Ədəbiyyatımızın
tədqiqi mərkəzi və ərəb dünyası
Zəngin tarixə malik olan Azərbaycan ədəbiyyatı
həssas xalq düşüncəsi və folklorundan qaynaqlandığı
kimi mənəvi, dini, ictimai-siyasi təmasda olduğu
xalqların ədəbi irsindən də bəhrələnmişdir. Burada islam
faktoru da mühüm amil olmuşdur. İstər
lakonik ifadələrdə təqdim edilmiş müdrik atalar
sözlərində, istər Nizami, Füzuli və başqa
böyük klassiklərimizin əsərlərində bunu
müşahidə edirik. Xalq həyatının, mənəvi
düşüncənin mürəkkəbliklərini islami dəyərlərin
işığında təqdim edən bədii söz sənətinin
ustaları doğma türk-Azərbaycan dili ilə
yanaşı ərəb və fars dillərindən
istifadə etmişlər. "Kitabi-Dədə
Qorqud" və oğuznamələrin yarandığı
dövrlərdə, artıq "Qurani-Kərim"in dilini mənimsəmiş
Azərbaycan mənşəli məvali şairlər ərəb
dilində nümunəvi poetik əsərlər
yaradırdılar. VIII əsrdən bəri
bu əsərlər Mədinədə və başqa ərəb-islam
mərkəzlərində yayılmışdır.
XI əsrdə böyük ədəbiyyatşünas Xətib
Təbrizi ədəbi təlimini Təbrizdən
başlamış və Bağdadda davam etdirmişdir. İşraqi ədəbi-fəlsəfi
cərəyanının nümayəndəsi Yəhya Sührəvərdi
və huruf şairi İmadəddin Nəsiminin əsərləri
öz dövründə ərəb dünyasında yayılmışdır.
Xaqani
Şirvani, Eynulqudat
Müyanəçi, Məhəmməd Füzuli və
digər Azərbaycan mütəfəkkirlərinin ərəb
dilində yazdıqları poetik əsərlər ərəb ədəbiyyatşünasları
tərəfindən yüksək qiymətləndirilmişdir.
Çox müxtəsər şəkildə nəzər
saldığımız bu şair, ədib və mütəfəkkirlərin
irsi ölkəmizdə davamlı şəkildə nəşr,
tərcümə və tədqiq edilmiş və edilməkdədir.
Elmlər Akademiyasının bir qurumu kimi
yaradılmış Ədəbiyyat İnstitutunun alimləri ədəbiyyatşünaslıq
elminin mərkəzi kimi göstərilən istqamətlərdə
fəaliyyətini genişləndirməyə
çalışmışdır. Bu işdə akad.
M.A.Dadaşzadə, akad. H.Araslı,
akad. M.Cəfərov, prof. M.Quluzadə,
prof. M.Təhmasib, prof. R.Əliyev, prof. Q.Kəndli Herisçi
kimi ustadlar onlara istiqamət vermişlər. Keçən əsrin 50-60-cı illərindən
başlayaraq Sovet İttifaqının ərəb ölkələri
ilə əlaqələri yaranmağa və genişlənməyə
başladıqdan sonra ərəb dünyasında Azərbaycan
ədəbiyyatının öyrənilməsinə maraq
artdığı üçün Ədəbiyyat
İnstitutunda da ərəb ölkələri ilə əlaqələrin
yaradılmasına diqqət verilmişdir. Ölkəmizdə
yubileyləri keçirilən Nizami Gəncəvi, İmadəddin
Nəsimi, Məhəmməd Füzuli, Mirzə Ələkbər
Sabir, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə
kimi böyük şair və ədiblər haqqında
hazırlanan müxtəsər kitablar başqa dillərlə
yanaşı ərəb dilinə də tərcümə
edilmişdir.
Müstəqillik dövründə Ədəbiyyat
İnstitutunun ərəb ölkələri ilə əlaqələri
daha da genişlənmişdir. Bu işdə
ümummilli lider Heydər Əliyev və prezident İlham
Əliyevin xidmətləri böyükdür. 1994-cü
ildə Füzulinin 500 illik yubileyinin keçirilməsinə
qayğı ilə yanaşan ölkə prezidentinin göstərişi
ilə Bağdadda və Kərkükdə təntənəli
mərasimlərdə Azərbaycan Yazıçılar Birliyi,
Mədəniyyət Nazirliyi və Elmlər
Akademiyasının Ədəbiyyat İnstitutunun alimləri
iştirak etmişlər. Ədəbiyyat
İnstitutunun əməkdaşları B.Nəbiyev, T.Kərimli,
N.Araslı, V.Quliyev, Q.Paşayev, İ.Həmidov,
Ş.Alışanlının çıxışları
maraqla dinlənilmişdir.
Ədəbiyyatşünas alimlərimiz Şərq
xalqlarının ədəbiyyatı ilə bağlı ərəb
ölkələrində keçirilən tədbirlərə
dəvət edilir, beynəlxalq elmi konfranslarda məruzələrlə
çıxış edirlər. 2009-cu ildə Suriyada Nəsimiyə
həsr edilmiş tədbirdə akad. Bəkir Nəbiyev,
akad. Teymur Kərimli, prof. Qəzənfər Paşayevin
iştirakı və çıxışları əhəmiyyətli
olmuşdur.
Yaradılmış münasib şərait və alimlərimizin
fəallığı nəticəsində bir çox ərəb
alimləri ölkəmizə gəlmək, ədəbi
mühit və ədəbi irsin qorunduğu xəzinələrdən
istifadə etmək təşəbbüsündə
olmuşlar. Bu baxımdan Beyrut Universitetinin (Livan) professoru Viktor əl-Kikin,
Eyn Şəms Universitetinin professoru Muhəmməd Səid Cəmaləddinin
Ədəbiyyat İnstitutunda görüşləri hər
iki tərəf üçün maraqlı olmuşdur. Bəhreyn Universitetinin professoru Abduləziz
əl-Ani Şirvan şair, ədib və mütəfəkkirlərinin
ədəbi irsi
ilə tanış olmaq üçün Azərbaycana
elmi səfər etmək həvəsindədir.
2011, 2012 və 2013-cü illərdə Əlcəzairin
Tlemsen şəhərində təsəvvüflə
bağlı keçirilən beynəlxalq elmi konfranslarda bizim
iştirakımız çox səmərəli olmuşdur. Seyid Yəhya
Bakuvi haqqında təqdim etdiyim məruzə maraqla qarşılanmışdır.
Əlcəzair Elmi-Tədqiqatlar Mərkəzinin
əməkdaşı, doktor Zaim Xanşlavi fransız dilində
qaynaqlardan istifadə edərək Nəsiminin poeziyası və
dünyagörüşü haqqında çıxış
etmişdir. O, 2015-ci ildə Bakıya səfəri
zamanı Ədəbiyyat İnstitutu və Fəlsəfə İnstitutunun
əməkdaşları qarşısında
çıxış etmişdir.
2021-ci ildə Nizami Gəncəvi ilinin keçirildiyi
dövrdə ərəb alimləri böyük Azərbaycan
şairinin öyrənilməsinə marağı daha da
artırmışlar. Məlumdur ki, hələ keçən əsrin ikinci
yarısında şairin irsinin öyrənilməsi sahəsində
Misir alimləri prof. Muhəmməd Quneymi Hilal, Abduneym Həsəneyn,
Muhəmməd Bədi Cuma, Muhəmməd Səid Cəmaləddin
Nizami Gəncəvi irsinin öyrənilməsi sahəsində
böyük işlər görmüşlər. Eyn Şəms Universitetinin professoru Abdussəlam Abduləziz
Fəhmi və Qahirə Universitetinin professoru Hüseyn Mucib əl-Misrinin
Xaqani Şirvaninin və Məhəmməd Füzulinin həyatı
və yaradıcılığının tədqiqi ilə məşğul
olmuşlar. İraq Füzulinin ərəb
dünyasında tanıdılmasında İraq alimi doktor
Hüseyn Əli Məhfuzun xidmətləri vardır. Adıçəkilən alimlərin "Fəzilət
şairi Nizami Gəncəvi. Həyatı, mühiti və
əsərləri", "Buhturidə və Xaqanidə Mədain
qəsri", "Türk şeirinin əmiri Füzuli
Bağdadi" adlı əsərləri Xaqani, Nizami və
Füzuli irsinin tədqiqində böyük əhəmiyyətə
malikdir.
Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli
İnstitutun ərəb ölkələri ilə əlaqələrinin
genişlənməsi qayğısına qalır və
münasib mütəxəssisləri bu istiqamətə
yönəldir. 2021-ci ildə Nizami ilinin keçirilməsi ilə əlaqədar
YUNESKO-nun nəzdində Azərbaycan Milli Komitəsi, Azərbaycan
Respublikasının İordaniyadakı Səfirliyi,
Ammandakı Al Beyt Universiteti və Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun iştirakı ilə ərəb
alimlərinin Nizami haqqında yazdıqları məqalələrdən
ibarət "Azərbaycan şairi Nizami Gəncəvi ərəblərin
gözü ilə" adlı kitab
hazırlanmışdır. Kitabın elmi
redaksiya heyəti akad. İsa Həbibbəyli,
prof. İmamverdi Həmidov və Mərakeş alimi prof.
Əhməd Musadır. Burada 8 ərəb
ölkəsindən 13 alimin məqaləsi, habelə akad.
İsa Həbibbəyli və prof. İmamverdi Həmidovun
məqalələri verilmişdir. İlk dəfə
olaraq ərəb dünyasında böyük şairimiz
haqqında nəşr edilən kitabın üz
qabığında "Azərbaycan şairi Nizami Gəncəvi"
ifadəsi əksini tapmışdır.
2024-2025-ci
illərdə yerinə yetirilməsi nəzərdə tutulan
YUNESKO-nun mədəniyyət layihəsində iştirak edən
Ədəbiyyat İnstitutu təklifini "Misirin Qahirə və
İskəndəriyyə kitabxanalarında saxlanılan əlyazmalarda
Azərbaycan müəlliflərinin əsərlərini
aşkara çıxarmaq, seçilmiş nümunələri
tərcümə və nəşr etmək" adlı
işlə irəli sürmüşdür. Müsbət
nəticə alındığı təqdirdə, təklif
alimlərimiz tərəfindən Misirdə və Azərbaycanda
yerinə yetiriləcək.
Ərəb ölkələrində Azərbaycan ədəbiyyatı
nümunələrinin təbliği işində Ədəbiyyat
İnstitutu həmişə maraqlı olmuşdur. Son illərdə
Bakıda elmi-tədqiqat yolu keçmiş və hazırda fəaliyyətini
burada davam etdirən Misir alimi prof. Əhməd Sami Kamal
Abdullanın "Yanmayan əlyazma" əsərini ərəb
dilinə tərcümə etmişdir. Kitab
Qahirədə geniş tirajla nəşr edilmişdir.
Son
günlərdə Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutuna ədəbiyyatımız
üçün çox əhəmiyyətli bir iş daxil
olmuşdur. Bu, Nizami Gəncəvi "Xəmsə"sinin
ərəb dilinə tərcüməsi ilə
bağlıdır. Bilindiyi kimi,
böyük şairin "Xəmsə"si dünyanın
bir çox ölkələrində tədqiqata cəlb
olunduğu kimi onun tərcüməsi də həyata
keçirilir.
Bütov şəkildə o, ingilis və rus dillərinə,
"Xəmsə"yə daxil olan əsərlərin bəziləri
müxtəlif dillərə tərcümə edilmişdir. Bu işdə
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü
təqdirəlayiqdir. Bu vaxta qədər
yalnız "Xosrov və Şirin" poeması ərəb
dilinə çevrilmişdir. "Xəmsə"nin tam tərcüməsi Qahirə Universitetinin
Elmi Tədqiqatlar fakültəsinin azad professoru Abduləziz
Mustafa Məhəmməd Bakkuş tərəfindən yerinə
yetirilmişdir. Hazırda bu filoloji tərcümə
bizim tərəfimizdən redaktə edilir. Göstərmək
lazımdır ki, Misir Nizamişünası çox çətin
və zəhmət tələb edən bir iş
görmüşdür. Şübhəsiz, hər
yerdə var olmağını bildirən dahi Nizami ərəb
dünyasında da oxucuların gözü
qarşısında canlanacaq.
Hesab
edirik ki, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu ilə ərəb ölkələri arasında əməkdaşlıq
əlaqələri daha da genişlənəcək.
İmamverdi Həmidov
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 2 mart,
¹8.- S.14.