“Tikmədim
özüm qalam...”
Paşa Kərimovun xatirəsinə
Ədəbiyyat tariximizin görkəmli tədqiqatçısı,
yazılı abidələrimizin yorulmaz
araşdırıcısı, ədəbiyyatşünas, mətnşünas,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun
direktor müavini, filologiya elmləri doktoru, professor Paşa Kərimov
haqqında keçmişdə danışmaq çox çətindir.
Amansız xəstəlik onu elm aləmindən
tez apardı, imkan vermədi ki, 65 yaşı tamam olsun.
Yaradıcılığa şeir yazmaqla
başlayan Paşa müəllimin mətbuatda bir çox
şeirləri, dünya ədəbiyyatından tərcümələri
nəşr edilmişdir. O, 1982-ci ildə AMEA-nın Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda əmək fəaliyyətinə
başlamış, 1991-ci ildə "Əlican Qövsi Təbrizinin
"Divanı"nın tekstoloji tədqiqi və elmi-tənqidi
mətni" mövzusunda namizədlik (fəlsəfə
doktorluğu), 2012-ci ildə isə "XVII əsr anadilli Azərbaycan
lirikası" mövzusunda doktorluq dissertasiyalarını
müdafiə etmişdir. 1998-ci ildən isə
Azərbaycan Yazıçılar Birliyinin üzvü
olmuşdur. Əlyazmalar İnstitutunda əmək
fəaliyyətinə başlamış Paşa müəllim,
bu müəssisənin elmi katibi, elmi işlər üzrə
direktor müavini olmuş, iki ildən artıq bir müddətdə
direktor vəzifəsini icra etmiş, son illər direktor
müavini idi.
Paşa müəllim dünyanın
müxtəlif kitabxanalarından, əlyazma xəzinələrindən
tariximizə, elm, ədəbiyyat, mədəniyyət, dil
tariximizə dair yüzlərlə əlyazmanın surətlərini
ölkəmizə gətirərək onların müəyyən
hissəsini tədqiqata cəlb etmişdr. Onun
mətbuat səhifələrində, radio və televiziya
kanallarında yazılı abidələrimizi, qədim tarix və
mədəniyyətimizi yorulmadan təbliğ etməsi
danılmazdır. Paşa müəllim Əlyazmalar
Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilməsi
haqqında hər vaxt danışır və mətbuatda
çıxış edirdi: "Yaxşı yadımdadır,
sovet dövründə Moskvada SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini olduğu zamanlarda ulu öndər
respublikamızda elmin inkişafına əlindən gələn
köməyi əsirgəmirdi. Hələ
1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan
KP MK-nın və hökumətin Respublika Əlyazmalar Fondunun
fəaliyyətinin daha da yaxşılaşdırılması
haqqında xüsusi qərarı ilə müəssisənin
bazası möhkəmləndirilərək maddi-texniki təchizatı
yüksəldilmişdi. 1982-ci ildə
müəssisə Bakının İstiqlaliyyət
küçəsindəki ən gözəl binalardan birində
yerləşdirildi. Ümummilli lider alimlərlə
görüşlərində dəfələrlə bildirib
ki, həmin binada bir neçə müəssisə yerləşmək
istəyirdi. Lakin o, milli mədəniyyətimizin
öyrənilməsində əlyazma irsimizin əhəmiyyətini
nəzərə alaraq binanı Əlyazmalar Fonduna vermək qərarına
gəlib.
Ötən əsrin 80-ci illərində
Respublika Əlyazmalar Fondu, sözün həqiqi mənasında,
elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərirdi. Lakin
Tiflis və İrəvandakı əlyazmaları tədqiq edən
müəssisələrə institut statusu verən Moskva bu
statusu Bakıdakı əlyazma mərkəzinə vermək
istəmirdi. Alimlərimiz ən yüksək
instansiyalara dəfələrlə müraciət etsələr
də, müsbət cavab ala bilmirdilər. Onlar
yeganə çıxış yolunu SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsində çalışan Heydər
Əliyevə müraciət etməkdə gördülər.
Heydər Əliyevin yaxından iştirakı və köməyi
sayəsində SSRİ Nazirlər Sovetinin 28 oktyabr tarixli 2162R
nömrəli sərəncamı, bir qədər sonra Azərbaycan
SSRİ Nazirlər Sovetinin 1986-cı il 11 noyabr tarixli 398R
nömrəli qərarı və Azərbaycan SSR Elmlər
Akademiyasının Rəyasət Heyətinin 1982-ci il 4 dekabr
tarixli 223 nömrəli qərarı ilə Respublika
Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis
edildi. İndi bir neçə postsovet
respublikasında əlyazmalar institutları yaradılıb.
Hazırda bu, o qədər də çətin
məsələ deyil. Müstəqil
ölkələrdə, əlbəttə ki, əlyazmaları
tədqiq edən elmi-tədqiqat müəssisəsinin,
institutun təşkil edilməsində qeyri-adi bir şey
yoxdur. Sovet dövründə isə Azərbaycanda
Əlyazmalar İnstitutunun təsis edilməsi çox
böyük hadisə, hünər idi və bu hünərin
sahibi ümummilli liderimiz idi. O zaman Əlyazmalar
İnstitutunun kimin adını daşıması da mübahisəli
idi. Belə ki, bir sıra şəxslərin
adları təklif edilir, hər kəs öz seçimində
israr edirdi. Sonralar hamı görkəmli
dövlət xadimi Heydər Əliyevin qərarının nə
qədər məntiqli olduğunu dərk etdi. İndi
hamı üçün aydındır ki, əgər Ədəbiyyat
İnstitutu Nizami Gəncəvinin, Dilçilik İnstitutu
İmadəddin Nəsiminin adını daşıyırsa,
Əlyazmalar İnstitutu da Məhəmməd Füzulinin
adını daşımalıdır. 1996-cı
ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə
AMEA-nın Əlyazmalar İnstitutuna dahi şair və mütəfəkkirimiz
Məhəmməd Füzulinin adı verildi. Ümummilli lider Heydər Əliyev işinin
çoxluğundan asılı olmayaraq həmişə
yazılı abidələrimizi, əlyazmalarımızı,
çoxəsrlik elmi və ədəbi irsimizi
düşünürdü. Əlyazmalar
İnstitutunun əməkdaşları, bütün
ziyalılarımız ulu öndərin bu müəssisənin
tarixindəki rolunu heç vaxt unutmur, həmişə onu Azərbaycan
elminin və mədəniyyətinin böyük hamisi kimi yad
edirlər".
O, dünyanın müxtəlif şəhərlərində
keçirilən elmi tədbir və konfranslarda iştirak
etmişdir: 2011-ci ilin noyabr-dekabr aylarında İtaliyanın
paytaxtı Romada və Vatikanda keçirilən Azərbaycan mədəniyyəti
günlərində Mehriban xanım Əliyevanın
başçılıq etdiyi nümayəndə heyətinin tərkibində
ölkəmizi təmsil etmiş, 2012-ci ildə Türk Ədəbiyyatı
Vəqfinin təsis etdiyi "Türk ədəbiyyatına
xidmət baratı"na layiq görülmüşdür.
Azərbaycan elminin inkişafındakı xidmətlərinə
görə Paşa müəllimin əməyi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
qiymətləndirilmiş: 2001 və 2009-cu illərdə
Prezident təqaüdçüsü, 3 noyabr 2015-ci ildə
"Tərəqqi" medalı ilə təltif olunmuşdur.
2010-cu ildə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı
ilə, 2013-cü ildə isə İstanbuldakı Türk
Ədəbiyyatı Vəqfinin təsis etdiyi "Türk ədəbiyyatına
xidmət baratı"na layiq
görülmüşdür. Yuxarıda sadalanan
bu fəxri adlar Paşa müəllimi heç dəyişmədi,
onun sadəliyi, səmimiliyi, insanpərvərliyi
ömrünün son günlərinə qədər olduğu
kimi qaldı.
Onun başçılıq etdiyi
Əlyazmalar İnstitutunun "Multidissiplinar əlyazma və
çap kitabları" şöbəsində elm tariximizə,
orta əsrlər elminin müxtəlif sahələrinə dair
müxtəlif əlyazmalar araşdırılmaqdadır. Son vaxtlar onun rəhbərliyi
və elmi redaktorluğu ilə çap edilmiş,
Əlyazmalar İnstitutunda saxlanan "Tibbə dair əlyazmalar
kataloqu" və "Tarixə dair türkdilli əlyazmalar
kataloqu" elmi ictimaiyyətin böyük marağına səbəb
olmuşdur.
Paşa müəllimin ən böyük
xidmətlərindən biri - yazılı abidələrimizi
öyrənən əlyazmaşünas mütəxəssislərin
yetişməsidir. Vaxtilə onun rəhbərlik
etdiyi "Multidissiplinar əlyazma və çap kitabları
şöbəsi"nə hazırda onun yetirməsi olan
filologiya üzrə fəlsəfə doktoru Elnurə Babayeva rəhbərlik
edir. Məncə, alim üçün bundan böyük
xoşbəxtlik ola bilməz. Görkəmli
alim Xudu Məmmədovun təbirincə desək: "Tikmədim
özüm qalam, tikdim ki, izim qala". Bəli, görkəmli
alimimiz, ədəbiyyat tariximizin, yazılı abidələrimizin
yorulmaz tədqiqatçısı, filologiya elmləri doktoru
Paşa müəllimin izi bu gün də və sabah da bu müqəddəs ocaqda daim qalacaq. Allah rəhmət eləsin, ruhu şad olsun.
Rübabə
Şirinova
Ədəbiyyat
qəzeti 2024.- 8 mart,¹9.- S.30