Ədəbiyyat nəzəriyyəsi
şöbəsi: tarixi, elmi istiqamətləri və
kadrları
Ədəbiyyat
İnstitutunda ədəbiyyatşünaslığın bir
sahəsi kimi ədəbiyyat nəzəriyyəsi hər zaman
araşdırılmışdır. Bədii ədəbiyyatın
qanunauyğunluqları, ənənə, mədəni irs, novatorluq, milli xarakter, millilik və beynəlmiləlçilik,
realizm və romantizm, ədəbi növ və janrlar ilk
başlanğıcda sosializmin tələbləri çərçivəsində
- formaca milli, məzmunca sosialist tələblər məngənəsində
sıxılaraq öyrənilmişdir. Azərbaycanda
30-40-cı illərdə Atababa Musaxanlı, Əli Nazim, Hənəfi
Zeynallı, Mikayıl Rəfili, Məmməd Arif, Mir Cəlal,
Mehdi Hüseyn, Mirzə İbrahimov ideoloji təzyiqlərə
məruz qalsalar da, dərsliklər, tədqiqatlar, məqalələrlə
nəzəri fikrin formalaşmasında mühüm rol
oynamışlar. Ədəbiyyat nəzəriyyəsində
ardıcılıq və mövzuların əhatə dairəsindəki
zənginlik Ədəbiyyat nəzəriyyəsi bir şöbə
kimi yarandıqdan sonra sistemli hal almışdır.
İnstitutmuzun tarixində, nailiyyətlərində
Ədəbiyyat nəzəriyyəsi şöbəsinin
özünəməxsus, fərqli yeri var. 1958-ci ildə yaradılan
şöbəyə akademik Məmməd Cəfər Cəfərov
əmr əsasında müdir təyin olunmuş və
1960-cı ildə seçki elan edilərkən bu vəzifəyə
seçilmişdir. 60-cı illər ədəbiyyatımızda
olduğu kimi ədəbiyyatşünaslıqda da yeni mərhələyə
keçid dövrüdür. Bu mərhələ
özünü Ədəbiyyat nəzəriyyəsi
şöbəsinin formalaşdırdığı yeni
baxışda da göstərir. Belə ki,
Məmməd Cəfər Cəfərovun rəhbərliyi ilə
yeni nəzəriyyə məktəbi formalaşır. Həmin məktəbin özəyində Azərbaycan
romantizmini dünya romantizminin bir tipi kimi müəyyənləşdirmək
dayanır. Akademikin irəli
sürdüyü nəzəriyyə yalnız Azərbaycan
yox, bütün türk xalqlarının ədəbiyyatları
üçün elmi əhəmiyyətə malikdir. Klassik ədəbiyyat ənənələrinə,
XIX əsrin sonlarından başlayan milli intibaha, XX əsrin ilk
onilliklərinin qlobal tarixi proseslərinə, fəlsəfi nəzəriyyələrinə,
dünya ədəbiyyatına yaxından bələd olmadan Azərbaycan,
eləcə də Şərq romantizmi tipini müəyyənləşdirmək
qeyri-mümkündür. Məməd Cəfər Cəfərovun
Nizami, Nəsimi, Füzuli, M.F.Axundzadə, Mirzə Cəlil,
Hüseyn Cavid, müasiri olduğu yazıçılar, XIX əsr
rus ədəbiyyatı klassiklərinin
yaradıcılığı üzərindəki tədqiqatları,
dünya ədəbiyyatı ilə apardığı
müqayisəli araşdırmalar onun nəzəriyyə məktəbinin
fundamentallığını və
davamlılığını təmin etdi.
Məlumdur ki, 30-cu illərdə repressiyaya uğrayan daha
çox romantiklərin idealları idi və romantizmi klassik
irslə əlaqələndirmək, onları realistlərlə
müqayisə etmək bir tərəfdən
qarşısı alınan idealların bərpasına yol
açır, digər tərəfdən də ədəbiyyatımıza
kompleks nəzəri baxış formalaşdırırdı. Ədəbiyyat
nəzəriyyəsi şöbəsinin ilk
başlanğıcdan tədqiqatlarının bu istiqamətə
yönəlməsi nəzəri fikirdə oyanış kimi dəyərləndirilə
bilər.
Yaradıcılığına bütövlükdə nəzər
saldıqda şahid oluruq ki, Məmməd Cəfər müəllim
tədqiqatlarında kompleks şəkildə ədəbiyatımızın
tədqiqinin nəzəri-estetik bazasını işləyib
hazırlamışdır. O, özünün layiqli
davamçılarını yetişdirdi. Şöbənin
yarandığı ilk vaxtlardan aparılan elmi tədqiqatlarda
Əziz Mirəhmədov, Kamal Talıbzadə, Yaşar Qarayev,
Orucəli Həsənov, Gülrux Əlibəyli, Arif
Hacıyev, Qulu Xəlilov, Yəhya Seyidov, Şamil Salmanov, Vəli
Osmanlı, Elçin Əfəndiyev, Arif Səfiyev kimi
tanınmış alimlər yaxından iştirak ediblər.
AMEA-nın müxbir üzvü və Məmməd Cəfər
Cəfərovdan sonra şöbənin müdiri vəzifəsinə
seçilən (1982-1992) Yaşar Qarayev Azərbaycan realizmi
tipinin mövcudluğunu əsaslandırdı və onun mərhələləri
haqda mübahisələrə həlledici aydınlıq gətirdi. O, eyni zamanda dramaturgiya,
xüsusən faciə janrına aid tədqiqatları ilə nəzəriyyə
tariximizdə, özünəməxsus yer qazandı. Yaşar Qarayev ədəbi-tənqidi məqalələri
ilə fəlsəfi-estetik tənqidçi kimi
tanınmışdır. Onun şöbəyə rəhbərlik
etdiyi dövrdə şöbədə iki bölmə fəaliyyət
göstərib: Müasir ədəbi proses (rəhbəri:
professor Şirindil Alışanlı) və Ədəbi tənqidin
və ədəbiyyatşünaslığın metodologiyası
(rəhbəri: professor Şamil Salmanov). Müasir ədəbi
proses bölməsinin bazası əsasında professor Akif
Hüseynovun rəhbərliyi ilə müstəqil şöbə
yarandıqdan sonra həmin bölməni Şirindil
Alışanlının təşəbbüsü ilə
yaradılan Tarixi poetika (rəhbəri: Şirindil
Alışanlı) bölməsi əvəz etdi. Onu da qeyd etmək lazımdır ki, ədəbiyyatşünaslığın
bir sahəsi olan ədəbi tənqidə aid son illərə
qədər ayrıca şöbə fəaliyyət göstərmirdi.
Akademik İsa Həbibbəyli institutumuzun
direktoru seçildikdən sonra Ədəbiyyat nəzəriyyəsi
şöbəsinin bazası əsasında Vaqif Yusiflinin rəhbərliyi
ilə Ədəbi tənqid şöbəsi də
yaradılmışdır.
Ədəbiyyat nəzəriyyəsi şöbəsinə
1992-2006-cı illərdə rəhbərlik edən professor
Şamil Salmanov tənqid tarixinin nəzəri aspektlərinə,
ədəbi tənqidin metodologiya və tipologiyasına, ədəbi
prosesin ənənə və novatorluq müstəvisində dəyərləndirməsinə
həsr olunmuş əsərlərində ədəbiyyatşünaslığımızın
bir sıra aktual problemlərini tədqiq etmişdir.
2006-2012-ci illərdə Ədəbiyyat nəzəriyyəsi
şöbəsinə professor Nizaməddin Şəmsizadə
rəhbərlik etmişdir. Onun
yaradıcılığının əsas istiqamətlərini
tənqid tarixi, ədəbiyyatın inkişaf
qanunauyğunluqları, ədəbiyyat və ideologiya məsələləri
təşkil edir.
Ədəbiyyat nəzəriyyəsi şöbəsi hər
zaman yetişdirdiyi kadrlarla fərqlənmişdir. Bu kadrlara nümunə olaraq
AMEA-nın həqiqi üzvləri: Məmməd Cəfər Cəfərov,
Kamal Talıbzadə, İsa Həbibbəyli, Nərgiz
Paşayeva, Muxtar İmanov, AMEA-nın müxbir üzvlər:
Əziz Mirəhmədov, Yaşar Qarayev, dövlət xadimləri,
millət vəkilləri: professorlar: Elçin Əfəndiyev,
Vilayət Quliyev, İsrafil İsrafilov, fil.e.dr. dos.
Əziz Ələkbərli, fil.ü.f.dr. Səyyad
Aran, AMEA-da, universitetlərdə çalışıb və
nüfuzlu alim kimi tanınan elmlər doktorları, professorlar:
Məmməd Əliyev, Timuçin Əfəndiyev, Şirindil
Alışanlı, Vaqif Yusifli, Rəhim Əliyev, Məryəm
Əlizadə, Rəhilə Qeybullayeva, Hüseyn Həşimli,
Asif Hacılı, İsmayıl Vəliyev, İlham Rəhimli,
Şamil Vəliyev b.
Ədəbiyyat
nəzəriyyəsi şöbəsində son illər klassik
Azərbaycan və Şərq ədəbiyyatlarının nəzəri
məsələləri, bədii əsərin strukturu, ədəbi
növ və janrlar, təhlil metodları, nəzəriyyə
tarixi, milli kimlik, mifopoetika, neosufizm və s. kimi aktual problem və
elmi istiqamətlərə həsr olunmuş elmi tədqiqatlar
aparılmışdır. Şöbə biri fərdi
(layihənin qalibi fil.ü.f.dr. Maral
Yaqubova), biri isə kollektiv (layihə rəhbəri fil.e.dr.
professor Tahirə Məmməd) olmaqla iki dəfə Azərbaycan
Respublikasının Prezidenti Yanında Elmin İnkişafı
Fondunun qrant layihəsini qazanmışdır. Kollektiv
şəkildə yerinə yetirilən layihə əsasında
4 tək müəllifli monoqrafiya (Tahirə Məmməd, Rəhilə
Qeybullayeva, Pərvanə Bəkirqızının
monoqrafiyaları) və "Ədəbiyyat nəzəriyyəsi"
(müəliflər: akademik İsa Həbibbəyli (eyni zamanda
redaktor və ön söz müəllifi), professorlar: Tahirə
Məmməd, Rəhilə Qeybullayeva, fil.e.dr. dos. Pərvanə
Bəkirqızı, fil.ü.f.dr. Maral Yaqubova)
iki cildlik monoqrafik tədqiqat çap olunmuşdur. Həmin layihənin elmi nəticələrinin
Türkiyədə, Qazaxıstanda, İngiltərədə,
Amerikada, Rusiyada tanınmış universitet və elmi qurumlarda
təqdimatı keçirilmişdir. "Ədəbiyyat
nəzəriyyəsi" layihəsi yerinə yetirilmə səviyyəsinə
görə pilot layihə elan olunmuşdur.
Şöbəmizdə hazırda 17 əməkdaş
çalışır. Onlardan dördü elmlər doktoru, doqquzu
fəlsəfə doktorudur. 1 nəfər
elmlər doktorluğu, 3 elmi işçimiz isə fəlsəfə
doktorluğu dissertasiyasının müdafiəsi ərəfəsindədirlər.
Əməkdaılarımız: şöbə müdiri
fil.e.dr. professor Tahirə Məmməd,
fil.e.dr. professor Akif İmanlı,
fil.e.doktoru, dosentlər: Pərvanə Bəkirqızı və
Cavanşir Yusifli, fil.ü.f.dr., dosentlər: Rasim Nəbioğlu,
Simuzər İsmayılova, Aqşin Dadaşzadə, Maral
Yaqubova, fil.ü.f. doktorları: Aysel
Qurbanova, Şəfa Əliyeva, Şəhanə Əliyeva,
Güntəkin Musayeva, Dilarə Əliyeva, elmi işçilər:
Leyla Rzayeva, Şəmsurə İsmayılova, baş laborant,
doktorant Günel Əhmədova, operator Xatirə Mahmudova. Adı çəkilən alimlərimiz hər biri əldə
etdiyi nailiyyət, yeniliklərə görə kifayət qədər
Respublika və Respublikadan kənar elmi ictimaiyyətdə
tanınmışdır. Ölkəmizin
elmi, ictimai həyatında fəal iştirak edirlər.
Professor Akif İmanlı Naxçıvan Dövlət Universiteti
nəzdində fəaliyyət göstərən Filologiya
üzrə Dissertasiya Şurasının, Cavanşir Yusifli
Nizami Gəncəvi adına Ədəbiyyat
Muzeyinin Dissertasiya Şurasının üzvləridir. Pərvanə Bəkirqızı Azərbaycan
Respublikası Prezidenti yanında AAK -in Filologiya üzrə
Ekspert Şurasının müavinidir. Tahirə
Məmməd Ədəbiyyat İnstitutunun Dissertasiya
Şurasının sədr müavini, Maral Yaqubova və Aysel
Qurbanova Şura üzvləridir. Şəfa
Əliyeva Ədəbiyyat İnstitutunun Gənc alim və
Mütəxəssislər Şurasının sədridir.
Dilarə Əliyeva Ədəbiyyat İnstitutunun YAP ilk
Ərazi partiya təşkilatının sədr müavinidir.
Ədəbiyyat nəzəriyyəsi şöbəsi gənc
alim və mütəxəssislərin sayına görə
İnstitutda birinci yerdədir. İstər Ədəbiyyat
nəzəriyyəsi, istərsə də digər şöbələrdə
çalışan gənc kadrlara İnstitutumuzda yüksək
qayğı və tələbkarlıqla yanaşılır.
Onların elmi işlərinin çapına,
konfranslarda iştiraklarına (Respublika və Respublikadan kənar),
vaxtında dissertasiyalarının müzakirə və
müdafiə olunmasına hər cür şərait
yaradılıb.
Şöbə bir sıra elmi seminar, müşavirə
və konfransların keçirilməsində baza rolu
oynamışdır. Bunlardan ən mühümü kimi
"Fizika və lirika" silsiləsindən olan, beynəlxalq
və Respublika səviyyəsində keçirilən
konfransları göstərə bilərik. Akademik İsa Həbibbəylinin təşəbbüsü
ilə keçirilən bu konfranslar elmlərarası əlaqənin
güclənməsi, interdsiplinar və multidisiplinar tədqiqatların
inkişafı baxımından son dərəcə əhəmiyyətli
və aktualdır.
Şöbə əməkdaşları ədəbiyyat
nəzəriyyəsi sahəsində aparılan tədqiqatlar əsasında
məqalələr çap edən Poetika.İzm jurnalında
yaxından fəaliyyət göstərir.
Ədəbiyyat nəzəriyyəsi şöbəsi
öz tədqiqatları, mədəni, sosial fəaliyyətləri
ilə millətimizə, dövlətimizə xidmət edir və
dünya nəzəri fikrindən geridə qalmamağa, ədəbiyyatımızı
beynəlxalq aləmdə tanıtmağa
çalışır.
Tahirə Məmməd
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 2 mart,
№8.- S.18.