Asiya xalqları ədəbiyyatı
milli araşdırma kontekstində
Tənqid
və ədəbiyyatşünaslıqda dünya ədəbiyyatının
öyrənilməsi böyük ənənədir; hələ
XIX yüzildən başlayaraq müxtəlif xalqların ədəbiyyatı
araşdırma mövzusu olub, ayrı-ayrı əsərlər
tərcümə edilib, hətta dərsliklərə
salınıb. Bu ənənə milli ədəbiyyatşünaslığın
inkişafına da bu və ya digər dərəcədə təsir
göstərib. Bu prosesdə 90 yaşlı Ədəbiyyat
İnstitutunun da böyük payı vardır; artıq yüz
ilə yaxındır ki, institut əməkdaşları
müxtəlif xalqların ədəbiyyatı ilə
bağlı çoxlu tədqiqatlar aparılıb. Zaman-zaman burada dünya bədii fikrinin görkəmli
nümayəndələrinin yaradıcılığı ilə
bağlı elmi əsərlər yazılıb, dissertasiyalar
müdafiə edilib. Lakin uzun müddət dünya
ədəbiyyatı çətiri altında Avropa, Amerika ədəbiyyatı
öyrənilmiş və tədqiq edilmişdir. Ancaq aydın məsələdir ki, dünya ədəbiyyatı
yalnız bu iki qitənin ədəbiyyatı ilə məhdudlaşmır,
daha geniş arealı təmsil edir və bədii
düşüncəni zənginləşdirir. Yəni zaman keçdikcə dünya ədəbiyyatı
çətiri altında araşdırılan bədii
düşüncənin dar gəldiyi aydın
görünürdü. Nəticədə dünya ədəbiyyatının
böyük bir hissəsi öyrənilmir, ali
məktəblərdə belə dərsliklərə
salınmamış qalırdı. Halbuki
dünya ədəbiyyatı içərisində Asiya
xalqlarının ədəbiyyatı önəmli yerlərdən
birini tutur. Məsələn, çin ədəbiyyatı
ən qədim ədəbiyyatlardan biridir. Həm tarixi
keçmişinə, həm də sənətkarlıq
baxımından Asiya xalqlarının ədəbiyyatı
dünya bədii xəzinəsini mövzu, problematika, obrazlar,
xarakterlər, bədii kompozisiya orijinallığı və s.
cəhətdən də çoxsəsli edir. Təkcə
onu demək lazımdır ki, XX yüzilin əvvəllərində
hind şairi, dramaturq və nasiri Robindranat Taqor Asiya xalqları
içərisində ilk Nobel mükafatı
almışdır. Özü də bu
mükafatı "poetik zəkadan ustalıqla istifadəsinə",
"dərin həssaslıqla yazılmış orijinal və
gəzəl şeirlərinə" görə alır.
Bundan sonra uzun müddət Asiya ədəbiyyatından
Nobel mükafatçısı olmamasına rəğmən,
son vaxtlar Asiya ədəbiyyatı önə
çıxmışdır. 1968-ci ildə
Yasunari Kavabata Yapon şüur və mədəniyyətini
ustalqıla çatdlırdığına, yenə yapon
yazıçısı Kenzabure Oe "Gerçəkliyin və
mifin birləşərək bugünkü insan fəlakətlərinin
qorxulu mənzərəsini canlandırdığı təsəvvür
edilən dünyanın poetik bir güclə təsvirinə
görə" (1994) həmin mükafatı qazandı. 2012-ci ildə isə Çin
yazıçısı Mo Yan "Öz əsərlərində
magik realzimlə xalq nağıllarını, tarixiliklə
müasirliyi" əlaqələndirdiyinə görə
Nobel ödülünə sahib oldu. Digər Asiya
xalqları içərisində də bədii
düşüncənin zirvəsini fəth edən şairlər,
yazıçılar, dramaturqlar, filosoflar az
olmayıb. Bütün bunlar Asiya
xalqlarının ədəbiyyatının getdikcə
dünya bədii düşüncəsində mühüm yer
tutduğunu göstərirdi. Təsadüfi
deyil ki, son zamanlarda Asiya ədəbiyyatının müxtəlif
nümayəndələri dünyanın digər nüfuzlu
mükafatlarını qazanmışlar. Lakin sovetlər
zamanı bu ədəbiyyatla tanış
olmaq imkanlarımız çox məhdud idi. Olsa-olsa
bu xalqların yazarlarının mövcud rejimi tərənnüm
edən şeirləri, ideologiyaya uyğun gələn bəzi
yazıları tərcümə edilirdi. Sovet
dövründə Asiya xalqlarının ədəbiyyatından
edilən tərcümələrə baxmaq kifayətdir.
Bu əsərlər heç də Asiya
xalqlarının gerçək ədəbiyyatını əks
etdirmirdi. Bütün bunlar Asiya ədəbiyyatının
araşdırmadan kənarda qalmasına şərait
yaratmış, çox nadir hallarda bu ədəbiyyatların
görkəmli nümayəndələrinin
yaradıcılığı ilə bağlı məqalələr
və tədqiqat əsərləri yazılmışdır.
Bu yaxınlaradək dünya ədəbiyyatı ilə
bağlı vəziyyət, demək olar belə idi. Akademik İsa
Həbibbəyli İnstitutunu yenidən
formalaşdırmağa başlayanda Asiya xalqlarının ədəbiyyatını
öyrənməyin vacibliyini tez-tez
çıxışlarında səsləndirirdi. 2016-cı ildə Azərbaycan-Asiya ədəbi əlaqələri
şöbəsinin yaranması ilə bu işlərin yeni
müstəvidə davam etməsinə imkan yarandı. Şöbənin yaradılması ilə uzun illər
unudulmuş Çin, yapon, hind, Koreya, əfqan, Pakistan,
İndoneziya, Malay ədəbiyyatlarının
araşdırılması üçün qapılar
açıldı. İnstitutda Azərbaycan-Asiya
ədəbi əlaqələri şöbəsinin
yaradılması Asiya xalqlarının ədəbiyyatını
öyrənmək baxımından milli ədəbiyyatşünaslığımızda
yeni bir istiqamət açdı. Şöbənin
yaranmasında əsas məqsəd təkcə bu xalqların ədəbiyyatını
öyrənmək yox, həm də Azərbaycan ədəbiyyatını,
mədəniyyətini ədəbi əlaqələr
kontekstində təbliğ etmək idi. Doğrudur,
bu xalqların ədəbiyyatını öyrənmək
üçün müəyyən zaman lazımdır, lakin
artıq bunun əsası qoyulmuş, milli ədəbiyyatşünaslığımızda
yeni bir tədqiqat istiqaməti açılmışdır.
Artıq şöbədə çin, pakistan,
vyetnam, yapon, monqol, indoneziya, koreya əfqan, hind ədəbiyyatı
üzrə araşdırmalar aparılır. Şöbənin
tədqiqatına iki problem ("Asiya xalqları ədəbiyyatı
və ədəbi əlaqələri", "Asiya
xalqları ədəbiyyatı: mərhələləri,
problemləri, şəxsiyyətləri") və iki
mövzu ("Asiya xalqları ədəbiyyatının
inkişaf meyilləri, "Azərbaycan-Asiya ədəbi əlaqələri")
daxildir və bu istiqamətlər üzrə aparılan elmi
araşdırmalar öz bəhrəsini verməkdədir.
Bu sətirlərin müəllifinin hind və
benqal ədəbiyyatının görkəmli nümayəndəsi
Robindranat Taqorun həyat və yaradıcılığı ilə
bağlı "Rabindranat Taqor. Yeni
Hindistanın manifesti" (Bakı, 2021) monoqrafiyası
işıq üzü gördü. Bu əsər
görkəmli şair, yazıçı haqqında son əlli
ildə yazılan ilk monoqrafiyadır. Filologiya
elmləri doktoru Bəsirə Əzizəliyevanın Pakistan ədəbiyyatının
görkəmli nümayəndəsi Məhəmməd
İqbal haqqında "Məhəmməd İqbal. Eşq və düşüncə şairi"
monoqrafiyası nəşr olunub. Bu
araşdırmalar ədəbi əlaqələr kontekstində
atılan ən mühüm faktor və faktlardır. Sevda Məmmədovanın "Azərbaycan-Vyetnam ədəbi
əlaqələri" (2023) monoqrafiyası iki xalqın ədəbi
əlaəqlərini araşdırmaq baxımından bir
ilkdir. Pakistan şairi Məhəmməd
İqbalın "Seçilmiş əsərləri" ilk
dəfə olaraq Azərbaycan dilində dərc edilmişdir.
"Asiya ədəbiyyatı
araşdırmaları" silsilə kitablarının ilk
kitabı nəşr edilib (2023). Kitabda
şöbə əməkdaşlarının müxtəlif
vaxtlarda Asiya xalqları ədəbiyyatı ilə
bağlı məqalələri toplanmışdır. Bu məqalələrdə ilk dəfə olaraq Asiya ədəbiyyatı
ədəbiyyatşünaslıq kontekstindən dəyərləndirilir,
bəzən isə müqayisəli araşdırmalar
aparılır.
Şöbənin yaradılmasından keçən
müddətdə yüzdən çox elmi məqalə
yazılmış, xarici ölkələrdə simpoziumlarda
elmi məruzələr oxunmuşdur. Bədirxan Əhmədovun
"Robindranat Taqor Azərbaycan ədəbi, elmi mühitində"
adlı məruzə Hindistanın Quvahatı ştatında
Quvahatı Universitetində təşkil olunmuş beynəlxalq
konfransda edilmişdir. Bəsirə Əzizəliyeva
"Məhəmməd İqbalın "Cavidnamə" əsərində
türk, islam və Qərb görüşləri"
adlı məruzə ilə Türkiyədə beynəlxalq
konfransda çıxış etmişdir. "Məhəmməd
İqbal və türklər" məqaləsi isə
"Ədəbiyyat qəzeti"ndə (30 iyun, 2018-ci il) dərc edilib. Filologiya üzrə fəlsəfə
doktoru Şəhla Qurbanova və Leya Pirimova hind, elmi
işçilər Gülnar Yunusova yapon, Leyla Ramazanlı
indoneziya, Leyla Həsənzadə korey, Lamiyə Nəsirova
monqol, Nərgiz Kərimova çin, Sübhan Məmmədov
Malay, Sevda Məmmədova Vyetnam, ədəbi əlaqələri
ilə bağlı tədqiqatlar üzərində işləyirlər.
Bu xalqların ədəbiyyatı haqqında ilk
araşdırmalar elmi məcmuələrdə nəşr
olunub, müxtəlif elmi konfranslarda məruzələr edilib.
Şöbədə "Azərbaycan ədəbiyyatında
Çin (şeirlər, hekayələr)" mövzusu ilə
bağlı toplama işləri aparılıb.
Artıq şöbədə Asiya xalqları ədəbiyyatının
müxtəlif problemləri ilə bağlı dissertasiya
mövzuları da işlənilir. Belə ki, filologiya
üzrə fəlsəfə doktoru Şəhla Qurbanova
"Azərbaycan-hind ədəbi əlaqələri"
mövzusunda elmlər doktorluğu dissertasiyası üzərində
işləyir. Nərgiz Kərimova "Azərbaycan ədəbiyyatında
Çin mənşəli arxetip və obrazlar", doktorant
Günay İbrahimova "Əfqan əsilli amerikan
yazıçısı Xalid Hüseyninin
yaradıcılığı, Leyla Pirimova "Hind əsilli
Amerika yazıçısı İndu Sundaresanın "Tac Mahal"
trilogiyasında türk gerçəkliyinin təsviri"
mövzusunda filologiya üzrə fəlsəfə
doktorluğu dissertasiyası üzərində işləyirlər.
Şöbənin ilk fəlsəfə doktoru
Leyla Ramazanlı indoneziya ədəbiyyatını ugurla
araşdırır. Şöbənin
böyük elmi işçisi Gülnar Yunusova "Haruki
Murakaminin yaradıcılığında postmodernizm"
mövzusunda tədqiqat işini ugurla müdafiə etmiş və
filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi
almışdır. Bu, Azərbaycan ədəbiyyatşünaslığında
ilk hadisədir. Tədqiqat işinə
yapon, rus, türk yaponşünaslarının yüksək
fikir bildirməsi, Yaponiyanın Azərbaycandakı səfirinin
müdafiədə iştirak etməsi və
çıxış etməsi iki ölkə arasında ədəbi-mədəni
əlaqələri zənginləşdirmək
baxımından da əhəmiyyətlidir.
Şöbənin yaradılmasında məqsəd təkcə
araşdırma aparmaqdan ibarət deyil, həm də
xalqlararası mədəni missiyanı həyata keçirməkdir. Bu istiqamətdə də
şöbədə məyyən işlər
görülür. Bu ölkələrin səfirlikləri ilə
əlaqə saxlanılır, onların müxtəlif
bayramlarında, tədbirlərində iştirak edilir.
Hindistanın, Çinin, İndoneziyanın müstəqillik
günlərində səfirliyin təşkil etdiyi tədbirlərdə
şöbə əməkdaşları da iştirak edir.
Bütün bunlar həmin ölkələrin ədəbiyyatını
araşdırmaqla yanaşı, Azərbaycan ədəbiyyatını
və mədəniyyətini yaymağı da imkan verir. Bu istiqamətdə müəyyən işlər
görülmüş, ayrı-ayrı ölkələrin
müxtəlif təşkilatları ilə İnstitut
arasında qarşılıqlı əməkdaşlıq
müqaviləsi imzalanmışdır. İnstitutun direktoru
akademik İsa Həbibbəylinin təşəbbüsü ilə
Çinin Konfutsi İnstitutu arasında elmi-ədəbi əlaqələrin inkişafı ilə bağlı birgə
müqavilə imzalanmış və İnstitut daxilində
Çin Mədəniyyət Mərkəzi
yaradılmışdı. Mərkəzi yaratmaqda əsas məqsəd
qədim İpək yolunda mədəniyyətin, ədəbiyyatın
yenidən bərpası, qarşılıqlı tədqiqatların
aparılması, birgə konfransların keçirilməsi
olmuşdur. Mərkəzin daxilində Çin dili tədris
olunur. Hazırda həmin mərkəzdə İnstitut əməkdaşlarından
dörd nəfəri Çin dilini öyrənməklə məşğuldur.
Bu yaxınlarda isə şöbənin nəzdində
Çin tədqiqatları mərkəzi yaradılıb.
Şöbənin doktorantı Nərgiz Kərimova üç
ay yay məktəbində, bir dəfə isə altı ay
Anxoy vilayəti Xefey şəhərindəki Anxoy Universitetinin
Beynəlxalq Təhsil Mərkəzində "Müasir
Çin dili" adlı təqaüd proqramında təcrübə
keçmişdir.
2017-ci ilin iyununda Çin İctimai Elmlər
Akademiyası Etnik Ədəbiyyatlar İnstitutunun professoru
Huanq Zhongxianq İnstitutumuzda bir həftəlik elmi ezamiyyətdə
oldu. Bu müddətdə professor Huanq Zhongxianq
Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində
"Çində etnik ədəbiyyatların tədqiqi"
mövzusunda məruzə oxudu. 2017-ci ilin oktyabrında
Bakıda keçirilən Azərbaycan-Çin birgə
konfransında "Qədim Azərbaycan ədəbiyyatında
Çin motivləri" mövzusunda məruzə ilə
çıxış etdim.
Pekində keçirilən "Dəyişən
dünya kontekstində Çinin inkişafı" (Pekin,
17-18 noyabr 2017) Beynəlxalq konfransında akademik İsa Həbibbəyli
və B.Əhmədli məruzə etmişlər. Çin
İctimai Elmlər Akademiyasının təşkil etdiyi bu tədbir
dünyanın müxtəlif ölkələrində
Çin tədqiqatlar mərkəzinin
yaradılması üçün müəyyən
hazırlıq məqsədi daşıyırdı.
Pakistanın Lahor Kollec Universiteti ilə şöbə
arasında qarşılıqlı müzakirələr
aparılır, konfranslar keçirilir. 2022-ci ildə "Azərbaycan-Pakistan
ədəbi-mədəni əlaqələri yeni mərhələdə"
adlı beynəlxalq elmi konfrans olduqca verimli olmuşdur. Konfransın 10 nəfər pakistanlı
iştirakçısı Gəncə şəhərinə
getmiş və Nizami Gəncəvinin məqabərəsini
ziyarət etmişlər. Ədəbiyyat İnstitutunun əməkdaşları
isə 2022-ci ilin dekabr ayında Lahordakı konfransda iştirak
emiş və məruizələr etmişlər. Şöbənin
R.Taqorun anadan olmasının 160 illiyinə həsr
edilmiş konfransda 30-a qədər məruzə dinlənilmişdir.
Azərbaycan-Asiya ədəbi əlaqələri
şöbəsinin yaradılması ilə əsası
qoyulmuş bu ilişgilər artıq öz bəhrəsini
verməkdədir. Çin İctimai Elmlər Akademiyasında
da azərbaycanşünaslıq mərkəzinin
yaradılması ilə bağlı razılıq əldə
olunub. 2017-ci ildə "Kitabi-Dədə Qorqud" dastanı
Çin Minzu Dillər Universiteti tərəfindən
çap edilib. Dastanın başqa xalqların dillərinə
tərcüməsinə Çinin də qoşulması abidənin
yeni bir arenada tanınması deməkdir. "Kitabi-Dədə
Qorqud"un Çin nəşrini, sadəcə, tərcümə
adlandırmaq çətindir; bu nəşri həm də
dastanın elmi tənqidi mətni hesab etmək olar. Nədən
ki, dastanın tərcüməsi zamanı həm də
böyük və zəhmətli elmi tənqidi mətn işi
görülmüşdür. Bu, kitabın nəşrinin əhəmiyyətini
olduqca artırır. "Bir Kəmər, Bir Yol" və
"Dəmir İpək Yolu" layihələri tarixi
minilliklərlə ölçülən ədəbiyyatların
və xalqların qədim İpək yolunun uğurla davam
etdirilməsinə zəmin yaradacaqdır.
Əlbəttə, "Azərbaycan-Asiya ədəbi
əlaqələri" şöbəsi yenidir, gəncdir,
qüvvələr elmi potensialını hələ
bütünlüklə ortaya qoymayıb. Ancaq üfüqdə
görünən elmi potensialın bu istiqaməti inkişaf
etdirəcəyi, xalqlar arasında ədəbi-mədəni,
kulturoloji, mənəvi yaxınlaşmanı təmin edəcəyi
aydındır.
Bədirxan Əhmədli
Ədəbiyyat qəzeti: xüsusi buraxılış 2024.- 2 mart, №8.- S.12-13.