Ədəbiyyatşünaslıq
elminin Baş qərargahı
Azərbaycanda
ədəbiyyatşünaslıq tədqiqatlarının qədim
tarixi və böyük ənənələri vardır. Məlum
olduğu kimi, hələ qədim dövrlərdə və
orta əsrlərdə bir neçə istiqamətdə ədəbiyyat
haqqında tədqiqatlar aparılmışdır. Dövrünün
tanınmış simalarından olan Xətib Təbrizinin
apardığı sistemli elmi tədqiqatlarla ədəbiyyatşünaslıq
elminin möhkəm bünövrəsi
yaradılmışdır. Bundan başqa, orta əsrlərin
görkəmli Azərbaycan şairlərinin bədii əsərlərində
söz və onun mahiyyəti, əhəmiyyəti,
ayrı-ayrı janrların ədəbiyyatdakı yeri və
funksiyaları haqqındakı fikirləri də böyük
yaradıcı şəxsiyyətlərin ədəbi-nəzəri
görüşləri kimi ədəbiyyatşünaslıq
elminin formalaşmasında və inkişafında mühüm
rol oynamışdır. Eyni zamanda, orta əsrlərin
ədəbiyyat təzkirələri özünün forma və
məzmununa görə dövrün ədəbiyyat
antologiyaları və ədəbiyyat tarixi materialları rolunu
oynamışdır.
Bununla belə, Azərbaycanda peşəkar ədəbiyyatşünaslıq
Mirzə Fətəli Axundzadə ilə
başlamışdır. Mirzə Fətəli
təkcə Azərbaycan dramaturgiyasının və bədii
nəsrin deyil, həm də professional ədəbiyyatşünaslığın
da banisidir. Lakin etiraf etmək
lazımdır ki, Azərbaycanda ədəbiyyatşünaslıq
müstəqil və sistemli elm sahəsi kimi XX əsrin əvvəllərində
yaranmışdır. Xüsusən, bu
dövrdən etibarən mövcud ənənələrlə
yanaşı, milli mətbuatın geniş miqyaslı
inkişaf etməsi, Avropa və rus ədəbi-ictimai fikrinin
tanınmış nümayəndələrinin elmi-publisist
irsi ilə yaxından tanışlıq professional ədəbiyyatşünaslığın
formalaşmasına ciddi təsir göstərmişdir.
Eyni zamanda, maarifçilik hərəkatının və məktəb
dərsliklərinin
genişlənməsi də ədəbiyyatşünaslıq
elmini formalaşdıran əsas faktorlardan biri olmuşdur. Hətta XX əsrin əvvəllərində nəinki
ədəbiyyat dərsliklərində yazıçı və
şairlərin həyatı və
yaradıcılığı haqqında yığcam ədəbiyyatşünaslıq
yazıları verilmiş, hətta Hüseyn Cavidin "Qəvaidi-ədəbiyyat"
dərsliyi kimi sırf ədəbiyyatşünaslıq
materiallarından ibarət olan dərsliklər də meydana
çıxmışdır. Görkəmli ədəbiyyatşünas
və böyük ictimai xadim Firudin bəy Köçərlinin
(1863-1920) bu dövrdə yazılmış məşhur
"Azərbaycan ədəbiyyatı tarixi materiallları"
adlı çoxcildlik əsəri Azərbaycanda professional ədəbiyyatşünaslığın
ən mühüm nailiyyəti sayılmağa tamamilə
layiqdir.
Sovet
hakimiyyətinin ilk illərində, 1923-cü ildə
yaradılmış Azərbaycanı Tədqiq və Tətəbbö
Cəmiyyəti ilə Azərbaycanda elmin digər
sahələri kimi, ədəbiyyatşünaslıq elmi sahəsində
də ilkin təşkilatlanma işinin başlanmasına start
verilmişdir. Az sonra 1929-cu ildən
etibarən fəaliyyətə başlayan Azərbaycan Elmi-Tədqiqat
İnstitutunun strukturunda da ədəbiyyatşünaslıq
üzrə ayrıca bir istiqamət olmuşdur. Hətta
Azərbaycan Elmi-Tədqiqat İnstitutunda ədəbiyyatşünaslıq
üzrə aspiranturaya ilk qəbul da keçirilmişdir.
Buna baxmayaraq, nə Tədqiq və Tətəbbö
Cəmiyyəti və nə də Azərbaycan Elmi-Tədqiqat
İnstitutu ədəbiyyatşünaslıq üzrə
müstəqil elmi qurum deyildi. Bu elmi təşkilatlar
yaxın gələcəkdə ədəbiyyatşünaslığa
aid ayrıca bir elmi təşkilatın yaradılmasına zəmin
hazırlamışdır.
Məlum olduğu kimi, 1932-ci ilin dekabr ayının
axırlarında SSRİ Elmlər Akademiyası Zaqafqaziya
Filialının Azərbaycan şöbəsi
yaradılmışdır. Az sonra 22 mart
1933-cü ildə bu elmi qurumun tərkibində Ədəbiyyat
sektoru təşkil edilmişdir. Dövrün
tanınmış tənqidçi və ədəbiyyatşünası
Əli Nazimin rəhbərlik etdiyi Ədəbiyyat Sektoru ilə
gələcək Ədəbiyyat İnstitutunun əsası
qoyulmuşdur. Qısa müddət Sektor
statusunda fəaliyyət göstərdikdən sonra, 1935-ci ildə
bu elmi qurumun bazasında Ədəbiyyat İnstitutu təşkil
olunmuşdur. Böyük Azərbaycan
şairi Nizami Gəncəvinin anadan olmasının 800 illik
yubileyinə dövlət səviyyəsində hazırlıq
işləri aparılarkən, 1939-cu ildə bu elmi-tədqiqat
müəssisəsinə dahi sənətkarın adı
verilmişdir. Beləliklə, 1933-1945-ci illər Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun
formalaşması və inkişafının birinci mərhələsi
hesab edilir. Bu illərdə Ədəbiyyat
İnstitutuna Əli Nazimdən sonra Artur Zifeld-Simumyaqi, Əhməd
Əhmədov, İdris Həsənov, Aleksey Klimov, Heydər
Hüseynov rəhbərlik etmişlər. Təəssüf
ki, yuxarıda adları qeyd edilən elm adamlarının demək
olar ki, əksəriyyəti repressiyanın qurbanı
olmuşlar. Lakin onların çox çətin
və mürəkkəb şəraitdə gördükləri
işlər, həyata keçirdikləri tədbirlər
Ədəbiyyat İnstitutunun möhkəm elmi təməllərini
təşkil etmişdir.
Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun
inkişafında Azərbaycan SSR Elmlər Akademiyasının
tərkibində fəaliyyət göstərdiyi illər
xüsusi mərhələ təşkil edir. Belə ki, 27 mart
1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası təsis
edildikdən sonra Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu bu dövlət elmi təşkilatının
tərkibində digər elm sahələrini əhatə edərək
elmi-tədqiqat institutları ilə birlikdə
özünün çoxcəhətli fəaliyyətini
uğurla davam etdirmişdir. Sovet hakimiyyəti illərində
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda ədəbiyyatşünaslıq sahəsində
bir sıra mühüm elmi nəticələr əldə
olunmuşdur. Ədəbiyyat İnstitutunun
1957-1960-cı illərdə çapa hazırladığı
və nəşr etdiyi 3 cildlik "Azərbaycan ədəbiyyatı
tarixi" uzun dövr ərzində ölkəmizdə ədəbiyyatşünaslıq
sahəsində ən mötəbər elmi mənbə kimi qəbul
edilmişdir. Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan
ədəbiyyatı şöbəsinin yaradılması və
bu şöbəyə uzun illər rəhbərlik etmiş
xalq yazıçısı, akademik Mirzə İbrahimovun rəhbərliyi
ilə çoxcildlik "Cənubi Azərbaycan ədəbiyyatı"
antologiyasının hazırlanıb kitab halında çap
edilməsi də dövrün mühüm nailiyyətlərindən
biri hesab edilməyə layiqdir. İnstitutun
"Ədəbiyyat məcmuəsi" adlı elmi
jurnalının 1946-cı ildə təsis edilməsi və
uzun illər ərzində nəşrini davam etdirməsi də
ədəbiyyatşünaslıq elminin inkişafına
böyük təkan vermişdir. XX əsrin
əlli-səksəninci illərində Elmlər Akademiyası
sistemində və Ədəbiyyat İnstitutunda ədəbiyyatşünaslıq
elminin ayrı-ayrı sahələri üzrə elmi məktəblər
yaranıb formalaşmışdır. Görkəmli elm
xadimi akademik Məmməd Arif Dadaşzadə müasir Azərbaycan
ədəbiyyatı tədqiqatları üzrə, akademik Məmməd
Cəfər Cəfərov ədəbiyyat nəzəriyyəsi
sahəsində, akademik Həmid Araslı Azərbaycan klassik ədəbiyyatı
araşdırmaları istiqamətində, akademik Kamal
Talıbzadə ədəbi tənqid tarixi, müxbir üzvlər
əziz Mirəhmədov mətnşünaslıq, Yaşar
Qarayev ədəbi tənqid, professor Məmmədhüseyn Təhmasib
folklorşünaslıq elmi məktəbləri yaratmağa
müvəffəq olmuşlar. Bu elmi məktəblərin
nəzəri-estetik prinsipləri formalaşmış,
tanınmış simaları meydana
çıxmışdır. XX əsrin
altmışıncı illərindən başlamış həmin
elmi məktəblərdən bir çoxu bu günə qədər
öz yolunu məhsuldar şəkildə davam etdirməkdədir.
Bütün bunlara görə Azərbaycan ədəbiyyatşünaslıq
elmi müxtəlif tarixi mərhələlərdə Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutuna bacarıqla rəhbərlik
etmiş akademik Məmməd Arif Dadaşzadə, xalq
yazıçısı - akademik Mirzə İbrahimov, akademik Məmmədağa
Şirəliyev, professor Mirzəağa Quluzadə, akademik Məmməd
Cəfər Cəfərov, müxbir üzvlər Əziz Mirəhmədov,
Yaşar Qarayev və akademik Bəkir Nəbiyevə minnətdardır.
Bu görkəmli elm xadimlərindən hər biri həm Nizami
Gəncəvi adına Ədəbiyyat
İnstitutunda fundamental ədəbiyyatşünaslıq əsərlərinin
meydana çıxmasına, elmi məktəblərin
yaradılmasına və həm də yeni elmi nəsillərin
yetişib formalaşdırılmasına böyük töhfələr
vermişlər.
Müstəqillik
dövrü Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun və Azərbaycan ədəbiyyatşünaslıq
elminin inkişafında xüsusi bir mərhələ kimi qiymətləndirilməlidir.
Bu dövrdən etibarən bütövlükdə ölkəmizdə,
o cümlədən də Akademiya sistemində hakim olan
müstəqil dövlətçilik və azərbaycançılıq
idealları Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun da elmi fəaliyyətinin əsaslarını
təşkil etməyə başlamışdır. Ədəbiyyatşünaslıq elmində dünya
elmində gedən proseslərin və ölkə dəyərlərinin
ön mövqeyə çıxması, aparıcılıq təşkil
etməsi keyfiyyətcə yeni bir mərhələnin
yaranmasına səbəb olmuşdur. Məhz bu zəmində
Azərbaycan ədəbiyyatını daha geniş və
sistemli şəkildə, Azərbaycançılıq
idealları və milli-mənəvi dəyərlər əsasında
araşdırılıb öyrənilməsini təmin etmək
məqsədi ilə 2013-cü ildən sonra Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda zəruri
struktur islahatları aparılmışdır. Bu zəmində
İnstitutda Nizamişünaslıq, Erkən realizm və yeni
dövr, Mühacirət ədəbiyyatı, Mətbuat tarixi və
publisistika, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı,
Ədəbi tənqid, Azərbaycan-Asiya ədəbi əlaqələri,
Uşaq ədəbiyyatı kimi elmi-tədqiqat şöbələrinin,
Füzulişünaslıq sektorunun yaradılması mahiyyət
etibarilə ədəbiyyatşünaslıq elminin
miqyasının daha da genişləndirilməsinə imkan
yaratmışdır. Eyni zamanda, bu dövrdə
Elmi nəşrlər və proqnozlaşdırma, Təhsil,
Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr,
Elektron xidmətlər kimi elmi-xidmət şöbələrinin
təsis edilməsi ilə institutun fəaliyyətinin
genişləndirilməsi təmin edilmişdir. Ədəbiyyat İnstitutunun ən müasir
informasiya texnologiyaları ilə təchiz edilmiş Elektron Akt
zalı Akademiyanın əsas müzakirə və diskussiya məkanlarından
biridir. Dissertasiya Şurası ədəbiyyatşünaslıq
elminin yeni nəsillərinin hazırlanmasına geniş meydan
açır. Hazırda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu elmlər
doktorlarının kəmiyyət və keyfiyyət göstəricilərinə
görə nəinki Milli Elmlər Akademiyasında, geniş mənada
ölkəmizin elm və ali təhsil sistemində birinci yerdə
dayanır. Belə ki, bu gün Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda 2 nəfər Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü, 49 nəfər
elmlər doktoru, 81 nəfər isə fəlsəfə
doktorları fəaliyyətlərini davam etdirməkdədirlər.
Bu elm adamlarının əksəriyyəti
ölkəmizdə və onun hüdudlarından kənarda ədəbiyyatşünaslıq
elminin aparıcı simaları kimi tanınır və qəbul
olunurlar.
Azərbaycan
ədəbiyyatşünaslıq elminin əsas nəzəri-metodoloji
məsələləri Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda işlənib hazırlanır və
həll olunur. Müstəqillik dövründə Azərbaycan
ədəbiyyatının dövrləşdirmə
konsepsiyası Ədəbiyyat İnstitutunda müəyyən
edilmiş, Milli Elmlər Akademiyası Humanitar və İctimai
Elmlər Bölməsinin və Rəyasət Heyətinin
iclaslarında, Beynəlxalq Türk Akademiyasında və
Tatarıstan Elmlər Akademiyasında keçirilmiş beynəlxalq
elmi konfranslarda geniş müzakirə edildikdən sonra qəbul
edilmişdir. Milli və bəşəri elmi
prinsiplər əsasında yaradılmış dövrləşdirmə
konsepsiyası öz növbəsində Azərbaycan ədəbiyyatının
keçdiyi çoxəsrlik təkamül yolunun konkret
inkişaf mərhələsinin müəyyən edilməsi zərurətini
meydana qoymuşdur. Və 2014-2016-cı illərdə
keçirilmiş geniş müzakirələrdən sonra
Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatının
ən qədim zamanlardan başlayaraq bu günə qədər
davam etməkdə olan çoxəsrlik inkişaf yolunun mərhələsinin
elmi təsnifatı yaradılmışdır. Hazırda
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
artıq 7 cildi nəşr olunmuş "Azərbaycan ədəbiyyatı
tarixi" oncildliyi məhz son illərdə
hazırlanmış dövrləşdirmə konsepsiyası və
elmi cəhətdən müəyyən edilmiş inkişaf mərhələləri
əsasında təqdim olunur. Bundan başqa, müstəqillik
dövrü Azərbaycan ədəbiyyatının
yaradıcılıq metodu məsələsi də Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda nəzəri
cəhətdən formalaşdırılmış və elmi
dövriyyəyə daxil edilmişdir. Sovet hakimiyyəti illərindəki
sosialist realizmi yaradıcılıq metodu əvəzinə
müstəqillik dövrü Azərbaycan ədəbiyyatında
çoxsaylı bədii metodların meydanda olması
ideyası və nəzəriyyəsi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna aid elmi qənaətdir.
Bundan başqa, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının
ədəbi cərəyanları: dekadentizm, postmodernizm, magik
realizm, neorealizm, akademizm kimi ədəbi cərəyanların
haqqında nəzəri-metodoloji prinsiplər və
araşdırmalar Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda hazırlanıb ölkə ədəbiyyatşünaslıq
elmi mühitinə çatdırılmışdır. Sinfilik
prinsipinə əsaslanan keçmiş sovet ədəbiyyatşünaslıq
təlimindən fərqli olaraq, müstəqillik
dövründə ədəbi-tarixi şəxsiyyətlərin
geniş şəkildə araşdırılıb tədqiq
olunması, tariximizdə və ədəbiyyatşünaslığımızda,
milli taleyimizdə mühüm yer tutmuş şəxsiyyətlərin
həyatı və yaradıcılığının,
onların ömür və sənət yollarının tədqiq
edilib xalqımıza və elmi ictimaiyyətə
çatdırılması layihəsi də Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutuna məxsusdur. Bu istiqamətdə "Sənətkarın elmi
pasportu" seriyası ilə çıxmış 50 kitab
Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq
elminin inkişafı sahəsindəki nailiyyətlərindən
saymağa layiqdir.
Ədəbiyyat İnstitutunda Ulu Öndər Heydər
Əliyevə həsr olunmuş çoxcildlik monoqrafik nəşrlər
Azərbaycançılıq ideyasına xidmət edən
mühüm əhəmiyyətli əsərlərdir.
XX əsrin
yetmiş-səksəninci illərində başlanmış
Ədəbi proses müşavirələrini də Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu davam etdirərək elmi-ədəbi hərəkat
səviyyəsinə qaldırmışdır. Ədəbi proses müşavirələrinə həsr edilmiş və artıq 10 cildi nəşr
olunmuş "Ədəbi proses" yaradıcılıq
müşavirəsinin materialları ədəbi proses hərəkatının
sanballı elmi salnaməsidir. Milli Elmlər Akademiyası səviyyəsində
və onun hüdudlarından kənarda keçirilən
"Fizika və lirika" layihələrinin də ana
beşiyi Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutudur. Azərbaycan mühacirət ədəbiyyatı
da ilk dəfə respublika
üzrə məhz Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda ardıcıl və sistemli şəkildə tədqiq
edilməkdədir. "Azərbaycan mühacirət ədəbiyyatı
kitabxanası" seriyasından nəşr olunan kitablar və
onları tamamlayan elmi tədqiqatlar mühacirət irsimizin tədqiqi
sahəsində əldə edilmiş əhəmiyyətli nəticələrdir.
Azərbaycan-Asiya ədəbi əlaqələrinin elmi
dövriyyəyə gətirilməsi və demək olar ki,
qısa müddətdə qitənin əsas ölkələrini
əhatə etməsi Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun nailiyyətidir.
Türk xalqları ilə
geniş elmi-ədəbi əlaqələrin yaradılması
bu istiqamətdə ardıcıl və sistemli tədqiqatların
aparılması sahəsində də Ədəbiyyat
İnstitutunda fəaliyyət göstərən Əlişir
Nəvai mərkəzi, Mehmet Akif Ərsoy mərkəzi və
hazırda işləri aparılan Məhtimqulu Fəraqi
Mərkəzi, "Türk xalqları ədəbiyyatı",
"Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi
əlaqələri" şöbələrinin səmərəli
fəaliyyəti nəticəsində türk dünyası
haqqında sanballı elmi tədqiqatlar meydana qoyulmaqdadır.
Bu gün Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu geniş beynəlxalq əlaqələrə
malik olan mötəbər elmi yaradıcılıq təşkilatıdır.
Ədəbiyyat İnstitutunun dünyanın bütün qitələrində
yaxın dostları, tərəfdaşları və müttəfiqləri
vardır. Ədəbiyyat İnstitutunun tədqiqatçıları
dünya ədəbiyyatçıları arasında
tanınır və qəbul olunurlar. Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu ölkə ilə
yanaşı, beynəlxalq aləmdə də bir sıra ədəbiyyatşünaslıq
layihələrinin həyata keçirilməsində
yaxından iştirak edirlər. Bu yaxınlarda
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
Şota Rustaveli adına Gürcü Ədəbiyyatı
İnstitutu və Kembric Universitetinin ortaq elmi layihəsi olan
"Nizami Gəncəvi və Şota Rustaveli" adlı
monoqrafik tədqiqatın Kembric Universiteti tərəfindən
ingilis dilində kitab halında nəşr edilməsi bunun əyani
isbatıdır.
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu Azərbaycanda ədəbiyyatşünaslıq
elminin baş qərargahıdır.
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun 90 illik yubileyi münasibətilə institutun
kollektivini ürəkdən təbrik edir və daha
böyük uğurlar arzulayıram.
1
mart 2024-cü il
İsa Həbibbəyli
Ədəbiyyat qəzeti:
xüsusi buraxılış 2024.- 2 mart, ¹8.- S.2-3.