"Qüvvət elmdədir"
kəlamlı biblioqrafik salnamələr
Biblioqrafik dil ümumdünya elm və mədəniyyət
formasıdır və müxtəlif elm sahələri və
mədəniyyət formalarının vahid dəyər sisteminə
inteqrasiya mexanizmi rolunu oynayır. Tədqiqatçı
alim, ziyalı potensialının ən vacib xüsusiyyətlərindən
biri elmi yaradıcılıq axtarışlarına başlarkən,
ilk növbədə, mövzuya dair ona qədər
yazılmış informasiya mənbələrini əldə
etməkdir. Bu zaman təbii ki, müasir
dünyanın sürətli informasiya axınında
biblioqrafiyanın bələdçilik funksiyasının əhəmiyyəti
inkaredilməzdir. İnformasiyanın
analitik emalının əsaslarına sahib olmaq, müxtəlif
məlumat mənbələrinin xüsusiyyətlərini bilmək,
onlarla işləmək və əldə etmək,
anlaşılan, əlverişli şəkildə təqdim etmək
və ondan səmərəli istifadəni təmin etmək
biblioqrafiyanın vəzifəsidir. Azərbaycan Milli Elmlər
Akademiyası Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda aparılan tədqiqatların bu
vahid elmi dəyər sisteminə inteqrasiyası genişləndikcə,
paralel olaraq, biblioqrafik inteqrasiya mexanizmi də öz informativ
funksiyasını artırmaqda davam edir. Xalq şairi Bəxtiyar
Vahabzadə yazırdı: "Akademiya xalqımızın
müasir beynidirsə, Nizami adına Ədəbiyyat
İnstitutu bu beynin yüz illərdən bəri
yaratdığı mənəvi sərvəti üzə
çıxarmaq üçün tarixin yaddaşını
oyadan işıq mərkəzidir... Bu
İnstitutda söz sənəti zərgərlərinin
yaratdığı incilər söz sənəti sərraflarının
əli ilə nizamlanır, hər incinin öz yeri, öz dəyəri
müəyyənləşdirilir". Bu il 90 illik
yubileyini qeyd edən Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda biblioqrafik fəaliyyət bu gün də söz
sənəti sərraflarının tədqiqat fəaliyyətinin
təməlində duran, onu zənginləşdirən,
populyarlaşdıran və inkişaf etdirən xüsusi və müstəqil
bir zehni iş sahəsidir. İnternet, rəqəmsal
mühit, interaktivlik və multimediya innovativ
yaradıcılıq imkanları verən bir platformadır.
Bu platformadan baxılarsa Ədəbiyyat
İnstitutunun elmi yaradıcılıq potensialının
güzgüsü olan biblioqrafik resursların yeni təqdimat
formaları və modern ifadə vasitələri biliklıərin
populyarlaşmasındakı səmərəliliyi aydın
görünər.
Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu
üçün 2013-cü il əhəmiyyətli bir mərhələ
təşkil edir. İlk növbədə struktur
islahatlarının aparılması, yeni şöbələrin
fəaliyyətə başlaması, böyük ədəbi
şəxsiyyətlərin dövrü, həyatı,
mühiti, yaradıcılığını və müasirləri
ilə əlaqələrini hərtərəfli şəkildə
tədqiq edən nəşrlərin yaranması, 7 cilddə
"Azərbaycan ədəbiyyatı tarixi"
çoxcildliyinin hazırlanması ilə yanaşı
"Nizami adına Ədəbiyyat İnstitutunun nəşrlərinin
biblioqrafiyası"nın nəşri mühüm addım
oldu. Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslıq
elmimizə həsr olunmuş bu biblioqrafik nəşrlər
seriyası ədəbi irsimizi, klassiklərimizi, ədəbi
şəxsiyyətlərimizi tanıtmaqla yanaşı, ciddi
faktiki elmi keyfiyyət göstəriciləri ortaya qoyurdu.
"Nizami
adına Ədəbiyyat İnstitutu. Biblioqrafik göstərici - 2013" Müstəqil Azərbaycanın
ədəbiyyatşünaslıq elminin informasiya-biblioqrafiya təminatı
vəzifəsini layiqincə yerinə yetirilməsi istiqamətində
unikal bir layihənin başlanğıcı oldu.
Filologiya elmləri doktoru Tehran Əlişanoğlu bu layihənin
elmi əhəmiyyətini qeyd edərək yazırdı:
"Unikallığı orasındadır ki, bir yandan bundan əvvəl
İnstitutun 80 illiyinə buraxılmış "Nizami adına Ədəbiyyat İnstitutunun nəşrləri.
Kitablar" biblioqrafik göstəricisinin
(Bakı, "Elm və təhsil", 2013) birbaşa davamı
kimi düşünülmüşdür (qeyd etmək gərəkdir
ki, həmin göstəricidə hətta 1926-cı ildən
2012-ci iləcən İnstitutun bütün elmi və ədəbi-bədii
nəşrləri ehtiva olunmuşdur). Digər tərəfdən
isə davamlı olub, hər il üçün nəşri nəzərdə
tutulmuşdur; yəni İnstitutun hazırkı 2013-cü nəşrləri
ilə tanış olduğumuz zamanda "Biblioqrafik göstərici
2014" çapa hazırlanır, "2015" tərtib
olunur və s. Hər iki layihənin ideya müəllifi akademik
İsa Həbibbəyli bunu "salnamə"
adlandırır: "Nizami adına Ədəbiyyat
İnstitutu adlı biblioqrafik göstərici bu elmi-tədqiqat
ocağında elm sahəsində baş verən dəyişikliyi
və inkişafı dolğun şəkildə əks etdirən
əhəmiyyətli salnamədir".
Azərbaycan
ədəbiyyatşünaslıq elminin inkişafında bu qəbildən
biblioqrafik mənbələrin mühüm əhəmiyyətini
qeyd edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin
nəşrə yazdığı ön sözdə deyilirdi:
"Çoxillik böyük zəhmətin və
axtarışların nəticəsində meydana
çıxan bu nəşr milli ədəbiyyatşünaslıq
elminin inkişaf yolunu, ideya xəttini, çətinliklərini
və uğurlarını real surətdə təsəvvür
etməyə, elmi şəkildə öyrənib ümumiləşdirməyə
imkan yarada bilən mötəbər mənbədir".
Biblioqrafik salnamələr müəyyən zaman kəsiyində
ayrı-ayrı yaradıcı şəxsiyyətlərin,
ümumiyyətlə isə İnstitutun fəaliyyətini qeydə
almaqla yanaşı, intellektual məhsulun bütün nəşr
növlərini əhatə edir. Faktiki elmi keyfiyyət göstəricilərini
təqdim etməyə, ciddi elmi tədqiqatlar, bibliometrik təhlillər
aparmağa qadir olan biblioqrafik salnamələrə İnstitut əməkdaşlarının
Azərbaycanda və xarici ölkələrdə
çıxan əsərləri - kitabları, məqalələri,
tezisləri, müsahibələri, bədii
yaradıcılıq nümunələri, tərcümələri,
İnternet resursları və sə daxil edilir.
Davamlı
olaraq Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun hər il təşkil etdiyi "Ədəbi
proses" müşavirələrində edilən məruzələrin
daxil edildiyi "Ədəbi proses-2014", "Ədəbi
proses-2015", "Ədəbi proses-2016" və s. kimi nəşrlərilə
paralel olaraq, hər ilin biblioqrafik göstərcilərinin
yaratdığı vəhdət elmi hesabatın yüksək
nümunəsi hesab edilə bilər.
Bu illər
ərzində Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun əldə etdiyi nailiyyətlərdə - Azərbaycan
və dünya ədəbiyyatı, klassik və müasir ədəbi
prosesə dair ən aktual elmi mövzular üzrə dissertasiya
müdafiələrinin təşkili, filologiya elminin müasir
tələblərinə cavab verən yeni struktur bölmələrin,
şöbələrin yaradılması, Azərbaycan
Respublikasının Prezidenti cənab İham Əliyevin sərəncamı
ilə yubileyləri qeyd edilən ədəbiyyatşünas
alimlərimizə, yazıçı və şairlərimizə
həsr olunmuş elmi konfranslar, sessiyalar, simpoziumlar və s.
keçirilməsi, "Müstəqillik dövrü Azərbaycan
ədəbiyyatı" ikicildliyi kimi sanballı nəşrlərin
işıq üzü görməsi, "Azərbaycan ədəbiyyatının
yeni dövrləşdirmə konsepsiyası"nın elmi
mühitə təqdim edilməsi, "Ədəbi-proses"
yaradıcılıq müşavirələrinin keçirilməsi
ənənəsinin bərpası, gənclərin elmi
yaradıcılıq təşəbbüslərinin himayə
edilməsi, Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslıq
elminin dünya ölkələrində keçirilən tədbirlərdə
layiqli təmsil olunması, beynəlxalq ədəbi əlaqələrin
inkişafı, dinamik və zəngin informasiya resurslarını
yayımlayan www.literature.az saytının yaradılması və
s. əldə edilən uğurlar nəşr edilən
biblioqrafik salnamələrdə də öz əksini
tapmış olur.
Bibliqorafik
nəşrlərin ilk buraxılışları yalnız
kitab və monoqrafiyaları əhatə edirdisə, sonrakı
illərdə elmi toplularda, dərgilərdə, qəzetlərdə
dərc edilən məqalələr, Azərbaycanda və beynəlxalq
səviyyədə keçirilən konfrans materialları, daha
sonra İnternet resursları, 2017-ci ildən isə alimlərin
bədii yaradıcılıq nümunələri bölmələri
də əlavə olundu. Eyni zamanda klassik ədəbiyyatdan
tərcümə əsərlərinin də təqdim edilməsinə
qərar verildi.
Biblioqrafik
salnamələrin elmi yaradıcılıq repertuarı həm
Azərbaycançılıq, Vətən təəssübkeşliyi,
Dövləçilik dediyimiz ali missiyaya
köklənmiş, həm də elmi, bibliometrik, statistik göstəricilərinə
görə ədəbiyyatşünas alimlərimizin
yaradıcılıq fəaliyyətinin yüksələn xətt
üzrə inkişaf dinamikasının güzgüsünə
çevrilmişdi.
2020-ci ildə sərhədləri aşaraq müxtəlif
dillərdə dünya ölkələrində yayımlanan
araşdırmaların, məruzələrin, tezislərin əsas
başlığı Ali Baş komandanın, Prezident İlham
Əliyevin "Qarabağ Azərbaycandır!"
çağırışı oldu. Alimlərimizin həmin
ildə elmi yaradıcılıq nümunələrinə nəzər
salsaq, 44 günlük Vətən mücadiləsi daxil olmaqla
Qarabağ savaşının hər anının böyük
Vətən sevgisi, Vətən təəssübkeşliyi ilə
izləndiyinin şahidi olarıq. Bu səbəbdən "Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunnun əməkdaşlarının
elmi əsərləri. 2020" adlı biblioqrafik salnamənin
növbəti buraxılışında Vətən müharibəsi,
Qarabağ, Qəhrəman əsgərlərimiz, Şəhidlərimizlə
bağlı yaradıcılıq nümunələri
üstünlük təşkil edirdi:
2020-ci il həm də COVID-19 koronavirus
pandemiyasının yaratdığı sarsıntılar, həyəcanlar,
özünütəcrid rejiminin yaratdığı məhdudiyyətlər
ədəbiyyatşünas alimnlərimizin
yaradıcılıq fəaliyyətinə də təsirsiz
qalmadı. Həmin dövr biblioqrafik salnamədəki
yazılarda öz izini qoymuş oldu. Qarabağ, 44
Günlük Vətən müharibəsi, pandemiya ilə
bağlı materiallar yaddaş tariximizin əhəmiyyətli
mənbələrinə çevrildi.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı
ilə Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar
2021-ci il "Nizami ili" elan olundu (05
yanvar, 2021-ci il). Bəşəriyyətin
bədii, elmi-fəlsəfi fikir tarixində yeni səhifə
açmış dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin zəngin irsinin yeni baxış müstəvisində
tədqiqi sahəsində də "2021-Nizami Gəncəvi
ili" Sərəncamı yeni bir səhifə açmlş
oldu. "Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun əməkdaşlarının elmi əsərləri
- 2021"- buraxılışında təbiidir ki, Nizami Gəncəvinin
həyat və yaradıcılığına həsr
edilmiş materiallar üstünlük təşkil etdi. Nizami Gəncəvi irsinin tədqiqi tarixində ciddi
elmi iz qoymuş tədqiqatçılarına istinadən
estafeti ələ alan çağımızın yeni
nizamişünaslar nəsli 2021-ci ildə demək olar ki, bu
estafeti şərəflə yerinə yetirərək,
dünya elminə inteqrasiya müstəvisində ictimailəşdirməyi
bacardı. Nizami Gəncəvi yaradıcılığının
ictimailəşdirilməsi, populyarlaşması, cəmiyyətdə
və beynəlxalq miqyasda təbliğində müstəsna əhəmiyyətə
malikdir.
Nizami Gəncəvi ili"nə ən
sanballı töhfə də Nüşabə xanım
Araslının rəhbərliyi ilə elmi axtarışlara səfərbər
olmuş Nizamişünaslıq şöbəsinin əməkdaşlarının
(Zəhra Allahverdiyeva, Təhminə Bədəlova, Yelena Teyer,
Vəfa Hacıyeva) böyük Azərbaycan şairinin həyat
və yaradıcılığının geniş elmi
panoramını yaratdıqları "Nizami Gəncəvi: Həyatı
və yaradıcılığı" adlı fundamental tədqiqat
əsəri oldu.
"Nizami Gəncəvi ili"ndə
ədəbiyyatşünas alimlərimizin Azərbaycanı
dünyaya zəngin mənəvi-intellektual kimliklərlə
tanıtmasını, xalqlar və ölkələr arasında
sülhməramlı elmi ünsiyyətlərə yollar
açmasını biblioqrafik salnaməyə daxil edilmiş
materailların əhatəsində izləmək
mümkündür. Dahi Nizaminin kəlamında deyildiyi
kimi, bu da qüvvətin elmdə olduğuna daha bir sübutdur.
44 günlük Vətən
müharibəsi, işğal edilmiş
torpaqlarımızın şanlı ordumuzun, igid əsgərlərimizin
şücaəti ilə azad edilməsi, Qələbə, Zəfər
günün qeyd edilməsi kimi möhtəşəm hadisələrdən
sonra, 2022-ci il yanvarın 5-də isə dövlət başçısı
"Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa
İli" elan edilməsi haqqında" Sərəncam
imzaladı. Bütün bu möhtəşəm tarixi hadisələr
ədəbiyyatşünaslığımızın yeni bir
"Qarabağnamə"sinin ərsəyə gəlməsinə
rəvac vermiş oldu.
Ümumiyyətlə, 2020-2022-ci illər ədəbiyyatşünas
alimlərimizin qələmindən çıxan əsərlər
ədəbiyyatşünaslıq elmimizin Qarabağ Azərbaycandır!"
şüarlı Vətən çağırışı
kimi səsləndi. Biblioqrafik salnamələrdə
bu əsərlərin geniş repertuarı sistemli şəkildə
təqdim edilir. Ədəbiyyatşünaslarımız
müxtəlif dillərdə dünya ölkələrində
yayımlanan nəşrlərdə yer alan məqalə, məruzə
və tezislərində, çıxış və
müsahibələrində ədəbiyyat tariximizdə
yaşayan və sonrakı illərdə yaşanan həqiqətləri
dünyaya bəyan etmiş oldular.
Yüzlərlə
monoqrafiyaları, kitabları, araşdırmaları,
elmi-publisistik məqalələri, məruzələri,
e-resursları və s. əhatə edən biblioqrafik salnamələr
ədəbiyyatşünaslığımızda bütövlükdə bir elmi bilik
sistemi kimi formalaşmış, ədəbiyyat, mədəniyyət
və elm tariximizin bir hissəsinə çevrilmişdir.
Bu gün "Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun əməkdaşlarının elmi əsərləri"nin
biblioqrafik salnamələri tədqiqatçıların
masaüstü istifadə etdikləri vəsait olmaqla
yanaşı, nəinki respublikanın, bir sıra xarici ölkələrin
elmi qurumlarında, kitabxanalarında, tədris müəssisələrində
də və s. geniş istifadə olunur.
Zakirə Əliyeva
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 2 mart,
¹8.- S.23.