Sayğac
Payızda yarpaqlar saralır,
solur, ağacdan düşür, ömürdən
gedən saatlar, günlər, aylar kimi. Payızın xoş sədaları ağac qıtlığı
olan yerlərdə öz qoxusunu divarlardakı nəmişlikdə
göstərir. Bunun başqa
bir səbəbi də Bakının əksər ərazilərində
kürəbənd sisteminin
olmamasıdır.
Evə yaxınlaşar-yaxınlaşmaz hasarımız gözümə
qəribə görünür.
İlk olaraq hasardakı
nəm qoxusundan təəccübləndiyimi zənn
edirəm, yanılıram.
Hasarın yola tərəf olan hissəsində yeni qoyulmuş
sayğacı görəndə
dodaqlarım bir-birini qucaqlayır.
Həyətimizin yanında köməkçi
bir yol da var. Görünür, kimsə
həyəti bölüb
satanda arxa tərəfdə yaşayacaq
adamlar üçün
açıb həmin
cığırı. Məndən
bir neçə il əvvəl bura köçən arxa qonşum, yəqin ki, sözügedən yol sənədsiz olduğuna görə sayğacı yapışdırıb bizim
hasara.
Evin arxa hissəsində tikdiyim hində bir neçə toyuq-cücə saxlayıram.
Evin aşağı hissəsi zirzəmi kimi nəzərdə tutulsa da, hündürlüyü
onu gələcəkdə
ev kimi istifadə
etməyə imkan verir. Qonaq otağının
altındakı yeri qaraj etməyi düşünürəm. Toyuqları
yemləyib, hində olan yumurtaları götürürəm.
Oğluma
"toyuqlar sənə
hədiyyə göndərib,
bax" deyən kimi gözləri işıqlanır, beləcə,
bayaqkı hadisəni də unuduram.
Bir neçə gün də eləcə, beləcə keçir.
Bir də görürəm
ki, qonşunun həyət
qapısını taqqıldadıram.
Qonşunun ikimərtəbəli
evi sahəsi təxminən sot yarım
olan həyətin içindədir. Köhnə
bir dəmir parçasını da kiçik
darvaza əvəzinə
istifadə edirlər.
Bir neçə saniyə çağırandan, qapını
taqqıldadandan sonra cırıltı səsi gəlir, qapı açılır.
- Salam, qonşu, bu sayğacı siz qoymusuz qapıma?
Qadın
üzünü turşudur,
sifəti rəng alıb, rəng verir. Elə bil yaxın bir qohumunun ölüm
xəbərini gətirmişəm.
Bir neçə saniyə də səssizliklə keçir.
Sükutun söyüş və
ya təhqirlə nəticələnəcəyini gözləsəm də, qadın "üz verməmək" modunu dəyişdirmədən nitqinə
davam edir.
- Hə, şoçciki biz qoşmuşux, nolub ki?
- Mənim hasarıma yapışdırmısız...
Bu sözü deyən kimi özümü elə qəribə hiss edirəm ki... Özümdən
asılı olmadan gülmək tutur məni.
- Kişiyə demişiy evdə.
- Hansı kişiyə demisiz? Bizim evdə bir dənə
kişi var, o da mənəm...
Qadın
bir anlıq gülümsəmək istəyir.
Bunun mənə hədiyyə
olacağından ehtiyatlanır
hər halda, sifətinin qırışını
açmağa lüzum
görmür.
Yaşadığım qəsəbədə
o qədər adam yaşayır ki, tıxaca
öyrəncəli olmuşuq.
Düzdür, şəhərə
çıxış rahatdır,
bir manata Koroğluya, Qarayevə, Neftçilərə filan
getmək olur. Yağış, qar olanda sürücülərin
bir çoxu qiyməti qaldırsa da, avtobuslarda basabas olduğundan adamlar çarəsizlikdən bu
nəqliyyata üstünlük
verirlər. Sübh vaxtı raflarla yanaşı, adətən,
içində istixanalarda
işləyən fəhlələrin
olduğu iri ekaruslar da gözə dəyir. Hər dəfə sovetdən qalma bu avtobusların
səsini uzaqdan eşidən kimi dayanacaqda toplanmış adamların gözləri parıldamağa başlayır.
Qonşumuzdakı qadın da gülə-gülə
bir dəstə adamla istixanaya gedən avtobusu gözləməkdədir.
Yeqzar Cəfərli
Ədəbiyyat qəzeti.- 2024.- 16 mart,
№10.- S.26.