XX əsr (sovet dövrü) Azərbaycan
ədəbiyyatı şöbəsi
İnstitutumuzun yubileyi münasibətilə məqalə
yazmaq tapşırığını alanda çox fərəhləndim.
Ömrümün-günümün yarıdan çoxunu
yaşadığım bu ikinci doğma ailəmin zəngin
elmi-ədəbi mühitində şahidi,
iştirakçısı olduğum tədbirlər və həmkarlığını
səadət sandığım yüksək mənəviyyatlı,
müdrik, vətənpərvər insanları barədə
yaddaşımda o qədər deyiləsi sözüm,
yaşarlı xatirələrim var ki... İnstitutda işlədiyim
illərdə ədəbiyyatşünaslıq elminin
korifey alimləri Məmməd
Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov,
Mirzağa Quluzadə, Kamal Talıbzadə, Əziz Mirəhmədov,
Azadə Rüstəmova, Bəkir Nəbiyev, Yaşar Qarayevdən
tutmuş Cənubi Azərbaycanlı alimlərimizdən
Qulamhüseyn Beqdeli, Qafar Kəndli, Mirzə Abbaspur, Qasım
Cahani və başqaları ilə əməkdaşıq məqamlarından
yaddaşımda iz salan əhvalatlar az deyil. Vaxtilə "XX əsr
(sovet dövrü) Azərbaycan ədəbiyyatı"
şöbəsində çalışmış Yəhya
Seyidov, Həbib Babayev, Məsud Əlioğlu, Yaqub
İsmayılov, Fəridə Vəlixanova, Atif Zeynallı, Arif
Abdullazadə, Rasim Tağıyev, Nazif Qəhrəmanlının
alim şəxsiyyəti barədə kitab bağlamaq olar. Bəzilərinə geniş həcmli məqalələr
həsr edib, ədəbi portretlərini yaratmağa səy
etmişəm. Ötən əsrin son
rübündə şöbə müdirimiz olan şair-alim-vətəndaş
kimi yüksək mövqeyə çatmış, ancaq insani
keyfiyyətləri ilə bütün onu tanıyanların dərin
rəğbətini, məhəbbətini qazanmış
Qasım Qasımzadə haqqında yazdığım
monoqrafiya "Elm" nəşriyyatında çapa
hazırlanır. Hazırki şöbə müdirimiz
professor Şirindil Alışanlı isə bu müqəddəs
elm və ədəbiyyat ocağının ən ləyaqətli
sələfidir...
Qəfil onun ağır vəziyyətdə xəstəxanaya
aparılması xəbərini aldıq. Elə sarsıntılar olur
ki, zəhərli odlu nəfəs kimi vücudunu silkələyir,
ürəyində, beynində elə təlatüm yaradır ki, onu sözə,
ifadəyə çevirib içindən
çıxarmağa, kiminləsə bölüşməyə
belə, iqtidarın çatmır...Donub qaldıq... Şöbədə hamımızın əzizimiz,
doğmamızdır...Yayda ağır xəstəlikdən əməliyyat
olunmuşdu. Artıq sağalmaqda, ara-bir
işə gəlməkdə idi. Tamamilə
sağaldığını deyən həkimlərindən
çox razılıq edirdi.
Ş.Alışanlı 20 ildir ki, İnstitutun "XX əsr
(sovet dövrü) Azərbaycan ədəbiyyatı"
şöbəsinin müdiridir. Xeyirxahlığa,
duyğusallığa açıq ürəyi ilə hər əməkdaşına
elə doğmalıq örnəyi olub ki, şöbəmizdə
həqiqi mənada ruhən, qəlbən bir-birinə
bağlı bir ailə ocağı yaradıb. Onunla yaxın-uzaq ünsiyyətdə olan hər bir
kəsdə nəcibliyi, müdrikliyi, ər xarakteri və
görünüşü ilə dərin rəğbət
oyadır. Dərin biliyi, hərtərəfli
elmi-nəzəri məlumatlılığı, yüksək
erudisiyası sayəsində elmi-ədəbi fəaliyyətimizi
tənzimləyir, tədqiqlərimizin səmtinə, səviyyəsinə
əminliklə ictimailəşməsinə imzasını
qoyur. Onun rəhbərliyi ilə
şöbədə həm dövrün ədəbiyyat
tarixi, görkəmli şəxsiyyətlərinin elmi-ədəbi
irsi, həm də janrlar üzrə elmi-nəzəri problemləri
ilə əlaqədar tədqiqatlar aparılıb, monoqrafiyalar
nəşr edilir. "XX əsr Azərbaycan
ədəbiyyatı məsələləri"
seriyasından artıq 7-ci kitab da redaktə edilib, çap
üçün hazırlanmışdır. Hazırda
Ş.Alışanlı baş redaktoru olduğu çoxcildli
"Azərbaycan ədəbiyyatı tarixi"nin VI cildini
çapa hazırlamaqla yanaşı, özünün "Səməd
Vurğun" və "Mirzə İbrahimov"
monoqrafiyalarını da yekunlaşdırmaq üzrədir.
Düz
bir il öncə Şirindil müəllimin 70 illiyi münasibətilə
"Elm" nəşriyyatı tərəfindən
buraxılmış "Şirindil Alışanlı"
kitabını vərəqləmək kifayətdir ki, elmi-ədəbi
ictimaiyyətin onun alimlik missiyasına verdiyi yüksək dəyəri
və şəxsiyyətinə, insanlıq keyfiyyətinə
olan məhəbbəti, ehtiramı duymaq olsun. Xalq
yazıçısı Elçin, akademik İsa Həbibbəyli,
AMEA-nın müxbir üzvləri Kamal Talıbzadə, Tehran
Əlişanoğlu, Şahbaz Muradov, tanınmış ədəbiyyat
və elm xadimlərinin yazılarını məhz onun şəxsiyyətinə
olan heyranlıq və sevgi notları bədiiləşdirir.
İnstitutumuzun yubileyi günlərində
Ş.Alışanlının "Sözün yaşamaq
haqqı" kitabı haqqında Tehran Əlişanoğlunun
fikri Ədəbiyyat İnstitutu kollektivinin bütün ürək
sözüdür: "Kitabda çoxlu həyat materialı
var; Şirindil Alışanlı sanki ötüb-getmiş əyyamların
canlı, diri, amma bugün olmayan elmi mühitinin
obrazını yaradır. Vardıqca, göz
önünə Ədəbiyyat İnstitutunun illəri,
insanları, qaynar dəhlizləri, isti atmosferi gəlir. Şirindil Alışanlını bu mühitin,
insanların, söz açdığı korifeylərin
arasında, sırasında, tarixi obrazında
görürük. O ki qaldı daha bir obraza - akademik
rütbəyə, lap yaxınında olsa da, Şirindil
Alışanlı həmişə rütbələrdən ucada
durmuşdur".
Ədəbiyyatşünaslığımıza,
elmimizə sanballı tədqiqat işləri ilə illərdən
bəri yaşarı töhfələr vermiş "XX əsr
(sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsi"nin əməkdaşları Şirindil
Alışanlının rəhbərliyi ilə ənənələrinə
sadiq qalaraq öz fəaliyyətini inamla davam etdirməkdədir.
Səfurə Quliueva
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 2 mart,
¹8.- S.17.