Yeni
estetik dalğa - Aşıq Pəri
Aşıq Pəri Cəbrayılda
doğulub. Amma ömrünün bir qismini
Şuşada yaşayıb və ehtimal ki, elə Şuşada
da dünyasını dəyişib.
Firidun bəy Köçərli
yazırdı ki, Aşıq Pəri öz müasirləri
arasında ən istəkli, əziz və möhtərəm
bir qadın imiş. Onun əsl vətəni
Qarabağ xanlığına bağlı Cəbrayıl
uyezdində, Dızaq mahalında Maralyan qəryəsidir.
Doğum və vəfat tarixi məlum deyil.
İbtida təlimini öz qəryəsində
alıbdır... Elə ki, şöhrəti artıb hər yana yayılır, gözəlliyinə aşiq
olanlar çoxalır. Aşıq Pəri Maralyandan
köçüb Şuşa şəhərinə
gəlir və burada onun hörməti və izzəti şairlər
və dövlət adamları arasında daha da çoxalır,
hər bir təb əhli onun şəninə gözəl
şeirlər yazıb öz məhəbbətlərini izhar
edərmiş; şairə özü də əhli-hal, sahibcəmal,
xoşsöhbət, işvəli bir nazənin imiş.
Fuad Köprülü də Aşıq Pərinin
Şuşada iqamət etdiyini - yaşadığını
yazıb.
Pəri milli şeirin maraqlı örnəklərini
yaradıb, bu öz yerində. Xüsusən,
dil və ritm baxımından Aşıq Pəri çox
müasirdir. XIX yüzil hadisəsinə bənzəmir,
yaradıcılığının ümumi səciyyəsi
yeni estetik dalğanı xatırladır. Klassik
Azərbaycan poeziya dilini xəlqiləşdirən şairlərin
ön sıralarındadır, bəlkə Vaqifdən sonra bu
istiqamətdə qələm çalan ilk şairimizdir.
Əliabbas Müznibin 1928-ci ildə nəşr olunmuş
"Aşıq Pəri və müasirləri" kitabına
Ön söz olaraq qələmə aldığı
"Aşıq Pəri haqqında bir neçə
söz" yazısında Hənəfi Zeynallının
dediyi kimi, Aşıq Pəri "elin sevə-sevə dinlədiyi
deyişmələri və yazışmaları surətilə
heca vəzninin qol-budaq atmasına yardım etmiş oldu". Zeynallının diqqəti cəlb etdiyi bu məqam
Azərbaycan poeziyasının milliləşdirilməsi
prosesində ciddi mərhələ hesab olunmalıdır.
Aşıq Pəriyə
ünvanlanmış şeirlərin üslubu da fərqlidir. Doğrudan da,
Firidun bəyin bildirdiyi kimi, işvəliymiş ki, ona
şuşalı gənc şair Mirzə Həsən
açıqdan-açığa:
...Boyun yaraşıqda qiyamət eylər,
Ağ məmə köynəyə zərafət eylər,
İşvəni, qəmzəni bu babət eylər,
Kəmər ilə nazik bellər oynaşır
- deyirmiş. Burda ilk dəfədir
ki, Azərbaycan şeirində konkret ünvanla "Ağ məmə
köynəyə gözəllik verir" deyilir.
Aşıq Pəri də duyğularını zərif məna
örtüyünə büküb cavab verirmiş:
Katiblərin şahı, dəftər içində,
Qələm ilə nazik əllər
oynaşır.
Fitnəli, fellisən, nazü-qəmzəli,
Dəhanında şirin dillər
oynaşır.
1867-ci ildə Leypsiqdə nəşr olunmuş
"Qafqaz və Azərbaycanda məşhur olan şüəranın
əşarına məcmuədir ki, Adolf Berje sahibcənabının
ehtimamilə mətbu olunubdur" kitabında Berje onu
şairliyindən başqa "eşidilməmiş bir gözəlliyə
malik olan Aşıq Pəri" olaraq dəyərləndirir.
Gözəlliyi özündən sonra iki yüz il
keçməsinə baxmayaraq, təravətini itirməyən
Aşıq Pəri, ilk qadın şairimizdir ki, Şərq
poeziyası kontekstində məchul gözəlin zahiri
vücudunun öz varlığıyla əvəzlənməsinə
müsaidə edib. Qəribədir, Azərbaycan
poeziyasında əndamının belə
adlı-ünvanlı vəsf olunduğu ilk obrazın da
adı Pəridir. Vaqifin Pərisi... "Boyun
sürahidir, bədənin büllur, /Gərdənin çəkilmiş
minadan, Pəri!.. / Üz yanında
tökülübdür tel nazik, / Sinə meydan, zülf pərişan,
bel nazik, / Ağız nazik, dodaq nazik, dil nazik, / Ağ əllərin
əlvan hənadan, Pəri!"
***
Aşıq Pəriyə aşiq olan Əsəd bəy
"O gündən ki didarını görmüşəm, /
Həsrətindən yanar cismü can, Pəri" misrası
ilə başlayan qoşmasında "Axır gizlin dərdim
qıldım aşikar, / Qoy bilsə də, bilsin Mirzəcan, Pəri"
- deyə keçən bir misra var... Aşıq Pəri Şuşa civarında erməni əsilli Mirzəcan
Mədətovla da yaxın olub. Yaxın olsalar
da, bir-birinə bəslədikləri duyğular bütün
hallarda təktərəflidir. Mirzəcan Pərinin
dərdindən dəli-divanə olduğunu etiraf edir. Pəri isə bütün hallarda Mirzəcanın
eşqini cavabsız qoyur. Şeirləşmələrinin
birində Mirzəcana "Hər nə ki danışsan, əfsanədəndir,
/ Batacaqdır məkri-qanə gözlərin. / Sən mənə rəqibsən, həmi naməhrəm,
/ Sataşmasın zənəxdanə gözlərin".
Pəri Mirzəcan Mədətovu özünə
naməhrəm adlandırır və bunun səbəbi bəllidir.
Bəs nə üçün onu həm də rəqib
adlandırır? Bu sualın cavabı verilməyib... Amma mütləq verilməlidir. Pərini
sirli edən səbəblərdən biri də bu məqamdadır.
Doğrudan da, fenomen qadındır. Həm
hal əhlidir, həm də irfan sahibidir. Hər
halda, Aşıq Pəri istisna olaraq, fərqli paradiqmada tədqiq
olunmalıydı. Yazdığı
şeirlərin bir qismində həm erotizm, həm də sufizm
bir aradadır.
Pəri Mirzəcana, "Sən təriqətdən
ötüb, irfanlara qoyma məhəl" deyir, Mirzəcan isə
ona "Tapalı eşqin yolun biz böylə işi neyləriz? / Əqlimiz
heyran olubdur, dünü kişi neyləriz?
/ Gəl edək zövqü səfa, molla,
keşişi neyləriz?" - deyə
cavab verirdi.
Mirzəcan Mədətov dünyasını dəyişəndə
Aşıq Pərinın dünyadan hesab sorduğu belə
misraları var: "Dünya, sənin etibarın yox imiş, /
Bir xəbər ver, Mirzəcanı neylədin?" Fuad Köprülü Aşıq Pərinin həmin
şeirini mərsiyə adlandırır.
Mirzəcan Mədətov türklərin
düşməni, çar ordusunun Qarabağ üzrə
komandanı, Qarabağda və Gəncədə azərbaycanlılara
divan tutan erməni generalı Valerian Mədətovun yaxın
qohumudur. Hətta bəzi mənbələrdə
qardaşı oğludur. Hərçənd,
Firidun bəy Köçərli Valerian Mədətovun elə
Mirzəcan Mədətovun özü olduğunu ehtimal edir.
"Mirzəcan Mədətov haman general Valerian
Qriqoryeviç Mədətov olduğuna Aşıq Pərinin
onun vəfatı zamanında yazdığı təəssüfamiz
şeirlər də dəlalət edir".
Firidun bəy Köçərlinin bu
yanlışı Feyzulla Qasımzadənin diqqətindən
yayınmır. Professor Mirzə Feyzulla
bildirir ki, Köçərlinin "Azərbaycan ədəbiyyatı
tarixi materialları"nda təsadüf olunan
yanlışlardan biri də "Mirzəcan Mədətovun
general Mədətovla
qarışdırılması"dır.
Firidun bəy Köçərlini belə yanlış qənaətə
gəlməyə vadar edən səbəb, çox güman,
"Mirzəcanı neylədin?" şeirinin üçüncü
bəndində keçən mətləblərdir:
Puç dünya, səndə bir
yarıyan hanı?
Günbəgün artırdı
şövkəti-şanı.
Tiflisin sağ əli, sərdarın canı,
Viran qoyub Dağıstanı, neylədin?
Bu misraları necə anlamaq olar? Valerian
Mədətov doğrudan da, Tiflisdə canişin Yermolovun ən
yaxınlarından hesab olunurdu. Dağıstan
əhalisinə, ləzgilərə zülm edən, xüsusən,
Tabasaran, Aquşa, Kazıkumık bölgələrini
işğal edən rus ordusunun komandanı da o idi. Mirzəcan Mədətov isə Tiflisdə Qafqaz
baş hakiminin dəftərxanasında
çalışırdı və Mirzə Fətəli
Axundov tərcüman vəzifəsində Mirzəcan Mədətovu
əvəz etmişdi. Söhbət Mirzəcandan, yəni
qardaşoğlu Mədətovdan gedirsə, o da Tiflisdəki
canişinin sağ əli sayıla bilərdi. Feyzulla
Qasımzadə Tornauya istinadən xatırladır ki,
"Yermolov Mirzəcanı çox sevirdi və ona
inanırdı; səfərə çıxdığı
zaman ondan nə gecə və nə gündüz
ayrılardı".
Amma əmisi Valerian Mədətovdan fərqli
olaraq, Mirzəcan Dağıstanı viran qoymamışdı. Bu
mənada, yuxarıdakı misralar əmi Mədətova daha
müvafiqdir. Dağıstanı viran qoyan
Valerian Mədətovun ölümü ilə Dağıstan
viran qala bilməz, əksinə, dağıstanlılar buna
sevinə bilərdi. Firidun bəy Köçərlinin hər
iki Mədətovu eyni adam hesab etməsi,
heç şübhəsiz, xatırlatdığımız
misralarla bağlıdır. Hər halda, son misra
müəmmalıdır, onun şərhi ədəbiyyat
tarixçilərimizin vəzifəsidir, həm də çox
ciddi vəzifəsidir.
Mirzəcan Mədətov Vərəndə
mahalının Çanaqçı kəndindəndir. Məhəmməd
Ağa Müctəhidzadə də, Firidun bəy Köçərli
də, Mir Möhsün Nəvvab da onu "Qarabağın
Şuşa tabeliyində olan Çanaqçı kənd
sakini" olaraq təqdim ediblər. Hər halda, Aşıq Pəri
həm Fərhad bəy Məlikaslanovla sevgili olub, həm Mirzəcan
Mədətov ona talib olub, həm də xəbər
yayılıb ki, Pəri başqası ilə ailə qurmaq
fikrinə düşüb. Pəriyə xitabən,
yenə də Məhəmməd bəy Aşiq
"Aşıq Pəri, bir göftgu eşitdim. / Namizəd
olmusan bir şux oğlana" deyə təəssüfünü
bildirir və Fərhadı da, Mirzəcanı da onun yadına
salırdı:
Hər kəs ki yolunda çəkdi çox cəfa,
Bir gün vüsalından görmədi səfa.
Nə dilin var, ey-Pəriyi-bivəfa!
Fərhada şiri-nər Məlik Aslana.
Qəzanın işini əgər bilirdi,
Əl çəkib dünyadan çətin
ölürdü,
Sıçrayıb qəbirdən dişrə gəlirdi,
Yetsəydi bu xəbər ol Mirzəcana.
Yaxud Aşıq Pəri tuğlu Məlik Aslanla eşq
yaşayanda Pərinin eşqiylə özünə Aşiq təxəllüsünü
götürən Məhəmməd bəy Cavanşir ona
iltimasını bu sözlərlə
çatdırırdı:
Ey Pəri, dəhrdə yox sən kimi bir cananə,
Tən edər mehri rüxün göydə məhi-tabanə,
Gərçi bihəd görürəm
lütfünü bir insanə,
Piri-biqandədir, uyma Məlik Aslanə,
Olgilən yar yenə mən təki bir
oğlanə.
Aşıq Pəri ilə Fərhad bəyin münasibətlərindən
Qasım bəy Zakirə şikayətlənən Məhəmməd
bəy Aşiqə Zakir təsəlli verirdi... Hər nə
olur-olsun, Məhəmməd bəy Pərini hamıya
qısqanırdı... Fərhad bəy Məlik
Aslana da, erməni Mirzəcan Mədətova da.
Aşıq Pəri isə Cəfərqulu
xanla deyişmələrində Fərhad bəyi ucaldaraq vəsf
edir. Cəfərqulu xanın: "Nədən ötrü
bizdən kənar gəzirsən? / Nə tabe
olubsan sərasər ona?" sualına "Saymanıq
soltanı, xanı, paşanı / Nə şah bir söz deyər,
nə sərdar ona" deyə cavab verir. Digər tərəfdən,
onu Fərhad bəyə, hətta Mirzəcan da qısqanır:
"Nə xandı, nə paşa, nə sən görən bəy,
/ Mirzəcandı, yalnız intizar sənə":
Eşitdim tapıbsan bir həmdəm, Pəri!
O həmdəm deyildir, artar qəm, Pəri!
Fələk kimi etmə sən sitəm, Pəri!
Əsər etməz məgər ahu-zar sənə?
Pərinin həmdəmi Fərhad bəy Məlikaslanov
barədə bir neçə kəlmə yazmağa ehtiyac
yaranır. Fərhad Məlikaslanov rus ordusunda
Qarabağ süvari alayının hərbçilərindən
olub. Dahi rus şairi Puşkin ona şeir həsr
edib. Nəinki şeir həsr edib, hətta
qara qələmlə onun portretini də çəkib.
Puşkin şeirində Fərhad bəyin hətta
yaraşığını vəsf edir:
Не пленяйся бранной славой,
О красавец молодой!
Не бросайся в бой кровавый
С карабахскою толпой!
Знаю: смерть тебя не
встретит:
Азраил, среди мечей,
Красоту твою заметит —
И пощада будет ей!...
Mənbələrdə Fərhad bəyin Həcc ziyarətində olduğu, Xatay
xanımla ailə qurduğu yazılır.
Mirzə Fətəlinin "Puşkinin ölümünə Şərq poeması"
kifayət qədər məşhur olduğu halda, qəribədir ki, Puşkinin
azərbaycanlı Fərhad bəy barədə yazdığı şeir barədə çox az danışılıb. Hər halda, Puşkinin qəhrəmanlarından Fərhad bəylə Pərinin həmdəmliyi
də Aşıq Pəri ilə bağlı detalların ən ilginclərindəndir. Həmdəm olduqları
illərdə Fərhad bəy Aşıq
Pəriyə Puşkinlə görüşü
barədə söhbət açmamış olmazdı...
Məhəmməd bəy Aşiq Pəri ilə Fərhad bəyin yaxın münasibətlərindən rəncidədir, ona xoş olmayan bu ilişki barədə, dediyim
kimi, Zakirə
şikayətlənir. Qasım bəy Zakir isə...
Adolf Berjenin tərtib etdiyi kitabda Zakirin "Dər göftguyi-Aşıq Pəri be Məhəmməd bəg nəveştə"
şeirində (Berjenin
kitabında bütün şeirlərin adı farsca yazılıb) Aşıq
Pərinin
qadın və şair həssasiyyətinə uyğun olmayan, ümumiyyətlə, Azərbaycan şeirinin
dilinə və üslubuna yaraşmayan ədəbdənkənar misralar keçir ki, bu yazıda həmin şeirdən sitat gətirmək istəmirəm. Şeir ilk dəfə Adolf
Berjenin kitabında dərc olunub. Zakir Pəriyə niyə nifrət edir, ona qarşı niyə
bu qədər amansızdır, bilinmir. Amma həm də ilginc olan budur ki, Pəriyə görə Aşiq təxəllüsü ilə yazan Məhəmməd bəy Qasım bəy Zakirin o hərcayi
sözlərinə necə dözmüşdü? Sevdiyi bir qadının təhqir olunmasına necə təhəmmül etmişdi? Görünür, Məhəmməd bəy Aşiqin də, başqalarının da hədəfi Pərinin
zahiri gözəlliyidir, bədənidir. Heç biri, o cümlədən, Məhəmməd bəy Aşiq də Pərinin
irfanına vurğun deyil. Bunun belə
olduğunu Aşiqin ömrünün son
çağlarında yazdığı
"Tövbənamə" şeirindən də görürük. Lakin hələ "Tövbənamə"yə qədər Məhəmməd bəy Pəriyə ünvanladığı bir şeiri sonda belə
bir təəssüflə bitirirdi: "Qoynun
içindəki bağu bostanı
/ Nə hasil
tapşırdın naşı
bağbana"... Zakirin Məhəmməd bəy Aşiqə xitabən yazdığı
şeir nəzərə alınsa, Aşıq
Pəri Məhəmməd bəy Aşiqin Fatma, Məryəm və Şahsənəmdən sonra ovlamaq istədiyi növbəti qadındır...
Pəriyə ən
çox şeirlər həsr edən Məhəmməd bəy Aşiqi bəzən "mürşidi-kamilim" adlandıran Aşıq
Pərinin
onunla şeirləşməsi (yəqin ki, bu son deyişmədir) münasibətlərin son həddidir. Bizim
poeziyamızda gənc və gözəl bir qadına heç
kəs heç vaxt belə açıq-saçıq izharda bulunmamışdı:
Məhəmməd bəy Aşiq:
Qarşıda Pəri yeri,
Dızaqda Pəri yeri.
Haçan olar biz evdə
Saldıraq, Pəri, yeri?
Aşıq Pəri:
Qəlyanın səri yeri,
Eşqin əsəri yeri.
Ağlına dua yazdır,
Olma sərsəri, yeri.
Məhəmməd bəy Aşiq:
Yeri, sərsəri, yeri,
Anla sirr, səri yeri.
Sərvim, qoynuna girsəm,
Ollam, sərsəri yeri.
Aşıq Pəri:
Aşığam Maralyana,
Od düşüb Maralyana.
Necəsən, bir ah çəkim,
Dağlarda maral yana?
Firidun bəy Köçərli "Azərbaycan
ədəbiyyatı" kitabında onu "Aşıq Pərinin
aşiqlərindən biri" adlandırır. Feyzulla
Qasımzadə isə bildirir ki, Qarabağda Vaqif şeiri
üslubunu davam etdirən şairlər içərisində...birinci
yeri tutan Məhəmməd bəy Aşiq Zəngilani "ən
yaxşı şeirlərini Aşıq Pəriyə həsr
etmişdir".
Amma hər şeyə rəğmən, düz
deyirmiş: "Artdı hirsim mərəzi, etmədim əsla
pəhriz"... Məhəmməd bəy Aşiqin
"Tövbənamə" şeirindəki etirafları,
xüsusən, şeirdə təkrir olaraq keçən
"Asiyü bədəməlü rusiyahü xarəm mən"
misrasındakı dərin və kədərli təəssüfünün
səbəbləri nə imiş? Adamın nə
qədər ağır günahları varmış ki,
tövbəsini bu şəkildə edib. Məhəmməd
bəy Aşiqin "Tövbənamə"si XIX yüzil Azərbaycan
poeziyasının çox dəyərli örnəklərindəndir.
"Tövbənamə"də işarələrlə olmuş
olsa belə, Pəriyə bəslədiyi eşqini də,
özünə Aşiq təxəllüsünü
götürməsini də böyük günahlarının
sırasında xatırladır... "Bir
neçə il özümü eşqə müqəyyəd
qıldım. / Gahi Aşiq adımı,
gah Məhəmməd qıldım. / Məşqi əbruyi-xətü
xal ilə mürtəd qıldım..."
Adolf Berje əvvəldə
xatırlatdığımız kitabında yazır:
"1829-cu ilin axırlarında Araz çayı sahillərində
uzanan Maralyan kəndində 16 yaşında qeyri-adi zahiri
gözəlliyə malik olan bir qız zühur etdi. Bu qızın adı Aşıq Pəri idi".
Elə buradaca mübahisəli bir məqama aydınlıq
gətirilməsinə ehtiyac yaranır. Pəri
barədə yazan müəlliflər Adolf Berjeyə istinadən
verdikləri yuxarıdakı qeyddə 16 yaşındakı
qızı bir qayda olaraq, 18 yaşlı qızla əvəz
ediblər. Amma göründüyü kimi, Berje 1867-ci il Leypsiq nəşrinə alman dilində yazdığı
Ön sözdə Pərini 16 yaşlı qız kimi təqdim
edib... Əgər 1829-cu ildə Pərinin 16
yaşı vardısa, deməli, o, 1813-ci ildə dünyaya gəlib.
Mirzəcan Mədətovun vəfat tarixi isə
müxtəlif qaynaqlarda fərqli şəkillərdə
göstərilir. Əksər qaynaqlar 1851-ci ili göstərsə də, professor Vilayət
Quliyev onun dəqiq vəfat tarixini yazıb: 1837-ci il. Mirzəcan dünyasını dəyişəndə
Pərinin ya 24, ya da 34 yaşı olub. Fərhad
Məlikaslanov isə demək olar ki, Pərinin həmyaşıdıydı,
1889-cu ilə qədər - səksən dörd yaşına
qədər yaşamışdı. Özündən
sonra ailəsi, övladları qalıb. Əzizə
Cəfərzadənin bildirdiyinə görə, Mirzəcan Mədətovun
Mina xanım adlı həyat yoldaşı, Səfiyə
adlı qızı varmış. Bu məqam
xeyli suallar doğurur. Hər şeyə rəğmən,
o bir erməniydi və necə olurdu ki, o, həm Pəriyə
talib olur, həm də Mina adlı azərbaycanlı həyat
yoldaşı, hələ üstəlik, Səfiyyə
adlı qızı varmış?..
"XIX əsr Azərbaycan ədəbiyyatı
tarixi" kitabının "Yazılı ədəbiyyatda
aşıq şeiri səpkisində yazan şairlər"
hissəsində professor Feyzulla Qasımzadə bildirir
ki, Mirzəcan Mədətov "ən hərarətli
şeirlərini özünün Qarabağ müasiri
Aşıq Pəriyə həsr etmişdir".
Feyzulla Qasımzadənin
yazdıqlarından belə anlaşılır ki, Mirzəcan Mədətov
da, Məhəmməd bəy Aşiq də ən yaxşı
şeirlərini Aşıq Pəriyə həsr ediblər. Buna rəğmən,
Mirzəcan Mədətovun da, Fərhad Məlikaslanovun da, Məhəmməd
bəy Aşiqin də - Pərinin bütün aşiqlərinin
ailəsi, uşaqları var, amma Pəri tarixin bir döngəsində
izsiz-soraqsız yoxa çıxır...
Sonra versiyalar başlayır. Sonra Pərinin
tərcümeyi-halında "deyilənə görə" versiyaları
dövriyyəyə qatılır... Pəri ilə
bağlı xatirələr qarışıq
düşür. Pəri guya çox gənc
yaşlarında, bəlkə də yeniyetmə
yaşlarında Cəbrayılda yaşlı və dul Molla Məhəmməd
adlı əzazil bir adama ərə gedibmiş. On il Molla Məhəmmədlə evli olub. Bunu Pərinin qızlığı, Molla Məhəmmədin
əvvəlki arvadından olan qızı 120 yaşlı
Şirin arvad danışırmış. Kimə
danışıb? Sonra Pəri ərinin
işgəncələrindən baş götürüb
Şuşaya qaçıb. 16 yaşlı Pəri 10 il necə kiminsə arvadı ola bilərdi? Necə
olurdu ki, Pəridən elə də uzaq olmayan tarixlərdə
Müctəhidzadə, Mir Möhsün Nəvvab təzkirələrində,
yaxud XX yüzilin ilk illərində "Azərbaycan ədəbiyyatı"
kitabını yazan Firidun bəy Köçərli, yaxud
1927-ci ildə "El şairləri" kitabını
hazırlayan Salman Mümtaz bu barədə hər hansı məlumat
əldə edə bilməyib? Yaxud necə olub ki, gözəllikdə
pərilərlə, mələklərlə
qiyaslandırılan Pəri erkən yaşlarında arvadı
ölmüş, dul bir kişi ilə evlənib?
Yaxud Berjenin yazdıqlarına, yaxud Axundovun Berjeyə
verdiyi məlumatlara inansaq, o zaman razılaşmalıyıq
ki, Mirzəcan Mədətov Maralyana gedib Aşıq Pəri ilə
görüşüb. Necə olurmuş
bu? Molla Məhəmməd adlı əzazil birinin gənc
və gözəl arvadını görmək
üçün kimsə, yad bir kişi -
erməni Mədətov Maralyana gedə bilərdimi? Gedibsə, Maralyanda Pəri ilə
görüşübsə, bu, Pərinin həyatında Molla
Məhəmməd adlı adamın varlığını
sual altına düşürür. Bir qisim "deyilənə
görə"lərdə Pəri Şuşada
yaşamayıb, amma tez-tez Şuşaya gedib-gəlirmiş,
şeir məclislərində iştirak edib geri
qayıdırmış... XIX yüzilin 30-cu illərində
gözəl bir qadın Cəbrayıldan Şuşaya nə
ilə gedirmiş, nə ilə qayıdırmış?
Bir qisim "deyilənə görə"lərdə
guya Şuşada dünyasını dəyişəndən
sonra Pərinin qardaşları Şuşaya gəlib onun cənazəsini
Maralyana aparıb orada dəfn ediblər. Bu
versiyaların hər birinin dəqiqliklə
araşdırılmasına ehtiyac var. Guya Pərinin qəbri səksəninci
illərə qədər Cəbrayılda qalırmış.
XIX əsrin otuzuncu illərində dünyasını dəyişmiş,
varisi və övladı olmayan gənc bir qadının
üstü yazılı başdaşısını kim təsəvvür edir? 150-200 il
sərasər onu kim ziyarət edirmiş ki, qəbri itib-getməyibmiş?
Yazılı başdaşını qəbrinin üstünə
qoyan kim imiş? Qardaşlarının
Şuşaya gəlib onun cənazəsini Cəbrayıla
aparması ilk dəfə hansı qaynaqda göstərilib?
Pərinin vəfat tarixi də müxtəlif
mənbələrdə fərqli şəkillərdə qeyd
olunub. İlk məlumatı Adolf Berje verir: "Pəri
1833-cü ildə dünyasını dəyişib".
Başqa mənbələrdə isə onun 1847-ci ildə vəfat
etdiyi bildirilir.... Amma gerçək olan budur ki,
Pəri ilə bağlı söhbətlər Mirzəcanın
öldüyü illərdə qapanır. Ya
1837-ci, ya da 1851-ci ildən sonra Pəri sirr örtüyünə
bürünür. Sonra Pəri ilə
bağlı heç bir məlumat yoxdur. Cəfərqulu
xan Nəva, yaxud Məhəmməd bəy Aşiqlə
şeirləşmələri də sirr pərdəsini
qaldırmağa imkan vermir.
Pəri 16 yaşına qədər
ömrünün əvvəli barədə heç bir iz
buraxmadığı kimi, sonra da heç bir iz buraxmadan sanki
qeybə çəkilir.
Amma Pərinin obrazı ədəbiyyat
tarixində gənc qalır... 24, ya da 38 yaş arasında. Hər iki halda
Pəri gəncdir...
Aşıq Pəri XIX yüzil qadın
poeziyamızda nadirdir. Həyatı kimi,
yaradıcılığı da gizlincsizdir,
açıqdır. Dediyim kimi, XIX yüzil
Azərbaycan qadın poeziyasında bir qadın şairin
yaradıcılığında belə bir durum estetik
dalğa, yaxud yeni ədəbi cərəyan səviyyəsindədir.
Yuxarıda qeyd etdiyim kimi, onun xüsusən Mirzəcan
Mədətovla münazirəsində (deyişməsində)
irfanla intimizm qaynayıb-qarışır. Mirzəcan Mədətovun dünya nəşəsi
Aşıq Pərinin irfan dumanına bürünüb. Burda münazirə formasının hüdudları
da aşılır. İki tərəfin
heç biri özünü öymür. Əksinə,
Mirzəcan Mədətov Pəriyə olan
duyğularını hər vəchlə etiraf edir, Pəri isə
Mədətovun sevgi izharlarını daha dərin və irfani
qatlarda cavablandırır.
Aşıq Pəri:
Şaira, sənsən zəmanə mərdi, meydandan
danış,
Əzbər eylə dildə dəftər, cövhəri-candan
danış,
Yeddi yerdir, yeddi gögdür, eylə əzbərdən
sual,
Yeddi məna, yeddi qüsl, yeddi göhər, həm kəmal,
Yeddi bürcdə, yeddi yıldız, həşt cənnət
bimisal,
Yeddi rükət, yeddi iman, yeddi ərkandan
danış.
Mirzəcan:
Neylirəm bunları mən, gəl, ey Pəri, yardan
danış,
Neylərəm üqba işin, sən kimi
dildardan danış.
Yeddi yerdən, yeddi göydən neylərəm
etmək sual?
Tapmışam bir mürşüdü, həsb
etmişəm ondan kamal.
Çəkmənəm rizvan qəmin, bu dünyada versən
məcal,
Aşiqə cövr eyləyən yari-sitəmkardan
danış...
Aşıq Pəri şeiri ustalıqla
yazır. Tutaq ki, həmin şeirləşmənin (müşairənin)
içində qəfil çevriliş edib, Mirzəcanın
dini və milli nüvəsini sancır:
Motaves, Marqos, Ohanes, Loqani yad etgilən,
Petros, həm İstepanı yad edib şad
etgilən.
Doğulan uşağı "Allah" deyibən, dad
etgilən,
Yandırıb xaxorti Davud, Süleymandan
danış.
Mirzəcan:
Mən bu sözlərdən iraqəm, ey Pəri, dad etmə
sən,
Yad edib bu sözləri, hər ləhzə
fəryad etmə sən.
Bir belə sözlər deyib əğyarı həm
şad etmə sən,
Zülfi-müşk, xali-ənbər, xətti-reyhandan
danış...
Görünən o ki, Pəri irfan sirlərinə
dərindən aşinadır. Təriqətdən
ötüb, irfan yoluna girdiyini bəyan edir: "Ey Pəri,
oldu dili-şeyda rədifi-əlbəəl, / Sən təriqətdən
ötüb irfan yoluna qoy məhəl". Simvolları
sıralayır, Mərrix və Zühəl (Mars və Saturn)
ulduzlarını göyün günbəzi adlandırır,
dirilik suyundan, Tuba cənnətlərindən, Rizvan
bağından danışır. Qüdsi-Xəlildən
agahdır.
Polşa doğumlu Ukrayna alimi Nikolay Qulak 1887-cı ildə
"Ruskaya starina" jurnalında dərc etdirdiyi "Adolf
Petroviç Berje oriyentalist kimi" məqaləsində bu
deyişmədən çıxardığı nəticəni
belə ümumiləşdirirdi: "Biz avropalılar
üçün ideal Aşıq Pəri kobud ehtiraslı Mirzəcandan
ölçüyəgəlməz dərəcədə
ucadadır. Doğrudan da, Zaqafqaziyanın müsəlman
qadınları Aşıq Pəri kimi qeyri-adi bir xanımla fəxr
edə bilərlər. O sübut edir ki, xarici təzyiqə,
hərəm həyatına baxmayaraq, onlarda ilahi bir
qığılcım hələ də parlamaqdadır".
Təzkirələrdə və filoloji tədqiqatlarda
üstündən sükutla keçilsə də,
bütün hallarda bilinən və görünən budur ki,
Mirzəcan Mədətov Aşıq Pəriyə aşiq olub
və yuxarıda dediym kimi, Aşıq Pəri Mirzəcanın
sevgisinə etina etmir. Amma burda ciddi bir məqam var. Mirzəcan:
Aşiq oldum mən sana, vallah, biguman,
ey Pəri!
Məzhəbim tərkin qılıb oldum biiman, ey Pəri!
Mən özüm nəsraniyəm, amma ta ki,
gördüm səni,
Əşhədü-billah ilə oldum müsəlman, ey
Pəri!
Küfrü zülfün hər zaman bidinlik idi aşkar,
Mən gətirdim sidq ilə gördükdə iman, ey Pəri!
- deyə iman böhranı
keçirirdi. Böhran idimi? Özü də fikirlərini bizim dildə ifadə
edirdi. "Əşhədü-billah ilə
oldum müsəlman, ey Pəri!" etirafı artıq Mirzəcan
Mədətovun din dəyişdirdiyinə dəlalət edir.
Bu, adi etiraf deyil. Mirzəcan
Pərini görüb tanıyandan sonra, kəlimeyi-şəhadət
söylədiyini iqrar edir. Türklərin
düşməni erməni generalı Valerian Mədətovun
qardaşı oğlu "Əşhədü-billah ilə
oldum müsəlman, ey Pəri!" - deyir.
Bu fakta niyə biganəyik?.. Azərbaycanlı
gözəl bir xanım, çar ordusunun 2-ci müsəlman
alayının erməni əsilli komandirinə:
"Ağlını təğyir etdi, aldı sərdən kəlisa"
(kilsə ağlını dəyişib başından
aldı) deyə biləcək qədər irfani, nazənin və
cəsur... Mirzəcanın isə kəlisası da, Qüdsi-Xəlili
də, o dünyası da, bu dünyası da Aşıq Pəri
idi... "Neylərəm üqba işin (axirəti),
sən kimi dildardan danış" - deyirdi.
Mirzəcan Mədətovu "El şairləri" əsərinin
heç bir səhifəsində yad etməyən Salman
Mümtazdan fərqli olaraq, Firidun bəy Köçərli
onu "Azərbaycan ədəbiyyatı tarixi" əsərində
Azərbaycan şairi olaraq təqdim edir və haqqında
üstün fikirlər söyləyirdi... Köçərli
bu bəndin də keçdiyi şeiri "Eyzən kəlami-Mirzəcan"
deyə təqdim edir:
Eylərsən axırda sən məni Sənan,
Dönərəm dinimdən, verəsən
fərman.
Bilmirsən edəcək canını qurban,
Baxsa əgər Mirzəcana gözlərin.
Pəri isə Mirzəcana baxmadı. Mirzəcana da
məsləhət gördü ki, gözünü ondan
çəksin... "Sən mənə rəqibsən,
həmi naməhrəm, / Sataşmasın zənəxdanə
gözlərin".
Aşıq Pərinin Mirzəcan Mədətovla
şeirləşməsi ilk dəfə 1856-cı ildə
Teymurxanşurada (Buynaqskda) nəşr olunmuş və XVIII-XIX
yüzil poeziyamızın öyrənilməsi
baxımından ilk mühüm qaynaq hesab olunan "Məcmuəyi-Vaqif
və müasirini-digər" kitabında görünür. Kitabın
tərtibçisi "Qarabağnamə" müəlliflərindən
erməni Mirzə Yusif Nersesov Qarabağidir. Kitabı Mirzə Fətəli Axundov redaktə edib.
Feyzulla Qasımzadə bildirir ki, "Məcmuənin
əlyazma nüsxələrindən birində M.F.Axundovun bəzi
qeyd və təshihlərinə rast gəlirik. Bu qeyd və təshihlərdən görünür
ki, məcmuə böyük ədibin nəzərindən
keçmiş və çap üçün redaktə edilmişdir".
Berjenin kitabının hazırlanmasında da Axundovun xidməti
vardır: "Pərəstiş etdiyim Adolf Petroviç!.. Biz sizin gəlməyinizi səbirsizliklə
gözləyirik. Bu məktubu qurtaran kimi mən
şairlərin tərcümeyi-halı haqqında Molla
Hüseynin göndərməli olduğu mətni tərcümə
etməyə başlayacağam. Qulluğunuzda
hazır olan müxlisiniz, Sizin Mirzə Fətəli
Axundov".
Pərinin şeirləri ilk dəfə bu
surətlə ədəbiyyat tarixinə və ədəbi
prosesə daxil olur.
Tornaunun "Qafqaz zabitinin xatirələri"
kitabında Mirzəcan Mədətovla bağlı qeydlər
Aşıq Pərinin şeirində görünən
obrazlardan birinin kimliyinə ayna tutur. Tornau
kitabında bildirir ki, Mirzəcan, sadəcə, hərbçi
və tərcüman deyildi. Eyni zamanda
şərabı və gözəlliyi vəsf edən
şeirlər yazırdı. Badam adlı gəncdən
heç ayrılmazdı. Badam özünün bəstələdiyi
şərqiləri oxuyub qonaqları məmnun edərdi...
Pəri gəraylılarından birində
"Saymadın sultanı, xanı, / Eyləyibsən nahaq
qanı, / Badam kimi növcavanı, / Yer ilə yeksan eylədin"
deyir. Şeirdən bilinir ki, Badam qətlə yetirilib:
"Necə qıydın gülzarına, / Pünhan keçən
iqrarına, / Saldın yollar kənarına, / Dörd yanı
al qan eylədin".
Görünür, Badam kim imişsə,
Pəri üçün də əziz birisiymiş və Badam
gənc yaşında dünyasını dəyişəndə
Pəri yuxarıda xatırlatdığımız misralarla
öz dərin kədərini ifadə etmişdi. Qriboyedovun 12 dekabr 1825-ci ildə Tiflisdən dostu
Andrey Jandra yazdığı məktubda da Mirzəcan
xatırlanır, amma bu dəfə şərqanə dostluq məclisində
Mirzəcanın yanındakı Badam deyil, xanəndə
Əliyardır. Əliyar Azərbaycan
bayatılarını zümzümə edir. Ya bəlkə
Badam elə Əliyarın ayamasıymış...
Adolf Berje 1868-ci ildə yazıb nəşr etdirdiyi
kitabında 1829-cu ildəki 16 yaşlı Aşıq Pərinin,
həm bənzərsiz gözəlliyini, həm də
şairlik istedadını vəsf edir, başqa şairlərlə
müqayisədə onun çox üstün olduğunu
deyirdi.
Pəri aşıq idimi, şair idimi? Feyzulla
Qasımzadə onu yazılı ədəbiyyatda aşıq
şeiri səpkisində yazan şairlərdən biri hesab
edir. Amma sual hələ də tam dəqiqliyi
ilə cavablandırılmayıb. Aşıqdırsa,
Azərbaycanın ilk qadın aşığıdır.
Şairdirsə, Azərbaycan poeziyasında orta əsrlərlə
XIX yüzil arasındakı bağları qoparanlardan, yeni ədəbiyyata
yol açan şairlərdən biridir. Hənəfi
Zeynallının Azərbaycan alimlərinə səslənişi
öz aktuallığını hələ də
qorumaqdadır: "Aşıq Pəri dövrünə əhəmiyyət
verməliyik. Çünki geniş kütləmizin
bədii həyəcanlarını oxşayan ağız ədəbiyyatı
ilə klassik ədəbiyyatın böyük
dönümü bu şairlərin ətrafında
bağlanmışdı".
Pərinin adı çoxlu cavabsız
suallarla assosiasiya olunur. Aşıq Pərinin
sinəsində saz da var, əlində badə də. Bu
misralar Məhəmməd bəy Aşiqin Pəriyə
ünvanladığı şeirdəndir: "əlindəki
badə olsun, saz olsun / Hərəkətin işvə olsun, naz
olsun". Buna rəğmən, Adolf Berjenin kitabına daxil
edilmiş Mirzəcan Mədətovla Pərinin şeirləşməsində,
Mədətov ona: "Sevmənəm Tövrat, Zəburu, sən
çalan tardan danış" demişdi. Bu dəfə
söhbət Pərinin çaldığı sazdan deyil,
tardan gedir. Yaxud Məhəmməd bəy Aşiqin
yuxarıda xatırlatdığımız "əlindəki
badə olsun" misrasına rəğmən, Pəri Cəfərqulu
xan Nəvaya: "Araya düşübdür Məhərrəm
ayı / Layiq deyil onda deyib güləsən" - deyə məsələnin
ruhani tərəfini qabardır. Aşıq Pəri
ilə bağlı prosesi yeni estetik dalğa
adlandırmağımın bir səbəbi də budur. Pəri tamam orijinal hadisədir. XIX yüzilin
birinci yarısında azərbaycanlı bir qadın tar
çalır, sazda ifa edir, şeirlərinin irfani havası da əskik
deyil... Cəsarət edib ona badə də istinad
edə bilirlər. O isə Cəfərqulu xan Nəvaya
"Unutmayıb müsəlmanlıq şərtini / Matəm
deyib bir insafa gələsən" deyə xitab edir... Yenə
də "yaxşı görkəmli, xoş qamətli və
şirindil bir cavan" cəsarət edib ona "Ağ məmə
köynəyə zərafət eylər" də deyə
bilir... İstər-istəməz sual doğur: XIX yüzilin əvvəllərində
Pəri necə geyinirmiş? Örtünmürdümü?
Yaxud XIX yüzilin otuzuncu illərində Pəri şeirlərini
bədahətən demir, yazır, məktublaşır. Əliabbas Müznibin "Aşıq Pəri və
müasirləri" kitabında təqdim olunan şeirlər
arasında onun həm yazışmaları, həm də
deyişmələri yer alıb. Pərinin yazışma
üslubuna Köçərli də diqqət yetirib: "Pərinin
üstünə hər tərəfdən mənzum və mənsur
məktublar axışıb gəlirdi". Bizdə şeirləşmə
üslubunu epistolyar poeziya örnəkləri adlandırmaq
olarsa, Vaqifdən sonra Pəri bu üslubun ilk
yaradıcılarından biridir: "Ruşən gecəsində,
xoş bir saatda, / Namə gəldi bu səhraya sevdiyim".
Yaxud ona məktub yazırlar: "Aşıq Pəri,
kağız sənə yetişcək / Durmuyubsan gərək
bura gələsən". Özü də niyə yazırlar:
"Tavus quşu kimi, ya mürği-tuti, / Gəzəcəksən
yəqin əldən-ələ sən". O isə gəlib əldən-ələ
gəzmir. Onu dəvət edən Cəfərqulu xana: "Adam
bildik, biz də gəldik adına, /
Adamlığı qanmayıbsan hələ sən" deyib nə
üçünsə dövrün zəhmli bir xanzadəsinə
(və generalına) tənə edir. Yaxud Mirzəcan Mədətov
məktub yazıb onu etibarsızlıqda qınayır:
"Yolun çox gözlədim, axır gəlmədin, /
Yoxdu indən belə etibar sənə". Pəri isə Mirzəcanın
məktubunu alıb Çanaqçıya gəlir: "Qasid gəlcək
dərdi-dilin bilmişəm... / Vara-vara Çanaqçıya
gəlmişəm / Mən necə bağlayım etibar, sənə?"
- deyir. Yuxarıda qeyd etdiyim
kimi, Əliabbas Müznib onların bu şeirləşməsini
"Aşıq Pəri ilə Mirzəcanın
yazışması" başlığı ilə təqdim
edib.
Pərini bürüdükləri sirr pərdəsi
açılmalıdır. Belə
çıxır ki, Pərinin şəxsində biz iki əsr
əvvəlki Azərbaycan qadınının sosial mündəricəsindən
xəbərsizik. Onu dərindən
tanımırıq. İki yüz il əvvəl
onun nə qədər cəsarətli, dinamik, hərəkətli
və azadfikirli olduğunu bilmirik. Pəri XIX
yüzilin əvvəllərində təkbaşına feminist
dalğaya bənzəyir.
Pəri şair olaraq qeyri-adidir. Azərbaycan
poeziya dilinin sadələşdirilməsində əvəzsizlərdən
biridir. Şeirləşmələrində Mirzəcanın
"Batacaqdır məgər qanə gözlərin"
misrasına qarşılıq olaraq, "Batacaqdır məkri-qanə
gözlərin" - deyə cavab verə biləcək qədər
yetənəklidir... Pəri ilk şairimizdir ki,
şeirinin estetik haləsində "ulduzlar səyriyir".
Yaxud "Sən bilirsən, kəlisanın
içində / Ömrümə duaçı yüz min can gəlib".
Mirzəcan ağanın Tiflis elindən göndərdiyi
qaşı kamanın tamaşasına neçə-neçə
zülfi-pərişan gəlib....Və namaz
qılınır... Pərinin şeirləri bu qədər
çoxqatlı və bu qədər çoxsimvolludur...
Əliabbas Müznib bildirirdi ki,
"Aşıq Pəri Şuşaya gələr-gəlməz,
Qarabağın gözə görünən,
tanınmış şairləri arasında böyük
hörmətə nail olmuş, bütün şeir və ədəbi
məclislərində sayılmışdır. O, dərin
düşüncəsinə, rəvan təbi və
hazırcavablığına görə müasirləri
arasında izzət sahibi idi".
Müctəhidzadə isə onun gözəlliyini pərilərlə,
mələklərlə qiyaslandırır...
Aşıq Pəri bütün bu keyfiyyətləri
ilə də yekunlaşmır. O, təkcə şeir
hadisəsi deyil, həm də və daha çox təfəkkür
hadisəsidir. Hənəfi Zeynallının
yazdığı kimi, "Vəznlərinin yeknəsək
olmaması da şairin o biriləri arasında müvəffəqiyyətini
yüksəltmiş olur. Bütün ətrafının
ancaq güldən və bülbüldən danışdığını
və fars təsirinə uyaraq şeirlər
yazdığını göz önünə gətirmiş
olursaq, Aşıq Pərinin sxolastik bülbül və
gül eşqindən bəhs etmədiyi və Sənan kimi təbii
eşq mücəssəməsi olan şəxslərdən
söyləməsi də onu İran nüfuzundan ayrı
salmış və el şairlərinə yaxınlaşdırmışdır".
Bu mənada da Aşıq Pəri Qarabağda
estetik iqlimi, poeziyanın ahəngini dəyişdirən
qeyri-adi şair olub.
Aşıq Pəri uzaq tarixin adamı
deyil. Sıradan biri də olmayıb. Firidun bəy deyir ki, o, Şuşaya
köçüb gəlib. Bəs sonra?
Pərinin aqibətindən xəbər yoxdur...
Azər Turan
Ədəbiyyat qəzeti 2024.-8 mart,№9.-S.16-18