
Məncə, Anar müəllim
bir yazar kimliyinə güvənib yazdıqlarının yazılmamış
tərəflərini öz
varlığında, hər
günkü həyatında,
Allahın ona bəxş elədiyi kamillik qovşağında
(şifahi mətn iearxiyasında, şifahi mətnsəl hesabında)
şüuraltı təlqinlə
yaddaşımıza pərçimlədi.
Bu ərkyana ağsaqqal
və aristokratik düşüncə sifarişinin
şifahi mətn dediyim (ədəbi plastakı) ehkam kəsmə, şərt qoyma heysiyyatına vaqif olmaq istəyirəm.
Derlər,
Yanıldığını heç vaxt qəbul etməyənin, ən çox yanılanlardan olduğuna səbirlə yanaşan, ey Unudulmuş oxucu,
Onun yazdığı bütöv
obrazlarının getmədiyi
yerlərdən nişanə,
o obrazların yaşamadığı
ömürdən əmanət
nə varsa və yaxud bütün
kəsintilərin bir aradakı vəhdaniyyət
təşkil edən tənhalığını müəyyən
edən vaxtın tələbatındakı təmkinlə
insiativimə dəvət
edirəm.
Ancaq bu sakitlik və
səssizliyin də
tufan öncəsinə yönəlik
təlqinlərindən doğan
titrəşimlərini görmədən
keçmək də özgür bir yurdda özgür bir insanolma qədərinə
nəğmələr sunur,
türkülər ərməğan
edir, nəfəsləmələr
bağışlayır.
***
Anar mənə həmişə
Orxon-Yenisey yazılarının
ifadə olunduğu əlifbanı xatırladır.
Hər dəfə onu görəndə mənə elə gəlirdi ki, bu əlifba ilə Anarın spirtual bir bağlantısı olmasa idi, bizim
mədəni gerçəkliyimizin
gizlinləri açılmayıb,
yoxluğa məruz qalacaqdı. Əlbəttə,
bu mənim duyğularım və gerçəkliyimdir. Bizim
mədəniyyətlə bağlı
gerçəkliyimizi məzlumların
ahından bulunan, əldə edilən qut kimi tanımlamaq
gərəkir. Bir az
da sözlərimə sədd
qoyaraq demək istəyirəm ki, yaxşı
ki, varsan, ey bütün səsləri
və notlarıyla Orxon-Yenisey əlifbasının
qoxusunu verən adam.
Nə vaxtsa, ədəbiyyatımız
bir sözün, bir bayatının ümidinə qalsa belə, o sözün, o bayatının Orxon-Yenisey
əlifbası ilə
sağdan-sola yazılma
bərəkətinə əcdadlarımın
ruhuyla bir salavat çevirərdim.
Xanəmir Telmanoğlu
Ədəbiyyat qəzeti.- 2024.- 16 mart,
№10.- S.12.