Heydər
Əliyev Mərkəzində Türk dünyası rəssamlarının
“Tomris” adlı sərgisi keçirilib
Martın 5-də Heydər Əliyev Mərkəzində
Türk dünyası rəssamlarının “Tomris” adlı
beynəlxalq sərgisi keçirilib.
"Report" xəbər verir ki, sərgi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər
Əliyev Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı – TÜRKSOY-un birgə təşkilatçılığı
ilə gerçəkləşib.
Sərginin məqsədi qədim Azərbaycan-türk
qədim dövlətçilik tarixinin simvollarından biri
Massaget hökmdarı, qəhrəmanlıq, ədalət rəmzi
kimi qəbul olunan Tomris obrazının təsviri sənətdə
inikasını göstərməkdən ibarətdir.
Tədbirdə dövlət və hökumət
rəsmiləri, millət vəkilləri, Mədəniyyət
Nazirliyinin məsul şəxsləri, tanınmış mədəniyyət,
incəsənət xadimləri və digər qonaqlar
iştirak ediblər.
Mədəniyyət nazirinin müavini Səadət
Yusifova qeyd edib ki, təsviri sənətdə Tomris obrazına
ilk müraciətlər Orta əsr Qərb rəngkarlığına
aiddir. Erkən dövrdə Avropa monastırlarında Herodotun
“Tarix” əsərinə illüstrasiyalarda, sonralar isə
Rubens, Kastanio, Jentileski, Pretti, Brusesfaro və s. rəssamlar
ın yaradıcılığında Tomris obrazı əksini
tapıb.
Diqqətə çatdırılıb ki,
XX əsrin ortalarından başlayaraq təsviri sənətdə
Tomris obrazı türk bədii mühitində yenidən
canlanır. Uzun müddət türk sənət
dünyasının bir çox nümayəndələri
Tomris obrazına müraciətlərində yerli bədii
xüsusiyyətlərlə yanaşı, onun ümumtürk
mahiyyətini də vurğulamağa
çalışıblar.
İlk dəfə olaraq TÜRKSOY-a
üzv ölkələrin rəssamları tərəfindən
yaradılan Tomris obrazı vahid konsept, ümumtürk tarixi-mədəni
dəyərləri müstəvisində təqdim edilir.
TÜRKSOY-un baş katibi Sultan Raev 8 Mart – Beynəlxalq
Qadınlar Günü ərəfəsində keçirilən
sərginin Türk dünyası xalqlarının qadınlara
verdiyi önəmin təzahürü olduğunu bildirib:
"Tomris mövzulu rəsm sərgisinin ilk dəfə Azərbaycanda
təşkil edilməsi heç də təsadüf deyil. Tarixi məlumatlara görə, Tomris xatın bu
torpaqlarda yaşayıb və Türk dünyasının ilk
qadın hökmdarı ünvanını alıb".
Türk Mədəniyyəti və İrsi Fondunun
prezidenti Aktotı Raimkulova vurğulayıb ki, rəssamlarımızın
əsərləri ortaq irsimizi, tariximizi və ənənələrimizi
ifadə edir: "Bu cür tədbirlərin keçirilməsi
ortaq köklərə sahib olan türk xalqları arasında
körpülərin qurulmasına öz töhfəsini verir. Sərgidə iştirakınız üçün
hər birinizə təşəkkürümü bildirir, sizləri
türk xalqlarının sənət dünyasından zövq
almağa dəvət edirəm".
Qazaxıstan Rəssamlar İttifaqının üzvü
Botagöz Toleş, "Ədəbiyyat qəzeti”nin baş
redaktoru Azər Turan, Azərbaycan Rəssamlar İttifaqı sədrinin
birinci müavini Xalq rəssamı Səlhab Məmmədov və
Xalq rəssamı Sakit Məmmədov tədbirin əhəmiyyətini
vurğulayıb, sərginin təşkilində əməyi
keçənlərə təşəkkür ediblər.
Çıxışlardan sonra TÜRKSOY tərəfindən
sərgidə əsərləri nümayiş olunan rəssamlara
mükafat təqdim edilib. Azərbaycan
Mədəniyyət Nazirliyi isə TÜRKSOY-un xüsusi
mükafatına layiq görülüb.
Sonda qonaqlar sərgi ilə yaxından tanış
olublar.
Qeyd edək ki, sərgidə Mərkəzi Asiya,
Türkiyə və Azərbaycanı təmsil edən 20-dən
çox rəssamın – Xalq rəssamları Sakit Məmmədov,
Arif Əziz, Xanlar Əhmədov (Azərbaycan), Sardor Allaberqenov
(Özbəkistan), Refik Aziz (Türkiyə), Sembiqali Smaqulov,
Aqimsal Düzelxanov, Ədilğali Bayandı, Tolkın
Tabısbek (Qazaxıstan), Talant Oqobayev, Jılkıcı
Jakıpov, Eldar Aytmatov (Qırğızıstan) və
başqalarının son 30 ildə ərsəyə gətirdikləri
30-dan artıq rəngkarlıq, qrafika və heykəltaraşlıq
əsəri yer alıb.
Ədəbiyyat qəzeti 2024.- 8
mart, ¹9.- S.31