Dayı Mehdi
Bayat əşirətinin Quraq kəndində belə hadisələr tez-tez olur. Dayı Mehdi qızı Bağdagülü
İsmayıl Kəviyənin
oğlu Həsənquluya
verəcək, Kəviyənin
qızı İncini isə oğlu Murtuzaya alacaqdı. Bu təhər qohumluq onun ağlına batmırdı. Həyatda azmı olur cürbəcür hadisələr?
Amma başqa bir çıxış yolu
da yox idi. Belə olsa, xərci çıxmazdı,
baş-başa olardı.
Kəviyə tez-tez toydan söz salır, Dayı Mehdini narahat edirdi. Lakin il pis gəlmiş, Dayı Mehdinin əlində bir şey yox
idi. Bu yandan da gözlənilmədən Bağdagül
qarayatalaq xəstəliyinə
tutulmuşdu. Dayı
Mehdi xəstə qızını
həkimə göstərmək
üçün illərdən
bəri sirdaşı
olduğu tüfəngindən
başqa evdə satılacaq bir şey görmürdü.
Oğrular, qurd-quş,
qonşu kəndin bəzi nanəcib adamları gözünün
qabağına gəlincə,
fikrindən vaz keçdi. Ömründə
ilk dəfə olaraq arvadının yanında kasıblıqdan şikayət
etdi. Baqqal Məstəvinin namərdliyindən
danışdı:
- Ay kişi, Bağdagülün
xatirinə, bu qışı yağsız
da keçirərik. O küpədəki
kərə yağını
apar, bazarda sat.
Dayı
Mehdinin üzərindən
elə bil ağır bir yük götürdülər.
Minnətdarlıqla vaxtından
əvvəl qocalmış
arvadını süzdü.
Ertəsi gün alaqaranlıqdan küpə
yağı bir xurcuna qoyub boz
eşşəyin tərkinə
atdı və bazara yola düşdü. Sərin meh Mehdinin üzünə vurduqca kefi açılırdı.
Bağdagülün toyunda
Kəviyənin oğlunun
gəlib camaatın gözü qarşısında
əlini öpəcəyini
düşündükcə fərəhlənirdi. Tütün
qutusunu çıxardı.
Bir papiros bükdü.
Boz eşşəyi mahmızladı.
Yenidən xəyala daldı. Barı yağı yaxşı
pula sataydı... "Bağdagülə
baxmağa yaxşı
bir həkim çağıracağam. Ölsə
də, bayatlı doktor Şahbazı
çağırmaram. Özgə
vaxt bizi adam yerinə qoymur. Bizim yanımızda
başa düşmədiyimiz
dildə danışır.
Görüm kasıblığın
üzü qara olsun. Kimdi kasıbı
sayan. Nə qədər özümüzü
oda-közə vursaq
da, qurddan ac, yalandan çılpağıq".
Xəyal
Dayı Mehdini ağuşuna alıb o qədər uzaqlara aparmışdı ki, o hətta
sabahın nə vaxt açıldığını
belə duymamışdı.
- Ay Allah,
mənə uğurlu bir gün qismət
et, - deyərək əbədi
yatan şəhidlərə
bir fatihə verdi və əlini
saqqalına çəkdi.
Şəhərə girən yola çatmışdı.
Bu vaxt iki köpək ona hücum etdi. Yaxşı ki, əl ağacını özü
ilə götürmüşdü.
Özünü itlərdən
zorla qoruyurdu.
- Ay it, çəkil...
Köpəklər aralandılar.
Dayı
Mehdi dönüb baxdı.
Baqqal Məstəvi idi. Köpək oğlu haradan çıxdı? Yaxşı
deyiblər: "Obaşdan
qabağına çıxan
ya xerxız (oğru), ya da xeyirsiz olar".
- Dur,
baba, dur. Səninlə işimiz
var.
Dayı
Mehdi borcdan qaçan deyildi. Əldə bir şey yoxdu.
Utana-utana
dedi: "Bu qədər
gözləyibsən, Məstəvi.
Sənə minnətdaram.
Rica edirəm bir az da gözlə".
- Kişi, boşboğazlıq
etmə. Mənə nə olub ki, səhər-səhər yuxuma
haram qatıb bazar yolunda
duram. Altı aydır gözləyirəm.
Elə etmə məhkəməyə verim.
Mehdini soyuq bir tər
basdı. Məstəvinin
namərdliyi hər şeyi alt-üst edə bilərdi. Kəviyə qohumluqdan geri dura bilərdi. Onda Mehdi xalqın üzünə necə çıxardı?
Mehdi həm sıxılır,
həm də yalvarırdı.
- Balalarının başına
çevir, Məstəvi.
- Baba, zəkat ayı keçdi. Un üyütmək
vaxtı çatıb.
De görüm, bu il nə qədər buğdan olub?
- Ağa, siz bilirsiniz
ki, bu il görünməmiş
quraqlıq keçdi.
Heç nə olmadı.
Məstəvi ucadan güldü:
"Bəs bu qış hava ilə dolanacaqsınız?"
- deyib Dayı Mehdinin üstünə gəldi. Mehdi bir addım geri çəkildi.
- Xurcundakı nədir?
Mehdi qorxdu ki, baqqal yağı əlindən alsın. Xurcundan bərk yapışdı.
Bu, Məstəvini daha
da hiddətləndirdi.
Əlini
atıb xurcunun o biri gözündən yapışdı. Elə zərblə dartdı ki, xurcun Dayı Mehdinin əlindən çıxdı.
Məstəvi özünü
saxlaya bilməyib arxası üstə yıxıldı. Xurcun əlindən çıxdı.
Dayı Mehdi zərblə
yerə dəyən xurcunda yağ küpəsinin sındığını
eşitdi. Sanki qırılan
küp deyil, Dayı Mehdinin ürək telləri idi. Elə bil
qeyb olan küp deyil, Dayı Mehdinin istək və arzuları idi.
Mövlud Taha Qayaçı
Ədəbiyyat qəzeti.- 2024.- 16 mart,
¹10.- S.24.