Açar söz XAN və ya “Xalqım
Azərbaycan Naminə”
bir nəşriyyat olarsa
İlk yazı, heroqlif, daş lövhəcik,
lələk, mürəkkəb, perqament, “Xəmsə”, 1440-cı il, Qutenberq, samizdat, “Voyniç əlyazmaları”,
makulatura,
“əvvəl yazıçı
olum,
sonra yazmağı öyrənərəm”, minlərlə ağacın kəsilməsinə etiraz, PDF...
Bu açar sözlərin hər biri zaman
şkalasının cüzi qismini xatırlatsa da, bəşər tarixinin nəhəng dövrü üçün əhəmiyyətli anlayışlardır.
Bunların arasında
minlərlə irili-xırdalı
başqa açar sözlər də var, hər birinin vəzifəsi cəmi bir nəsnənin yaşaması üçün
yalnız pazl rolunu oynamaqdır:
KİTAB.
Kitab dünyanın dərki mövzusunda istənilən
informasiyanı nəsildən-nəslə
ötürən akkumulyasiya
bazasıdır. Kitab inqilabdır,
kitab bizə həm inanc bəxş edən, həm də inancımızı
sorğulayandır. Kitab əmrin
simasıdır, necə
yaşayacağımızı göstərən qanundur.
Tarixdir, sevgidir, haqq-hesabdır... Kitab bəşərin
yaddaşıdır.
Kitaba sevgimin yaşını bilmirəm: elə sanıram, min ildir. Amma xatırlayıram ki, nə
vaxtsa atamın kiçik rəfə sığışdırdığı qalın üzlü kitablarına balaca əllərimi sürtərkən
də onlar mənə doğma gəlirdi. Onda hələ kitabların əsl həyatda nələrə qadir olduğundan xəbərsizdim.
Onda hələ yalnız atamın tez-tez yaxınlaşdığı
bu sakit guşənin özündə
hansı fırtınalar
gəzdirdiyini bilmirdim.
Könüllü olaraq
ilk dəfə hansı
kitabı açdığımı
da xatırlamıram, hərçənd
əminəm ki, o kitabı
əsgər rejimi ilə cümlə-cümlə
oxumağım həftələr
çəkmişdi.
Nədənsə taleyim elə gətirdi ki, həmişə
kitabların əhatəsində
oldum. Bu sehri hər gün daha bir
az dərk etməyə çalışdım:
əvvəl qarşıma
çıxanı oxudum,
sonra oxumaq istədiyimi axtardım, bəzən başqa layiqlisinə rast gəldim, sonra axtardığım məni
tapdı və beləcə davam etdi. İnsanmərkəzçiliyin
manifesti “nəhayət,
insan yarandı” olan kimi, mənim
də həyatım dövr edib, nəhayət, kitabın məbədinə çatdı.
Əvvəllər məndə
sakral məkan təəssüratı yaradan
nəşriyyat gündəlik
həyatımın böyük
hissəsinə çevrildi.
Kitabların doğuluşunu
artıq canlı müəlliflərlə söhbətdə
müşahidə etdim,
iş alətimiz “ərköyün” söz oldu, biz onu, o bizi dəyərə mindirdi. İndi yeni doğulan
kitabların bizə uzanan balaca əllərini
təsəvvür edəndə,
vaxtilə böyük
kitablara uzanan öz balaca əlimi xatırladım. Həyatda hər şey necə də qarşılıqlıdır!
XAN Nəşriyyatı. XAN. Xalqım
Azərbaycan Naminə
– XAN-ın açıqlaması
budur. Məncə, bu söz birləşməsi
nəşriyyatın amalı
barədə hər şeyi deyir.
İşlədiyin yerin şəninə
xoş sözlər demək öz-özünü
tərifləmək kimi
bir şeydir və kənardan adekvat görünməyə
bilir. Amma bu məsələnin olanı
deməməklə ədalətsizlik
etmək kimi bir vəziyyətə düşməmək istəyi
də var. Məsələn,
sirr deyil ki, ilin-günün bu vaxtı (bazar iqtisadiyyatının
söz sahibi olduğu zamanda) “XAN Nəşriyyatı”nın
müraciət etdiyi müəllif və əsərlərin böyük
əksəriyyəti ədəbiyyatın
fövqündə dayananlardır,
bu mənada “Atlant göy qübbəsini hələ
də çiynində
saxlayır”. Məsələn,
hələ tanınmamış
gənc müəllifin
nəşr olunan kitabı oxucular tərəfindən uğurla
qarşılananda gizli-gizli
duyulan qalibiyyət hissinin nə demək olduğunu yaxşı bilirəm. Eləcə də bilirəm ki, “Məşhurlar”
silsiləsi ana dilində
qeyri-bədii kitab axtarışında
olan oxucu üçün nə deməkdir. Həvəsli oxucuya “Xatirə Ədəbiyyatı” silsiləsindən
bir kitab uzatmaq onu elə çılpaq
tarixlə qovuşdurmaqdır.
Bilirəm ki, İsa Muğanna
kimi dahinin Azərbaycanda müəllif
hüquqları verilən
yeganə nəşriyyat
olmaq böyük məsuliyyətdir. Bu məsuliyyətə
“Dədə Qorqud. Vatikan nüsxəsi”nin
500 ildən bəri
ilk dəfə transliterasiya
olunmuş nəşrini
Azərbaycan oxucusuna təqdim etmək də aiddir. Ümumilikdə milli ədəbiyyat
nümunələrini gənc
nəslə tanıtdırmaq
istiqamətində “XAN Nəşriyyatı”nın gördüyü işlər
danılmaz faktdır.
Müasir Azərbaycan
ədəbiyyatının, necə deyərlər, “qaymaqları”nı seçib nəşr etməksə yerli ədəbi prosesə faydalı addımdır.
“Tərcümə ədəbiyyatı”
silsiləsinə məxsus
kitabların seçimi
onları tərcümə
edənlərin seçimi
qədər həssas
mövzudur. Bu mənada
yaşlı nəsillə
birgə gənclər
arasından kəşf
edilən tərcüməçilər
bu nəşriyyatın
uğurudur. Əminəm
ki, bu əzmlə, öz üzərində çalışmaqla Cavid
Qədir, Xəyalə
Murad, Həmid Piriyev və başqa tərcüməçi gənclər
Azərbaycan dilinə
hələ çox dəyərli əsər qazandıracaq.
“BalaBilgə” uşaq kitabları silsiləsi ilə uşaqların sevincinə bais olmaq “XAN Nəşriyyatı”nın
istənilən əməkdaşı
üçün ən
gözəl duyğudur.
Misal üçün,
uşaqlıqdan Koroğlunu,
Dədə Qorqudu, “Xəmsə”nin qəhrəmanlarını, Balaca
qırmızı balığı
tanıyan, şahmatı
öyrənən, milli irsimizi
– geyimlərimizi, abidələrimizi,
sənətkarlarımızı, hökmdar və generallarımızı, idmançı
və qəhrəmanlarımızı
tanıyaraq, onların
şəklini boyayan, yaxşılıq haqqında
hekayələr dinləyən
bir uşağın gələcəyini təsəvvür
etmək adamda, həqiqətən, xoş
hisslər oyadır. Məktəbdə uşaqların
sıxışdırılması – “bullinq” mövzusunda işlənən ən gözəl kitablardan biri – Jeleznikovun “Müqəvva”sını oxuyan uşaq təkcə sinif yoldaşlarını deyil,
bütün insanlığı
anlamağa çalışar,
heç vaxt empatiya hissindən uzaq düşməz. “Böyük adam olmuş uşaqlar”, “Bilgənin macəraları”,
“Balaca Delfinin macəraları” silsiləsindən
istənilən kitabı
oxuyan uşaq ömründə pis insan ola bilməz.
Və bütün bunlar qısa zamanda – cəmi 10 il ərzində görülən işlərin cüzi hissəsidir. Bu nəşriyyatı yaxından izləyənlər bilməmiş olmaz ki, “XAN Nəşriyyatı”nın məqsədi və idealı fəaliyyət göstərdiyi cəmiyyəti hərtərəfli maarifləndirməkdir, bu yol isə təsəvvür ediləndən də uzun və hər cür sürprizlərlə doludur. Bu yükü, bu məsuliyyəti enli çiyinlərində saxlayan təsisçi Şəmil Sadiq və bütün həmkarlarımı – bu nəhəng insanları yubiley münasibətilə təbrik edirəm! Əminəm ki, zəhmətli olsa da, gələcəkdə yenə fəxrli və mənəvi dəyəri yüksək olan işlər görəcək, arzuladığımız xoş günləri yaşayacağıq! Qoy, bu qədim tarixin bir açar sözü də “XAN” olsun! Ədəbiyyat və kitab qədər ömrün olsun, əziz “XAN Nəşriyyatı”!
Səbuhi
ŞAHMURSOY
Ədəbiyyat qəzeti.- 2024.- 16 mart, ¹10.- S.31.