AMEA-nın Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyi təntənəli
şəkildə qeyd olunub
Martın
4-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət
Heyətinin Böyük akt zalında Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyinə həsr
olunmuş “Ədəbiyyatşünaslıq elminin baş qərargahı:
ənənələr, mərhələlər və
çağırışlar” mövzusunda yubiley tədbiri
keçirilib.
Tədbirdə TÜRKSOY Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatının Baş
katibi Sultan Rayev, Özbək Dili və Ədəbiyyatı
Universitetinin rektoru, akademik Şuxrat Siracəddinov, Türkiyədən
Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu,
həmçinin, Azərbaycan Yazıçılar Birliyinin sədri
Xalq yazıçısı Anar, Azərbaycan
Respublikası Ağsaqqallar Şurasının sədri Eldar
Quliyev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad
Məcid, Milli Məclisin deputatları, ali təhsil
ocaqlarının rəsmiləri, müxtəlif qurumların təmsilçiləri,
AMEA-nın əməkdaşları və media mənsubları
iştirak ediblər.
Əvvəlcə Ədəbiyyat İnstitutunun
nəşrlərindən ibarət sərgiyə baxış
keçirilib.
Yubiley tədbirini AMEA-nın prezidenti, Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəyli
açıb. Akademik İsa Həbibbəyli qeyd
edib ki, Azərbaycanda ədəbiyyatşünaslıq tədqiqatlarının
qədim tarixi və böyük ənənələri var və
dövrünün tanınmış simalarından olan Xətib
Təbrizinin apardığı sistemli elmi tədqiqatlarla ədəbiyyatşünaslıq
elminin möhkəm bünövrəsi yaradılıb. Həmçinin
bildirib ki, orta əsrlərin ədəbiyyat təzkirələri
özünün forma və məzmununa görə
dövrün ədəbiyyat antologiyaları və ədəbiyyat
tarixi materialları rolunu oynamışdır.
“Bununla belə, Azərbaycanda peşəkar ədəbiyyatşünaslıq
Mirzə Fətəli Axundzadə ilə
başlamışdır. Mirzə Fətəli təkcə Azərbaycan
dramaturgiyasının və bədii nəsrin deyil, həm də
professional ədəbiyyatşünaslığın da
banisidir. Lakin etiraf etmək lazımdır ki, Azərbaycanda ədəbiyyatşünaslıq
müstəqil və sistemli elm sahəsi kimi XX əsrin əvvəllərində
yaranmışdır. Görkəmli ədəbiyyatşünas
və böyük ictimai xadim Firudin bəy Köçərlinin
bu dövrdə yazılmış məşhur “Azərbaycan ədəbiyyatı
tarixi materiallları” adlı çoxcildlik əsəri Azərbaycanda
professional ədəbiyyatşünaslığın ən
mühüm nailiyyəti sayılmağa tamamilə layiqdir”, -
deyə akademik İsa Həbibbəyli diqqətə
çatdırıb.
Sovet hakimiyyətinin ilk illərində,
1923-cü ildə yaradılmış Azərbaycanı Tədqiq
və Tətəbbö Cəmiyyəti ilə Azərbaycanda
elmin digər sahələri kimi, ədəbiyyatşünaslıq
elmi sahəsində də ilkin təşkilatlanma işinin
başlanmasına start verildiyini deyən AMEA rəhbəri
1929-cu ildən etibarən fəaliyyətə başlayan
Azərbaycan Elmi-Tədqiqat İnstitutunun strukturunda da ədəbiyyatşünaslıq
üzrə ayrıca bir istiqamətin olduğunu
vurğulayıb. Bildirib ki, 22 mart 1933-cü ildə
SSRİ Elmlər Akademiyasının Zaqafqaziya Filialının
Azərbaycan şöbəsində Ədəbiyyat sektoru təşkil
edilib, dövrün tanınmış tənqidçi və ədəbiyyatşünası
Əli Nazimin rəhbərlik etdiyi Ədəbiyyat sektoru ilə
gələcək Ədəbiyyat İnstitutunun əsası
qoyulub, 1935-ci ildə bu elmi qurumun bazasında Ədəbiyyat
İnstitutu təşkil olunub.
Sovet hakimiyyəti illərində
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbiyyatşünaslıq
sahəsində bir sıra mühüm elmi nəticələrin
əldə olunduğunu deyən AMEA prezidenti 1957-1960-cı illərdə
institutda çapa hazırlanan 3 cildlik “Azərbaycan ədəbiyyatı
tarixi”nin uzun dövr ərzində ölkəmizdə ədəbiyyatşünaslıq
sahəsində ən mötəbər elmi mənbə kimi qəbul
edildiyini vurğulayıb.
Akademik İsa Həbibbəyli
qeyd edib ki, XX əsrin 50-80-ci illərində Ədəbiyyat
İnstitutunda görkəmli elm xadimləri akademiklər Məmməd
Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Həmid
Araslı, Kamal Talıbzadə, müxbir üzvlər Əziz
Mirəhmədov, Yaşar Qarayev, professor Məmmədhüseyn Təhmasib tərəfindən ədəbiyyatşünaslıq
elminin ayrı-ayrı sahələri üzrə elmi məktəblər
yaradılıb və həmin elmi məktəblərdən
bir çoxu bu günə qədər öz yolunu məhsuldar
şəkildə davam etdirməkdədir.
Müstəqillik
dövrünün Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun və Azərbaycan ədəbiyyatşünaslıq
elminin inkişafında xüsusi bir mərhələ kimi qiymətləndirilməli
olduğunu deyən natiq bildirib ki, bu dövrdən etibarən
bütövlükdə ölkəmizdə, o cümlədən
də Akademiya sistemində hakim olan müstəqil dövlətçilik
və azərbaycançılıq idealları Ədəbiyyat
İnstitutunun da elmi fəaliyyətinin əsaslarını təşkil
etməyə başlayıb.
AMEA rəhbəri Azərbaycan ədəbiyyatının
daha geniş və sistemli şəkildə, Azərbaycançılıq
idealları və milli-mənəvi dəyərlər əsasında
araşdırılıb öyrənilməsini təmin etmək
məqsədi ilə 2013-cü ildən sonra Ədəbiyyat
İnstitutunda zəruri struktur islahatlarının aparıldığını,
Nizamişünaslıq, Mühacirət ədəbiyyatı, Mətbuat
tarixi və publisistika, Müstəqillik dövrü Azərbaycan
ədəbiyyatı və digər şöbələrin,
Füzulişünaslıq sektorunun
yaradıldığını söyləyib.
“Müstəqillik dövründə
Azərbaycan ədəbiyyatının dövrləşdirmə
konsepsiyası Ədəbiyyat İnstitutunda müəyyən
edilmiş, Milli Elmlər Akademiyası Humanitar və İctimai
Elmlər Bölməsinin və Rəyasət Heyətinin
iclaslarında, Beynəlxalq Türk Akademiyasında və
Tatarıstan Elmlər Akademiyasında keçirilmiş beynəlxalq
elmi konfranslarda geniş müzakirə edildikdən
sonra qəbul edilmişdir. 2014-2016-cı illərdə
keçirilmiş geniş müzakirələrdən sonra
Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatının
ən qədim zamanlardan başlayaraq bu günə qədər
davam etməkdə olan çoxəsrlik inkişaf yolunun mərhələsinin
elmi təsnifatı yaradılmışdır. Hazırda
institutda artıq 7 cildi nəşr olunmuş “Azərbaycan ədəbiyyatı
tarixi” oncildliyi məhz son illərdə hazırlanmış
dövrləşdirmə konsepsiyası və elmi cəhətdən
müəyyən edilmiş inkişaf mərhələləri
əsasında təqdim olunur. Bundan başqa,
müstəqillik dövrü Azərbaycan ədəbiyyatının
yaradıcılıq metodu məsələsi də Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda nəzəri cəhətdən
formalaşdırılmış və elmi dövriyyəyə
daxil edilmişdir”, - deyə akademik İsa Həbibbəyli
bildirib.
Həmçinin dövlət
başçısının fevralın 14-də andiçmə
mərasimində Türk dünyasıyla əlaqələrin
gücləndirilməsi ilə bağlı olaraq
qarşıya qoyduğu vəzifələrdən irəli gələrək
Ədəbiyyat İnstitutunda türk xalqları ilə geniş
elmi-ədəbi əlaqələrin
yaradıldığını, müəssisədə fəaliyyət
göstərən Əlişir Nəvai Mərkəzi, Mehmet
Akif Ərsoy Mərkəzi və hazırda işləri
aparılan Məhtimqulu Fəraqi Mərkəzi və institutun
Türk xalqları ədəbiyyatı, Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri şöbələrinin
səmərəli fəaliyyəti nəticəsində
Türk dünyası haqqında sanballı elmi tədqiqatların
meydana qoyulduğunu söyləyib.
Bundan əlavə, institutda yeni nəsil
kadrların hazırlanması işinə xüsusi diqqət
yetirildiyini, hazırda Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun elmlər doktorlarının kəmiyyət və
keyfiyyət göstəricilərinə görə Milli Elmlər
Akademiyasında, geniş mənada ölkəmizin elm və ali
təhsil sistemində ilk yerlərdə
dayandığını bildirib.
Akademik İsa Həbibbəyli
Ədəbiyyat İnstitutunun ölkə ilə yanaşı,
beynəlxalq aləmdə də bir sıra ədəbiyyatşünaslıq
layihələrinin həyata keçirilməsində
yaxından iştirak etdiyini, bu yaxınlarda Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu, Şota Rustaveli adına
Gürcü Ədəbiyyatı İnstitutu və Kembric
Universitetinin ortaq elmi layihəsi olan “Nizami Gəncəvi
və Şota Rustaveli” adlı monoqrafik tədqiqatın Kembric
Universiteti tərəfindən ingilis dilində kitab halında
nəşr edilməsinin bunun əyani isbatı olduğunu
deyib.
AMEA rəhbəri
çıxışının sonunda qeyd edib ki, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu Azərbaycanda ədəbiyyatşünaslıq
elminin baş qərargahıdır və bu münasibətilə
institutun kollektivini təbrik edərək onlara uğurlar
arzulayıb.
Yubiley tədbirində Azərbaycan
Yazıçılar Birliyinin sədri Xalq
yazıçısı Anar böyük tarixi yol
keçmiş Ədəbiyyat İnstitutunun Azərbaycan ədəbiyyatşünaslıq
elminin inkişafında mühüm rol
oynadığını, institutun ədəbiyyatımızın
çoxəsrlik tarixinin dərin və əhatəli öyrənilməsi,
çağdaş ədəbi proseslərin,
dünya ədəbiyyatına, ədəbi əlaqələrə
dair aktual məsələlərin müntəzəm izlənilməsi
və araşdırılması kimi vacib istiqamətlərdə
son dərəcə əhəmiyyətli nəticələr əldə
etdiyini bildirib.
TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatının Baş katibi Sultan Raev isə Ədəbiyyat
İnstitutunun böyük tədqiqat ənənələri,
görkəmli alimləri və çoxsaylı yetirmələri
ilə Türk dünyasının mühüm elm mərkəzlərindən
biri hesab olunduğunu deyib. Bildirib ki, institut ötən
90 ildə Azərbaycanda ədəbiyyatşünaslığın
mərkəzi funksiyasını yerinə yetirir və Türk
dünyası ilə elmi-mədəni əlaqələrin
inkişaf etdirilməsində müstəsna xidmətlər
göstərməkdədir.
Daha sonra Baş katib Sultan Raev dahi Azərbaycan
şairi Nizami Gəncəvinin portretini və TÜRKSOY-un
“Şərəf” nişanını akademik İsa Həbibbəyliyə
təqdim edib.
Daşkənd Özbək Dili və
Ədəbiyyatı Universitetinin rektoru, akademik Şuxrat Siracəddinov
isə çıxışında bildirib ki, bu gün Ədəbiyyat
İnstitutu iki ölkə alimlərinin əməkdaşlığını
daha da canlandırır, Türk dünyasında elmin, innovasiyanın
və yeni kəşflərin təməli “Özbəkistan-Azərbaycan
– 2030” strategiyası çərçivəsində elmi
və innovativ fəaliyyətə dəstək verir.
Tədbirdə, o cümlədən
Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri,
Milli Məclisin deputatı Eldar Quliyev, Milli Məclisin
deputatı Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan
Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan
Həmkarlar Təşkilatları Konfederasiyasının sədrinin
müavini Aqil Dadaşov, Avrasiya
Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu
və filologiya üzrə fəlsəfə doktoru Aysel
Qurbanova çıxışları zamanı Ədəbiyyat
İnstitutunun tarixi xidmətlərindən və
qarşıda duran vəzifələrdən söz
açıb, müəssisənin kollektivini təbrik ediblər.
Sonda yubiley ilə əlaqədar olaraq Ədəbiyyat
İnstitutunun əməkdaşları müxtəlif
nominasiyar üzrə təltif olunublar.
Akademik İsa Həbibbəyli
AMEA-nın Fəxri fərmanlarını, TÜRKSOY Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatının Baş
katibi Sultan Raev TÜRKSOY-un, Xalq yazıçısı Anar Azərbaycan
Yazıçılar Birliyinin adlı mükafatlarını,
Ağsaqqallar Şurasının sədri Eldar Quliyev “Fəxri
Ağsaqqal” döş nişanını və
Fəxri fərmanları, Azərbaycan Mətbuat
Şurasının sədri Rəşad Məcid Mətbuat
Şurasının “Diplom”unu, Azərbaycan Həmkarlar Təşkilatları
Konfederasiyasının sədrinin müavini Aqil Dadaşov Həmkarlar
İttifaqının 30 illik döş nişanını və
Fəxri fərmanları, Avrasiya Yazıçılar
Birliyinin sədri Yaqub Öməroğlu isə “Onur
medalı”nı Ədəbiyyat İnstitutunun əməkdaşlarına
təqdim ediblər. Həmçinin institutun tərtib etdiyi
bir sıra adlı mükafatlar da əməkdaşlara təqdim
olunub.
Ədəbiyyat qəzeti
2024.-8mart,¹9.-S.4-5