Sitayiş
Gözüm su içmir dünyadan,
nə ehtiyac var ki,
gözüm su içə.
Üzümün suyu getdi -
nə ehtiyac var ki,
sözüm su içə.
Qarağac su içir arxın dibində?
Qarağat su içir hamar zəmidə -
arpa tarlasında - tərxun içində?
Çapır dəli şimşək qarğı
atını -
buludu gizlədir qarğıdalıdan,
dəyir yarasanın
qırğı, dalından...
Qəhərdən gah dilim-ağzım quruyur,
gah rüsvay oluram xalxın içində.
Sərsəng su, Araz su, Tərtər su, Kür su,
sifət şoranımı
qan-yaş isladar...
Şeytanın qıçını sındırar
gür su,
dumansa yamacda dönər
aslana.
Şabaş yağışının damlası iri,
görürsən, can çəkir diz
çökməyə də.
Həyatda məramda yavanın biri
yaramır əlinə su tökməyə
də.
Suya danışmışam yuxumu gedib,
bulanıq çayları
sevindirmişəm.
Bir tərəf od olub, yanğın
törədib,
su olub əks qütbü ta
söndürmüşəm.
Tanrı göydə biçib, yerdə su əkib,
gen cahan təşnədi güya,
İlahi.
Hər gün ovuc-ovuc üzümə çəkib,
sitayiş edirəm suya, İlahi,
sifariş edirəm suyu, İlahi!
Susuz aparıram kimisə çaya,
susuz gətirirəm, pərvərdigara!
Düymə
Allahın izniylə,
köynəyimin reziniylə,
qələmimin varaqdakı iziylə
açıram sabahları.
Azadlığıma doğru uçuram,
kəfən düyməsizdir deyəsən,
axı.
Həftənin düymələrini açıram;
günlər bir-bir gəlir.
Vaxtın saçıdır qara gecə,
dalınca bərbər gəlir -
yəni gündüz...
Hərdən olur -
bir zülmət qıfıllanır: -
qarşısını piyada yuxu kəsir,
darvaza bağlanır, qapı
açılmır.
Onda gözləyirsən gözüyumulu,
sonda izləyirsən göyü yumulu.
Yanında nə carçı, nə radio var,
pişik cırmaqlayır cəftəni
çöldən -
və yalnız dilində
"miyo-miyo" var.
Götürə bilmirsən dəftəri yerdən,
əsir-yesir düşmüş həftəni
yerdən...
Vaxt qandaldı günlərin əynində,
boz pencəyinin çiynində.
Gerçəkdi qondarma dünyada varlığım -
məzar darlığım!
"Axtaran tapar" deyirlər,
mən
axtardığımı tapmıram heç vaxt.
Özgənin atına minən tez düşər,
özgənin atını
çapmıram heç vaxt.
Məni yol saxlamır gözümçıxdıda,
yol qaralamır...
Özümdən-özümə
şüşətək yol var.
Düymə-düymə daşlar
yaxalığımda.
Düyün-düyün dərdim
içib kefiri.
Mülayim qəlbimin yuxalığından
ağımı oxuyub özgə efiri.
Vaxtdır kişiyanə etiraf edən,
kişnəyə-kişnəyə etiraz edən.
Görmədən sözümü qoyub ağzımda,
mənim sifətimdə, mənim
ağlımda...
Mən ki öz ağlımla rəftar etmədim,
bir işdi-şayətdi, əgər
etsəydim...
onunla beş qarış yol gedəcəkdim.
Güzəşt edəcəkdim özüm-özümə,
utanıb dəyməzdim o vaxt gözümə.
Yəqin sümüyümə düşmüş həyatı
muradım yenicə düymələyirdi.
Anam da iynə-sap etmişdi vaxtı,
köynəyimə öncə
düymə qoyurdu.
Şans
Haram yeyə bilmirəm -
güllər yuxuma haram qatır,
qoxusundan həzz alıram.
İtirirəm özümü ilim-ilim.
Bölgə-bölgə, iqlim-iqlim.
Harda girləyim başımı,
nə bilim?
Kölə canım
vücudumu gəzdirə-gəzdirə
iz azdırır.
Baxma, qılığma girir,
ağıllı sözü
qulağıma girir...
Məgər ağıllı söz
eşidənəm?
Nə qədər yaşa dolsam da,
ağlım yenə uşaq
ağlıdı.
Məsələn, o gün mərhum anamın
kölgəsinin dalınca
ağladım.
Əzrayılı gülmək tutdu...
Əlini alnıma qoydu:
"yüngülcə
qızdırması var" - dedi,
ilk dəfə qabağından yedi.
Əli aşından da oldu,
vəli aşından da.
Kor-peşman arxaya döndü.
Bəxt ulduzu söndü.
İşıq sürətiylə vurur nəbzim.
Uşaq cürətiylə nəfsimə
qalib gəlirəm.
Təcili ovcuma yazıram:
"Xədicəm,
dünyaya gələcək
kötücəm,
məndən xatircəm ol.
Quru ösgürək ardıcı boğanda,
ala-bula keçi ardıcıl
doğanda,
Günəş çevriləndə üfüq
yorğanda -
qayıtmaq şansım var,
it ilində!"
Yarpaq balladası
Payızda
hər ağacın altı
bir məzarlıqdı,
tabut kimi düşür budaqdan yarpaq.
Ta büt kimi,
dəlil-sübut kimi,
süqut kimi...
Ağac təsirlənir gül körpəsindən,
kim pıçıldamışdı
köçməzsən, yarpaq?
Saplağından nazik Qıl körpüsündən
axirət anında keçməzsən,
yarpaq.
Qulağına girmir:
ölüm ayağına
düşmək -
ölümün ayağına
düşməyi deyil,
ölüm gözünün
düşməni deyil.
Kor olsun o göz,
haram olsun, o yarpağın əmdiyi
süd.
Qədir ağacına verdiyi öyüd.
Yerimək qismət deyilmiş -
məsləhət bilmirmiş Tanrı
ağaca.
Üzündə-gözündə təbəssümü
var,
yəqin yükləyirmiş
Günəş sayğaca.
Günəşsiz qalarmış başqa bitkilər,
yabanı meşələr,
başqan bitkilər.
"Ölüm, ayağının altda", and
içmiş,
içdiyi andından sonra vaz
keçmiş,
üzülmüş,
yıxılmış budaqdan yarpaq,
həzin nəğmə kimi
dodaqdan yarpaq.
Payızın hər yarpağa təpkisi,
Adəmin cənnətdən
qovulmasıdı.
Həvvanın minnətdə
qovrulmasıdı.
Diş necə kəsməsin
bağırsağını,
göydə uçurtmasın yarpaq
sarğını.
Qoltuğunda qarpız sakit durasan,
yarpız bitirəsən bulaq
başında.
İlanın qoxudan zəhləsi getsin,
qorxudan axtarsın siçan
deşiyi.
Paltar
Xatirələr geyilmiş paltardı:
pencəyinin yaxalığı uzun,
şalvarının balağı
dar.
Soyunub dəyişmək istəyirəm
hər bahar.
Üstündəki yamaq səbəbini danır,
yanıq davamıdı.
Ciblər - yurd-yuvamdı...
Astarında kürüşnə,
lərgə qoxusu.
Pişik cırmağının qorxusu.
Məktəb çağları müsibət idi -
qiymətlərim müsbət idi.
Beş kitabım qarpız idi,
zəmanə vermişdi qoltuğuma.
Mürəkkəbə batmış köynəyim -
göynəyim.
Günəş - təkgözlü eynəyim.
Vay oldu, yay oldu -
isti biçənəkdə
bükürdü abrını ətəyinə.
Tökürdü o yolacan,
əsəbi arının pətəyinəcən...
şələ basırdı lələni,
belinin ağrısı
sağalmırdı.
Və ya payız yağışı
vücudumu ağ yuyub, qara sərirdi.
Hardansa qış gözünü ağardırdı,
cismimi qara basıb, qara sərirdi.
Xatirələr - geyilmiş paltar,
yeyilmiş paltar.
Ütüsüz günlərimə baxaram,
keçmişim bal dadar.
Oyanış
Allah çörəyini kəsmədi quşların,
girələdilər birtəhər
başlarını.
Gün doğdu bəxtinə yoxsul daşların -
mərmər parıltılı
ovsun daşların,
bərəkəti artdı gur
yağışların.
Kəpənəklər xallarını
axtarırdılar,
kenqurular xarallarını.
Buynuzları şaxələndi maralların,
kirpilərin tikanları mişar
ağzıdır -
maşallah, bəd nəzəri kəsir.
Allah üzünə baxdı şah tutun,
tufanlardan salamat
çıxdı...
Yaşıl yarpaqlarını gizlədir palazqulaq tutun,
sir-sifətindən zəhər
yağır -
hirsindən dişlərini
sıxdı.
Qarğa qırıldadı, göy guruldadı,
daşdı yamacların ilham
çeşməsi.
Alnının tərini dağ quruladı,
çıxartdı gözündən
duman çeşməyi.
Havada son nadir dəyişkənliyi
qəbul eləmədim soyuq
duş kimi.
Həmişə sevirəm döyüşkənliyi,
ruhum Cəngəsərdə uçur
quş kimi.
Çölə güzgü tutub su çiçəkləri,
gərnəşə-gərnəşə üfüq
qızarır.
Yuxusu qarışır daha təklərin -
oyanan çağıdır ərgən
qızların...
Məzarı gəmi
kimi
yan almışdı limana
Böyük Hüseyn Cavidə
Zəmanə Stalinin cod sifətindən dönük,
rus qışı dinləyirdi öz
Sibir nağılını.
Bu ölkə başçısının cəllad
gözləri sönük -
gəmirirdi bığını,
itirmişdi ağlını...
Asıb-kəsirdi zalım, tutmuşdu qanlı yolu,
hamı heyrət edirdi
insanın saxtasına.
Köçürdü Hüsyen Cavid - millətin
şanlı oğlu
cənubun istisindən
Şimalın şaxtasına.
Ləngər vururdu qatar, relslər
qoşa qanaddı,
aparırdı şairi naməlum
ünvanına.
İdeya qurucusu, nəhəng Turan fanatı
soyuğu doldurmuşdu
üşütməli canına.
Başqa çıxışmı vardı? Məcburi
çarəsizlik
əbədi sərnişinin
alnına yazılmışdı.
Ərtoğrolun, Turanın gah aşikar, gah gizlin
təbəssümü fanartək
könlündən asılmışdı...
İblissayağı idi tutuquşu zabitlər
zəmanə məmləkətin
ağzına tüpürmüşdü.
Robota çevrilmişdi bircə fərmanla kütlə,
nəfəsi kirpiyinin tozunu
süpürmüşdü.
O ədibin ruhuna Tanrı ocaq çatmışdı,
şöləsi cəlladları gətirmişdi
imana.
Ürəklərdə qranit abidə
ucaltmışdı,
məzarı gəmi kimi yan
almşdı limana.
Ya Mevlana, kömək ol!..
Görkəmli dilçi-alim dostum
Kamil Vəli Nərimanoğluna ərməğan
Mən Bakıdan çıxanda vəd vermişdim
özümə,
uyuduğun torpaqda tez
görünüm gözünə.
Məzarının üstündə dilim baxmır
sözümə -
ağlım kəsmir ki, bura inayətə
gəlmişəm,
ya Mevlana, kömək ol, ziyarətə
gəlmişəm!
Nə qədər maneələr, məsafələr
aşmışam,
indiyəcən kövşəndə
yəqin çopur daşmışam.
Ya qəfildən köpmüşəm, ya da azca
daşmışam,
əqidə yolçusuyam, hidayətə
gəlmişəm.
Ya Mevlana, kömək ol, ziyarətə gəlmişəm.
Fələk apara bilmir bircə tük də
qaşımdan,
dərvişan mürşüdüyəm,
utanıram yaşımdan.
Qapında dayanmışam, cin hürkür
üst-başımdan,
gör mən hansı görkəmdə,
qiyafədə gəlmişəm,
Ya Mevlana, kömək ol, ziyarətə gəlmişəm.
Səni sərgərdan qoyub, atan Şəmsi ayıltdım,
qayğı dəryaçasında
batan şəxsi ayıltdım.
Qırx arşınlıq quyuda yatan Şəmsi
ayıltdım,
nə suçun yiyəsiyəm,
qiyamətə gəlmişəm? -
Ya Mevlana, kömək ol, ziyarətə gəlmişəm.
Ürəyim sakitləşmir, qayıtmışam
ölümdən,
neyləyim, xalqım heç vaxt
xilas olmur bölümdən.
Yüz illərdir "Məsnəvi" bitib mənim
dilimdə -
oxuduğum "Quran"dır,
qiraətə gəlmişəm,
Ya Mevlana, kömək ol, ziyarətə gəlmişəm.
Səyahət himni
Volqa çayı boyunca düşüncələr
Qazan kimi qaynayırdı Qazan,
dalğalanırdı Kama,
çatsın arzuya, kama.
Ordan İtil yüyürürdü
Həştərxan çölləri
boyunca.
Sarıtau meşələri gülümsəyirdi,
sarı gülüm səyirdi
-
küknar, şam ağacları
yun əyirdi,
ovunmağa vaxt qazan...
Qıcıqlanır səyyah ruh,
Allaha pənah ruh.
Qıyya çəkir Çingiz xan,
Dəli Domrul, Atilla,
yuxu bişirir Mete.
Türkə düşür at ili,
gorun yansın, Salur Qazan
Səmərqənddən kənarda
Əmir Teymur röyadadır.
Uyuyur, qapı açmır.
Məmləkətdən qıraqda -
yasaqlıqda, qoruqda
bir otun burnu qanamır,
qanı qaçmır.
Çar çarəsiz, car naçar,
zəngin səsi car - naçar.
Tapılmır boz sükuta -
süquta qızıl açar.
Sultan Bəyazid peşman,
bəyaz atı pərişan -
hanı əski şöhrət-şan?
İtil yaman qıvraqdı -
bütün ətraf qovaqdı.
İpək yoldan Çinəcən,
Qərbdən Saxalinəcən,
Türkistandan Şərqəcən,
aradaki fərqəcən -
torpağın üstü meşə:
uzunu su, eni su...
Yazı - Orxon-Yenisey,
razı dibsiz Yenisey.
Yakutiya yaqutdu -
Qızıl elə qızıldı.
Yerin qatı, donu su,
təzə mənbə, yeni su...
Qan gölüdü Böyük Çöl,
Altay, Saxa, İsti göl.
Orda Dunay, burda Don,
kömür yatağında don.
Sibir xarabalığından
Ural abadlığına dön.
Lena, Amur, Ob, Kutil
əlinin altındaydı şahənşahın...
Bir də uca Allahın.
Saxlamadı, qıymadı,
Günəş gözünü qıymadı,
əti qıyma-qıymadı.
Talançılıq, vəhşilik
abır-həya qoymadı.
Nə sirmiş... daş qoyanda
qurşağacan vadi qan.
Batı xan baş qoyanda,
baş qaldırıb Vatikan.
Roma, Paris, Afina,
yüksəlib gənc Avropa.
Afrikada üz axtarır,
Hindistanda dəfinə.
...Elə bil ki, çay axmır,
su aparır İtili.
Yan-yörədə, ətrafda
yorğanının mitili.
Qıyıq gözündən itil,
oyaq sözündən ayıl,
nəzərlərindən yayın...
Bu çılpaq düzdə İtil -
qərinələrdir yayın,
payızın qonağıdı.
Bir kədərli dastanın,
avazın qonağıdır,
çay deyil ki,
ağıdır.
Sərt suları gəmiçi,
qamışlar gəmirici,
balıqçı
qınağıdır.
Ləpələr yığnağıdır -
mərəkənin, şənliyin.
Həştərxan bir xanlığın
möhtəşəm
paytaxtıdır.
Bərəkətli torpağı -
xan taxtı, pay taxtıdır.
Ot ilan dili çıxarır -
dodağını gəmirir.
Dəvədabanı kökünü,
səhragülü
yarpağını gəmirir.
Xəzərə sarı can atır,
ehtiyat su, ehtiyac su.
Saç ağartmış, yorulmuş -
İtil çayı ac-susuz.
"Volqa" avtomobilini
geridə qoyur sürətdə
çay.
Turan çalır təbilini -
Tanrıya bənzəyir curətdə
çay.
Lakin Tanrı dağından axmır -
damar-damar qolları şaxələnir.
Heç kəsə şər-böhtan atmır,
hamar qolları şaxələnir.
Uçur çölün qarğa-quzğunu,
qaçır çölün
dovşanı,
at yalıydı yovşanı -
it yalıydı nohuru.
Bataqlıqdan kəsilmir
cırcıramanın xoru.
Su nəhrində, hövzədə -
qurbağaların goru.
Səxavətdə təksən, Volqa -
Mamay təpəliyinin nağılısan.
Çayların ağıllısısan,
yatağına sığmırsan.
Dənizə çataçatda
dörd yana
dağılırsan!
Çökmüş imperiyanın qalıqları
kurqan-kurqan dirçəlir,
məzar-məzar dincəlir,
Dərbəndin dar bəndi incəlir.
Narınqalada narın-narın yağış
yağır,
fərqi yoxdur bahar yağır,
qış yağır.
Gərnəşdim doyunca,
ağzımı yumdum -
ağlımı itirdim.
Elə bildim Xəzər dənizinə
pərakəndə şəkildə
axan İtildim...
Off... aydın su -
mənə qaranlıq tarixi oxutdun,
məni oxa tutdun!
***
Kirpiyimdən daş asılıb, yata bilmədim gecəni,
Kimə indi nəql eyləyim, axı hər
olub-keçəni.
Can şirindir, bada gedir, adam ta əldən-ayaqdan,
Nə qopar susuz dodaqdan,
nə
çıxar tamam oyaqdan.
Başına at təpib vaxtın, buraxdım
başlı-başına,
"doşab aldım, bal
çıxmadı",
soğan
doğradı aşıma.
Astagəllik etdi zülmət, asta çaldı
balabanı,
əzraili axtarmadım, fürsət
verməz, alar canı.
Bədən - ağrı xəritəsi,
barmaq
qoymağa yer hanı? -
diri ruhum, rahat kiri,
dostu
düşmənindən tanı.
Hafizəndə xam xəyallar
yorğa-yorğa
çapır atın,
ta özünü unudursan,
hətta,
yaddan çıxır adın.
"Gecə qara, cücə qara",
qopub
getsin necə məndən,
saqqız kimi
yapışmışam:
mən
gecədən, gecə məndən.
Allah yatıb asimanda,
üstünü
buludla örtüb,
Günəş batıb, Ay öz qalın qaşın
dartıb,
üzün
pörtüb.
Quraqlıq
Ağaclar bizi ayaq üstə qarşıladı,
qayalar oturan yerdə.
Çoban qoyun otaran yerdə,
it hürən yerdə.
Oğrun-oğrun sürünürdü oğru duman
biçənəyin yalından bərk-bərk
tutmuşdu,
yalandan boz kürkünə
bürünərək, tutmuşdu.
Sürətlə özünü ötmüşdü,
bərələrdə
üzünü örtmüşdü.
Sısqa bulaqdan dəstəmaz almışdı
keşikçi dağ,
görkəmi rəsmiydi,
qoltuğuna vurduğu məktəbli
rəsmiydi.
Belindəki təpə - şagird çantasıydı,
mürəkkəb
dağılmışdı bənövşənin
üstünə -
dərs bilməyən uşaq
kimi başını aşağı dikmişdi.
Hörümçək kəpənəyin
ağzını tikmişdi,
iynəsiylə səsini
çıxarmağa qoymurdu.
Yaz yağışı imtahandan kəsilmişdi,
dərələrin dilləri lal
olmuşdu -
qarınlarına girmişdi...
Bapbalacaydı gülxətmi,
istəmirdi gül xətrimi.
Boy atmırdı, adamın gözünə girmirdi.
Nohurda alabaxta bəxtəvər idi,
biz-biz tüklərini
tökmüşdü.
Quraqlıq Nuhun tufanından sonra ilk dəfə
kirimiş suların
anasının əmcəyini kəsmişdi!..
Düşərgə
Biçənəklər - ölüm düşərgəsiydi
otun-ələfin.
Tarlalar - arpanın, yulafın.
Kəpənəklər daşınır bir ucdan...
Ölüxana-qarışqa yuvaları.
Dəryaz ağzı
cəllad baltasından iti.
Nəfəs çəkirdi nohur pinti-pinti,
kəhriz - su brendi.
Nə duaydı şövq-təbii bulaqdan qopdu,
göy kiridi,
tısbağa daş qınına
girdi.
Tək Allah birdi -
yüz iyirmi dörd min
peyğəmbərə əl açınca,
Yaradana yalvar.
Ormanlar hiss edir, dil tökə bilmir,
İsa kimi mismarlanır,
mişarlanır kötüyündən.
Sonra gec olur yapışmaq
İsrafilin tütəyindən.
Quruyur su hövzəsi -
dönür dərya çalaya.
Söz çatdırmaq olmur dəryaçılara.
Bu kəndin-kəsəyin dəryazçıları
qocalmağa qoymur biçənəkləri...
Ağacəfər Həsənli
Ədəbiyyat qəzeti 2024.-8 mart,¹9.-S.26-27