Sözün qələbəsi
Bu
günlərdə yeni bir poetik ünvanla tanış oldum, həm
sevindim, həm də təəccübləndim. Sevindim ki, Şabran ədəbi
mühitinin belə bir bənzərsiz, istedadlı nümayəndəsi
var və təəccübləndim ki, indiyə kimi onun bircə
şeirini də oxumamışam, dostlar onun poeziyası
haqqında niyə mənə heç nə deməyiblər?!.
Onun "Qəlbin şeir çiçəyi",
"Haqdan gələn general", "Səbrimin daşan
günü" adlı kitablarını birnəfəsə
oxudum və müasir poeziyanın, çağdaş ədəbiyyatın
səsi, sözü, çağırışları ilə
üz-üzə dayandım. Bu kitablarda sözə
sahib bir şairin poetik uğurlarına, vətənpərvər
bir sənətkarın Vətən uğrunda möhtəşəm
mübarizəsinə, poeziyanın uğurlarına şahid
oldum, açığı deyim ki, bəzi məqamlarda ədəbiyyatın
bəxtəvərliyini, sevinc dolu göz yaşlarını
gördüm. Mən təxminən otuz il müddətində
əvvəl "Ədəbiyyat və publisistika", sonra
"Ədəbi dram" baş redaksiyasının (Azərbaycan
Televiziyasında) baş redaktoru olmuşam, ədəbiyyatımızı
yaxından izləmişəm, təqdim və təbliğ
etmişəm, amma həmin bəxtəvərlik məqamlarını
elə də tez-tez görməmişəm...
Haqqında
danışdığım şair Məzahir Zeynaldır! On
illər boyu tanımadığım, şeirlərindən xəbər
tutmadığım, layiqli poeziyası haqqında dostların
susduğu Məzahir Zeynal! Və indi bu sözləri yaza-yaza qəlbimin
göylərində qəfil bir üzrxahlıq buludu da səmimi
bir təbəssümlə dolanır...
Məzahir Zeynalın poeziyası söz oyunundan
uzaqlığı, sadə, səmimi sözə
yaxınlığı ilə seçilir. Onun, xüsusilə, vətəndaşlıq
poeziyasında pafos, patetika yox dərəcəsindədir, əksinə,
qəlbdən, qandan gələn səmimi duyğular, sadə,
bəzək-düzəksiz ürək söhbətləri
ön plandadır, şüarçılıq,
"poetik" ritorika ədəbi nəfəsi təngitmir,
küncə sıxışdırmır, oxucunun zəhləsini
tökmür, əksinə, sözün ədəbi dəyərləri
gülümsəyir, bədii fikrin işıqları
sayrışır, ürək genişliyində ruhun
azadlığı göz güldürür; şeirlərdə
səhnənin ön planındakı reklamçı
qışqırıqları yox, pərdəarxası gizli
pıçıltıları eşidirsən; şeirlər
çoxdan görmədiyin, köhnəlməyən köhnə
dostlar kimi qəlbində, qarşında qəfil bir titrəyişlə
zühur edir, sənə əl uzadır, salam verib salam
alır; poetik nəfəs çoxdan getmədiyin doğma
yollar kimi çağırır, təzə dolaylara çəkib
aparır səni. Və qəfildən ədəbiyyatın
uğuruna, şeirin şənliyinə,
şadlığına şahid olursan...
Öyrəşib
daşlara qız ağacları...
Hər
daşın sevinci, öz ağrısı var,
Dərd
bitər daşların sarı yerində
Yollara dikilmiş göz ağrısı var.
Poeziyamızın
dönə-dönə müraciət etdiyi "Qız
ağacı-qoz ağacı..." mövzusuna tam yeni
yanaşma oxucunu tilsimləyir, duyğularda yeni işıqlar
yandırır, heyrətlənirsən ki, hər misranın, hətta
hər sözün öz yükü, öz poetik hədəfi
var. Və qəfildən, nə vaxtsa, haradasa bir çəmənlikdə
görüb-götürdüyün daşın gün
işığına həsrət sarı yatağını
xatırlayırsan; qız duyğularının sirr
saxlancında, dərd divanəsi "sarı yerində" ədəbi
tilsimin qırxıncı qapısı açılır...
"Öyrəşib daşlara qız
ağacları" şeirinin bir bəndindəki poetik sehri
açmağa, tilsimin qırxıncı qapısını
aralamağa çalışdım. Şübhəsiz ki,
bu yanaşmaya, ədəbi təhlilə şeirin bədii
yükü, yüksək səviyyəsi imkan yaradır.
Sevindirici hal odur ki, Məzahir Zeynalın əksər
şeirləri məhz belə bədii yükü, yüksək
lirik, poetik səviyyəsi ilə seçilir, ciddi ədəbiyyatşünaslıq
təhlillərinə imkan və şərait yaradır.
Filologiya
elmləri doktoru, professor, fədakar tənqidçi Vaqif
Yusiflinin "Qəlbin şeir çiçəyi"
kitabına yazdığı "Şeir çiçəkləri
heç vaxt solmur" adlı Ön sözündə,
şair-publisist Əlirza Xələflinin "Haqdan gələn
general" poema-kitabına yazdığı "Ölməzliyin
tərənnümü, yaxud Məzahir Zeynalın "Haqdan gələn
general" poeması üzərində düşüncələr"
məqaləsində, filologiya elmləri doktoru, professor Mahmud
Allahamanlının, yazıçı-publisist Elçin Mehrəliyevin
yazılarında rast gəldiyim səmimi təhlillər məni
çox sevindirdi. Bunlar ciddi ədəbiyyat
haqqında ciddi yazılardır, Məzahir Zeynalın poetik
uğurlarına güzgü tutan, qədirbilənliklə
yanaşan ədəbi-tənqid faktlarıdır.
Adətən giley-güzar edirlər ki, bizdə
müharibə ədəbiyyatı yaranmır, gecikir. Məzahir Zeynalın general
Polad Həşimova, döyüşçü Mübariz
İbrahimova həsr etdiyi "Haqdan gələn general" və
"Səbrimizin daşan günü" poemaları məhz
müharibə ədəbiyyatımızın layiqli nümunələri,
geniş elmi təhlillərə cəlb olunası ədəbiyyat
həqiqətləridir. Bu, Azərbaycanın tarix gücünə,
etnogenetik potensial imkanlarına söykənərək 44
günlük müharibədə qazanılan möhtəşəm
qələbəni vahid milli-mənəvi müstəvidə təqdim
edən, məhz həyat həqiqəti ilə ədəbi həqiqəti
bütöv vəhdətdə təqdim edən müzəffər
şair hünəridir. Özü və sözü ilə təzəcə
tanış olduğum və sanki yüz
illərdir tanıdığım şair dostum Məzahir
Zeynala yeni-yeni ədəbi uğurlar, böyük qələbəmizə
yaraşan ədəbi qələbələr arzulayıram.
Bu gün tariximizin qanlı işğal
boşluqlarını dolduran, olmazları olduran möhtəşəm
zəfər zirvələrini yaşayırıq. Bu gün ədəbiyyat,
sanki həyatla, həyatın çox sürətli gedişləri
ilə ayaqlaşa bilmir. Bu gün "bir-bir kərpicini
canından kəsib ruhunu qalatək tikən adam"lardan
("Haqdan gələn general" poemasının proloqundan),
təkbaşına döyüş meydanına atılıb
qalib ruhuna uca dağlardan heykəllər yapan Mübarizin
mübarizəsindən, ingilis generalın "ya öldürmək,
ya tutmaq" əmri verdiyi, son gülləsini gicgahına
sıxan snayperçi qızın, topçu Seyid Əli
Çabukun Çanaqqala dastanından, 44 günlük
böyük qələbənin başladığı Aprel,
Tovuz döyüşlərinin general Polad Həşimov,
xüsusi təyinatlı Cəbrayıl Dövlətzadə
hünərindən, oyanan, səfərbər olan tarixi
türk yaddaş enerjisinin bu günə nəql, transformasiya
möcüzələrindən... yazmaq zamanıdır. Sənətin həyatla, poeziyanın yüz illər
sonra qazanılan böyük qələbə ilə
ayaqlaşmasına Məzahir Zeynalın poemalarında şahid
oldum. Bu, Şabran ədəbi mühitinin
bütöv, böyük ədəbiyyatımıza verdiyi
töhfədir.
Sadıq Elcan
Ədəbiyyat
qəzeti 2024.-8 mart,¹9.- S.7