Füzuli ili Teatr günü  

 

10 mart milli teatr günümüzə

 

Kitabın yazılma səbəbi

 

Ötən il, iyunun 29 30-da Milli Teatrda Cavid Zeynallının "Şükriyyə" pyesinin rejissor Bəhram Osmanovun quruluşunda eyniadlı tamaşasının premyerası oldu. Amma bununla bağlı fikirlərimi yazının axırında - "Tamaşa" fəslində verəcəm. Çünki bu yazıdan amacım eləcə "Şükriyyə" deyil, konkret bir tamaşa nədəniylə aşağıdakı çoxsaylı məsələlərə toxunmaq, bir sözlə, damlada dəryanı göstərməkdir:

- milli dramaturgiya teatrın çağdaş durumu;

- rejissorun teatrdakı yeri;

- bədii istedada qayğı;

- yeni dramaturq imzası;

- sənət toplumsal həyatın bağlantısı;

- vətənsevərlik, özəlliklə , Qarabağ konusunun plakat, şüar, xaltura, alver alətinə çevrilməsi;

- sənətkarın meracı.

Füzuli kədərli bir eşq olayından danışan "Leyli Məcnun"un girişində deyirdi:

 

Düşdü səfərim diyari-dərdə,

Kimdir mənə yar bu səfərdə?

 

Şair bu səfərdə 530 ildir ki, düşmənsiz ötüşməyib, amma onun sözünü deyən, hörmətini saxlayan, yolunu gözləyənlər az olmayıb ki, çox olub. Bəs, hər cür sorunlarla üzləşəcəyim bu "uzun, incə yolda" bir az füzulluq eləmək zorunda qalsam, mənə necə, axıracan yoldaşlıq eləyən tapılacaqmı? Konkret olaraq, Füzuli ili teatr günü, ümumən orta çağ divan şairi ilə teatr sənətinin ilişkisi? Bu sualların cavablarını bilmək istəyirsiniz? Onda gərək bu yazını sonacan oxuyasınız.

 

Ustadlara xitab

 

Platon haqlıydı - hər cür sənət xatırlamadır, amma təkcə ideyalar aləmini deyil, həm gerçək şəxsləri ya nəsnələri xatırlamaq. Platon özü bütün dialoqlarında Sokratı xatırlayırdı. Mən isə on il öncəyə - 2014-cü ilə qayıtmaq, İsa Muğannanı xatırlamaq istəyirəm. Görkəmli nasirin Daxili İşlər Nazirliyi yaxınlığında, keçmiş Hüsü Hacıyev küçəsində, yazıçılar binasının beşinci qatındakı evindən Füzuli meydanına ayaqla vut-tut, beş-altı dəqiqəlik yol olsa da, o, Nəsimidən Nizamiyə qayıdıb, Füzulidən yazmasa da, alın yazısı ömrünün axırında onu Füzuli meydanına gətirdi yazıçını son mənzilə bir əli sinəsində, o biri çənəsində, Məcnunu sağı, Leylisi solunda, vəhşilər ayağının altı, mələklər başının üstündə, fələyin zindanı kürəyi, Allah eşqi ürəyində dərindən-dərin düşüncələrə dalmış Füzuli, İsanı isə Məhəmməd yola saldı, "çün Məsihi-vəqtsən, can vermək asandır sana..." dedi.

Artıq onilləri aşır ki, ünlü söz-sənət adamlarının çoxu son mənzilə Füzulinin yanı, Füzuli meydanından keçib gedirlər. Şair, elə bil ki, zamanla əbədiyyət arasında bir körpüdür. Füzuli metafizikdir onun bəlkə bir misrasını da oxumayan iyirminci yüzil batı filosofu Martin Haydegger "Metafizika nədir?" kitabında yazır ki, insan düşüncəsinin irəliləməsi üçün bizi başlanğıc nöqtənin cazibəsində tutub saxlayan metafizikadan qurtulmalıyıq. Mirzə Fətəli Axundovun "Füzuli şair deyil onun xəyalatında əsla təsir yoxdur", Cəfər Cabbarlının "Neçə əsrlərdir ki, Füzulinin sehrli orbitindən çıxa bilmirik" sözləri ünlü filosofun fikriylə səsləşir. Füzulini oxuyub-oxumamasına dair nəsə deyə bilməyəcəyim böyük fransız metafiziki Rene Genon isə "Çağdaş dünyanın böhranı" kitabında yazır ki, batının böyük sürətlə yuvarlandığı uçurumdan qurtuluşunun tək yolu doğuda hələ qorunub saxlanılan vahid, əzəli metafizik prinsipə qayıtmaqdır. Kim haqlıdır? Bu sualı birmənalı cavablandırmaq bəsit bir şey olardı, nədən ki Haydegger, Axundov, Cabbarlı Genon məsələyə fərqli, bəzən əks yönlərdən baxsalar da, bir çiynin üstündəki başlara bənzəyirlər. Əslində isə onların qoyduğu məsələ o qədər orijinal deyildi, bu metafizik sualı hamıdan öncə Füzuli özü vermişdi:

 

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,

Sorun kim bu sevdadır, bu sevdadan usanmazmı?

 

Haydegger , Axundov da, Cabbarlı da, Genon da Füzuli sualına cavab axtarır, öncəkilər ona "usanar", sonuncu isə "usanmaz" cavabını verirdi. Bundan sonra da neçə-neçə düşünürlər gəlib-keçəcək, mini mini bir söz deyəcək, amma ta qiyamətəcən bu sualın cavabı tapılacaq, bu sevda bitəcək. Nədən ki bu məcnun sual insanlığın ölüm-qalım sorunu, bu sevda sonsuzdur. Füzuli isə eləcə Molla Məhəmməd Süleyman oğlu Bağdadi, onun yazdıqları isə təkcə qəzəl, dastan deyil, həm ümumbəşəri, milli fərdi anlamda metamətnimiz, neçə yüzillərdir qaça bilmədiyimiz, yəqin ki, qiyamətəcən pozulmayacaq alın yazımızdır. Odur ki, Füzuli əleyhinə öncələr , bu gün , istər xaric, istərsə daxilimizdə aparılan siyasi-ideoloji təxribatlar - İraqda məzarının yerini dəyişmək, yaxud "İraq şairi" adlandırmaq, İranda abidəsini təhqir eləmək, bizdə isə haqqında aşağılayıcı bir şeylər yazmaq çabaları - həmişə fiasko ilə sonuclanıb, bundan sonra da belə olacaq, nədən ki gəldi-gedər siyasi maraqlara bağlı kampaniyalar əzəli-əbədi dəyərlər qarşısında acizdir. Alimlərimizdən Kamil Allahyarov, Zəkulla Bayramlı, özəlliklə , özünün "Füzuliyə qarşı üçüncü vandalizm aktı" adlı dəyərli məqaləsində ərəbşünas Cəmaləddin Quliyev çoxsaylı faktlara söykənərək, bu məsələyə aydınlıq gətirib, bütün bu kampaniyaların riyakar siyasi-ideoloji mahiyyətini yetərincə açıqlayıblar. Füzulinin xatirəsini təhqir eləmək kimi uğursuz cəhdlərə qarşı ən ciddi cavab isə şairin 530 illik yubileyinin qeyd edilməsi ilə bağlı Respublika Prezidenti cənab İlham Əliyevin 25.01.2004-cü il tarixli sərəncamıdır. Bu sərəncam çağdaş sərhədlər daxilində məzarının harada olmasına baxmayaraq, Füzulinin dahi Azərbaycan şairi mütəfəkkiri olmasının bütün dünyada rəsmi təsdiqidir məncə, xaricdəkilərin havasına züy tutan, yuxa qırağı sulayan bəzi daxilimizdəkilər bu qərardan nəticə çıxarıb, elmi baxımdan yanlış, siyasi yöndən zərərli mövqelərinə düzəlişlər edəcəklər.     

Qoy, onlar öz düzəlişlərini eləsin, mənim yolumsa, yenə keçmiş Hüsü Hacıyev küçəsi, yazıçılar binasınadır. İllər öncə, hələ bu fani dünyada yaşadığı, onda dəyərini elə bilmədiymiz, indi çox uzaq, əlçatmaz görünən o gözəl günlərdən birində, yazıçılar binasındakı həmin mənzilində Muğannadan "gənc yazarlara sözünüz, məsləhətiniz nədir?" deyə soruşmuşdum o bir an da düşünmədən, guya kimsə başqa biri, ya da öz-özüylə danışırmış kimi, hansısa məchul nöqtəyə zillənərək keçmişi-keçəcəkləri, yeri-göyü, ərşi-kürsü dolanaraq yanıma enmiş göz açıb yumunca baş verən bu tarixi, kosmik gəzintidən doğan müdtik bir dalğınlıq havasında "qoy, damlada dəryanı, zərrədə küllü göstərsinlər" demişdi. Ondan çox cavab gözləyirdim, amma bunu - əsla! Muğanna öz cavabında Genonu Haydegger, Axundov Cabbarlı ilə barışdırır, həm o tərəf (dərya), həm bu tərəfə (damla) vurur, axırda da qayıdıb vəhdət nöqtəsində dururdu. Onun bu sözləri mənə niyə dediyini indi - bilgisayarın qarşısına keçib, ilk cümləyə hardan, necə başlayacağımı düşünəndə bilirəm. Onda bilmirdim ki, öz sualım da, yazıçının cavabı da yaddaşıma yazılıb günlərin bir günü bu yazıda beləcə qəfil boy verəcək.

Teatr dramaturgiyamızın çağdaş durumuna dair bu teatral-essevari düşüncələrimə Füzuli Muğanna anısıyla başlamağımın bir neçə nədəni var biri budur ki, oxuyacağınız yazıda sufi üsuluna üz tutmuş, damlanı dəryada, zərrəni küllüdə göstərməyə, çözülməsi soruna quş uçuşu, yəni bir az uzaq, bir az da yuxarıdan - uzun geniş planlarda baxmağa çalışmışam. Çünki ayrıca sorunların da, konkret şəxslərin yeri rolu ümumi mənzərədə daha aydın görünür. Siz bu sufi rümuzatında "damla"nı yazının özəl predmet subyektləri, "dərya"nı dramaturgiya, teatr, ümumən sənət, damlanı insan, dəryanı Allah kimi çözməyinizdə olun, mən bu müddətdə ustadların ruhuna rəhmət diləyib, onlardan füzuliyanə bir halallıq alım ki, vaxtımız çox getməsin:

 

Arayişi-söhbət eylə, saqi,

Ver badə, mürüvvət eylə, saqi.

...Sən ver badə, mən eyləyim nuş,

Mən nəzm oxuyum, sən ona tut guş...

 

Rejissora sözönü

 

Əgər səhnə öz sərhəd, qanun əhalisi olan ayrıca bir dünya rejissor onun yaradıcısı, demiurqu, tanrısıdırsa, sözə   Bəhram Osmanovdan başlamaq istəyirəm. Milli Teatrın səhnəsində zamanında "Qarağaclar altında ehtiraslar" (Yucin Onil), "Şah Edip, yaxud alın yazısı" (Sofokl), "Kral Lir" (Vilyam Şekspir), "Ağqoyunlular Qaraqoyunlular", "Köhnə ev", "Mesenat" (Əli Əmirli), "Kaş araba aşmayaydı" (Otar İoseliani), "Uçqun" (Tuncər Cücənoğlu) digər aydın konsepsiyalı, aktual ideyalı, istər bütövlükdə, istərsə ayrı-ayrı səhnələrin təkrarsız ehtişamı baxımından heyranlıq doğuran tamaşalara quruluş verən bu görkəmli rejissor Gənc Tamaşaçılar Teatrına getməsilə bağlı uzun dönəmdir ki, burda görünmür, onun ana teatrın səhnəsindəki son işi - "Dəli yığıncağı"ndan (Cəlil Məmmədquluzadə) illər keçir. Teatrsevərlər isə bəzən, doğrudan da, dəli yığıncağı təsiri bağışlayan, ələşənin küləşənə qarışdığı, yaxşı ilə yamana, yağlı ilə yavana fərq qoyulmadığı hazırkı durumda çox şeyləri unutmayıblar. On doqquzuncu yüzil ünlü türk şairi dövlət xadimi, saray çəkişmələri üzündən Osmanlını tərk edib, uzun illər batı ölkələrində yaşamaq zorunda qalan Ziya Paşa deyirdi:

 

Ayinəsi işdir kişinin, lafə baxılmaz,

Şəxsin görünür rütbeyi-əqli əsərində.

 

Osmanlı şairinin diliylə desəm, Osmanovun Milli Teatrdakı işləri onun rejissor kimliyini göstərən "ayinəsidir" indi onlardan bəzi səciyyəvi məqamları yada salmaq istəyirəm.

...Pərdə bağlanır, tamaşa bitir, pərdənin bəri üzündə atılıb qalmış yelləncəkli boş kreslo isə dünyanın faniliyi, amansız taxt-tac qovğalarının anlamsızlığından söz açır. Burda artıq cansız kreslo danışır. Bura sözün bitdiyi yerdir! Mən ədəbiyyat tarixi səhifəsinin bu üzünü o üzünə çevirib, Füzuli divanına üz tuturam:

 

Ey olub sultan deyən dünyada məndən qeyri yox,

Sən səni bir cüğd bil, dünyanı bir viranə tut!

 

Rejissor isə tarixin pərdəsinin o üzünü bəri üzünə - çağdaşlığa çevirir, b.e.ö. səkkizinci yüzildə dumanlı Britaniyada baş vermiş saray çəkişmələri ardından 90-ların bir-birini dabanqırma izləyən dumanlı hakimiyyət davalarına üz tutur. Bu, iki fərqli heyətlə beş-altı ilə hazırlanan, Kral Lirin özü qədər qəribə, acımasız taleli "Kral Lir" tamaşasının finalıdır.

Babanın günahı üzündən: ana özünü asaraq intihar edib; gözlərini öz əlləriylə kor eləyən ata illərlə səfil-sərgərdan gəzib-dolanandan sonra dəhşətli əzablar içində ölüb; taxt-tac uğrunda qardaş qardaşı öldürüb; sağ qalanı düşmənlər qətlə yetirib; Tanrı üz çevirib Edipin (Kamal Xudaverdiyev) qızları İsmena (Mehriban Xanlarova) ilə Antiqona (Münəvvər Əliyeva) göylə yerin arasında tək-tənha qalıblar! Tamam tək tənha! Taleyin verdiyi çəkilməz acılardan sonra qızlar axır ki, bir-birini bağışlayıb qucaqlaşır elə o anda Tanrı "mələyi" (Sənubər İsgəndərli) öz qanadlarını onların üstünə gərir, üçü bir yerdə səssizcə ağlayırlar. Cavanşir Quliyevin həzin musiqisi eşidilir, səhnəyə kosmik çəkisizlik, yaxud çiskin yağış ovqatı doğuran işıq düşür... Antik tragediyadakı bu olaylar ardından yenə 90-ların hakimiyyət qovğalarına boylanan rejissorun səsi gəlir: "Niyə hər yandan düşmənlərlə çevrələndiyimizi görmürük? Niyə bir-birimizi qırır, qızlarımızı, qadınlarımızı başsız qoyuruq? Gəlin, bəylik taxtımızdan enək, şəxsi ambisiyalarımızı bir kənara qoyaq, adam olaq, bir-birimizi bağışlayaq ki, Tanrı da bizi bağışlasın - qurtuluşumuz birliyimizdədir!"

Bu, "Şah Edip"in 25 ildən bəri yaddaşımdan silinməyən uşaqcasına məsum, müdrikcəsinə mənalı finalıdır! O qədər məsum mənalı ki, az qala hipnoz olmuş zal aktyorları alqışlamağı belə unudurdu. Mən öncə, sonralar baxdığım tamaşaların heç birində insanı bu qədər təsirləndirən, özünə qaytaran, bu qədər güclü zərif final görməmişəm. Bütün dünya uçub-dağılmış, yalnız bunlar qalmışdı - kosmik ənginlik qarşısında tənha insan, göz yaşı ümid... Burda danışan göz yaşlarıydı! Bu sözün bitdiyi yer idi! Qiyamət səhəri kimi acı, hansısa müjdədən soraq verən bahar nəsimi kimi bu həzin finala baxdıqca düşünürdüm ki, dünya dramaturgiyasının bəlkə ən talesiz məxluqlarını oynasalar da, Mehriban, Münəvvər Sənubər dünyanın ən xoşbəxt oyunçularıdır. Təkcə elə bu tamaşanın final səhnəsində oynamaq üçün illərlə zəhmət çəkib, lazım gəlsə, şəxsi səadətindən belə əl çəkib aktyor olmağa dəyərdi! Osmanovun quruluşlarında rol almaq aktyor üçün, doğrudan da, şansdır.

Bağlanmış pərdə bir anlığa açılıb, yenidən sürətlə qapanır, amma bu bir göz qırpımı da bəs eləyir görəsən ki, üzündə təbəssüm donmuş aktyorlar Tağıyevlər ailəsinin hansısa xoşbəxt anının fotosunu canlandırır. Bu şəkil marketinq dönəminə keçidin yaratdığı aşırı varlanmaq ehtirası, maliyyə fetişizmi, acgözlüyün absurdluğuna işarə edir. Bu şəkil milli sahibkarlığın çağdaş təmsilçilərini el atası, böyük mesenat Hacı Zeynalabdin Tağıyevdən həm örnək, həm ibrət götürməyə çağırır. Bu şəkil " qədər varlı, nüfuzlu olursan-ol, bu dünya olum ölüm pərdələri arasında (f)ani bir görüntü, vaxtın sonsuz yaddaşında donub qalmış şəkildir" deyir. Burda artıq cansız şəkil danışırdı... Bu, sözün bitdiyi yer idi!

Bu isə "Mesenat"ın finalıdır.

Osmanov hər tamaşasında bizi yenidən yenidən xoşgörüyə, barışa çağırır, "mərhəmətli olun!" deyir, nədən ki Allahın "öldüyü" bu amansız, sərt dünyada vicdan son sığınacaq, mərhəmət olan-qalan, yeganə həqiqətdir!

Mərhəmət! Bu, onun rejissor dünyaduyumunun anayasası, yaradıcılığının epiqrafıdır! Maraqlıdır ki, bütün sənət həyatı boyu üzləşdiyi çətinliklər milli Efrosumuzun mərhəmət idealına ciddi xələl gətirə bilməyib. Çoxsaylı milli, rus, qərb sənətkarları arasında onu məhz sovet dönəminin dissident ruhlu rejissoru Anatoli Efrosa bənzətməyim özü gəlişigözəl epitet, subyektiv yarlık olmayıb, təkcə iki azad ruhlu istedadın üzləşdikləri eyni səciyyəli sorunlardan da irəli gəlməyib, hər şeydən öncə, Osmanovun özünün fikridir. Yadımdadır ki, aşağı-yuxarı, iyirmi-iyirmi beş il öncə ondan "Stanislavski, Meyerxold, Brext, Kreq, Vaxtanqov, Tovstonoqov, Yefremov, Lyubimov, Efros, Tairov... Özünü bu rejissorlardan hansının məktəbinə aid edirsən?" deyə soruşmuş "əlbəttə, Efrosun" cavabını almışdım. Maraqlıdır ki, Taqanka Teatrında əleyhinə aparılan neçə illik kampaniyadan sonra 1987-ci ildə infarkt keçirən Efros dünyasını dəyişmiş məhz həmin il gənc rejissor Bəhram Osmanov Milli Teatrda öz işinə başlamışdı. Rejissorun sonrakı yaradıcılıq taleyi onun Efros kodundan xəbər verir. O da Efros kimi öz ideyalarını gerçəkləşdirmək üçün az sorunlarla üzləşməyib, teatrları dəyişmək zorunda qalıb, tamaşalarının qarşısına yapma əngəllər qoyulub. Yazıqlar olsun yaxşı ki, bu belədir. Füzuliyanə desəm, gülə tikanın zərəri yoxdur:

 

Gözümdə məskən et, xari-müjəmdən ehtiraz etmə,

Güli-xəndanə sordum, xarə yar olmaq zərər verməz.

 

Neçə-neçə səhnə, televiziya kino obrazlarını gördüyüm ayrı-ayrı aktyorlar da yaddaşımda Bəhram Osmanovun quruluşlarındakı bu ya digər anın doğurduğu unudulmaz təəssüratla qalırlar. Onları bu anlarda görmüş, tanımış, sevmiş yadda saxlamışam:

Lir - Kamal Xudaverdiyev barmağını Kordeliyanın (Məleykə Əsədova) yanaqlarından süzülən göz yaşlarına vurub, ehtiyatla, qorxuyla dilinə toxundurur, sonra az qala hədəqəsindən çıxan gözlərlə zala üz tutaraq, sanki "duzludur! həqiqidir! doğrudanmı, saxta deyil?!" deyə soruşmaq istəyirdi! Unudulmaz aktyor yaddaşımda ömrü boyu şirin yalanlarla yaşayıb birdən-birə acı (duzlu!) həqiqətlə üz-üzə gələndə iliklərinə qədər sarsılan, uşaqcasına sadəlövh ingilis kralının açıla qalmış ağzı, heyrət dolu baxışlarıyla qalıb! Burda artıq gözlər danışırdı... Bu, sözün bitdiyi yer idi!

rus sovet rejissoru, "Don Kixot", "Hamlet" kimi dünya klassikası şedevrlərinə böyük başarıyla ekran həyatı verən Qriqori Kozintsev, ingilis Riçard Eyrin eyni mövzudakı filmlərində (uyğun olaraq 1970 2018-ci illər), Leonid Heyfetsin Malı Teatrının aktyorları ilə hazırladığı zamanında böyük maraqla qarşılanan film-tamaşasında (1982) Lir Kordeliyanın uzun ayrılıqdan sonra qarşılaşması səhnəsi bu qədər parlaq, yaddaqalan, təsirli deyil:

Səhnənin bir başında - taxt-tacını, torpaqlarını böyük qızları Qoneriliya (Bəsti Cəfərova) Reqanaya (Hicran Nəsirova) cehiz verib, sonra nankor övladları tərəfindən rədd edilən, qapılar üzünə çırpılan, yolçu olub çöllərə düşən, qaranlıq, soyuq, tufanlı gecələri dilənçilərlə keçirən, lakin hakimiyyətdən endikcə həqiqəti dərk pillələri ilə yüksələn, maddi sərvətlərini itirdikcə mənən zənginləşən sonucda kraldan insana, misdən qızıla, damladan dəryaya çevrilən zavallı bədbəxt Lir; o biri başında - sözün düzünü dediyi, yalanı, riyakarlığı bacarmadığı, diliylə könlü bir olduğu üçün cehizi lənət, təhqir olan, lakin Liri bağışlayan öncələrdəki kimi yenə sevən mələk təbiətli kiçik qızı Kordeliya! Dilənçi görkəmində olan Lir su sonası kimi bəyaz libaslı Kordeliya qarşılıqlı sevgi ifadə edən atəşin sözlərlə qollarını qabağa açır, dizin-dizin bir-birinə doğru sürünür, səhnənin tən ortasında göz yaşları içində qucaqlaşırdılar! Göz yaşının dadına baxmaq da bundan sonra başlayırdı...

Əminəm ki, Kozintsev, Eyr, Heyfetsin filmləri Osmanovun tamaşasına baxıb, eyni səhnələri tutuşdursanız, gəldiyim sonucun bayağı "özümüz-özgələri" mifindən doğan tərəfgirlikdən irəli gəlmədiyinə, hər cür kiçiltmə şişirtmədən uzaq olduğuna siz əmin olarsınız. Düzdür, Kamal Xudaverdiyev göz yaşının dadına baxmağı Kozintsevin filmində baş rolu oynayan ünlü eston aktyoru Yuri Yarvetdən götürmüş, amma öz mənalı heyrəti ilə bu jestə tamam fərqli anlam verə bilmişdi. Göz yaşını dadan Yarvetin üzündə bir təəssüf, peşmançılıq var. Kral bu duzlu göz yaşında, elə bil öncədən artıq duyduğu həqiqətin təsdiqini tapır: ", doğrudan da, duzlu imiş, saxta deyilmiş, təəssüf ki, bunu gec başa düşdüm." Kamal Xudaverdiyevin Lirinə isə öncədən heç məlum deyil, o həqiqəti indi, göz yaşını daddığı andaca, zen-buddistlərin diliylə desək, qəfil tapır bu gözlənilməz intuitiv kəşfdən ağzı açıla qalır: "doğrudanmı, duzludur, doğrudanmı, saxta deyil?!!" Onun üzündə təsdiq yox, heyrət dolu bir sual, onun gözündə təəssüf yox, özünün ən yüksək dərəcəsinə çatmış təəccüb var! Aktyorun köhnə jestə verdiyi bu yeni anlam səhnədəki degustasiyanın zaldakı dadını qat-qat artırır, ona həqiqətin kəşf olunduğu həlledici məqam statusu verir müqayisədə ünlü eston (üstü) unlu azərbaycanlıya açıq-aşkar uduzurdu ("Kral Lir");

taleyin amansız hökmüylə dünyanın ən bağışlanmaz suçuna sürüklənən, indiyəcən olub-keçən qadınların heç birinin üzləşmədiyi acı bir qismətə tuş gələn - öz bətnindən doğurduğu Ediplə izdivaca girən, ondan dünyaya övladlar gətirən bu dəhşətli həqiqəti biləndə azacıq belə düşünmədən özünə ölüm hökmü çıxaran, yunan profilində qədd-qamətli, şahanə, hökmürəvan İokasta - Şükufə Yusupovanın da ölümə gedərkən tüstülər, dumanlar içində göyərçin qanadları kimi, xəyal kimi çırpınan əllərini, yəqin ki, heç vaxt unutmayacam ("Şah Edip").

Hələ Bəsti Cəfərovanın sevişdiyi kişinin ağuşundan çıxaraq, şərab dolu qədəhi başına çəkən, sonra da hüdudsuz şəhvani istəkləri hakimiyyət ehtirasının təmin olunmamasından doğan narazılıq, nifrət, aqressiyanın ifadəsi kimi boş qədəhi bütün bədəniylə bir yay kimi gərilərək, daxili aləminin ən dərin nöqtəsindən gələn çılğın bir nidanın müşayiəti ilə səhnənin hansısa uzaq küncünə tullayan Qoneriliyası!.. Onun hüdudsuz azğınlığından xəbər verən nidası səhnə səmasında şimşək kimi çaxır, bütün zalı diksindirirdi! Qəribədir ki, aktrisa bu səhnə daxil olmaqla Qonerilya obrazını elə bəyənmir, Kordeliyanı oynamaq istəyirdi. Mənim isə üstündən on illər keçsə , Qonerilyanın boş qədəhi necə atması hələ gözümün önündə, çılğın nidası hələ qulağımdadır. Milli dünya dramaturgiyasında Pəridən (Cəfər Cabbarlı, "Solğun çiçəklər", rejissor Ağakişi Kazımov) tutmuş, Fedraya (Jan Rasin, "Fedra", rejissor Mərahim Fərzəlibəyov) qədər ən ehtiraslı qadın obrazlarını canlandıran aktrisa yaddaşımda qəddar, amansız ingilis kraliçasının bir kəlmə demədən hər şeyi deyən sözsüz qiyamı ilə qalıb ("Kral Lir");

düşmən siyasi partiyanın oğluna ərə getməsin deyə öz əmisi oğlu tərəfindən zorlanan, avansenaya çıxaraq bütün əclaflıqların acığına başını qürurla yuxarı qaldıran, sonra nəsə daxili hökm verdiyini bildirən sərt hərəkətlə geri dönüb, səhnə boşluğunda yoxa çıxan, eləcə mimika baxışlarıyla tamaşanın ən önəmli informasiyasını - intihar qərarını zala çatdıran Fidan - Məleykə Əsədova da yaddaşıma ayaqlar altına atılmış məhəbbət, tapdalanmış bəkarətin saf heykəli kimi yüksəldiyi bu sözsüz səhnəsi ilə yazılıb. Fidan bu bir anlıq görüntüsüylə aktrisanın Gültəkin, Şirin, Mariya Tüdor kimi klassik faciə ehtişamıyla süslənmiş obrazlarını kölgədə qoyurdu ("Ağqoyunlular Qaraqoyunlular").

 

(Davamı gələn sayımızda)

 

Əsəd CAHANGİR

 

Ədəbiyyat qəzeti.- 2024.- 8 mart, №9.- S.24-25.