Gerçəklik
fantastika tülündə
Sənan İsmayılovun "Həyat
sığortası" hekayəsi bəzi hekayə, daha
doğrusu, daxili təhkiyə tipləri haqqında söz
açmağa sövq edir.
Bəri başdan deyək: bəzi hekayə tipləri
var, oxunduqca içinə yığılır, çünki
onun "qara qutusuna" atılan faktlar təhkiyə boyu
açıldıqca açılır, müəllifin nəzərdə
tutduğu və oxucunun "kəşf etdiyi" məqamlar
hekayənin sonunda bircə fakt
"qırıntısı"na dayanır. Bir
də oxuyanda hər şey o bircə nöqtədən
başlayır, baş verən hadisələri həmin
nöqtənin ekranında izləyə, ona film kimi tamaşa
edə bilərsən. Oxucunun bu halda
ikincili müəllif statusuna yiyələnməsi daha kreativ
xarakter daşıyır.
Başqa tip hekayələr var, oxuduqca, yaxud nəfəs
dəydikcə içinə atılan sirlərdən xilas olur,
hər şeyi açıb faş edir, yelkənləri o qədər
geniş və sona qədər açır ki, sanki bir an əvvəl hadisələr dənizində
üzəcək, səfərə çıxacaq. Ona bu dünyadan daha geniş bir aləm
lazımdır, gözlərini geniş açıb hər
şeyi ölçüsündən böyük görmək
üçün. Qəzetin keçən
nömrəsində Alpay Azərin haqqında
danışılan hekayəsi ("Bubu və qatar") bu tipdən
idi. Sərdar Aminin hekayələri də
bu tipdəndir, ancaq bircə fərqli özəlliklə, Sərdarın
hekayələrindəki məkan hər yerdən
ayrılmış, qopmuş bir ərazidir. Təhkiyənin daxili niyyəti və inkişaf
istiqaməti bu "itirilmiş cənnəti"
dünyanın virtual varlığıyla bütövləşdirməkdir.
Bu tipli hekayələrdə metafora işləkdir,
adi, gerçək hadisəni metaforik düşüncə
"suyuna çəkib" ifadə etmək əsasdır.
Birinci tip hekayələrdə isə metaforadan, metaforik
düşüncəyə önəm verməkdən
çox, şüuraltı hadisələrin
dinamikasını əks etdirmək ən mühüm şərtdir.
Belədə hadisənin, fakt və məqamın
gerçək üzüylə, təxəyyüldən,
fantaziyadan doğmuş üzü arasında şəffaf
keçidlər yaranır, onları tanıyıb aldanır,
aldanıb gerçəkliyin əzablı səhnələrinə
qayıdırsan. Sən əşyaları
tanıdıqca, onlara baxışınla və oxucu
düşüncəsi ilə nüfuz etdikcə onlar da səni
"tanıyır", gözdən itib, haçansa
oxuduğun nağıllarda "tapılır". Sənan İsmayılovun "Həyat
sığortası" hekayəsi və digər bədii mətnləri
bizim nəsrdə çox fərqli yanaşma tipi sayıla bilər.
Hekayədə iki əsas personaj var: Lul və Kuk - iki dost, Kuk
bir zamanlar ağır xəstəliyə tutulub, sağalsa da,
bir müddət müalicə proseduruna riayət etsə də,
sonradan hər şeyi atmış, bu xəstəliyin
haçansa geri qayıda biləcəyini unutmuşdur. Hekayədə baş verən hadisələri, real
faktları elə real ardıcıllıqla sadalaya bilərik.
Əslində hekayənin, yəni təhkiyənin iki
üzü var: hər şeyi danışa bilirsən, faktlar
arasında məntiqi əlaqələr də öz yerində.
Ancaq bütün bunların yuxuyla, irreal aləmlə
gerçəklik arasındakı sərhəddə baş
verdiyini (yəni baş verməmə şansının daha
yüksək olduğu bir ortamda-!) nəzərə aldıqda
vəziyyət dəyişir. Arvadına
çox sevib bəyəndiyi, vitrində həsrət və
heyranlıqla süzdüyü, çox baha qiymətə
satılan boyunbağını ala bilmək üçün
vaxtilə bağladığı həyat
sığortasını nəzərdən keçirir və
kədərlənir. Şərtlər əlverişli
deyil. Xəstəliyi geri qayıtsa
öldüyü halda sığorta haqqı arvadına ödənilməyəcək.
İntihar etmək də sığorta
haqqını almağın üstündən xətt çəkir.
Lulun yanına gedir. Dostu ona elə məsləhətlər
verir ki, bir an əvvəl özünü
öldürməkdə çox cəsur olan Kuk ölüm
qorxusundan xoflanır. Şüuraltından
sızıb gələn bir nüans deyir ki, ölüm sizin
harda olduğunuzu çox dəqiq bilir. Demək,
Lulun məsləhəti ilə Kuk yaxınlıqdakı
yarıuçuq və çoxmərtəbəli tikiliyə
yollanır, ora çatıb çətirini yerə atıb
binaya tərəf qaçır, guya kimsə onu təqib edir,
qaçıb qurtulmalı, ölüm təhlükəsindən
xilas olmalıdır. Elə qaça-qaça hiss edir
ki, hər bir hərəkəti alınmır, süni
çıxır, məlum mərtəbəyə çatanda
arxadan kiminsə nəfəsini hiss edir. Üzünü saqqal
basmış, cır-cındır geyinmiş kişi
onu qamarlayıb (guya-!) pəncərədən yerə atmaq istəyir...
Sənan bütün bu gerçək
sosial ağrıları fantastika dəryasından
çıxarıb təqdim edir. Bizim nəsrdə
bu, fikrimizcə, ilk hadisədir və təqdirəlayiqdir.
Kuk yuxudan ayılır...
Binanın həyətinə
tulladığı çətir Lulun əlində peyda olur,
guya onun ofisində yaddan çıxıb. Hekayədəki
əşyalar çox mütəhərrikdir, hərəkət
edirlər, lazımi məqamda personajın yanında peyda
olurlar.
Xəstəliyin (cəmiyyəti saran eybəcərliklərin...)
geri qayıtmaması üçün tibbi-psixoloji prosedurdan
keçir...
Hər şey olub və yuxu aləmindən
şütüyüb keçib...
Mətnin gerçək və fantastik üzü bir-birinə
qarışdıqda susaraq danışan insan obrazını
vizuallaşdırır...
Cavanşir Yusifli
Ədəbiyyat qəzeti 2024.-8
mart,№9.-S.23