Tənqid də bir
yaradıcılıqdır
Ədəbi
tənqidin yaradıcı bir sənət olduğunu, bədii əsərlərdən
tələb etdiyimiz kimi, onun da maraqlı və məzmunlu, bədii-estetik
baxımdan emosional səciyyə
daşıdığını hələ 1941-ci ildə o zamanın
tanınmış tənqidçisi - sonralar Səməd
Vurğunun "Tənqidimizin vicdanı"
adlandırdığı Məmməd Arif Dadaşzadə
söyləmişdi ("Tənqid və ədəbiyyatşünaslıq"
məqaləsi, "Revolyusiya və kultura" jurnalı, 1941,
№3). İyirmi
dörd il sonra - 1965-ci ildə, Azərbaycan
yazıçılarının IV qurultayındakı məruzəsində
başqa bir görkəmli tənqidçi - Cəfər Cəfərov
isə söyləmişdi ki: "Sənət əsər
yaradırsa, tənqid heç bir şey yaratmır, o ancaq
müşahidə və izah edir. Bu müşahidə və
izah da o zaman səmərəli ola bilir ki, ədəbi
tənqid elmi əsaslara, yəni düzgün estetik təsəvvürlərə
malik olur" (Cəfər Cəfərov, Seçilmiş əsərləri,
2 cilddə, 2-ci cild, 1968).
Əlbəttə, ədəbi tənqidin funksional mahiyyəti
xüsusunda digər mülahizələrlə də
qarşılaşırıq. Təkcə görkəmli bir nasir və
dramaturq kimi deyil, həm də tanınmış tənqidçi
kimi də yüksək qiymətləndirdiyimiz Elçin
yazır ki: "Min ildir ki, Azərbaycan ədəbi fikri
bir-bir əsrləri ötürərək karvan-karvan bizə
tərəf gəlir, sabah bizim nəvələrimizə tərəf
gedəcək, o biri gün onların nəvələri həmin
karvanı gələcəyə ötürəcəklər"
(Elçin, "Fikrin karvanı" kitabına Ön söz,
1984).
Bu deyilən
fikirlərə qısaca belə bir şərh verə bilərik:
Ədəbi tənqid - ədəbi fikrin estetik göstəricisidir,
onun elm, ya sənət kimi dəyərləndirilməsindən
asılı olmayaraq, o, bədii əsərlərin təhlili
ilə məşğuldur, bu əsərlərin qiymətini
verir və təbii ki, onu bədii ədəbiyyatdan təcrid
etmək qeyri-mümkündür. İlk
professional tənqidçimiz Mirzə Fətəli Axundzadə
və çağdaş tənqidçilərimizdən hər
biri bu yolu davam etdirmişlər. Azərbaycan
ədəbi tənqidi və ədəbiyyatşünaslığının
- bizim filoloji mərkəzimizin - Ədəbiyyat İnstitutunun
keçdiyi inkişaf yolu da bu fikri sübut edir. Azərbaycan
ədəbi tənqidinin və ədəbiyyatşünaslığının
bir çox görkəmli nümayəndələri - Məmməd
Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov,
Kamal Talıbzadə, Əziz Mirəhmədov, Əkbər
Ağayev, Bəkir Nəbiyev, Yaşar Qarayev, Şamil Salmanov,
Akif Hüseynli, Arif Səfiyev, İsa Həbibbəyli, Qurban
Bayramov, Şirindil Alışanlı, Vilayət Quliyev, Nizaməddin
Şəmsizadə, Vaqif Yusifli, Tehran Əlişanoğlu, daha
sonrakı nəsillərdən Nərgiz Cabbarlı
(Abdullayeva), Elnarə Akimova, Cavanşir Yusifli... məhz bu
İnstitutun yetirmələridir və onların bir çoxu
bütün həyat və yaradıcılıqları ilə
Ədəbiyyat İnstitutuna bağlıdırlar.
Təfərrüata
varmayaq: 1976-cı ildən başlayaraq, Ədəbiyyat
İnstitutunda "Ədəbi proses" formatında ilk
yaradıcılıq müşavirələrinin əsası
qoyuldu. Bu yaradıcılıq müşavirələrinin
keçirilməsində məqsəd nə idi? - konkret bir ilin ədəbi məhsullarını
(nəsr, poeziya, dramaturgiya, ədəbi tənqid) təhlil etmək,
qazanılan uğurları və eyni zamanda bədii əsərlərdə
rast gəlinən nöqsanları, stereotipə və
şablona çevrilən nümunələri nəzərə
çarpdırmaq... Beləliklə, ədəbi tənqidimizdə
vaxtilə çox az təsadüf olunan
icmal janrına geniş yol açıldı. Cəmi
altı kitab nəşr etdirilsə də (1976, 1977, 1978, 1979,
1981-1982, 1983-1984), bu toplular Azərbaycan ədəbi tənqidinin
həmin illərdəki vəziyyətini bütün
açıqlığı ilə bəyan etdi. Görkəmli
tənqidçi-ədəbiyyatşünas Məmməd Cəfər
Cəfərovun bilavasitə rəhbərliyi ilə həyata
keçirilən bu proses onun istedadlı tələbələri
- Yaşar Qarayev, Şamil Salmanov, Akif Hüseynli tərəfindən
uğurla həyata keçirilirdi. Eyni zamanda həmin
"Ədəbi proses" toplularında dörd gənc tənqidçinin
- Şirindil Alışanlının, Vilayət Quliyevin, Vaqif
Yusiflinin, Nizaməddin Şəmsizadənin imzaları da diqqəti
cəlb etdi. Sonralar bu cavan tənqidçilər
Azərbaycan ədəbi tənqidinin tanınmış
nümayəndələrinə çevrildilər.
Heç şübhəsiz, "Ədəbi proses"
topluları ədəbi tənqidimizin inkişafında
mühüm addım idi və tariximizin arxivlərinə
köçmədi. Ədəbiyyat İnstitutuna sonrakı illərdə də
(80-90-cı illərdə, 2000-ci illərin əvvəllərində)
"Ədəbi proses" silsiləsindən müşavirələr
oldu, amma bu müşavirə materialları kitab kimi çap
olunmadı.
Nəhayət,
2013-cü ildə, akademik İsa Həbibbəylinin Ədəbiyyat
İnstitutuna rəhbər təyin olunması ilə
"Ədəbi proses" yaradıcılıq müşavirələri
tam bərpa olundu. 2013-2022-ci illərin Azərbaycan
ədəbiyyatının müxtəlif janrlarını və
problemlərini əhatə edən doqquz kitabın nəşri
ədəbi tənqidin yeni bir mərhələyə qədəm
qoyduğunu, inkişafın daha səmərəli yolla davam
etdiyini sübuta yetirdi. İsa Həbibbəylinin
təşəbbüsü ilə Ədəbiyyat
İnstitutunda yeni bir şöbə - "Ədəbi tənqid"
şöbəsi fəaliyyətə başladı və bu sətirlərin
müəllifi Vaqif Yusifli həmin şöbəyə müdir
təyin olundu. "Ədəbi proses"
seriyasından olan doqquz kitabın hər biri bu və ya digər
dərəcədə "Ədəbi tənqid"
şöbəsi əməkdaşlarının fəaliyyəti
ilə həyata keçirilib. Yeri gəlmişkən,
qeyd edək ki, "Ədəbi tənqid" şöbəsi
bu on ildə Ədəbiyyat İnstitutunun həyata
keçirdiyi bir çox tədbirlərdə, xüsusilə,
elmi müşavirələrdə fəallığı və
operativliyi ilə seçilmişdir. Şöbə tərəfindən
akademiklər: Məmməd Arif Dadaşzadənin, Məmməd
Cəfər Cəfərovun və Kamal Talıbzadənin
yubileylərinə həsr olunan kitablar nəşr olunmuş,
şöbə əməkdaşlarının elmi
monoqrafiyaları işıq üzü
görmüşdür. "Ədəbi tənqid"
şöbəsi hər il öz fərdi
iş planlarını tənqid tariximizin görkəmli
nümayəndələrinin həyat və
yaradıcılığına, müasir ədəbiyyatımızın
müxtəlif problemlərinə uyğun olaraq müəyyənləşdirir.
Mətləbdən uzaqlaşmayaq, "Ədəbi
proses" kitablarının yeni saylarında, ilk növbədə,
mövzu genişliyi ilə rastlaşırıq. Hər il
"Ədəbi proses" məcmuəsi akademik İsa Həbibbəylinin
geniş Ön sözü ilə başlayır. İsa müəllim
ona xas olan professional bir səriştə ilə Ədəbi
prosesin konkret ili ilə bağlı müəyyənedici
mülahizələrini ortaya qoyur, bir növ, bütün
sonrakı məruzələr üçün stimul verir.
2013-cü
ili "Ədəbi proses" kitabında "İlin ədəbi
mənzərəsi" (Vaqif Yusifli), "2013-cü ilin
şeiri" (Nərgiz Cabbarlı (Abdullayeva)), "İlin
poema yaradıcılığı" (Elnarə Akimova),
"Bədii nəsr" (Salidə Şərifova), "Tənqid
və müasir ədəbi proses" (Rahid Ulusel), "Bədii
tərcümə" (Fidan Abdurəhmanova),
"Dramaturgiya" (Aydın Dadaşov), "Bədii
publisistika" (Elçin Mehrəliyev), "Cənubi Azərbaycanda
ədəbi mühit" (Esmira Fuad) məruzələri əks
olunmuşdur. Göründüyü kimi, ötən
illərin "Ədəbi proses" kitablarında olmayan məruzələr
diqqəti cəlb edir, bu da yenilik idi.
2014-cü ilin "Ədəbi proses" kitabında (və
sonrakı illərdə) isə artıq müasir ədəbiyyatımızın
digər janrları da müşavirə mövzularına
çevrilir.
Məsələn, nəsr janrı
"parçalanır" - poemalar, povestlər və hekayələr
üzrə ayrıca məruzələr edilir. Ədəbi tənqidin nəzərindən "uzaq
düşən" uşaq ədəbiyyatı, bədii tərcümə,
ədəbi gəncliyin yaradıcılıq
axtarışları mövzuları da gündəmə gəlir.
2015-ci ilin "Ədəbi proses" kitabında da yeni
mövzular - "Tarixi janrın həqiqətləri",
"Bölgələrdə ədəbi həyat",
"Satira", "Ədəbi əlaqələr",
"Ədəbiyyatşünaslıq", "Ədəbi
dilin inkişaf özəllikləri" diqqəti cəlb edir.
Ədəbi
proses 2016, 2017, 2018, 2019, 2020-2021-ci il
toplularında isə məruzələrin sayı
artırılaraq, hətta otuza yaxınlaşır.
Məqsəd nə idi?
1. Ədəbi
tənqidlə yanaşı, ədəbiyyatşünaslığın
da müxtəlif problemləri - mövzuları da məruzələr
kimi dinlənilir. Yəni, Ədəbiyyat
İnstitutu əməkdaşlarının ədəbiyyatşünaslıqla
bağlı tədqiqatları da kölgədə qalmır.
2. Ədəbiyyat
İnstitutunda fəaliyyət göstərən gənc alimlərin
də belə müşavirələrdə SÖZ deməyə
haqları olduqları qənaəti yarandı - Aynurə
Mustafayeva (Dramaturgiya), Lalə Həsənova (rusdilli nəsr),
Aygün Bağırlı (Uşaq ədəbiyyatı),
Qürbət Mirzəzadə (Ədəbi tənqid), Aynur Xəlilova
(Povest), Maral Yaqubova (Ədəbiyyatşünaslıq), Nərmin
Cahangirova (Hekayə), Mərcan Sofiyeva (Tərcümə),
Nizami Hüseynov və Gülnar Səma (Bölgələrdə
ədəbi həyat), Eşqanə Babayeva (Ədəbi əlaqələr),
Zəkulla Bayramlı (Alimlərin poetik düşüncələri),
Elnarə Qaragözova (Ədəbi cərəyanlar) və s.
orta və gənc nəslə məxsus tədqiqatçıların
da maraqlı məruzələri ilə tanış olduq. Əlbəttə, bu məruzələrin heç də
hamısının yüksək elmi səviyyədə
olduğunu iddia etmirik. Təbii ki,
onların bir çox məruzələri, sadəcə, icmal
səviyyəsindən irəli getmirdi.
Burada bir məqamı da xüsusi qeyd edək. "Ədəbi
proses" toplularında biz təkcə institut əməkdaşlarının
deyil, həm də kənar müəlliflərin də məruzəçi
kimi cəlb olunduğunu görürük. Azər Turan iki ildir ki, İlin poeziyası
haqqında gözəl məruzələri ilə diqqəti cəlb
edir (Çağdaş Azərbaycan şeirində modernist
estetikalar; "Berqsonun zamanı, yaxud çağdaş
poeziyamız"). Rüstəm Kamal, Qismət
Rüstəmov, Südabə Ağabalayeva, Məti Osmanoğlu
kimi müəlliflər də bu sırada görünür.
Nəhayət, "Ədəbi proses-2022" kitabı
haqqında. 2022-ci ilin ədəbi-elmi mənzərəsini əks
etdirən müşavirə Azərbaycan Yazıçılar
Birliyində keçirildi. "Ədəbi
proses" müşavirələrinin 10-cu ildönümünə
həsr olunan bu müşavirədə məqsəd bu idi ki,
indiyə qədər Ədəbiyyat İnstitutunun
divarları arasında keçirilən belə bir əhəmiyyətli
tədbirin sərhədləri genişlənsin. Müşavirə yaxşı qarşılandı,
bu müşavirə, həm də məruzələrin
sayının 11-ə endirilməsi ilə yadda qaldı.
Əlbəttə, bu yazıda Azərbaycan ədəbi tənqidinin
müasir səviyyəsini əks etdirən ayrı-ayrı məruzələrdən
danışmadıq. Amma ədəbi tənqidimizin mühüm keyfiyyət
göstəricisinə çevrilən "Ədəbi
proses" müşavirələri haqqında, hər ilin bu
sayda çap olunan toplularından söz açdıq. Bu
faktlar bir daha doğrudan da, ədəbi tənqidin özünəməxsus
yaradıcılıq sahəsi olduğuna dərin inam
yaratdı.
Vaqif Yusifli
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 2 mart,
№8.- S.15.