Vida dəmində
Şirindil Alışanlını itirdik. Şirindil Alışanlı ilə birgə ədəbiyyatşünaslığımızın
böyük bir qatını, potensialını,
sabahını əvəzsiz
olaraq itirdik. Filoloji doktoru, professor Şirindil Alışanlı
çağdaş Azərbaycan
ədəbiyyatşünaslığının
sütunlarından biri,
ədəbiyyatşünaslığımızın
yüz illik bilik və təcrübəsini
özündə cəmləmiş,
bu xəzinəyə
sahib çıxan, onu
daim sabahkı nəslə, tələbələrinə,
doktorantlarına ötürməyə
can atan, ədəbiyyatşünaslığımızın
təkcə bugün deyil, sabah qayğıları
ilə yaşayan nadir
alim və şəxsiyyət
idi.
Hələ iki il öncə
70 yaşını böyük
sevinclə, şadyanalıqla,
qədirbilənliklə bayram
edirkən, necə də qürurlu, əzəmətli, alim ömrünün
zirvəsində xoşbəxt
görünür, işıq
saçırdı. Şirindil
Alışanlının ədəbiyyatşünaslığımızın
son və ən çətin mərhələsində
xidmətlərini heç
vəch unutmaq olmaz. "Sözün estetik yaddaşı"
(1994), "Romantizm: mübahisələr,
həqiqətlər" (2000), "Ədəbi-bədii düşüncənin
sərhədləri" (2010), "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı"
(2011), "Ədəbi-tarixi fikrin tarixiliyi və müasirliyi"
(2013), "Sözün yaşamaq
haqqı" (2022) kitab və
monoqrafiyaları alim ömrünün
bəhrələrini göstərməklə
yanaşı, yeni ədəbiyyatşünaslıq
yolunda aramsız mücadilələri, müstəqillik
dövründə klassik
ədəbiyyatşünaslıq irsinə sahib çıxmaq,
onu davam etdirmək qayğılarını,
çağdaş ədəbiyyat
elminin metodoloji problemləri, dəyərləri
və meyarlarını
da üzə çıxarmağa
xidmət edirdi. Şirindil Alışanlı
ədəbiyyat və
elm fədaisi idi və bu haqqı
yazıları, elmi əsərləri, çıxışları , fəal alim mövqeyi, bütünlükdə
filoloji fəaliyyəti
ilə qazanmışdı.
Şirindil Alışanlı bütün
alim ömrünü, yetişdiyi
və axıracan sadiq qaldığı AMEA
sistemində, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
keçirmiş və
yalnız elmi yaradıcılığı ilə
deyil, akademiyanın
"Elm" nəşriyyatı və "Elm" qəzetində,
Ədəbiyyat İnstitutunda
elmi katib və şöbə müdiri kimi görəvlərdə ardıcıl,
prinsipial, usanmaz fəaliyyəti ilə də elmin intişarına
xidmətlər göstərmişdir.
Şirindil Alışanlını
bu sarıdan yalnız humanitar və ictimai elm sahəsinin adamları deyil, bütün akademiya kollektivi, dəqiq və digər elmlərin nümayəndələri də
yaxşı tanıyır,
nəşr işlərində
təmənnasız yardımına
görə minnətdarlıqla
anırlar.
Şirindil Alışanlı Azərbaycan
filologiyasının dünya
miqyasında inkişafı
və tanınması
qayğıları ilə
yaşayır, bu sarıdan elmi-ədəbi
əlaqələrin yaradılması
və intişarı yolunda səylərini əsrigəmirdi. O, Rusiya Estetika və Azad sənətlər Akademiyasının
akademiki, nüfuzlu
"Akademiçeskiye tetradi",
"Nauçnaya kniqa"
jurnallarının beynəlxalq
redaksiya heyətinin üzvü idi, məhz Şirindil Alışanlının gərgin
əməyi sayəsində
M.Qorki adına
Dünya Ədəbiyyatı
İnstitutu ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaxın və uzunsürən əməkdaşlığı başlamış, bugünə
qədər də davam edir.
Şirindil Alışanlı böyük
bir ədəbiyyatşünaslıq
məktəbinin davamçısı
idi; müəllimləri
Yaşar Qarayevə,
Yuri Borevə, o cümlədən
dərs aldığı,
çiyin-çiyinə çalışdığı
ustad ədəbiyyatşünaslara
qarşı olduqca həssas, diqqətli, qədirbilən idi. Ağır xəstə ikən, şair-ədəbiyyatşünas
Qasım Qasımzadənin
yüz illiyinə yazdığı, "Ədəbiyyat qəzeti"ndə
dərc olunan geniş məqaləsində
bu əvəzsiz insani keyfiyyəti bir daha gördük,
duyduq. "Məqaləni
dizlərim üstə
yazmışam, - deyirdi,
- birdən gedərəm,
Qasım müəllimin
boynumda haqqı qalar. Məndən yaxşı onun xidmətlərini kim bilir ki?"
Şirindil Alışanlı qədirbilən
idi, özü də qədirbilənlik qazanmışdı. Həmkarlarının,
dostlarının, tələbələrinin
hədsiz sevgisi halal qazancı idi. Elmdə prinsipial olduğu qədər də, həyatda həlim, qayğıkeş
idi, ona üz tutan hər
kəsə yardımını
əsrgəmirdi. Mənə
kiçik qardaşı
kimi yanaşır, onu özümə böyük qardaş bilirdim. Elmdə tutduğu yolu getməyə çalışır,
mövqeyinə şərik
olur, dəyərlərini
bölüşürdüm. Xəstə yatırkən,
tez-tez narahat etməkdən çəkinsəm
də arabir zəngləşirdik. Son əməliyyata
getməzdən əvvəl
özü telefon açmışdı. Ağrıdığını
desə də, içi həyat eşqi ilə dolu idi; əvvəlcə
səsi xəstəhal
olsa da, Ədəbiyyat
İnstitutundan, bugünü
və sabahından söz açdıqca getdikcə gümrahlaşırdı.
Yenə prinsipial danışır, gərəklərdən,
edəsilərdən bəhs
edirdi. Bəzi yaradıcılıq planlarını
da açıqladı; nigaran
qaldığı tələbələrinin
taleyini, yarımçıq
işlərinə yol
göstərməyi xüsusi
olaraq mənə tapşırdı. Belə
bir dəmdə bu necə qayğıkeşlik
idi, necə bir ali insan
keyfiyyəti idi! Heyrət ediləsidir. Bugün acı göz yaşı içində bunun son vida söhbətimiz olduğunu yada salır, qəti, inamlı, hardasa həmişə hökmlü səsini əbədi yaddaşıma
yazmağa çalışıram.
Şirindil Alışanlı bugün
bizdən cismən ayrılsa da, örnək
alim və şəxsiyyət
timsalını bizə
qoyub getdi. Bu örnəyə sahib çıxmamağa
haqqımız yoxdur.
Ruhun şad, yerin cənnət olsun, əziz Şirindil müəllim.
Tehran ƏLİŞANOĞLU
Ədəbiyyat qəzeti.- 2024.- 16 mart,
№10.- S.20.