Ədəbi və əbədi missiya

 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu 90 ildir ki, ədəbi-elmi fikrimizin xidmətindədir. Bu ədəbiyyat qalasının pillələri ilə qalxarkən, hər dəfə içimdə bir həyəcan dalğası baş qaldırır, izaholunmaz hisslər yaşayıram və ədəbiyyat tariximizin keçdiyi yol gözlərim önündə canlanır. Bir də bu instituta müxtəlif illərdə rəhbərlik etmiş elm fədailərinin surəti xəyalıma gəlir - Heydər Hüseynov, Məmməd Arif, Mirzə İbrahimov, Mirzağa Quluzadə, Məmmədağa Şirəliyev, Kamal Talıbzadə, Məmməd Cəfər, Əziz Mirəhmədov, Yaşar Qarayev, Bəkir Nəbiyev...

Bu şərəfli tarixə uzaqdan və yaxından ədəbi ənənələr qovşağında nəzər saldıqda görürsən ki, zaman idrakla yaddaş arasında bir körpü rolunu oynayır. O körpü elə Ədəbiyyat İnstitutudur. Köklə zirvə arasında bağları yaradan bu elm məbədi taleyini sözə həsr etmiş hər bir qələm adamı üçün müqəddəs məkan olub, bu gün də belədir, sabah da belə olacaq. Yeni minilliyin aynasında görünən ədəbiyyat tariximiz məhz bu məkanda ədəbiyyatşünas alimlərimizin elmi təfəkkürünün işığında kitablara çevrilir, gələcəyə ötürülür.

Ötən əsrin 90-cı illərində qəzetlərdən birində mədəniyyət yazarı olaraq çalışırdım və yolum tez-tez Ədəbiyyat İnstitutuna düşürdü. Akademik Yaşar Qarayevdən müsahibə götürəndə də həyəcanlı idim və o, mənim həyəcanımı yatırmaq üçün səmimi ortam yaratmağa çalışaraq gülümsədi və dedi: "Mən sən düşündüyün akademiklərdən deyiləm, oğlum, özünü rahat hiss edə bilərsən, əks halda, söhbətimiz alınmayacaq". Onun ziyalı səmimiyyəti, isti münasibəti nəticəsində həyəcanım sovuşdu və söhbətimiz iki saata yaxın çəkdi. O görüş jurnalist bioqrafiyamda ən yaddaqalan, unudulmaz günlərdən biri idi. Yaşar müəllimin iti elmi təfəkkürü, səlis, rəvan fikirləri söhbətimizi ədəbiyyatımızın müxtəlif istiqamətlərinə aparıb çıxardı və nəticədə dolğun, əhatəli bir müsahibə alındı.

Aradan illər keçib, bu gün də Ədəbiyyat İnstitutuna yolum düşəndə həmin hissləri yaşayıram. Böyük alimlərimizin ruhu dolaşan dəhlizlə yeriyəndə onların xəyalı ilə həmsöhbət oluram. Sanki yenə pəncərə qarşısında fikirli-fikirli siqaretini tüstülədən unudulmaz Arif Abdullazadə ilə qarşılaşacam, salam verib ötəcəyəm və onun Rəsul Rza haqqında yazdığı son dərəcə qiymətli "Od nə çəkdi..." monoqrafiyasını xatırlayacam, ədəbiyyatşünaslığımızın patriarxlarından olan akademik Əziz Mirəhmədov məni görüb buzovnalı gənclik dostu, klassik ədəbiyyatımızın bilicisi Cabbar Baxşıyevi soruşacaq: "Cabbar neynir, salamatdır? Məndən ona salam söylə". Əziz müəllim "Molla Nəsrəddin" ədəbi məktəbinin tədqiqatçılarından idi və Sabir haqqında "Ağlar güləyən" monoqrafiyası ilə Sabirşünaslığa dəyərli töhfə vermiş alimlərimizdən idi. Bəkir Nəbiyev yeni çıxmış kitabını mənim üçün imzalayacaq və deyəcək: "Bu kitabı bir şərtlə verirəm: mütləq oxu!" Kitabxanamda Bəkir müəllimin avtoqrafla mənə bağışladığı bir neçə kitabı var. Didərgin şairimiz Almaz İldırım haqqında tədqiqat əsəri faciəvi tale yaşamış şairimiz haqqında yazılmış ən yaxşı kitablardandır. Unudulmaz alimimiz Bəhlul Abdulla ilə çox yaxın münasibətimiz vardı, məni bədii yaradıcılığa həvəsləndirənlərdən biri də o idi. Buzovnadan şəhərə yolumuz bir idi və əksər hallarda kənddən-şəhərə onun göy rəngli "Jiquli"si ilə gəlirdim. Avtobus dayanacağında məni görüncə, maşını saxlayıb: "gəl, otur" deyərdi və yolboyu elmi axtarışlarından danışardı. Bəhlul müəllim folklorumuzun dərin bilicilərindən idi, həmişə də mənə dastanlarımızı, nağıllarımızı, bayatılarımızı dərindən oxumağı məsləhət görərdi. Maşınında həmişə elmi jurnallar olurdu. O maşının salonunda belə Ədəbiyyat İnstitutunun havası dolaşırdı. Bəhlul müəllim həmin o elmi atmosferi maşınının salonuna belə daşımağı bacarırdı.

Bu qiymətli insanların heç biri bu gün həyatda yoxdur, hər biri xatirəyə çevrilib yaddaşımıza köçüblər. Onların hər biri Ədəbiyyat İnstitutunun - bu elm məbədinin yükünü çiyinlərində daşıyıblar, işıqlı düşüncələri ilə, iti zəkaları ilə ədəbiyyatşünaslıq elmimizin üfüqlərini bir az da genişləndiriblər. Gənc ədəbiyyatşünaslar nəsli yetişir, onların da yolu bu elm məbədinə düşür və çox güman ki, onlar da həmin həyəcanlardan keçirlər və ədəbiyyat sehrkar ada kimi onları öz qoynuna səsləyir. Akademik İsa Həbibbəylinin rəhbərliyi altında bu gün Ədəbiyyat İnstitutu Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının salnaməsini yaradır. Ədəbiyyatşünas alimlərimiz bu yolda fədakarlıqla çalışırlar.

Cəmi beş il bundan öncə, Ədəbiyyat İnstitutunun 85 yaşı münasibətilə yazdığım yazını xatırladım. Həmin yazı bu cümlələrlə bitir: "85 yaşlı Nizami adına Ədəbiyyat İnstitutu - ədəbiyyatşünaslıq elmimizin qalası özünün tarixi missiyasını davam etdirir".

Bu gün doğma İnstitutumuz 90 yaşını qeyd edir. Missiya isə əbədidir!

 

Kənan Hacı

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış  2024.- 2 mart, №8.- S.20.