Onu unutmaq olmur...
İnsan yaşa dolduqca xatirələrlə yaşayır.
Dünyasını dəyişmiş
dostlar haqqında xatirələr isə adama dinclik vermir.
Belələrindən biri,
1964-cü ildən dostluq
etdiyim Mövlud Taha Qayaçı idi. Bakı həsrətilə
yaşayan, Azərbaycanı
öz vətəni sayan Mövlud Taha Qayaçı hisslərini,
isti duyğularını,
yazıları və məktubları yoluyla izhar edirdi. Onun
Xalq şairi Rəsul Rzaya, professor Abbas
Zamanova və bu sətirlərin müəllifinə göndərdiyi
məktubları həyəcansız
oxumaq olmurdu. Uzun illər dostluq etdiyim, Bakıya həsrətlə
yaşayan dostumun arzusunu gözündə qoymadım. 2005-ci ilin avqust ayında Bakıya dəvət etdim. Azərbaycan Yazıçılar Birliyində,
Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində - İraq-türkman
ədəbiyyatı və
mədəniyyəti ekspozisiyasında
(təəssüf ki, muzey
təmir olunandan sonra mənə məlum olmayan səbəbdən ekspozisiya
fəaliyyətini dayandırdı),
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, "Ədəbiyyat
qəzeti"ndə yüksək
səviyyəli görüşlər
keçirdik. Fəxri
Xiyabanda Səməd Vurğun, Rəsul Rza, Abbas Zamanovu ziyarət etdik. Azərbaycan Yazıçılar
Birliyinin fəxri üzvü seçildi.
Təəssüf ki, 7 mart 2011-ci ildə 70 yaşında əbədiyyətə
qovuşdu.
Mövlud
Taha Qayaçı uzun
müddət Kərkük
Televiziyasında yüksək
vəzifələr tutmuş,
sonralar Yazarlar Birliyinin başqanı seçilmişdi.
İctimaiyyət arasında böyük
hörməti vardı.
Prof. Dr.Mehmət Ömər
Qazançı "Son söz
yoxdur" kitabında
(Bağdad, 2017, 200 səh.)
Mövlud Taha Qayaçı
dünyasını dəyişəndə
yazdığı "Vida sözü"nü
(s.41-47) və Mövlud
Tahanın ona ünvanladığı, həyat
düşüncələri haqqında məktubunu
(s.49-60) dərc etmişdir.
Qazançının "Vida sözü"ndə
diqqətimi çəkən
Mövlud xəstə
olanda onu ziyarət edən Əta Tərzibaşı
və Nicat Kövsəroğlunun Mövludla
birgə çəkilmiş
şəkli oldu.
İraq-türkman folklorşünaslıq
və ədəbiyyatşünaslıq
məktəbini yaradan
qocaman alimin Mövlud Taha Qayaçını
ziyarət etməsi, Mövludun böyük hörmətindən xəbər
verirdi. Əta bəy o vaxt artıq evdən bir yana çıxmırdı,
ayağı sınmışdı.
Ədəbi əlaqələrimiz yolunda çalışan Mövlud Taha Qayaçı
Azərbaycana gəlişində
əlində böyük
bir qovluqda uzun illərdən bəri topladığı,
heç yerdə çap olunmayan çox sayda nağıllar gətirmişdi.
Mən "İraq-Türkman
nağılları"nı (Bax: Bakı, "Təhsil", 2014, 432 səh.)
tərtib edərək
geniş ön sözlə çap edəndə Mövludun topladığı nağılları
"Ailə-məişət nağılları", "Məişət
nağıl-hekayələri" və "Uşaq nağılları" adı
altında kitaba daxil etdim. Həmin
nağılların hər
birinin sonunda yazdım: "Toplayanı
Mövlud Taha Qayaçıdır"
(Bax: İraq-Türkman
nağılları, səh.
129-389). Nağılların ağız özəlliklərinin
saxlanmasında və bəzi sözlərin dəqiqləşdirilməsində kitabın rəyçisi Dr.Şəmsəddin Kuzəçi yardımçı
oldu.
Mövlud
Taha Qayaçı İraqda
mənim yaradıcılığıma
məqalələr həsr
edən ilk araşdırmaçıdır
(Bax: "Qardaşlıq"
dərgisi, ¹10-11. Bağdad,
1972, s.30-31). Haqqımda son yazısı
isə "Sevməmək
olmur onu" başlıqlı yazısı
oldu (Bax: "Türkmaneli" Ədəbiyyat
və Sənət dərgisi, iyul, sayı 30. Kərkük,
2010). Mövludla imkan daxilində görüşürdük.
Türkiyədə Qaysəri
şəhərinin Ərciyəs
Universitetində, İstanbul və Ankarada konfranslarda görüşlərimiz
şirin xatirələr
kimi yadımdan silinməyəcək.
Mövlud
Taha Qayaçı tanınmış
yazıçı və
tədqiqatçı idi.
Namik Kamala monoqrafiya, dəfələrlə məni
görüşünə apardığı
qocaman şair Məhəmməd Sadiqə
kitab həsr edib. Xalq şeirlərini toplayaraq "Bizim oğlan" adı altında çap etdirmişdi. Mövlud Taha
ilə son görüşümüz
14.04.2010-cu il tarixdə Əta
bəyi ziyarətə
gedəndə oldu. Təyyarə ilə İstanbuldan İraqın
şimal bölgəsi
Ərbil şəhərinə
uçaraq oradan maşınla Kərkükə
yollandım. Kərkükün
40 km-liyində - Altun Körpüdə Mövlud
Taha Qayaçı, Bəndəroğlunun
kürəkəni Cəlal
Polad, Necat Kövsəroğlu, Məhəmməd
Bayat və başqaları məni qarşıladılar, cəmi
bir neçə ay öncə partlayış
baş verən lokantada təlaş içində çay və sərinlədici içkilər içərək
birbaşa Əta Tərzibaşının evinə
yola düşdük.
Orada bir xeyli türkman aydınları toplanmışdı.
Şəkil çəkdirdik.
Bu, Mövludla çəkdirdiyimiz
son fotolar oldu.
Mövlud
folkloru və etnoqrafiyanı dərindən
bilir və bu xalq xəzinəsindən
yaradıcılığında bol-bol istifadə edirdi. Yazıçının
"Dayı Mehdi" hekayəsi
deyilənə əyani
sübutdur.
Şübhəm yoxdur ki, gənc
yazarlarımızın bu
kiçik həcmli hekayədən götürə
biləcəyi çox
şey vardır.
Dostumun rəğbətlə qarşılanacağına
əmin olduğum, adət-ənənənin bariz
nümunəsini özündə
əks etdirən, yetərincə ilgi çəkən "Dayı
Mehdi" hekayəsini məmnuniyyətlə
dəyərli oxucularımıza
ərməğan edirəm.
Qəzənfər
PAŞAYEV
Dayı Mehdi
Bayat əşirətinin Quraq kəndində belə hadisələr tez-tez olur. Dayı Mehdi qızı Bağdagülü
İsmayıl Kəviyənin
oğlu Həsənquluya
verəcək, Kəviyənin
qızı İncini isə oğlu Murtuzaya alacaqdı. Bu təhər qohumluq onun ağlına batmırdı. Həyatda azmı olur cürbəcür hadisələr?
Amma başqa bir çıxış yolu
da yox idi. Belə olsa, xərci çıxmazdı,
baş-başa olardı.
Kəviyə tez-tez toydan söz salır, Dayı Mehdini narahat edirdi. Lakin il pis gəlmiş, Dayı Mehdinin əlində bir şey yox
idi. Bu yandan da gözlənilmədən Bağdagül
qarayatalaq xəstəliyinə
tutulmuşdu. Dayı
Mehdi xəstə qızını
həkimə göstərmək
üçün illərdən
bəri sirdaşı
olduğu tüfəngindən
başqa evdə satılacaq bir şey görmürdü.
Oğrular, qurd-quş,
qonşu kəndin bəzi nanəcib adamları gözünün
qabağına gəlincə,
fikrindən vaz keçdi. Ömründə
ilk dəfə olaraq arvadının yanında kasıblıqdan şikayət
etdi. Baqqal Məstəvinin namərdliyindən
danışdı:
- Ay kişi, Bağdagülün
xatirinə, bu qışı yağsız
da keçirərik. O küpədəki
kərə yağını
apar, bazarda sat.
Dayı
Mehdinin üzərindən
elə bil ağır bir yük götürdülər.
Minnətdarlıqla vaxtından
əvvəl qocalmış
arvadını süzdü.
Ertəsi gün alaqaranlıqdan küpə
yağı bir xurcuna qoyub boz
eşşəyin tərkinə
atdı və bazara yola düşdü. Sərin meh Mehdinin üzünə vurduqca kefi açılırdı.
Bağdagülün toyunda
Kəviyənin oğlunun
gəlib camaatın gözü qarşısında
əlini öpəcəyini
düşündükcə fərəhlənirdi. Tütün
qutusunu çıxardı.
Bir papiros bükdü.
Boz eşşəyi mahmızladı.
Yenidən xəyala daldı. Barı yağı yaxşı
pula sataydı... "Bağdagülə
baxmağa yaxşı
bir həkim çağıracağam. Ölsə
də, bayatlı doktor Şahbazı
çağırmaram. Özgə
vaxt bizi adam yerinə qoymur. Bizim yanımızda
başa düşmədiyimiz
dildə danışır.
Görüm kasıblığın
üzü qara olsun. Kimdi kasıbı
sayan. Nə qədər özümüzü
oda-közə vursaq
da, qurddan ac, yalandan çılpağıq".
Xəyal
Dayı Mehdini ağuşuna alıb o qədər uzaqlara aparmışdı ki, o hətta
sabahın nə vaxt açıldığını
belə duymamışdı.
- Ay Allah,
mənə uğurlu bir gün qismət
et, - deyərək əbədi
yatan şəhidlərə
bir fatihə verdi və əlini
saqqalına çəkdi.
Şəhərə girən yola çatmışdı.
Bu vaxt iki köpək ona hücum etdi. Yaxşı ki, əl ağacını özü
ilə götürmüşdü.
Özünü itlərdən
zorla qoruyurdu.
- Ay it, çəkil...
Köpəklər aralandılar.
Dayı
Mehdi dönüb baxdı.
Baqqal Məstəvi idi. Köpək oğlu haradan çıxdı? Yaxşı
deyiblər: "Obaşdan
qabağına çıxan
ya xerxız (oğru), ya da xeyirsiz olar".
- Dur,
baba, dur. Səninlə işimiz
var.
Dayı
Mehdi borcdan qaçan deyildi. Əldə bir şey yoxdu.
Utana-utana
dedi: "Bu qədər
gözləyibsən, Məstəvi.
Sənə minnətdaram.
Rica edirəm bir az da gözlə".
- Kişi, boşboğazlıq
etmə. Mənə nə olub ki, səhər-səhər yuxuma
haram qatıb bazar yolunda
duram. Altı aydır gözləyirəm.
Elə etmə məhkəməyə verim.
Mehdini soyuq bir tər
basdı. Məstəvinin
namərdliyi hər şeyi alt-üst edə bilərdi. Kəviyə qohumluqdan geri dura bilərdi. Onda Mehdi xalqın üzünə necə çıxardı?
Mehdi həm sıxılır,
həm də yalvarırdı.
- Balalarının başına
çevir, Məstəvi.
- Baba, zəkat ayı keçdi. Un üyütmək
vaxtı çatıb.
De görüm, bu il nə qədər buğdan olub?
- Ağa, siz bilirsiniz
ki, bu il görünməmiş
quraqlıq keçdi.
Heç nə olmadı.
Məstəvi ucadan güldü:
"Bəs bu qış hava ilə dolanacaqsınız?"
- deyib Dayı Mehdinin üstünə gəldi. Mehdi bir addım geri çəkildi.
- Xurcundakı nədir?
Mehdi qorxdu ki, baqqal yağı əlindən alsın. Xurcundan bərk yapışdı.
Bu, Məstəvini daha
da hiddətləndirdi.
Əlini
atıb xurcunun o biri gözündən yapışdı. Elə zərblə dartdı ki, xurcun Dayı Mehdinin əlindən çıxdı.
Məstəvi özünü
saxlaya bilməyib arxası üstə yıxıldı. Xurcun əlindən çıxdı.
Dayı Mehdi zərblə
yerə dəyən xurcunda yağ küpəsinin sındığını
eşitdi. Sanki qırılan
küp deyil, Dayı Mehdinin ürək telləri idi. Elə bil
qeyb olan küp deyil, Dayı Mehdinin istək və arzuları idi.
Mövlud Taha Qayaçı
Qəzənfər PAŞAYEV
Ədəbiyyat qəzeti.- 2024.- 16 mart,
¹10.- S.24.