Ədəbiyyat İnstitutundan görünən Füzuli
Tarixdə elə ədəbi şəxsiyyətlər vardır ki, mənsub olduğu xalqın ədəbiyyatını onsuz
təsəvvür etmək mümkün deyil.
Onun yaradıcılığı
bütövlükdə böyük
bir xalqın ədəbiyyatını təmsil
edir; onsuz ədəbiyyatın forma, məzmun,
mövzu və mündəricə zənginliyini,
inkişaf meyillərini
və təkamül tarixini bütün yönləri ilə öyrənmək imkan xaricindədir. Təkcə
Azərbaycan ədəbiyyatının
deyil, ümumilikdə
Türk dünyasının
ən böyük ədəbi şəxsiyyəti
Məhəmməd Füzulinin
(1494-1556) yaradıcılığı bu deyilənləri özündə tam şəkildə
təcəssüm etdirir.
Məlumdur ki, hər bir sənətkarın böyüklük dərəcəsini
müəyyən edən
ən mühüm amillərdən biri onun özündən sonrakı ədəbiyyata
təsiridir. Hər hansı bir ustad sənətkarın qiyməti onun özündən sonra yaranan ədəbiyyatın
inkişafına göstərdiyi
təsirlə ölçülür.
Əsl sənətkar
öz yaradıcılığı
ilə ədəbiyyata
elə bir ruh, elə bir
istiqamət gətirir
ki, bu, yaranmaqda olan ədəbiyyatın inkişafını yeni bir
məcraya yönəldir,
bir növ, onun sonrakı inkişaf meyillərini müəyyənləşdirmiş olur. Məhəmməd Füzuli də məhz belə ədəbi şəxsiyyətlərdəndir.
Orta əsrlər təzkirələrdən
başlamış Azərbaycan
ədəbiyyatşünaslığının
bütün inkişaf
mərhələlərində Füzuli yaradıcılığı
həmişə diqqət
mərkəzində olmuş,
müxtəlif elm sahələrinin
tədqiqat predmetinə
çevrilmiş, haqqında
dəyərli fikirlər
söylənilmişdir.
Bu deyilənlərin nəticəsi
kimi, Azərbaycan Milli
Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində
Füzuli irsinin nəşri, tədqiqi və dünya ədəbiyyatındakı mövqeyinin
müəyyənləşdirilməsi sahəsində həmişə
ciddi işlər görülmüş, dəyərli
tədqiqat əsərləri
yaranmışdır. Bu baxımdan,
professor Mir Cəlal Paşayevin
1940-cı ildə çap
olunmuş "Füzulinin
poetik xüsusiyyətləri"
kitabı Füzuli sənətkarlığına həsr
edilmiş ilk tədqiqat
işi kimi diqqəti cəlb edir. Eləcə də təsadüfi deyil ki, Füzuli əsərlərinin əvvəlcə
iki (1944-1949), sonra isə beş cilddən ibarət nəşri (1958-1985) də
akademik Həmid Araslının adı ilə bağlıdır.
Füzulinin 500 illik yubileyi ərəfəsində
(1996) və eləcə
də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin "Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında" 12 yanvar
2004-cü il tarixli Sərəncamı
ilə çap olunan Füzili əsərlərinin altı
cildliyi (2005) də Həmid Araslının tərtibi əsasında təkrar nəşrə hazırlanmışdır.
Füzuli
yaradıcılığına həsr olunmuş ilk monoqrafik səciyyəli tədqiqatlar da məhz Nizami
Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
aparılmışdır. Bu baxımdan Həmid Araslının "Böyük
Azərbaycan şairi Məhəmməd Füzuli"
(1958), Məmməd Cəfər
Cəfərovun "Məhəmməd
Füzuli sevir"
(1948), "Füzuli düşünür"
(1958) və "Füzuli
yaşayır" (1963) silsilə
məqalələri, Mirzağa
Quluzadənin "Füzulinin
lirikası" (1965), Vəcihə
Feyzullayevanın "Füzulinin
qəsidələri" (1985), "Füzulinin ömür yolu" (2005) kitabları xüsusi qeyd edilməlidir. Həmin monoqrafiyalar Azərbaycan füzulişünaslığının təməl kitabları olmaqla yanaşı, inkişaf etməkdə olan füzulişünaslığın
elmi istiqamətlərini
müəyyən etmişdir.
Ancaq bütün bunlarla yanaşı, zəngin və çoxşaxəli yaradıcılığa
malik olan Füzuli sənətinin müxtəlif
yönlərdən öyrənilməsi
istiqamətində fundamental araşdırmalara həmişə
ehtiyac vardır. Bu baxımdan sonrakı illərdə də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Füzuli yaradıcılığı ilə
bağlı tədqiqatlar
davam etdirilmişdir.
AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın "Məhəmməd
Füzuli", "Mütəfəkkir
Mövlana Füzuli"
(1996), f.e.d. Ataəmi Mirzəyevin "Cami, Nəvai
və Füzuli yaradıcılığında 40 hədis" (1997), "Füzulinin
"Hədiqətüs-süəda" əsəri orta əsrlər tərcümə
abidəsi kimi"
(2001), "Azərbaycan bədii
tərcümə tarixi
və Füzuli"
(2009), f.ü.f.d., dos. Zəkulla
Bayramlının "Füzuli
və çağdaş
ədəbi-nəzəri fikir"
(2010), "Füzuli...və..."
(2018), f.e.d. Mahirə Quliyevanın "Füzuli
zirvəsi və Vaqif başlanğıcı"
(2021) monoqrafiyaları Füzuli
sənətinin öyrənilməsi
sahəsində yeni istiqamətlər
kimi diqqəti çəkir.
Belə
bir zərurətin nəticəsi olaraq
2013-cü ildə Nizami
Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
Elmi Şurası elmi araşdırmaların
əsas hissəsinin böyük Azərbaycan şairi Məhəmməd
Füzulinin həyat və yaradıcılığının
öyrənilməsinə yönəltmək
məqsədilə Orta
əsrlər Azərbaycan
ədəbiyyatı şöbəsi
nəzdində "Füzulişünaslıq"
sektorunun yaranmasını
qərara aldı. Azərbaycan ədəbiyyatının
tarixi dövrləşməsi
konsepsiyasının yeni layihəsinə
əsasən ədəbiyyatın
bütün dönəmlərinə,
xüsusən, orta əsrlər Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi olan
Füzuli yaradıcılığına
müstəqillik dönəmində
yeni baxış zəruridir.
Füzulinin Azərbaycan-türk divanının
elmi-tənqidi mətninin
nəşrə hazırlanması,
şairin farsca divanının Azərbaycan
dilində filoloji tərcüməsinin nəşri,
farsca və ərəbcə qəsidələrinin
filoloji tərcüməsinin
çapa hazırlanması,
Avropa ədəbiyyatşünaslarının
Füzuli ilə bağlı tədqiqatlarının
tərcümə edilib
nəşrə hazırlanması,
nəhayət, "Füzuli
ensiklopediyası"nın, "Füzuli kitabxanası"
seriyasından olan kitabların nəşri, Füzuli irsinin tədrisi ilə bağlı tədris vəsaitlərinin hazırlanması
və s. bu kimi işləri həyata keçirmək sektorun nəzərdə tutduğu əsas istiqamətlərdəndir.
Hal-hazırda İnstitut əməkdaşlarının iştirakı
ilə "Füzuli"
monoqrafiyası üzərində
yekunlaşdırma işləri
gedir. Füzulinin yaradıcılığı ilə
bağlı bir neçə iri həcmli monoqrafiya nəşrə hazırlanır.
Eləcə də sektorda Füzuli irsinin görkəmli tədqiqatçılarının əsərlərinin nəşrə
hazırlanması sahəsində
də xüsusi işlər görülməkdədir.
Belə ki, Azərbaycan
mühacirət ədəbiyyatşünaslığının
tanınmış simalarından
olan Səlim Rəfiq Rəfioğlunun
(1905-1980) Füzuliyə həsr
edilmiş "Füzuli"
monoqrafiyası ilk dəfə
olaraq əlyazma nüsxəsi əsasında
nəşrə hazırlanaraq
çap olunmuşdur
(Səlim Rəfiq Rəfioğlu. Füzuli. Azərbaycan mühacirət
ədəbiyyatı kitabxanası,
III cild. (Əlyazma əsasında nəşrə
hazırlayan, Ön söz, qeyd və şərhlərin müəllifi: f.e.d. Ataəmi Mirzəyev). Bakı, "Elm və Təhsil", 2019).
"Füzuli kitabxanası"
seriyası ilə kitabların hazırlanması
və nəşri üzərində də işlər davam etdirilir. Bu baxımdan aşağıdakı kitabları
qeyd etmək olar:
Fil.f.d.,
dos. Aynurə Mahmudovanın
Füzuli yaradıcılığının
ədəbi təsiri
ilə yazıb-yaratmış
sənətkarların yaradıcılığına
həsr edilmiş monoqrafiyası həmin seriyadan çap olunmuş ilk kitab kimi diqqəti cəlb edir (Aynurə Mahmudova. Füzuli ədəbi məktəbi
(XVI-XVIII əsrlər). Bakı,
"Elm və təhsil",
2019).
Akademik Məmməd Cəfər Cəfərovun Məhəmməd
Füzuliyə həsr
etdiyi silsilə məqalələri də
həmin seriyada ayrıca kitab şəklində
nəşr olunmuşdur
(Məmməd Cəfər
Cəfərov. "Füzuli
düşünür" (məqalələr məcmuəsi).
(Tərtib edəni: f.e.d. Ataəmi Mirzəyev). Bakı,
"Elm və Təhsil",
2019).
Akademik Həmid Araslının Məhəmməd Füzuliyə
həsr edilmiş
"Böyük Azərbaycan
şairi Füzuli"
monoqrafiyası ilk dəfə
olaraq latın əlifbasında həmin seriyada çap edilmişdir (Həmid Araslı. Böyük Azərbaycan şairi Füzuli (Tərtib edəni: f.e.d. Ataəmi Mirzəyev). Bakı,
"Elm və Təhsil",
2024).
Əlbəttə, Füzuli sənəti
bir ümmana bənzəyir. Bu ümmanda
bütün elm sahələrinə
aid bilgilər var. Odur
ki, hər bir elm sahəsi ilə bağlı mütəxəssislər
bu ümmandan pay götürə bilər.
Məhz buna görə
də Füzuli yaradıcılığı ilə
bağlı tədqiqatlar
həmişə olmuş
və gələcəkdə
də aparılacaqdır.
O da qeyd edilməlidir
ki, Füzuli bütün
türk dünyasının
şairidir. Demək olar ki, bütün türk dövlətlərində
dahi şairin zəngin irsinin öyrənilməsi sahəsində
bir sıra işlər görülmüş
və hələ də davam edəcəkdir.
Məlumdur ki, Azərbaycan Respublikası
Prezidenti İlham Əliyev
25 yanvar 2024-cü il tarixində
dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd
Füzulinin 530 illiyinin
qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu da dahi şairin yubileyinin yüksək səviyyədə
keçirilməsi məqsədilə
tədbirlər planı
həyata keçirməyi
və öz fəaliyyət istiqamətini
bu sahədə davam etdirməyi nəzərdə tutur.
Ataəmi MİRZƏYEV
Ədəbiyyat
qəzeti.- 2024.- 2 mart, №8.- S.19.