Şuşa pəncərələrinin
işığı
Artıq
oxuduqlarımdan belə qənaətə gəlmişdim ki,
şuşalılar üçün ən maraqlı və bəlkə
də ən gərəkli interyer elementi pəncərələrdir.
Sanki qapıdan da önəmlidir. Onlar üçün pəncərə
sanki əsas yaddaş hadisələrindən biridir.
Şuşanın
estetik tarixi həm də evlərin və pəncərələrin
tarixidir. Şuşa pəncərələri ev sahibinin sosial
statusunun göstəricisi, taleyinin nişanəsi idi.
XVIII-XIX
Şuşa pəncərələri sənət hadisəsi
deyil. Şuşa insanının bədii zövqünün təcəssümüdür.
Bu, XIX əsrdə Şuşada olmuş rus rəssamı V.Vereşaginin də gözündən
yayınmamışdı. Şuşa evlərinin rəsmini
çəkərkən pəncərələrin rəngli
şəbəkələrinin təsvirini vermişdi.
XIX əsrdə
iki və ya üç mərtəbəli evlərdə rəngli
şəbəkəli pəncərələrlə
yanaşı, adi pəncərələrə də
üstünlük verilir. "Evlərin həyətə
açılan pəncərələri rəngli şəbəkələrdən
düzəldilir. İlk zamanlar kiçik olan pəncərələr
sonra daha böyük formada hazırlanır. Səyyahların
müşahidə etdiyi kimi, bütün divar müxtəlif rəng
və formaları özündə ehtiva edən
şüşələrdən düzəldilmiş şəbəkədən
ibarət idi. Böyük şəbəkə pəncərələr
adətən evin zalının divarında
quraşdırılırdı, zalın
işıqlanmasına və daha gözəl görünməsinə
imkan verirdi, lakin onların hazırlanması kifayət qədər
çox vəsait tələb edirdi. Onlardan adətən imarətlərdə
geniş istifadə olunurdu" (R.Zeynalov.
"Şuşa - müqəddəs Azərbaycan şəhəri").
Pəncərəyə
münasibət iki şuşalı yazıçının -
Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Səmənzəminlinin
təfəkkür tipini də fərqləndirmək
baxımından maraq doğurur. Mifoloji düşüncəyə
görə, pəncərə iki dünyanın sərhədidir,
bir dünyadan o birisinə keçidi bildirir.
Əgər
Ə.Haqverdiyevdə pəncərədən
ay işığı düşürsə. Y.Vəzirdə
isə mütləq gün işığı
süzülür.
Ə.Haqverdiyev
"Ağa Məhəmməd şah Qacar" pyesində pəncərənin
mənasını "başqa" dünya ilə əlaqə
kimi, ölüm ideyası ilə gerçəkləşdirir.
Ay işığı ölümlə bağlı mənadır.
Ağa Məhəmməd Şah Qacar Şuşada, Məhəmmədhəsən
xanın evində qətlə yetirilir: "...Şah qədim
xırda şüşəli pəncərənin yanında
yatıb. Pəncərəyə ayın işığı
düşüb. Taxtın ayağının altında piysus yanır.
Abbas bəy və Səfərəli bəy bir qədər
vaxt bir-birinin üzünə baxırlar. Axır Səfərəli
cəld şahın üstünə gedib, qəməni
sancır onun ürəyinə. Abbas bəy və Səfərəli
qaçırlar..."
Şuşa
evlərini və pəncərələrini ən çox
Yusif Vəzir yaddaşında qoruyub saxlayıb. "Qan
içində" romanında pəncərələrin təsviri,
bir tərəfdən, tarixi roman janrının tələbləri
ilə bağlı idi - keçmişin "özgəliyini",
koloritini göstərmək vasitəsi idi. Digər tərəfdən,
yazıçı interyer təsvirləri ilə oxucuya təlqin
etməklə, onda keçmişin real-emosional obrazını
yaradırdı.
Yusif Vəzir
Çəmənzəminli işıq sevdalısıdır,
güclü vizual həssaslığı ilə pəncərələri
işıq və rəng ilə vəhdətdə təsvir
edir: "Rəngli pəncərələri bağçaya
baxan evin qarşısına çoxlu adam
toplanmışdı"; "Pəncərənin rəngin
şüşələrindən düşən işıq
tutqun idi. Xalıların, ciximlərin, ipək püstə və
döşəkçələrin boyaları bir-birinə
qarışaraq şəlmələnmişdi".
İşıq
Yusif Vəzirdə pəncərə obrazının
ayrılmaz hissəsidir. "Pəncərənin xırda, rəngarəng
şüşələrindən içəri düşən
şüalar yenə döşənmiş xalıların
boyalarına ayrıca bir süs vermişdi. Bəzi
naxışlar alovlanan kimi olaraq yaldızlı qəzəhlərlə
pəncərəyə doğru uçuşurdu..."; "Pəncərənin
xırda, rəngbərəng şüşələrindən
içəri düşən şüalar yerə döşənmiş
xalıların boyalarına ayrıca bir süs
vermişdi".
Yusif Vəzirin
xatirələrində və hekayələrində,
romanında Şuşa pəncərələri yalnız
utilar funksiyanı deyil, həm də dekorativ funksiyanı yerinə
yetirir. Məsələn: "Şahnisə xanımın Davtələb
və Xəlfəli meşəsinə baxan bir otağı
vardı. Divarları və tavanı naxışlı idi. Pəncərənin
iç divarlarına "Leyli və Məcnun", "Fərhad
və Şirin" dastanlarının ayrı-ayrı hadisələri
təsvir olunmuşdu".
Dekorativ
funksiyalı pəncərələr Şuşa
arxitekturasının "tanınma işarəsi" olub,
tarixi koloritin effektliliyini artırır.
Pəncərə
romanda həm də oturub çölü, eşiyi seyr etmək
yeridir. "İbrahim xan açıq pəncərədən
dışarını, şəhərin günbatan tərəfini
seyr edib, nəsə düşünürdü".
Xanlığın
vəziri Molla Pənah Vaqifi isə daha çox pəncərə
içində oturan görürük: "Mədinə həmişəki
kimi Vaqifi Topxanaya baxan bəzəkli pəncərənin
içində oturtdu"; "Vaqif saraydan döndükdən
sonra bir yerdə pəncərənin içində oturub,
şirin söhbətlə məşğul olurdular".
Evin
semiotik strukturunda pəncərə simvolikası
"dış-iç" (xarici-daxili)
qarşıdurmasını özündə ehtiva edir. Ona
görə də mifoloji düşüncədə pəncərə
insanlar, quşlar və heyvanlar üçün görünməz
olur: "Şəhərdəki binaların əksəriyyətinin
üçə tərəfindən pəncərəsi yoxdur.
Əgər pəcərəsi və ya balkonu varsa, deməli,
onun pəncərəsindən içəri baxmaq
mümkün deyil" (L.Qarabağlı. "Şuşa və
Hindistan xatirələrim").
İşıq
varlığın əbədi mahiyyətidir, gözəlliyin,
vəhdətin, cənnətin və huzurun mənbəyidir.
Şuşa pəncərələrinin işığı
yalnız fiziki deyil, metafizik, mistik gücə və mənaya
malikdir. Necə ki, Cəlilbəy Bağdadbəyov aradan
neçə illər keçməsinə baxmayaraq, Mir
Möhsün Nəvvabın mənzilinin pəncərələrindəki
cənnət işığını unuda bilməmişdi:
"Nəvvabın gündüzlər oturduğu hücrəsi
- mənzili Şuşada məscidin həyətində ikinci mərtəbədə
idi. Bu otağın iki böyük pəncərələri
var idi. Pəncərənin biri məscidin həyətinə,
qiblə tərəfə, digəri şimala, bazara
baxırdı. Hər iki pəncərələr ən gözəl
güllər ilə dolu idi. Otağın nəqqaşkarlığını
Nəvvab özü işləmişdi. Odur ki, Nəvvabın
mənzilinə nə qədər əsəbi, hirsli adam da gəlsə
idi, ilin hər fəslində açılmış güllərin
qoxusu və otağın gözəlliyi onu sakit edirdi"
(C.Bağdadbəyov. "Xatirələr və etnoqrafik qeydlər").
***
30 il
sonra, Vaqif Poeziya günlərində mənfur düşmənlərin
evlərin "gözlərinə mil salıb", "kor
qoyduğunu" görüb sarsılan şair dostum Rəfael
Tağızadə ağrısını metaforaya
çevirmişdi: "Damı uçulmuş evlər papiros
çəkən adam kimi küləyi içinə çəkib
çərçivəsiz pəncərəsindən
bayıra üfürür.
Qonaqlara
daha çox baxanlar yiyəsiz uçuq evlər yox, pəncərə
gözləridir".
***
"Sən
artıq azadsan, Şuşa!" (Prezident İlham Əliyev).
Daha bundan sonra sənin pəncərələrindən əbədi
işıq gələcək, Şuşam mənim!
Rüstəm Kamal
Ədəbiyyat qəzeti.- 2024.- 16 mart,
№10.- S.13.