Sözlə
güzgülənən adamın hekayəsi
Xaqani Qayıblının müəllimi, semiotika elminin
böyük ustadı Yuri Mixayloviç Lotman proza süjetləri
ilə poeziya süjetlərini bir-birindən ümumiləşdirmə
dərəcəsi ilə fərqləndirirdi. Onun nəzəri
yanaşmasına görə, proza süjetləri həyatda baş
verən adi hadisələrdən biri haqqında hekayəni əks
etdirdiyi halda, "poetik süjet özünü... əsas və
tək Hadisə - lirik dünyanın mahiyyəti haqqında
hekayə kimi təqdim edir". Bundan belə
məna çıxarmaq mümkündür ki, hər bir
şairin yaradıcılığının bütöv, tək
bir süjeti var və bu süjetdə şeirin tərcümeyi-halı,
şairi şair eləyən Sözün keçdiyi yolun
hekayəsi əks olunur.
Bu
yazını hazırlayarkən mənə insan kimi də,
şair kimi də çox doğma olan Xaqani
Qayıblının şeir
yaradıcılığındakı əsas hadisənin,
lirika dünyasının hekayəsini, şairin bədii
yaradıcılığının haradan başlayıb,
haraya üz tutduğunu, nələrlə
qarşılaşıb, nələrdən aşıb nələrə
və nərələrə gəldiyini oxumağa
çalışmışam. Əlbəttə,
mülahizələrim tam subyektiv görünə bilər və
bunun mənə qəbahət sayılmayacağına inanmaq
istəyirəm - bu, şeirin təbiətindən gəlir.
Yəni hər kəs oxuduğu mətndən öz şeirini
"yaradır", hər kəs şairə və şeirə
öz anlayışlarının hüdudları
ölçüsündə yanaşır...
Xaqaninin
on il bundan əvvəl nəşr etdirdiyi
"Yenə canım söz gəzir" kitabındakı ilk
şeirlərin yazılma tarixi 1984-cü il, məkanı isə
Ceyrançöl qışlağı göstərilib. Başqa sözlə desək, kitaba salmağa layiq
bildiyi ilk şeirlərini yazanda Xaqani 20 yaşında olub.
Ceyrançöldən "başında quzu dərisindən
şiş çoban papağı, əlində
qamçı, kürən atın belində" yola
çıxan cavan oğlan elə o vaxtdan da bir şairin
sorağı ilə gələcəyə doğru yol gəlməkdədir.
O vaxt sorağına gəlməkdə olduğu şairlə
onun arasında nəyinsə olduğunun da fərqində idi,
ancaq bunun şeir olduğundan hələ xəbəri yox idi. Şişpapaq oğlan dağlara baxanda Səməd
Vurğunun "Dağlar"ı xəyalından keçir,
dünya haqqında düşünəndə Qaraçöp
elinin adlı sənətkarı Aşıq Musanın
oxuduğu ustadnamələr yadına düşür, vətən
deyəndə isə mütləq Məmməd Arazı
xatırlayırdı. Xaqaninin ilk
yazılarında adı ən çox xatırlanan şair Məmməd
Araz, ən çox təkrarlanan obraz da bölünmüş
Azərbaycanın ayrılıq rəmzinə
çevrilmiş Arazdır.
Bununla belə,
Xaqani uşaqlıqdan içində "əlçatmaz arzu
kimi", "Ağatlı oğlana dönüb xəyalından
ağ yuxu kimi" keçən bir şairin böyütməkdə
olduğunu da aydınca hiss edirdi:
Könüldən
uzaqda, gözdən uzaqda,
Hardasa,
hardasa bizdən uzaqda
Bir
uşaq can atır şair görməyə...
Həmin
uşağın şeir yazmağa, bədii obraz
axtarışlarına yeni başlayan şişpapaq
oğlandan xəbəri olmasa da, şişpapaq oğlan o
uşağın üzünə xəyallardan bir şairin
boylandığına əmin idi:
...Bir
uşaq hərdənbir baxır güzgüyə,
Qonur
gözlərində kədəri yoxdur,
O elə
can atır şair görməyə,
Güzgüdən
baxandan xəbəri yoxdur...
(Xaqani
güzgüdən boylanan adam mövzusuna
xeyli sonra "yarıhəqiqət nağıl illərin"
üstündən qanrılıb yenidən baxacaqdı və
onda artıq həmin uşaq da böyümüş
olacaqdı...)
Yaradıcılığının ilk illərində qələmə
aldığı yazıların müəllifinin şair
olub-olmadığı barədə Xaqaninin tərəddüdlər
içində olduğunu görürük. Çoban libasında, at
belində gedərkən onu tanımayan dostu Dilqəmə ona
görünüşünə görə yox, "odlu qələmi"nə
görə qiymət verməyi tövsiyə edən,
qardaşı Vilayətin onu şair adlandırdığı
üçün sevinsindən qanadalanan (bu sözün
eşqinə ayrıca bir şeir həsr eləyən)
şişpapaq oğlan nə qədər özünə
şair olduğunu təlqin eləsə də, tərəddüdlərdən
qurtula bilmirdi:
Mən,
vallah, nə vaxtsa şair olacam,
Ağlıma
gələnlər başıma gəlsə...
Xaqaninin
içindəki tərəddüdlərin və
düşüncələrindəki axtarışların təxminən
dörd il sürdüyünü söyləmək
mümkündür. Əslində, bunu şairin özü
etiraf edir: "...ömrümün ən azından iki ilini,
24-25 yaşlarımda söznən qolboyun, bağrıbadaş
yaşamışam". Xaqani bundan əvvəlki qələm
təcrübələrini isə "yenicə addım
atmağa başlayan bir körpənin
yıxıla-yıxıla yerimək məşqləri"
adlandırır...
Xaqaninin məşqdən əsas hadisəyə, şeir
dünyasına keçdiyi həmin iki ildə nə baş
vermişdi?
Bu suala da
Yuri Mixayloviçin mülahizəsi ilə cavab verməli
olsaq, "pis" və "yaxşı" poeziya" təsnifatını
aparan alim, içində informasiya olmayan və ya
informasiyası az olan, başqa sözlə
desək, məna yükü hamıya bəlli və gözlənilən
olan şeiri "pis şeir" hesab edirdi. "İnformasiya isə
yalnız o zaman meydana gəlir ki, mətn əvvəlcədən
təxmin edilməsin. Buna görə də şair oxucu
ilə oxucunun irəli sürdüyü şərtlər
daxilində oynaya bilməz: "şair-oxucu" münasibəti
daim gərginlik və mübarizədir. Bu
konflikt nə qədər gərgin olarsa, oxucu öz məğlubiyyətindən
bir o qədər qazanmış olur".
Mənə elə gəlir ki, kənddən şəhərə
təzəcə gəlmiş 24 yaşlı Xaqaninin
yaradıcılıq intibahı bu həqiqəti anadangəlmə
şair fəhmi ilə şüuraltı şəkildə dərk
etməsindən başlamışdı. Xaqaninin mətbuatda
ilk şeiri də elə həmin vaxt - 1988-ci ildə nəşr
olunmuşdu. "Yaşıl işıq" şeiri
Xaqani Qayıblının yaradıcılıq yoluna
yaşıl işıq yandırdı və bu şeir o vaxt
çox qələbəlik və hərəkətli olan əbəbi
mühitə cavan şairin "informasiyası"nı gətirmiş oldu. Şeir şəhərlə
təması təzə başlayan, şəhər həyatına
alışa bilməyən, şəhərin
"oyun qaydaları"na nabələd olan kənd
adamının sırf şəhər elementi olan yol
işığı ilə bağlı təəssüratından
qaynaqlanır və assosiativ yozum, siyasi mənalandırma
üçün geniş meydan açırdı.
Hələ
yaşıl işıq görməmişəm mən,
Kəsib
yollarımı, keçidlərimi
Qırmızı
işıqlar, sarı işıqlar...
Mənim
yollarımı keçilməz edən
Yarı taleyimdi, yarı işıqlar.
Bu
şeirin maraqlı tərəfi, sadəcə,
"qırmızı işıqlar"a, "sarı
işıqlar"a siyasi məna verməsində,
işıqdan metafora yaratmasında deyil, cavan şairin öz
duyğularını şeir dilinə çevirməyi
bacarmasında, oxucuya yeni poetik "informasiya" ötürə,
təsəvvürlərdə
"daşlaşmış", normaya çevrilmiş
çərçivədən, tanış sistemdən kənara
çıxa bilməsində idi. Şəhərin rəngli
işıqlarına alışa bilməyən
cavan şair bu şeirdə öz taleyinin süjetini qura
bilmişdi.
Zehnimizdəki "qırmızı-sarı"
fobiyası səngiyəndən sonra da bu şeirin öz
şeiriyyətini saxlamasının başlıca səbəbi
məhz "yaxşı şeir", informasiyalı mətn
olmasıdır. Bu mətnin alt qatında müəllifin hələ
uyğunlaşa bilmədiyi şəhər həyatı ilə
içindəki qəribliyin, yadlığın incə bir
münaqişəsi cilvələnir. Sonradan qəriblik,
qürbət Xaqani yaradıcılığının
leytmotivinə çevriləcəkdi ki, bunun da daha çox
anadan gələn, irsi-genetik amil olduğunu
düşünürəm...
Xaqaninin
sözlə "qol-boyun" yaşadığı illərdə
kəşf etdiyi həqiqətlərdən biri də
"yaxşı şeir" üçün tələb
olunan informasiyanın uzaqlarda, Qaf dağının
arxasında, yaxud Arazın o tayında deyil, elə
Ceyrançöl qışlağında, Keçəlqora
yaylağında, gördüyü üzlərin astarında
olduğunu dərk etməsi idi. "Astar-üz" şeiri
belə yaranacaq, şeir gənc şairə "gizlindən gələn
səs"in (informasiyanın) ünvanını, "o
üzü" göstərəcəkdi:
Hər
şeyin bir üzü xoş gəlir bizə,
Hər
şeyin o üzü tökülüb qalıb...
Hər
şeyin bu üzü göz oxşasa da,
Gözlərim o üzə dikilib qalıb.
Buradakı "o üz" Arazın o üzündən
daha uzaqlara, yaddaşın başladığı yerə və
zamana gedirdi.
Xeyli sonra Allahverdi Təkləlinin şeirinə cavab kimi
yazdığı, "Bir vaxt mən də quzuçuydum
Keçəlqorada" misrası ilə başlayan şeirdə
şişpapaq oğlanın içindəki böyük
şair bütün əzəməti və saflığı
ilə üzə vuracaqdı:
Ha
qorğandım, quzğunlardan qoruyammadım,
Quzu
baxtım itik düşdü - sərdənə
çıxmır...
...Ömür
zəmim həşəm oldu elə o vaxtdan,
Sovururam
günlərimi, gəl, dənə çıxmır!
Bu misralardakı informasiya bolluğu, fikrin genişliyi və
azadlığı dilin təbii şəkildə
yaddaşın dərinliklərindən çəkib gətirdiyi
enerjinin sonsuzluğundadır. Şeir, sanki
yaddaşın unutduğumuz, sonuncu yadigarlarını Keçəlqora
yaylağında, Ceyrançöl qışlağında qoyub
arxa çevirdiyimiz layını hərəkətə gətirir.
Həmin layın altında isə tarixin ən dərin
zamanlarına gedib çıxan tərəkəmə həyatı
və məişəti, etnik mədəniyyət
mürgüləməkdə, mürgü döyə-döyə
də bizdən uzaqlaşmaqdadır. Onu
indi yalnız bu cür "gizlindən gələn səslə"
çağırıb, mobil telefon ekranındakı şəkil
kimi böyütmək, özümüzə
yaxınlaşdırmaq mümkündür. Heç
şübhə etmirəm ki, bir az
keçəndən sonra bu cür mətnlərdəki
sözlərin mənasını "qazıb" ortaya
çıxarmaq üçün linqvistik arxeologiya (belə
bir elm sahəsi var) tədqiqatı aparmağa ehtiyac olacaq.
Çəkə
tut, oğlum, çəkə tut,
Çəkə tut atın başını.
Çalış,
bircə çəkə tutma
Bu boş həyatın başını.
Çəkisini
düzəlt atın,
Çəki
nədir, həyat bilməz...
Çəksən
başını həyatın -
Ömrün çiləsi çəkilməz.
Bu
şeir Xaqaninin Estoniyada doğulan, orada böyüyən,
orada təhsil alan və sırf azərbaycanlı
intellektual kimi yetişən, Qaraçöpdə ilk dəfə
at üstünə qalxan oğlu Şərif-Turana müraciətidir.
Şeirdəki söz və səs oyunu,
misraların başında "ç" səsinin
yaratdığı alliterasiya at ayaqlarının səsinin ahənginə
qovuşur. Mətndə "çək"
sözü daşlı yolda cilov gəmirən köhlən
at kimi uçum-uçum uçunur, mənadan-mənaya
keçir. Atın başını çəkə
tutmaq - at sürməyin birinci şərtidir, atın cilovunu əlində
tarım saxlamalısan. Həyatın
başını çəkə tutmaq, dünya malına
qıymamaqdır, həyatın, dünyanın və dünya
malının başını çəkə tutmağa dəyməz.
Atın çəkisi yəhəri atın
belində kip və taraz saxlamaq üçündür, həyatsa
çəki-düzən, nizam, tarazlıq tanımır.
Çəki həm də dəyərdir,
ölçüdür. Ömrün çiləsini
çəkmək, dərd, əzab çəkməkdir...
Şeirdə "Dədə Qorqud" mətnləri ilə əks-səda
verən səs və söz düzümü şeirə
gizlindən "informasiya" ötürən yaddaşla
şairin dialoqunu yaradır...
Mənə elə gəlir ki, Xaqaninin şeirlərində
iki motiv süddən - anadan gəlir. Birincisi, qəriblik
motividir. Xaqaninin anası Şərifə mama
övladlarına hiss etdirib-etdirmədiyini deyə bilmərəm,
ancaq içindəki qürbətlə bağrıbadaş
yaşamaq onun qədəri idi. Yəqin ona görə qürbət
Xaqaninin şeirlərinə bu qədər doğmadır və
bu, yalnız yurdla insan arasındakı məsafə ilə
ölçülə biləcək hadisə deyil. Bu, Xaqaninin
bir insan kimi öz içindəki, bir şair kimi şeirlərindəki
qürbətdir və əvvəldən sona qədər onu
izləməkdə, təqib etməkdə, onunla qol-boyun
yaşamaqdadır:
Qəribə
olurlar qərib adamlar -
Danışar
lal, susqun baxışlarıyla,
Gülümsər
alnının qırışlarıyla,
Soruşsan,
vətənə gedən yolları -
Ölçər
Göy üzünü qarışlarıyla...
Qəriblər
qəribə yaşayar ömrü!
Xaqaninin şeirlərinin bir qanadı da onun sözlə,
şeirlə dialoqu, sözlə, şeirlə güzgülənməsi,
özünü şeirdə, sözdə görməsidir. Qolboyun, bağrıbadaş
olduğu söz onun şeirlərində şəxsləndirilir,
insanlaşdırılır və daim onu müşayiət eləyən
insan kimi yol yoldaşına çevrilir:
Söz mənim
başıma min oyun açıb,
Mən
sözün başına ip salmamışam...
Mən Xaqaninin şeirlərindəki sözə
tapınmanın da anadangəlmə miras olduğunu
düşünürəm. İçində qəriblik
yaşadan Şərifə mamanın ən yaxın
sirdaşı və ən səmimi inancı Söz idi.
"Anam sağlığında mənə qəribə bir vəsiyyət
eləmişdi: "Bax, haa, Xaqani, bilirəm, harda olsan, sən
gəlib mənim cənazəmə çatacaqsan.
Qapımızdakı tut ağacının yanında
camaatı saxlayıb, mənə şeir deməsən, qəbrim
od tutub yanar, məhşərə qədər
də sənnən barışmaram!"
Xaqani
Qayıblının yaratdığı poetik süjetin
hansı tərəfindən baxsaq, orada - Qaraçöpdə,
Ceyrançöldə, Kaxetdə, Bakıda, Berlində,
Tartuda, İstanbulda... sözlə güzgülənən bir adam görəcəyik.
Arzusu-istəyi
başından aşır,
Umudu dizinə
dirəncək edib,
ayağı altına yığır illəri.
Bu adam güzgüdə yaman yadlaşır,
Dönüb
Məlikməmməd olur bu adam...
Hərdən
də Ağatlı oğlanı olur
Bu
yarıhəqiqət, nağıl illərin...
Sözə tapınmaq, özünə sözdən
baxmaq, sözlə güzgülənmək də bu
Ağatlı oğlanın qanından gəlir. Sözünün sədası
yaddaşımızın dan üzündən gələn bu
oğlan sümük tərəfdən ruhaniyyət əhli
Sofu İsanın, süd tərəfdən də
Güzgülü Əhmədin - böyük
yazıçımız İsa Muğannanın
ömrünün son dövründə qələmə
aldığı "Güzgülü Əhməd" hekayəsinin
qəhrəmanı alicənab kişinin nəvəsidir...
Məti Osmanoğlu
Ədəbiyyat qəzeti 2024.- 8
mart ¹9.- S.28-29