Azərbaycan dilinin yeni orfoqrafiya
lüğətinə ön söz
Azərbaycan Dövlət Tərcümə
Mərkəzinin İdarə Heyətinin sədri, Xalq
yazıçısı Afaq Məsudun müəllifi olduğu
"Azərbaycan dilinin orfoqrafiya lüğəti" Azərbaycan
lüğətçiliyi tarixində keyfiyyətcə yeni
hadisədir. Və həmin yeniliyin
elmi-metodoloji əsasları barədə bəhs etməzdən
əvvəl Lüğətin yaranma tarixçəsini nəzərdən
keçirək.
Dövlət Tərcümə Mərkəzi 2017-ci ildə
uzun illərin iş təcrübəsindən,
linqvistik-üslubi müşahidə və
araşdırmalardan irəli gələrək ilk orfoqrafiya vəsaitini
- "Azərbaycan dilinin işlək orfoqrafiya
sözlüyü"nü ərsəyə gətirdi. Sözlük son illərin (2004, 2013-cü illərin)
orfoqrafiya lüğətlərinə alternativ olaraq
hazırlanmış, kitabın ön sözündə bu barədə
yığcam məlumat verilmişdi. Afaq Məsudun rəhbərliyi
ilə lüğət yaradıcılığı işini
getdikcə daha da genişləndirən Tərcümə Mərkəzi
2020-ci ildə həmin Sözlük əsasında təkmilləşdirilmiş
növbəti nəşrini - "Azərbaycan dilinin orfoqrafiya
lüğəti"ni gerçəkləşdirdi.
Lüğət ön sözdə öz
missiyasını aşağıdakı şəkildə bəyan
edir:
"Azərbaycan dili dünyanın ən
inkişaf etmiş, zəngin dillərindən biri, eyni zamanda
müstəqil Azərbaycan Respublikasının dövlət
dilidir. Dilimizin saflığının
qorunması və inkişafına hər zaman xüsusi önəm
vermiş böyük Heydər Əliyevin müəyyənləşdirdiyi
dövlət dil siyasəti bu gün Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir.
...Hər bir dilin inkişafını, düzgün
istifadəsini şərtləndirən başlıca meyarlar
sırasında onun söz ehtiyatının lüğət tərkibinin
zənginliyi və saflığı ilə yanaşı, təsbit
edilmiş orfoqrafiya qaydalarının səlisliyi, bu qaydalara əməl
olunmasını özündə ehtiva edən müvafiq vasitələrin,
başlıca olaraq mükəmməl orfoqrafiya lüğətinin
mövcudluğu dayanır".
Mərkəz bu nəşrdən sonra da
orfoqrafiya lüğəti üzərində aparılan təkmilləşdirilmə
işini davam etdirməklə kifayətlənmədi, əvvəlki
lüğətlərdə buraxılmış
çoxsaylı qüsur və xətaların müəyyən
edilməsi niyyəti ilə ciddi metodiki prinsiplər əsasında
ayarlama işi apardı ki, bu da öz əksini 2022-ci ildə nəşr
olunan "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən
çıxarılan sözlərin təsnifatı"
adlı kitabda tapdı. Daxili istifadə üçün nəzərdə
tutulmuş kitab Nəsimi adına
Dilçilik İnstitutunun 2004, 2013 və 2021-ci illərdə
hazırladığı orfoqrafiya lüğətlərində
aşkar edilmiş qüsurların müfəssəl təsnifini
əks etdirir.
Təəssüf doğuran hal, Dilçilik
İnstitutuna məxsus orfoqrafiya lüğətlərinin nəinki
5-ci (2004), 6-cı (2013), hətta Tərcümə Mərkəzinin
kəskin tənqidi iradlarından sonra işıq üzü
görmüş 7-ci (2021) nəşrində
aşkarlanmış eyni qüsurların aydın şəkildə
müşahidə olunan inersiyasında qalmasıdır. Bu isə onu göstərir ki, həmin nəşrlərin
müəllif kollektivi artıq adət halını
almış tərtib texnikasından kənara çıxmaq,
müasir tələblərə cavab verəcək mükəmməl
lüğət modeli yaratmaq iqtidarında deyil.
Mərkəzin 2023-cü ildə ərsəyə gətirdiyi
orfoqrafiya lüğətinin geniş ictimaiyyətə təqdim
olunan yeni və daha mükəmməl nəşri üç
nəzəri-metodoloji fundamentə əsaslanır ki, onlardan
birincisi - Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin (və Onun qurub-yaratdığı müstəqil
Azərbaycan dövlətinin) həyata keçirdiyi dil siyasətidir.
Həmin siyasət zəngin tarixi ənənələri
olan Azərbaycan dilini həm qorumağın, həm də
böyük bir xalqın mənəvi sərvəti olaraq
inkişaf etdirməyin ideoloji prinsiplərini müəyyənləşdirmişdir.
Əgər sözügedən dil siyasəti istər
ölkədə, istərsə də onun hüdudlarından kənarda
(xüsusilə dünya azərbaycanlıları arasında)
böyük uğurlar qazanmasaydı, belə bir təkmil
Lüğət yaratmaq barədə ideya da, yəqin ki, meydana
çıxmazdı.
İkinci fundament - dil haqqında elmin
ümumən söz nəzəriyyəsi, eləcə də
sözlük (lüğət) tərtib etmək metodları,
üsulları barədə kifayət qədər mükəmməl
qənaətlərdir ki, hazırkı nəşrdə həmin
qənaətlər analitik təhlildən keçirilərək
rəhbər tutulmuşdur.
Nəhayət, üçüncü fundament - Azərbaycanda
orfoqrafiya lüğətçiliyinin heç də az zəngin olmayan ənənəsidir. Lakin
1920-ci illərin ciddi elmi-dilçilik müzakirələri əsasında
tərtib olunmuş ilk orfoqrafiya lüğəti olan
"İmla lüğəti"nin (1929)
xeyli dərəcədə mükəmməl təcrübəsi
sonrakı dövrlərdə həm siyasi rejimin təsirindən
irəli gələn obyektiv, həm də peşəkarlıq
səviyyəsinin aşağı düşməsinin, yaxud
laqeydliyin nəticəsi olan subyektiv səbəblərdən,
çox təəssüf ki, inkişafdan qalmışdır.
Görkəmli söz ustası Afaq Məsudun
müəllifi olduğu yeni orfoqrafiya lüğətinin əsaslandığı
nəzəri-metodoloji fundamentlər görülən dil
yaradıcılığı işinin həm miqyasını,
həm də keyfiyyətini parlaq şəkildə əks
etdirir.
***
Azərbaycan xalqı siyasi müstəqillik
əldə etdikdən sonra ölkədə Ümummilli Lider
Heydər Əliyevin rəhbərliyi ilə həyata
keçirilən milli dövlət quruculuğu hərəkatının
üzvi tərkib hissəsi olaraq dil quruculuğu müxtəlif
aspektlərdən çox mühüm bir sahə kimi ön
plana çıxmış, ciddi ictimai, siyasi və mədəni
müzakirələrin predmetinə çevrilmişdir. Ümummilli
Liderin dil siyasətində üç aparıcı tendensiya
diqqəti xüsusilə cəlb edir:
1) Azərbaycan dilinin Azərbaycan Respublikasında
hüquqi (konstitusion) baxımdan dövlət dili səviyyəsinə
yüksəldilməsi;
2) ölkə daxilində dövlət
dilinin işlənməsinin müasir tələblərə
cavab verməsi üçün zəruri tədbirlərin
görülməsi;
3) beynəlxalq miqyasda (o cümlədən
dünya azərbaycanlıları arasında) Azərbaycan
dilinin təbliği.
Məlum olduğu kimi, müstəqilliyin ilk illərində
milli dövlət (və dil) quruculuğuna səriştəsiz,
populist və hətta avantürist mövqedən yanaşan bir
sıra qüvvələrin təhriki ilə mövcud tarixi ənənələrə
sayğısızlıq göstərilmiş, dövlət
dilinin Azərbaycan SSR-in 1978-ci il
Konstitusiyasında əksini tapmış adı heç bir əsas
olmadan "türk dili" adı ilə əvəzlənmişdi.
Bu isə, əlbəttə, həm ölkə
daxilində, həm də onun hüdudlarından kənarda
haqlı etirazlar doğurmaqda idi. 1995-ci ildə Azərbaycan
Respublikasının ilk Konstitusiyasının layihəsi
hazırlanarkən Azərbaycan Prezidentinin təklifi ilə
dövlət dili haqqındakı maddə ümumxalq səsverməsinə
ayrıca qoyularaq qəbul edildi ki, həmin maddədə
"Azərbaycan Respublikasının dövlət dili Azərbaycan
dilidir" müddəası təsbit olunur.
Müstəqilliyini yeni əldə etmiş dövlətin
üz-üzə qaldığı siyasi, sosial-iqtisadi çətinliklərə
rəğmən, Ümummilli Lider Azərbaycan dilinin Azərbaycan
cəmiyyətində, xüsusilə onun, müəyyən mənada,
"yuxarı təbəqə"sini təşkil etmək
iddiasında olmuş rusdilli əhali arasında mövqeyinin
yüksəlməsi üçün həlledici tədbirlər
gördü. Sovet dövründə uzun illər dövlət
idarələrində çalışmış, Azərbaycan
dilini yaxşı bilməyən mütəxəssislərin tədricən
Azərbaycan dilini mənimsəməsini müxtəlif
çıxışlarında Prezident yalnız rəsmi yox,
şəxsi nüfuzundan da istifadə etməklə
ardıcıl tələb edir, vaxtilə ümumittifaq
miqyaslı sahələrdə - hərbidə, nəqliyyatda,
hüquq-mühafizə orqanlarında, beynəlxalq münasibətlərdə
və s.-də milli dilin işlədilməsini sürətləndirəcək
layihələr həyata keçirirdi. Zəngin
idarəçilik təcrübəsi olan dövlət
adamının yeni Konstitusiyanın qəbulundan sonrakı
müxtəlif xarakterli görüşlərində - orta məktəblərdən
başlamış xaricdəki diaspor təşkilatlarına qədər
- dil məsələsi həmişə əsas müzakirə
mövzularından biri olmuşdur ki, bu zaman Heydər Əliyev
hər bir vətəndaşın öz dövlət dilini dərindən
bilməsinin zərurətini əsaslandırırdı.
Və göstərirdi ki, insan gərək
müasir dünyanın inkişaf etmiş dillərini öyrənsin,
ancaq birinci növbədə, ana dilini, dövlət dilini bilməlidir.
Azərbaycan yazıçılarının 1997-ci ilin
oktyabrında keçirilən X qurultayındakı (bu,
müstəqillik dövrünün ilk qurultayı idi) məşhur
nitqində Ulu Öndərin dediyi sözlər Onun Azərbaycan
dili barədəki təsəvvürlərinin fəlsəfi
mahiyyətini aydın göstərir:
"Bu gün müstəqil bir dövlət kimi ən fəxr
etdiyimiz bir də odur ki, bizim gözəl Azərbaycan dilimiz
var. Azərbaycan dilinin formalaşmasında, inkişaf etməsində,
bugünkü səviyyəyə çatmasında
yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünasların,
dilçi alimlərin böyük xidməti var... Xalqı xalq edən, milləti millət edən onun ana
dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə
bilməyən, ana dilindən bəhrələnə bilməyən
xalq, millət - xalq, millət ola bilməz".
Və o da çox əlamətdar, eyni zamanda Ulu Öndərin
dil siyasətinin perspektivlərinin nədən ibarət
olmasını anlamaq baxımından əhəmiyyətlidir
ki, əlavə olaraq tövsiyə etmişdir:
"Bizim birinci nailiyyətimiz o
olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik. Hər
bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis
danışmalıdır və bu dili sevməlidir. Bununla yanaşı, biz
çalışmalıyıq ki, məktəblərimizdə,
universitetlərimizdə gənclərimiz bir neçə dil
öyrənsinlər. Mütləq öyrənməlidirlər".
Əlbəttə, hər nə qədər
sevimli, hər nə qədər doğma və qürurverici
olsa da, ana dili, dövlət dili heç bir dilin timsalında
müasir dünyanın intellektual mənzərəsini
bütünlüklə əks etdirə bilməz. Ulu Öndər
xüsusilə gənclərin xarici (təbii ki, ilk növbədə,
beynəlxalq) dilləri mütləq öyrənmələrini
tövsiyə edərkən onların müasir elmləri mənimsəmə
imkanlarının genişlənməsi, dünya ilə daha
sıx əlaqələrə girmək maraqlarının təmin
olunması ilə yanaşı, onu da nəzərdə tuturdu
ki, inkişaf etmiş dillərin mühitinə nüfuz edən
hər kəs öz milli dil təfəkkürünü də
zənginləşdirir, ana dilində daha məntiqli, daha
obrazlı, daha təsirli danışmaq, yazmaq üsulları
qazanır. Və əgər belə demək
mümkünsə, həmişə "daxili"ndə
olduğu dilə "xaric"dən də baxmaq imkanı əldə
edir.
Azərbaycan Respublikası Prezidentinin "Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" 18 iyun 2001-ci il tarixli fərmanı, heç
şübhəsiz, Azərbaycan dilinin bütün tarixində,
ilk növbədə, ona görə qeyri-adi bir hadisədir ki,
dilə elmi münasibətlə siyasi münasibət bir-birini
tamamlayır, eyni zamanda hər iki cəhət müstəqil
dövlət quruculuğu ideallarının təzahürü
olan milli təəssübkeşliklə həmahəng
çıxış edir:
"Azərbaycan dilinin bugünkü
inkişaf səviyyəsi göstərir ki, Azərbaycan
xalqı dünyanın ən qədim xalqlarındandır.
...Qədim və zəngin tarixə malik türk dili ailəsinin
oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki
dövrlərə gedib çıxır. Ayrı-ayrı
türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi
olan bu dil IV-V əsrlərdən ümumxalq danışıq
dili kimi fəaliyyət göstərməyə
başlamışdır.
...Azərbaycan ədəbi dilinin yazılı qolu da əlverişli
tarixi şəraitdə ümumxalq dili əsasında təşəkkül
tapmışdır. Xalq şifahi şəkildə
yaratdıqlarını əbədiləşdirmək
üçün sonradan onları yazıya
köçürmüşdür".
"Kitabi-Dədə Qorqud"u Azərbaycan
yazılı dilinin səciyyəvi nümunəsi olaraq təqdim
edən fərmanda göstərilir ki, "həm eposun, həm
də "Kitab"ın "meydana çıxması
üçün Azərbaycan dili böyük tarixi-ədəbi
hazırlıq mərhələsi keçməli idi". Həsənoğlu,
Qazi Bürhanəddin, Nəsimi... xətti ilə inkişaf edən,
zəngin diferensial üslubi maneralar nümayiş etdirən Azərbaycan
ədəbi dilinin XVII-XVIII əsrlərdə xəlqiləşdiyini,
demokratikləşdiyini xatırlatdıqdan sonra fərman XIX əsrdən
başlayan funksional üslub təzahürləri, terminoloji
yeniləşmə, ana dili tədrisinin genişlənməsi
kimi məsələlərə toxunur, XX əsrin əvvəllərindəki
ədəbi dil müzakirələri, mübahisələri
barədə bəhs edir. Və ümumiyyətlə,
bu son dərəcə mükəmməl rəsmi sənəd
Azərbaycan ədəbi dili tarixinin ayrı-ayrı dövrləri,
mərhələləri haqqındakı təsəvvürləri
vahid bir məcrada nəzərdən keçirməyin klassik
örnəyi sayıla bilər.
"Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında" Prezident fərmanının
tarixi əhəmiyyətini müəyyən edən cəhətlərdən
biri də odur ki, sənəddə Azərbaycan dilinin bir
sıra problemləri sadalanmış, onların aradan
qaldırılması məqsədilə konkret qərarlar qəbul
olunmuşdur. "Azərbaycan dilinin özünəməxsus
inkişaf qanunları ilə cilalanmış kamil qrammatik
quruluşu, zəngin söz fondu, geniş ifadə
imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli
yazı normaları" olduğu göstəriləndən
sonra təəssüflə etiraf edilir ki, "ölkəmizin
orta və ali məktəblərində Azərbaycan
dilinin müasir dünya standartlarına, milli-mənəvi
inkişaf tariximizin tələblərinə cavab verən tədrisi
işinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində,
rəsmi yazışmalarda, kargüzarlıq və sair sahələrdə
Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl
edilmir. Azərbaycan dilinin reklam işində istifadə
edilməsində ciddi qüsurlar müşahidə olunur... Azərbaycan
Respublikasının xarici siyasət sahələrində,
xüsusilə ölkəmizdə fəaliyyət göstərən
səfirlik, xarici nümayəndəlik və şirkətlərdə
Azərbaycan dilinin işlənməsi yarıtmaz vəziyyətdədir..."
Sovet dövrü ilə müqayisədə Azərbaycan
dilçiliyinin irəli getmək əvəzinə, geri
qalması barədə narahatlıq ifadə olunması, əlbəttə,
o illərdəki kimi bu gün də az
düşündürücü deyil:
"Azərbaycanda nitq mədəniyyəti
məsələlərinin tədqiqinə və
nizamlanmasına kəskin ehtiyac duyulur. Azərbaycan
dilinin tətbiq dairəsi bəzən süni olaraq məhdudlaşdırılır.
Rəsmi və elmi üslubun vəziyyəti
heç də ürəkaçan deyildir. Azərbaycan dilinin orfoqrafik, izahlı, terminoloji və
sair lüğətlərinin yenidən latın qrafikası ilə
hazırlanıb çap olunması, ikidilli tərcümə
lüğətlərinin tərtibi və nəşri məsələləri
yubadılır".
Fərmanda dövrün Azərbaycan dili ilə
bilavasitə bağlı olan ən aktual probleminə geniş
yer ayrılması, şübhəsiz ki, təbii idi. Yüz
illər boyu istifadə edilmiş ərəb əlifbasını
xüsusilə XIX əsrdən etibarən Azərbaycanın
görkəmli ziyalıları artıq kəskin şəkildə
tənqid eləməyə başlamışdılar.
Odur ki, XX əsrin 20-ci illərində yalnız Azərbaycanda
deyil, bütün türk dünyasında latın
əsaslı əlifbaya keçid prosesi kifayət qədər
uğurla başa çatdı. Lakin 30-cu illərin
sonlarında sovet rejimi türk xalqlarını məcbur elədi
ki, latından kirilə keçsinlər. Əlifbanın
bu cür tez-tez dəyişməsi isə nəsillər
arasındakı əlaqələrin qırılmasına gətirib
çıxarmaya bilməzdi. Bununla belə, etiraf etmək
lazımdır ki, artıq müstəqilliyinə
qovuşmuş türk xalqlarının, o cümlədən
azərbaycanlıların latına
qayıdışı bir sıra baxımlardan zəruri idi. Və
odur ki, Azərbaycan Prezidentinin fərmanında deyilir:
"Latın qrafikasının bərpa
olunması barədə qanun qəbul edilməsindən on ilə
yaxın bir müddət keçməsinə baxmayaraq, onun həyata
keçirilməsi olduqca ləng gedir".
Mövcud vəziyyət bundan ibarət idi ki, latın əlifbasına keçidin on ilə qədər
uzanması cəmiyyətdə müəyyən
çaşqınlıqlar yaradır, destruktiv qüvvələr
həmin çaşqınlığı daha da gücləndirmək
üçün bəzi şayiələr yayırdılar. Onlar Azərbaycanın nəinki kirilə, hətta ərəb
əlifbasına qayıda biləcəyi barədə
danışmaqla xalqa siyasi hakimiyyətin guya dayanıqsız
olduğu, gah bu, gah da digər oriyentasiyaya meyil etdiyi təsəvvürünü
təlqin eləməyə çalışırdılar.
Ölkə başçısı isə millətin,
dövlətin taleyi ilə bağlı hər hansı məsələnin
tədricən həll olunması tərəfdarı idi.
Təcrübəli siyasi xadim yaxşı bilirdi ki, əlifba
kimi strateji məsələdə tələsmək də
gecikmək qədər təhlükəlidir... Proses ən
mobil sahə olan təhsildən - orta məktəblərdən
başlamışdı, get-gedə dövlət idarələrini,
kütləvi informasiya vasitələrini də əhatə
edir, əhalinin artıq böyük hissəsi, xüsusilə
gənc nəsil yeni əlifba ilə yazıb-oxumaq vərdişlərinə
yiyələndiyini göstərirdi. Ona görə də Azərbaycan
Prezidenti sözügedən fərmanla 2001-ci ilin avqust
ayının 1-dən bütövlükdə latın
əlifbasına keçilməsini təmin etdi. Həmin ilin avqust ayının 9-da isə Prezident
növbəti fərmanı ilə avqust ayının 1-ini Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günü elan elədi.
Cəsarətlə demək olar ki, "Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" fərman Azərbaycan Respublikasının -
müstəqil Azərbaycan dövlətinin (eləcə də
Ümummilli Lider Heydər Əliyevin) apardığı dil
siyasətinin bir tərəfdən yekunu idisə, digər tərəfdən
də həmin siyasətin gələcək perspektivlərini
müəyyən edirdi. Və təsadüfi deyildi ki,
çox keçmədən - 2002-ci ilin sentyabr ayının
30-da Azərbaycan Respublikasının Milli Məclisi məhz 18
iyun 2001-ci il tarixli fərmanın göstərişi əsasında
"Azərbaycan Respublikasının dövlət dili
haqqında" qanun qəbul etdi. Qanun Azərbaycan dilinin yeni
tarixi statusunu təsbit edən bu sözlərlə
başlanır:
"Azərbaycan Respublikası Azərbaycan
dilinin dövlət dili olaraq işlədilməsini öz
müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən
biri sayır, onun tətbiqi, qorunması və inkişaf
etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının
Azərbaycan dili ilə bağlı milli-mədəni
özünüifadə ehtiyaclarının ödənilməsi
üçün zəmin yaradır".
Azərbaycan xalqının yalnız
beşdən birinin Azərbaycan Respublikası ərazisində
yaşadığını nəzərə alsaq, burada
dünya azərbaycanlıları ilə bağlı məsələyə
ayrıca diqqət yetirilməsi, əlbəttə, sadəcə,
təbii yox, həm də son dərəcə zəruridir.
Qanunun əsasını təşkil edən
"Dövlət dilinin işlənməsi, qorunması və
inkişafı" adlı II fəslin 13-cü maddəsində
göstərilir ki, "müvafiq icra hakimiyyəti orqanı 5
ildə bir dəfədən az olmayaraq yazı dili
normalarını təsbit edən lüğətin (orfoqrafiya
lüğətinin) nəşr olunmasını təmin
edir". Bu isə dilin işlənməsi,
qorunması və inkişafında orfoqrafiyaya ənənəvi
olaraq nə qədər böyük önəm verildiyini təsdiq
etməkdədir.
Ümummilli Liderdən sonra da Azərbaycan dövləti
özünün müstəqil dil siyasətini uğurla
gerçəkləşdirir ki, bunun ilk mühüm göstəricisi
Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli cərəncamı oldu. Sərəncamda
deyilir ki, "latın qrafikalı Azərbaycan əlifbası
artıq həyatımızın bütün sahələrində
tam yerini tutmuşdur. Bununla yanaşı,
Azərbaycan ədəbiyyatı, mədəniyyəti və
elminin vaxtilə kiril qrafikası ilə çap olunmuş qiymətli
nümunələrinin latın qrafikasında yenidən
kütləvi şəkildə nəşr olunması
günün ən vacib məsələlərindən biri
olaraq qalır".
Sərəncamda göstərildiyi kimi, əsas diqqət
məhz Azərbaycan ədəbiyyatı, mədəniyyəti
və elminin nümunələrinin nəşrinə verilsə
də, dünya ədəbiyyatı da kənarda
qalmamış, Homer, Firdovsi, Dante, Şekspir, Höte,
Puşkin, Lev Tolstoy, Fyodor Dostoyevski, Çingiz Aytmatov kimi
klassiklərin vaxtilə Azərbaycan dilinə tərcümə
olunmuş əsərləri məhz ilk mərhələdə
buraxılmışdı. Ümumiyyətlə, sözügedən
sərəncamın verilməsinin (və onun həyata
keçirilməsinin) tarixi əhəmiyyəti onda idi ki, a)
latın əlifbasına keçid yalnız cari, yaxud fövri
bir akt olaraq qalmadı, ictimaiyyətin sərəncamına
dövlət hesabına get-gedə daha da artan zəngin ədəbiyyat
verildi; b) vaxtilə kiril əlifbasında nəşr
olunmuş əsərlərdən başqa, yeni əsərlər
də kütləvi tirajlarla çap olunub oxuculara
çatdırıldı ki, onların içərisində
Azərbaycan dilinin ifadə imkanlarını genişləndirən
həm orijinal, həm də tərcümə əsərləri
vardı; c) nəşrlərin kütləviliyi, ölkənin
bütün kütləvi kitabxanalarına, xüsusilə məktəb
kitabxanalarına göndərilməsi, müəyyən
qisminin münasib qiymətlərə kitab mağazalarına
verilməsi, bunun ardınca özəl nəşriyyatlar şəbəkəsinin
genişlənməsi latın əlifbasına keçidi
sözün həqiqi mənasında başa
çatdırmış oldu.
Azərbaycan Prezidenti 2012-ci ilin may ayının 23-də
"Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı haqqında" sərəncam verdi. Sərəncamda deyilir:
"Azərbaycan Respublikası öz müstəqilliyinin
bərpasına nail olduqdan sonra Azərbaycan dili
xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni
həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət
kəsb etməyə başlamışdır. Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" 18 iyun 2001-ci il tarixli və "Azərbaycan
Respublikasında dövlət dili haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" 2
yanvar 2003-cü il tarixli fərmanları ilə
ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilmiş,
onun müxtəlif üslublarının potensialı bir daha
üzə çıxarılmış, bütövlükdə
dil mədəniyyətimiz qarşısında yeni
üfüqlər açılmışdır".
Bundan sonra sənəddə Azərbaycan dilinin olduqca
geniş imkanlarından heç də həmişə yetərincə
istifadə olunmaması, ədəbi dilimizin inkişaf
qanunlarına zidd olan stilistik meyillərə, maraqlara meydan
verilməsi, milli dilçilik təfəkkürünün isə
bütün bunlara laqeyd yanaşması qeyd olunduqdan sonra əlavə
edilir ki, "dilin böyük ictimai-siyasi hadisə və mənəvi
həyatımızın mühüm amili olduğunu çox
zaman nəzərdən qaçıran bəzi mətbuat
orqanlarında, radio və televiziya kanallarında ədəbi
dil normalarının pozulması adi hal almışdır. Dublyaj edilən filmlərin, xarici dillərdən
çevrilən elmi, bədii və publisistik əsərlərin
tərcüməsi, bir qayda olaraq, yüksək estetik tələblərə
cavab vermir, onlar sönük və yarıtmazdır, dilimizin
hüdudsuz ifadə imkanları ilə müqayisə edilməyəcək
qədər aşağı səviyyədədir. Küçə və meydanlardakı reklamlarda,
afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik
qaydalarının pozulması təkcə dil mədəniyyətinin
deyil, ümumi mədəni səviyyənin də arzuedilməz
göstəricisinə çevrilmişdir".
Bu cür kifayət qədər kəskin tənqidi
mülahizələrin rəsmi dövlət sənədində
öz əksini tapması, ilk növbədə, Azərbaycan
dilinin (və xalqının) həm tarixdən gələn, həm
də müstəqilliyinin açdığı geniş
imkanlarla yeni vüsət alan zəngin
intellektual-mənəvi enerjisinə əsaslanırdı. Və çox keçmədən qəbul olunan
Dövlət Proqramı qloballaşma şəraitində Azərbaycan
dilinin zamanın tələblərinə uyğun istifadəsi,
eləcə də ölkədə dilçiliyin müxtəlif
sahələrinin inkişafı üçün prioritet
istiqamətlər müəyyənləşdirdi ki, onlardan
biri də yeni orfoqrafiya lüğətinin hazırlanması
idi.
***
Lüğətçilik, əslində, məhdud
bir dilçilik sahəsi yox, bütövlükdə xalqın
ziyalılarının - müxtəlif sahələr üzrə
ixtisaslaşmış elm adamlarının,
yazıçıların, ictimai-siyasi xadimlərin məşğul
olduğu mədəni-intellektual bir ümummilli
yaradıcılıq meydanıdır.
Hər hansı dilin orfoqrafiya lüğəti,
ilk növbədə, həmin dildə aktiv işlənən
sözlərin mütləq əksəriyyətini
özündə ehtiva etməli olduğundan bu cür
lüğətlərin tərtibçiləri, hər
şeydən əvvəl, "söz nədir" sualı
üzərində dərindən düşünməyə məhkumdurlar. Məsələni
ümumi dilçilik və ya dil nəzəriyyəsi
baxımından mürəkkəbləşdirən, yaxud ona
paradoksal görkəm verən cəhət isə ondan ibarətdir
ki, sözə həm ayrı-ayrı dillərin, xüsusilə
ayrı-ayrı dil tiplərinin (flektiv, aqlütinativ, amorf və
polisintetik) mövqeyindən tərif verilir, həm də ona
müxtəlif dillərin fövqündə, yəni bəşər
dilinin universal hadisəsi kimi baxılır. Əgər
sözügedən paradoksallıq nəzərə
alınmasaydı, başqa sözlə, ona müəyyən mənada
qanunauyğun hal olaraq münasibət göstərilsəydi, nə
ayrı-ayrı dillər, yaxud dil tipləri, nə də
bütövlükdə bəşər dili miqyasında
söz barədə dialektik təsəvvür əldə etmək
olmazdı. Və heç də təsadüfi
deyil ki, ana dilindəki sözün mənası və ya mənaları
bir çox hallarda yabançı, xüsusilə daha çox
ümumbəşəri səciyyə daşıyan beynəlxalq
dillərə tərcümədə dəqiqləşdirilir.
Dünya dilləri üçün ümumi olan
terminologiyaya gəldikdə isə bu, bəşər (insan)
dilinin ayrı-ayrı dillərin leksikonuna münasibətdə
öz linqvistik hegemoniyasını vaxtaşırı olaraq
nümayiş etdirməsidir. Odur ki, istənilən
müasir dilin, o cümlədən Azərbaycan dilinin
orfoqrafiya lüğətini (hər şeydən əvvəl
ona görə ki, bu, dilin lüğət tərkibini heç
bir çeşidləməyə, təsnifata ehtiyac duymadan təqdim
edən ən demokratik lüğət tipidir; yetər ki,
burada verilən vahidlər - dil işarələri, birincisi,
söz anlayışına uyğun gəlsin, ikincisi isə,
orfoqrafiya qaydalarına müvafiq yazılsın) beynəlxalq
terminologiyanın getdikcə artan nüfuzundan kənarda təsəvvür
etmək mümkün deyil.
Tipoloji baxımdan aqlütinativ (iltisaqi),
genetik baxımdan türk dillərinin nümayəndəsi olan
Azərbaycan dilinin leksikonunda, təbii ki, türk mənşəli
sözlər mühüm yer tutmaqla türk
aqlütinasiyasının həm fonetik, həm də qrammatik əlamətlərini
ümumi leksik-semantik sistemə diktə edir. Bununla belə,
müxtəlif dövrlərdə Azərbaycan dilinə, demək
olar ki, kütləvi şəkildə daxil olmuş ərəb,
fars, eləcə də Qərb (Avropa) mənşəli
sözlər öz flektiv tipologiyasını bu və ya digər
dərəcədə (əsasən, söz
yaradıcılığında) hiss etdirir.
Akademik Ağamusa Axundov "söz nədir"
sualına belə cavab verir:
"Söz, hər şeydən əvvəl,
müəyyən bir səs kompleksindən ibarətdir,
başqa sözlə, o, müəyyən fonetik tərkibə
malikdir. Əslində, müəyyən fonetik tərkibə
malik olmayan söz yoxdur.
İkincisi, sözün müəyyən
bir mənası vardır. Sözün mənası
geniş anlayış olub, məfhumları, emosional vəziyyətləri
və s. əhatə edir.
Nəhayət,
üçüncüsü, sözün mənasının
müəyyən mənbəyi mövcuddur. Belə
ki, məna yalnız müəyyən bir predmet, hadisə, hərəkət,
emosional vəziyyət əsasında yarana bilər".
Azərbaycan dilçiliyinin korifeyinin (və
müstəqil Azərbaycan Respublika-sının Konstitusiya
layihəsini hazırlayan işçi qrupunun
üzvünün) sözə verdiyi bu tərif Azərbaycan
dilinin yeni orfoqrafiya lüğəti hazırlanarkən elmi-nəzəri
əsas olaraq qəbul edilmişdir.
Sözə əlahiddə tərif verilməsi
hər nə qədər vacib olsa da, nəzərə almaq
lazımdır ki, söz, ilk növbədə, leksik-semantik
sistemdə mövcuddur. Belə ki, dildəki
sözləri hər hansı kəmiyyətdə, hər
hansı məqsədlə və təbii ki, sistematik şəkildə
siyahıya alarkən onların məzmun, forma və funksiya
baxımından sıx qarşılıqlı münasibətləri
dərhal özünü göstərir. Və hətta ən
sıravi dil daşıyıcısı ən azından hiss
edir ki, sözlər kəmiyyətindən asılı
olmayaraq siyahıda (lüğətdə) bir-birini yuxarıda
göstərilən münasibətlər baxımından
"çağırır": onlar ya çoxmənalılıq,
ya sinonimlik, ya omonimlik, ya da antonimlik əlaqəsindədir.
Orfoqrafiya lüğətinin birbaşa həmin münasibətləri
əks etdirən lüğətlərdən fərqi
ondadır ki, bu barədə zahirən "susur", ancaq onun
"bətn"ində bütün məna münasibətlərini
işarələyən söz-formalar o həddə ehtiva
olunur ki, məsələn, polisemiya, sinonimiya, omonimiya və s.
lüğətlərini tərtib edərkən daha universal mənbə
kimi məhz orfoqrafiya lüğətinə istinad olunur.
Akademik Ağamusa Axundov dil haqqındakı elmin
leksik-semantik sistem barədəki təsəvvürünü
fonetik-fonoloji və qrammatik olmaqla digər dil sistemləri barədəki
təsəvvürləri ilə müqayisə edərək
yazır:
"1. Hər şeydən əvvəl,
dilin lüğət tərkibi adamların müdaxiləsi
üçün bilavasitə açıqdır, o, konkret
vahidləri dəyişməyə, müxtəlif mənşəli
və müxtəlif yaranma üsullu sözləri seçməyə
imkan verir. Belə vəziyyət fonoloji və
qrammatik səviyyələrdə yoxdur.
2. Dilin leksik-semantik sisteminin ikinci xüsusiyyəti onun
dilin xarici strukturu, dil üslubları və nitq fəaliyyətinin
müxtəlif kommunikativ sahələri ilə bilavasitə
bağlılığıdır, belə ki, leksik sistemin təsvirində
dilin daxili və xarici strukturu təlimləri bir-biri ilə kəsişir...
3. Nəhayət, leksik-semantik sistemin
üçüncü xüsusiyyəti odur ki, leksik-semantik
kateqoriyalar müxtəlif və çoxlu semantik əsaslara
görə müəyyənləşir. Buna
görə də onun kateqoriyaları fonoloji oppozisiyalar və
qrammatik kateqoriyalar qədər qapanmış xarakter
daşımır".
Bu isə o deməkdir ki, dilin leksik-semantik
sistemini bütün təfərrüatı ilə heç
bir lüğətdə, hətta həmin sistemi tam həcmdə
əks etdirmək iddiasında olan orfoqrafiya lüğətində
də ehtiva eləmək prinsip etibarilə mümkün deyil. Ancaq
bu və ya digər dilin leksikonunun maksimum həcminin göstəricisi
olaraq yenə də məhz orfoqrafiya lüğəti
çıxış edir.
Məsələ burasındadır ki, hər
hansı dilin leksikonunu mümkün qədər təfərrüatı
ilə əks etdirərkən orfoqrafiya lüğətini
"məhdudlaşdıran" məhz onun əsas
missiyasıdır. Belə ki, burada hər
cür söz deyil, müasir orfoqrafiya qaydalarına uyğun
olaraq yazılan ədəbi söz verilir. Və
ümumiyyətlə, orfoqrafiya lüğətinin əsas
missiyası yazılı sözün ədəbiliyini təsbit
edərək qorumaqdır.
Orfoqrafiya qaydalarının, yaxud
normalarının (və lüğətlərinin) təcrübəsi
göstərir ki, yazılı sözün ədəbiliyi,
ilk növbədə, dialekt və ya canlı
danışıqdakı çoxvariantlılıqdan qorunur ki,
həmin çoxvariantlılıq təsadüfi olmayıb,
dilin təbiətindən, onun diferensiasiya cəhdlərindən
irəli gəlir. Və beləliklə, dil
ümumxalq səviyyəsində həm forma, həm də məzmunca
sözün çoxvariantlılığına can atır, ədəbi
səviyyədə isə təkvariantlılıq müdafiə
olunur ki, sonuncunun qarantı xalqın ziyalıları, ədəbiyyatı,
mədəniyyəti, təhsilidir. Lakin
unutmaq olmaz ki, orfoqrafiya normalarının (və lüğətinin)
müəyyən dövrdə imtina etdiyi,
qarşısını aldığı dialekt və ya
canlı danışıq vahidlərinin bir qismi zaman-zaman ədəbi
status qazana bilər.
Arxaizmlərin, neologizmlərin sözügedən
lüğətdə əksini tapıb-tapmamasına gəldikdə
demək lazımdır ki, mövcud təcrübə dəqiq
meyarlar vermir, ancaq məhz ədəbi normativlik prinsipi tələb
edir ki, istər arxaizmin, istərsə də neologizmin
orfoqrafiya lüğətindəki yeri nə dərəcədə
işlək olub-olmaması ilə təyin olunsun. Qeyd edək ki, Azərbaycan dilinin hazırkı yeni
orfoqrafiya lüğəti həmin prinsipi o baxımdan müəyyən
qədər dəqiqləşdirmiş, başqa sözlə,
zənginləşdirmişdir ki, hər iki hadisəyə dil
üçün hansı səviyyədə perspektivli
olması ehtimalından çıxış edilərək
yanaşılmışdır. Yəni tərtibçi
bu və ya digər hələlik passiv cəbhədə
dayanan bir sözü (arxaizmi, adi danışıq vahidini,
neologizmi və s.) lüğətə daxil etmişdirsə,
cari dil proseslərində onun tezliklə önə
çıxacağı ehtimalına əsaslanır.
Sözü lüğətə gətirən
birinci tələb onun mənaca bütövlüyü, bu və
ya digər anlayışı rahat ifadə etməsidirsə,
ikinci tələb fonetik mütəşəkkilliyidir. Azərbaycan
dili, ümumən türk dilləri iltisaqi quruluşun
(tipologiyanın) təbiətindən irəli gələn bir əlamətə
- ahəng qanununa malikdir ki, həm leksik, həm də qrammatik
səviyyədə özünü göstərməklə
sözün fonomorfoloji təşkilində mühüm rol
oynayır.
Flektiv dillərdəkindən fərqli olaraq, söz
kökünün istər məzmun, istərsə də
formaca müstəqilliyi, cümlənin sintaktik buxovlarından
asılı olmaması, sözdüzəldici (eləcə də
sözdəyişdirici) şəkilçilərin fonetik
quruluşunda heç bir təbəddülat yaratmadan
kökün sonuna ardıcıl qaydalarla əlavə
olunması da türk (Azərbaycan) sözünün
lüğətlərdə rahat əksini təmin etməkdədir.
Onu da qeyd etmək lazımdır ki, yalnız türk mənşəli
deyil, ərəb, fars və Avropa mənşəli
flektiv alınmalar da Azərbaycan dilində məhz iltisaqi
leksik-qrammatik tələblərə uyğun yerləşdirilir.
Bununla belə, təcrübə göstərir
ki, alınmaların lüğətdə əksi istər məzmun,
istərsə də forma planında çox ciddi mübahisələr
doğurur. Məzmun planında ortaya çıxan
mübahisələr alınma sözün nə dərəcədə
"legitim" olub-olmamasından irəli gəlir. Çünki dil daşıyıcıları əcnəbi
sözlərə meyil etdikləri qədər də
müqavimət göstərirlər və burada arbitr rolunu bu
və ya digər dövrdə cəmiyyətin (və dilin)
düşdüyü sosial-mədəni şərait
oynayır. Həmin şərait dəyişdikdə
müvafiq alınmalara münasibət də kəskin şəkildə
dəyişir. Və nəticə etibarilə,
lüğətçi yüzlərlə, hətta minlərlə
sözə münasibətdə dilemma qarşısında
qalır ki, hansı mənşədən olan vahidi
lüğətə daxil etsin, ya etməsin. Azərbaycan
dilinə gəldikdə cəsarətlə demək olar ki, o,
alınmaların uzun müddət tarix səhnəsini zəbt
etmiş iki "nəsl"i üçün tamamilə
açıq olmuşdur ki, onlardan birincisi ərəb-fars
(akademik Tofiq Hacıyev doğru olaraq göstərir ki, ərəb
və fars alınmaları Azərbaycan ədəbi
dili formalaşandan onun türk qatına münasibətdə
eyni cəbhədə dayanır), ikincisi isə Qərb
alınmalarıdır. Və bu gün hər iki alınmalar
"nəslinin" sinxronlaşmasına əsaslanan Şərq-Qərb
paralelliyi Azərbaycan dili leksikonunda kifayət qədər fəal
"dialoq"unu davam etdirməkdədir.
Dilin daxili imkanları hesabına tədricən
yaranan (və ədəbi normaya çevrilən) sözlərdən
fərqli olaraq, alınmalar ya yazılı, ya da şifahi
olsun, dilə qısa bir müddətdə, eyni zamanda
böyük kütlələrlə keçə bilər. Bu
cür hallarda xarici müdaxilənin "süzgəcdən
keçirilmə"si dilin ədəbi-mədəni
müqavimət gücündən asılıdır ki, buraya,
hər nə qədər subyektiv amil olsa da, lüğət tərtibçisinin
intellektual səviyyəsi, milli təəssübkeşliyi də
daxildir. Xüsusilə o mənada ki, tərtibçi
alınmalar arasından bu və ya digər sözü
seçib lüğətdə verərkən dilin
özgürlüyünə, özünəməxsus
inkişaf qanunlarına əsaslanmalıdır.
Forma planında ortaya çıxan
mübahisələrə gəldikdə isə qeyd etməliyik
ki, burada da meydan xeyli genişdir. Xüsusilə ərəb
mənşəli sözlərin əvvəl latın, sonra
kiril əlifbasında yazılmasında uzun illər ciddi
problemlər yaşanmış, məsələyə həm
Azərbaycan dili, həm də türk dilləri miqyasında
baxılmış, prinsip etibarilə, ahəng qanunu üzrə
tələffüz (məsələn, adəm? adam, məarif ?
maarif, cəmaət ? camaat və s.) əsas alınsa da, həmin
prinsipə axıracan riayət (təsadüfən işlətdiyimiz
bu sözdəki kimi) etmək mümkün
olmamışdır. Ancaq Azərbaycan dilinə
tamamilə yad olan bəzi ərəb fonetikası xüsusiyyətlərini
(məsələn, apostrofu) dildən çıxarmaq
üçünsə uzun zaman lazım gəlmişdir.
Nəzəri dilçilikdə belə bir
müddəa hələ XIX əsrdən özünə
möhkəm yer tutmuşdur ki, "təfəkkürün
forması olaraq dil onun (təfəkkürün) tələblərinə
münasibətdə həmişə kasıblıq çəkir". Bir
qədər sadəlövh səslənən bu müddəa
sonrakı dövrlərdə təfəkkür və dil əlaqələri
zəminində daha da zənginləşdirilmişdir.
Dilin təfəkkür
qarşısında "kasıblığı" onu (dili)
məcbur edir ki, çoxlu qeyri-adekvat sözlər, ifadələr
"uydursun". Bu isə, təbii ki, lüğətçini
hansı vahidin "saf", hansının "saxta"
olduğunu seçib ayırmaq kimi o qədər də sadə
olmayan bir problem qarşısında qoyur.
Söz lüğətə daxil edilərkən
ən böyük çətinlik törədən məqamlardan
biri onun dil işarəsi olaraq ümumi natamamlıq
"kompleks"i daşımasıdır. Görkəmli
dilçi Emil Benvenist göstərir ki, "dil, hər
şeydən əvvəl, kateqoriyalaşdırmadır".
Bu isə o deməkdir ki, söz işarəsi
eyni zamanda funksional-semantik və qrammatik
qruplaşdırmanın müxtəlif həcm və dərəcə
ümumiləşdirmələri ilə səciyyələnir.
Görkəmli semiotik Çarlz Uilyam Morris
isə haqlı olaraq belə bir qənaətə gəlmişdir
ki, işarə öz təbiəti etibarilə interpretator kimi
çıxış edən dil
daşıyıcılarının interpretasiyasıdır.
Həm dilçinin, həm də semiotikin
mülahizələrindən aydın görünür ki,
sözü nitqdən, diskursdan, mətndən (deməli, onu
işlədənlərin praqmatik münasibətindən) kənarda
alıb dəyərləndirmək, ona ən müvafiq məna-məzmunu
belə şamil etmək şərtidir. Ən
azından ona görə ki, bu və ya digər lüğəti
tərtib edən şəxs də hər nə qədər
hazırlıqlı, əhatəedici, obyektiv olsa belə, dil
daşıyıcısı kimi öz interpretatorluq (eyni
sözü müxtəlif məna çalarlarında təqdim
etmək) missiyasından imtina eləmək gücündə
deyil.
Sözlər yalnız leksik mənasına
(semantikasına) deyil, həm də qrammatik (morfoloji) mənsubiyyətinə
görə təsnif olunur. Və
odur ki, lüğətdə hər nə qədər
sözün semantikası ön plana çəkilsə də,
praktik olaraq, leksik-qrammatik söz qrupları üzərində
əməliyyat aparılır. Azərbaycan
dili bu baxımdan, təbii ki, yenə də iltisaqi quruluşun
xarakterindən irəli gələrək bir sıra
xüsusiyyətlər nümayiş etdirir ki, onlardan birincisi
müəyyən sözlərin bu və ya digər nitq hissəsinə
mənsubluğunu bildirən formal əlamətin
olmamasıdır. Məsələn, yaxşı,
gözəl, maraqlı və s. sözlərin sifət və
ya zərf mövqeyində işləndiyi yalnız kontekstlə
təyin edilir.
Dahi Ferdinand de Sössür XX əsrin əvvəllərində
demişdir ki, hər hansı səviyyəyə (fonoloji,
leksikoloji və qrammatik) mənsub dil vahidləri barədə
bəhs edərkən onlara qeyri-müəyyən münasibətlə
kifayətlənmişlər. Lev
Vladimiroviç Şerba da israr edirdi ki, "ayrıca bir
söz anlayışı... cümlə anlayışı
kimi dilçiliyin ən mübahisəli
anlayışlarındandır". Görkəmli
dilçi-fonetist bildirirdi ki, "az və
ya çox yayğın semasioloji təsəvvürlərin
müəyyən nüvəsi sayılmaqla həmişə
belə aydın, mübahisəsiz görünən
sözün səs tərəfinin özü, sən demə,
elə də az yayğın və qeyri-müəyyən
deyilmiş". Ona görə də "dilin
mexanizmində nə isə mərkəzi hadisə" (F. de
Sössür) kimi qəbul olunan söz müasir dilçilik ədəbiyyatında
heç də birmənalı olaraq səviyyə yaradan vahid
sayılmır. L.V.Şerba isə israrında davam edərək
yazır: "Əslində, söz nədir? Mənə
elə gəlir ki, müxtəlif dillərdə o, müxtəlif
cür olacaqdır. Buradan isə belə
çıxır ki, "ümumən söz"
anlayışı mövcud deyil".
Doğrudur, burada müxtəlifliyin meyarı kimi, ilk
növbədə, dillərin tipoloji quruluşu əsas
alınır, ancaq eyni tipoloji quruluş daxilində də
sözün nə dərəcədə "söz"
anlayışına uyğun gəldiyi elə də aydın
deyil. Məsələn, Azərbaycan dili lüğətlərində
feillər ilkin olaraq iki formada qeydə alınır ki, onlardan
birincisi, köhnə terminlə desək, "məsdəri-xəfif"
şəkilçisi ?ma, ?mə, ikincisi isə
məsdər şəkilçisi ?maq, ?mək ilə bitən
formadır. Həmin formaların bilavasitə söz
yaradıcılığı prosesində iştirakı məlumdur
(məsələn: çax - çaxmaq, qaz - qazmaq, cır -
cırmaq, dol - dolma, yax - yaxma, süz - süzmə və s.),
ancaq bu cür iddiada olmayan variantlarından birincisi lüğətlərə
düşmək hüququnu ona görə
qazanmışdır ki, o, leksik-qrammatik söz qrupu olaraq
ümumən feili təmsil edir; ikincisinə gəldikdə isə
onun nə dərəcədə "söz"
anlayışı tələblərinə cavab verməsi
(eyni zamanda yazma, yazılma, yazdırılma, yazışma...
tipli söz yaradıcılığı imkanlarının
modelləşdirici ünsürü olaraq Azərbaycan dilinin
orfoqrafiya lüğətində ardıcıl yer zəbt eləməsi)
şübhə doğurmaya bilməz.
Əlbəttə, burada söhbət
lüğətlərdə Azərbaycan dili leksikonunun struktur-semantik sisteminin
doğru-düzgün əks etdirilməsi cəhdlərindən
(etiraf edək ki, bu cür cəhdlər XX əsrin
ortalarından sonra elə də intensiv olmamışdır)
daha çox, dilin özünün təbiətini - türk
iltisaqi quruluşunun özünəməxsusluğunu nəzərə
almamaqdan gedir.
Şübhəsiz, orfoqrafiya lüğətinin
çoxsaylı problemləri içərisində ən
mühümlərindən biri də söz yaradıcılığıdır
ki, özünün həm morfoloji, həm də sintaktik təzahürlərində
həm ümumi nəzəri baxışın təkmilləşdirilməsini,
həm də hər bir lüğət "söz"ünə
konkret izah-münasibət tələb edir. Və
xüsusi olaraq göstərmək lazımdır ki, orfoqrafiya
lüğətlərini tərtib edərkən nəzərdən
keçirilən mətnlər tərtibçilərə
sözü yalnız dil standartlarına deyil, həmçinin
nitqin okkozional (üslubi) maraqlarına uyğun şəkildə
verir. Ona görə də dillə nitqi ayırmağa
çətinlik çəkən, daha konkret desək, nitq
vahidini dil vahidi adına lüğətə
gətirən tərtibçi külli miqdarda qondarma okkozional
birləşmələrə (məsələn: gecə-gündüzbilmədən,
dabanqırdıqaçma, tələsibtəndirədüşmə
və s.) "mürəkkəb
söz" statusu qazandırmağa çalışır. Bu
isə dilin işarəvi dəqiqliyi ilə nitqin sintaksisə
tabe stilistik maneraları arasında zamanın
çağırışları ilə səsləşən
elə prinsiplər və ya qaydalar müəyyən edir ki,
ana dilinin sözlərini bütün miqyası ilə
siyahıya almağa çalışan (eyni zamanda bu
siyahının az-çox mükəmməlliyinə həmişə
şübhə ilə yanaşan) tərtibçi həmin
prinsiplərə və ya qaydalara sadəcə əməl etməklə
kifayətlənməməli, eyni zamanda onları idarə etməyin
elə nümunələrini verməlidir ki, bu və ya digər
xalqın lüğətini tərtib etmək kimi, əslində,
texniki iş təsəvvürü yaradan bir fəaliyyəti
sözün həqiqi mənasında yaradıcılıq
işi səviyyəsinə yüksəltmiş olsun.
***
Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti,
artıq qeyd etdiyimiz kimi, XX əsrin 20-ci illərindən
başlayan ardıcıl lüğət
yaradıcılığı axtarışlarının ənənəsinə
əsaslanır ki, həmin ənənəni professor Bəkir
Çobanzadə başda olmaqla Azərbaycan dilçiliyini
yaradanlar qoymuşlar.
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin
nəşr etdiyi "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin
ön sözündə tərtibçi-müəllif Afaq Məsud
sözügedən ənənənin taleyi barəsində
yazır: "Orfoqrafiya lüğətçiliyi tariximizə
nəzər saldıqda dilimizin söz ehtiyatını,
düzgün yazılış qaydalarını müəyyən
edən ilk orfoqrafik vəsaitin 1929-cu ildə latın əlifbasında
işıq üzü görmüş "İmla
lüğəti" (müəllifi: V.Xuluflu) olduğunu, nəşrin
1940, 1960, 1975-ci illərdə genişləndirilərək
kiril əlifbasında, 2004, 2013-cü illərdə yenidən
latın əlifbasında ("Azərbaycan dilinin orfoqrafiya
lüğəti" - Milli Elmlər Akademiyasının Nəsimi
adına Dilçilik İnstitutu) çap edildiyini, növbəti
nəşrlərdə söz ehtiyatının ilkin olaraq
müəyyən edilmiş 20 000-dən dilin inkişaf prosesi
üzrə 50 000-ə, sonrakı nəşrlərdə 75
000-ə yüksəldiyini, beşinci və altıncı nəşrlərdə
isə əvvəl 90 000-ə, daha sonra 110 000-ə
çatdırıldığını izləmiş
oluruq".
Müəllif tamamilə haqlı olaraq orfoqrafiya
lüğətlərində xüsusilə son illər həcm
artımının dilin leksikonunda gedən qanunauyğun proseslərlə
bağlı olmadığını göstərir:
"İlk baxışdan 90 illik lüğətçilik
tarixini əhatə edən bu statistika ana dilimizin lüğət
tərkibinin həyat axarıyla dövrün tələblərinə
uyğun zənginləşməsi, müxtəlif funksional
üslub sahələri üzrə zəruri leksik ifadə
imkanları qazanması səbəbindən irəli gələn
təbii söz artımı prosesi təəssüratını
yaratsa da, son lüğətlər üzərində təhlil
və araşdırma işlərinə başlayarkən mənzərənin
heç də göründüyü kimi olmadığı,
xüsusilə son nəşrlərdə izlənən bu aktiv
artım tempinin dilimizin aşınmasına, milli-mənəvi
varlığımızın aşağılanmasına
yönələn dağıdıcı proses olduğunun
acı həqiqəti ilə üzləşmək məcburiyyətində
qaldıq".
Məlum olduğu kimi, Azərbaycan dilinin ilk orfoqrafiya
lüğəti - "İmla lüğəti" hər nə
qədər "kasıb" leksik material bazası əsasında
(on mindən bir az artıq söz) hazırlansa da, Vəli
Xuluflu başda olmaqla onun tərtibçiləri öz vəzifələrinə
tarixi məsuliyyətlə yanaşmış və buraya
müasir dil üçün artıq səciyyəvi olmayan,
yalnız klassik ədəbiyyatın dilində işlənən
sözlər ona görə daxil edilmişdi ki, həmin ədəbiyyat
latın əlifbası ilə nəşr olunarkən
düzgün yazılış qaydaları gözlənilsin.
Əgər 30-cu illərdə Azərbaycanın ən görkəmli
dilçiləri (o cümlədən də "İmla
lüğəti"nin müəllifi) repressiyaya məruz
qalmasaydılar, türk (Azərbaycan) dilinə (və
dilçiliyinə) qarşı sovet ideologiyasının
antitürk mahiyyətli təcavüzü baş
qaldırıb get-gedə daha dözülməz xarakter
almasaydı, 40-cı, 50-ci illərdə Azərbaycan
lüğətçiliyi sahəsindəki axtarışlar
rus sovet lüğətçiliyinin "ustanovka"sı
altında getməsəydi, yəqin ki, nisbətən rahat nəfəs
alındığı sonrakı illərdə həmin strateji
işə bu qədər məsuliyyətsiz yanaşılmaz,
son dərəcə acınacaqlı "ənənə"
meydan sulamazdı.
Afaq Məsud Nəsimi adına Dilçilik İnstitutunun
2004, 2013-cü illərdə nəşr etdiyi orfoqrafiya
lüğətləri üzərindəki müşahidə,
təhlil və araşdırmaların nəticələri barədə
bildirir ki, "əvvəlki lüğətlərdə yer
almış minlərlə arxaikləşmiş, qeyri-işlək
ərəb, fars sözlərinin bu nəşrlərdə də
olduğu kimi saxlanıldığı, minlərlə
sözün orfoqrafiya lüğəti formatına zidd olan iki,
bəzən üç variantda, minlərlə sözün
tamamilə səhv yazılışda verildiyi, regional dialektlərə,
loru ifadələrə gen-bol yer ayrıldığı,
söz ehtiyatımızın mindən çox heç bir
anlam kəsb etməyən car-car, car-cur, cur-cur, danq-dunq,
dız-dız, vıj-vıj, vıj-qıj, zaranq-zaranq kimi səs
təqlidi və onlara dair lüzumsuz törəmələrlə,
eləcə də bir neçə sözdən düzəldilərək
əcaib mənalar qazanmış ağızdandolma,
cırtacırtetmə, cız-vızetmə,
cövlanaçıxma, çəpikolma, dəyməağlarlıq,
dibdəndüşmə, dır-dıretmə, dit etmək,
dız-dızoynama, əvəzedilməzsayılma, əzvayolma,
fır-fırolma, gəzmələrdənolma, qalaq-qalaqoynama,
qəzetbasdırma, tartan-partanyazma, təyyarəçi-kişi,
vəzifəgöstərmə, yumurtayadüşmə və
s. bu kimi 40 000-dən çox söz quramalarıyla "zənginləşdirildiyi"
araşdırma işlərinin ilkin mərhələlərində
müəyyən edildi".
"Ön söz" müəllifi oxucuları yeni
orfoqrafiya lüğəti üzərindəki işin necə
başlanması barədə ona görə təfsilatı ilə
məlumatlandırır ki, o zamana qədər yol verilmiş səhvlərin
yalnız mənzərəsi deyil, "texnika"sı da
aydınlaşmış olsun:
"Yeni orfoqrafiya lüğəti üzərində
işə başlanılarkən paralel şəkildə
müxtəlif növ mətnlərin (dövlət
qurumları saytları, KİV, dublyaj, təhsil, tədris,
elmi-bədii nəşrlər və s.) Azərbaycan
dilində tərtibi və tərcüməsi prosesində nəzərə
çarpan qüsur və xətalarla bağlı təhlil və
araşdırma işlərinə də start verildi.
...İşin davamı olaraq 2017-ci ildə yığcam
orfoqrafiya vəsaiti - "Azərbaycan dilinin işlək
orfoqrafiya sözlüyü" (ADTM) ərsəyə gətirildi,
kitab geniş oxucu kütləsinin istifadəsinə verilsə
də, ümumilikdə dövləti və milli əhəmiyyət
daşıyıcısı olan nəşr üzərində
iş dayandırılmadı. Mərkəzin özəl
söztoplayıcı "Söz hovuzu" proqramı vasitəsilə
"Açıq kitab" elektron kitabxanasında yer alan yüzlərlə ədəbi-bədii,
elmi-publisistik ədəbiyyatlardan söz yığımı
prosesi davam etdirildi".
Yeni orfoqrafiya lüğətinin müəllifi
görülən işlərin detallarına varmaqla
yanaşı, lüğətin hansı strateji məqsədə
xidmət etdiyini də doğru-düzgün müəyyənləşdirir:
"Məlum olduğu kimi, statusundan,
çalışdığı sahə, yaxud fəaliyyət
spesifikasından asılı olmayaraq hər bir azərbaycanlının
masaüstü dil vəsaiti funksiyasını daşıyan
"Azərbaycan dilinin orfoqrafiya lüğəti" elə
bir mənbə olmalıdır ki, Azərbaycan ədəbi
dilinin söz ehtiyatını müəyyən etdirməklə
yanaşı, sözləri vahid düzgün
yazılış qaydasında mükəmməl şəkildə
təqdim edə bilsin".
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 aprel
2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan
dilinin Orfoqrafiya Normaları"na uyğun olaraq tərtib
edilmiş lüğət 65 000 sözü əhatə etsə
də, onun ön sözündə göstərilirdi ki, "Mərkəz
lüğətin təkmilləşdirilməsi işini daim
davam etdirəcək və bu sahədə hər bir səmərəli
təklifə açıq olacaq".
Əslində, "hər bir azərbaycanlının
masaüstü dil vəsaiti funksiyasını
daşıyan" əsər məhz bu yolla - "hər bir
səmərəli təklifə açıq olmaq"la
hazırlana bilər. Və o da tamamilə təbiidir ki,
orfoqrafiya lüğəti üzərində iş heç
zaman dayanmamalıdır.
Artıq bir neçə dəfə qeyd
olunduğu kimi, ADTM-də Azərbaycan dilinin yeni orfoqrafiya
lüğətini yaratmaq ideyası mövcud lüğət
nəşrlərinin son dərəcə qüsurlu
hazırlandığına (və həmin qüsurların
tezliklə aradan qaldırılma ehtiyacına) görə
meydana çıxmışdı. Hələ "Azərbaycan
dilinin işlək orfoqrafiya sözlüyü"nün (2017)
ön sözündə bu cür qüsurların təsnifatı
barədə məlumat verilmiş, "Azərbaycan dilinin
orfoqrafiya lüğəti"nin (2020)
ön sözündə isə tərtibçi-müəllif
həmin təsnifatı daha ətraflı şərh
etmişdir.
Ancaq çox keçmədi ki, Dilçilik İnstitutu
orfoqrafiya lüğətinin "yenidən işlənmiş
7-ci nəşr"ini (2021) yayımladı ki, onun ön
sözündə lüğətin birinci nəşrinin 11
000, ikinci nəşrinin 20 000, üçüncü nəşrinin
40 000, dördüncü nəşrinin 58 000, beşinci nəşrinin
80 000 sözü əhatə etdiyi qeyd olunduqdan sonra göstərilir:
"2013-cü ildə nəşr olunmuş sonuncu orfoqrafiya
lüğəti isə həcminə görə daha
böyük olmuşdur. Lüğətdəki
sözlərin sayı 104 mini, əlavələrlə birlikdə
110 mini keçir. "Azərbaycan dilinin
orfoqrafiya lüğəti"nin yeni - yeddinci nəşrindəki
sözlərin sayı isə 90 minə yaxındır".
Əlbəttə, ADTM-in yeni orfoqrafiya
lüğəti hazırlaması prosesində Dilçilik
İnstitutunun nəşrləri barədə göstərdiyi
iradlar, eləcə də Mərkəzin ilk nəşrlərdən
rəhbər tutduğu elmi-metodiki prinsiplər cəmiyyətdə
böyük rezonans doğurmaya bilməzdi. Və odur ki,
Dilçilik İnstitutu yeni nəşr üzərində
işə müəyyən qədər ciddi yanaşmağa
məcbur oldu:
"Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin sonuncu 2013-cü il nəşri haqqında
müsbət fikirlərlə yanaşı, bir sıra iradlar,
fərqli və mübahisəli yanaşmalar da irəli
sürülmüşdür. Lüğətin
yeni nəşri hazırlanarkən göstərilən qeydlər
və təkliflər nəzərə alınmış və
onların islahı istiqamətində zəruri redaktə
işləri yerinə yetirilmişdir. Redaktə
işlərinin nəticəsində sözügedən
lüğətdən 18 mindən çox söz
çıxarılmışdır. Bu qəbildən
olan sözlər sırasında ərəb və fars dillərindən alınma qəliz və çətin
anlaşılan sözlər, eləcə də bəzi
qondarma və arxaikləşmiş sözlər
üstünlük təşkil edir.
"Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin (Dilçilik İnstitutu, 2021) ön
sözündən belə məlum olur ki, həmin nəşr
üzərində aparılmış "redaktə"
işi heç də lüğətin tərtibi işinin bu
və ya digər dərəcədə elmi fundament üzərinə
qaldırılması demək deyil. Nəşrdən nəşrə
keçərək standartlaşan, qəlibləşən,
bir növ, "qələti-məşhur" şəkli
alan qüsurlar o qədər çox, eyni zamanda "rəngarəng"dir
ki, onlara "daxil"dən yox, "xaric"dən əsaslı
bir tənqidi baxış tələb olunurdu. Və
Mərkəzin 2015-ci ildən apardığı intensiv
araşdırmalar nəticəsində hazırlayaraq 2022-ci ildə
daxili istifadə üçün çap etdirdiyi ""Azərbaycan
dilinin orfoqrafiya lüğəti"ndən
çıxarılan sözlərin təsnifatı"
kitabı həmin tələbi layiqincə
qarşılamış oldu.
"Təsnifat"ın tərtibçisi ön
sözdə göstərir ki, "2015-ci ildən başlayaraq
dövlət dilinin düzgün tətbiqi və tərcümə
sahəsinin tənzimlənməsi istiqamətində Mərkəz
tərəfindən aparılan təhlil və
araşdırmalar nəticəsində Ana dilimizin rəsmi
qaynağı, yazılı və şifahi istifadəsinin
örnək mənbəyi olan "Azərbaycan dilinin
orfoqrafiya lüğəti"ndə (Nəsimi adına
Dilçilik İnstitutu - 2004-cü və 2013-cü il nəşrləri)
aşkar edilmiş minlərlə (ümumi sayı 60 000)
qrammatik, orfoqrafik, məna xətalı sözləri, milli
varlığımızı, mənəvi dəyərlərimizi
aşağılayan təhqiramiz ifadələri, heyvan və
quş səslərini lüğətdən çıxararkən,
az qala, yüz illik tarixə malik olan bu dil sənədinin bu
gün dünyanın dörd bir yanında öyrənilib tədqiq
və tədris edilən dilimiz, tariximiz, mədəniyyətimiz,
milli-mənəvi dəyərlərimiz haqqında hansı təəssüratlar
yarada biləcəyi həyəcan və vahimə doğurmaya
bilməzdi. Vəziyyətdən yeganə
çıxış yolunu vəsaitdən istifadənin
dayandırılmasında və yeni lüğətin tərtib
edilməsində görən Mərkəz lüğəti
vaxt itirmədən qüsur və xətalardan təmizləməklə
paralel olaraq 2017-ci ildə yığcam "İşlək
orfoqrafiya sözluyü", 2020-ci ildə 65 000 saf Azərbaycan
sözü və işlək terminlərin
toplandığı "Azərbaycan dilinin orfoqrafiya
lüğəti"ni nəşr etsə də, dilin söz
ehtiyatının saflaşdırılması və
orfoqrafiyası ilə bağlı həyata keçirilmiş
bu tədbirlər Dilçilik İnstitutu tərəfindən
2021-ci ildə buraxılmış sonuncu və əvvəlkindən
də qüsurlu lüğətin tərtibi prosesində nəzərə
alınmadığı səbəbindən vəsait yenidən
minlərlə keçmiş və yeni orfoqrafik xətalarla,
ifadə və məna qüsurları, xarici sözlər,
jarqonlar, saxta termin və əcnəbi adlarla ictimaiyyətə
təqdim edildi.
"Təsnifat"ın əvvəlində
Dilçilik İnstitutunun 1975, 2004 və 2013-cü il nəşrlərində yer almış
qüsurlu söz və ifadələrin artım statistikası
verilmişdir. Buradan aydın görünür
ki, A, B və C hərfləri ilə başlayan vahidlər
üzrə qüsurluluq həddi nəşrdən-nəşrə
kəmiyyətcə yüksəlməkdədir. Və
2013-cü il nəşrində maksimum həddə
çataraq, 60 000-ə yaxın söz vahidinin (eləcə də
söz qismində təqdim olunan quramalarının) Ana
dilimizin mənzərəsini əks etdirən lüğətdən
kənarlaşdırılması nəticəsinə gətirib
çıxarır.
Sonrakı bölmələrdə isə "Lüğət"in
son iki nəşri üzrə qüsurların (lüğətdən
çıxarılan sözlərin) aşağıdakı təsnifatı
təqdim olunur:
1. Söz quramaları - andıraqalma, aparıcıolma,
barmaqlıqdanbaxma, başıqovurma, başmaqseyrinəçıxma,
bicdoğma, boşqabaoxşarlıq,
cıbırığınıçıxarma,
bircür-bircür, bircürə-bircürə, boğazadəymə,
çaypuluvermə, çəkməyaxamcırıldı,
eşşəkbelisındırma, filqulağındayatma,
qaralarlaoynama, növəmələgətirmədənqalma və
s.
2. Səs təqlidləri - cırınqhacırınq,
çarhaçar, dız-dız, dızz, diz-diz, dom-dom, ham,
ham-ham, hav, hav-hav, xırıp, xırıpaxırıp,
qağ-qağ, qar-qur, qart-qart, qığ-qığ, quqquluqu,
zaranq, zaranqazaranq, zaranq-zaranq, zınq, zırınq,
züy-züy və s.
3. Yazılışı, yaxud mənası qüsurlu
sözlər - addamaq (adlamaq), alət-əməliyyat (?),
alıq-dalğa (?), asudəçilik (asudəlik), balıqovu
(balıq ovu), bollu-bəhrəli (bol bəhrəli),
bozqırı (bozqır), bulanlıq (bulanıq), ciddiyyətli
(ciddi), dincəltməsiz (?), fərəhlik (fərəhlilik),
gülləşmə (güllənmə), xırdametrajlı
(qısametrajlı) və s.
4. Yazılışı müxtəlif qaydalarda
verilmiş sözlər - abidə-bulaq / bulaq-abidə,
aldırmaq / aldırtmaq, buta / puta, daim / daima, həmin / haman,
işartı / işarantı, muxtar avtonom, ovsun / əfsun və
s.
5. Qeyri-işlək ərəb, fars, rus və digər əcnəbi
sözlər - ab, abi-heyvan, aşüftə, bədgu, eybcu,
fak, fləq, flint, fob, ismi-xas, istorioqraf, kaput, kartoçka,
kobzar, koka, kretin, jitiye, lotok, lölö, mujik, nəşvü-nüma,
radiomaçta, requlyator, rubəru, yeretik, zəban və s.
6. Arxaik sözlər, şifahi danışıq elementləri,
loru ifadələr - ağzıcırıq, ağızdanyava,
arıq-tırıq, başıbatmışlıq, bərkgedənlik,
budey, cında-cunda, cındırax, cırtqoz, çərən-çürən,
dəngüş-dəngüş, dıbırçəllək,
əngiboşluq, filan-fəsman, haça-paça,
kalanlaşmaq və s.
7. Lüğətdə yer almış sözlərə
dair lüzumsuz hallandırmalar - abituriyentli, abituriyentsiz,
birqoyunlu, comərdcə, comərdcəsinə, comərdlənmə,
comərdlənmək, comərdləşmə, comərdləşmək,
comərdliklə, çəngələbənzər, çəngələoxşar,
çəngəlvari, dənə-dənəlik, dənələtdirə-dənələtdirə
və s.
8. Sahəvi terminlər - abandon, abatment, abuliya, adamsit,
addendum, ambistom, amenoreya, amensiya, ametropiya, amfiblastula, amfibol,
amfidiploid, aspergillyoz və s.
Əlbəttə, ADTM-in mövcud
orfoqrafiya lüğətlərinin xüsusilə son nəşrləri
üzərində apardığı təhlillər, külli
miqdarda qüsurların aşkarlanması başlıca məqsəd
deyildi. Əsas məsələ həmin
qüsurlara bir daha yol verməməklə yeni orfoqrafiya
lüğətinin təməlini atmaq, tərtib prinsiplərini,
nəzəriyyəsini, metodlarını təkmilləşdirmək
və mükəmməl bir lüğət örnəyi
hazırlamaq idi. Bunun üçün, təbii
ki, təxminən yüz illik Azərbaycan orfoqrafiya lüğəti
tarixçiliyinin yalnız tənqidi və tədqiqi kifayət
etmirdi. Mərkəzin ikinci işi, qeyd
edildiyi kimi, "Söz hovuzu" proqramı çərçivəsində
ən müxtəlif üslublara mənsub mətnlərdən,
F. de Sössürün terminologiyası ilə desək, nitq
yox, dil materialı toplamaq idi.
Yeni lüğətin çoxsaylı yeniliklərini
aşağıdakı şəkildə ümumiləşdirmək
mümkündür:
1. Orfoqrafiya lüğətlərinin müxtəlif nəşrlərindən
kənarda qalmış sözlər müəyyənləşdirilərək
lüğətə daxil edilmişdir ki, bunların
böyük bir qismi keçən əsrin sonu, yeni əsrin əvvəllərində
meydana çıxmaqla, artıq ədəbi ünsiyyətin fəal
faktına çevrilmişdir.
2. Sovet dövründə Avropa mənşəli vahidlərin
sıxışdırıb arxa plana keçirdiyi bir çox
sözlər lüğətə daxil edilərək ədəbi-normativ
funksiyaları bərpa olunmuşdur.
3. Lüğət tərkibinin etnoqrafik əsasında
dayanaraq daim dili qidalandıran çoxsaylı sözlər
qarşısındakı süni "ədəbi maneə"lər
aradan qaldırılmış, onlar zəruri
anlayışların ifadəçisi olaraq geniş istifadəyə
verilmişdir.
4. Azərbaycan cəmiyyətinin elmi-texniki tərəqqisinin
göstəricisi olaraq ünsiyyətdə get-gedə
populyarlaşan terminoloji səciyyəli sözlər
lüğətdə özünəməxsus yerini almışdır.
5. Son illər türk dilləri, xüsusilə Türkiyə
türkcəsi ilə qarşılıqlı əlaqələrin
intensivləşməsi nəticəsində Azərbaycan dilinə
keçən leksik vahidlər lüğətdə lazımi
miqyasda əks olunmuşdur.
6. Ədəbi dilin inkişafı üçün təbii
olan canlı bir prosesə - mürəkkəb feillərin
düzəltmə feillərə çevrilməsi prosesinə,
bir sıra hallarda eksperimental səciyyə daşısa da,
geniş meydan açılmışdır.
7. Əvvəlki orfoqrafiya lüğətləri
üçün, nə qədər paradoksal təsir
bağışlasa da, xarakterik olan orfoqrafik variantlılıq
aradan qaldırılmışdır və s.
Və nəhayət, geniş ictimaiyyətə təqdim
olunan hazırkı nəşrin (eləcə də ümumən
ADTM-in bu sahədə gördüyü son dərəcə məhsuldar
mənəvi-ideoloji işin!) uğurunu şərtləndirən
üçüncü amil isə, heç şübhəsiz,
müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin, onun
işini yeni tarixdə davam etdirən Azərbaycan Prezidenti,
dünya azərbaycanlılarının lideri İlham
Əliyevin Azərbaycan dilinin inkişafı üçün
yaratdığı münbit ictimai, siyasi, mədəni şəraitdə
Mərkəzin rəhbəri, Xalq yazıçısı Afaq
Məsudun (və onun komandasının) heç bir tərəddüdə
yol vermədən, ardıcıl olaraq nümayiş etdirdikləri
yaradıcı iradə, intellektual əzm və milli təəssübkeşlikdir.
Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti
20-ci, 30-cu illərdə başlamış böyük milli
lüğətçilik işinin elə bir təbii
davamıdır ki, öz sinergetik impulsunu milli müstəqilliyin
verdiyi parlaq strateji imkanlardan almışdır.
Nizami Cəfərov
Akademik
Ədəbiyyat qəzeti 2024.-8
mart,№9.-S.10-14