Sənsizlik təklikdi, Allah kimi. Sənsizlik ayrılıqdı, yara kimi

 

Sinəsinə mina basdırılmış

 

torpaqdı ömür

 

 Sinəsinə mina basdırılmış

 

Torpaqdı ömür,

 

Yaşayırıq, Allaha təvəkkül.

 

 

Gəl, istehkamçı çağır,

 

irəlidə getsin,

 

biz arxasınca,

 

qarşıdakı günləri qarşılamaq üçün.

 

 

Bax, ayağını itirən o adam

 

Hələ peşmandı

 

Cızından çıxdığı üçün.

 

 

 

Körpələrin şəkli

 

 Bütün müharibələrə

 

körpələrin yatdığı yerdə

 

şəklini göstərin,

 

onda anlayacaqlar

 

dünyanın qədər mənasız olduğunu.

 

 

Anaların qolları

 

saat kəfkiri kimi

 

yelləyir bu ağlağan uşağın beşiyini.

 

 

Yellədikcə, zaman ötür,

 

körpələr böyüyür,

 

əsgər olur.

 

 

 

Sənsizlik

 

 Sənsizlik azadlıqdı,

 

hava kimi.

 

 

Sənsizlik təklikdi,

 

Allah kimi.

 

 

Sənsizlik ayrılıqdı,

 

yara kimi.

 

 

Sənsizlik, oğlumun arxamca:

 

"ata, getmə" deməsidir.

 

 

 

Test...

 

 Aramızda qoşa xətt var,

 

baxdıqca məyus oluram,

 

qaçıram qırıq-qırıq yerin tapmağa ki,

 

sənə qovuşum...

 

 

Sən isə hamiləlik testindəki

 

qoşa xəttə baxıb sevinirsən,

 

baxıram ki, mən yenə gecikdim.

 

 

 

Kino çəkirsən

 

 

Eh! İndi bələnmiş xına əllərin

 

Əsirdi kiminsə baş hərfinə.

 

Özün öz könlünlə çıxıb gedirsən,

 

Mənim hisslərimin bircə səhvinə.

 

 

Hələ sızıldamır o daş ürəyin,

 

Qoy, hava qaralsın, bir gecə olsun.

 

Ən yaxşı günümüz toy günündüsə,

 

Bəs, ən pis günümüz, de, necə olsun?

 

 

Bəlkə oturub ötən günündən,

 

Yanıb dəqiqəsinə külün əkirsən.

 

Səndən yeddi oğul, qız istədilər,

 

Olmaya-olmaya, kino çəkirsən.

 

  

 

Sanki ürəyimdə

kirayə qaldın

 

 Əlin niyə qalıb üzündə sənin,

 

Bəlkə, həsrətimdən heç doymamısan.

 

Sanki ürəyimdə kirayə qaldın,

 

Divarda yazmamış yer qoymamısan.

 

 

Qayıdıb görərsən həmin qapıdı,

 

Aldadar, yanarsan fikirlərində.

 

Bəlkə üzündən bilinməz heç ,

 

Ən ağır yaralar qalar dərində.

 

 

Səni bağışladım, ya bağışlamadım,

 

Neynirəm qınayım axı baxtımı?!

 

Mənə bu yaşında nahaq qayıtdın,

 

Mən axı sevirdim o qız vaxtını.

 

 

Hər şeyin bitdiyi bir gün var idi,

 

Çox şey yada düşür sən tək qalanda.

 

Deyək, ürəyimin başına dəydi

 

Sənin dabanında o qab sınanda.

 

 

 

Dərd eləmə, əzizim

 

 Küçədə yağış yağır,

 

sel götürüb hər yanı.

 

Yuyur günahlarını,

 

təmizləyir dünyanı.

 

 

Sənin günahın var,

 

düzün deyim, bağışla.

 

İndi fürsətdi sənə,

 

çıx küçəyə yağışda.

 

 

Qoy saçların islansın,

 

gözlərinə yaş dolsun.

 

Ürəyinə "heyif"lər,

 

ürəyinə "kaş" dolsun.

 

 

Dərd eləmə, əzizim,

 

günahsız insan yoxdu.

 

İndi çıxdın-çıxdın,

 

sabaha leysan yoxdu.

 

 

 Vasif ƏLİHÜSEYN

Ədəbiyyat qəzeti.- 2024.- 16 mart, ¹10.- S.19.