Elm, ədəb-ərkan və
sevgi institutu
Bəli,
"ədəbiyyat" sözü "ədəb"
sözündəndir və həqiqi ədəbiyyat məhz
insanlara, özəlliklə gənc nəslə ədəb
öyrətməli, onlarda təbiətdən gələn vəhşi
instinktləri aradan qaldırmalı, kamil insan tərbiyəsinə
xidmət etməlidir və əlbəttə, edir də! Minillik tarixi
olan Azərbaycan ədəbiyyatı məhz belə bir ədəbiyyatdır
və bu ədəbiyyatla xalqımızın fəxr etməsi
çox yerindədir. Bu ədəbiyyatın tədqiqi və təbliği ilə
məşğul olan baş elmi qurum da Azərbaycan Milli Elmlər
Akademiyasının 90 yaşı tamam olmuş Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutudur.
Yarım əsr
bundan öncə, Elmlər Akademiyasının (o zaman hələ
Milli statusu yox idi) Ədəbiyyat İnstitutunda
çalışan tələbə yoldaşım, indi
artıq görkəmli ədəbiyyatşünas alim kimi
tanınan professor Şirindil Alışanovun dəvəti ilə
sənədlərimi Nizami adına Ədəbiyyat
İnstitutunun əyani aspiranturasına verərkən,
şansımın çox az olduğunu bilirdim. Bəs necə!
Bir yerə 17 nəfər ərizə vermişdi və
hamısı da canavar kimi uşaqlar idi! İçlərində
beş il bir partada oturduğumuz, indi
görkəmli ədəbiyyatşünas alim və diplomat
olan professor Vilayət Quliyev də var idi...
Nə isə, uzun sözün qısası, Vilayətlə
mən hər ikimiz hər 3 imtahandan "əla" qiymət
aldıq.
Yazıq imtahan komissiyası seçim qarşısında
qaldı:
Ey
Füzuli, qalmışam heyrətdə, bilmən neyləyim:
Dövr
zalım, bəxt nafərcam, tələb çox, ömr az!
Çox
götür-qoy etdikdən sonra klassik ədəbiyyata meylimi və
fars dilini bildiyimi nəzərə alıb,
belə qərara gəldilər ki, Vilayəti də payız
sessiyasında imtahansız qəbul etsinlər...
İnsafən,
elə də oldu!
İndi
durum yalandan deyim ki, aspirantlıq vaxtı ağzımıznan
quş tuturduq, xeyr! Aspirantlıq da, bir növ, tələbəliyin
davamıdır və tələbəlik də insan həyatının
ən qayğısız dövrüdür. Deyir, bir tələbədən soruşurlar ki, yapon
dilini neçə vaxta öyrənə bilərsən? Cavab verir ki, imtahan nə vaxtdır?
Bəli,
biz də beləcə aspirantlıq həyatının kefini
çıxara-çıxara, bir də gözümüzü
açdıq ki, imtahan zamanı dabanbasma bizi haqlıyır! Xoşbəxtlikdən və daha çox, Ədəbiyyat
İnstitutunun professor-dosent heyətinin humanizmindən hər
şey yaxşı qurtardı və biz filologiya elmləri
namizədi kimi şərəfli bir elmi dərəcəyə
yüksələ bildik.
Hey, gidi
dünya! Nə böyük elmi şəxsiyyətlər
keçdi səndən! "Qanı dedigim bəy
ərənlər?" Akademiyanın
yuxarı binasının (o zaman belə adlanırdı)
beşinci mərtəbəsinin sol əlindəki
yarısında onların nəcib ruhları, şübhəsiz
ki, indi də dolaşmaqdadır. Yəni
kimlərin? Mənim müəllimlərim olmuş, mənə
təkcə elm deyil, həm də ədəb-ərkan,
insanlığa sevgi, vətənə məhəbbət, ədəbi
irsimizlə fəxr etmək öyrətmiş bu gözəl
insanların:
Akademik Məmməd
Cəfər Cəfərovun!
Akademik
Kamal Talıbzadənin!
Müxbir
üzv Əziz Mirəhmədovun!
Müxbir
üzv Yaşar Qarayevin!
Müxbir
üzv Azadə Rüstəmovanın!
Professor
Mirzağa Quluzadənin!
Professor Məmmədhüseyn
Təhmasibin!
Professor
Kamran Məmmədovun!
Professor
Mirəli Seyidovun!
Professor
Qasım Qasımzadənin! Və neçə-neçə
adlarını çəkmədiyim elmlər
doktorlarının, elmlər namizədlərinin ruhları!
Heç
şübhəsiz ki, bu gün Azərbaycan Milli Elmlər
Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun əldə etdiyi yüksək elmi uğurlarda,
cild-cild kitabların ərsəyə gəlməsində, necə
deyərlər, işıq üzü görməsində,
yeni-yeni istedadlı gənc kadrların yetişməsində,
bütövlükdə İnstitutun dünya səviyyəsinə
layiq bir elmi quruma çevrilməsində onların da payı
var!
Mən aspiranturaya girərkən, İnstituta klassik ədəbiyyat
mütəxəssisi, böyük Füzulişünas alim
olan professor Mirzağa Quluzadə başçılıq
edirdi. Onun
vaxtsız vəfatından sonra Akademiyanın müxbir
üzvü Əziz Mirəhmədov, akademik Məmməd Cəfər
Cəfərov, müxbir üzv Yaşar Qarayev direktor postunda
İnstitutun elmi ənənələrini uğurla davam etdirdilər.
Özəlliklə,
ilk aspirantı olduğum elmi rəhbərim, Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü Azadə
xanım Rüstəmovanın mənim bir klassik ədəbiyyat
mütəxəssisi kimi yetişməyimdə
oynadığı misilsiz rolu, çəkdiyi böyük zəhməti
unuda bilmərəm. Bu zərif, eyni zamanda tələbkar
xanım, görkəmli rus şərqşünası Yevgeni
Bertelsin aspirantı olmuş böyük alim, öz
aspirantını da öz səviyyəsinə qaldırmaq
üçün əlindən gələni əsirgəmirdi.
Hətta aspirantsayağı, bəzən tənbəllik edəndə,
verilmiş tapşırığı yerinə yetirməyəndə
incə-incə danlamağı, utandırmağı da
vardı...
O da
yaxşı yadımdadır ki, o zaman Ədəbiyyat
İnstitutu, bir növ, Platonun Akademiyasını
xatırladırdı. Dəhliz boyu qoyulmuş
bir neçə yaşıl divanın üstü həmişə
mübahisə edən alimlərlə dolu olardı. Professor-şair Atif Zeynallının Bakı ləhcəsinə
yaxın gur səsi indi də qulaqlarımdadır.
Müxbir üzv Əziz Mirəhmədovun dostyana
"xuliqan-professor" adlandırdığı Kamran Məmmədovun
şən, qəlbədəyməyən zarafatları
çox vaxt biz aspirantların da dilinin əzbəri kimi məclislərdə
səsləndirilirdi...
Bu gün Ədəbiyyat İnstitutu təkcə müstəqil
respublikamızda deyil, bütün dünyada Azərbaycan ədəbiyyatının
tədqiq və təbliğində əsas aparıcı
qüvvələrdən biri olaraq qalmır, həm də
dünyanın bir çox ölkələrinin ədəbiyyatını
Azərbaycan ədəbiyyatı ilə komparativ əlaqədə
öyrənir.
Əlbəttə, bu, ümumiyyətlə, təkcə
ədəbiyyatımızın deyil, həm də mədəniyyətimizin
və bütövlükdə müstəqil dövlətimizin
dünyada layiqincə tanıdılmasına xidmət edir.
Bu gün
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutuna çağdaş ədəbiyyatşünaslıq
elmimizin korifeyi, Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti akademik İsa Həbibbəyli
başçılıq edir.
Akademik İsa Həbibbəyli ədəbiyyatımızın
bütün dövrlərini və sahələrini kamil bilən
universal bir alim deyil, həm də humanitar və ictimai elmlərin
bütün sahələrinə dərindən vaqif olan bir tədqiqatçıdır. Onun fundamental əsərləri
və müxtəlif akademik tədbirlərdə etdiyi
professional çıxışları bu dediyimizin əyani
sübutudur.
Akademik İsa Həbibbəyli ədəbiyyatşünaslıq
elmimizin bu gününü və gələcəyini dərindən
və ciddidən-ciddiyə düşünən vətənpərvər
bir alim kimi, bu sahədə gənc kadrların yetişməsinə
çox böyük önəm verən bir elm təşkilatçısı
kimi, çoxsaylı gənc ədəbiyyatşünasların
ərsəyə gəlməsində öz səyini və
qeyrətini əsirgəməyən bir alim və şəxsiyyət
kimi tanınır.
Akademik
İsa Həbibbəylinin Ədəbiyyat İnstitutuna
direktorluq etdiyi 10 ildən artıq bir dövrü, əsası,
demək olar ki, XI yüzildə böyük Azərbaycan ədəbiyyatşünası
Xətib Təbrizi tərəfindən qoyulmuş bu qədim
elmi qurumun renessans dövrü kimi xarakterizə etsək, qətiyyən
yanılmarıq.
Bu gün
Ədəbiyyat İnstitutu akademik İsa Həbibbəylinin rəhbərliyi
altında humanitar elmimizin flaqmanlarından biri kimi özəlliklə
azərbaycançılıq ideologiyasının, milli-mənəvi
dəyərlərimizin, klassik və çağdaş ədəbiyyatımızın,
türk xalqları ədəbiyyatlarının, dünya ədəbiyyatının
tədqiq və təbliğində aparıcı elmi
qurumlardan biri kimi milli dövlətçiliyimizin daha da
inkişaf edərək yüksəlməsinə öz layiqli
töhfəsini verməkdədir.
Bu müqəddəs
vəzifənin yerinə yetirildiyi yolda Azərbaycan Milli Elmlər
Akademiyası Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutuna - mənim sevimli Alma Mater-imə
yeni-yeni uğurlar diləyirəm!
Teymur Kərimli
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 2 mart,
№8.- S.13.