"Dünya
görəcək bir təzə cənnət Qarabağda"
Mahcamal Babayeva (ədəbi təxəllüsü Mahcamal)
şeirimizin digər janr və vəznlərindən
daha çox klassika nümunələrinə,
əruza üstünlük
verən Abşeron poeziya məktəbinin yetirməsidir. O, Bakının
Əmircan kəndində
neftçi ailəsində
dünyaya göz açıb. Atası həm də musiqiçi, mahir klarnet və saksofon ifaçısı
idi, nəfəsli orkestr yaratmışdı.
Hələ uşaqlıq
çağlarından Mahcamal
incəsənət mühitində
böyüyür, ədəbiyyata,
söz sənətinə
olan sevgisi ilə fərqlənir, məktəb illərindən
bədii qiraətə
maraq göstərirdi.
Oxuduğu məktəbdə
elə ədəbi-bədii
gecə, müsamirə
olmazdı ki, yeniyetmə
qız orada şeir söyləməsin,
klassik və çağdaş şairlərimizin
misralarını səsləndirməsin.
Neftçi Kərimin qızı
gənc Mahcamal Azərbaycan Neft Akademiyasına daxil olur, sonra ali
təhsilini Moskvadakı
D.İ.Mendeleyev adına Kimya-Texnologiya İnstitutunda davam etdirir. AMEA-nın elmi-tədqiqat institutlarında
uzun müddət çalışsa da, ədəbiyyata
olan vurğunluğu heç vaxt tükənməyib. Ədəbi
mühitə 2002-ci ildən
qədəm qoyan Mahcamal "Şam",
"Məcməüş-şüəra",
"Ə.Vahid" ədəbi məclislərinin
fəal üzvü olub. "Qobustan" dərgisində çap edilmiş "Səttar Bəhlulzadənin heykəli
önündə" şeiri
ilə ədəbiyyata
gəlib. Həm klassik poeziya janrlarında, həm də heca vəznində
yazdığı şeirləri
Yazıçılar Birliyinin
ədəbi nəşrlərində
- "Azərbaycan" və
"Ulduz" jurnallarında
müntəzəm olaraq
dərc edilib.
2006-cı ildən Azərbaycan
Yazıçılar Birliyinin
üzvüdür. Qəzəlləri
ilə daha çox tanınan və bu rəngarəng
poeziya nümunələri
xanəndələr tərəfindən
oxunan Mahcamal xanımın "Bizim bağın çəpəri
yox..." adlı ilk şeirlər kitabı
2010-cu ildə "Səda"
nəşriyyatında çapdan
çıxıb. Televiziya
məkanımızın "Məclisi-üns" verilişindəki
çıxışlarıyla əbədiyaşar poeziyamızın
təbliğinə öz
töhfələrini verib.
Bu günlərdə Mahcamal xanımın yeni kitabı
işıq üzü
görüb. "Hələ
də gec deyil" (Bakı, "Təhsil" nəşriyyatı,
2024) adlı ikinci kitabında şairin qəzəl, məsnəvi,
müstəzad, mürəbbe,
müxəmməs və
təxmisləri toplanıb.
Mahcamalın şeir yaradıcılığından söz açarkən tənqidçi, ədəbiyyatşünas,
publisist, "Azərbaycan"
jurnalının baş
redaktoru İntiqam Qasımzadənin şairin
ilk kitabına yazdığı
fikirlərini xatırlayıram:
"Mahcamal xanımın
oxuculara təqdim etdiyi şeir çələngi, ola bilsin
ki, bir qədər gec ərsəyə gəlib, amma bunun da əsas səbəbi onun şeirə, sənətə
son dərəcə ciddi
münasibətindən, kitab bağlayıb oxucu qarşısında imtahana
çıxmağın məsuliyyətini
dərk etməsindən
irəli gəlir. Əslində bu, təbiidir. Çünki poeziyamızın tarixi çox qədim, ənənələri isə
olduqca zəngindir. Belə bir məmləkətdə
- Xaqanisi, Nizamisi, Nəsimisi, Füzulisi, Vaqifi, Sabiri... olan bir ölkədə
"özünə şairəm
deyib, ortaya şeir kitabı qoymaq, həqiqətən,
məsuliyyətli bir işdir".
Mahcamal xanım bu gerçəkliyi
dərk edən qələm adamlarındandır.
Onun şeirlərində
doğulduğu Abşeron
torpağının özünəməxsus
mənzərəsi qızıl
xətlə keçir.
Ağsaçlı Xəzərin
şahə qalxan dalğaları, dənizin
üzərindən ötüb-keçən
əlçim buludlar,
bəmbəyaz qağayıların
ləpədöyəndə gəzişməsi, kəhrəba
qumlu sahildəki ayaq izləri, tənha əncir ağacı, lövbər
salmış balıqçı
qayıqları... Mahcamal
xanım sözün qüdrəti, əlvan bədii təsvirlər, poetik boyalarla "çəkib" bu füsunkar mənzərələri.
Hələ Abşeron
bağlarını vəsf
edən şeirlərini
oxuyasınız:
Bizim bağın çəpəri
yox,
Mərdümazar uzaq idi.
Ürək geniş, gözlərsə
tox,
Ən ümdəsi üz ağ idi.
Qızıl qumun qoynu geniş,
Fikir, xəyal meydanı bol.
Burda yoxdu yoxuş, eniş,
Arzulara dümdüzdü yol.
Bu yazıda müəllifin poeziyasında mühüm
yer tutan Qarabağ mövzusundan bəhs edəcəyik. Mənfur qonşunun torpaqlarımıza diş
qıcadığı, dağıdıcı
təxribatların ara
vermədiyi, əsəblərimizin
bir tükdən asıldığı üzüntülü
dövrdə şairin
qəlb çırpıntıları
onun misralarında duyulurdu. O müdhiş illərin iztirabları, ağrı-acısı Mahcamalın
da yaddaşına qara
dumantək çökmüşdü.
Ucu-bucağı görünməyən
Birinci Qarabağ savaşında uğur bizdən yan keçmişdi. Axı, təkcə erməni qaniçənlərlə deyildi
savaşımız, onların
havadarları olan güc dövlətləri
ilə də üz-üzə qalmışdıq.
Müəllifin "Tale oyunu"
adlı şeirində
oxuyuruq:
Biz sevgi bilmişik məkri, hiyləni,
İsti
qucağımız gürzə
bəslədi.
Namərdlə bölmüşük şirin tikəni,
Çörək bəs deyilmiş,
torpaq istədi.
Arxalı
köpəkdir, qurd basmağı var,
Tək qalsa, bizlərə qısılacaqdır.
Hər cür pis əməldə
bir barmağı var,
Bir gün beş barmaqdan asılacaqdır.
Arın-arxayınçılığın, biganə,
laqeyd münasibətin
altını çəkirdik
yoxsa? Nədən bu ağrı-acıyla üzləşmişdik? Dərdimiz
içimizdə at oynadırdı.
Qəm-qüssəmizə şərik
olan, nə vaxtsa bizim haqq
işimizə qahmar çıxan tapılacaqdımı?
Şair ruhunun Qarabağda baş verənlərdən dolayı
yaşadığı üzüntülər,
keçirdiyi təbəddülatlar,
sanki bir araya sığışaraq
poetik gerçəklik
yaradırdı misra-misra.
Ağrı-acılı olsa
da... Mahcamal "Şəhid
qanı" şeirində
əzab dolu sualların cavabını
axtarırdı:
Şimal
bizə şikarıtək
baxan gündən
Sədlər qoyan, sərhədləri
pozan gəldi.
Ermənilər yollarını azan gündən
Naçar qaldıq, qara tarix yazan gəldi.
Günahkarıq yağı torun
atan gündən
Niyə
məkrə biz biganə
baxan olduq?
Qeyrətimiz şirin-şirin yatan
gündən
Süfrəmizi hər yetənə
açan olduq...
Şair
"Vətənin öz
igid oğullarını
seçdiyini, əbədiyyət
badəsini içən
şəhidlərin daim
oyaq olduğunu, yüz-yüz ərənin
qeyrət gülü dərdiyi"ni qürurla
vəsf edirdi. "Qaytar" şeirində isə müəllif yağılarla haqq-hesab çəkmək vaxtının
yetişdiyini dilə gətirir, polad biləkli ərənləri
ayıq-sayıq olmağa,
düşməndən qisas
almağa çağırır:
Bu dünyanın əzabından
doyub gözüm,
Könül sirdir, fikir, xəyal - ocaq közüm.
Közdə sözüm alovlanır,
necə dözüm?
Düşmənə od vurmaq üçün apar, apar.
Narahatam,
rahat qəbir istəmirəm.
Vətən dözmür, mən
də səbir istəmirəm.
Qalx, mərd igid, yatan bəbir istəmirəm.
Al yağıdan torpağını
qaytar, qaytar!
"Bağışlanmaz, bağışlansa
Vətən yada" deyən
şairin torpaqlarımıza
susamış yağı
düşmənlə inadkar,
israrlı mübarizəsi,
qələmlə savaşı
illər boyu davam edib, səngiməyib:
Bu, Vətən dağıdır, bu, el dağıdır,
İgidtək yaddaşa taxılmaq
gərək,
Əsirdir, Vətəni yağı
dağıdır,
Sönmək yox, şimşəktək
çaxılmaq gərək!
Söz xiridarları Mahcamal xanımı klassik poeziyanın, əruzun bilicilərindən hesab edirlər. Qədim dövrlərdən bugünədək
yaşayan klassik poeziya janrında çağdaş həyatın
mövzularını yaza
bilmək Mahcamal kimi, qələm, söz adamının xüsusi istedadının
göstəricisidir. Zəfər
savaşımızın böyük
coşqu və əks-səda doğurduğu
günlərdə həyata
nikbin baxışı
ilə seçilən
şair Vətənə
sevgi və ehtiramla Qələbə şeirləri yazırdı:
Fəxr eylə Vətən, biz sənə təkrar oğul olduq!
Xainliyə, namərdliyə inkar
oğul olduq!
Aldıq Şuşanı, el tacını şərlər
əlindən.
Xeyirin üzü güldü,
biz inadkar oğul olduq!
Qırx
dörd gün o namərdlərə hərb
dərsini verdik,
Qırx
dörd gün əzmkar, belə qəddar oğul olduq!
Biz Mahcamalın könlünü aldıq
qəm əlindən,
Qoy vəsf eləsin, gör, necə sərdar oğul olduq!
Yaxud:
Verdin sən özün bizlərə fürsət Qarabağda,
Cəng
eyləyək, Allah, qısa
müddət Qarabağda.
Bərbad
olan Ağdam, Şuşa azad olub, ey can!
Dünya
görəcək bir təzə cənnət Qarabağda.
Əruzla izhar edilmiş sevincimizi çatdıran bu klassik şeir
nümunələri ünlü
qəzəlxanların beytlərini
xatırladır. Bu beytlər
klassika ilə müasir şeirin vəhdətindən ərsəyə
gəlib. Şairin ruhumuzu təzələyən,
içimizi fəxarət
hissi ilə dolduran "Əsgər gəlir!" rədifli qəzəli də 44 günlük Zəfər savaşımıza ithaf edilən ən gözəl bədii nümunələrdəndir:
Sevgili canan Qarabağ eşqinə,
Canını qurban edən Əsgər gəlir.
Qüdrətinin
sərgisidir, ey Vətən!
Aləmi
heyran edən Əsgər gəlir!
Fərmanı İlham verib, ey
Mahcamal,
Torpağın ümman edən
Əsgər gəlir!
Zemfira Məhərrəmli
Ədəbiyyat qəzeti.- 2024.- 16 mart,
¹10.- S.22.