Professor
Hamlet İsaxanlıya məktub
Hörmətli Hamlet müəllim!
Qədim Gəncənin möhtəşəm Dövlət
Filarmoniyasında dahi Nizaminin, Məhsəti Gəncəvinin, Xalq şairi Nigar Rəfibəylinin,
akademik Həmid Araslının, Xalq yazıçısı
Anarın ana vətənində
yaradıcılığınıza və ad
gününüzə həsr olunmuş qeyri-adi ədəbi-bədii
gecədə iştirak etmək qürur doğururdu.
Gəncə, sanki bayram içində idi. Gəncəlilər
yaxınlaşıb Bakıdan gələn qonaqları: Xalq
yazıçısı Anarı, professorlar Asif Rüstəmlini,
Şahin Fazil Fərzəlibəylini, Xalq artistləri Alim
Qasımovu, Azər Zeynalovu, İlqar Muradovu, bəstəkar Sərdar
Fərəcovu, tanınmış rejissor Ramiz Həsənoğlu
və başqalarını sevinclə salamlayır, hal-əhval
tuturdular.
Xan bağında Xalq şairi Nigar Rəfibəylinin abidəsini
ziyarət edəndə də, "Dünya məktəbi"nin dünya standartlarına cavab verən
filialına baş çəkəndə də belə oldu. Qürur duyuram ki, 12 cilddən ibarət
"Seçilmiş əsərlərim" bu nümunəvi
təhsil ocağının kitabxanasında yer aldı.
Möhtəşəm ədəbi-bədii gecədə
çıxış etmək, qədirşünaslıq əlaməti
olaraq haqqınızda
söz demək mənə də qismət oldu.
Yaradıcı adamlar yaxşı bilir ki,
elə insan var ki, haqqında danışanda ona layiq sözləri
diqqətlə seçir, ifrata varmaqdan, dinləyicilərin
qınağına tuş gəlməkdən çəkinirsən.
Elə şəxsiyyətlər də var
ki, haqqında ən mötəbər sözləri deməkdən
belə çəkinmirsən. Bilirsən
ki, verilən qiymət onlara ana südü kimi halaldır.
Siz belələrindənsiniz.
Deyirlər ki, kamil insan olmaq
üçün şəriət, təriqət, mərifət,
həqiqət adlanan dörd mərhələni keçmək
vacibdir.
Sizin hansı mərhələni fəth
etdiyinizi bilmirəm. Məlum olan odur ki, siz zəngin ensiklopedik bilik
sahibisiniz. Elm fədaisisiniz, fenomensiniz.
Hamlet müəllim, Sizinlə təmasda
olanda sadəliyinizə, təvazökarlığınıza
heyran olmamaq olmur. Qənaətim budur: sadəlik də səhhət
kimi bir ilahi töhfədir. Sizin bəsitlikdən
uzaq, dahiyanə sadəliyinizi, təvazökarlığınızı
yalnız həmkarınız, professor Hafiz Paşayevlə
müqayisə etmək olar. Hər ikinizlə
söhbət etmək yaxşı bir kitab oxumağa bərabərdir.
Lakin sizi fərqləndirən bir cəhət də
var. Siz şairsiniz. Sizin görkəmli
riyaziyyatçı alim kimi yetişməyinizə
şairliyiniz təkan verib. Sizdən eşitmişəm:
Riyaziyyat özü də poeziya kimi ilhamla bağlıdır. Albert Eynşteyn təsadüfi yazmamışdır
ki, "Poeziya ruhu daşımadan əsl riyaziyyatçı
olmaq mümkün deyil".
Hamlet müəllim, Xalq yazıçısı Anardan
eşitmişəm: "Vaxt və baxt insanın taleyində və
inkişafında böyük rol oynayır". Sizin təhsil aldığınız vaxtlarda təhsilə
və elmə böyük istək, mən deyərdim, hərislik
vardı. Orta
məktəbi qızıl medalla, elm və təhsil məbədi
ADU-nu fərqlənmə diplomu ilə bitiribsiniz. Fitri istedadınız sayəsində riyaziyyat elmi
üzrə Azərbaycan hüdudlarını yararaq beynəlxalq
aləmə çıxıbsınız. Xarici ölkə elm ocaqlarında tədqiqat
aparıbsınız, dərs deyibsiniz. O ki, qaldı Anar
müəllimin dediyi baxt məsələsinə, bu sahədə
də tale üzünüzə gülüb.
Bundan əlavə, xarici ölkələrdə
elm ocaqlarında tədqiqat aparmaq imkanı
yaranmışdı.
Bəxtiniz gətirib ki, Nailə xanım
kimi nəcib bir xanımla ulduzunuz barışıb.
Ömür-gün yoldaşınız Nailə
xanımla möhtəşəm bir iş
görübsünüz. Nəhəng "Xəzər
Universiteti"ni, "Dünya məktəbi"ni
yaradıbsınız. Nailə xanım sizə
qol-qanad verib, arxa olub. Türklərin bir kəlamı
var: "Qadın kişini vəzir də edər, rəzil də".
Nailə xanım layiq olduğunuz mərtəbəyə
yüksəlməkdə sizə dayaq olub. İndi
Siz Anar müəllimin haqlı olaraq dediyi kimi, Firudin bəy
Köçərli, Rəşid bəy Əfəndiyev kimi
şəxsiyyətlərin gördüyü misilsiz maarifçilik
işini uğurla davam etdirmək gücündəsiniz.
Hamlet müəllim, Nailə xanımla birgə
yazıçı və şairlərə, elm adamlarına,
ziyalılara həsr etdiyiniz ədəbi-bədii gecələr
toy-bayrama çevrilirdi. Burada Nailə
xanımın mükəmməl musiqi təhsili, bəstəkarlığı
böyük rol oynayırdı. Təkcə
Sizin sözlərinizə Nailə xanım 8 mahnı bəstələyib.
Onun mahnılarını görkəmli
müğənnilərimiz oxuyub və oxuyurlar.
Yaxşı yadımdadır, 2009-cu il
dekabrın 28-də mənə həsr olunmuş ədəbi-bədii
gecə 3 saat davam etdi. Sanki bir an kimi
keçdi. Müğənnilər Nuriyə Hüseynova, Zakir
Əliyev, Almaz Orucova,
aşıqlardan Gülarə və Fəzail Miskinli,
kamançaçalan Munis Şərifov iştirak etdilər. Təəssüf
ki, o gecənin təşkilatçıları - Nailə
xanım və Bəhlul Abdulla, eləcə də
qardaşım qızı Qənirə Paşayeva, Nahid
Hacızadə, Əlibala Hacızadə, İlyas Tapdıq,
Hacı Mirəziz, Həsən Mirzəyev, Tale Həmid, Maarif
Teymur, Vaqif Arzumanlı, yeznəm
Əsgər Kərimov və başqaları
sıralarımızı vaxtsız tərk etdilər.
Lakin görülən iş unudulmur. Nə
yaxşı ki, ənənəni davam etdirirsiniz. Nailə xanımla birgə yaratdığınız
"Elm və Sənət Məclisi" bir aləmdir. Nailə xanım bütün təşkilatçılıq
işini boynuna götürürdü. Siz
isə yalnız məclisi aparırdınız. Nə gizlədim, məclisdə
çıxışlarınızdan, televiziyada "Ustad dərsləri"nizdən
pay götürüb zənginləşməmək
mümkün deyildi.
Onu da deyim ki, Nailə xanım elə əhval-ruhiyyə
yaratmışdı ki, hamı "Elm və Sənət Məclisi"nin yığıncaqlarına həvəslə
gəlirdi.
Nailə xanım, sanki, əlində fanar
uğurlarınıza işıq tuturdu. Bu,
mənim yadıma ilk avtomobil düzəldən amerikalı
mühəndisin sözlərini salır. O, maşın
düzəldəndə yoldaşı həmişə
yanında olub. Gecələr o, fanar tutar, əri işləyərmiş.
Bir gün qonşular görür ki, gecələr
yuxularına haram qatan qonşularının qarajından
özüyeriyən araba çıxdı. Sonralar onun necə şöhrətləndiyini təsəvvür
etmək çətin deyil. Bir gün ondan müsahibə
götürəndə soruşurlar: "Yenidən dünyaya
gəlsəniz, hansı sənəti seçərdiniz. Cavab
düşündürücü olur: "Fərq etməz, təki
yoldaşım yanımda olsun!"
İnanıram ki, Nailə xanımlı
günlərdə belə bir sual Sizə yönəldilsəydi,
Siz də belə bir cavab verərdiniz. Çünki
nəcib ziyalı, örnək şəxsiyyətsiniz. Nə edəsən ki, həyatın dözülməz
imtahanına dözmək Sizə də qismət oldu.
Hamlet müəllim, vəfalı kişilər sevimli həyat
yoldaşlarını vaxtsız
itirəndə onların adını əbədiləşdirmək
üçün kimi Tac Mahal ucaldır, kimi məscid tikdirir,
kimi Fəxri Xiyabanda halalca yeri olduğu halda, adi qəbiristanlıqda
həyat yoldaşının yanında dəfn olunmağı
vəsiyyət edir (məsələn, həmkarınız,
akademik Bəhram Əsgərov), kimi adına bulaq düzəltdirir,
kimi su kanalı çəkdirir, yollar saldırır, dəli-dolu
axan çayların üstündən körpülər
saldırır.
Siz burada da fərqlənibsiniz. Nailə
xanımı vaxtsız itirəndən sonra evə başqa
qadın gətirib onun ruhunu incitmədiniz,
övladlarınızın qəlbinə xal salmadınız.
Təkcə bununla kifayətlənmədiniz.
Nailə xanımın adını əbədiləşdirmək
üçün "Dünya məktəbi"ndə adına muzey düzəltdirdiniz. Nailə
xanımın adını daşıyan "Dünya məktəbi"ndə
Xalq şairi Nigar Rəfibəylinin 110 illiyinə həsr
olunmuş qeyri-adi ədəbi-bədii tədbirdən sonra həyat
yoldaşım və professor Telman Vəlixanlı ilə muzeyə
getdik. Təəssüratımız çox
böyük oldu. Xatirə dəftərində
fikirlərimizi bölüşdük. Bütöv
bir divarı xalqın həyatında müstəsna xidmətlər
göstərmiş, dünyasını dəyişmiş azərbaycanlı
qadınların portretləri bəzəyirdi.
Nailə xanımın arzusunu yerinə
yetirərək "Tarixdə iz salan, Azərbaycan mədəniyyətinə
töhfə verən qadınlar" silsiləsindən onlara həsr
olunmuş portret kitablar hazırlayıb çap etdirirsiniz.
Gələcəyin gözü ilə
baxanda aydınca görmək olur ki, Azərbaycan mədəniyyətinə
zəngin bir səhifəni ortaya qoyubsunuz.
O da diqqətəşayandır ki, Nailə
xanımın əmanət qoyub getdiyi "Xəzər
Universiteti" və "Dünya məktəbi"ni
inkişaf etdirirsiniz. "Xəzər
Universiteti" deyəndə, nədənsə göz
önünə ulu öndərin dostu, iraqlı
soydaşlarımızın dünya şöhrətli alimi və
pedaqoqu İhsan Doğramacının "Bilkənd
Universiteti" gəlir. Bu iki özəl
Universiteti fərqləndirən bir cəhəti xüsusi
vurğulamaq istəyirəm. Bu universitetlərdə
təhsilə xaricdən mütəxəssislər dəvət
etməyə, təhsili yeniləməyə vəsait əsirgəmirlər.
Odur ki, ad-san, uğur qazanıblar.
Hamlet müəllim, "Oğuznamələr"in
birində ibrətamiz bir hekayət ilə
rastlaşmışam. "Uzun həsrətdən
sonra padşahın oğlu olur. Toy qurulur.
Qorqud Ata uşağın adını Duman qoyur.
Bir ay gecə və gündüz yaxşılar
da, pislər də şənlənirlər. Qocalar öz yaşlarını, yoxsullar
yoxsulluqlarını, varlılar ölümü unudurlar".
Siz o qədər diqqətlisiniz ki,
heç nəyi unutmursunuz. Siz
professor Camal Mustafayev kimi neçə-neçə saf, pak elm
adamlarına, imkansızlara qayğı göstəribsiniz.
Bu işi bu gün də davam etdirirsiniz.
İnanıram ki, imkansız adamları illərlə
həsrətində olduğu Həcc ziyarətinə də
göndərəcəksiniz.
Hamlet müəllim, Sizdən
eşitmişəm, Moskvada çox görkəmli
riyazıyyatçı alimin 80 yaşını təntənə
ilə qeyd edirlərmiş. Gənc
alimlərdən biri ona 100 yaş arzulayır. Alim
yarıgerçək, yarızarafat riyaziyyatçı dili ilə
deyir: "Sizə kim səlahiyyət verib,
mənim yuxarı yaş həddimi təyin edəsiniz?"
Siz riyaziyyatçısınız, ona
görə Sizə yuxarı yaş həddi qoymaq fikrindən
uzağam. Odur ki, səmimi
qəlbdən arzu edirəm ki, qalan ömür payını da
gümrah, sağlam yaşayasınız.
Dərin hörmət və
ehtiramla...
Qəzənfər
Paşayev
Ədəbiyyat qəzeti 2024.-8 mart,№9.-S.15