Elmin sönməz ocağı
Süni
intellekt və texnoloji inkişafın dünyada humanitar
düşüncəni arxa plana keçirəcəyi və gələcəkdə
bədii ədəbiyyata ehtiyac qalmayacağı
söz-söhbəti güclənəndə jurnalistlərdən
biri mənə belə bir sual vermişdi: "Ədəbiyyatsız
dünyanı necə təsəvvür edirsiniz?"
Cavabım qısa olmuşdu: "Ədəbiyyatsız
dünya ruhsuz bədənə bənzəyər". Ədəbiyyat dünyanın ruhudur, atmosfer
qatıdır; körpüdür, ötəriylə əbədiyyət
arasında, insanla tarix arasında. Yazıçılar
yaşayır, ölüb gedir, lakin onların vaxtın
uçub gedən anlarından qoparılmış
duyğuları, hissləri, bu duyğuların enerjisi söz
abidələrində qorunub saxlanılır. Ədəbiyyat insanın elə bir əbədi
yadigarıdır ki, onu tarix dilimlərinə ayırmaq,
keçmiş, bu gün və gələcəyin hiss və mənəviyyat
dünyası arasında sərhəd çəkmək çətindir.
Tarix boyu nə qədər müharibələrin
olduğunu, nə qədər haqsız qanların
axdığını da hesablayanlar var. Lakin ədəbiyyat
sahəsində belə bir statistika yoxdur və belə bir
hesablama aparmaq mümkün deyil. Sözün
mənəvi bəhrəsini, bədii ədəbiyyatın
insanlığın taleyində oynadığı rolu qiymətləndirmək
mümkün deyildir. Bir dəfə Markesin
bir fikrinə münasibətimi soruşmuşdular. "Külək olmasaydı, dünyada çox
şey dəyişilərdi, amma ədəbiyyat olmasaydı,
heç nə". Bilmirəm, Markes bunu
hansı kontekstdə deyib, ancaq ədəbiyyat da beyinlərdən
əsib keçən rüzgardır. Söz və
duyğu küləkləri tozlu yer küləklərindən
az əhəmiyyətli deyil. Əslində, Markes ədəbiyyatı "möhtəşəm
həyat utopiyası" adlandırır. Bu
utopiyanın heç nəyi dəyişmədiyini
düşünmək özü də bir utopiyadır.
Dünya sivilizasiyalarını ədəbiyyatsız
düşünmək olmaz. Millətləri millət
edən onların bədii sözüdür.
Ömrümün müəyyən bir dövründə
siyasətlə də məşğul olduğuma görə
dövlət və söz, siyasət və ədəbiyyat
münasibətləri barədə çox suala cavab verməli
oluram. Hətta ən kövrək lirika ustalarını da
siyasətdən kənarda təsəvvür etmək
mümkün deyil. Dövlətləri
öz çağları üçün silahları və
gücləri qoruyursa, gələcək üçün ədəbiyyat
və tarix qoruyur. Təəssüf ki,
siyasət söz adamlarını yetərincə qoruya bilmir.
İnsan ruhunun və mənəviyyatının
quruculuğunda və qorunmasında ədəbiyyatın və
siyasətin işi fərqlidir. Dövlət
insanları qılınc, zor, qanun gücü ilə
özünə bağlayır, eyni qanun
çatısının altına yığır,
yazıçı isə onu azadlığa, dövlətdən
asılı olmamağa səsləyir. Siyasətçi
adamları "özününkü" və "özgəninki"
deyə bölür. Ədəbiyyat isə
adamları ayırmır. Siyasətçi
sərhəd çəkir, ədəbiyyat sərhəd və
məhdudiyyət tanımır, sərhədləri
dağıdır. Siyasətçi məqsədinə
çatmaq üçün insanları qurban verməyə
hazırdır, ədəbiyyatçı isə özü
qurbanlıq doğulub. Siyasət öz
hakimiyyətini kamil və ideal sayır, yazıçı
ömrü boyu kamillik və yüksək ideallar
axtarışındadır.
Lakin hər xalqın taleyinin elə ölüm-dirim
anları var ki, orda yazıçının da səngərə
atılmaqdan və milli mübarizəyə qatılmaqdan
başqa yolu qalmır. Həyat göstərir ki, əsl
ziyalıların siyasətlə məşğul olması
siyasətin ümumi mədəni səviyyəsini yüksəldir.
Təəssüf ki, bir sıra siyasət
adamları ədəbiyyatın bu əbədi və əvəzsiz
rolunu yetərincə dəyərləndirə bilmirlər.
Azərbaycanın dövlət müstəqilliyini bərpa
edəndən sonra "sovetlərin yadigarıdır" deyə,
çox şeylər dağıdıldı. Qurunun oduna
yaş da yandı. Həmin
çağlarda çoxları "Yaradıcılıq
İttifaqları, Elmlər Akademiyası nəyə
lazımdır?" dedilər. Hətta
akademiyanın və onun institutlarının binalarına
müştərilər də axtarırdılar. Əsas arqumentləri də bu idi ki, elmi
axtarışlar universitetlərə verilməlidir. Təbii ki, universitetlərdə elmı laboratoriyalar
olmalı, axtarışlar aparılmalıdır. Ancaq universitetlərin əsas işi təhsildir və
bizim universitetlərdə elmi axtarışların səviyyəsini
də yaxşı bilirik. Biz onda da
akademiyanın qorunmasının tərəfdarıydıq,
indi də bu qənaətdəyik. Akademiyaya
dodaq büzənlər texniki institutlarımızın
dünyadakı müvafiq qurumlardan geri qaldığını
əsas götürürlər. Yəni dünyada kimya,
fizika, astronomiya, riyaziyyat sahəsində elə böyük
layihələr həyata keçirilir ki, bizim az
imkanlı institutlarımızda qurdalanmağımıza
ehtiyac yoxdur. Mən bu fikirdəyəm ki, hər
kəs dünyaya öz gözü ilə baxmalıdır.
Humanitar sahəyə gəlincə, bütün texniki
institutlar bağlansa da, dil, ədəbiyyat, tarix, arxeologiya,
etnoqrafiya, şərqşünaslıq, fəlsəfə və
s. milli elmlərlə məşğul olan araşdırma
institutları qat-qat gücləndirilməlidir. Çünki
bu sahələrin bizdən başqa sahibi yoxdur. Bu sahələri biz öyrənməliyik, biz
qorumalıyıq.
Bu
baxımdan, yubileyini qeyd etdiyimiz Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəaliyyəti
yüksək qiymətləndirilməlidir. Bu
İnstitutun işi təkcə ədəbiyyat tarixini öyrənmək
deyil, həm də milli taleyimizin keçdiyi yolu öyrənmək
və onun gələcəyinə işıq salmaqdır və
bu baxımdan Humanitar institutlar arasında həmişə
lider rolu oynamışdır.
Çoxəsrlik ədəbiyyatımızın elmi
şəkildə öyrənilmə təşəbbüsləri
bu İnstitutun tarixindən çox-çox qədimdir. Lakin Firudin
Köçərlinin "Azərbaycan ədəbiyyatının
tarixi materialları" əsəri nəzərə
alınmasa, bu təşəbbüslər epizodik xarakter
daşıyırdı; təzkirələr, cünglər
daha çox saxlanc işini görürdü və ancaq
ayrı-ayrı Vətən aşiqlərinin şəxsi təşəbbüslərinin
ifadəsi idi. O vaxtkı SSRİ Elmlər
Akademiyasının Azərbaycan filialının nəzdində
yaradılan bu İnstitut ədəbiyyat tarixinin və
çağdaş ədəbiyyatın sorunları ilə
sistemli və elmi şəkildə məşğul olan ilk
qurum idi. O vaxtdan bəri Azərbaycan ədəbiyyatşünaslığı,
klassik ədəbiyyatın araşdırılması və nəşri,
ədəbi əlaqələrin öyrənilməsi,
ayrı-ayrı böyük qələm sahiblərinin irsinin
incələnməsi, folklorşünaslıq, Güney Azərbaycan
ədəbiyyatının nəşri, ədəbi tədqiq
və ədəbiyyat nəzəriyyəsi sahəsində
böyük işlər görülmüşdür; institut
bütöv bir kitabxananı doldura biləcək sayda əsər
nəşr etmişdir. Bu böyük xəzinə
olmasa, Azərbaycanın Dədə Qorquddan üzü bəri
bədii söz tariximizin dəyərini anlamaq olmazdı.
Azərbaycanın qədim şifahi və
yazılı ədəbiyyatının bir sıra parlaq
nümunələrinin ortaya çıxması və
dünyaya tanıtdırılması, ayrı-ayrı klassik sənətkarların
əsərlərinin külliyyatlarının nəşri,
onlar haqqında yazılan kitablar, əsərlərin müxtəlif
dillərə tərcüməsi, xalqımızın mədəni
keçmişinin işıqlandırılması və
dünyaya tanıdılması baxımından İnstitut
müstəsna işlər görmüşdür. Bir anlığa bu işləri bir kənara qoyaq.
Onda belə təsəvvür yaranar ki, təxminən
2500 illik bir tarix boyu millətimiz lal olub. Onun
ruhundan, düşüncəsindən və
apardığı söz mübarizəsindən, Tanrıya və
insana olan böyük sevgisindən xəbərsiz qalardıq.
Azərbaycanın dövlətçilik
tarixinin, mədəniyyət tarixinin öyrənilməsində,
milli kimliyimizin dərkində və dünyaya
tanıtdırılmasında bu İnstitutun xidmətlərini
heç bir tərəzi ilə ölçmək olmaz.
Mən də gənclik illərimdən bu İnstituta
bağlıyam. Uzun müddət burda çalışan,
ona rəhbərlik edən insanlarla ünsiyyətdə
olmuş, onların kitablarını nəşr etmiş, xalqa
və öz əməklərinə hansı sevgi ilə
bağlı olduqlarını izləmişəm. Həmid
Araslı, Məmməd Arif Dadaşzadə, Mirzəağa
Quluzadə, Məmmədhüseyn Təhmasib, Məmməd Cəfər,
Kamal Talıbzadə, Əziz Mirəhmədov, Yaşar Qarayev,
Bəkir Nəbiyev, Kamran Məmmədov, Qasım Qasımzadə,
Azadə Rüstəmova, Teymur Əhmədov... Bunların
hər biri ədəbiyyatşünas alim olmaqla yanaşı,
həm də ictimai fikrimizdə silinməz iz buraxmış
insanlardır. Vaxtilə Ədəbiyyat
İnstitutunda çalışan, ona başçılıq
edən və bu gün də həyatları ora bağlı
olan, orda işləyən insanları yada salanda, ilk növbədə,
onların necə yüksək mənəviyyat sahibi
olduqlarını düşünürəm. Əsl
aydın, əsl ziyalı, təmənnasız, Vətən
sevgisi ilə dolu, sözün və sözə xidmət edənlərin
qədrini bilən, gördükləri işdən zövq alan və yorulmayan... Burda onlardan yalnız şəxsən
tanıdığım bir neçəsinin adını
çəkə bilərəm: Tehran Əlişanoğlu, Rəhim
Əliyev, Vaqif Yusifli, Şirindil Alışanlı, İslam Qəribli,
Qurban Bayramlı, Məmməd Əliyev, Nəzakət
Qafqazlı, Salidə Şərifova, Vüqar Əhməd, Mərziyə
Nəcəfova, Mənzər Niyarlı, Bahar Bərdəli... Mənim düşüncəmdə aşağı
əməkhaqqına baxmayaraq taleyi İnstituta bağlı
olan, bu gün də orada çalışan, adlarını
çəkdiyim və çəkmədiyim fədakar alimlərin
hamısı yüksək sayqıya və sevgiyə layiq
insanlardır. Mən Ədəbiyyat İnstitutunun və
bütövlükdə Humanitar institutlarımızın elmi əsərlərini
göz önünə gətirəndə bu torpağın sərvətlərini
geninə-boluna, bəzən də əyri yollarla mənimsəyən,
bəzi elmdənuzaq adamların elmimizə və AMEA-nın fəaliyyətinə
dodaq büzməsinin nə qədər ləyaqətsiz bir
iş olduğunu düşünür və bu yubiley
günündə bu fikrimi dilə gətirməyi özümə
borc sayıram.
İnkişaf etmiş ölkələrin büdcəsində
gələnəksəl olaraq elmə 3 faiz civarında vəsait
ayrılır, bizdə təxminən sıfır tam onda
üç faiz. Bu rəqəm ildən-ilə artır və
şübhəsiz, Azərbaycan inkişaf etdikcə, müdafiə
sorunlarını həll etdikcə daha da artacaq; ancaq indilikdə
sıxıntılı imkanlarla Azərbaycanın humanitar elmlərinin
bayrağını uca tutanların zəhmətinin xalqın
milli varlığını qoruyan bir iş olduğunu unutmaq
olmaz!
Məni aspiranturaya Mirzəağa Quluzadə ilə Məmmədhüseyn
Təhmasib dəvət etmişdilər. Məhz dəvət
etmişdilər. Bu gün bu qəribə
səslənə bilər. Məmməd
Arif Dadaşzadə mənimlə birgə imtahan verən rəqibimin
İnstituta rəhbərlik edənlərdən birinin qohumu
olmasına baxmayaraq, ilk növbədə, mənim qəbulumu
qərarlaşdırmışdı. Bunlar
şahidi olduğum və İnstitutun o vaxtkı təmiz
yaradıcı ab-havasını göstərən
olaylardır. Ənənə bu gün də
davam edir.
O illərədə
mənim aspirant yoldaşım olmuş İsa Həbibbəyli
İnstituta direktor gətiriləndə bir söz demişdim:
"İsa Həbibbəylinin Bakıya gəlməsiylə
Naxçıvan Universiteti uduzdu. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
qazandı". Şadam ki, sözüm təsdiqləndi -
Ədəbiyyat İnstitutunun direktorluğundan sonra onun, həm
də AMEA-nin prezidenti seçilməsiylə!
İsa Həbibbəyli ömrünü yalnız
kağızlar arasında keçirən alimlərdən
deyil. O,
yüksək elmi qabiliyyəti ilə yanaşı, həm də
qurucudur. Bugünkü Naxçıvan
Universitetini çəkinmədən İsa Həbibbəylinin
əsəri hesab edirəm. Çünki
onun işlədiyi dövrdə əsl universitet şəhərciyi
qurulmuşdu. Mənim mərhum elmi rəhbərim
Məmməd Hüseyn Təhmasibə, Məmməd Cəfərə,
Abbas Zamanova ikimiz də böyük hörmət bəsləmişik.
İndi görürəm ki, İsa Həbibbəyli
özü də həmin ziyalılar nəslinin
davamçısıdır, həm də daha məhsuldar
davamçıdır.
Elm və yaradıcılıq fədakarlıq istəyir. Gərək
bütün ömrünü xəsislik eləmədən bu
işə həsr edəsən. İsa Həbibbəylinin
xarakterindəki işgüzarlıq ayrıca qeyd
olunmalıdır. Və mən bu cəhəti
uzun illər əvvəl yazmışdım. İsa Həbibbəyli o ədəbiyyatşünas
alimlərdəndir ki, onlar ilkin mənbələrə söykənmədən,
araşdırdığı yazıçının
bütün irsini öyrənmədən söz demirlər.
Bu mənada o, həm də ciddi mətnşünas və
klassik ədəbiyyatımızın sirlərinə bələd
olan, indi sayı xeyli azalmaqda olan nadir elm cəfakeşlərindən
biridir.
İsa bəyin elmi təfəkkürü universaldır:
folklordan, yazılı ədəbiyyat tarixindən, ədəbiyyat
nəzəriyyəsindən, ədəbi tənqiddən
başlamış, çağdaş ədəbiyyatımızın
canlı örnəklərinə qədər - geniş bir
meydanda araşdırma aparır və yazır.
Dədə
Qorquddan, Nizami Gəncəvidən üzü bəri
bütün böyüklərimizin nəşri, tətbiqi və
təbliği sahəsində xidmətləri var. Üstəlik,
İnstitutun bu gün davam edən çağdaş ədəbi
gedişata diqqətinin artması da onun xidməti
sayılmalıdır. Bu cəhətdən onun
təşəbbüsü ilə çap olunmuş ikicildlik
"Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı"
ayrıca qeyd olunmalıdır.
İsa Həbibbəylinin bir cəhəti də onun elmi
araşdırmalarla ictimai-siyasi fəaliyyəti, Milli Məclisdəki
qanun yaradıcılığı işini birləşdirməsidir.
Bütün bunları mən obyektivlik xətrinə
deyirəm və burda bizim şəxsi münasibətlərimiz
rol oynamır.
Millət
vəkili, Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru İsa Həbibbəylinin, həm də
AMEA-nın prezidenti olduğunu nəzərə alaraq bir
neçə arzumu da bildirmək istəyirəm. Bunların
biri gənc alimlərin elm yolunun başlanğıcında
üzləşdikləri çoxmərtəbəli bürokratiyadır;
magistratura, aspirantura, doktorantura, xarici jurnallarda çox vaxt
rüsum ödəməklə məqalə çap etdirmək,
müdafiə sənədlərinin Ali Attestasiya
Komissiyasına verilməsi vaxtı tələb olunan və
elmi işdən qat-qat artıq zəhmət istəyən
onlarla yazı... Bunların çoxu gənc alimə
əziyyətdən və vaxt itkisindən başqa bir şey
vermir. Bunların əvəzinə, gənc
alimlərin dünyanın qabaqcıl elm mərkəzlərində
təcrübə keçmələrinə şərait
yaratmaq daha sərfəli olardı. Rəhmətlik Məmməd
Cəfər deyirdi: "Namizədlik işi elmə daxil olmaq
üçün bir vəsiqədir, əsas iş ondan sonra
başlanır, vəsiqə üçün bu qədər əziyyət
çəkməyə dəyməz!"
Bu baxımdan biz də beynəlxaq təcrübəyə
uyğunlaşmalıyıq.
Başqa bir mühüm məsələ Elm və Təhsil
Nazirliyi ilə birgə qədim dilləri bilən gənclərin
yetişdirilməsi və onların elmi institutlara cəlb edilməsidir. Böyük
yazıçımız Mirzə İbrahimovun dediyi bir
sözü xatırlayıram: "Sən bilirsənmi,
Hindistan fondlarında bizim nə qədər əlyazmamız
var?!" Söz yox, təkcə Hindistan deyil,
dünyaya səpələnmiş irsimizin aşkarlanıb
üzə çıxarılması, qədim mətnlərin
oxunması üçün öz alimlərimiz
olmalıdır. Bu söz, həm də
türkşünaslığa aiddir.
Akademiyanın elmi şuralarından yox, xalqın sevgi və
etimad şuralarından keçmiş ayrı-ayrı layiqli
söz ustalarının da elmi xidmətləri dəyərləndirilməlidir. Vaxtilə
tanınmış qələm sahibləri-Səməd
Vurğun, Mirzə İbrahimov məhz bu yolla akademik
seçilmişdilər.
Ədəbiyyat İnstitutunun yubileyi humanitar elmlərimizin
keçdiyi yola bir daha göz yetirməyə və qürur
duymağımıza şərait yaradır.
Sonda onu
deyim ki, tarixən belə bir ənənə formalaşıb
ki, guya Akademiyanın prezidenti hökmən dəqiq elmlərin
nümayəndəsi olmalıdır; yəni neft mütəxəssisi,
geoloq, həkim ola bilər, ədəbiyyatçı,
arxeoloq, dilçi və ya tarixçı ola bilməz. Söz yox, bu, kökündən yanlış
fikirdir. İsa Həbibbəylinin
prezidentliyi həmin köhnəlmiş ənənəni
Akademiya tarixindən sildi. İsa Həbibbəyli
elmi Akademik institutların əzəmətli divarları
arasından milli quruculuğun, bu günün dövlət
siyasətinin ön cəbhəsinə çıxartdı.
Elmi araşdırmalarla canlı həyatın əlaqələri
möhkəmləndirildi. Elmi-tədqiqat
institutları, həm də günümüzün
ictimai-siyasi problemlərinin müzakirə yerinə
çevrildi. Elmimizin qayğıları, həm
də Milli Məclisin qayğısı oldu. Akademiyanın beynəlxalq əlaqələri,
Türk dünyasının elm mərkəzləri ilə əməkdaşlığı
genişləndi.
Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun
yubileyi ilə onun direktorunun anadan olmasının 75 illiyi eyni
vaxta düşür. Nizami Gəncəvinin adını
daşıyan doğma elm ocağının bütün əməkdaşlarını,
o cümlədən, akademik İsa Həbibbəylini ürəkdən
təbrik edirəm.
Sabir Rüstəmxanlı
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 2 mart,
¹8.- S.10-11.