Onlarda Yaqo,
Mefistofel, Həbibra,
Salyeri... Bəs
bizdə? - İblis! Qaloşlu?
Elmi
araşdırma
Ucalsın gözümdə aşiq
Romeo[1],
O, uzaqda deyil, Romeo mənəm!
İtil
gözlərimdən qaniçən
Yaqo[2],
Mən açıq deyirəm: sənə düşmənəm!
Verter[3], sızıldayır
incə tellərim,
Sənin
həyatını düşünən
zaman.
Peçorin[4] - öz
eşqin özünə
qənim,
Bela[5] -
nağıl gözəl,
həm bədbəxt insan...
15 yanvar, 1963
Bu misralar yazılanda onuncu sinifdə oxuyurdum. Əhməd Cəmil hələ
"Can nənə, bir
nağıl de" kimi
ürəyəyatan şeirlər
yazırdı, "Faust"u
dilimizə çevirmək
barədə bəlkə
heç düşünmürdü
də... Hamid Qasımzadə
"Büq-Jarqal"ın tərcüməsini nəşriyyata
təqdim etməyə
hazırlaşırdı. Aleksandr Puşkinin lirikası,
"Yevgeni Onegin" mənzum
romanı məni elə sehrləndirmişdi
ki, "Motsart və Salyeri" faciəsini oxumaq ağlıma gəlmirdi...
Bəlkə bunlara görə
Mefistofel, Hədibra, Salyeri o misralarda "unudulub"? O illərdə
yaxşılara da, pislərə
də ədəbiyyatdan
baxırdım və mənə elə gəlirdi - ən azı, doğma kiçik kəndim Maralzəmidə, təhsil
aldığım nisbətən
böyük kəndlərdə
- Lökdə, Aldərədə,
ümumiyyətlə Mığrı
bölgəsində və
bütöv Zəngəzurda
Yaqo kimi dəhşətli,
mürtəd adam yoxdur. Sevdiyim insanlar da ədəbiyyatda
idi - Romeo kimi, Verter kimi, Büq
Jarqal kimi, ziddiyyətli Peçorin, nağıl gözəl
Bela kimi... "Əlvida,
Lotto, həmişəlik ayılırıqsa
- həmişəlik əlvida!"
- deyirdi Verter (yeniyetməlik çağlarımda
oxuduğum bu haray indiyədək ürəyimi titrədir).
Aleksandr Puşkin isə
sətirdən "lotto" sözünü çıxarıb,
qalanları "Rusiya
şeirinin şah əsərinə" (S.Vurğun) epiqraf seçirdi.
Sonralar illər məni birdən olmasa da, yavaş-yavaş düşündürməyə
başladı, gördüm
- həyatda qarşıma
çıxan İblislər,
Qaloşlular var. Əvvəllər səbəbini
anlamırdım, başa
düşmürdüm. Nə
üçün?! Sonralar
ağlıma gəldi
- sən demə, təvazökarlıqdan uzaq
səslənməsin - "günahkar" hələ
kiçikmiqyaslı bədii
yaradıcılığım, az-çox ictimai fəaliyyətim... olub. Hələ orta məktəbdə oxuduğum illərdə mətbuatda, ədəbi orqanda şeirlərim çap olundu, iyirmi bir yaşımda "Sovet Ermənistanı"
respublika qəzetinin əməkdaşı, iyirmi
dörd yaşın içində olanda Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram Teatrının direktoru,
az sonra, eyni zamanda Ermənistan
Yazıçılar İttifaqı
İdarə Heyətinin
üzvü, Azərbaycan
Ədəbiyyatı Şurasının
sədri, Teatr Cəmiyyətinin (indiki anlamda - Teatr Xadimləri İttifaqının)
Rəyasət Heyətinin
üzvü, SSRİ-nin,
Azərbaycanın, Ermənistanın
yüksək mükafatları... Bu günün özündə də tədqiqatçılar Qərbi
Azərbaycanda yaranmış
150-yə yaxın yaşı
olan böyük sənət ocağımızın
o dövrünü intibah
illəri, bütün
Cənubi Qafqazın möhtəşəm, ən
yüksək səviyyəli,
peşəkar kollektivlərindən
biri sayırlar. O illərdə Qərbimizdə
yaranan milli ədəbiyyatımız
da inkişaf etdi, orada yaşayıb-yaradan azərbaycanlı şairlərin, nasirlərin, publisistlərin kitabları
ardıcıl nəşr
edildi, geniş təbliğ olundu. Çoxlu irimiqyaslı, yaddaqalan tədbirlər həyata keçirildi. Qərbi Azərbaycan yazıçılarının əsərləri erməni
mətbuatında və
Bakıda müntəzəm
çap olunmağa başladı. Eyni zamanda Azərbaycan ədəbiyyatının klassiklərinin,
həmçinin çağdaş
ədəbiyyatımızın görkəmli nümayəndələrinin
əsərləri İrəvanda
erməni dilinə çevrilərək nəşr
olundu. Bütün bunlar və digər tədbirlər Yazıçılar İttifaqının
Azərbaycan Ədəbiyyatı
Şurasının xəttilə
həyata keçirilirdi.
O illərdə Ermənistan
rəhbərliyi və
ictimaiyyəti səviyyəsində
Azərbaycan mədəniyyəti
ilə bağlı yaddaqalan tədbirlərin hazırlanmasında və
keçirilməsində fəal
iştirak etmişəm.
Yetmişinci illərdə
Nəsiminin, Aşıq
Ələsgərin, Səməd
Vurğunun, İrəvan
Teatrında çalışmış
görkəmli aktyorların,
Qərbdə təhsil
sahəsində çalışmış
pedaqoqlarımızın, hətta...
Məşədi Əzizbəyovun...
yubileylərinin yüksək
səviyyədə qeyd
olunmasının təşəbbüskarı
olmuşam.
Bu işləri həyata keçirmək üçün
Mədəniyyət Nazirliyi,
Maarif Nazirliyi Yazıçılar İttifaqı,
"Dövlətnəşrkom", nəşriyyatlar, Teatr Cəmiyyəti, Kitab Cəmiyyəti,
başqa uyğun qurumlarla əvvəlcədən
danışıqlar aparırdım,
bu səviyyələrdə
istəyimi həyata
keçirə bilməyəndə
özüm Mərkəzi
Komitəyə müraciət
edirdim, onları razılaşdırırdım və... göstəriş
yuxarıdan gəlirdi,
beləliklə, tədbirə
hazırlıq başlayırdı.
Ancaq bütün bunlarla yanaşı, İblislər,
Qaloşlular, Yaqolar, Mefistofellər, Həbibralar
peyda olurdular, çoxalırdılar. Saysız-hesabsız
belə məkrli, qərəzli "hücumlar"dan
üçünü təqdim
etmək istəyirəm.
Birincisi: "Burdan min
atlı keçdi"
roman-essemdən sətirlər
düşür yada: "Mən
Azərbaycan ədəbiyyatının nümunələrinin
erməni dilinə tərcüməsinin təşəbbüskarı
və nəşrinin təşkilatı işləri
ilə məşğul
olmuşam. O illərdə
İrəvanda erməni
dilində çap olunan hər Azərbaycan kitabı mənim iştirakımla dünya işığına
çıxıb. Hansı
kitablar? Yadımda qalanlar: Nəsiminin, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin (iki şeir toplusu),
İsa Hüseynovun, Nəbi
Xəzrinin, Elçinin,
İsa İsmayılzadənin, Hidayətin və digərlərinin. Hətta
1917-1925-ci illərdə "Daşnaksütyun" millətçi-terrorçu
qruplarının soydaşlarımıza
qarşı törətdiyi
qırğınları, təcavüzləri
əks etdirən Nəzər Heydərovun
"Zəngəzur dağlarında"
tarixi-memuar kitabını.
Bu əsərin İrəvanda
nəşri Bakıdakı
dostları, naşirləri,
digər ziyalıları
da təəccübləndirdi. Əjdər Xanbabayev mənə dedi: "Zəngəzur dağlarında"nı
Bakıda çox çətinliklə nəşr
edəndə lap axırda
"Qlavlit" buraxmırdı,
Mərkəzi Komitə,
sonda isə Heydər Əlirzaoğlu işə qarışandan
sonra, onun xüsusi göstərişi
ilə icazə verildi".
Bəli,
bütün ciddi maneələr dəf edilərək, həmin əsər İrəvanda
erməni dilində nəşr edildi!
Ötən əsrin otuz-əllinci
illərində erməni
teatrlarında tamaşaya
qoyulan Üzeyir Hacıbəylinin, Cəfər
Cabbarlının, Səməd
Vurğunun əsərlərindən
sonra erməni səhnəsinin pərdəsi
Azərbaycan dramaturgiyasının
üzünə tamam
"bağlanmışdı". Teatrda fəaliyyətim dövründə Mədəniyyət
Nazirliyi, erməni teatrlarının direktorları,
baş rejissorları ilə apardığım
danışıqların nəticəsi
olaraq bu "pərdə" açıldı,
Erməni Akademik Milli
Dram Teatrında İmran Qasımovun
"Nağıl başlayanda..."
dramı, Musiqili Komediya Teatrında Rauf Hacıyevin "Qafqazlı
qardaş qızı"
operettası, Kamo (Bəyazid) Dövlət
Dram Teatrında Şıxəli
Qurbanovun "Sənsiz"
pyesi və digər əsərlərimiz
respublikanın bir sıra Dövlət teatrlarında səhnəyə
qoyuldu... Ermənistan Televiziyası İrəvan
Dövlət Azərbaycan
Dram Teatrının bəzi
tamaşalarını bütünlüklə
nümayiş etdirməyə
başladı.
Bir "maraqlı" məqamı
da qeyd etməyə bilmirəm: yetmiş-səksəninci
illərdə, həm
Bakıda, həm İrəvanda nəşr
edilən kitablarımın,
mətbuatda dərc edilən orijinal yazılarım və tərcümələrimin müsbət
əks-sədası bəzilərini
çox narahat edirdi və bu "bəziləri"
sonrakı illərəcən
gəlib çıxdılar...
"Sovet Ermənistanı"
qəzetinin Lətif Hüseynov adlı tərcüməçisinin 1976-cı ilin yanvar ayında
"Ədəbiyyat və
incəsənət" qəzetinə
göndərdiyi "Bədii
tərcümədə xalturaya
qarşı" adlı
cızma-qarası bu baxımdan "xarakterikdir".
Bugünkü lətiflər
olmasaydı, şübhəsiz,
o Lətifi bu kitabda xatırlamağa
dəyməzdi.
Lakin...
Lətifin məqaləsində ilk abzas (yazdığı kimi təqdim olunur): "L.İ.Brejnev
yoldaş onuncu beşilliyi keyfiyyət beşilliyi adlandırmışdır.
Bu yalnız maddi istehsal sahəsinə deyil, eyni zamanda
həyatımızın bütün
sahələrinə, o cümlədən,
bədii yaradıcılığa
aiddir. Lakin təəssüflə
qeyd etmək lazım gəlir ki, mətbuatımızda bəzən
bədii cəhətdən
dəyərsiz yazılara,
hətta xalturaya rast gəlirik". Başqa abzas: "Hidayət "Sovet Ermənistanı?" qəzetinin
1975-ci il 27 sentyabr tarixli
nömrəsində Avetik İsahakyandan
"Lirik şeirlər"
tərcümə etmişdir.
(?) Üzdəniraq bu tərcümələr oxucuda
təəssüf və
ikrah əmələ gətirir. Axı, Avetik İsahakyan, nəinki şair-filosof, böyük
lirikdir. Onun özünəməxsus bədii
manerası, təkrarolunmaz
poetik məziyyətləri
vardır. A.İsahakyanın
şeirləri mahnı
kimi xüsusi ahəngə, ölçü-biçiyə,
daxili dinamikaya, fəlsəfi yığcamlığa,
poetik vüsətə
malikdir, doğrudan-doğruya
melodiyadır (təranədir
- H.). Hidayətin tərcüməsində
isə bunların heç biri yoxdur. Bədii tərcümədə belə
xamlıq ancaq gənclik həvəsindən
və məsuliyyətsizlikdən
irəli gələ bilər". Son iki abzas: "Yox, bunlar böyük lirik Avetik İsahakyanın
şeirləri deyil, onun böyük adına böhtandır, onu hörmətdən salmaqdır. Şeir ustadı olan, buna görə də "Varpet" şöhrəti
qazanan Avetik İsahakyanın
ədəbi irsinə
və xatirəsinə
belə münasibət,
hörmətsizlik onun
anadan olmasının
100 illik yubiley təntənələrində xüsusilə
dözülməzdir.
Bəli,
bu bədii tərcümə pərdəsi
altında xalturaçılıqdır.
Belə xalturaya qəzet səhifələrində
yol vermək, xalqın pulunu sərf etmək (?) ikiqat cinayətdir. Onuncu beşillikdə maddi istehsal sahəsində olduğu kimi, ədəbiyyat sahəsində də keyfiyyət uğrunda mübarizə aparmalıyıq.
13.01.1976-cı
il. Lətif Hüseynov".
Sözü düşmüşkən - həmin tərcümələr
Bakıda, "Azərnəşr"də
nəşr olunan
Avetik İsahakyanın seçilmiş
əsərlərinə daxil
edildi və çox yüksək dəyərləndirildi. Məqsədim
ədəbiyyatla, bədii
sənətlə heç
bir əlaqəsi olmayan o primitiv, ibtidai düşüncələrə
cavab vermək deyil, o illərdə də mənə qarşı paxıllıq,
qısqanclıq hisslərini
cilovlaya bilməyən
üzdəniraqların mövcud
olduqlarını diqqətə
çatdırmaqdır. "L.İ.Brejnev yoldaş", "Onuncu beşillik" A.İsahakyanın
şeirlərinin tərcüməsi
ilə nə dərəcədə əlaqəlidir?
Lətif Gəncədə
qəzet redaktorunun müavini işləyəndə
maliyyə mənimsəmələri
üstündə həbs
olunmuşdu, Kommunist Partiyası sıralarından
qovulmuşdu, türmədə
yatmişdi. Həbsdən
çıxandan sonra daha Gəncədə qala bilməyib, İrəvana gəlmişdi.
Kommunist Partiyasına
da, "L.İ.Brejnev yoldaşa" da, "Onuncu
beşilliy"ə də
nifrət edirdi. Ancaq onda, Hidayətin
gördüyü xeyirxah
işlərə ləkə
salmaq üçün
Baş katibə, onuncu beşilliyə söykənmək istəyirdi.
Digər
tərəfdən - Hidayəti
gözdən salmaq üçün bildiyi dahilik göstəricisi ifadələrini - bütün
təşbehləri ("nəhəng
şair-filosof", "böyük
lirik", "özünəməxsus
bədii manerası",
"təkrarolunmaz poetik
xüsusiyyətləri", "mahnı kimi xüsusi ahəng",
"fəlsəfi yığcamlığa,
poetik vüsətə
malik, doğrudan-doğruya melodiya",
"şeir ustadı",
"Varpet" ("varpet"
də erməni dilində elə "ustad" deməkdir. - H.) şöhrəti qazanan...")
erməni şairinə
yağdırırdı.
Gənc
Sabir Rüstəmxanlının - "Ədəbiyyat və incəsənət" qəzetinin
şöbə müdirinin
L.Hüseynova məntiqli və təmkinli cavab məktubu yetmiş yaşını haqlayan kişinin yaddaşında
"vicdan dərsi?"
kimi qalmalıydı:
"Hörmətli Lətif Hüseynov!
Avetik İsahakyandan Hidayətin
- gənc müəllifin
orijinaldan çevirdiyi
bu şeirlərdə
İsahakyan poeziyasının
ruhu və sənətkarlıq xüsusiyyətləri
yaxşı saxlanılmışdır.
Buna görə də
tərcüməçinin bu xeyirxah niyyətinə
sizin münasibətinizlə
redaksiya şərik
ola bilmədi.
15.03.1976.
Şöbə müdiri:
Sabir Rüstəmxanlı".
İkinci
məqam: yenə
"Burdan min atlı keçdi"dən sətirlər:
O illərin başqa bir acı həqiqəti:
1978-ci ildə, 34 yaşın
içində olanda mənə "Ermənistan
SSR Əməkdar Mədəniyyət
xadimi" fəxri adı veriləndə
"Sovet Ermənistanı"
qəzetinin redaktor müavini, əvvəllər
Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi, sonralar uzun illər Mərkəzi Komitədə
təlimatçı işləmiş
Cümşüd Sultanov
qərəzini, hirsini
heç nə ilə soyuda bilməyib, Mərkəzi Komitənin Mədəniyyət
Şöbəsinin müdiri
Qurgen Arakelyanın yanına gedib üsyankarcasına: "Siz
nə edibsiniz? Hidayət millətçidir,
qatı türkçüdür.
Ona o boyda ad vermək olar? O ad elə böyükdür
- son 10-15 ildə heç
kimə verilmirdi. Birdən-birə nə oldu?"
Qurgen
Arakelyan ixtisasca jurnalist
idi, "Pravda"nın
Ermənistan üzrə
xüsusi müxbiri olmuşdu. Məni o vaxtlardan tanıyırdı.
Yüksək fəxri
ad alan kimi əhvali-ruhiyyəmi pozmamaq
üçün əvvəlcə
özü mənə
heç nə demədi. Amma Cümşüd
kişinin sözü
ona elə yer eləmişdi - "Sovet Ermənistanı"
qəzetinin məsul katibi İsrafil Məmmədovu dəvət
edib (redaktor Məhərrəm Bayramov məzuniyyətdəydi,
təbrik teleqramını
mənə Qara Dəniz sahillərindən
göndərmişdi) ona
söyləmişdi: "Bu, nə dəhşətli adamdır, elə insana belə sözlər..."
İllər ötəndən sonra
özü də mənə dedi, ancaq acı təəccübünü hələ
də gizlədə bilmirdi. Cümşüd kişi mənə fəxri ad veriləcəyini
əvvəlcədən bilsəydi,
gör, nə oyunlardan çıxardı.
O, irəvanlı deyildi, deyəsən - uşaqlıqdan
mühiti onu belə ermənipərəst
edib, əslində elə irəvanlıya rast gəlməmişdim. Şərurdan
gəlmişdi (şərurlulardan
da, bütün naxçıvanlılardan
da beləsinə rast gəlməmişəm), müharibədən
sonra, İrəvanda erməni ilə evlənmişdi, qızlarını
ermənilərə ərə
vermişdi (Qərbi Azərbaycanda bu, çox nadir hadisələrdəndi),
oğluna erməni almışdı. Bir fakt isə heç gözlərimin qabağından
getmir: oğlu "Leçkomissiya"nın poliklinikasında
həkim idi. Qapısında yazdırmışdı:
"Sultanyan..." Amma hamı
ona "Sultanov" deyirdi.
Cümşüd kişini çoxdan
tanıyırdım - Mərkəzi
Komitədə işlədiyi
illərdən, üz-üzə
gəlmişdik, hərdən
ünsiyyətdə olmuşduq.
Onda azərbaycançılıqdan
əsər-əlamət tapmaq
mümkün deyildi.
Və...
yeganə azərbaycanlı
idi - öləndə
erməni qəbiristanında,
Qriqoryan kilsəsinin qaydaları ilə basdırdılar. Belə adamlarla elə mühitdə işləməli
olmuşdum..."
Mənə yüksək fəxri
ad verilməsi erməni yazıçılarını
da dilə gətirmişdi:
"Hidayətə Əməkdar
Mədəniyyət xadimi
verdiniz, bəs biz?
"Turka" (oxuyun: türkə! (H) Əməkdar
Mədəniyyət xadimi
verdiniz, bəs
biz?" - söylənənlər də vardı.
Əlbəttə, erməni rəsmiləri
bu barədə mənə heç nə demirdilər, amma qulağıma çatırdı. İnsafən,
erməni millətçilərindən
kimsə soruşmurdu
ki, "turka" o adı
niyə verdiniz? " Soruşurdular: "Bəs
biz?" Cümşüd isə...
Yeri gəlmişkən, həmin
ildə ulu öndərimiz
Heydər Əliyevin rəhbərlik etdiyi Mərkəzi Komitənin Bürosunun qərarı ilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı - o vaxtlarda ölkəmizin ən yüksək mükafatı
ilə təltif olundum. "Xoşbaxtlıq"dan
Cümşüdlərin əlləri
Bakıya gəlib çatmırdı (çatsaydı,
nə çıxacaqdı?).
Bu yaxınlarda onun adını mətbuatda görəndə acı-acı
təəccübləndim: son illərdə Qərbi Azərbaycandan çox şey yazan bir müəllif onun adını "Sovet Ermənistanı"
qəzetində çalışmış
peşəkar jurnalistlər
sırasında vermişdir.
"Burdan min atlı keçdi"də dediyim
kimi - Cümşüd
Sultanov jurnalist deyildi, Kommunist Partiyasının funksioneri
olmuşdu, pensiya yaşı çatanda uşaqlıqda azərbaycanlı
olduğu yadına düşmüşdü, Mərkəzi
Komitədən xahiş
etmişdi ki, onu pənah aparacağı yeganə yer kimi "Sovet Ermənistanı"na göndərsinlər
- başını qatmaq,
maaş alıb dolanmaq üçün. Azərbaycan dilini də yaxşı bilmirdi. O müəllif Cümşüdün "Sovet
Ermənistanı"nda işlədiyi
müddətdə imzasıyla
çap olunmuş bir məqalə demirəm, kiçik informasiya belə tapa bilməz.
Üçüncü məqamdan da
"hücum". Tutduğu
vəzifədə cəmisi
bir il işləmiş,
həllinə neçə
illik problemlər yaratmış keçmiş
direktor və həndəvərindəkilər teatrın böyük uğurlarını qısqanclıqdan,
köhnə əyyamlara
qayıdış ehtirasından
gələn eybəcər
cəhdlərindən çəkinməyərək
uzun illər boyunca dəridən-qabıqdan
çıxırdılar. Heç
nə edə bilmədiklərini görüb
erməni şovinistlərinə
yarınaraq yeni hiyləyə
əl atdılar: Hidayəti necə uzaqlaşdırmaq olardı
teatrın direktor kürsüsündən? Onun
yerinə erməni təklif etmək! Masisdə (Zəngibasarda) qısa zamanda mədəniyyət evinin müdiri işləmiş
Çılpaxyanı təklif
etmək. Qısa "arayış":
1952-ci ildə Dövlət
Azərbaycan Teatrı
bağlanandan sonra o mədəniyyət evində
peşəkarlıqdan uzaq,
zəif Azərbaycan Xalq Teatrı fəaliyyət göstərmişdi
və Çılpaxyan
deyilənin Xalq Teatrı ilə heç təşkilatçılıq
və yaradıcılıq
əlaqəsi olmamışdı.
Əsas "göstərcisi"
o idi ki, erməniydi və erməni şovinistlərinin xoşu
gələcəkdi.
Hansı
erməni istəyərdi
ki, İrəvanda yüksək,
peşəkar səviyyəli
Azərbaycan teatrı
olsun? Baş sındırdılar, uyğun
vəzifəlilərin qapılarını
döydülər və...
bu xəbər hardansa teatra da gəlib çıxdı.
Bir səhnə vurğunu,
istedadlı aktrisa, sonralar xalq artisti
bu xəbəri eşidəndə elə təəccübləndi ki, öz
leksikonu ilə qətiyyən bir araya sığmayan ifadə qopdu dilindən: "Lipçikyan?"
Bu söz bir saatda bütün teatra yayıldı. Sonra məlum oldu ki, teatrın divarlarını
tez "yarıb keçib": iki gün sonra tamam başqa məsələlər ilə
bağlı Mədəniyyət
naziri ilə görüşəndə söhbətimizin
sonunda gülə-gülə,
istehza ilə soruşdu: "Lipçikyan
necəd ...ir?
Ha-ha-ha..."
Bir həftə ötdü, Mərkəzi Komitənin Mədəniyyət Şöbəsinin
müdiri ilə yenə tamam başqa məsələlərlə
bağlı telefonla danışanda da aktrisanın ayaması unudulmadı: "Lipçikyan
necə oldu?
Ha-ha-ha..."
"Lipçikyanın təşəbbüskarları"nın
yerinə xəcalət
çəkirdim: ermənilər
gülürdülər.
Belə
İblislərə, Qaloşlulara,
əlbəttə, cavab
vermirdim, münasibət
bildirmirdim, barələrində
düşünmürdüm. Onlar yalnız qarşıma çıxanda
yadıma düşürdü
ki, yer üzündə
belə məxluqlar
var... Ancaq misralar yazılırdı, şair
atasından, anasından
gizlətdiyini kağızdan,
qələmdən gizlədə
bilmir. Axı, İblislik, Qaloşluluq
...yayıldıqca Qərbi
Azərbaycandakı soydaşlarımıza
yeni problemlər yaranırdı...
Məni sevməyən kəs...
Məni
sevməyən kəs,
gəl, batma yasa,
Yayda qış tapılmaz, qışda - ilk bahar.
Hərdənbir xatırla: bu gün hardasa
Neytron bombası kəşf edən də var.
Bir sözüm xoşuna gəlməyib?
Olar!
Yoxsa, misram uçub, gözünü deşib?
Yoxsa,
"təsadüfi" "səyyah" bombalar
Günahsız Beyrutun üstünə
düşüb?
Qüsur
axtarırsan hər bir sətrimdə,
Adi addımımda, söz qanadımda.
Qüsur
axtarırsan alın tərimdə,
Gəzdiyim torpaqda, quru adımda...
Zərrəcə uğurum dağ
gəlib sənə,
Riyan
tufan olub, sinəndə əsib:
Paxıllıq divləri girib qəlbinə,
Xeyirxah nə varsa - kökünü kəsib.
Neçə dırnaq tökdün
yol aza-aza,
Çox
qəzet oxudun, amma nə qandın?
Ulduzdan dedimsə - məni ulduza,
Səndən danışdımsa, sənə qısqandın!
Gözünün qarası -
ilan yuvası,
Ağı - sarı şeytan
bazarı kimi!
Kədərin - qoca-qoca bir əyyaş yası,
Sevincin
- təlxəyin azarı
kimi...
Ana bətnindəykən bəs
necə idin?
İllər dalda qaldı, ömür də yarı...
Varını, yoxunu mənə
xərclədin,
Öz adın yadında qalıbmı, barı?
Bu yarı ömründə bircə ünvan var:
Həyatın, baxışın mənə
zilləndi,
Gün gələr, görərsən,
səpələndi qar,
Xəlbirdən irəli ələk
ələndi...
Demirəm, günahım yoxdur
zərrəcə,
Demirəm, yarımdır yalnız
ilk bahar.
Deyirəm, a nadan, Yer kürəsində
Neytron bombası kəşf edən də var...
1982
İrəvanda (Bütöv Qərbi
Azərbaycanı demirəm
hələ) "Sovet
Ermənistanı" qəzetində,
Cəfər Cabbarlı
adına Dövlət
Dram Teatrında, Pedaqoji
İnstitutun Azərbaycan
bölməsində, Azərbaycan
Kənd Təsərrüfatı
Texnikumunda, məktəblərimizdə
və digər təşkilatlarda minlərlə
ləyaqətli, milli qeyrətli
soydaşlarımız çalışırdılar.
Amma təəssüf ki, İblislərdən,
Qaloşlulardan xali deyildik. Erməni şovinizmi azmış kimi sayca çox
az olsalar da, belələri də soydaşlarımıza problemlər
yaratmağa cəhd edirdilər.
İndiki
cavan nəsil o münasibəti görməyib: dövlət qurumlarına ünvanlanan imzasız məktublar uzun on illər boyu insanları şoka salırdı, infarkt edirdi, ömürlərini qısaldırdı.
Hərdən mən də elə imzasız ("imzası"
- şər, böhtan)
məktubların "qəhrəmanı"
olurdum. Cavabım yenə misralar ilə idi.
İmzasız böhtançıya
imzalı cavab
Düşübdür dalımca qara niyyətin,
Gecəli-gündüzlü izlərsən məni.
Odumda saralar şeytan gözlərin,
Zülmətli yollarda gözlərsən
məni.
Səntək çox nadürüst
çıxıb qarşıma,
Üzümə dəyibdir min tufan, ayaz.
Çiçəkli yazıma, qarlı qışıma
Mən nəğmələr deyim,
sən anonim yaz:
Mənim
hər şeirimin başında adım,
Misramda
- ürəyim, qolum, qanadım!
Sən gizlə adını, sözünü dəyiş,
Gözünü, cildini, özünü
dəyiş!
Mənə qanad versin zirvə, göy, həyat,
Duyum hər kəlmənin, sözün yerini.
Sənsə, quyuların dibində
"yarat"
Anonim
"janrında" "şah
əsərini ".
Hər güldən min nəğmə
alım bir ağız,
Şeirim
ürəklərdə dinsin,
döyünsün.
Səninsə, yazdığın imzasız
kağız
Tozlu qovluqlarda yetim görünsün.
Məndən xoşun gəlmir?
Neynək, İnsanın
Vardır
öz yaxşısı,
öz yamanı da...
Bəs niyə, de, bütün yazdıqlarının
Mövzusu da mənəm, qəhrəmanı
da?!
Mənim
yolum-izim - üfüqə
doğru,
Sözüm dilindədir hər
sevən kəsin.
Barı,
elə et ki, a bədbəxt
oğlu,
El səni sağ ikən ölmüş bilməsin.
Yaxşılıq, sədaqət - qəlbimə
ilk yar,
Eşqim
ürəyimdə al şərab
içər.
Atalardan
qalma bir kəlam da var:
Deyirlər: "it hürər, karvanlar keçər".
R.S.
Növbəti məktubun, imzasız
böhtan,
Qoy, imzalı olsun bir yol, nəhayət.
Mənə sözün varsa,
buyur, hər zaman
Ünvanım - bu kitab, adım - Hidayət.
1974
Yaxud ondan bir il sonra bir
səhər çağı
avtomobildə Göyçəyə
gedərkən yazılan
misralar:
Özün nə yazıbsan?
Bilinmir hələ...
Başqası nə yazsa - ona tənəsən,
Gedib çatmasa da bir misran elə,
"Əmma" çıxarmağa
bircə dənəsən.
Bəlkə ağ yalandır
öz həyatın
da?
Bəlkə laylalar da nahaq deyilib?
Bəlkə elə Nobel mükafatı
da
Fizik Landauya səhvən verilib?!
İncimə, bir az da vaxtını alsam,
Bu bəndi həmişə
yada salarsan:
Mən hansı tarixdə kosmonavt olsam,
Sən elə həmin gün şair olarsan.
29 noyabr, 1975
Gənclik illərimdə uzun
müddət bir sual üstündə baş sındırırdım.
Yaqoya belə dəhşətlər,
faciə, cinayət törətmək istəyi
hardan gəlib? Cavabını tapmırdım.
Sonralar da Şekspir sehrindən çıxa bilmədim, incilərindən birini
("Sonu yaxşı
olan hər iş yaxşıdır")
dilimizə çevirdim.
İrəvan Dövlət
Azərbaycan Dram Teatrında
uğurla tamaşaya qoyuldu - Ümumittifaq Şekspir festivalında nümayiş olundu və yüksək
dəyərləndirildi, Bakıda
"Dünya ədəbiyyatı
kitabxanasında" nəşr
edildi, əsərlərinə
Şərqin, Qərbin
ünlü sənətkarlarının
ifasında baxdım, haqqında çox oxudum, görkəmli Şekspirşünaslarla görüşdüm
və mənə... məlum oldu ki, heç bir səbəb yoxdur, sadəcə, o əclafın
xisləti beləymiş!
Mefistofel, Həbibra, Salyeri, İblis, Qaloşlu
da, həmçinin! Deməli,
həllolunmaz problem xislətdəymiş!
Antonino Salyeri (1750-1825) zəmanəsinin
istedadlı bəstəkarı
imiş, qırxdan çox operanın, saysız-hesabsız instrumental və
vokal əsərlərin
müəllifi, "Avropanı
fəth edən" adlandırılan sənətkar
idi. Söz düşmüşkən, 1997-ci ildə keçirilən məhkəmə Salyerinin
Motsartın ölümündə iştirakını
rədd etdi. Aleksandr Puşkinin "Kiçik faciə"sindəki Salyeri,
sadəcə, bədii
qəhrəmanının adı
oldu. Onu da qeyd etmək lazımdır ki, bəzi ölkələrdə, o sırada
Rusiyada Motsartı guya bəstəkar Salyeri zəhərlədiyi
barədə versiyalar
yayılmışdı. İstedadlı
adam elə cinayət törədə,
Puşkinin o qəhrəmanının
prototipi ola bilməzdi.
Daha dəqiq desək - faciədəki Salyeri Puşkinin yaratdığı
obrazdır. Tarixdəki
Antonino Salyeri ilə əlaqəsizdir. Mənim
üstünə düşdüklərim
içində bircə
nəfər də olsun, istedadlı adam tapmaq mümkün
deyil. Hamısı artıq bu yazıda
xatırlanan Cümşüd
Sultanov, Lətif Hüseynov, "Lipçikyan
təşəbbüskarları" kimilərdir. Hamısı
işlədikləri təşkilatın
kiçik otağından,
dar və qısa dəhlizindən başqa heç yeri görə bilməyən, harasa çıxmağa, millət
naminə iş görməyə qadir olmayan məxluqlardır.
Bu İblislər, Qaloşlular
1988-89-cu illərdə erməni
təcavüzkarları tərəfindən
doğma yurdlarından,
ata-baba ocaqlarından,
ev-eşiklərindən tarixdə
görünməmiş vəhşiliklə,
faşistcəsinə qovulandan
sonra öz başlarına gəlmiş
müsibətləri yazmağa,
dünyaya çatdırmağa
da qeyrətləri, qabiliyyətləri
çatmadı.
Mən soydaşlarımızın Qərbi
Azərbaycandan sonuncu və ən dəhşətli deportasiyasından
öncə o istedadsız
qısqancları, paxılları
görür və yazırdım.
Sonra Bakıda da İblislər,
Qaloşlular çıxdılar
qabağıma, fikir vermədim, İrəvandakı
kimi öz yolumla getdim, bu gün də
eləyəm.
Ancaq uzun illər siyasi, diplomatik vəzifələrdə çalışanda
hakimiyyət kabinetlərində
əyləşmiş, dəhlizləri
ilə addımlayan səlahiyyətli anti-milli İblislər,
Qaloşlular yolumu kəsmək üçün
nəyə desən, əl atdılar. Ulu öndərim Heydər Əliyev, möhtərəm
Prezidentim İlham Əliyev
məni qorudular.
Yeni İblislər, Qaloşlular
ədəbiyyatımızda inikasını tapmalıdır,
cəmiyyətimizi daha
da saflaşdırmaq, xalqımızı,
insanlığı, dünyanı
bəd xislətlərdən
qorumaqdan yana.
Nə üçün onlarda... Yaqo, Mefistofel, Həbibra, Salyeri... Bəs bizdə?
Bu sətirlər başa çatanda yadıma düşdü - Viktor Hüqo
"Büq Jaqal"ı
16 yaşında olanda
yazıb, amma risk edib nəşr etdirməyib, illər ötəndən - görkəmli
yazıçı olandan
sonra yenidən oxuyub, əlyazmasının
ədəbi inci olduğuna inanıb və bir sözünə
də dəymədən
çapa verib. Hələ 16 yaşında
olanda da yaramaz, cani cırtdan Həbibranın fransız
və ya ümumiyyətlə qərbli
olmasını "şanına"
sığışdırmayıb - onu Afrika kökənli kimi təqdim edib. Viktor Hüqo guya fransızların elə Həbibranın tarixi Vətənində Afrikada törətdikləri soyqırımılardan,
müsibətlərdən xəbərsizmiş. Bəs bu gün? Qatı
şovinist-cinayətkar Ermənistanı
dəstəkləməklə, Müdafiə
nazirini İrəvana işğalçılıq dərsi
keçməyə göndərməklə,
hətta qatı təcavüzkar ölkəyə
arınmaz-arınmaz silah
ötürməklə... onlarla o Həbibranın
nə fərqi var?! Ancaq Həbibra
yaranıb və milyardlarla insanın nifrətini "qazanıb",
çoxlarını cinayət
törətməkdən çəkindirib.
Bəs bizdə - İblis! Qaloşlu?
- vurğuladım, sual
etdim: az deyil?
Əgər bizdə
Azərbaycanda həyatda
prototip Həbibra tapılmırsa, yaradacağımız
obrazın fransız kökənli olmasını
rahatca, əsaslı məntiqlə təqdim edə bilərik.
24 fevral, 2024
[1]
Romeo - V.Şeksprin
"Romeo və Culyetta"
faciəsinin surəti
[2] Yaqo - V.Şeksprin
"Otello" faciəsinin surəti
[3] Verter- İ.Hötenin
"Gənc Verterin iztirabları" romanının
surəti
[4] Peçorin - M.Lermontovun
"Zəmanəmizin qəhrəmanı"
povestinin surəti
[5]
Bela- M.Lermontovun "Zəmanəmizin qəhrəmanı"
povestinin surəti
HİDAYƏT
Ədəbiyyat qəzeti.- 2024.- 8 mart, ¹9.- S.8-9.