Nizamişünaslıq
şöbəsi Azərbaycanın müstəqilliyi
dövründə
Məlumdur
ki, hələ 1981-ci ilin avqust ayında Azərbaycan
Respublikasının Mərkəzi Komitəsinin "Nizami Gəncəvinin
anadan olmasının 840 illiyi haqqında" verdiyi qərara əsasən,
Azərbaycan Respublikasının rəhbəri Heydər
Əliyevin təşəbbüsü və himayədarlığı
ilə elə həmin ildə AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunda ilk dəfə olaraq, ayrıca
Nizamişünaslıq şöbəsi
yaradılmışdı və şöbəyə rəhbərlik
professor, əməkdar elm xadimi Rüstəm Əliyevə həvalə
olunmuşdu. Həmin dövrdə Heydər Əliyevin xüsusi
tapşırığı və Nizamişünaslıq
şöbəsinin iştirakı ilə Nizami Gəncəvi əsərlərinin
filoloji tərcümələri hazırlanaraq Azərbaycan və
rus dillərində nəşr edildi. Şairin
poemalarının poetik tərcümələri orijinalla
yoxlanılıb dəqiqləşdirildi, müqəddimələr
və şərhlər daha mükəmməl şəkildə
yazıldı.
Nizaminin şəxsiyyəti, həyatı, ədəbi
mühiti və yaradıcılığının
mühüm istiqamətlərinin öyrənilməsi həmin
dövrdən başlayaraq tədqiqat obyektinə çevrildi. Şairin
Şərq bədii fikir tarixinə gətirdiyi yüksək bəşəri
ideyaların, klassik poetik ənənələrdən bəhrələnməklə,
orijinallığı və bədii sənətkarlıq
xüsusiyyətlərinin tədqiqi sahəsində
mühüm işlər görüldü. Bu dövrdə respublikada və
Nizamişünaslıq şöbəsində görülən
monumental işlər haqqında təsəvvür yaratmaq
üçün onların bəzilərini qeyd etmək
lazımdır.
XX əsrin
80-ci illərində Nizami "Xəmsə"si üzrə
ayrı-ayrı poemaları Azərbaycan və rus dillərinə
- R.Əliyev, M.Əlizadə, H.Məmmədzadə,
Q.Əliyev, V.Aslanov tərəfindən filoloji tərcümə
olunaraq, Y.E.Bertels, Həmid Araslı, Tahir Məhərrəmov,
Əhmədağa Əhmədov, Məmməd Arif, Mirzə
İbrahimov, Z.Quluzadə kimi görkəmli alimlərin
redaktorluğu, Ön sözü, izahları ilə nəşr
olunmuşdur.
Görkəmli Nizamişünas alimlərdən R.Azadənin
"Nizami Gəncəvi. Həyatı və sənəti" (Bakı, 1979) və
"Nizami Gəncəvi" (Bakı, 1980), Nüşabə
Araslının "Nizami və türk ədəbiyyatı"
(Bakı,1979), A.Hacıyevin "Renessans və
Nizami Gəncəvi poeziyası" (Bakı, 1980); M.Cəfərin
"Nizaminin fikir dünyası" (Bakı, 1982), X.Yusifovun
"Şərqdə intibah və Nizami Gəncəvi"
(Bakı, 1982); R.Əliyevin "Nizami. Azərbaycan, rus və
ingilis dillərində biblioqrafik məlumat" (Bakı, 1983)
və "Ölməz məhəbbət dastanı"
(Bakı, 1984); X.Hüseynovun "Nizaminin "Sirlər xəzinəsi"
(Bakı, 1983); Ç.Sasaninin "Nizaminin "Leyli və Məcnun"
poeması" (Bakı, 1985); M.Kazımovun "Nizaminin
"Yeddi gözəl" poeması və XIV-XVI əsrlər
farsdilli ədəbiyyatda nəzirə ənənəsi"
(Bakı, 1987); Z.Quluzadənin "Şərq mədəniyyəti
tarixinin nəzəri problemləri və
nizamişünaslıq" (Bakı, 1987); C.V.Qəhrəmanov
və K.Allahyarovun "Nizami Gəncəvi əsərlərinin
əlyazmaları dünya kitab xəzinələrində"
(Bakı, 1987) və sair elmi araşdırmalar bu gün də
öz əhəmiyyətini saxlamaqdadır.
Bu
dövrdə Nizami əsərlərinin ümumittifaq
miqyaslı nəşrləri mühüm yer tutur: Nizami. Şeirlər və poemalar. (Leninqrad,
1981); Nizami Gəncəvi. Seçilmiş əsərləri.
5 cilddə (Moskva, "Xudojestvennaya literatura", 1985) və s.
nəşrlər böyük əhəmiyyətə malik
işlərdir.
Qeyd etmək lazımdır ki, AMEA-nın müxbir
üzvü Azadə Rüstəmova Nizamişünaslıq
şöbəsinə rəhbərliyi dövründə
öz fəaliyyətini uğurla davam etdirmişdir. "Nizami
dünya ədəbiyyatşünaslığında"
toplusu, "Nizami" almanaxının I, II və III
buraxılışları işıq üzü
görmüşdür.
1981-1991-ci illərdə Nizamişünaslıq
şöbəsinin Nizami Gəncəvinin həyat və
yaradıcılığına həsr olunmuş 4
Ümumittifaq konfrans keçirilmiş,
Nizamişünaslığın aktual problemlərinə həsr
olunmuş yüzlərlə məruzə dinlənilmişdir.
Lakin 1991-ci ildə Azərbaycanın müstəqilliyinin
ilkin dövründə o zaman hələ bizə məlum
olmayan qüvvələrin təsiri ilə
Nizamişünaslıq şöbəsi bağlandı və
işçilər müxtəlif şöbələrə
yerləşdirildi. Bir çox Nizamişünas-alimlər və
hələ yetişməkdə olan gənc nəslin elmi
profilləri dəyişdirilərək başqa istiqamətə
yönəldilsə də, Nizami Gəncəvi irsinin problemləri
alimlərimizin daim diqqət mərkəzində olmuş və
Azərbaycan Nizamişünaslığının ənənələri
davam etdirilmişdir. İnstitutun əməkdaşları
tərəfindən nəşr olunan - Azadə Rüstəmova.
"Nizaminin poeziya sələfləri"
(Bakı, 1999); İmamverdi Həmidov. "Əbu
Bəkr əl-Valibi və onun Əxbarül-Məcnun və əşarü-hu"
əsəri (Bakı, 1999); Teymur Kərimli. "Nizami və tarix" (Bakı, 2002); Nüşabə
Araslı. "Nizaminin poetikası"
(Bakı, 2004); Zəhra Allahverdiyeva. "Azərbaycanda
nizamişünaslığın təşəkkülü və
inkişafı" (Bakı, 2007), Zəhra Allahverdiyeva. "Xəmsə" üslubunda türk sözləri
(Bakı, 2012), Teer E.M. Nizami Qəndjevi v polğskix issledovaniəx
i perevodax (Baku, 2012), Vəfa Hacıyeva. "Nizami
Gəncəvi yaradıcılığında adlar"
(Bakı, 2004), Vəfa Hacıyeva. "Nizami
Gəncəvi yaradıcılığında adların
tipoloji-üslubi xüsusiyyətləri" (Bakı, 2010),
Gülçin Babayeva. "Nizami Gəncəvi
İran nizamişünaslığında" (Bakı, 2012) və
başqa əsərlər müstəqilliyimizin ilk
dövründə Nizamişünaslığın qlobal
problemlərinin həllinə yönəldilmiş sanballı
elmi əsərlərdir.
2014-cü
ilin yanvar ayında AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin
təşəbbüsü ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yenidən
Nizamişünaslıq şöbəsi yaradılaraq fəaliyyətə
başladı. Şöbənin rəhbəri
görkəmli Nizamişünas-alim, AMEA-nın müxbir
üzvü Nüşabə Araslının
başçılığı ilə dahi şairin həyatının
və ədəbi irsinin tədqiqi və təbliği işi
daha da genişləndirildi.
Onu qeyd etmək lazımdır ki,
Nizamişünaslığın inkişafında hər bir
dövrün öz spesifik xüsusiyyətləri mövcud
olmuşdur.
XVIII-XIX əsrlərdə Azərbaycanın Çar
Rusiyası tərəfindən işğal olunması, Azərbaycanın
ikiyə bölünməsi, daha sonra XX əsrdə qapalı
postsovet məkanında Azərbaycanın tarixi, ədəbiyyatı
və mədəniyyəti haqqında xarici ölkələrdə
təbliğat işi məhdudlaşmış, bu səbəbdən, Avropada
yanlış olaraq, bütün Şərq xalqlarının
farsdilli ədəbi irsinin, o cümlədən, Azərbaycanın
ayrılmaz söz xəzinəsi olan Nizami Gəncəvi irsinin
İran mədəniyyəti altında təbliğ
olunmasına zəmin yaranmışdır. Necə deyərlər,
torpağımızı işğal edib, mədəniyyətimizi
talamış və söz xəzinəmizi yadların adına yazmışlar.
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyatı
və mənşəyi haqqında bir sıra ciddi təhriflərin
veb saytlarda yerləşdirilməsi və yanlış
informasiyaların yayılması dünya şərqşünaslıq
elminin səviyyəsinə və nailiyyətlərinə
kölgə salmaqla yanaşı, Azərbaycan
Nizamişünaslığının inkişafına da əngəllər
törədir.
İlk öncə, son dövrlərdə Nizaminin
bioqrafiyası ətrafında kobud səhvlər və ziddiyyətlər
rus və ingilis dilində yaradılmış vikipediyada yer
alır. Bu
vikipediyanın elmi mənbələrini, əsasən, köhnə
ensiklopediyalar, həmçinin bəzi İran, Rusiya və
Avropa alimlərinin artıq müasir dünya elminin tələblərinə
cavab verməyən əsərləri və bir neçə qərəzli
işlər, o cümlədən, İran müəllifləri
S.Lornejad və Əli Dostzadənin erməni
havadarlarının dəstəyi ilə İrəvanda 2012-ci
ildə nəşr olunan "Fars şairi Nizami Gəncəvinin
modern siyasiləşdirilməsi haqqında" (On the Modern
Politicization of the Persian Poet Nezami Ganjavi) adlı həqiqətə
zidd kitab və sair bu kimi işlər təşkil edir. Bu vikipediyada, hətta erməni müəllifinin qərəzli
təhrifinə də yer verilmişdir.
Müstəqilliyimiz
dövründən başlayaraq, mütəmadi olaraq ermənilərin
təhriki ilə bəzi İran alimləri Nizami Gəncəvinin
mənşəyini, soy kökünü, ata-anasının
doğma məskəni, Azərbaycanın qədim şəhəri
Gəncənin tarixini təhrif etməklə məşğuldurlar.
Bu səbəbdən müasir Azərbaycan nizamişünasları
daim süni olaraq yaradılmış bu yanlışlıqlara
cavab verməli olur, müxtəlif Beynəlxalq konfranslarda əks
tərəfin iddiaçıları ilə lüzumsuz
dialoqlara qoşulmaq məcburiyyətində qalırlar.
Azərbaycan
türklərinin bir məşhur məsəli var: "Dəyirman
öz işində, çax-çax baş
ağrıdar". AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Nizamişünaslıq şöbəsi dahi şairimizin nəsil-şəcərəsi,
həyatı, mühiti və
yaradıcılığının öyrənilməsi sahəsində
mühüm nailiyyətlər qazanmışlar. İnstitutun
direktoru, akademik İsa Həbibbəylinin rəhbərliyi və
Nizamişünaslıq şöbəsinin fəaliyyəti sayəsində
"Nizami Gəncəvi almanaxı"nın
nəşri bərpa olunmuşdur. 2019-cu ildən etibarən
Bakıda çap olunan "Nizami Gəncəvi
almanaxı"nın dörd sayı
işıq üzü görmüşdür.
XXI əsr - Azərbaycanın milli müstəqillik və
dövlətçiliyinin möhkəmləndiyi, azad
olunmuş torpaqlarımızda zəfər marşının
çalındığı, bərpa və quruculuq işlərinin
başlandığı bir dövrdə elmin müxtəlif
strukturları üzrə, o cümlədən,
Nizamişünaslıq şöbəsində də uğurlu
addımlar atılmışdır.
Ölkənin
Prezidenti cənab İlham Əliyevin Azərbaycan
Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli"
elan edilməsi haqqında 5 yanvar 2021-ci il
tarixli Sərəncamı ölməz şairin irsinə
ardıcıl qayğı və diqqətin bariz nümunəsidir.
Vaxtında verilmiş bu sərəncamla Azərbaycan
Nizamişünaslıq elminin tarixində yeni bir dövr
başlamışdır. Nizami Gəncəvinin həyatı,
dövrü, ədəbi mühiti haqqında dəqiq elmi
araşdırmaların aparılması, şairin əsərlərinin
əlyazmalarının dürüst elmi-tənqidi mətnlərinin
üzə çıxarılması, sənətinin təsir
dairəsinin öyrənilməsi, Nizami Gəncəvi
ensiklopediyasının hazırlanması, şairin bədii
irsinin ideya-fəlsəfi, poetik xüsusiyyətlərinin daha
geniş aspektdə tədqiqi, poemalarının dünya
xalqlarının dilinə tərcümələri və nəşri
işlərinin yenilənməsi üçün mühüm
şərait yaranmışdır. Nizamişünaslıq
şöbəsində görkəmli mütəxəssis
Nizamişünas alimlərlə (Nüşabə Araslı, Zəhra
Allahverdiyeva, Yelena Teer, Vəfa Hacıyeva, Təhminə Bədəlova,
Hürnisə Bəşirova) yanaşı, gənc nəslin
nümayəndələri (Samirə Əliyeva, Lalə Paşayeva,
Məsumə Rzayeva) Nizamişünaslar nəsli yetişməkdədir.
"Nizami
Gəncəvi ili"ndə yazılmış çox əhəmiyyətli
işlərdən biri akademik İsa Həbibbəylinin 10 dildə
- Azərbaycan, türk, ingilis, rus, alman, Çin, polyak,
gürcü, Ukrayna və bolqar dillərində nəşr olunan
"Böyük Azərbaycan şairi Nizami Gəncəvi"
adlı monoqrafiyasıdır. Əsər
müasir Nizamişünaslığın bir çox aktual
problemlərinin dünya miqyasında əsaslı və
dürüst həllinə yönəldilmişdir.
Müəllifin məqsədi dünya mədəniyyətinə
yüksək humanist ideyalar, parlaq və çoxcəhətli
obrazlar gətirən, xalqların qardaşlıq və
birliyini tərənnüm edən dahi Azərbaycan şairi və
filosofu Nizami Gəncəvinin həyatı və
yaradıcılığı haqqında Qərb və Şərq
oxucusuna faktlar əsasında yeni və daha dəqiq məlumatlar
vermək və dünya ictimaiyyətinin diqqətini
Nizamişünaslığın aktual elmi-nəzəri problemləri
və onların həlli istiqamətlərinə yönəltməkdən
ibarətdir ki, bu da əsərin mühüm əhəmiyyətini
göstərir.
"Nizami Gəncəvi ili"nin uğurlu işlərindən
biri də AMEA-nın müxbir üzvü Nüşabə
Araslının rus dilində yenicə nəşrdən
çıxan "Nizami Gəncəvi və türk ədəbiyyatı"
adlı monoqrafiyasıdır.
Məlumdur ki, uzun illərdən bəri Nizami "Xəmsə"sinin
türkdilli məsnəvi janrı və orta əsrlər tərcümə
ədəbiyyatının inkişafında rolunun
araşdırılması öz əksini Nüşabə
xanım Araslının tədqiqlərində tapır. Onun yeni nəşr olunan
monoqrafiyası türk epik şeirinin yaranması və
inkişafında böyük rol oynamış Nizami Gəncəvi
sənətinin Türk ədəbiyyatına təsiri, tərcümə
və tədqiqi kimi aktual ədəbi əlaqə problemlərini
araşdıran geniş tədqiqat işidir.
Araşdırmada, həmçinin Nizaminin "Xəmsə"sinə
ana dilində nəzirə yazmış türk sənətkarlarının
əsərləri və Nizami mövzularında yaranan türk
poemalarından bəhs edilir. Müəllif H.Həmdi, T.Yəhya,
Feyzi, S.Feyzullah, Behişti, Çakəri, Əhmədi, Rizvan,
N.Ətayi və başqa şairlərin əsərlərinin
elmi təhlilindən çıxış edərək
türk ədəbiyyatının öz inkişaf mərhələsində
qarşılaşdığı ədəbi zərurət və
bu zərurətin törətdiyi qlobal inkişafı göstərir.
O, həmçinin türk sənətkarlarının Nizami
mövzularına müraciətinin dövrün ədəbi
estetik tələbatı ilə
bağlılığını göstərərək Nizami
təsirinin türk epik şeirinin inkişafında
oynadığı əvəzsiz rolu qiymətləndirir.
AMEA-nın
müxbir üzvü Azadə xanım Rüstəmova və
filologiya elmləri doktoru Fəridə Əzizovanın nəfis
şəkildə rus dilində Türkiyədə "Teas
Press" nəşriyyatı tərəfindən çap
olunan "V orbite slova Nizami Qəndjevi" ("Nizami Gəncəvi
sözünün orbitində") kitabı da müasir
Nizamişünaslığın töhfələrindən
biridir.
Azadə Rüstəmovanın klassik Azərbaycan
poeziyasının, eləcə də
Nizamişünaslığın zəngin problemlərinin, onun
çoxşaxəli istiqamətlərinin öyrənilməsində
müstəsna rolu olmuşdur. Azadə xanımın
yaradıcılığının çiçəkləndiyi
dövr Azərbaycan Nizamişünaslığının XX əsrin
60-cı illərindən sonrakı mərhələsinə təsadüf
edir. Məlumdur ki, o vaxta qədərki dövr, yəni
XX əsrin 40-cı illəri Azərbaycan
Nizamişünaslığının tarixinə qızıl
dövr kimi daxil olmuş və görkəmli şərqşünas
Y.E.Bertelsin (1938-1948) Nizamişünaslığın fəaliyyətini
yekunlaşdırarkən qeyd etdiyi kimi, Nizaminin öyrənilməsi
sahəsində gələcək işlərin davam etdirilməsi
üçün əsas baza yaradılmışdı. Azadə xanım Y.E.Bertelsin tələbəsi
olmuşdu, təbii olaraq, bu görkəmli şərqşünasın
məktəbini keçmişdi. Məlumdur ki, Bertels
özünün tədqiqatlarında dəqiq nəticəyə
gəlmişdir ki, epik janrda Şərq poeziyasının
sonrakı taleyini Nizami Gəncəvi həll etmişdir, yəni
Şərqin epik janrı XII əsrdən sonra Nizami Gəncəvi
yaradıcılığına bağlıdır. Bu məsələlərin ədəbi-nəzəri
aspektdən araşdırılmasında Azadə
xanımın rolu böyükdür. Epik
janrın inkişaf yollarını müəyyənləşdirən
belə bir fundamental əsər Azadə xanıma qədər
yazılmamışdı. Bu baxımdan,
"Nizami Gəncəvi sözünün orbitində"
kitabında Nizamişünaslığın bir sıra aktual
problemlərinin yenidən tədqiqata cəlb olunması əhəmiyyətlidir.
Son
dövrlərdə Nizami Gəncəvinin "Sirlər xəzinəsi"
və "Yeddi gözəl" əsərinə monumental
çoxcildlik şərhlər kitabını yazmaqla, çətin
və məsuliyyətli bir işi öz üzərinə
götürən tədqiqatçı-alim Siracəddin
Hacının xidmətlərini də qeyd etmək
lazımdır. İctimaiyyətə təqdim
etdiyi şərh kitablarında Siracəddin Hacının əsas
məqsədi islam dininin fundamental görüşləri,
şəriətin əsaslarının təsdiqi və təbliği
sahəsində Nizami Gəncəvi əsərinin rolunun və
həmçinin şairin müsəlman ideologiyasının
filosof-sənətkarı olaraq böyüklüyünün,
bənzərsizliyinin öyrənilməsidir.
Nüşabə Araslı
Zəhra Allahverdiyeva
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 2 mart,
¹8.- S.16-17.