Savaşdım əllərimlə, Yazılmadı
o mesaj, çalınmadı
o zəng...
***
Yenə
ən kədərli günlərdən biri idi bu gün,
Daradım saçımı bircə-bircə,
incə-incə,
Topladım arxadan,
Xoşum
gəlmədi, açıb
bir də topladım.
Geyindim ən gözəl paltarımı, oturdum evdə.
Yenə
ən kədərli günlərdən biri idi bu gün,
Dəmlədim qəhvəmi, bol
köpüklü, şəkərsiz.
Hərkəsləşmək keçdi könlümdən,
Çevirdim fincanı, falıma
baxım,
Unutdum, qaldı eləcə.
Yenə
ən kədərli günlərdən biri idi bu gün,
"Playlist"imdə olmayan mahnılardan tapdım,
Rəqs
etdim doyunca.
Yana-yana qaldı kədərim,
Hiss etdirmədim, mən də yandım.
Yandım,
amma dayandım!
Yenə
ən kədərli günlərdən biri idi bu gün,
Savaşdım gözlərimlə,
Onlar qaçdı, mən tutub çəkdim yollardan.
Savaşdım sözlərimlə,
Boğa-boğa öldürdüm.
Savaşdım əllərimlə,
Yazılmadı o mesaj, çalınmadı
o zəng.
Yenə
ən kədərli günlərdən biri idi bu gün,
Gətirdim kitabımı,
Tutdum keçmişin qabağına,
oxudum.
Səsli
oxudum
Eşidilmək üçün özünü
didən
Bütün səslərin acığına.
Yenə
ən kədərli günlərdən biri idi bu gün,
Qucaqladım yastığımı,
Üzdü içindəki qaz
lələkləri,
İnandılar nə vaxtsa
Təzədən quş olacaqlarına.
Onlar inandı, mən də inandım.
Yenə
ən kədərli günlərdən biri idi bu gün.
***
Bir gün onsuz da, yaşayacaqdıq bu ayrılığı,
Amma deyirəm ki,
Kaş daha çox öpəydim səni,
Dodaqlarım su içəydi
Çiyinlərinin quyusundan,
Bəlkə, bu qədər
yanmazdı canım.
İndi quruyub dünyanın bütün bulaqları
Və bulaq başındakı ağacları aparıb
Səhrada əkdiklərini düşün.
Bir gün, onsuz da, yaşayacaqdıq bu ayrılığı,
Kaş əzbərləyə biləydim
əllərini.
Ovuclarından xətlər necə
keçir, məsələn?
Bizim kimi ikiyə bölünüb keçir,
Yoxsa, yanaşı dayanıblar
Onuncu planetin küçəsində?
Hansı
quşların uçuşu
qaldı səsində?
Heç
olmasa, sonuncu baxışının
Şəklini çıxar, göndər
mənə,
Görüm, necəyəm?
Bəlkə, sənin üçün
sonuncu gündüz,
Bəlkə, aysız gecəyəm...
Bir gün, onsuz da, yaşayacaqdıq bu ayrılığı,
Adamların toplama qanununda
Tək olur sonda cəmimiz,
Toplanan,
toplanan, tək...
Kaş dənizdə bataydı,
Yandı.
Sahildə yandı bizim gəmimiz.
***
Getdin,
On oyuncağım vardı,
Onunu da apardın.
Mənim
sağdakı beşim
Soldakı beşimə yetmir.
Nə
var ki addım atmağa?
Bilirsən də, mən yıxılan deyiləm.
Amma hansı qüvvə qaçırar ayaqlarımı?
Hər sığalda çırpınardı
ürəyim,
İndi yüz çəkic gətir, səsi çıxmaz.
Getdin,
Gözlərimin yaşı axmaz.
Deyirlər, böyüklər ağlamaz,
Ruhuma baxma, oyuncağım yoxdur.
Dənizə getdim, islanmamış
qayıtdım.
Otların da üstündə ayaqyalın
gəzmirəm,
Qabağına qaçmıram itlərin,
pişiklərin,
Ciyərlərimə çəkməyi
unuduram
Yağışda torpaq qoxusunu.
Sən heç bilirsən, baharın xəzan qorxusunu?
Sevgilərin qəfil çökən
duman qorxusunu?
Yaxşı ki, balıqlar dənizə
danışmır yuxusunu.
Nə zamansa yadına düşsəm,
Bil ki, yaxşıyam.
Yaxşıyam, sən yaxşı
ol.
***
Yorma özünü, cənab,
Doğuşdan özgür olan
heç nəyi
Həbs
edə bilməzsən.
Hava kimi...
Su kimi...
Mənim
kimi...
***
İndi onun adı dünyadakı
milyon addan biridir,
İndi onun odu dünyadakı
milyon oddan biridir,
İndi
o, dünyadakı milyon
"O"dan biridir.
İndi küçələri bir-birindən
heç nə ayırmır.
İzini
də, tozunu da süpürmüşəm -
Bu mənim saçımın
son süpürgə halı
idi.
İndi çayın, qəhvənin
danışmağa hekayəsi
yox,
Bircə
onu bilirəm ki,
Hər masada içilməz,
Hər masadakı ilə içilməz,
Hər
masala içilməz.
İndi heç bir mahnının,
Heç
bir şeirin qarşısında
"o" işarə
əvəzliyi dayanmır.
İndi mənim "o mahnı"m,
"o şeir"im yoxdur.
İndi ürəyin közərən
hər ocağını,
Bu dünyanın hər künc-bucağını,
Hətta
ana qucağını
Buz tutub, buz.
İndi bu bədəndə ən çox ruhum üşüyür.
Divarların o tayını görmək
ürək işidir.
Təklik
məmləkətindən baxanda
Kor ürəkli adamlar məmləkəti
Necə
görünür, görəsən?
Necə
duyulur?!
Görünürmü? Duyulurmu?!
Özay
üçün
Damarlarından balmı axır
qan yerinə?
Barmaqların bütün günü
dodaqlarında gəzir.
Ay əlləri pambığım!
O əllər meşəyə
döndərər toxunduğu
çölləri.
Tutub saxlayar mücərrəd isimləri,
Didərgin edər küləkləri,
yelləri,
Yerinə
günəş qoyar,
yağış qoyar.
Ay mənim qaraqaş, qaragöz balam,
Ay kirpikləri uzunum!
Xəbərin varmı, kirpiklərini
qalxan edirəm
Həyat
üstümə gələndə.
Bütün divarlar önümdə
pəncərədir indi,
Çərçivəsiz, şüşəsiz...
Ay mənim saçı ipəyim,
Ay Tanrı sığallım.
Saçını sərsən ürəyimə,
bitişər bütün
çatları.
Mənim
ata bilmədiyim köhnələri, bayatları
Atar ürəyimin qapısından,
Atar gedər-gəlməzə.
Ay mənim təkrarsızım!
Bütün günü təkrar
edirəm səni,
Təkrar
edirəm ki,
Əzbərləyim hər anını, hər halını:
Sənin
ilk sözün...
Sənin
ilk cümlən...
Sənin
ilk addımın...
Hələ belə kitabım,
Hələ belə dərsim
olmamışdı.
Ay qanadlarını sevdiyim!
Qorxma, sevgim yük olmaz sənə.
Üstünə arzu qalağı
ilə gəlmərəm,
gəlmərəm.
Səndəki özgürlük dünyadan
böyük!
Ay mənim qaraqaş, qaragöz balam!
Ay kirpikləri uzunum!
***
Anam köksündən bibər
acısıyla ayırmışdı
məni.
Yuvam yıxılmışdı bir
anda.
Özü də yerə-yurda
yox, ürəyimə...
Yaşamağı öyrəndiyim,
Güvənməyi öyrəndiyim yuvam
yıxılmışdı.
Mənim
körpə duam yıxılmışdı,
Ağzımdan çıxdı ki, göylərə çatsın?!
Ağzımı açdığım anda yanıb-yaxılmışdı.
Sonra nə illah elədim,
Yada sala bilmədim ana südünün şirinliyini,
Neyləsəm də, getmir
Damağımda elə o kökü
kəsilmiş bibərin
acısı.
Ayrılmağı ilk dəfə anam
öyrətmişdi mənə,
Anam öyrətmişdi bütün
başlanğıcların şirin,
Bütün ayrılıqların acı olduğunu.
Yandıran nə varsa, pərvanəsiyik, divanəsiyik.
Anam öyrətmişdi müqəddəsləşdirməyi
də!
Acını!
Ayrılığı!
Sevgini!
Gülay Tahirli
Ədəbiyyat qəzeti.- 2024.- 16 mart,
¹10.- S.15.