Hər yerdən və öz yerində dağ kimi görünən
Anarın humanizmi təbiətindəki könüllü
senzuradır
Azərbaycan Yazıçılar Birliyi yarandığı
vaxtdan cəmiyyətdə ictimai rəyə təsiredici statusda olub. Ölkəmizdə müstəqil
dövlətin qurulması
ilə insanın, ədəbiyyatın yeni həyatı
başlandı. Ədəbiyyat
siyasəti ilə yanaşı, ədəbiyyatın
ictimai dərki, meyillər də dəyişdi. Cəmiyyətin
həmişə mənəvi
ehtiyac duyduğu Yazıçılar Birliyi
mürəkkəb vəziyyətlərə
düşdü, amma yaşadı. Bu prosesin və nəticənin əsl mahiyyəti ədəbiyyat idarəçiliyinə
kimin rəhbərlik etməsdir.
Yeni dövrdə Birliyin quruculuq və yüksəliş dövrü
Anarın sədrliyi dönəminə bağlıdır.
AYB strukturlarında, ədəbi
orqanlarda yeniləşmə
və gəncləşmə,
yazarların yaradıcılıq,
sosial vəziyyətinin
dövlət tərəfindən
diqqətə alınması
da Anara böyük etibar
və sayğıdan irəli gəlir. Anar sözübütöv,
əsil-nəcabəti bəlli,
ləyaqətli, xeyirxah,
cəsarətli insandır.
Ədəbiyyatda Azərbaycan
adına öz möhürünü vurmuş
yazıçıdır. Tərifdən
xoşu gəlməsə
də, boğazdan yuxarı olmayan bir gerçək var ki, o,
sadəcə, öz bənzərsiz dünyası
olan bir yazıçı deyil, həm də böyük bir düşüncə adamı,
mütəfəkkir-ideoloqdur.
Anar Yazıçılar Birliyinin
tarixində ən islahatçı və ən humanist sədrlərdən
biridir. Bəziləri
Anarın nə vaxt sədr postundan gedib-getməyəcəyini
gündəmdə saxlamaq
çabaları göstərir.
Bunlar daha çox neqativ çabalardır, tənqid
yox, ədəbiyyatdan
və ədəbdənkənar
hərəkətlərdir. Anar onu qərəzli
tənqid edənlərin
heç birinə pislik eləməyib. Əksinə, bəlkə,
hardasa ondan yaxşılıq görüblər.
Doğrusu isə, o, istər ədəbiyyatda,
istərsə də, tənqidi fikirdə kiminsə önünü
kəsməyib, bunu özünə sığışdırmayıb.
Anara və onun timsalında
öz həmkarlarına
qarşı təhqir
yazanlar bilsinlər ki,
öncə özlərini
mühit içində
etibarsız duruma düşürürlər. Bəzən
heç özləri
də anlamırlar ki,
onlarda Anara nifrət haradan qaynaqlanır, səbəbi nədir?! Hər halda, Anarı sevməyənlərin
sayı 5-3 nəfərdirsə,
sevənlərin sayı
minlər, milyonlardır.
Mən təəssüf
edirəm, belələri
Anarın iş, dəstək verdiyi yazarlar sırasında da vardır. Onlara sözümü, iradımı
həmişə məqamında,
açıq şəkildə
bildirmişəm, yazmışam.
O fikirdəyəm ki, özündən
öndəkini, dünənini,
tarixini sevməyən
adamın, sabahı qaranlıqdır. Milli-mənəvi
dəyərlərə sayğı
göstərməyən adamın
heç kimin gözündə bir qara qəpiklik qiyməti olmaz. Əlbəttə, "yel
qayadan nə aparar?!"
Söz bir olar, sözü bir edən isə vicdan və cəsarətdir:
Anar ədəbiyyatçı, ictimai
xadim, şəxsiyyət
kimi heç vaxt dediyi sözü
ikinci dəfə nə dəyişib, nə də inkar edib. Eyni
zamanda indiyədək
ədəbiyyat siyasətində
yanlış qərarlar
verməyib ki, o da ciddi
mübahisələr obyektinə
çevrilsin. Anarı
tanımaq, haqqında
söz-müzakirə açmaq,
təftiş eləmək
səlahiyyəti qazanmaq
üçün gərək
onun Azərbaycanın
ədəbi-mədəni tarixində,
vətən, millət
yolunda yerini, töhfələrini bilib dəyərləndirmək imkanında
olasan.
Anar yaxın tariximizdə müstəqillik uğrunda
mücadiləçi, milli yazıçı-ideoloq kimi
obrazlaşıb. Sovet
dönəmində özünü
millətçi, dissident adlandıranların
bir çoxu mübarizə məqamlarında
susanda, Anar həm publisistik, həm bədii əsərlərində, həm
də ictimai-siyasi sferada əsl dissidentlik, patriotluq edirdi. Sovet imperiyası
ömrünün sonlarında
yaşamaq uğrunda qəddar mübarizə apardığı dövrdə
onu ən cəsarətli addımlar
atan yazıçılardan
biri kimi xatırlayıram.
20 Yanvar faciəsindən dərhal sonra məhz Anar SSRİ Ali Sovetinin tribunasından kəskin etirazını M.Qorbaçovun üzünə söyləmişdi.
Bəlkə də sıradan başqa bir deputat olsaydı,
buna görə ciddi cəzalandırılardı. Amma Anarın nüfuzu qabağında belə bir tədbir, ümumiyyətlə Sovetlər
İttifaqına baha başa gələrdi.
İstiqaməti bilinməyən, idarə
edilməsi çox çətin olan o hadisələr içərisində
hər ziyalı, yazıçı baş çıxara və dəngəsini saxlaya bilməzdi. Çünki vəzifə beləydi ki,
gərək insan həm özünü, həm də xalqının maraqlarını
qoruya bilsin. Hər özünü qoruyan da cəmiyyətin ona inamını qoruya bilməzdi.
Mənim
Universitet illərim də xalqın azadlıq, müstəqillik
arzularının gerçəkləşdiyi
ilk dövrlərə düşüb.
Anar Azadlıq meydanına yığışan
gənclərin gözündə
ən doğma, ən mübariz şəxsiyyət idi.
"Adamın adamı",
"Molla Nəsrəddin-66" adlı kitabları gələcəyin jurnalistləri,
publisistləri üçün
cəsarət örnəyi
idi. Doğrudur, sayğıdəyər Fidan
xanım bizim müəllimimiz idi, qardaşı Anar haqqında ona müxtəlif suallar vermək imkanımız vardı, verirdik də, cavabında çox həvəslə
də danışırdı.
Ancaq yenə də o bizim üçün əlçatmaz
milliyyətçi yazıçı
obrazı təsiri bağışlayırdı. Bir addım yaxına gələndə isə, nə qədər sadə və anlaşılan (və anlayışlı) olduğu
gözgörəti aydın
bilinir.
Və burada bir anı qeyd etməliyəm:
Bəlkə çoxlarının yadında olar: 80-ci illərdə YB-nin nəzdində Gənclər
ədəbi birliyi fəaliyyət göstərirdi.
Biz dinləmək, öyrənmək
üçün arada
o toplantılarda həvəslə
iştirak edirdik. Natəvan klubunda ayaq üstə durmağa belə yer tapılmırdı. Orada bəyənilən əsərlər ədəbi
orqanlarda tanınmış
yazarların "Uğurlu
yol"u ilə dərc edilirdi. Ədəbiyyata gəlmək
istəyən onlarla gəncdən yalnız
3-4-nə bu uğur qismət olurdu. Səhv etmirəmsə, Cabir Novruzdan sonra 1988-89-cu illərdə
ədəbi birliyin sədri Vaqif Bayatlı Odər oldu. O da xalq hərəkatı genişlənməyə
başlayanda oradan uzaqlaşdı.
Artıq
ədəbiyyatın tələbləri
mühitdə yenilik, dəyişiklik, sovet ədəbiyyatından kənardakı
ədəbi cərəyanlarla,
təmayüllərlə kontakt,
təmas istəyirdi. Onda gənc yazarlar bir araya
gəlib, həmin ədəbi birlyi başqa adla bərpa elədik. Ayda 2-3 dəfə Yazıçılar Birliyində
yığışıb görüşlər
keçirir, Azərbaycan
və dünya ədəbiyyatından, oxuduğumuz
əsərlər barədə
müzakirələr aparır,
qəzetlərdə yazılarımızdan
ibarət xüsusi buraxılışlar hazırlayırdıq.
O qarışıq zamanlarda,
demək olar, Birliyin möhtəşəm,
daim qaynar binası az qala unudulmuşdu. Az adamlar gəlib-gedərdi. Yuxarı dəhlizlərdə
yeriyəndə birinci
qatda ağır addım səslərindən
bilmək olurdu ki, bu, Anar müəllimdir.
O, Birliyi, nəinki unudulmağa qoymadı, əvvəlki şöhrətini
qaytarmaq üçün
əlindən gələni
elədi və buna
nail oldu...
Hərdənbir binada şair Qabili, katiblərdən V.Əzizi və
texniki işçilərdən
kimisə görmək
olardı. Bəzi vaxtlarda tədbir keçirmək istəyəndə
qapını bağlayıb,
bizi içəri buraxmırdılar. Deyirdilər
ki, gənclər ağsaqqal
yazıçıları tənqid
edir, buraları dağıtmağa çalışırlar.
Bir gün Anar müəllimlə
görüşüb, 20 Yanvar
hadisələrilə bağlı
tədbir keçirmək
və Şəhidlər
Xiyabanını ziyarət
etmək barədə
fikrimizi bildirdik. O bizi bir-bir dinlədi,
təklifimizi bəyəndi,
birgə proqram hazırladıq. Bir neçə
gün sonra isə Anar müəllimin
iştirakı ilə
şəhid şairlərimiz
Ülvi Bünyadzadə,
Alı Mustafayev və
Nizami Aydının böyüdülmüş şəkilləri
3-cü qatın dəhliz
divarından asıldı.
O görüşdə fürsət
tapıb, Natəvan klubunda ədəbi məclislər təşkil
etdiyimizi, ancaq bəzən bizi Birliyin binasına buraxmadıqlarını söylədim.
Üzünü çevirib,
kənarda əyləşən
rəhmətlik F.Qocadan və V.Əzizdən soruşdu:
- Həmin o inqilabçı
şair budur? - Ani bir sükut yarandı və ardınca əlavə elədi: - Siz bura konkret təkliflərlə,
ədəbiyyatla bağlı
gəlirsiz. Kim qoymur tədbir keçirməyə?
Mən demişəm,
yenə də deyirəm, Yazıçılar
Birliyinin qapısı
bütün yazıçılara,
gənclərin üzünə
açıq olmalıdır.
Bundan sonra, həm Yazıçılar Birliyində
tədbirlərimizi sərbəst
şəkildə keçirə
bildik, həm də ədəbi orqanlarda müzakirələrimiz,
yazılarımız dərc
olundu.
Bir ədəbiyyat adamı kimi düşüncəmin
ümumi qısa tezisi budur:
Anarın
məşhur əsərlərində
sadəliklə iç-içə
bir modern dərinlik
var. O dərinlikdə obrazlar
da, əhvalatlar da, söz,
təsvir və təhkiyə də cox azad, sərbəst şəkildə hərəkətdədir
və gerçəklə
dinamik təmasda çıxış edir.
Mətnlərin strukturundakı
əlaqələri təşkil
edən fikirlər asanlıqla müzakirə
və mühakimə predmetinə çevrilə
bilirlər. Anar nə qədər bədiidirsə, o qədər
intellektual və ictimaidir. Və bu üç əsas xüsusiyyət onun yaradıcılığının
əsas leytmotividir. Təqdim və təsvir elədiyi həyat gerçəklərində,
ədəbi görüşlərində
fəlsəfi və psixoloji baxımdan insan düşüncəsinin
alt qatlarının açılmasına
intellektual girişim vardır. Düşünürəm
ki, bu məsələdə
o, mükəmməl və
təkrarsızdır. Anar
nə qədər
milli ədəbiyyat adamı
olsa da, onun əsərləri nə qədər ümumtürk
epos mədəniyyətinə bağlı olsa da, bütövlükdə danılmaz
bir dünya ədəbiyyatı faktıdır.
Yaradıcılığının xarakteri, genezisi, tipologiyası, ideyaları
xalqın təməl-üst
təfəkküründən gəlir.
"Yaxşı padşahın
nağılı", "Dantenin yubileyi", "Macal" və publisistikasındakı cəsarət
yeni nəsil üçün
çox etibarlı
"dərs"lərdi. "Dədə Qorqud" kinopovesti və "Dədə Qorqud dünyası" araşdırmasında
oğuz türklərinin
kimliyi və ilkin torpaqlarını təyinetmə maraqları,
seçkin milli-mənəvi
dəyərləri, türkçü-dirilişçi
təfəkkür müasir
düşüncə üçün
çox faydalı istiqamətdir.
"Otel otağı"nda mənəvi-əxlaqi keyfiyyət
dəyişimləri, "Ağ
liman", "Beşmərtəbəli
evin altıncı mərtəbəsi"ndə realist-psixoloji, "Əcəl"də
fərdi-psixoloji yaşantılar,
"Ağ qoç, qara qoç", "Gözmuncuğu"da mifik
və mistik fonun realist açılımları,
yeniləşən (və
qloballaşan), ancaq gələnəyə bağlı
olan insan münasibətlərində tərəddüd
və hərəkətlər
dəyişimlərin açar
epizodlarıdır. "Sizsiz"
isə Anarın fərdi-milli kimliyi, soy tipologiyası, solmaz tərcümeyi-halıdır. Bu əsər, həm də öz fəxarətli keçmişinə
ucaltdığı möhtəşəm
abidəyə atdığı
İMZAdır.
Və burada daha bir anı qeyd
etməliyəm:
1995-ci ildə Gürcüstanda rəsmi səviyyədə
Azərbaycan mədəniyyəti
günləri keçirilirdi.
Yazıçılardan, mədəniyyət
xadimlərindən, ziyalılardan
ibarət böyük
bir heyət oktyabrın 8-də Tbilisiyə
yola düşdü. Onda mən "Azərbaycan" qəzetinin
müxbiri kimi nümayəndələr sırasına
salınmışdım. "Yak-40" təyyarəsində Anar müəllim məndən
ön sırada əyləşmişdi. O ərəfədə
"Ulduz" jurnalında
bir silsilə şeirlərim çıxmışdı.
Şeirlərimi təqdim
eləmək üçün
ən yaxşı fürsət idi. Jurnalı açıq şəkildə verib, oxumasını xahiş elədim. Anar müəllim şeirlərin
hamısını diqqətlə
oxudu və geri çevrilib, hamının eşidəcəyi
səslə: "Dəyanət,
təbrik edirəm, çox gözəl şeirlərdir", - dedi.
Bu sözdən sonra digər nümayəndələr
də jurnalı alıb, əl-əl gəzdirdilər. Axırda
o jurnal kimdə qaldısa, heç bilmədim, axtarmadım. O
zaman Anar müəllimin
fikri mənim kimi gənc yazar üçün böyük stimul, özünəinam yaratdı.
Həm də o xoş sözlər neçə-neçə tanınmış
yazıçı və
şairin, dövlət
nümayəndəsinin yanında
deyilmişdi deyə, qürrələnirdim. O səfərdən
xatirə qalan şəklimiz bu gün də durur. Və o da yadımdadır ki, gürcü
ziyalıları, Gürcüstan
Prezidenti və dövlət rəsmiləri
Anar müəllimə
necə bir sayğıyla, ədəb-ərkanla
yanaşırdılar.
Sonralar Anar müəllim Milli Məclisin deputatı olanda mühüm məsələlər barədə
ondan müsahibələr
aldım, yazılar yazdım, bir daha yaxşı yöndən tanıdım.
Onun sayəsində
1996-cı ildə Yazıçılar
Birliyinin üzvlüyünə
qəbul olundum. 1997-ci
ildən isə, Yazıçılar Birliyi
İdarə Heyətinə
üzv seçildim. Və indiyədək də bu ictimai
statusdayam. 1997-ci ildə
Anar müəllim məni gənc yazıçıların Azərbaycan
Prezidenti ilə görüşünə dəvət
elədi, hətta sözümlə bir neçə gənc yazarı da siyahıya saldı. Müəyyən
vaxtlarda ədəbiyyatın,
ədəbi mühitin
problemləri ilə bağlı tənqidi fikirlər söyləsəm
də, heç zaman sözü şəxsi müstəviyə gətirmədim.
Kabinetinin qapısında
dayanıb fəxri ad,
mükafat, vəzifə
istəmədim, amma fəaliyyətimə Anardan
yalnız diqqət, qayğı gördüm.
Və təbii olaraq, bunlarsız belə, həmişə ona layiq olduğu
sayğını göstərmişəm,
buna özümü borclu
bilirəm. İndi də
o mövqedə qalıram,
yoxsa, vicdansızlıq
olar. Doğrudur, yüzlərlə yazıçı
onun qayğısından
daha üstün bəhrələndi, tanındı,
ad-san, iş qazandı. Yenə Allah bir çoxlarına insaf versin, gərəkən
zamanlarda, söz deyiləsi məqamlarda bəziləri ağızlarına
su alıb çəkildilər. O isə
öz haqqını
da, haqsızlığa uğrayanın
haqqını da təkbaşına
müdafiə elədi.
Bütövlükdə həqiqət budur ki, o sağlığında
milli-mədəni-mənəvi
dəyərə çevrilmiş
TƏKlərdəndir. Sadəcə,
müasir olduğuna görə, kimlərəsə
bir az adi,
bir az mürəkkəb,
bir az inanılmaz
görünə bilər.
Anar ona görə böyük yazıçıdır ki, insan
kimi böyükdür.
Ədəbiyyata erkən rəhbərlik iddiaçılarına
baxanda:
Ümumiyyətlə, sosial mediada müəyyən vaxtlarda, xüsusən də, yazıçıların
qurultaylarından öncə
Birliyin ləğv olunması və yeni sədr istəkləri də baş qaldırıb. Ancaq bunlar cəmiyyətin, ədəbi sferanın rəyinə qətiyyən
cavab verməyib, ehtiyaca çevrilməyib.
Və bu istəklər dağıdıcı
təfəkkürün məhsulu
kimi yersiz cəhdlər olaraq da qalıb, köhnəlib.
Qeyri-təbii halda nələrin
dəyişə biləcəyinə
gəlincə:
- ədəbiyyatımız itirər,
xalqın ədəbiyyata,
yazıçıya münasibəti
ciddilikdən çıxar
(artıq bu proses gedir);
- təşkilat cəmiyyət
və dövlət qarşısında indiki statusunu, imicini itirər;
- adi QHT səviyyəsinə
enə bilər;
- indiyədək təhqir, böhtan yazan, qalmaqal yaratmağa meyilli olan yazıçılara
heç kim etibar edib, yaxın
buraxmayacaq (hətta öz "müəllim"ləri
də);
- yeni intriqalar dalğası başlayar ki, bu da qurumun ləğvinə, yaxud parçalanmasına gətirib çıxara bilər;
Və nəzərə almaq lazımdır ki, AYB yaradıcılıq
təşkilatıdır.
AYB-nin ləğvini və Anarın getməyini istəyənlər
hələ bir əsərləri ilə tanınsınlar, ondan sonra ədəbiyyata rəhbərlik etmək iddiasına düşsünlər.
Anar sədrlik postuna gələnə kimi uzun, əziyyətli
yol keçmişdi, təcrübə toplamışdı,
tanınır, sevilirdi.
İndi bəziləri ədəbiyyat
yaratmaqdan öncə Yazıçılar Birliyinin
rəhbərliyinə gələndən
sonra tanınacaqlarını
düşünürlər. Ona görə də ağına-bozuna baxmadan, hətta həmkarlarına
da qara yaxmaqdan çəkinmirlər. Tanınmağın,
dünyaya çıxmağın
yolu intriqalardan yox, yaxşı əsər yazıb, xalqa, ədəbiyyata xidmət etməkdən keçir. Bu xidmətin nə dərəcədə,
nə zaman dəyərləndirilməsi
isə ayrıca dövlətə aid məsələdir...
Biz -
90-cı illər nəsli
ədəbiyyata gəlmək
üçün illərlə
çalışmışıq, bir yazı çap
etdirmək üçün
yüz fikir öyrənmişik, redaksiyaların
qapılarını döymüşük,
bəzən ümidlə,
bəzən ümidsiz
qayıtmışıq. İndi şair, yazıçı
kimi tanınmaq asandır, sosial şəbəkələrin, qeyri-rəsmi
nəşrlərin qapısı
hamıya açıqdır.
Bir-iki şeir, hekayə quraşdıranlar,
pulla əsər yazdıranlar həmən də ədəbi aləmə atılır və mükafat, vəzifə, rəhbərlik
davasına çıxırlar.
Anlamıram, biz ədəbiyyatı
donosçulara, saxta yazarlara, qalmaqalçılaramı
həvalə etməliyik?!
AYB ətrafında gedən narazılıqların heç
bir əsası yoxdur, bütövlükdə
ictimai fikri əks etdirmir və ədəbiyyatın,
yazıçıların imicinə
xələl gətirən
məsələdir. Bəzən
elə adamlar haqsız irad bildirirlər ki, görürsən,
heç ədəbiyyata
dəxli yoxdur, amma iddiası göylə gedir, sosial mediada qalmaqal, qarğaşa yaratmaqla məşhurlaşmağa
çalışır. Guya
obyektivlik, cəsarət
nümayiş elətdirir.
Anara qarşı olan ədalətsiz kampaniyaların
məğzində kreslo
davası durur, yəni bunlar gözü-fikri posta dikili qalan intriqaçı
yazarlar tərəfindən
təşkil olunan məsələdir. Bizim bəzi cavan yazarlar da müəyyən
vədlər ardınca
gedir, yuxusunda sədrlik kreslosu görən, bir günlük də olsa, sədr olmaq istəyən o karyeristlərin oyununa düşürlər. Ümumiyyətlə,
"niyə mən yox, o olmalıdır"
- düşüncəsi ilə
yaşayan insan hara kimi gedə bilər?..
Həmişə o fikirdə olmuşam ki:
Yeni dönəmdə faktiki olaraq o, Yazıçılar
Birliyinin, həm qurucusu, həm də qoruyucusu olub.
Müstəqilliyimizə keçmişdən
ədəbiyyatın xeyli
problemləri miras qalmışdı. Yazıçılar
Birliyinə təzyiqlər
baş qaldırmışdı.
Öndə məhz Anar dayanmışdı. Və dövlətimizin dəstəyi və Anarın öncüllüyü
ilə ədəbiyyat
siyasəti o mürəkkəb
dönəmlərdən keçib
yaşaya bildi. Ona görə də gələcəkdə Birliyə
sədr olacaq adam mütləq Anardan halallıq almalıdır. Onun hər bir fikrində,
addımında cəmiyyətə
və ədəbiyyat
adamına, xeyir, sayğı, anlayış
vardır. Söz yox, qurumda yeniləşmə
təbii, qanuni yolla, vaxtı çatanda olmalıdır.
Bu, kimlərinsə istəyinə
bağlı məsələ
deyil.
Mən inanıram ki, əsərlərini
oxuyub dərk eləyən kim olur-olsun, Anar təkcə mətnləri
vasitəsilə də
milli, fərdi və vətəndaşlıq məsuliyyəti
olan hər kəsə doğmalaşa
bilən yazıçıdır.
Və ən nəhayət, 85-dən baxanda
Anar hər yerdən görünən,
yerində olan və yerində dağ kimi görünən
adamdır. Bütün
böyüklüyü, səbri,
sərtliyi və xeyirxahlığı ilə
var olsun!
Dəyanət Osmanlı
Ədəbiyyat
qəzeti.- 2024.- 8 mart, №9.- S.2-3.