Məhəmməd Füzuli - Seyid Əzim Şirvani - Əliağa Vahid
Azərbaycan qəzəlinin
üç sütunu
Vaqif Füzuli şeirinin pərəstişkarıdır. Saatlarla Füzuli qəzəllərini onların
mənasını dərk
edə-edə, sirlərini
aça-aça əzbər
deyə bilər. Mənə elə gəlir ki, Füzuli Vaqif Yusiflinin ədəbiyyatda
bir növ, məhək daşıdır.
Xalq yazıçısı Anar
Füzuli
qəzəli - Füzuli
eşqi. Böyük ədibimiz, görkəmli
ədəbiyyatşünas, professor Mir Cəlal Paşayev "Füzuli sənətkarlığı"
monoqrafiyasını belə
başlayır: "Belinski
sənətkarların yaradıcılıq
ilhamını təbiət
hadisələri ilə
müqayisə edərək
bəzisini şampanski
kimi köpüklənən
qazlı suya, bəzisini yaşıl kənarlı arxlardan gülərək axan duru suya, bəzisini
isə kükrək dalğalarla aşıb-daşan
Niaqara şəlaləsinə,
bir qismini isə sahilləri və dibi görünməyən,
yeri-göyü əks
etdirən mühit dənizlərinə bənzədir.
Füzulinin sənəti
şübhəsiz ki, axırıncılardandır.
Bu böyük şeir
dühasının əsərlərilə
dərindən tanış
olanda heyrət bizi götürür. Biz bu nadir və qadir şeir ustadının, qəlblər
mühəndisinin, "könül
mülkünün sultanının"
hətta ayrı-ayrı
lirik əsərlərinə
səcdə etməkdən
özümüzü saxlaya
bilmirik".
Füzuli
sənəti haqqında
ən sanballı fikirlərə bir müqəddimə hesab etmək olar Mir Cəlal müəllimin bu mülahizələrini.
Təbii ki, bu yazıda biz ilk sırada Qəzəldən söhbət
açmaq istəyirik.
Qəzəldir səfabəxşi-əhli-nəzər,
Qəzəldir güli-bustani-hünər.
Qəzəl bildirir şairin
qüdrətin,
Qəzəl artırır nazimin
şöhrətin.
Qəzəl de ki, məşhuri-dövran ola,
Oxumaq
da, yazmaq da asan ola.
Füzulinin "Leyli və
Məcnun" poemasının
giriş hissəsində
qəzələ məhz
belə bir tərif verilir və bu tərif,
təkcə poetik tərif deyil, şairliklə alimliyi müstəsna dərəcədə
özündə birləşdirən
bir sənətkarın
estetik görüşlərini
əks etdirir.
Füzulinin klassik şeir şəkillərinin əksəriyyətinə
müraciət etdiyi məlumdur: tərcibəndlər,
tərkibbəndlər, müxəmməslər,
müsəddəslər, mürəbbelər,
qitələr, rübailər,
qəsidələr, mərsiyələr
də Füzuli qələmində öz klassik zirvəsinə yüksəlib. Ancaq Füzuli qəzəldə
olduğu qədər
heç bir digər şeir formasında sehr göstərməmişdir.
Azərbaycan qəzəli, hətta
deyərdik ki, Şərq
qəzəli məhz Füzuli nümunəsi ilə poeziyanın ən yüksək zirvəsini fəth etmişdir. Xaqani Şirvani də, Nizami Gəncəvi də, Hafiz Şirazi də, Nəvai də, Cami də, Nəsimi də, Xətai də böyük qəzəl ustadlarıdır, lakin dünya ədəbiyyatında
sonet deyəndə Şekspir, rübai deyəndə Xəyyam
yada düşdüyü kimi,
qəzəl deyəndə
də Füzuli xatırlanır.
Füzuli
qitələrinin birində
yazırdı:
Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfzilə
ikən düşvar olur.
Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib
Əksərən əlfazi namərbutü
nahəmvar olur.
Məndə tovfiq olsa bu düşvarı asan eylərəm,
Novbahar olğac tikəndən bərgi-gül izhar olur.
Füzuli
ilk növbədə, "düşvarı
asan edib". Yaşar Qarayevin təbirincə desək,
"Füzuli Dante, Şekspir
və Puşkin işini milli ədəbiyyatımızda
realizə etmişdir.
Təsəvvür edin,
o, türkcə yazmaya
idi: tarix və şeir nə qədər kasıblaşardı".
Mətləbi uzatmaq istəmirəm.
Füzulinin və eləcə də onun sələflərinin
(Yusif Balasaqunlunun, Əlişir Nəvainin) türkcə yazmağın
çətinliyini etiraf
etmələri əbəs
deyildi, çünki türkcə "tikansız
çiçək" yaratmaq
üçün böyük
"bağban işi"
görmək lazım
idi, Nəsimi və Xətai bu missiyanı şərəflə yerinə
yetirdilər, Füzuli
isə bu ənənəni elitar ənənə səviyyəsinə
qaldırdı. "Füzuliyə
qədər çox uzun müddət bədii sözün bətninə və mətninə fars dilini ruh kimi
daxil eləmişdilər.
Füzuli yad ruhu doğma bədəndən
qovdu və özü bu məkanda hakim Ruh oldu" (Yaşar Qarayev). Füzulidə, doğrudan da, çətin
anlaşılan sözlər,
ifadələr, söz
birləşmələri az
deyil, ancaq elə beytlər, elə misralar, hətta elə bütöv şeir mətni var ki, onları oxuduqca Füzuli ilə bizim aramızdakı beş əsrlik zaman məsafəsi
bir andaca yox olur:
Könüldə min qəmim vardır
ki,
pünhan
eyləmək olmaz,
Bu həm bir qəm
ki,
el tənindən əfqan eyləmək olmaz.
Nə müşkül dərd olursa
bulunur aləmdə dərmanı,
Nə müşkül dərd imiş eşqin ki,
dərman
eyləmək olmaz.
Firidun bəy Köçərli
yazırdı: "Füzulinin
özü həqiqi aşiq olduğu üçün kəlamı
dəxi başdan-ayağa
aşiqanədir. O pakizəlik
və lətafət və o naziklik və nəzakət ki, Füzulinin şeirlərində
hiss olunur, heç bir şairin kəlamında o dərəcədə
məhsus deyildir. Bilafərq Füzulinin hansı qisim kəlamını mütaliə
etmək istəsəniz,
mütaliə buyurun, onun hüsni-təsirini öz vücudunuzda dərk edəcəksiniz. Və bu təsirdən
içəri aləminiz
bir növ təmizlənib paka çıxacaqdır, fikir
və xəyalınız
sizi başqa bir ali məqama
- mənəviyyat aləminə
tərəf çəkəcəkdir".
Füzulinin qəzəl dünyasında
iki söz - eşq və aşiq daha çox hallanır və Füzulini "Leyli və Məcnun"
poeması da daxil olmaqla bu iki
söz olmadan təsəvvür etmək
mümkün deyil. Alimlər bir neçə əsrdir ki, Füzuli eşqinin real yaxud qeyri-adiliyi barədə mülahizələr
söyləmiş, bəzən
bu eşqin sırf Tanrıya, bəzən də Yer gözəlinə aid edildiyini söyləmişlər.
Hər iki mülahizədə şəksiz
ki, yalan yoxdu, lakin bunları bir-birindən təcrid etmək olmaz. Mir Cəlal müəllimin bu fikrinə tam haqq qazandırırıq
ki: "Bu eşq, adi insanın deyil, çox yüksək, daxili aləmi etibarilə çox zəngin bir simanın, nadir bir şəxsiyyətin eşqidir.
Füzuli lirikasında
yüksək bir şəxsiyyətin dərin
bir məhəbbətdə
sanki "əridiyini"
görürük". Bəs
Füzuli qəzəllərində
başlıca məsdər
kimi diqqəti cəlb edən EŞQin mahiyyəti barədə nə deyə bilərik? Məncə, EŞQin mənasını Füzulinin
özü qədər
heç bir alim bu qədər doğru-dəqiq izah edə bilməyib:
Qəd ənarəl-eşqü lil-üşşaqi
minhacəl-hüda
Saliki-rahi-həqiqət eşqə eylər iqtida.
Eşqdir
ol nəşeyi-kamil kim, ondandır müdam
Meydə
təşviri-hərarət, neydə təsiri-səda...
Aşiq
obrazı bütün
klassik Şərq ədəbiyyatının əsas
qəhrəmanıdır. Təsəvvüfdə
rəmzlər və simvolik yozumlara müraciət etsək, Aşiqin - mürid, salik, dərviş, səyyar, arif və s. mənaları ifadə etdiyini görərik. Əlyar Səfərli "Divan ədəbiyyatı
sözlüyü"ndə (Bakı, 2014) Aşiqə belə tərif verir: "Divan ədəbiyyatında
aşiq həm də şairdir. Aşiq eşq ilə bağlıdır,
aşiq sözü eşq sözündən eyni kökdən törəmişdir. Hər
şair öz şeirlərində aşiqdən
bəhs açarkən,
özünü vəsf
edir, öyünür,
öz duyğu və düşüncələrini
qələmə alır.
Təsəvvüf şeirində
aşiq Allaha qovuşmaq istəyən bir insandır, məşuqə isə Allahın timsalıdır".
Füzulişünas Gülşən
Əliyeva-Kəngərli isə
füzuliyanə məhəbbətin
səciyyəvi xüsusiyyətlərini,
daha doğrusu, Aşiqin tam xarakteristikasını
21 bölgüdə şərh
edir və bunun özü də onu sübut
edir ki, Füzulinin qəhrəmanı Qəmin
bütün mərhələlərini
yaşayır (sevgilinin
ilahiləşdirilməsi, qəmsevərlik
- kədərə vurğunluq,
sevgilinin zülmkarlığı
və daşürəkliliyi,
hicranın və sevgilinin zülmünün
şirinliyi, bəlaya
sevinmək, taleyə boyun əymək, aşiqin ah-fəğanlığının
göylərə ucalması,
daha çox zahiri görünüşcə
məcnunluq, divanəlik,
əslində isə aqillik, rəqibin xoşbəxtliyinə qısqanmaq,
eşqin günah sayılmasına etiraz və s.).
Biz Aşiq obrazı ilə bağlı füzulişünasların fikir
və mülahizələrini
burada təkrar etmək niyyətində deyilik. Yalnız bir fikri bu
obraz üçün
daha səciyyəvi hesab edirik: "Bütün klassik tarixi boyu, demək
olar ki, ta XIX əsrə
qədər poeziyamızın
tipik tragik qəhrəmanı aşiqdir.
Hakim ictimai normalara, adət və əxlaqa müxalifət təşkil edən aşiq cəmiyyətlə
mənəvi mübarizədə
eşqi və vəfanı da həqiqi bir qəhrəmanlıq, kamal və hünər
səviyyəsinə qaldıra
bilir" (Y.Qarayev).
Füzulin "aşiq" rədifli
bir qəzəli var və bu qəzəldə
aşiqin və aşiqliyin mahiyyəti obrazlı şəkildə
öz təcəssümünü
tapır. Qəzəlin
bir neçə beytinə müraciət edək.
Mənə məqsud tərki-eşq
idi, vəh kim məni hüsnün
Olub gün-gündən əfzun,
qıldı gün-gündən
betər aşiq.
(Mənim məqsədim eşqi tərk etmək idi, ah ki, sənin gözəlliyin gün-gündən çoxalıb,
hər gün məni daha artıq aşiq etdi).
Çəməndə paybusindən olubdur səbzələr xürrəm,
Haman bir səbzəcə olmağa aləmdə yetər aşiq.
(Çəmənlikdə otlar
sənin ayağını
öpməkdən sevincək
olmuşlar. Aləmdə
həmin otlar qədər olmağa aşiq yetər. Yəni bütün aşiqlər o yaşıl
otlar kimi gözəlin ayaqlarını
öpmək arzusundadırlar.)
Qılırsan min cigər qan,
hər yana baxdıqca, ey zalım,
Nə baxmaqdır bu, hərdəm qandan alsın bir cigər aşiq?
(Ey zalım, hər yana baxdıqca
min cigər qan edirsən, bu nə baxmaqdır, aşiq hər an bir ciyəri hardan alsın?)
Nə pərvanə doyar bir şöləyə, nə şəm bir aha,
Füzuli,
sanma kim, bənzər sənə aləmdə hər aşiq.
(Pərvanə və şam klassik şeirdə vəfa rəmzi, "sadiq aşiq" obrazlarıdır.
Oda aşiq olan pərvanəni bir şölə yandırır.
Yana-yana əriyən,
ağlar bir aşiqi andıran şamı da xəfif bir meh, nəfəs söndürür. Təkcə
həqiqi aşiq ah çəkə-çəkə göz yaşı tökür, ayrılıq
oduna dözür. Bu səbəbdən də ona heç kəs bənzəyə bilməz.)
(Füzulinin "Aşiq"
rədifli bu qəzəlinin şərhi
füzulişünas Samət
Əlizadənin "Şah
beytlər" (Bakı,
1995) kitabından götürülüb).
Füzulini söz sənətinin
mahir rəssamı adlandıranlar səhv etməmişlər. Şərqdə
miniatür sənətinin
yaratdığı möcüzələri
xatırlayın. Əlyazma
kitablarını bəzəmək
üçün əlvan
rənglərin yaratdığı
o rəsm əsərləri
həcminin kiçikliyinə
baxmayaraq, indi də göz oxşayır. Təbrizdə,
İsfahanda, Marağada,
Qəzvində Sultan Məhəmmədin,
Mirzə Əli Təbrizinin, Sadıq bəy Əfşarın, Kəmaləddin Behzadın,
Ağamirək İsfahaninin
yaratdığı bu
sənət inciləri
təsviri sənət
nümunələri kimi
indi də heyranlıq doğurur. Füzulinin də qəzəlləri, bu qəzəllərin ayrı-ayrı
beytləri və bu misralarda canlanan
canlı insan münasibətləri, romantik
səhnələr də
həmin o miniatürləri
xatırladır. Onun təşbehləri, istiarələri,
mübaliğələri, təlmihləri
(şeirdə şairin
müəyyən bir hadisəyə işarə
etməsi) o qədər
zəngin və orijinaldır ki, Füzulidən
sonra gələn şairlər qəzəllərində
bu məharəti göstərməyə can atmışlar.
Cəfər Cabbarlının
ifadəsiylə desək:
"Şairlər, ədiblər
Füzulini ötmək
deyil, bəlkə, ona yetişmək və var qüvvələrilə
öz əsərlərini
Füzulinin əsərlərinə
bənzətmək və
beləliklə, ədəbiyyatı
qırıldığı nöqtəyə vardırmağa
və orada bərkitməyə çalışırlardı".
(Davamı olacaq)
Vaqif
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2024.- 16 mart,
¹10.- S.29.