Klassik türk ədəbi abidələrinin nəşr
və təbliğinə Mirzə Kazımbəy töhfəsi
Türk
xalqlarının zəngin ədəbi-tarixi abidələrinin
aşkara çıxarılması, nəşrə
hazırlanması, təbliği və tanıdılması
Rusiya şərqşünaslıq elminin
yaradıcılarından biri olan görkəmli azərbaycanlı
alim, Kazan və Peterburq universitetlərinin professoru Mirzə
Kazımbəyin (1802-1870) elmi fəaliyyətinin əsas istiqamətlərindən
idi. Bu işə
o, hələ yaradıcılıq yolunun
başlanğıcında, Seyid Rzanın 1466-1737-ci illər
Krım tarixinə dair mühüm qaynaqlardan biri sayılan
"Əs-səb-əs-Səyyar" ("Yeddi səyyarə")
əsərini nadir əlyazma əsasında nəşrə
hazırlaması (1833) ilə başlamışdı.
Sonrakı illərdə də türkdilli ədəbi
abidələrin elmi-tədqiq və nəşri alimin diqqət
mərkəzində dayanan məsələlərdən
olmuşdu. 1839-cu ildə Mirzə Kazımbəy ümumtürk ədəbiyyatının
klassik nümunəsi, Volqaboyu - Bulqar türklərinin
böyük söz ustadı, Nizami Gəncəvi və Xaqani
Şirvaninin müasiri Qul Əlinin (1183-1236, tam adı Məhəmməd
Hacı Qali ibn Mehrxoca) oğuz-qıpçaq ədəbi ənənələrinə
söykənən, farsdilli poeziyada geniş işlənmiş
Yusif və Züleyxa mövzusunun türk ədəbiyyatında
ilk inikası olan "Qisseyi-Yusif" poemasını Kazanda nəşr
etdirmişdi. Qul Əli tatar və
başqırd ədəbiyyatının banisi sayılır.
1983-cü ildə anadan olmasının 800 illiyi
Tatarıstanda, eləcə də YUNESKO xətti ilə
dünya miqyasında geniş qeyd edilmişdir. Amma onun öz əsərini hansı dildə
yazması indiyə qədər mübahisə obyekti olaraq
qalmaqdadır. Çünki Volqaboyu
türkləri (tatarlar, başqırdlar, hətta
çuvaşlar) ilə bir sırada türkmənlər də
böyük şairin irsinə iddialıdırlar. Yeri gəlmişkən,
"Qisseyi-Yusif" 1995-ci ildə Bakıda kiril, 2004-cü ildə
isə latın qrafikası ilə çap
olunub. Mətni Azərbaycan EA Əlyazmalar
İnstitutunda mühafizə edilən bir Bakı və iki
Leninqrad nüsxəsi əsasında Elməddin Əlibəyzadə
və Əbülfəz Hüseyni
hazırlamışdılar.
Mirzə Kazımbəy ilk naşir kimi poemanın klassik
tatar dilində qələmə alınması fikrinə tərəfdar
idi. Amma ona qədər də "Qisseyi-Yusif" tədqiqatçıların
diqqətini çəkmişdi. Tatar xalqının
tarixi yaddaşına, düşüncəsinə, hətta
gündəlik həyatına güclü nüfuz edən ədəbi
abidəyə ilk diqqət yetirən şair, din xadimi,
maarifçi və pedaqoq Qabdrahim Utız İmyanı-əl-Bulgari
(1756-1832) olmuşdu. Elmi-tənqidi mətn
sayılması bir qədər çətin olsa da, o əsəri
əlinin altında olan nüsxələr əsasında nəşrə
hazırlamışdı. Lakin Kazan
tatarları arasında nəşriyyat işlərinin kifayət
qədər geniş rəvac tapmaması nəticəsində
əlyazmasının nəşri mümkün
olmamışdı. Qul Əlinin poeması
Volqaboyu xalqları ilə bir sırada, Mərkəzi Asiya
türkləri arasında böyük şöhrət
tapmış kitablardan idi. "Yusif və
Züleyxa süjeti XIII-XV əsrlər türk-tatar
poeziyasında" (2001) monoqrafiyasının müəllifi,
tatar ədəbiyyatşünası N.Ş.Xisamovun
yazdığına görə mündəricə, poetik
xüsusiyyətlər baxımından Qul Əlinin poeması
özündən sonra meydana çıxan analoji süjet xəttinə
malik əsərlərə təsirsiz qalmamışdı.
Nəticədə poema sonrakı dövrlərdə eyni
mövzuda əsər yazan şairlərin sıx istinad etdikləri
və təsirləndikləri mənbələrdən birinə
çevrilmişdi. Mirzə Kazımbəyin
Utız-İmyanı versiyasının üzərində
müəyyən redaktə aparıb əsəri universitet mətbəəsində
çap etdirməsi poemanın şöhrətini daha da
artırmışdı. Məşhur tatar
kitabşünası A.Karimullinin yazdığına görə,
1839-1917-ci illər arasında "Qisseyi-Yusif" poeması
Kazan, Orenburq, Ufa və b. şəhərlərdə 80 dəfədən
çox (demək olar ki, hər il!) nəşr
olunmuşdur. Onların hamısının əsasında
isə dəqiqliyi və mükəmməlliyi ilə
seçilən Qabdrahim Utız İmyanı-Mirzə Kazımbəy
nüsxəsi dayanırdı.
1845-ci ildə
orta əsrlərin başqa bir mühüm türk dini-ədəbi
abidəsi - Anadolu sufi şairi Məhəmməd (Mehmet)
Çələbi Yazıçızadənin (?-1451) "Məhəmmədiyyə"
(orijinaldakı adı "Kitabi-Muhammediyye fi na`ti seyyidi`l-alemin
habibillahi`l-a a`zam Ebi`l-Kasim Muhammedini`l-Mustafa") poeması
("İslam Ansiklopedisi"ndə əsərin janrı dini
dastan kimi müəyyən olunub) Mirzə Kazımbəyin
müqəddimə, izah və şərhləri ilə
"Bilicilərin başçısı,
Yazıçızadə təxəllüslü Məhəmməd
Çələbinin qəlb oxşayan "Məhəmmədiyyə
kitabı" adı ilə çap edilmişdir.
Yazıçızadənin
üzərində üç il işlədiyi
və II Sultan Mehmet Fateh zamanında - 1449-cu ildə bitirdiyi
"Məhəmmədiyyə" (əslində müəllifin
daha əvvəl ərəb dilində yazdığı
"Meqaribü`z-zaman" adlı əsərinin Osmanlı
türkcəsinə tərcüməsi idi) hər bir tatar ailəsində
Qurani-Kərimdən sonra ikinci müqəddəs kitab kimi
yüksək dəyərə malik idi. Yuxusunda İslam
peyğəmbərini görən və ondan
"İçir hikmət şərabın ümmətimə,
Sözümü söylə xalqa aşikara" əmrini alan şair əsrlər boyu ayrı-ayrı
hissələri dini cameədə mövlud kimi oxunan möhtəşəm
dastan yaratmışdı.
Əsərin
Türkiyədə çıxan son nəşrlərindən
birinə Ön sözündə müasir türk tədqiqatçısı
Amil Çələbioğlu yazır: "Məhəmmədiyyə"
tək Osmanlı və Türkiyə coğrafiyasında deyil,
Krımda, Kazanda, başqırdlar, uyğurlar arasında, digər
türk və islam torpaqlarının hamısında oxunub
sevilmiş, böyük şöhrət qazanmışdı.
Əlyazma və çap nüsxələrinin
sayca çoxluğu, müxtəlif bölgələrdə
mövcudluğu da bunun göstəricisidir. Türkcə
ədəbi əsərlər arasında belə geniş
yayılmış nümunəyə az təsadüf
edilir. Osmanlı və Cümhuriyyət
dövründə hər evdə, hər ailədə "Məhəmmədiyyə"
nüsxəsinin olması onun şöhrətinin necə
geniş yayıldığını ortaya qoyur."
Yalnız Osmanlı türklərinin deyil, savadlı tatar
və başqırdların da anladıqları bir dildə
yazılmış poemada İslam peyğəmbərinin həyatından,
paklıq və müqəddəsliyindən, fəzilətlərindən
bəhs olunurdu. Həzəc bəhri əsas
götürülməklə əruzun müxtəlif vəznlərindən
istifadə yolu ilə yazılan "Məhəmmədiyyə"
axıcı bir dilə malikdir.
Müəllif orta əsrlər türk şairi Sədrəddin
Yazıçının oğlu idi. Bu səbəbdən də
Yazıçızadə təxəllüsünü qəbul
etmişdi. Gəncliyində islam
Şərqi ölkələrində çoxsaylı səyahətlərdə
olmuş, dövrünün məşhur müdərrislərindən
dərs almışdı. Sufilik təliminin incəliklərinə
isə Bayramiyyə təriqətinin qurucusu, sufi
şeyxi Hacı Bayram Vəlinin (1352-1430) mürşidliyi ilə
yiyələnib, onun xələfi-davamçısı kimi
tanınmışdı.
Əsərdəki peyğəmbər məhəbbəti
intəhasızdır. Şairin hər misrasından
İslamın rəsuluna böyük sevgi və heyranlıq
saçılır. Mövzu, mündəricat
baxımından poemanı üç hissəyə bölmək
olar: 1.Dünyanın və canlı aləmin
yaranışı. 2.Peyğəmbərin
həyatı və əməlləri. 3.Axirət
dünyasının təsviri. Bütün
dastan boyu "fəna-fi-rəsul" (Peyğəmbərə
qovuşmaq) və "fəna-fi-ilah" (Allaha qovuşmaq)
ideyası fərqli rakurslarda təbliğ edilir. Təsadüfi deyil ki, "Məhəmmədiyyə"
İslam peyğəmbərinin və İslam dininin şəninə
türk dilində böyük təsir gücünə malik
mükəmməl, ibrətamiz əsərlərdən biri
sayılır. Rusiya imperiyasında milli-dini
basqını daha çox hiss edən, adını və
dilini unutmağa zorlanan türk-müsəlman əhali
üçün belə əsərlərin xalq arasında
yayılması çox zəruri idi. Çünki
onlar özünüqoruma instinkti üzərində köklənmiş
həqiqi mənəvi qida, güclü özünütəsdiq
və müqavimət vasitəsi rolunu oynayırdı.
Rus universiteti professorunun və xristianlığı qəbul
etmiş bir şəxsin İslama dair kitabların nəşrinə,
təbliğinə yaxından maraq göstərməsi bir
çoxlarına qəribə gəlirdi. Bəzi
iddialara rəğmən, Mirzə Kazımbəyin bu yolla
keçmişdə mənsub olduğu dini - İslamı təbliğ
etdiyini düşünmək qeyri-inandırıcı
görünür. "Məhəmmədiyyə"
tipli əsərlər onun nəzərində ilahiyyat məsələlərinə
dair qaynaq olmaqdan daha çox, ədəbi-linqvistik abidə
idi; mükəmməl dil nümunəsi idi. Əsər Anadolu türkcəsinin leksik-semantik tərkibini,
eləcə də zaman etibarı ilə keçdiyi inkişaf
yolunu, məruz qaldığı dəyişiklikləri izləmək
baxımından qiymətli ədəbi-tarixi qaynaq rolunu
oynayırdı.
"Məhəmmədiyyə"nin tatar və başqırd oxucuları
arasında böyük populyarlıq qazandığını
qeyd etmişdik. Ona görə də ilk nəşrdən sonra
kitab hər il təkrar (bəzən ildə
iki dəfə) çap olunsa da, artan tələbatı ödəmirdi.
Nəticədə, nəşriyyat işlərinin artıq sərfəli
biznesə çevrildiyi şəraitdə bəzi naşirlər
"Məhəmmədiyyə"nin anonim
nəşrlərini bazara çıxarmaqdan çəkinmirdilər.
Onların əsasında Mirzə Kazımbəyin
hazırladığı nüsxə dayansa da, mənbə bir
qayda olaraq göstərilmirdi. Şəxsi
arxivindəki sənədlərindən biri alimin keyfiyyətsiz
şəkildə ortaya qoyulan belə qaçaq nəşrlərdən
narahatlıq və narazılıq hissi keçirdiyini,
önünü almaq üçün müvafiq tədbirlər
görülməsi üçün hökumət dairələri
qarşısında binagüzarlıq etdiyini göstərir.
Mirzə
Kazımbəyin hazırladığı mükəmməl nəşr
XIX əsrdə Osmanlı din alimləri və naşirlərinin
də diqqətindən
kənarda qalmamışdır. Türkiyə
Diyanət Vakfının "İslam Ansiklopedisi"ndə də
göstərildiyinə görə, 1846-1910-cu illər
arası kitab doqquzu rəsmli olmaqla İstanbulda 22 dəfə
nəşr edilmişdi.
Şərqşünas
alimlər "Məhəmmədiyyə"nin
Kazan nəşrini böyük məmnunluqla
qarşıladılar. Çünki əsər
Osmanlı türkcəsini öyrənən tələbələr
üçün də qiymətli dərs vəsaiti - oxu
kitabı idi. Kazan Universitetinin professoru N.İ. Berezin bu
münasibətlə yazırdı: "Hətta Mirzə
Kazımbəy əvvəllər "Əs-səb-əs-Səyyar",
yaxud "Müxtəsərül-viqaye" kimi mühüm
qaynaqları çap etdirməsəydi belə, tək "Məhəmmədiyyə"nin
nəşri Avropada şöhrət qazanmağa yetərli idi.
"Müxtəsərül-viqaye" və
"Məhəmmədiyyə" kimi elm tarixində yaddaqalan
hadisələr şərqşünaslığın
artıq Rusiyada özünə layiqli davamçılar
tapdığını sübut etməkdədir".
Aradan iki
il ötəndən sonra, 1847-ci ildə Mirzə Kazımbəy
türk klassik mətnlərinin hazırlanması və nəşri
istiqamətindəki fəaliyyətini davam etdirərək orta
əsrlər özbək təriqət ədəbiyyatının
diqqətəlayiq nümunələrindən birini - mütəsəffif
şair Sufi Allahyarın "Səbatül-acizin" ("Zəiflərin
dözümü") əsərini Kazan Universitetinin mətbəəsində
çap etdirmişdi. Bu, alimin
"çağatay poeması" adlandırdığı əsərin
birinci nəşri deyildi. Kitab ilk dəfə
1802-ci ildə, hələ universitet təsisindən əvvəl
eyni şəhərdə işıq üzü
görmüşdü. XIX əsr boyu
"Səbatül-acizin" poemasının Daşkənd,
İstanbul, Buxara, Bakı, Kogon (indiki Özbəkistan) nəşrləri
meydana çıxmışdı.
Sufi Allahyar (1616-1713, bəzi mənbələrdə isə
1644-1724 kimi də göstərilir) özbək şairi və
filosofu, XVII-XVIII əsrlərdə Orta Asiyada təsəvvüf
ədəbiyyatının görkəmli nümayəndəsi
idi. Tatar alimləri onun ailəsinin Buxara
xanlığına vaxtilə Volqaboyundan köç etdiyini
göstərirlər. Mükəmməl dini təhsil
alan, hər üç klassik Şərq dilini dərindən
bilən Sufi Allahyar ilahiyyat məsələlərinə,
sufiliyin mahiyyətinə, islam əxlaqı və mənəviyyatına
həsr olunmuş "Məslək-ül Müttəqiyyin"
("Təqva sahiblərinin yolu") "Murad-ül
arifin" ("Ariflərin arzuları"), "Məhzən-ül
Mütiin" ("İtaət edənlərin xəzinəsi")
kimi dini-fəlsəfi əsərlərin müəllifidir. Bu
poema, yaxud məsnəvilər hamısı fars
dilində qələmə alınmışdır. Farsca yaradıcılığının zənginliyinə
baxmayaraq türk dünyasında Sufi Allahyara böyük
şöhrət qazandıran ana dilində yazdığı
"Səbatül-acizin" poeması idi. Əsər mahiyyət etibarı ilə dini
xarakterlidir. Yuxarıda haqqında
danışdığımız "Məhəmmədiyyə"
poemasında olduğu kimi, burada da İslam peyğəmbərinin
gözəl sifətlərinin vəsfi əsas leytmotivi təşkil
edir. Eyni zamanda əshabələrə və
İslama ilk iman gətirənlərə, habelə yeni dinin əleyhdarlarına
- münafiqlərə geniş yer ayrılır. Tarixi-mənəvi və dil xüsusiyyətlərinə
görə, "Səbatül-acizin" XX əsrin əvvəllərinə
qədər Volqaboyu və Orta Asiya mədrəsələrində
əxlaq və İslam tarixinə dair mühüm dərs vəsaitlərindən
biri kimi istifadə olunmuşdur.
Mirzə
Kazımbəyi bu əsərin nəşrinə sövq edən
amillərdən biri də onun dil və üslubunun gözəlliyi,
müəllifin ali həqiqətlər
haqda aydın, anlaşıqlı şəkildə söz
açmaq bacarığı idi. Sufi Allahyar poemasını
müasir ifadə ilə "ümumtürk dili", yaxud
"ortaq türkcə" adlandıra biləcəyimiz bir
dildə qələmə almışdır. Üç
yüz il əvvəl yazılmış
misraların bu gün də yalnız özbəklər deyil,
tatarlar, Anadolu və Azərbaycan türkləri
üçün nə dərəcədə
anlaşıqlı olduğunu aşağıdakı sətirlərdən
də görmək mümkündür:
Anı kim gördilər Türki yaranlar,
Dedilər:
Gər dua qılsa ərənlər,
Bitilsə
Türki dil birlə Əqidə,
Könüllər bolsa ondan aramidə.
Yəni
"Türk dostlar onu görən kimi dedilər: Əgər ərənlər
dua etsələr, Türk dilində iman əsasları
yazılar, Könüllər bundan hüzur tapar". Burada "Əqidə" dedikdə, şair
çox güman ki, yaşam qaydaları (Əqaid) kimi
Quranı nəzərdə tutur.
Nəşrə
rusca yazdığı müxtəsər müqəddimədə
Mirzə Kazımbəy əsərin fəlsəfi mahiyyətini,
sufi mistisizmi ilə
bağlılığını, didaktik mahiyyətini yüksək
bədii məziyyətlərini və praktiki əhəmiyyətini
ön plana çəkmişdi.
Yeri gəlmişkən, bu nəşr XIX əsr Azərbaycan
ziyalılarına da yaxşı məlum idi. 1882-ci ildə görkəmli
maarif və mətbuat xadimi Səid Əfəndi Ünsizadə
(1842-1903) Tiflisdə, "Ziya" qəzetinin mətbəəsində
"Səbatül-acizin" əsərinin sərbəst
iqtibasından ibarət "Məktəb uşaqlarımızı
oxutmaqdan ötrü sadə türki dilimizdə tərtib
olunmuş Əqaid və Nəsaih risaleyi-mənzuməsidir"
adlı 98 səhifəlik ("Səbatül-acizin"in
orijinal Kazan nəşri 108 səhifədən ibarətdir -
V.Q.) kitab çap etdirmişdi. İlk dəfə türkoloq
Nazim Nəsrəddinovun diqqət yetirdiyi nəşrdə Səid
Əfəndi Ünsizadə oğlu Əbdürrəhmanın
istəyi üzərinə hazırladığı əsərinin
"Səbəbi-nəzmi-kitab" adlı hissəsində sələfi
Sufi Allahyarı dövrün azərbaycanlı oxucusuna
tanıdaraq yazmışdı:
Qazan
(tatar - V.Q.) dili ilədir bu məktub,
Əqaid, həm Nəsaih, qürbi-məhbub.
Sufi
Allahyar təsnif etmişdi,
Əqaid, Nəsaih söylətmişdi.
Onu
gördükdə oğlum Əbdürrəhman,
Dedi: -
Ata, olarmı səndə imkan,
Bizim dilə
bunu nəzm eyləyəsən,
Uşaqlara dəxi bəzl eyləyəsən?
Ki, məktəbdə
oxuyub hifz edələr,
Dürüst yolda olub doğru gedələr?
"Əs-cəb
əs-Səyyar","Qisseyi-Yusif", "Məhəmmədiyyə",
"Səbatül-acizin", "Dərbəndnamə"
kimi türk ədəbi-tarixi abidələrinin nəşri ilə
Mirzə Kazımbəy bir tərəfdən, Rusiyada
türkdilli xalqların mütaliəyə, kitaba olan
ehtiyaclarını aradan qaldırmağa
çalışır, digər tərəfdən isə, həmin
qaynaqlardan Şərq dillərinin tədrisində dərs vəsaiti,
yaxud əlavə oxu materialı kimi istifadə edirdi. Nəşrlər hər iki mənada
özünü doğruldurdu. Nəhayət,
məsələnin üçüncü tərəfi də
var idi. Həm də bu ilk baxışdan bir qədər
qəribə görünə bilərdi: alimin nəşr
etdiyi bu kitablar tatarların və Rusiya imperiyasındakı digər
türk-müsəlman xalqların iman gətirdikləri dinin əsaslarını,
mahiyyətini və tarixini daha dərindən öyrənmələrinə
yardım göstərirdi.
Vilayət Quliyev
Ədəbiyyat
qəzeti 2024.- 8mart,¹9.- S.6-7