Klassik ədəbiyyatımızın
tədqiqində fədailər
Roma
imperatoru Mark Avrelinin (121-180) fikrinə əsasən, "hər
kəsin dəyəri onun can atdığı məqsədindən
görünür və seçdiyi yolundan aydın olur ki, təqiblər,
ittihamlar, repressiyalar azadlığının
qarşısında ona əngəl ola bilmir". Millətinin ən
ağır dönümündə onun vicdan səsi olmuş və
həyatlarını şam kimi əridərək şərəfli
bir ömür yolu keçmiş repressiya qurbanları,
görkəmli Azərbaycan klassik ədəbiyyatımızın
biliciləri - Firidun bəy Köçərli, Salman Mümtaz
və o cümlədən, bizə doğma olan Nizami adına
Ədəbiyyat İnstitutumuzun əməkdaşları -
baş elmi işçisi Qafarov Hüseyn Cəfər oğlu,
o vaxt İnstitutun nəzdində olan lüğətlər
şöbəsinin müdiri Muradov Şirməmməd Əhməd
oğlu və bir çox başqa ədəbiyyatşünas
alimlərimiz bu keşməkeşli və çətin yolda əbədilik
qazanmışlar. Repressiyanın baş alıb getdiyi bir
dövrdə Əli Nazim, Vəli Xuluflu, Əmin Abid, Hənəfi
Zeynallı, Ruhulla Axundov təhdidə, təzyiqə, tənqidə
baxmayaraq zəngin araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığının
sistemləşdirilməsində və ədəbiyyatımızın
inkişafında əsl fədakarlıq göstərmişlər.
XX əsrin birinci yarısında yazıb-yaratmış
klassik ədəbiyyatımızın yaradıcıları
daim anılmalıdırlar. Lakin ölkəmizdə
Orta əsr Azərbaycan ədəbiyyatının şair və
ədiblərinin elmi tədqiqi və nəşrinin 50-ci illərin
sonlarında daha geniş miqyas aldığını söyləsək,
səhv etmərik. Klassik ədəbiyyatımızı
müxtəlif bucaqlardan işıqlandıran bütöv bir
tədqiqatçı dəstəsi - Həmid Araslı, Mir Cəlal,
Mikayıl Rəfili, Məmməd Cəfər Cəfərov,
Mübariz Əlizadə, Mirzağa Quluzadə, Rüstəm
Əliyev kimi görkəmli elm xadimləri orta əsrlər
dövrünün klassiklərinin
yaradıcılığının öyrənilməsi
istiqamətində perspektivli fəaliyyətə
başlayırlar. Bu dövr tədqiqatları
içərisində Həmid Araslının "XVII-XVIII əsr
Azərbaycan ədəbiyyatı tarixi" (1956), Mirzağa
Quluzadənin "Nizami Gəncəvi. Həyatı və
yaradıcılığı" (1953), Mirəli Seyidovun
"Qövsi Təbrizi" (1963), Qasım Cahaninin
"Əssar Təbrizi və onun "Mehr və Müştəri"
(1966) əsəri və s. monoqrafiyalar görkəmli şairlərin
həyat və yaradıcılığının yüksək
elmi tələblər səviyyəsində öyrənilməsinin
bariz nümunəsidir. Bu proses XX əsrin sonuna qədər
durğunluq illərində də səngimir və mənim
qismətimə yazılan bu öncüllərlə
tanışlıq məhz keçən əsrin 70-ci illərinin
sonu, 80-ci illərin əvvəlinə təsadüf edir. O
zamanlar Universitetimizin Şərqşünaslıq fakültəsinin
ərəb dili bölməsinin məzunu üçün belə
alimlərlə ünsiyyət yaddaşından silinməz izlər
salmış bir hadisə idi.
Məlumdur ki, "ədəbiyyat" sözü ərəb
mənşəli sözdür və bu sözün
kökündə "ədəb" sözü gizlənir. Ərəb ədəbiyyatında
maarifləndirmə xarakteri daşıyan və "Ədəb"
ədəbiyyatı kimi tanınan bir janr da mövcuddur. "Ədəb" ədəbiyyatının əsas
məqsədi oxucunun dünyagörüşünün
genişlənməsi və ədəb-ərkanın əhəmiyyətindən,
ədəb, əxlaq qaydalarından bəhs etməkdir. Elmlər Akademiyasının "Azərbaycan ədəbiyyatının
Orta əsrlər" şöbəsinə qədəm
basdığım anda ilk təəssüratım o oldu ki,
burada çalışan həmkarlarım, sanki bu amala xidmət
edirdilər. Bu müqəddəs ocaqda
heç kəs ucadan belə danışmır, hamı
bir-birilə doğmaları kimi davranırdı. O
müdriklərdən bizə miras qalmış bu məbəddə
artıq 40 ildən çox çalışıram, amma həmin
təəssüratım bu gün də təsəvvürümdə
canlanmaqdadır...
O illər
şöbəyə AMEA-nın müxbir üzvü, prof.
R.Azadə başçılıq edirdi və Orta əsr
korifeylərimizin ruhu onun yaratdığı mühitin
ab-havasında, ətrafında olan insanların bir-birinə
qarşılıqlı münasibətində duyulurdu. Azadə xanım ətrafinda olanlara gözəl bir
insan və ziyalı mücəssəməsi kimi çevrələnir
və özünə məhəbbət və nüfuz
qazanırdı: bir həmkar, bir dost, nəhayət, bir
çoxlarının mənəvi anası. Təbii haldir ki,
Azadə xanımı tanıyanlardan hər kəs onunla
bağlı müxtəlif məqamlar yaşayıb. Lakin onun
nəcibliyi, ləyaqətinə və dərin erudisiyalı
alim təfəkkürünə qibtə və heyranlıq
qarşısında hər şey əriyib yox olurdu. O hər
kəsə gecə-gündüzünü həsr etdiyi Nizami,
Nəsimi, Füzuli kimi böyük sufilərin dahiyanə əsərlərində
özü üçün kəşf etdiyi dəyərlərlə
yanaşırdı: "Yaradan insanı öz
surətində və özünə bənzər
yaratmışdır" və buna görə də Azadə
xanım o əqidədə idi ki, insanın qəlbini
qırmaq - Tanrının əleyhinə çıxmaq deməkdir.
Ümumiyyətlə, sufizm, sufizmin nəzəri əsasları
və sinkretik müsəlman mədəniyyətində sufi
simvolikasından bəhrələnmə aspektləri
R.Azadə əsərlərində aparıcı tədqiqat
obyektlərindən idi. Azadə xanım yalnız istedadlı
alim, kamil mütəxəssis deyildi, o həm də həssas
insan, nəcib bir ürək sahibi, alovlu vətəndaş
idi. Bu keyfiyyətləri ilə onu Tanrı
mükafatlandırmışdı. O, Tanrının nadir
seçilmişlərindən idi - ilahi və fitri-təbii
başlanğıcın vəhdəti R.Azadə
yaradıcı "mən"inə belə qiymət vermək
düzgün olardı. Nə qədər ki, Nizami və
Füzuli zamansız və əbədidir -
akademik Məmməd Cəfər Səfərovun sözü ilə
desək, "Orta əsrlər Azərbaycan ədəbiyyatına
dair yazılmış ən yaxşı və orijinal tədqiqatçı
hesab olunan" R.Azadə adı bu korifeylərin dairəsindədir.
Öz amalı ilə idraka yönəlmiş, taleyinin onun qismətinə
yazdığı çox ağır,
lakin nəcib missiyadan - Azərbaycan ədəbiyyatının
ölməz klassiklərinin ideyalarını və
böyüklüyünü müasirlərinin diqqətinə
çatdırmaq missiyasından ilhamlanaraq dahi ədiblərin
qoyub getdikləri çoxsaylı əlyazmalar, indiyədək
məlum olmayan orijinal mətnlər, toxunulmamış ilkin mənbələr
üzərində yorulmadan çalışırdı.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli alimin
gördüyü işləri yüksək qiymətləndirərək
və klassik ədəbiyyatın öyrənilməsində
elmi fəaliyyətini "yeni mərhələ"
adlandıraraq yazır: "Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü, filologiya
elmləri doktoru, professor Azadə Rüstəmovanın
çoxillik elmi fəaliyyəti dahi Azərbaycan şairi
Nizami Gəncəvinin həyatı və
yaradıcılığının tədqiqi məsələləri
ilə üzvi surətdə bağlıdır. Nizami Gəncəvi, Əfzələddin Xaqani, Qətran
Təbrizi, İmadəddin Nəsimi, Məhəmməd
Füzuli, Mövlana Cəlaləddin Rumi və başqaları
kimi görkəmli sənətkarların həyatı və
yaradıcılığına həsr edilmiş əhəmiyyətli
tədqiqatları olan Azadə Rüstəmova intibah
dövrü və orta əsrlər Azərbaycan ədəbiyyatının
tədqiqi sahəsində mühüm bir elmi mərhələ
yaratmışdır". Prof. R.Azadənin
qaynar yaradıcı həyatı sıx surətdə müqəddəs
məbədgah bildiyi ədəbiyyatla, ədəbiyyatın
keçmişi və sabahı ilə bağlı idi.
Əminliklə demək olar ki, R.Azadə əsərləri -
"Azərbaycan epik şeirinin inkişaf yolları (XII-XVII əsrlər)",
"Nizami Gəncəvi", "Fələki
Şirvani", "Klassik Azərbaycan poeziyasında qəzəl.
Janrın tarixi və poetikası (XII-XVII əsrlər)",
"Məhəmməd Füzuli", "Mütəfəkkir-mövlanə
Füzuli", "Nizami və onun poeziya sələfləri",
"Mənəvi dünənimiz bu günün
işığında", "Mövlana Cəlaləddin
Rumi" və s. gənc nəslimizə də böyük
örnəkdir və seçdikləri ədəbiyyatımızın
ən çətin dövrü sayılan - Orta əsrlərin
keşməkeşli yollarında onları məqsədə
doğru istiqamətləndirən bir oriyentirdir.
Elmimizin daha bir fədaisi - AMEA-nın müxbir
üzvü, prof. Əlyar Səfərli ilə rəhbərlik
etdiyi "Orta əsrlər Azərbaycan ədəbiyyatı"
şöbəsində eyni sahə üzrə
çalışırdım. O, şöbədə
hər bir əməkdaş üçün arxa, mənəvi
dayaq idi. Şad günlərimizin şadlığına
qarışır, ağır dəqiqələrimizdə
öz müdrik nəsihətləri, məsləhətləri
ilə qayğılarımızı əritməyə
çalışırdı. Mənəvi sərvətlərimiz
haqqındakı əqidələrdə
uyğun gəlməyən məqamları açıqlamaq,
onları təhrif və əyintilərdən təmizləmək
- bugünkü ədəbi-nəzəri fikrin tələb
etdiyi bu ümdə vicdani vəzifəni Əlyar müəllim
alim - vətəndaş məsuliyyəti ilə tədqiqlərində
həll etmişdir. Füzulinin "Həqiqətüs-süəda"
əsərini tərcümə hesab edənlərə
Əlyar Səfərlinin cavabı o oldu ki, əsərin tərtib
və nəşrindən sonra onu orijinal əsər kimi təqdim
etdi və bu böyük alim və yorulmaz insanın
Əmaninin "Divan"ı, Xətainin əsərləri,
Qazi Bürhanəddinin "Divan"ı, Məhcur
Şirvaninin "Qisseyi-Şirzad", Hamidinin "Seyfəlmülük"
və s. əsərlərinin tərtib və nəşri buna
misaldır.
"Hər bir insanın qiyməti
onun gördüyü işlərlə, o işlərin dəyəri
ilə ölçülür", - fikrini yenə də təkrar
etmək istərdik. Əlbəttə, qəlbimizdə iz qoyan
bu böyük alimlər repressiya qurbanları olmayıb, lakin
ömürlərini elmə qurban vermiş alimlərimiz də
fədai sayila bilər, elmlə döyünən,
yanan ürək onun sahibini fədailər cərgəsinə
aparar, ölümsüzlik bəxş edər... Özünə
də ölümsüzlük qazanmış böyük
alimimiz Yaşar Qarayevin sözlərini burada yada salmaq istərdik:
"Azadə xanım özünün yox, taleyin seçdiyi
yolda əsl alim olmaq, özünü elmə həsr etmək
üçün bir insan ömrü qurban vermişdi və bu
qurban qadın ömründən qopanda ikiqat qiymətlidir".
Fikrimcə, əsl alimin şəxsiyyəti və
yaradıcılığı hər cəhətdən
bir-birini tamamlamalıdır. İnsanlığı,
qayğıkeşliyi, zəhmətkeşliyi, həm də
hünəri ilə, mübarizliyi ilə fərqlənən
alimə, hətta uca Yaradan yüksək qiymət verərək
buyurmuş idi: "Alim öldü, aləm
öldü". Xalq yaşadıqca onun fədai alimləri də
ölümsüzdürlər!
Fəridə Əzizova
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 2 mart,
№8.- S.22.