Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu: yaradılması və təşəkkül
mərhələləri
1. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti
Humanitar
fikrin, filoloji düşüncənin formalaşma və təşəkkül
tarixi qədim olsa da, elmi-tədqiqat müəssisəsi məcrasında
ədəbiyyatşünaslıq elminin sistemli
araşdırılması, ardıcıl öyrənilməsi
və elmi ictimaiyyətə çatdırılması
prosesinin ideya qaynaqları Xalq Cümhuriyyətinin təsis
etdiyi Bakı Universitetinin tarix-filologiya fakültəsindən
başlamış, Azərbaycanı Tədqiq və Tətəbbö
Cəmiyyətinin (26.10.1923) yaranması ilə müvafiq ədəbi
struktura çevrilmişdir. İlkin olaraq ATTC Tarix-Etnoqrafiya
seksiyasının tərkibində yaradılan Ədəbiyyat
altkomissiyası Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi
ilə 1923-cü il 16 noyabr tarixli
iclasında ədəbiyyat tarixçisi "Firudin bəy
Köçərlinin əlyazmalarının ailəsindən
alınaraq əldə edilməsi Xalq Maarif
Komissarlığından təkidlə xahiş
edilmişdir". (Azərbaycan Milli Arxiv İdarəsi, fond-389,
siy.-1, sax. vahidi-1, vərəq-11).
Ə.Haqverdiyevin Cəmiyyətə gəlişi milli irsə
- xüsusilə, ədəbiyyat, tarix, folklor və etnoqrafiya
sahəsində tədqiqat işlərinə diqqəti
artırdı, gündəliyi formal hesabat statistikasından əməli
fəaliyyət proqramına dəyişdi, mütəxəssislərdə
inam və həvəs yaratdı. Etnoqrafiya komissiyasının və
Ədəbiyyat altkomissiyasının 20 noyabr 1923-cü il tarixli iclasında "Azərbaycan xalq ədəbiyyatı"nın
gündəliyə gətirilməsi Əbdürrəhim bəyin
yeni bir uğuru idi. Komissiyanın qərar hissəsində
yazılırdı: "Azərbaycan xalq ədəbiyyatının
toplanması üzrə qrup yaradılması məqsədəuyğun
hesab edilsin. Bu iş Əbdürrəhim bəy Haqverdiyev,
Salman Mümtaz və Hacı Kərim Sanılıya həvalə
olunsun. Onlara Etnoqrafiya komissiyasında Azərbaycan xalq ədəbiyyatı
haqqında məruzə etmək və mütəxəssislər
seçmək səlahiyyətləri verilsin" (Azərbaycan
Milli Arxiv İdarəsi, fond-389, siy.-1, sax.
vahidi-1, vərəq-20).
Tarix-Etnoqrafiya seksiyasında və onun Ədəbiyyat
altkomissiyasında könüllülük əsasında 204 nəfər
çalışırdı. Ədəbiyyat
altkomissiyası Etnoqrafiya komissiyasının tərkibində fəaliyyət
göstərirdi. Ədəbiyyat altkomissiyasının sədri
Ə.Haqverdiyev, müavinləri isə prof. V.B.Tomaşevski və
H.Cəbiyev, elmi katib M.C.Məmmədov, Rəyasət Heyətinin
üzvləri - Salman Mümtaz, Hənəfi Zeynallı, Vəli
Xuluflu, Cəfər Cabbarzadə, Məmmədəli Səfərov
(Sidqi), Əli Kərimov və başqaları idi. Sonrakı illərdə Türkologiya seksiyasına
daxil olan Əhməd Cavad, Əmin Abid kimi milli ruhlu,
istedadlı gənclər Cəmiyyətin qaynar mühitinə
atıldılar.
1924-cü ilin yanvarın 2-dən Etnoqrafiya
komissiyasının və Ədəbiyyat
altkomissiyasının sıraları yeni üzvlər
hesabına daha da genişləndirildi. O dövrün tanınmış
ziyalılarından, ədəbi-ictimai xadimlərindən -
Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev,
Əliheydər Qarayev, Sultan Məcid Qənizadə, Mirzə Cəlal
Yusifzadə, İdris Həsənov, Pənah Qasımov, Rza Təhmasib,
Feyzulla Qasımbəyli (Qasımzadə), Əbdül Baqi
Hüseynov, Xəlil İbrahimov və başqaları
böyük həvəslə cəmiyyətin
üzvlüyünə daxil oldular.
1925-ci il 30 may tarixində Əbdürrəhim bəy
Haqverdiyevin Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi
yanında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti
Mərkəzi Şurası Rəyasət Heyətinin sədri
seçilməsi Cəmiyyəti struktur etibarilə genişləndirdi,
məzmun, sanbal etibarilə daha da dərinləşdirdi. ATTC Mərkəzi
Şurası Rəyasət Heyətinin 1925-ci il
19 avqust tarixli qərarı ilə Biblioqrafiya bürosunun
bazası əsasında Kitabxana-Biblioqrafiya bürosu
yaradıldı və yeni qurumun ilk sədri Hənəfi
Zeynallı təyin edildi.
ATTC Mərkəzi Şurası yanında Redaksiya-Nəşriyyat
kollegiyasının nəşr planına 1925-26-cı illər
üçün 20-dən çox adda çap məhsulu daxil
edilmişdir.
Firudin bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı
tarixi materialları" iki cilddən və dörd hissədən
(kitabdan) ibarət idi. İlk iki hissə 1925-ci ildə, son iki
hissə isə 1926-cı ildə işıq üzü
görmüşdür. Salman
Mümtazın "Azərbaycan ədəbiyyatı" (Molla
Pənah Vaqif) kitabı 1925-ci ildə nəşr olundu. Bu nəşrdə şairin əsərlərinin
böyük bir qismi ilk dəfə idi ki, geniş oxucu
auditoriyasına təqdim edilirdi.
Cəmiyyətin hasilə gətirdikləri əsərlərin
nəşri 1927-29-cu illərdə də uğurla davam
etdirildi. Bəkir
Çobanzadənin "Türk ədəbiyyatı. Əski türk ədəbiyyatı xülasələri.
İkinci il" (1929), Hənəfi Zeynallının "Molla
Nəsrəddin məzhəkələri" (1927), "Azərbaycan
tapmacaları" (1928), Hümmət Əlizadənin "Azərbaycan
el ədəbiyyatı" I və II hissələr (1927), Vəli Xuluflunun "Tapmacalar"
(1928), "Koroğlu" (1929) və digər tədqiqatçıların
əsərlərinin nəşri Cəmiyyətin humanitar
düşüncə sahəsində ciddi uğurlarından
sayılmalıdır.
Beləliklə,
Respublika Mərkəzi İcraiyyə Komitəsinin 1929-cu il 9 oktyabr tarixli qərarı ilə Azərbaycanı
Tədqiq və Tətəbbö Cəmiyyəti ləğv
edilir.
2. Azərbaycan Dövlət Elmi Tədqiqat
İnstitutu
Respublika
Mərkəzi İcraiyyə Komitəsinin 1929-cu il 9 oktyabr tarixli qərarı ilə Azərbaycan
Dövlət Elmi Tədqiqat İnstitutu (Az.DETİ)
yaradıldı. İnstitut Az.MİK-in nəzdində
təsis edildi və bu elmi qurumun ilk direktoru Həbib Cəbiyev,
elmi katib isə Vəli Xuluflu təyin olundu. Yeni elmi-tədqiqat ocağının 7 əsas
bölməsindən biri - Dil, ədəbiyyat və incəsənət
idi. Bu bölmənin rəhbərliyinə 1929-cu il dekabrın 1-dən professor Bəkir
Çobanzadə, elmi katib vəzifəsinə isə ədəbiyyatşünas,
professor Aleksandr Baqriy seçilmişdir. Dil, ədəbiyyat və
incəsənət bölməsi Rəyasət Heyətinin 1929-cu
il 27 dekabr tarixli iclasında ədəbiyyatşünaslığın
aktual məsələləri, milli ədəbi abidələrin
nəşrə hazırlanması problemi ciddi müzakirə
edilərək perspektiv planlar müəyyənləşdirilmişdir.
1931-ci il fevralın 24-də isə Ədəbiyyat və
Dil bölməsində struktur dəyişikliyi həyata
keçirildi. Ədəbiyyat sektorunun və ədəbiyyat
tarixi seksiyasının rəhbəri B.Çobanzadə,
Müasir ədəbiyyat seksiyasının rəhbəri Hənəfi
Zeynallı, Ədəbiyyatşünaslıq və ədəbi
tənqid seksiyasının rəhbəri Əli Nazim, Kapitalizməqədərki
ədəbiyyat seksiyasının rəhbəri Salman Mümtaz
və Folklor seksiyasının rəhbəri, bölmənin gənc
aspirantı Baba Əsgərov təyin edilmişdir. Həmin
dövrdə Məmmədağa Sultanov, Cəmo Cəbrayılbəyli,
Feyzulla Qasımzadə, Firuz Ordubadi və Mehdi Hüseyn Ədəbiyyat
və Dil bölməsinə elmi işçi qəbul
edilmişlər.
Ədəbiyyat
və Dil bölməsinin 1931-32-ci il iş
planında fərdi öhdəliklərlə yanaşı
kollektiv işlər də yer almışdır. "M.F.Axundzadənin həyat və
yaradıcılığı haqqında" 8-10 ç.v. həcmində
toplu hazırlamaq işini prof. B.Çobanzadə, prof.
A.N.Samoyloviç, Ə.Qubaydulin, H.Zeynallı, A.Tağızadə,
M.Quliyev, Ə.Seyidzadə və b. bölmə iclasının
qərarı ilə öhdələrinə
götürmüşdülər. Hənəfi
Zeynallının fərdi iş planında "XX əsr Azərbaycan
ədəbiyyatı" (12 ç.v.), "Azərbaycan
folkloru" (Aşıq şeirləri (8 ç.v.), "Azərbaycan
atalar sözləri və məsəlləri" (8 ç.v.)
mövzusu yer almışdır.
Az.DETİ-nin
Ədəbiyyat və Dil bölməsi yeni kadrların, gənc
mütəxəssislərin hazırlanması istiqamətində
də səmərəli iş aparırdı. 1931-ci ilin iyul
ayında İnstitutun aspiranturası humanitar sahə üzrə
də sənədlərin qəbuluna rəvac verdi.
İstedadlı və perspektivli gənclərdən Səməd
Vurğun Vəkilov, Mir Cəlal Paşazadə, Heydər
Hüseynov, Mirzə İbrahimov, Ağası Məmmədov, Pəri
Həsənzadə, Y.Nəsirli, Q.Kərimova və
Jamkoçan 1931-ci ilin sentyabr ayında "Partiya tarixi", "Qərb
dövlətlərinin tarixi", "Dialektik materializm",
"Siyasət", "Türk dili" və "Rus
dili" fənlərindən imtahanları uğurla verərək
bölmənin aspiranturasına qəbul edildilər.
İkinci kursa keçən aspirantlar imtahanları
uğurla versələr də, mövcud institutda təhsillərini
davam etdirmək onlara qismət olmur. Çünki Azərbaycan Dövlət
Elmi Tədqiqat İnstitutu 1932-ci il iyulun
16-da ləğv edilir.
3. Azərbaycan Dil, Ədəbiyyat və
Sənət İnstitutu
Ədəbiyyat
və Dil bölməsinin bazası əsasında Azərbaycan
Dil, Ədəbiyyat və Sənət İnstitutunun
(Az.DƏSİ) yaradılması üçün sabiq direktor
müavini və bölmə rəhbəri, professor Vəli
Xuluflu Maarif Komissarlığına rəsmi müraciət
etdi. Museyib Şahbazovun sədrliyi ilə Maarif
Komissarlığının 1932-ci il 29 iyul
tarixli Kollegiyasının qərarı ilə Dil, Ədəbiyyat
və Sənət İnstitutu yaradılmışdır. (AR
Dövlət Arxivi, fond-2, siyahı.-1, s.v.-5, qutu -1).
Professor Vəli Xuluflunun rəhbərlik etdiyi
Az.DƏSİ-də 1932-ci ilin sentyabr ayında 22 nəfər əməkdaş
çalışırdı. Azərbaycan Dil, Ədəbiyyat və
Sənət İnstitutunda Əli Nazim (Ədəbiyyat
şöbəsinin müdiri), Qulam Bağırov (Dil
şöbəsinin müdiri), Hüseyn Cavid (Ədəbiyyat
şöbəsinin məsləhətçisi), Ələsgər
Ələkbərzadə (Ədəbiyyat şöbəsinin
elmi işçisi), İdris Həsənov (redaktor), Yusif
Əliyev (redaktor), Abdulla Tağızadə (Dil nəzəriyyəsi
seksiyasının müdiri) və b. tanınmış ədəbi
simalar fəaliyyət göstərir, aspirantlarla birbaşa təmasda
olurdular ((AR DA fond-57, siyahı-1, iş-1002)). Aspirantlardan Mir Cəlal
Paşazadə, Səməd Vurğun, Mirzə İbrahimov,
Ağası Məmmədov, Y.Nəsirli və b. ədəbiyyat
üzrə ikinci kurs aspirantura təhsilini Azərbaycan Dil,
Ədəbiyyat və Sənət İnstitutunda davam etdirirdilər.
22 dekabr
1932-ci il tarixini Azərbaycan Dil, Ədəbiyyat
və Sənət İnstitutunun (Az.DƏSİ) ləğv edildiyi
gün də adlandırmaq olar. Bu tədqiqat ocağı cəmi
beş ay (29 iyul - 22 dekabr 1932) səmərəli
fəaliyyət göstərə bildi.
4. SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan
Bölməsi
"SSRİ
Elmlər Akademiyası Zaqafqaziya Filialinin Azərbaycan Bölməsi
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1932-ci il 29 dekabr tarixli qərarı ilə
yaradıldı. EA Zaqafqaziya Filialının Azərbaycan
Bölməsi Az.MİK Rəyasət Heyətinin qərarından
sonra faktiki olaraq fəaliyyətə 1933-cü il
yanvar ayının ortalarından başladı. Dil
sektorunun müvəqqəti rəhbəri İskəndər
Teymur oğlu Sitaşi təyin edilir. Dil
sektorunda professor Bəkir Çobanzadə, Qulam Bağırzadə,
Paşa Sultanov, Babazadə və b.
çalışırdı. Maddi mədəniyyət
sektorunun rəhbəri Ələsgər Ələkbərov təyin
edilir. İncəsənət sektoru iki nəfərdən
təşkil olunmuşdu. Əli Nazim sektorun rəhbəri, professor
Aleksandr Baqriy isə Folklor seksiyasının müdiri təyin
edilmişdir.
Yeni
qurumda ilk əmrlə "Dil və maddi mədəniyyət"
sektorunun rəhbəri Ələsgər Ələkbərov,
Dil seksiyasının rəhbəri İskəndər
Sitaşi, elmi işçiləri - prof. Bəkir Çobanzadə,
İdris Həsənov, Qulam Bağırzadə, Liliya Vəkilova,
Abdulla Tağızadə, Paşa Sultanov, Abdulla Şərifov,
B.Babazadə və D.Hüseynova, İncəsənət
sektorunun rəhbəri Əli Nazim, elmi əməkdaşları
- prof. A.Baqriy, Salman Mümtaz, Həbibulla Səmədzadə,
Cavad bəy Rəfibəyli və b. təyin edildilər.
1933-cü
il mart ayının 22-də - Novruz bayramı günü
Az.OZFAN-ın tərkibində Ədəbiyyat Sektoru
yaradıldı və onun ilk müvəqqəti müdiri,
dosent Əli Nazim Mahmudzadə təyin edildi. Azərbaycan
türkləri üçün müqəddəs Novruz
bayramına təsadüf edilən bu gün - 22 mart 1933-cü
il Akademiya divarları arasında ədəbiyyatşünaslıq
elmimizin ilk strukturunun təsis tarixi, görkəmli tənqidçi,
ədəbiyyatşünas, ədəbiyyat tarixçisi, fəal
elm təşkilatçısı, ictimai elmlər namizədi,
dosent Əli Nazim Mahmudzadə isə onun ilk rəhbəri oldu.
Az.OZFAN-dan
SSRİ Elmlər Akademiyasına 1933-cü il martın 22-də
təqdim edilən nomenklatura siyahısında Ədəbiyyat
Sektorundan dosent Əli Nazim, prof. A.V.Baqriy, Həbibulla Səmədzadə,
Cavad bəy Rəfibəyli, Dil Sektorundan isə prof. Bəkir
Çobanzadə, dosent Abdulla Tağızadə, İdris Həsənov
və b. yer almışdır.
Azərbaycan
klassiklərindən Xaqani Şirvani, Nizami Gəncəvi,
Şah İsmayıl Xətai, Məhəmməd Füzuli,
Molla Pənah Vaqif, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli
Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər
Sabir və b. şair və yazıçıların həyat
və yaradıcılığı elmi-tədqiqat
ocağında ilk dəfə ədəbiyyatşünaslıq
elmimizin ciddi, əhatəli araşdırma obyektinə
çevrildi.
Ədəbiyyat sektorunun 1 yanvar 1936-cı ildə
hazırladığı hesabata əsasən, müqavilələr
əsasında nəzərdə tutulan bütün elmi-tədqiqat
işləri yüksək səviyyədə icra
edilmişdir.
5. Dil və Ədəbiyyat
İnstitutunun yaradılması
Cəfər
Kazımovun sədrliyi, EA Azərbaycan Filialı Rəyasət
Heyətinin 1936-cı il fevralın 27-də qərarı ilə Ədəbiyyat
və Dil Sektorunun bazası əsasında Dil və Ədəbiyyat
İnstitutu yaradıldı. Yeni akademik qurumun ilk direktoru Azərbaycan
elminin təşkili və təbliği sahəsində fədakarlıq
nümunəsi göstərən, professor
Artur Rudolfoviç Zifeldt-Simumyaqi təyin edildi. Dil
və Ədəbiyyat İnstitutunun direktor müavinləri isə
Əli Nazim Mahmudzadə və Qulam Bağırzadə, elmi
katib Hənəfi Zeynallı təsdiqləndi. İnstitutun strukturu ilkin olaraq 2 şöbə və
5 sektordan ibarət idi.
1937-ci il repressiyasının ilk zəif həyəcan
dalğası, alimlərə, ziyalılara
ünvanlanmış vahimə mesajı idi. Arxiv
sənədləri birmənalı olaraq təsdiqləyir ki,
Əli Nazim mart ayında institutun direktor müavini təyin
edilsə də, faktiki olaraq o iyul ayının əvvəllərindən
vəzifəsindən kənarlaşdırılmışdır.
Dil və
Ədəbiyyat İnstitutunda sayı yetərincə az olan elmi
qüvvələr səfərbərliyə alınaraq Azərbaycan
klassiklərindən - Nizami Gəncəvi, Məhəmməd
Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə,
Mirzə Ələkbər Sabir və b. əsərlərinin,
Azərbaycan folklor incilərinin tədqiqi, toplanması, təbliği
və nəşrə hazırlanması prosesi mübaliğəsiz
demək olar ki, böyük vüsət almışdır. Ədəbiyyatşünaslıq sahəsində həyata
keçirilən irimiqyaslı elmi-tədqiqat işlərinə,
zəruri təşkilati islahatlara baxmayaraq 1937-ci ilin
repressiyaları Dil və Ədəbiyyat İnstitutunun
kollektivindən də yan keçmədi. Ağır cəza
tədbirlərinin ilk dalğası Dil və Ədəbiyyat
İnstitutunun direktor müavini vəzifəsini icra edən,
elmi katib Hənəfi Zeynallını hədəfə
aldı.
Dil və
Ədəbiyyat İnstitutunun əməkdaşları
arasında Ədəbiyyat Sektoruna rəhbərlik etmiş yazıçı,
elm təşkilatçısı Böyükağa
Talıblı (1937, 13 oktyabr), EA Azərbaycan Filialı Rəyasət
Heyətinin sədr müavini, professor Vəli Xuluflu (1937, 13
oktyabr), professor Bəkir Çobanzadə (1937, 13 oktyabr),
Əmin Abid Mütəllibzadə (1938, 19 oktyabr), institutun direktoru
Əhməd Əhmədov, kiçik elmi işçisi Xalid Səid Xocayev (1937, 13 oktyabr),
elmi katib Abdulla Tağızadə (1938, 3 yanvar) və b. ən
ağır cəzaya - güllələnməyə, professor
Artur Rudolfoviç Zifeldt-Simumyaqi 8 il, Əli Nazim 10 il, Salman
Mümtaz Əskərov 10 il, institutun direktoru, professor İdris
Həsənov 8 il müddətinə həbs cəzasına və
"Buzlu cəhənnəm"ə (Gültəkin) Əmin
Abid sürgünə məhkum edilmişdilər.
SSRİ
EA Az.F-in Rəyasət Heyətinin 1938-ci il 17 fevral tarixli qərarı
ilə Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru vəzifəsinə
Aleksey Klimov təyin edildikdən sonra institutda ictimai-siyasi
mühit nisbətən yumşalmış, yeni kadrlar işə
cəlb edilmiş, fərqlənən elmi işçilər
daha məsul vəzifələrə irəli çəkilmişdir.
Məhz Aleksey Alekseyeviçin imzası ilə Arif Dadaşov
(Məmməd Arif Dadaşzadə) Ədəbiyyat şöbəsinin
rəhbəri, Avadyay Avadyayev Folklor şöbəsinin
müdiri təyin edilmiş, 9 mart 1938-ci il, 36 saylı əmri
ilə Dilçilik şöbəsinə Əkrəm Cəfəri
böyük elmi işçi, A.İ.Abbasovu kiçik elmi
işçi, Ədəbiyyat şöbəsinə K.Əliyevi
kiçik elmi işçi vəzifələrinə təsdiqləmişdir.
İnstitutda Azərbaycan ədəbiyyatının
böyük klassiki, dahi şair Nizami Gəncəvinin 1941-ci
ildə keçiriləcək 800 illik yubileyi münasibətilə
böyük işlər görülür, əsərləri
öyrənilir və nəşrə hazırlanırdı. İnstitutun
elmi işçiləri sırasına folklor üzrə yeni cəlb
edilənlərdən biri də tanınmış müəllimə,
SSRİ Ali Sovetinin deputatı, Millətlər Sovetinin sədr
müavini Çimnaz Aslanova idi.
6. Nizami Gəncəvi adına
Ədəbiyyat və Dil İnstitutu
Respublika
XKS-nin 1938-ci il 8 sentyabr tarixli 4925 saylı qərarı ilə
Dil və Ədəbiyyat İnstitutu Tarixdən ayrılaraq
onun bazası əsasında müstəqil Nizami Gəncəvi
adına Ədəbiyyat və Dil İnstitutu yaradıldı.
Nizami Gəncəvi
adına Ədəbiyyat və Dil
İnstitutunun direktoru vəzifəsini icra etmək Ensiklopediya
və Lüğətlər İnstitutunun direktoru, görkəmli
filosof-alim Heydər Hüseynova həvalə olunur.
Nizami
adına Ədəbiyyat və Dil İnstitutunun (0.5 ştat)
yeni direktoru Heydər Hüseynov 1 yanvar 1939-cu ildə
imzaladığı 1 saylı əmrə əsasən, institutun
strukturu 3 şöbədən və 18 işçidən
ibarət idi. Ədəbiyyat şöbəsində: Həmid
Araslı, Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Cəfər
Xəndan Hacıyev, Məmməd Mübariz və b.
çalışırdı. SSRİ EA Azərbaycan
Filialının sədr müavini Əhəd Yaqubovun rəhbərliyi
ilə 5 yanvar 1939-cu ildə yeni yaradılmış Nizami adına Ədəbiyyat və Dil İnstitutunun
geniş istehsalat müşavirəsi keçirildi. Yığıncaqda institutun əməkdaşlarından
- H.Araslı, A.Avadyayev, Y.Əliyev, M.Əlizadə,
C.X.Hacıyev, H.Hüseynov, M.A.Dadaşzadə, İ.Cəfərzadə,
F.Qasımzadə, A.A.Klimov, M.Rəfili və M.H.Təhmasib
iştirak edirdi. Gündəlikdə yeganə məsələ:
"Nizami adına Ədəbiyyat və
Dil İnstitutunun iş perspektivləri haqqında" idi.
Nizami Gəncəvi adına Ədəbiyyat
və Dil İnstitutunun təşkil edilməsində məqsəd
Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərini,
xüsusilə, Nizaminin yaradıcılığını
öyrənən böyük elmi-araşdırma institutunun
yaradılması idi.
Müşavirədə
direktor v.i.e. Heydər Hüseynov institutda struktur dəyişikliyinin
zəruriliyini, iş şəraiti
yaradılmasını, əməkdaşlar üçün
ayrılmış 3 otağın kifayət etmədiyini
vurğuladı. Cəfər Xəndan Hacıyev dedi ki, Azərbaycan
ədəbiyyatı nəhəngdir və onu 5-6 ştatla məhdudlaşdırmaq
olmaz.
Yeni
mütəxəssislər hesabına Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutunun
ştat vahidi 6 ay ərzində təxminən iki dəfə
artırıldı, işçilərin ümumi sayı 18-dən
33 nəfərə çatdırıldı. Bu
dövrdə instituta qəbul edilən istedadlı gənclərdən
biri də M.C.Paşayev idi.
Heydər
Hüseynov 26 fevral 1939-cu il tarixli, 32
saylı əmri ilə fevralın 16-dan Ədəbiyyat
şöbəsinə müvəqqəti müdirliyi Ədəbiyyat
İnstitutuna yenicə daxil olan Mir Cəlal Paşayevə həvalə
etmişdir. Doğrudur, müvəqqəti
şöbə müdirliyi uzun sürməsə də, bu fakt
gənc Mir Cəlal üçün onun elmi-təşkilatçılıq
imkanlarından xəbər verən sevindirici hadisə idi.
Heydər
Hüseynovun sədrliyi ilə 1939-cu il mart ayının 23-də
(protokol ¹ 2)
İnstitutun Ədəbiyyat şöbəsinin
geniş iclası keçirildi, plan işləri təsdiq
olundu. Müvafiq protokola əsasən,
Feyzulla Qasımzadə M.F.Axundzadənin IV cildini (20 ç.v.)
çapa hazırlamağı, A.A.Bakıxanov haqqında
monoqrafiya (12 ç.v.) yazmağı, Mikayıl Rəfili "M.P.Vaqifin ədəbi
irsi" (6 ç.v.) adlı monoqrafiya üzərində
çalışmağı, Həmid Araslı Füzulinin (30
ç.v.) və
Vaqifin (20 ç.v.) əsərlərini toplamalı və tərtib
etməli, Mir Cəlal Paşayev "Füzuli
yaradıcılığının poetik xüsusiyyətləri"
(5 ç.v.) adlı
monoqrafiyasını və Əbdürrəhim bəy
Haqverdiyevin əsərlərinin III cildinin (20 ç.v.) tərtibini
başa çatdırmalı, Mehdi Hüseyn "Danabaş kəndi"
adlı tədqiqat işi yazmalı, Cəfər Xəndan
Hacıyev "Sabir inqilabi satirik kimi" dissertasiyasını
tam bitirməli, Məmməd Arif "Cəfər
Cabbarlının dramaturgiyası" (5 ç.v.) işini
göstərilən müddətdə tamamlamağı
öhdələrinə götürmüşlər...
Xalid Səid
Xocayevin repressiyasından sonra onun çapa
hazırladığı M.Kaşğarinin
"Divani-Lüğat-it Türk"ü (50 ç.v.) yenidən
plana daxil edildi və Divanın mükəmməl işlənməsi,
müqəddimə və şərhlərin yazılması,
coğrafi lüğət və xəritənin
hazırlanması işi prof. S.E.Malov, prof. P.K.Juze, Ə.Dəmirçizadə,
S.Nizami, S.İsmixanov və Ə.Ələsgərzadəyə
tapşırıldı.
İnstitutun rəhbərliyinə 1939-cu ilin sentyabr
ayında Məmməd Arif Dadaşzadə gətirildi. O direktor vəzifəsinin
icrasına başladığı ilk günlərdən
istedadlı kadrların seçilməsi və yerləşdirilməsi,
mütəxəssislərin müqavilə əsasında
instituta cəlb edilməsi, yeni şöbələrin
yaradılması məsələlərinə xüsusi diqqət
yetirmişdir.
Az.F RH
1939-cu il 13 dekabr tarixli qərarı ilə
Nizami Gəncəvi adına Ədəbiyyat və Dil
İnstitutunda ilk dəfə yeni struktur vahidi - mətnşünaslıq
şöbəsi yaradıldı. Klassik ədəbi
irsin peşəkar səviyyədə nəşrə
hazırlanmasında yeni yaradılan mətnşünaslıq
şöbəsinə böyük ümidlər bəslənilirdi.
M.A.Dadaşzadə
Az.F RH illik hesabatında elmi əməkdaşlardan Mikayıl Rəfilinin
"Nizami və müasirləri", Mübariz Əlizadənin
"Nizaminin həyat və yaradıcılığı"
adlı araşdırmalarının hələ də başa
çatdırılmadığını qeyd etməklə, institutun nəşr olunan tədqiqat
işləri sırasında Nizami Gəncəvinin əsərləri
ilə yanaşı, Cəfər Xəndan Hacıyevin
"Mirzə Ələkbər Sabir", Mir Cəlal
Paşayevin "Füzulinin poetik xüsusiyyətləri"
monoqrafiyalarını yüksək dəyərləndirmişdir.
1941-ci
ilin əvvəllərində institutda işləyən 21 nəfərdən
14-ü elmi işçi - Məmməd Arif, Cəfər Xəndan,
Mir Cəlal, Fəzləddin Babayev, Mübariz Əlizadə,
Paşa Ağayev, Davud Quliyev, Yaqub Əliyev, Ələkbər
Babazadə, Əhməd Mahmudov, Cəlal Əfəndiyev,
Hacı Əliyev, Məhəmməd Hüseyn Təhmasib,
Əhliman Axundov və 7 nəfər texniki sahədə
çalışan əməkdaş var idi.
İnstitut
əməkdaşlarının iki ildən çox üzərində
fərdi və kollektiv iş planlarına müharibə
ağır zərbələr endirdi. Dahi Azərbaycan şairi
Nizami Gəncəvinin 800 illik yubileyinin təntənə ilə
qeyd edilməsi məsələsi gündəlikdən
çıxarıldı, 6 cildlik Azərbaycan ədəbiyyatı
tarixi kitabının müəyyənləşdirilmiş və
təsdiqlənmiş müddətdə icrası ləngidildi
və arxa plana keçirildi. Müharibə
şəraitinə uyğun olaraq ciddi struktur dəyişikliyi
və ixtisarlar aparıldı. Alimlərin,
ziyalıların arxa cəbhədə ideoloji-ədəbi
materialların tədqiqinə və təbliğinə meyillənməsi
birbaşa ictimai-siyasi mühitin, ön cəbhənin
sifarişi idi. Qələmin süngüyə
çevrildiyi, alimin, şairin, ziyalının "Müsəlləh
əsgərəm mən də bu gündən"
(S.Vurğun) dediyi
bir zaman yetişmişdi.
Şöbə
əməkdaşlarının fərdi iş planlarına
müharibə şəraiti ciddi əl gəzdirsə də,
1942-ci ildə mühüm problemlərin icrasına
başlanılmış, "Azərbaycan ədəbiyyatı
tarixi" üzrə 27 ç.v əvəzinə, 34
ç.v. həcmində tədqiqat və toplama işi
görülmüşdür. Azərbaycan ədəbiyyatının
qədim dövrünə aid Mikayıl Rəfili 1 ç.v., qədim
və orta əsrlər üzrə Həmid Araslı 10
ç.v., XVII-XVIII əsrlərə aid Məhəmməd
Hüseyn Təhmasib 4 ç.v., XIX əsr üzrə Feyzulla
Qasımzadə 8 ç.v. XX əsrin əvvəlləri (sovet
dövrünə qədər) Mir Cəlal Paşayev 5
ç.v. və institutun direktoru Məmməd Arif Dadaşzadə
Sovet dövründən bəhs edən 6 ç.v. həcmində
material hazırlamışdır.
Tədqiqat
işlərinin sərlövhələrini nəzərdən
keçirək: "Azərbaycan xalqının qəhrəmanlıq
eposu "Dədə Qorqud" (1 m.v., icraçı Həmid
Araslı), "Nizami əsərlərində qəhrəmanlıq
və vətənpərvərlik motivləri" (6 m.v.,
icraçı Heydər Hüseynov), "Şah İsmayıl
Xətai Azərbaycan ədəbi dilinin müstəqilliyi və
işlək olması uğrunda mübariz kimi" (1, 2 m.v.,
icraçı Həmid Araslı), "Azərbaycan
xalqının qəhrəmanlıq eposu "Koroğlu"
(30 m.v., icraçılar Məhəmməd Hüseyn Təhmasib
və Əhliman Axundov)," "Alovlu vətənpərvər
Məhəmməd Hadi" (1, 2 m.v., icraçı Mir Cəlal
Paşayev) və s.
İnstitutun və şöbənin illik hesabatına əsasən,
öncədən planlaşdırılan tədqiqat
mövzuları yüksək səviyyədə yerinə
yetirilməklə yanaşı, plandankənar işlər də
həyata keçirilmişdir. "Azərbaycan ədəbiyyatı
tarixi"nin I cildi (müxtəsər kurs)
40 m.v. həcmində redaktə olunmuş və nəşrə
təqdim edilmişdir. Ədəbiyyat və dil
şöbəsinin hazırladığı və çapa təhvil
verdiyi digər diqqəti cəlb edən toplu "Vətən
və ədəbiyyat" kitabıdır. Bu topluda Həmid Araslının "Aşıq
mahnılarında qəhrəmanlıq", Mir Cəlalın
"Böyük kədər", Əhliman Axundovun "Azərbaycan
xalq yaradıcılığında igidlik və qəhrəmanlıq
obrazı" və b. əsərləri yer almışdır.
İkinci
Dünya müharibəsinin qüruba yaxınlaşması,
faşizmin sınma, qırılma dövrünün
başlanması bahar nəfəsi kimi, Nizami adına
Ədəbiyyat və Dil İnstitutunda da
açıq-aşkar duyulmaqda idi. Mənəvi ruh
yüksəkliyi, əzmkarlıq, haqqa və ədalətə
sarsılmaz inam böyük qələbənin
yaxınlaşmaqda olduğundan xəbər verirdi...
Asif Rüstəmli
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 2 mart,
¹8.- S.6-7.