İşıq
da elə su kimidir
Milad bayramı ərəfəsində uşaqlar təkrar
avarlı qayıqla bağlı öz arzularını dilə
gətirməyə başlayanda ataları dedi:
- Nə deyirəm?! Ancaq biz onu Kartaxenaya
dönəndə alacağıq.
Ataları onun da fərqinə vardı ki,
doqquz yaşlı Toto ilə yeddi yaşlı Xoel öz dediklərindən
dönənə heç oxşamırlar. Onlar bir
ağızdan öz etiraz səslərini yüksəltdilər:
- Xeyr, o qayıq bizə məhz indi və burada
lazımdır.
Anaları durumu izah eləməyə
çalışdı:
- Sizə onu da xatırladım ki, bu mənzildə o
qayığın üzə biləcəyi yeganə su mənbəyi
- kranımızdan axan sudur.
Həm ata haqlı idi, həm də ana. Onların
Kartaxena de İndiasdakı həyətlərində kiçik
körfəzə bitişik bir bənd və iki dənə
iri yaxtanın sığacağı yanalma körpüsü
var idi. Burada, Madriddə isə onlar
darısqal bir şəraitdə - Kastelyana prospektində tikilən
binanın beşinci mərtəbəsində -
yaşayırdılar.
Ancaq ən sonda valideynlər təslim bayrağını
qaldırmalı oldular, çünki ibtidai məktəbin
üçüncü sinfini "əla" qiymətlərlə
bitirəcəkləri təqdirdə, övladları
üçün sekstanta və kompasa malik avarlı qayıq
alacaqlarına dair bu ailənin üzvləri əvvəlcədən
şərt kəsdilər. Evin xanımı
uduzduğu mərclər qarşılığında nəsə
ödəməkdən xoşlanmırdı deyə,
uşaqların atası həmin gün gedib, bu əşyaların
hamısını alıb, evə gətirdi. Alüminiumdan hazırlanan və su səviyyəsini
göstərən qisminə qızılı zey çəkilən
bu qayığı görən kəs öz heyranlıq dolu
baxışlarını ondan ayıra bilmirdi.
Gündüz yeməyindən sonra isə ata bu sirrin
üzərindəki örtüyü qaldırdı:
- Arzuladığınız o qayıq artıq
qarajdadır. Ən başlıca
müşkül isə bununla bağlıdır ki, onu mənzilə
nə liftlə qaldırmaq mümkündür, nə də
pilləkənlə. Qarajda eləcə qalmağının
isə hər hansı mənası qalmır.
Ancaq elə ilk şənbə günü,
axşamüstü oğlanlar öz tay-tuşlarını
köməyə çağırdılar: onların
qayığı pilləkən qəfəsiylə yuxarı
qaldırmaqla, gətirib xidmətçi qadının
otağına yerləşdirmələrinə maraqla
tamaşa edən ataları dedi:
- Halal olsun sizə. Bəs sonra?!
- Sonra... heç nə olmayacaq, - dedi oğlanlar. - Biz
onun sadəcə otağımızda durmasını diləyirdik,
buna da nail olduq.
Həmişə olduğu kimi, çərşənbə
günü axşamüstü valideynlər birlikdə
kinoteatra yollandılar. O ara mənzilin
tamhüquqlu sahibinə çevrilən uşaqlar bütün
qapı-pəncərələri qapadıqdan sonra qonaq
otağında yanan lampalardan birini qəsdən
sındırdılar. Su qədər təravətli
və qızılı rəngə çalan işıq seli
həmin qırıq lampadan ahəstə şəkildə
üzüaşağı süzülməyə
başladı, oğlanlar isə bu axan işığın
döşəmədən dörd qarış yüksəkliyə
qədər bütün mənzili dolduracağı anı
intizar içində durub, gözlədilər. Sonra işığı söndürüb, qayığı
saxlanıldığı otaqdan çıxartdılar və mənzildə
yaranan "adacıqların" arasıyla könülləri
istəyən qədər üzdülər, dolaşdılar.
Əslində bu nağılvarı macəranın
gerçəkləşməsi mənim "Ev əşyalarının
şeiriyyəti" mövzusunda bir mühazirəyə
qatılmam və xəyal gücümü qanadlandırmam sayəsində
mümkün olmuşdu. "Bir düyməni basmaqla
işığın zühur eləməsi axı necə
mümkün ola bilər?!"
sualını bizim Totodan eşidəndə, ona verəcəyim
cavab əvvəlcədən beynimdə hazır idi:
- İşıq da elə su kimidir. Düyməyə
basdınsa, o da axır-çağlayır.
Beləcə, oğlanlar çərşənbə
günü ta ata-analarının evə dönəcəyi
saata qədər sekstant və kompasdan yararlanma vərdişlərinə
də yiyələndilər. Kinodan
qayıdan valideynləri onların yorğun mələklər
kimi quru döşəmə üstə yatdıqlarına
şahid oldular.
Bu işdə qardaşlar zamanla necə
püxtələşdilərsə, bir neçə aydan sonra
sualtı ov üçün vacib ləvazimatların
alınmasında da israr elədilər. Onların
budəfəki tələb siyahısına isə maskalar,
rezin lastlar, təzyiqli hava balonları və basınclı
tüfənglər də daxil idi.
Ataları deyindi:
- Qəribə məqam da odur ki, bunların heç
yararlanmadığı o avarlı qayıq, nə vaxtdır
qonşu otaqda boş-boşuna yer tutur. Ona rəğmən,
sualtı ov üçün tam avadanlıq tələb etməyə
də hələ bunların üzü gəlir.
Xoel öz şərtini dilə gətirdi:
- Bəs əgər biz birinci yarımil üçün
"Qızıl qardeniya" ödülü qazansaq, onda necə,
istədiklərimizi alarsan?
Anaları təlaşlandı:
- Yox, canım. Sizin o ödülü
almağa gücünüz yetməz axı.
Öz dediyində duran kişi
xanıma irad bildirməyindən də qalmadı.
Qadının isə dərdi açıldı, nə
açıldı:
- Belə övladlara nə deyəsən axı?! Vacib bir işimiz olanda əllərini ağdan-qaraya
vurmağa ərinərlər, amma öz
şıltaqlıqları xətrinə təhsilin ən uca
zirvələrini də fəth etməyə hazırdırlar.
Ata-ana oğlanların təklifinə nə "hə"
dedi, nə də "yox". İki il boyu sinifdə ən zəif
şagirdlər kimi ad çıxaran Toto ilə Xoel iyul
ayında, nəinki adama bir "Qızıl qardeniya"
ödülü qazandılar, onların bu uğurunu məktəb
direktoru hələ geniş ictimaiyyət qarşısında
fəxrlə vurğuladı da. Oğlanlar
artıq arzularında israr etməsələr də, elə həmin
gün öz yataq otaqlarında sualtı ov üçün gərəkli
ləvazimatlarla dolu qutulara rast gəldilər. Buna görə
də sonrakı ilk çərşənbə günü
valideynləri "Parisdə son tanqo" filminə tamaşa
etdiyi saatlarda oğlanlar bütün mənzili adam
boyunu aşacaq şəkildə işıq seliylə doldurub,
bir köpəkbalığına xas
çılğınlıqla sualtı ova girişdilər: bu
sayədə onlar evin künc-bucağında illərdən bəri
it-bata düşmüş sayılan xeyli əşyanı
baş vurduqları işıq selinin dibində, yəni ya
masaların, ya da çarpayıların altında tapıb,
üzə çıxardılar.
Dərs ilinin sonunda məktəbdəki
bütün şagirdlərə nümunə göstərilən
bu əlaçı qardaşlara fəxri fərmanlar təqdim
olundu. Yenə də onlar dil açıb,
heçcə nə istəmədikləri üçün
ata-anaları özləri uşaqların könlündən
keçənləri öyrənməyə cəhd göstərdilər.
Onlar isə gözütox davrandılar: mənzildə öz
sinif yoldaşlarıyla birgə şənlənmək məqsədilə,
sadəcə, bir partinin təşkili üçün
valideynlərindən izn istədilər.
Xanımıyla baş-başa qalanda kişi
gülümsəyərək dedi:
- Bu arzu bir daha göstərir ki, balalarımız
artıq böyüyüblər.
Ananın da razılaşmaqdan başqa çarəsi
qalmadı:
- Allah dilindən eşitsin.
Sonrakı çərçənbə
günü bu ər-arvad "Əlcəzairdə
döyüş" filminə tamaşa edərkən,
Kastelyana küçəsindən keçən şəhər
sakinləri ağacların ardındakı bir binanın pəncərələrindən
dışarıya əsl işıq şəlaləsinin, həm
də dalğalar şəklində axdığına
şahid oldular. Balkonlardan çağlayan o
rəngli işıq dalğaları binanın fasadı boyu
üzüaşağı axmaqla, prospektdə
qızılı rəngdə axın yaratmışdı
artıq və bütün şəhər, həm də ta
Quadarramaya qədər bu işığın selində
yuyunmaqda idi.
Təcili qaydada hadisə yerinə
çağırılan yanğınsöndürənlər
beşinci mərtəbədəki mənzilin
qapısını sındırınca, iç məkanların
hamısının ta tavana qədər həmin işıq
dalğalarıyla dolub-daşdığına şahid oldular. Divan da, leopard dərisiylə üzlənmiş
kreslolar da, royal da qonaq otağının barındakı
butulkalarla eyni səviyyədə üzürdü, suyun
üzündə duran Manila şalı isə birəbir
qızılı rəngli meduzanı xatırladırdı.
Bundan cuşa gəlib, "qanad taxan" mətbəx
əşyaları isə artıq o məkanın tavanı
altda rəqsə başlamışdılar.
Az əvvəl uşaqların sədaları
altda həvəslə rəqs etdikləri hərbi orkestrə
məxsus nəfəsli çalğı alətləri isə
ev sahibəsinin saxladığı akvariumdan qurtulan al-əlvan
balıqların böyür-başında üzürdü:
bu işıqlı və geniş su hövzəsində həmin
balıqlar yeganə canlı, həm də bəxtəvər
məxluqlar idilər. Bütün ailə üzvlərinə aid diş fırçaları, mənzil sahibinə
məxsus prezervativlər, ananın krem flakonları ilə yedək
taxma damağı vannanın içində üzməkdəydi.
Bir böyrü üstə üzən televizor az
sonra yataq otağından dışarı
çıxmağı bacardı, gecə seansında göstərilən
və uşaqların baxması yasaqlanan ədəbsiz filmin o
son səhnəsi nədənsə onun ekranında hələ
də donub-qalmışdı.
Toto isə həmin vaxt dəhlizin dərinliyində, fərqli
su səviyyələrinin arasıyla üzürdü:
üzünə dalğıc maskası taxmaqla o,
qayığın quyruq qismində öz yerini tutmuşdu,
avarlardan möhkəmcə yapışan bu oğlanın
balonunda hələ bir miqdar hava qaldığı
üçün o, öz baxışlarını uzaqdakı
hansısa limanın mayakından çəkmirdi. Xoel isə burnunun üstündəki sekstantın
köməyilə hələ də Qütb ulduzunu
axtarırdı. Bu partiyə siniflərindən
qatılan otuz yeddi uşaq indi evin ayrı-ayrı qismlərində
suyun üzündə qalmışdı, onlar ya evdəki ətirşah
dibçəklərinə siyidikləri an, ya məktəb
himninin sözlərini direktoru, illah, cırnatmaq məqsədilə
məzəli şəklə salıb oxuyarkən, ya da ev sahibinin brendi butulkasından süzdükləri
içkini daddıqları an əbədiyyətlə
birbaşa təmasa keçmişdilər.
Axan işıq selinin miqdarı qəfildən necə
artıbmışsa, bütün mənzili doldurubmuş və
Müqəddəs Dəniz Səyyahı Xulianın
adını daşıyan ibtidai məktəbin
dördüncü sinfinin şagird heyəti çarəsiz
halda Kastelyana prospektindəki 47 nömrəli binanın
beşinci mərtəbəsində yaranan o axına
yaxalanıbmış.
Bu hadisə İspaniyanın Madrid şəhərində
baş verib, o şəhər isə bürkülü yay qədər
elə dondurucu rüzgarların da nə demək olduğundan
yerli-dibli xəbərsizdir, çünki orada nə dəniz,
nə də çay var, o şəhərin, sadəcə,
quru yollara öyrəncəli sakinləri isə parlaq
işıq selində öz qayıq sürmək məharətlərini
indiyədək heç vaxt sərgiləməyiblər.
Dilimizə çevirdi:
Azad Yaşar
Qabriel Qarsia Markes
Ədəbiyyat qəzeti 2024.- 8
mart, ¹9.- S.32