Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyliyə
Hörmətli
İsa müəllim!
Azərbaycan
elmində xüsusi mövqeyə malik olan, uzun zamandan bəri
uğurla rəhbərlik etdiyiniz AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun yaradılmasının
90 illiyi münasibətilə Sizi və kollektivinizi təbrik
edirik.
Böyük
tarixi yol keçmiş Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu Azərbaycan ədəbiyyatşünaslıq
elminin inkişafında mühüm rol oynamışdır. Bu elmi tədqiqat müəssisəsi ədəbiyyatımızın
çoxəsrlik tarixinin dərin və əhatəli öyrənilməsi,
çağdaş ədəbi proseslərin, dünya ədəbiyyatına,
ədəbi əlaqələrə dair aktual məsələlərin
müntəzəm izlənilməsi və
araşdırılması kimi vacib istiqamətlərdə son
dərəcə əhəmiyyətli nəticələr əldə
etmişdir. Öz parlaq missiyasını bu gün də
uğurla həyata keçirməkdə olan Ədəbiyyat
İnstitutunun kollektivi ən yeni dövrdə, məhz Sizin rəhbərliyinizlə yeni-yeni nailiyyətlərə
imza atmışdır. Elmi səviyyəsi daha da yüksələn,
fəaliyyət imkanları, beynəlxalq əlaqələri
xeyli genişlənən Ədəbiyyat İnstitutu, Sizin
yüksək rəhbərlik-təşkilatçılıq
bacarığınız sayəsində, həmçinin
kollektivin ardıcıl səyləri nəticəsində təkcə
Azərbaycanın və Qafqaz regionunun deyil,
bütövlükdə MDB məkanının, Yaxın və
Orta Şərqin ən nüfuzlu elm ocaqlarından birinə
çevrilib.
Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun rəhbəri
olduğunuz dönəmin ən əlamətdar və Azərbaycan
Yazıçılar Birliyi üçün xüsusilə
qiymətli cəhətlərindən biri də İnstitutla
Birliyimizin elmi-ədəbi əlaqələrinin son dərəcə
sıx və səmərəli xarakter almasıdır. Bədii və elmi yaradıcılıq sahələrini
vəhdət halında təmsil edən bu iki qurum arasında
son illər davamlı inkişaf tapan tərəfdaşlıq
münasibətləri bir çox dəyərli nəticələrin
ortaya çıxmasına yol açmışdır. Bərabər həyata keçirdiyimiz
yaradıcılıq layihələri, birgə təşkil
etdiyimiz təqdimatlar, müzakirələr və digər məzmunda
çoxsaylı tədbirlər, o cümlədən ortaq
işimizin məhsulu olan sanballı nəşrlər Ədəbiyyat
İnstitutu ilə Yazıçılar Birliyinin yaxın
dövrdə daha da güclənmiş əlaqələrinin
parlaq təzahürləridir. Eyni zamanda
bütün bunlar hər iki qurumun Azərbaycan ədəbiyyatının
və ədəbiyyatşünaslıq elminin tərəqqisi
naminə əməkdaşlığa böyük önəm
verdiyinin, bu sahədə örnək sayıla biləcək
işbirliyi sərgilədiyinin danılmaz isbatıdır. Ümidvarıq ki,
Ədəbiyyat İnstitutu ilə Yazıçılar
Birliyinin bu konstruktiv tərəfdaşlığı yüksələn
xətt üzrə davam edəcək və yeni nailiyyətlər
əldə olunmasına zəmin yaradacaq.
Hörmətli
İsa müəllim!
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun yubileyi -
bu elm ocağının yaradılmasının 90 illiyi
münasibətilə Sizi bir daha ürəkdən təbrik
edir, Sizə və rəhbəri olduğunuz kollektivə
möhkəm cansağlığı, həyatda və elmi fəaliyyətdə
yeni-yeni uğurlar arzulayırıq!
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 2 mart,
№8.- S.3.